Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 20

«Vəhy» kitabı və Allahın düşmənləri

«Vəhy» kitabı və Allahın düşmənləri

«Onlar padşahları ibranicə Armageddon adlanan yerə topladılar» (VƏHY 16:16).

NƏĞMƏ 150 Xilas üçün Yehovaya sığın

İCMAL *

1. «Vəhy» kitabında Allahın xalqı ilə bağlı nə deyilir?

 «VƏHY» kitabında açıqlanır ki, Allahın Padşahlığı artıq göylərdə qurulub və Şeytan göydən qovulub (Vəhy 12:1—9). Bunun nəticəsində göylərdə əmin-amanlıq hökm sürür, biz isə müəyyən çətinliklərlə üzləşirik. Nəyə görə? Çünki Şeytan qəzəbini Yehovanın yer üzündəki sadiq xidmətçilərinin üzərinə tökür (Vəhy 12:12, 15, 17).

2. Sadiq qalmağımıza nə kömək edəcək?

2 Şeytanın hücumları qarşısında necə sadiq qala bilərik? (Vəhy 13:10). Gələcəkdə baş verəcək hadisələri bilmək bizə bu sahədə kömək edəcək. Məsələn, həvari Yəhya «Vəhy» kitabında tezliklə alacağımız nemətləri təsvir edib. Onlardan biri odur ki, Allahın düşmənləri məhv ediləcək. Gəlin görək «Vəhy» kitabında Allahın düşmənləri necə təsvir olunub və onları hansı aqibət gözləyir.

ALLAHIN DÜŞMƏNLƏRİ RƏMZLƏRLƏ TƏSVİR OLUNUB

3. «Vəhy» kitabında qeyd olunan bəzi rəmzlər hansılardır?

3 «Vəhy» kitabının elə ilk ayələrindən oxuyuruq ki, burada yazılanlar «rəmzlərlə» təqdim olunub, yəni simvolik dildə yazılıb (Vəhy 1:1). Burada bir neçə heyvandan danışılır. Onlar Allahın düşmənlərini təmsil edir. Məsələn, yazılıb ki, «dənizdən onbuynuzlu, yeddibaşlı bir vəhşi heyvan çıxır» (Vəhy 13:1). Onun ardınca «yerin tərkindən qalxan başqa bir vəhşi heyvan» çıxır. O, əjdaha kimi danışır və «göydən alov yağdırır» (Vəhy 13:11—13). Daha sonra oxuyuruq ki, «al-qırmızı rəngli» vəhşi heyvan peyda olur, onun belində fahişə oturub. Bu üç vəhşi heyvan Yehova Allahın və Onun Padşahlığının çoxdankı düşmənlərini təmsil edir. Odur ki, onların kim olduğunu bilməyimiz vacibdir (Vəhy 17:1, 3).

DÖRD NƏHƏNG HEYVAN

Onlar «dənizdən» çıxır (Dən. 7:1—8, 15—17). Onlar Dənyalın dövründən başlayaraq Allahın xalqı üzərində hakimiyyət sürən və onu sıxışdıran dünya qüdrətlərini təmsil edir (4 və 7-ci abzaslara baxın)

4, 5. Dənyal 7:15—17 ayələrindən bu rəmzlərin mənası haqda nə öyrənirik?

4 Biz bu düşmənləri müəyyən etmək üçün əvvəlcə rəmzlərin mənasını başa düşməliyik. Bunu Müqəddəs Kitabdan daha yaxşı heç nə izah edə bilməz. «Vəhy» kitabındakı bir çox rəmzlər Müqəddəs Kitabın digər bölmələrində artıq izah olunub. Məsələn, Dənyal peyğəmbər röyada görmüşdü ki, «dənizdən bir-birindən fərqli dörd nəhəng heyvan» çıxır (Dən. 7:1—3). O, bu nəhəng heyvanların nəyi təmsil etdiyini də qeyd etmişdi. Bu dörd nəhəng heyvan dörd padşahı, yəni hökuməti təmsil edir. (Dənyal 7:15—17 ayələrini oxuyun.) Bu aydın izahatın sayəsində başa düşürük ki, «Vəhy» kitabındakı vəhşi heyvanların da siyasi qüvvələri təmsil etməsi ağlabatandır.

5 Gəlin «Vəhy» kitabındakı bəzi rəmzləri araşdıraq. Biz görəcəyik ki, Müqəddəs Kitab bu rəmzlərin mənasını başa düşməyə kömək edir. Müzakirəyə «Vəhy» kitabındakı bəzi vəhşi heyvanlardan başlayacağıq. Öyrənəcəyik ki, 1) onlar nəyin təmsilidir; 2) onları hansı aqibət gözləyir, 3) bunun bizə hansı aidiyyəti var.

ALLAHIN DÜŞMƏNLƏRİNİN KİMLİYİ AŞKARA ÇIXIR

YEDDİBAŞLI VƏHŞİ HEYVAN

O, «dənizdən» çıxır və onun yeddi başı, on buynuzu və on tacı var (Vəhy 13:1—4). O, bəşər tarixi boyunca insanlar üzərində hökmranlıq edən bütün siyasi qüvvələri təmsil edir. Yeddi baş Allahın xalqı üzərində hakimiyyət sürən və onu sıxışdıran yeddi dünya qüdrətini təmsil edir (6—8 abzaslara baxın)

6. Vəhy 13:1—4 ayələrində təsvir olunan yeddibaşlı vəhşi heyvan nəyi təmsil edir?

6 Yeddibaşlı vəhşi heyvan nədir? (Vəhy 13:1—4 ayələrini oxuyun.) Gördüyümüz kimi, vəhşi heyvanın ümumi görünüşü bəbirə bənzəyir, amma onun pəncələri ayı pəncəsi, ağzı şir ağzı kimidir və on buynuzu var. Bu xüsusiyyətlərin hamısı Dənyal 7-ci fəsildə yazılan dörd vəhşi heyvanda da var. Amma bu dörd heyvana xas xüsusiyyətlər «Vəhy» kitabında bir heyvanda cəmlənib. Bu vəhşi heyvan bir hökuməti və ya bir dünya qüdrətini təmsil etmir. Onun haqqında yazılıb ki, «ona hər bir tayfa, ümmət, dil və xalq üzərində hakimiyyət» verilib. Deməli, bu, hansısa konkret bir hökumətə aid ola bilməz (Vəhy 13:7). Belə qənaətə gəlmək olar ki, bu vəhşi heyvan tarix boyu bəşəriyyət üzərində hakimiyyət sürən bütün siyasi qüvvələri təmsil edir * (Vaiz 8:9).

7. Vəhşi heyvanın yeddi başının hər biri nəyi təmsil edir?

7 Yeddi başın hər biri nəyi təmsil edir? İpucu üçün gəlin Vəhy 17-ci fəslə baxaq. Orada Vəhy 13-cü fəsildəki vəhşi heyvanın surəti təsvir olunur. Vəhy 17:10 ayəsində belə yazılıb: «Onlar həmçinin yeddi padşahı təmsil edir: onlardan beşi yıxıldı, biri indi var, o birisi hələ gəlməyib, amma gələndə çox qalmayacaq». Şeytanın ixtiyarında olan bütün siyasi qüvvələrdən yeddisi böyük qüdrətə sahib olduğu üçün «baş» adlanır. Allahın xalqı ya bu dünya qüdrətlərinin idarə etdiyi ərazilərdə yaşayıb, ya da onlar tərəfindən təqib olunub. Yəhyanın yaşadığı dövrə qədər artıq onların beşi dünya səhnəsində peyda olmuşdu. Bunlar Misir, Aşşur, Babil, Mada-Fars və Yunanıstan imperiyaları idi. Altıncı dünya qüdrəti olan Roma həvari Yəhya vəhy alan zaman hələ hakimiyyətdə idi. Bəs yeddinci, sonuncu baş hansı dünya qüdrətini təmsil edir?

8. Vəhşi heyvanın yeddinci başı hansı dünya qüdrətini təmsil edir?

8 Görəcəyimiz kimi, «Dənyal» kitabı vəhşi heyvanın yeddinci, yəni sonuncu başının nəyi təmsil etdiyini müəyyən etməyə kömək edir. Amma əvvəlcə gəlin düşünək: axırzamanda, Ağanın günündə hansı dünya qüdrəti hökmranlıq edir? (Vəhy 1:10). Bu, Birləşmiş Krallıqla Amerika Birləşmiş Ştatlarının birliyidir, başqa sözlə, İngiltərə-Amerika dünya qüdrətidir. Buna görə də belə qənaətə gələ bilərik ki, bu dünya qüdrəti Vəhy 13:1—4 ayələrində qeyd olunan vəhşi heyvanın yeddinci başıdır.

QUZU BUYNUZUNA BƏNZƏR İKİ BUYNUZU OLAN VƏHŞİ HEYVAN

O, «yerin tərkindən» qalxır, «əjdaha kimi» danışır, «göydən alov yağdırır» və «yalançı peyğəmbər» kimi əlamətlər göstərir (Vəhy 13:11—15; 16:13; 19:20). İkibuynuzlu vəhşi heyvan ikili dünya qüdrəti olan İngiltərə-Amerikanı təmsil edir. O, «yalançı peyğəmbər» kimi yer üzünün sakinlərini aldadır və onlara deyir ki, yeddibaşlı, onbuynuzlu «vəhşi heyvanın surətini düzəltsinlər» (9-cu abzasa baxın)

9. «Quzu buynuzuna bənzər iki buynuzu» olan vəhşi heyvan nəyin rəmzidir?

9 Vəhy 13-cü fəsildə yeddinci baş, İngiltərə-Amerika dünya qüdrəti həmçinin «quzu buynuzuna bənzər iki buynuzu» olan, lakin «əjdaha kimi» danışan vəhşi heyvana bənzədilir. Vəhy 1619-cu fəsillərdə bu vəhşi heyvan «yalançı peyğəmbər» adlanır (Vəhy 16:13; 19:20). Yəhya görüntüdə görür ki, bu vəhşi heyvan «böyük əlamətlər göstərir, bəşərin gözü qarşısında hətta göydən alov yağdırır» (Vəhy 13:11—15). «Dənyal» kitabında da buna bənzər fikir vurğulanır. Orada deyilir ki, İngiltərə-Amerika dünya qüdrəti «görünməmiş bərbadlıqlar törədəcək» (Dən. 8:19, 23, 24). Bu sözlər İkinci Dünya müharibəsi zamanı öz təsdiqini tapdı. Yaponiyaya atılan və müharibənin bitməsinə səbəb olan iki atom bombasını Britaniya ilə Amerika alimləri hazırlamışdı. Bununla da İngiltərə-Amerika dünya qüdrəti «göydən alov» yağdırdı.

AL-QIRMIZI RƏNGLİ VƏHŞİ HEYVAN

Onun belində fahişə, Böyük Babil oturub. Bu heyvan səkkizinci padşah kimi təsvir olunub (Vəhy 17:3—6, 8, 11). Əvvəl-əvvəl fahişə bu vəhşi heyvanı idarə edir, amma sonra vəhşi heyvan fahişəni məhv edir. Fahişə yalan dinin dünya imperiyasıdır. Vəhşi heyvan isə bütün dünyadakı siyasi sistemin maraqlarına xidmət edən Birləşmiş Millətlər Təşkilatını təmsil edir (10, 14—17 abzaslara baxın)

10. «Vəhşi heyvanın surəti» nəyin rəmzidir? (Vəhy 13:14, 15; 17:3, 8, 11).

10 Daha sonra biz başqa vəhşi heyvan haqda oxuyuruq. Bu vəhşi heyvan demək olar ki, yeddibaşlı vəhşi heyvanla eyni görkəmdədir, amma al-qırmızı rəngdədir. O, «vəhşi heyvanın surəti» adlanır və «səkkizinci padşah» kimi təsvir olunub *. (Vəhy 13:14, 15; 17:3, 8, 11 ayələrini oxuyun.) Bu «padşah» haqda deyilir ki, əvvəllər var idi, sonra yoxa çıxdı, daha sonra isə yenidən peyda oldu. Bu, Birləşmiş Millətlər Təşkilatını çox yaxşı təsvir edir. Bu təşkilat dünyanın siyasi sisteminin maraqlarına xidmət edir. İlk dəfə meydana çıxanda adı Millətlər Cəmiyyəti idi. İkinci Dünya müharibəsi zamanı o, yox oldu. Daha sonra Birləşmiş Millətlər Təşkilatı kimi peyda oldu.

11. Vəhşi heyvanların təmsil etdiyi siyasi qüvvələr nə edəcək və nəyə görə onlardan qorxmamalıyıq?

11 Vəhşi heyvanlar, yəni siyasi qüvvələr propaqanda apararaq insanları Yehovaya və Onun xalqına qarşı qaldıracaq. Məcazi dillə desək, «onlar yer üzünün padşahlarını» Qadir Allahın böyük gününə, Armageddon müharibəsinə toplayacaq (Vəhy 16:13, 14, 16). Amma biz qorxmamalıyıq. Çünki qüdrətli Allahımız Yehova Onun hakimiyyətinin tərəfində olanların dərhal dadına çatıb xilas edəcək (Hizq. 38:21—23).

12. Bütün vəhşi heyvanların aqibəti necə olacaq?

12 Bütün vəhşi heyvanların aqibəti necə olacaq? Vəhy 19:20 ayəsi bu suala cavab verir. Orada deyilir: «Vəhşi heyvan yaxalandı. Onun qabağında əlamətlər göstərib üzərində vəhşi heyvanın nişanı olanları və onun surətinə sitayiş edənləri yoldan çıxaran yalançı peyğəmbər də onunla birlikdə tutuldu. Onların ikisi də kükürdlə yanan alovlu gölə diri-diri atıldı». Deməli, Allahın düşməni olan bu siyasi qüvvələr elə hakimiyyətdə ola-ola birdəfəlik məhv ediləcəklər.

13. Dünya hökumətləri məsihilərə hansı çətinliyi yaradır?

13 Bizə aidiyyəti. Biz məsihilər Allaha və Onun Padşahlığına sadiq qalmalıyıq (Yəh. 18:36). Bunun üçün dünyanın siyasi işlərində bitərəf olmalıyıq. Amma bitərəf qalmaq olduqca çətin ola bilər. Çünki hökumətlər bizdən sözdə və əməldə onları tam şəkildə dəstəkləməyi tələb edir. Onların tələbinə boyun əyənlər vəhşi heyvanın nişanını qəbul edir (Vəhy 13:16, 17). Bu nişanı qəbul edənlər isə Yehovanın qəzəbinə tuş gələcək və əbədi yaşamaq imkanını itirəcəklər (Vəhy 14:9, 10; 20:4). Buna görə də nə qədər təzyiqlə üzləşiriksə üzləşək, hər birimizin tam bitərəf qalması son dərəcə vacibdir!

BÖYÜK FAHİŞƏNİN BİABIRÇI SONU

14. Vəhy 17:3—5 ayələrinə əsasən, Yəhyanı nə təəccübləndirmişdi?

14 Həvari Yəhya qeyd edir ki, gördüyü bir şey onu bərk təəccübləndirmişdi. Bu nə idi? Bu, vəhşi heyvanlardan birinin belində oturan qadın idi (Vəhy 17:1, 2, 6). Bu qadın «böyük fahişə» kimi təsvir olunur və «Böyük Babil» adlanır. O, «dünyanın padşahları» ilə zina edir. (Vəhy 17:3—5 ayələrini oxuyun.)

15, 16. «Böyük Babil» nəyi təmsil edir və bunu nəyə əsasən deyə bilərik?

15 «Böyük Babil» nəyi təmsil edir? Bu qadın siyasi təşkilatları təmsil edə bilməz, çünki onun haqqında deyilir ki, dünyanın siyasi liderləri ilə zina edir (Vəhy 18:9). Doğrudan da, o, bu rəhbərləri idarə etməyə çalışır, məcazi dillə desək, onların belində oturub. Həmçinin o, Şeytan dünyasının acgöz kommersiya sistemini də təmsil edə bilməz. Çünki «Vəhy» kitabında o, ayrıca olaraq «dünyanın tacirləri» adlanır (Vəhy 18:11, 15, 16).

16 Müqəddəs Kitabda «fahişə», «zinakar» sözləri Allaha ibadət etdiyini iddia edən, amma bütpərəstliklə məşğul olanlara və ya hansısa yollarla dünya ilə dostluq quranlara aid işlənir (Hizq. 16:2, 35, 36; Yaq. 4:4). Allaha sədaqətlə ibadət edənlər isə «tərtəmiz» və «bakir» adlanır (2 Kor. 11:2; Vəhy 14:4). Qədim Babil yalan dinin beşiyi idi. Deməli, belə qənaətə gəlmək olar ki, Böyük Babil bütün yalan dinlərin timsalıdır. Bəli, o, yalan dinin dünya imperiyasıdır. (Vəhy 17:5, 18; jw.org saytında «Böyük Babil nədir?» adlı məqaləyə baxın.)

17. Böyük Babilin aqibəti necə olacaq?

17 Böyük Babilin aqibəti necə olacaq? Cavabı Vəhy 17:16, 17 ayələrində tapa bilərik. Orada yazılıb: «Gördüyün on buynuz və vəhşi heyvan fahişəyə nifrət edəcək, onu tar-mar edib çılpaq qoyacaq, ətini yeyəcək və sonra onu yandırıb külə çevirəcək. Bu fikri onların ürəyinə Allah qoyub». Bəli, Yehova xalqları sövq edəcək ki, al-qırmızı rəngli vəhşi heyvan, yəni Birləşmiş Millətlər Təşkilatı vasitəsilə yalan dinin dünya imperiyasına hücum edib, onu məhv etsinlər (Vəhy 18:21—24).

18. Böyük Babillə heç bir əlaqəmizin olmaması üçün nə etməliyik?

18 Bizə aidiyyəti. Allaha etdiyimiz ibadət «pak və qüsursuz» olmalıdır (Yaq. 1:27). Biz qətiyyən yalan təlimlərin, bütpərəst bayramların, pozulmuş əxlaq normalarının və cindarlığın təsirinə düşməməliyik! Həmçinin bundan sonra da insanları xəbərdar etməliyik ki, Böyük Babildən çıxsınlar və onun günahlarına şərik olmasınlar (Vəhy 18:4).

ALLAHIN BAŞ DÜŞMƏNİNƏ ÇIXARILAN HÖKM

AL-QIRMIZI RƏNGDƏ ƏJDAHA

Şeytan vəhşi heyvana səlahiyyət verir (Vəhy 12:3, 9, 13; 13:4; 20:2, 10). Yehovanın ən böyük düşməni olan Şeytan min illiyə dibsiz quyuya atılacaq. Daha sonra isə Şeytan «odlu-kükürdlü gölə» atılacaq (19 və 20-ci abzaslara baxın)

19. «Al-qırmızı rəngdə böyük əjdaha» kimdir?

19 «Vəhy» kitabında həmçinin «al-qırmızı rəngdə böyük əjdaha» da təsvir olunub (Vəhy 12:3). Bu əjdaha İsa Məsihə və onun mələklərinə qarşı vuruşur (Vəhy 12:7—9). O, Allahın xalqına hücum edir və insan hökumətlərinə səlahiyyət verir (Vəhy 12:17; 13:4). Bu əjdaha kimdir? O, «İblis və Şeytan adlanan... qədim ilan»dır (Vəhy 12:9; 20:2). Allahın bütün düşmənlərinin arxasında o durur.

20. Əjdahanın aqibəti necə olacaq?

20 Əjdahanın aqibəti necə olacaq? Vəhy 20:1—3 ayələrində izah olunur ki, bir mələk Şeytanı dibsiz quyuya atacaq. Bir növ, o, həbsdə olacaq. Beləliklə, Şeytan «min il başa çatana kimi» xalqları azdıra bilməyəcək. Axırda Şeytan və cinləri «odlu-kükürdlü gölə» atılacaq, yəni birdəfəlik məhv olacaq (Vəhy 20:10). Təsəvvür edirsiniz, dünyada Şeytan və cinləri olmayanda necə möhtəşəm həyat olacaq?!

21. Nəyə görə «Vəhy» kitabını oxuyan bizlər xoşbəxtik?

21 «Vəhy» kitabındakı rəmzlərin mənasını başa düşmək bizi çox ruhlandırır! Biz həm Allahın düşmənlərinin kim olduğu, həm də onları gözləyən aqibət haqda öyrəndik. Doğrudan da, «bu peyğəmbərlik sözlərini ucadan oxuyan, onları eşidən... adam xoşbəxtdir»! (Vəhy 1:3). Bəs Allahın düşmənləri məhv olunandan sonra sadiq insanlar hansı nemətləri alacaq? Bu silsilə məqalələrin sonuncusunda bu haqda danışacağıq.

NƏĞMƏ 23 Padşahlıq hakimiyyəti başladı

^ «Vəhy» kitabında Allahın düşmənləri rəmzlərlə təsvir olunub. «Dənyal» kitabı bu rəmzləri başa düşməyə kömək edir. Bu məqalədə «Dənyal» kitabı ilə «Vəhy» kitabındakı bəzi oxşar peyğəmbərlikləri tutuşduracağıq. Bu bizə Allahın düşmənlərini müəyyən etməyə kömək edəcək. Həmçinin onları hansı aqibət gözlədiyini öyrənəcəyik.

^ Yeddibaşlı vəhşi heyvanın on buynuzunun olması da onun bütün siyasi qüvvələri təmsil etdiyini göstərir. Müqəddəs Kitabda on rəqəmi adətən tamlığı bildirmək üçün istifadə olunur.

^ Birinci vəhşi heyvandan fərqli olaraq, bu surətin buynuzları üstündə «tac» yoxdur (Vəhy 13:1). Çünki o, yeddi padşahdan törəyib və ona səlahiyyəti onlar verib. (jw.org saytından «“Vəhy” kitabının 17-ci fəslində sözü gedən al-qırmızı rəngli vəhşi heyvan nədir?» adlı məqaləyə baxın.)