Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 21

«Vəhy» kitabı və sizin gələcəyiniz

«Vəhy» kitabı və sizin gələcəyiniz

«Amin! Gəl, Ağamız İsa» (VƏHY 22:20).

NƏĞMƏ 142 Ümidimizdən bərk yapışaq

İCMAL *

1. Bütün insanlar hansı mühüm qərarı verməlidir?

 BU GÜN insanlar mühüm qərar verməlidirlər. Onlar ya Kainatın hökmdarı olan Yehova Allahın tərəfini tutmalıdırlar, ya da Onun qəddar düşməni olan Şeytan İblisin. Üçüncü yol yoxdur. Verəcəkləri qərardan onların əbədi yaşayıb-yaşamayacaqları asılıdır (Mət. 25:31—33, 46). «Böyük müsibət» dövründə onlar ya xilas olmaq üçün, ya da məhv olmaq üçün işarələnəcəklər (Vəhy 7:14; 14:9—11; Hizq. 9:4, 6).

2. a) İbranilərə 10:35—39 ayələri bizi nəyə təşviq edir? b) «Vəhy» kitabı bizə hansı sahədə kömək edə bilər?

2 İbranilərə 10:35—39 ayələrini oxuyun. Əgər siz Yehovanın hakimiyyətinin tərəfini tutmağa qərar vermisinizsə, hikmətli addım atmısınız. Sözsüz ki, siz başqalarına da düzgün qərar verməyə kömək etmək istəyirsiniz. Bunun üçün onlarla «Vəhy» kitabında yazılanlar haqda danışa bilərsiniz. Bu möhtəşəm kitabda Yehovaya qarşı çıxanların aqibətindən, eləcə də Onun hakimiyyətini sədaqətlə dəstəkləyənlərin alacağı nemətlərdən bəhs olunur. Biz bu vacib həqiqətləri dərindən araşdırmalıyıq. Bunun sayəsində Yehovaya xidmət etmək qətiyyətimiz möhkəmlənəcək. Bundan əlavə, oradan öyrəndiklərimizlə başqalarına da düzgün qərar verməyə və bu qərara bağlı qalmalarına kömək edə bilərik.

3. Bu məqalədə nə öyrənəcəyik?

3 Bu məqalədə növbəti sualların cavabını tapacağıq: Allahın hakimiyyətinin tərəfində olanları gələcəkdə nələr gözləyir? Bəs «Vəhy» kitabında təsvir olunan al-qırmızı rəngli vəhşi heyvanı dəstəkləyənlərlə nə baş verəcək?

SADİQ İNSANLARI GƏLƏCƏKDƏ NƏLƏR GÖZLƏYİR?

4. Həvari Yəhya İsa ilə birlikdə göydə kimlərin olduğunu görür?

4 Həvari Yəhya vəhydə Yehovanın hakimiyyətini dəstəkləyən və əbədi nemətlər alan iki qrup görür. Birinci qrupda olanların sayı 144 000 nəfərdir (Vəhy 7:4). Yəhya onların göydə Sion dağında İsanın yanında durduğunu görür (Vəhy 14:1). Onlar yer üzündən seçiliblər və İsa ilə birlikdə göydə qurulan Padşahlıqda yer üzünü idarə edəcəklər (Vəhy 5:9, 10; 14:3, 4).

5. 144 000 nəfərin yer üzündə qalan hissəsini tezliklə nə gözləyir?

5 144 000 nəfəri təşkil edəcək minlərlə məsh olunmuş məsihilər əsrlər ərzində seçilib (Luka 12:32; Rom. 8:17). Yəhyaya görüntüdə deyilir ki, axırzamanda onların yalnız az qismi yer üzündə olacaq. Böyük müsibət başlamazdan öncə yer üzündən olan məsh olunmuşlar Yehovanın razılığının əlaməti olaraq sonuncu dəfə möhürlənəcək (Vəhy 7:2, 3; 12:17). Böyük müsibətin müəyyən bir məqamında isə onlar göyə qaldırılacaqlar və 144 000 nəfərin artıq göylər həyatına dirilmiş hissəsinə qovuşacaqlar. Onlar Allahın Padşahlığında İsa ilə birlikdə hakimiyyət sürəcəklər (Mət. 24:31; Vəhy 5:9, 10).

6, 7. a) Həvari Yəhya daha sonra kimləri görür və onlar haqda nə məlumdur? b) Nəyə görə Vəhy 7-ci fəsil həm yer üzündəki məsh olunmuşlar üçün, həm də böyük izdiham üçün əhəmiyyət kəsb etməlidir?

6 Yəhya 144 000 nəfəri görəndən sonra «böyük bir izdiham» görür, amma onların sayı məlum deyil (Vəhy 7:9, 10). Bəs onlar haqda nə məlumdur? Yəhyaya görüntüdə növbəti sözlər deyilir: «Bunlar böyük müsibətdən çıxanlardır. Onlar libaslarını Quzunun qanında yuyub ağardıblar» (Vəhy 7:14). Böyük müsibətdən sağ çıxandan sonra böyük izdiham yer üzündə yaşayacaq və möhtəşəm nemətlər alacaq (Zəb. 37:9—11, 27—29; Məs. 2:21, 22; Vəhy 7:16, 17).

7 Bəs şəxsən biz özümüzü Vəhy 7-ci fəsildə təsvir olunan səhnədə görürük? Fərqi yoxdur, göydə, yaxud yer üzündə yaşamaq üçün seçilmişik, hər birimiz özümüzü orada görməliyik. Həqiqətən də, Allahın hər iki qrupdan olan xidmətçilərini çox gözəl dövran gözləyir! Onda Yehovanın hakimiyyətinin tərəfini tutduğumuz üçün sevincimizin hədd-hüdudu olmayacaq. «Vəhy» kitabından böyük müsibətlə bağlı daha nələr öyrənirik? (Mət. 24:21).

ALLAHA QARŞI ÇIXANLARI GƏLƏCƏKDƏ NƏ GÖZLƏYİR?

8. Böyük müsibət necə başlayacaq və əksər insanlar necə davranacaq?

8 Ötən məqalədə qeyd olunduğu kimi, bu dünyanın siyasi qüvvələri yalan dinin dünya imperiyası olan Böyük Babilə hücum edəcək (Vəhy 17:16, 17). Bununla da böyük müsibət başlayacaq. Bəs həmin vaxt Yehovaya çox sayda insanın ibadət etməyə başlayacağını gözləməliyik? Xeyr. Əksinə, Vəhy 6-cı fəsildən öyrənirik ki, həmin dövrdə Yehovaya xidmət etməyənlər dağa bənzədilən siyasi və kommersiya təşkilatlarına sığınacaqlar. Onlar səmavi Padşahlığın tərəfində olmadıqlarına görə Yehova onlara əleyhdarları kimi baxacaq (Luka 11:23; Vəhy 6:15—17).

9. Böyük müsibət zamanı Yehovanın xalqı başqalarından nə ilə fərqlənəcək və bu nəyə gətirib çıxaracaq?

9 Yehovanın sadiq xidmətçiləri bu çətin dövrdə başqalarından fərqlənəcəklər. Onlar həmin vaxt da yer üzündə Yehova Allaha xidmət edən və «vəhşi heyvanı» dəstəkləməyən yeganə xalq olacaqlar (Vəhy 13:14—17). Onların qəti mövqeyi Yehovanın əleyhdarlarını qəzəbləndirəcək. Beləcə, xalqlar birliyi bütün dünyada olan Yehovanın xalqına hücum edəcək. Onların bu azğın davranışı Müqəddəs Kitabda Məcuc ölkəsindən olan Yəcucun hücumu adlanır (Hizq. 38:14—16).

10. Vəhy 19:19—21 ayələrində təsvir olunduğu kimi, Yehova xalqına qarşı hücuma cavab olaraq nə edəcək?

10 Onların bu amansız hücumuna cavab olaraq Yehova nə edəcək? O deyir: «Mən qəzəbdən alışıb-yanacağam» (Hizq. 38:18, 21—23). Vəhy 19-cu fəsildə sonra nələrin baş verəcəyi yazılıb. Yehova Oğlunu göndərəcək ki, xalqını qorusun və düşmənlərini məğlub etsin. İsa Məsih «səmavi qoşunla», yəni sadiq mələklərlə və 144 000-lə birlikdə əks hücuma keçəcək (Vəhy 17:14; 19:11—15). Bu müharibə nə ilə bitəcək? Yehovaya qarşı çıxan bütün insanlar və təşkilatlar tamamilə məhv olacaq! (Vəhy 19:19—21 ayələrini oxuyun.)

ƏVVƏLCƏ MÜHARİBƏ, SONRA İSƏ TOY

11. Hansı xüsusi mərasim «Vəhy» kitabının zirvə nöqtəsidir?

11 Təsəvvür edirsiniz, Allahın düşmənlərinin kökü kəsiləndə yer üzündə sağ qalan sadiq insanlar hansı hissləri keçirəcək? Həmin vaxt sevincimizin hədd-hüdudu olmayacaq! Böyük Babilin məhvinə görə göydə böyük sevinc yaşanacaq. Amma baş tutacaq bir mərasim daha böyük sevincə səbəb olacaq (Vəhy 19:1—3). Söhbət Quzunun toyundan gedir, bu, «Vəhy» kitabının zirvə nöqtəsidir (Vəhy 19:6—9).

12. Vəhy 21:1, 2 ayələrinə əsasən, Quzunun toyu nə vaxt baş tutacaq?

12 Toy nə vaxt baş tutacaq? Armageddon müharibəsindən bir qədər əvvəl 144 000 nəfərin hamısı göydə olacaq. Amma Quzunun toyu həmin vaxt olmayacaq. (Vəhy 21:1, 2 ayələrini oxuyun.) Quzunun toyu Armageddon müharibəsindən və Allahın bütün düşmənlərinin məhvindən sonra baş tutacaq (Zəb. 45:3, 4, 13—17).

13. Quzunun toyu bu ittifaqa daxil olanlar üçün nə məna kəsb edir?

13 Quzunun toyu bu ittifaqa daxil olanlar üçün nə məna kəsb edir? Nikah oğlanla qızı birləşdirdiyi kimi, Padşahımız İsa ilə «gəlini» olan 144 000 nəfərin məcazi nikahı da onları birləşdirəcək. Bu mühüm mərasimlə min il ərzində yer üzünü idarə edəcək yeni hökumət öz fəaliyyətinə başlayacaq (Vəhy 20:6).

ƏZƏMƏTLİ ŞƏHƏR VƏ SİZİN GƏLƏCƏYİNİZ

Vəhy 21-ci fəsildə məcazi şəhər olan Yeni Yerusəlimin göydən, Allahın yanından endiyi təsvir olunur. Allahın Padşahlığının minillik hakimiyyəti itaətkar insanlara bol nemətlər bəxş edəcək (14—16 abzaslara baxın)

14, 15. Vəhy 21-ci fəsildə 144 000 nəfər nəyə bənzədilir? (Üz qabığındakı şəklə baxın.)

14 Sonra Vəhy 21-ci fəsildə 144 000 nəfər «Yeni Yerusəlim» adlı hədsiz dərəcədə gözəl bir şəhərə bənzədilir (Vəhy 21:2, 9). Bu şəhərin bünövrəsində 12 daş var və «daşların üstündə Quzunun 12 həvarisinin adı» yazılıb. Nəyə görə bu məqam Yəhyanın diqqətini cəlb edir? O, bu daşlardan birinin üstündə öz adını görür. Bu, çox böyük şərəfdir! (Vəhy 21:10—14; Efes. 2:20).

15 Bu məcazi şəhərin bənzəri yoxdur. Onun baş küçəsi xalis qızıldır. Hər biri mirvari olan 12 darvazası var. Divarları, bünövrəsi qiymətli daş-qaşlarla bəzədilib. Şəhərin ölçüləri hər tərəfdən mükəmməl bərabərlikdədir (Vəhy 21:15—21). Amma şəhərdə bir şey çatışmır. Görün Yəhya daha sonra nə deyir: «Mən orada məbəd görmədim, çünki bu şəhərin məbədi Qadir Allah Yehova və Quzudur. Şəhərin günəş və ay işığına ehtiyacı yoxdur, çünki onu Allahın calalı işıqlandırır və Quzu şəhərin çırağıdır» (Vəhy 21:22, 23). Yeni Yerusəlimi təşkil edən hər bir kəs birbaşa Yehovanın hüzurunda olacaq. Buna görə də artıq onların məbədə ehtiyacı olmayacaq (Vəhy 22:3, 4). Həmçinin onlar Allaha müqəddəs xidməti göydə baş kahin olan İsa Məsihin rəhbərliyi altında icra edəcəklər (İbr. 7:27). Bu səbəblərə görə Yehova və İsa bu şəhərin məbədi adlanır.

Çay və ağaclarla təmsil olunan nemətlər kimlərə nəsib olacaq? (16 və 17-ci abzaslara baxın)

16. Allahın Padşahlığının minillik hakimiyyəti dövründə nələr olacaq?

16 Məsh olunmuşlar bu şəhər haqda düşünəndə ürəkləri sevinc hissi ilə dolur. Amma yer üzündə yaşamaq ümidi olanlar üçün də bu şəhər maraq kəsb etməlidir. Çünki Allahın Padşahlığının minillik hakimiyyəti dövründə Yeni Yerusəlim yer üzünə saysız-hesabsız nemətlər bəxş edəcək. Yəhya bu nemətlərin həyat suyunun axdığı çay kimi axdığını görür. Həmçinin «çayın hər iki sahilində həyat ağacları» bitir. «Onların yarpaqları xalqların şəfa tapması üçündür» (Vəhy 22:1, 2). Yer üzündə yaşayan bütün insanlara bu nemətlərdən bəhrələnmək nəsib olacaq. Tədricən Yehovaya itaət edən hər bir kəs kamilliyə yetişəcək. Artıq nə xəstəlik, nə ağrı, nə də kədər göz yaşları olmayacaq (Vəhy 21:3—5).

17. Vəhy 20:11—13 ayələrinə əsasən, Məsihin minillik hakimiyyətinin gətirdiyi nemətlər kimlərə nəsib olacaq?

17 Bu möhtəşəm nemətlərdən kimlər yararlanacaq? İlk növbədə, Armageddondan sağ çıxan böyük izdiham, o cümlədən yeni dünyada doğulacaq uşaqlar. Həmçinin Vəhy 20-ci fəsildə vəd olunur ki, ölülərin dirilməsi olacaq. (Vəhy 20:11—13 ayələrini oxuyun.) Yehovaya sadiq olmuş «salehlər»lə yanaşı, Onun haqda öyrənmək imkanı olmayan «qeyri-salehlər» yer üzündə yaşamaq üçün həyata qaytarılacaq (Həv. 24:15; Yəh. 5:28, 29). Bəs bu, o deməkdir ki, hamı diriləcək? Xeyr! Sağ ikən Yehovaya xidmət etmək imkanını qəti şəkildə, bilə-bilə rədd edənlər dirilməyəcəklər. Onların fürsəti var idi, amma onlar göstərdilər ki, yerüzü Cənnətdə yaşamağa layiq deyillər (Mət. 25:46; 2 Salon. 1:9; Vəhy 17:8; 20:15).

SONUNCU SINAQ

18. Minilliyin sonunda bəşəriyyət hansı vəziyyətdə olacaq?

18 Artıq min ilin sonunda yer üzündə yaşayan hər bir kəs kamilliyə yetişəcək. Heç kim Adəmdən miras aldığımız günahın əsarəti altında olmayacaq (Rom. 5:12). Onun günahının lənəti tamamilə aradan qaldırılacaq. Bəli, minilliyin sonunda insanlar kamilliyə yetişəcək və bu mənada onlar «diriləcəklər» (Vəhy 20:5).

19. Nəyə görə insanlar sonuncu dəfə sınanmalıdır?

19 Min il bitəndən sonra Şeytan dibsiz quyudan azadlığa buraxılacaq və ona insanları sınamağa izin veriləcək. Bildiyimiz kimi, kamil olan İsa Məsih Şeytanın bütün cəhdlərinə baxmayaraq, Yehovaya sədaqətini qorumuşdu. Görəsən, artıq kamil olan insanlar İsa Məsih kimi sədaqətlərini qoruyacaqlar? Həmin vaxt hər kəsin bu suala cavab vermək imkanı olacaq (Vəhy 20:7). Sonuncu sınaq zamanı sadiq qalanlar əbədi həyat alacaqlar və nəhayət, əsl azadlığa qovuşacaqlar (Rom. 8:21). Yehovaya asi çıxan kəslər isə Şeytan və onun cinləri ilə birgə əbədilik məhv ediləcəklər (Vəhy 20:8—10).

20. «Vəhy» kitabındakı heyrətamiz peyğəmbərliklər sizdə hansı hissləri doğurur?

20 «Vəhy» kitabına etdiyimiz bu qısa səyahət zamanı hansı hissləri keçirdiniz? Yəqin, oradakı möhtəşəm peyğəmbərliklərin içində özünüzü görəndə çox sevindiniz. Bəs bu sizi başqalarını da pak ibadətə dəvət etməyə təşviq etdi? (Vəhy 22:17). Qarşıda bizi gözləyən maraqlı, həyəcan dolu hadisələri müzakirə etdik. Həvari Yəhya kimi, bizim də ürəyimizdən bu sözləri demək keçir: «Amin! Gəl, Ağamız İsa» (Vəhy 22:20).

NƏĞMƏ 27 Allahın oğulları aşkara çıxır

^ Bu, «Vəhy» kitabı ilə bağlı silsilə məqalələrin sonuncusudur. Bu məqalədən öyrənəcəyik ki, Yehovaya sadiq kəsləri parlaq gələcək, Onun hakimiyyətinə qarşı çıxanları isə alçaldıcı məhv gözləyir.