Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 19

«Vəhy» kitabı və siz

«Vəhy» kitabı və siz

«Bu peyğəmbərlik sözlərini ucadan oxuyan... adam xoşbəxtdir» (VƏHY 1:3).

NƏĞMƏ 15 Yehovanın İlkinə təzim edək!

İCMAL *

1, 2. Hansı səbəbə görə «Vəhy» kitabında yazılanlar bizim üçün əhəmiyyətli olmalıdır?

 NƏ VAXTSA kiminsə şəkil albomuna baxmısınız? Gəlin həmin ana qayıdaq. Siz albomu vərəqlədikcə tanış olmayan simalar görürsünüz, amma bir şəkil sizin diqqətinizi çəkir. Çünki bu şəkildə siz də varsınız. Şəklə diqqətlə baxırsınız, şəkli harada, nə vaxt çəkdirdiyinizi yadınıza salırsınız. Eləcə də şəkildə olan digər simaları xatırlamağa çalışırsınız. Digər şəkillərdən fərqli olaraq, bu şəkil sizin üçün xüsusi olur.

2 «Vəhy» kitabı həmin şəklə bənzəyir. Bunu ən azı iki səbəbə görə belə demək olar. Birincisi, Müqəddəs Kitabın bu bölməsi bizim üçün yazılıb. Elə ilk ayədən belə sözlər oxuyuruq: «İsa Məsihdən gələn vəhy. Allah tezliklə baş verəcək hadisələri qullarına göstərmək üçün bu vəhyi İsaya verdi» (Vəhy 1:1). Deməli, «Vəhy»də yazılanlar ümumilikdə hamı üçün yox, bizlər üçün, Allahın həsr olunmuş xidmətçiləri üçündür. Buna görə də «Vəhy» kitabındakı möhtəşəm peyğəmbərliklərin icrasında iştirak etməyimiz bizi təəccübləndirməməlidir. Başqa sözlə, «şəkildə» biz də varıq.

3, 4. «Vəhy» kitabında oradakı peyğəmbərliklərin yerinə yetəcəyi vaxtla bağlı nə deyilir? Bunu bilmək hər birimizi nəyə təşviq etməlidir?

3 İkinci səbəb isə peyğəmbərliklərin hansı dövrdə yerinə yetməsidir. Həmin dövrlə bağlı ahıl yaşlarında olan həvari Yəhya belə demişdi: «Mən müqəddəs ruhun təsiri ilə Ağanın gününə aparıldım» (Vəhy 1:10). Həvari Yəhya bu sözləri təxminən eramızın 96-cı ilində yazmışdı. Ağanın gününün başlamasına hələ çox var idi (Mət. 25:14, 19; Luka 19:12). Müqəddəs Kitab peyğəmbərliklərinə əsasən, həmin gün 1914-cü ildə İsa Məsih göydə padşah olanda başladı. Həmin ildən etibarən Allahın xalqı barədə yazılan peyğəmbərliklər yerinə yetir. Bəli, biz indi Ağanın günündə yaşayırıq!

4 Belə bir həyəcanlı, əlamətdar dövrdə yaşadığımıza görə Vəhy 1:3 ayəsindəki məsləhət xüsusilə bizə aiddir. Orada deyilir: «Bu peyğəmbərlik sözlərini ucadan oxuyan, onları eşidən və orada yazılanlara əməl edən adam xoşbəxtdir, çünki vaxt yaxındır». Bəli, biz peyğəmbərlik sözlərini ucadan oxumalı, eşitməli və onlara əməl etməliyik. Bu hansı sözlərdir? Gəlin bəzilərini nəzərdən keçirək.

ALLAH İBADƏTİNİZİ QƏBUL EDİR?

5. «Vəhy» kitabına əsasən, ibadətimizin Yehovaya məqbul olub-olmadığını yoxlamaq nəyə görə vacibdir?

5 «Vəhy» kitabının elə ilk fəslindən aydın görürük ki, İsa Məsih yığıncaqda baş verənlərdən tam agahdır (Vəhy 1:12—16, 20; 2:1). Bunu İsanın Kiçik Asiya əyalətindəki yeddi yığıncağa ünvanladığı sözlərdən görmək olar. O, birinci əsrdəki həmin məsihilərə konkret göstərişlər vermişdi və bunun sayəsində onlar ibadətlərinin Yehovaya məqbul olub-olmadığını yoxlaya bilərdilər. Onun dedikləri Allahın bugünkü xidmətçilərinə də aiddir. Şəxsən hər birimiz üçün bunlar nə məna kəsb edir? Öndərimiz İsa Məsih bizim də ruhani vəziyyətimizin nə yerdə olduğunu çox yaxşı bilir. Biz onun himayəsi və nəzarəti altındayıq, heç nə onun gözündən yayınmır. O bilir, Yehovanın razılığını qazanmaq üçün nə etməliyik. Gəlin görək onun verdiyi hansı məsləhətlərə biz də əməl etməliyik.

6. a) Vəhy 2:3, 4 ayələrinə əsasən, Efes yığıncağının başlıca problemi nə idi? b) Biz bundan özümüz üçün hansı nəticəni çıxarırıq?

6 Vəhy 2:3, 4 ayələrini oxuyun. Yehovaya əvvəlki məhəbbətimiz soyumamalıdır. İsa Məsihin Efes yığıncağına ünvanladığı sözlərdən görmək olar ki, onlar dözümlü idilər, çətinlikləri olsa da, Yehovaya xidməti dayandırmırdılar. Amma onların əvvəlki məhəbbəti soyumuşdu. Onlar məhəbbətlərini alovlandırmalı idilər. Əks halda, ibadətləri Allaha məqbul olmayacaqdı. Bu bizə də aiddir. Sadəcə dözümlü olmaq kifayət deyil, çətinliklərə düzgün səbəblərdən irəli gələrək dözməliyik. Çünki Yehova üçün təkcə nə etdiyimiz yox, həm də nəyə görə etdiyimiz vacibdir. Yehova istəyir ki, bizi Ona ibadət etməyə dərin məhəbbət və minnətdarlıq hissi təşviq etsin (Məs. 16:2; Mark 12:29, 30).

7. a) Vəhy 3:1—3 ayələrinə əsasən, Sard yığıncağının hansı problemi var idi? b) Biz nə etməliyik?

7 Vəhy 3:1—3 ayələrini oxuyun. Biz həmişə oyaq qalmalıyıq. Sard yığıncağındakı məsihilərin isə başqa bir problemi var idi. Onlar əvvəllər Allaha xidmətdə aktiv olsalar da, vaxt keçdikcə passivləşmişdilər. Elə buna görə də İsa onları «oyanmağa» səsləmişdi. Burada bizim üçün hansı ciddi xəbərdarlıq var? Əlbəttə ki, Yehova Onun yolunda çəkdiyimiz zəhməti unutmur (İbr. 6:10). Bununla belə, düşünməməliyik ki, əvvəllər Yehovaya xidmətdə nə etmişiksə, kifayətdir. Ola bilər ki, indi əvvəlki qədər xidmət edə bilməyək, amma biz «Rəbbin işində» çox çalışmalıyıq və axıra kimi oyaq qalmalıyıq (1 Kor. 15:58; Mət. 24:13; Mark 13:33).

8. Laodikiyadakı məsihilərə ünvanlanan sözlərdən nə öyrənirik? (Vəhy 3:15—17).

8 Vəhy 3:15—17 ayələrini oxuyun. Yehovaya şövqlə və bütün qəlbimizlə ibadət etməliyik. Laodikiya yığıncağının isə başqa bir problemi var idi. İsa Məsih onların ibadətləri ilə bağlı demişdi ki, «ilıqdırlar». İbadətə həvəssiz yanaşdıqlarına görə onlar «bədbəxt» və «acınacaqlı gündə» idilər. Bu məsihilər Yehovanın yolunda qeyrət göstərməli, yəni böyük şövqlə xidmət etməli idilər (Vəhy 3:19). Şəxsən hər birimiz üçün bunlar nə məna kəsb edir? Əgər xidmətdə şövqümüz azalıbsa, sahib olduğumuz ruhani nemətlərə görə minnətdarlığımızı artırmalıyıq (Vəhy 3:18). Ehtiyatlı olmasaq, rahat həyata can atdığımız üçün ruhani işlər ikinci plana keçə bilər.

9. İsa Məsih Perqam və Tiatira yığıncaqlarına hansı məsləhəti vermişdi və biz özümüzü hansı təhlükədən gözləməliyik?

9 Dönüklərin təlimlərini rədd etməliyik. İsa Məsih Perqam yığıncağında insan fikirlərini yayanlara və təriqət yaradanlara irad tutmuşdu (Vəhy 2:14—16). Tiatira yığıncağında isə «Şeytanın dəryasına» baş vurmayanları tərifləmişdi və onlara demişdi ki, həqiqətdən bərk yapışsınlar (Vəhy 2:24—26). Saxta təlimlərə aldanan zəif məsihilər tövbə etməli idilər. Bəs bizim barədə nə demək olar? Yehovanın fikirlərinə zidd gedən istənilən təlimi rədd etməliyik. Dönüklər «üzdən özlərini mömin» göstərirlər, əslində isə Allahın yolu ilə getmirlər (2 Tim. 3:5). Biz Allahın Kəlamını dərindən mütaliə etməyin sayəsində yalan təlimləri asanlıqla ayırd edib, rədd edə biləcəyik (2 Tim. 3:14—17; Yhd. 3, 4).

10. İsa Məsihin Perqam və Tiatira yığıncağına dediyi sözlərdən daha nə öyrənirik?

10 Biz əxlaqsızlığın heç bir növünə normal yanaşmamalı və ondan uzaq durmalıyıq. Perqam və Tiatira yığıncağının başqa bir problemi də var idi. İsa onları əxlaqsızlığa göz yumduqlarına görə məzəmmət etmişdi (Vəhy 2:14, 20). Şəxsən hər birimiz üçün bu nə məna kəsb edir? Biz Yehovaya uzun illər xidmət etsək də və hal-hazırda müəyyən məsuliyyətlərimiz olsa da, düşünməməliyik ki, əxlaqsız əməllərlə məşğul olsaq, Yehova bizə güzəştə gedəcək (1 İşm. 15:22; 1 But. 2:16). Dünyanın əxlaq dəyərləri nə dərəcədə tənəzzülə uğrayır uğrasın, Yehova bizim yüksək əxlaq normalarına riayət etməyimizi istəyir (Efes. 6:11—13).

11. Bura qədər nə öyrəndik? ( «Nə öyrəndik?» adlı çərçivəyə baxın.)

11 Deməli, bura qədər nə öyrəndik? Öyrəndik ki, ibadətimizin Yehovaya məqbul olub-olmadığını yoxlamalıyıq. Əgər görsək ki, hansısa əməlimiz düzgün deyil, Allahın razılığını qazanmaq üçün dərhal dəyişiklik etməliyik (Vəhy 2:5, 16; 3:3, 16). İsa yığıncaqlara ünvanladığı məktublarda başqa məqamlara da toxunur. Gəlin onları nəzərdən keçirək.

TƏQİBLƏRƏ HAZIR OLUN

Şeytan yer üzünə atılandan bəri Allahın xalqına necə hücum edir? (12—16 abzaslara baxın)

12. İsanın Smirna və Filadelfiyadakı bacı-qardaşlara dediklərindən nə öyrənirik? (Vəhy 2:10).

12 Gəlin İsanın Smirna və Filadelfiya yığıncağına dediklərinə nəzər salaq. İsa onlara demişdi ki, təqiblərdən qorxmasınlar, çünki sadiq qalsalar, mükafat alacaqlar. (Vəhy 2:10 ayəsini oxuyun; Vəhy 3:10.) Şəxsən hər birimiz üçün bu nə məna kəsb edir? Biz təqiblərin olacağını gözləməliyik və onlara dözməyə hazır olmalıyıq (Mət. 24:9, 13; 2 Kor. 12:10). Nəyə görə bu, vacib xatırlatmadır?

13, 14. Vəhy 12-ci fəsildə təsvir olunan hadisələrin Allahın xalqına hansı təsiri oldu?

13 «Vəhy» kitabına əsasən, Allahın xalqı Ağanın günündə, yəni bizim yaşadığımız dövrdə təqiblərlə üzləşməlidir. Vəhy 12-ci fəsildə yazılıb ki, Allahın Padşahlığı qurulan kimi göydə müharibə qopur. Mikayıl, yəni şərəfə yüksəlmiş İsa Məsih və onun ordusu Şeytanla cinlərinə qarşı vuruşur (Vəhy 12:7, 8). Nəticədə, Allahın düşmənləri məğlub olur və yer üzünə atılır. Bu, yerə və yer üzündəki insanlara olmazın bəlalar gətirir (Vəhy 12:9, 12). Bəs bu baş verənlərin nəticəsində Allahın xalqı nələrlə üzləşir?

14 Daha sonra «Vəhy» kitabında Şeytanın nələr etdiyindən bəhs olunur. Artıq göyə qalxa bilmədiyi üçün o, bütün qəzəbini yer üzündəki məsh olunmuşların üzərinə tökür. Onlar Allahın Padşahlığının yer üzündəki nümayəndələridirlər və İsa haqqında şəhadət edirlər (Vəhy 12:17; 2 Kor. 5:20; Efes. 6:19, 20). Bu peyğəmbərlik necə yerinə yetib?

15. Vəhy 11-ci fəsildəki «iki şahid» kimlərin təsviridir və onlarla nə baş verdi?

15 Şeytan Allahın düşmənlərini Padşahlığın təbliği işinə rəhbərlik edən qardaşlara qarşı qaldırdı. Həmin qardaşlar «Vəhy» kitabında «iki şahid» kimi təsvir olunur. Kitabdan bu iki şahidin öldürüldüyünü oxuyuruq * (Vəhy 11:3, 7—11). Təşkilata rəhbərlik edən səkkiz məsul qardaş 1918-ci ildə haqsız yerə ittiham olundu və hər birinə uzunmüddətli həbs cəzası kəsildi. Çoxları elə düşündü ki, artıq bu məsh olunmuşların fəaliyyəti dayandı, yəni məcazi mənada öldürüldü.

16. 1919-cu ildə hansı gözlənilməz hadisə baş verdi, bununla belə, Şeytan o vaxtdan bəri nə edir?

16 Vəhy 11-ci fəsildəki peyğəmbərlikdə həmçinin deyilir ki, qısa müddət sonra «iki şahid» həyata qayıdır. Bu peyğəmbərlik heyrətamiz şəkildə yerinə yetdi. Məsh olunmuş qardaşların həbs olunmasından heç bir il keçmədi ki, 1919-cu ilin əvvəli onlar azadlığa buraxıldılar. Daha sonra üzərlərindən məhkumluq da götürüldü. Qardaşlar dərhal işlərinin başına qayıtdılar. Amma buna baxmayaraq, Şeytan Allahın xalqına hücumunu dayandırmadı. O vaxtdan bəri onların üzərinə təqiblər seli yağdırır (Vəhy 12:15). Ona görə də hər birimizə «dözüm və iman gərəkdir» (Vəhy 13:10).

YEHOVANIN TAPŞIRIĞINI CANLA-BAŞLA YERİNƏ YETİRİN

17. Allahın xalqı Şeytanın hədəfi olsa da, hansı köməyi alıb?

17 Vəhy 12-ci fəsildə daha sonra qeyd olunur ki, Allahın xalqı gözləmədikləri bir yerdən kömək alacaq. «Vəhy» kitabında təsvir olunduğu kimi, «yer» təqiblər «sel»ini udacaq (Vəhy 12:16). Peyğəmbərlikdə deyildiyi kimi də olub. Şeytan dünyasının qismən stabil ünsürləri, məsələn, müəyyən məhkəmə sistemləri bəzən Allahın xalqının köməyinə çatıb. Yehovanın xidmətçiləri dəfələrlə məhkəmədə qalib gəliblər və bunun da sayəsində müəyyən azadlıq əldə ediblər. Bəs onlar bu azadlıqdan necə istifadə ediblər? Onlar yaranan fürsətləri əldən verməyib Yehovanın buyurduğu işi yerinə yetiriblər (1 Kor. 16:9). Bu işə nələr daxildir?

Bu gün Allahın xalqı hansı iki xəbəri bəyan edir? (18 və 19-cu abzaslara baxın)

18. Axırzamanda gördüyümüz əsas işimiz nədir?

18 İsa Məsih peyğəmbərlik etmişdi ki, son gəlməzdən əvvəl Allahın xalqı Padşahlıq haqqındakı müjdəni bütün yer üzündə təbliğ edəcək (Mət. 24:14). Onlara bu işdə «yer üzünün sakinlərinə — hər xalqa, tayfaya, dilə və ümmətə car çəkmək üçün» əbədi müjdəsi olan mələk, yaxud bir qrup mələk kömək edir (Vəhy 14:6).

19. Yehovanı sevənlər başqa hansı xəbəri bəyan etməlidirlər?

19 Allahın xalqının öhdəsinə təkcə Padşahlıq haqda müjdəni təbliğ etmək düşmür. Onlar həmçinin Vəhy 8-dən 10-a kimi fəsillərdə qeyd olunan işdə mələklərə dəstək olmalıdırlar. Bu mələklər Allahın Padşahlığına qarşı çıxanların üzərinə bir sıra bəlaların gələcəyini bəyan edirlər. Belə ki, Yehovanın Şahidləri «dolu və alov»a bənzəyən hökm xəbərini çatdırırlar. Onlar Şeytan dünyasının müxtəlif hissələri üzərində Allahın icra edəcək hökmlərini açıqlayırlar (Vəhy 8:7, 13). İnsanlar sonun yaxın olduğunu bilməlidirlər ki, həyatlarında köklü dəyişikliklər etsinlər və Yehovanın qəzəb günündə sağ qalsınlar (Səf. 2:2, 3). Amma bu xəbəri bəyan etməyimiz çoxlarına xoş gəlmir. Buna görə də bizə cəsarət lazımdır. Böyük müsibət zamanı sonuncu hökm xəbəri bəyan ediləcək və bu xəbər daha sərt olacaq (Vəhy 16:21).

BU PEYĞƏMBƏRLİK SÖZLƏRİNƏ ƏMƏL EDİN

20. Növbəti iki məqalədə nə haqda danışacağıq?

20 Bu peyğəmbərlik sözlərinə əməl etməyimiz çox vacibdir, çünki «Vəhy» kitabında yazılanların icrasında biz də iştirak edirik (Vəhy 1:3). Bəs təqiblərə sədaqətlə dözməyə və bu xəbərləri bundan sonra da cəsarətlə bəyan etməyə bizə nə kömək edə bilər? İki şey bizi gücləndirəcək: birincisi, «Vəhy» kitabında Allahın düşmənləri haqda yazılan məlumat, ikincisi, sadiq qaldığımız təqdirdə alacağımız nemətlər. Bu haqda növbəti iki məqalədə danışacağıq.

NƏĞMƏ 32 Yehovanın tərəfini tut!

^ Biz «Vəhy» kitabında yazılan peyğəmbərliklərin yerinə yetdiyi heyrətamiz bir dövrdə yaşayırıq. Bu peyğəmbərliklərin bizə hansı aidiyyəti var? Bu və növbəti iki məqalədə «Vəhy» kitabından bəzi fikirləri araşdıracağıq. Öyrənəcəyik ki, bu kitabda yazılanlara əməl etmək ibadətimizin Yehovaya məqbul olmasına necə kömək edə bilər.