Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 47

İmanınız nə qədər güclü olacaq?

İmanınız nə qədər güclü olacaq?

«Qoy ürəyiniz narahat olmasın. Allaha... iman edin» (YƏH. 14:1).

NƏĞMƏ 119 İman sahibi olaq

İCMAL *

1. Bizi hansı sual narahat edə bilər?

YALAN dinin məhvi, Məcuc ölkəsindən olan Yəcucun hücumu, Armageddon müharibəsi. Bizi qarşıda gözləyən bu hadisələr haqda düşünəndə narahat olursunuz? Bəlkə də, nə vaxtsa düşünmüsünüz: «Görəsən, mən bu dəhşətli hadisələr zamanı sədaqətimi qoruya biləcəyəm?» Əgər ağlınıza nə vaxtsa belə fikirlər gəlibsə, bu məqalənin əsas ayəsinin sizə böyük köməyi dəyəcək. Bu sözləri İsa şagirdlərinə demişdi: «Qoy ürəyiniz narahat olmasın... İman edin» (Yəh. 14:1). Güclü iman qarşıdakı çətinliklərə dözməyə kömək edəcək.

2. İmanımızı necə möhkəmləndirə bilərik və bu məqalədə nə haqda danışacağıq?

2 İmanımızın gələcək sınaqlar qarşısında möhkəm olması üçün fikir verməliyik ki, bu gün sınaqlarla üzləşəndə necə davranırıq. Onda biləcəyik, imanımızı hansı sahədə möhkəmləndirməliyik. Hər sınaqdan çıxdıqca imanımız güclənir. Beləcə, gələcəkdəki sınaqlara tab gətirə biləcəyik. Bu məqalədə İsanın şagirdlərinin üzləşdiyi dörd vəziyyətə nəzər salacağıq. Bu vəziyyətlər göstərmişdi ki, onlar imanlarını möhkəmləndirməlidir. Öyrənəcəyik ki, biz də buna bənzər vəziyyətlərlə üzləşə bilərik və bunlar bizi gələcək sınaqlara hazırlaya bilər.

İMAN SAYƏSİNDƏ YEHOVANIN MADDİ EHTİYACLARIMIZI ÖDƏYƏCƏYİNƏ ƏMİNİK

Bizim maddi sıxıntımız ola bilər, amma imanımız Yehovanın işini həyatımızda hər şeydən üstün tutmağa kömək edəcək (3—6 abzaslara baxın)

3. Mətta 6:30, 33 ayələrinə əsasən, İsa imanla bağlı hansı fikri açıq-aydın demişdi?

3 Təbii ki, ailə başçısı istəyir ki, arvadının və uşaqlarının başının üstündə damı, yeməyi, əyin-başı olsun. Amma indiki dövrdə ailəni bütün bunlarla təmin etmək asan deyil. Bəzi dindaşlarımız işlərini itirib və nə qədər çalışsalar da, yeni iş tapa bilmirlər. Kimisi də məsihi üçün münasib olmadığına görə hansısa işdən imtina edib. Belə məqamlarda Yehovanın ailəmizi hansısa yolla təmin edəcəyinə güclü iman lazımdır. İsa Məsih Dağüstü vəzində bunu şagirdlərinə açıq-aydın demişdi. (Mətta 6:30, 33 ayələrini oxuyun.) Yehovanın bizi heç vaxt atmayacağına tamamilə əmin olsaq, diqqətimizi lazım olan işə, Padşahlığın işinə cəmləyə biləcəyik. Yehovanın köməyini gördükcə O bizim üçün daha gerçək olacaq və imanımız möhkəmlənəcək.

4, 5. Bir ailəyə maddi sıxıntılara dözməyə nə kömək etdi?

4 Gəlin Venesueladan olan Kastro ailəsinin hadisəsinə baxaq. Onlar maddi sıxıntıları zamanı Yehovanın dəstəyini görmüşdülər. Bir zamanlar onların öz ferması var idi, oradan gələn gəlirlə dolanırdılar. Lakin sonra silahlı quldur dəstəsi mülklərini ələ keçirib, onları oradan qovdu. Ailə başçısı Migel deyir: «İndi bir nəfərin müvəqqəti verdiyi balaca torpaq sahəsini əkib-becəririk. Demək olar, bütün dolanışığımız bundan asılıdır. Hər günümü Yehovaya dua ilə açıram, xahiş edirəm ki, bizə bugünlük ruzimizi yetirsin». Bu ailənin dolanışığı çətin olsa da, onlar əmindir ki, Yehova onların gündəlik tələbatlarını təmin etməyə qadirdir. Bunun sayəsində Kastro ailəsi müntəzəm olaraq yığıncaqda və təbliğdə iştirak edir. Onlar Padşahlığın işini birinci yerə qoyurlar və Yehova onların zəruri ehtiyacını təmin edir.

5 Bu çətin dövr ərzində Migel və arvadı Yuray bütün diqqətlərini Yehovanın necə qayğılarına qaldığına cəmlədilər. Bəzən Yehova dindaşları vasitəsilə onlara kömək edirdi. Onlar bu ailəyə imkan daxilində maddi yardım edirdilər, Migelə iş tapmağa kömək edirdilər. Yaxud da filialın göstərdiyi yardım vasitəsilə Yehova onların zəruri tələbatlarını ödəyirdi. Yehova onları heç vaxt tək qoymadı. Beləcə, bu ailənin imanı gücləndi. Yehovanın onlara dəstək olduğu bir hadisəni danışan zaman evin böyük qızı Hoselin bu sözləri demişdi: «Yehovanın əlini bu dərəcədə açıq-aydın görmək adamı heyran qoyur. Mənim üçün Yehova həyatım boyu arxalana biləcəyim Dostdur. Üzləşdiyimiz çətinliklər bizi gələcəkdəki daha ağır sınaqlara hazırladı».

6. Maddi sıxıntılarınız olan zaman imanınızı necə möhkəmləndirə bilərsiniz?

6 Hal-hazırda maddi sıxıntı içindəsiniz? Şübhəsiz, bu dönəm sizin üçün çox çətindir. Amma bu vəziyyətdə də imanınızı möhkəmləndirə bilərsiniz. Dua edib, İsa Məsihin Mətta 6:25—34 ayələrini oxuyun və onların üzərində düşünün. Həmçinin bizim dövrümüzdə maddi sıxıntılarına baxmayaraq, Yehovaya ibadəti hər şeydən üstün tutan xidmətçilərinə Yehovanın necə dayaq olduğuna diqqət yetirin (1 Kor. 15:58). Beləcə, əminliyiniz artacaq ki, Yehova sizinlə oxşar vəziyyətdə olanlara kömək etdiyi kimi, sizə də kömək edəcək. Yehova bilir, sizin nəyə ehtiyacınız var və bunu təmin etməyin yolunu da bilir. Yehovanın köməyini öz həyatınızda gördükcə imanınız güclənəcək və gələcəkdə daha güclü sınaqlara dözə biləcəksiniz (Həb. 3:17, 18).

İMAN SAYƏSİNDƏ «GÜCLÜ FIRTINAYA» DÖZÜRÜK

Güclü imanımız sayəsində həm hərfi, həm də məcazi fırtınalara dözə bilərik (7—11 abzaslara baxın)

7. Mətta 8:23—26 ayələrinə əsasən, «güclü fırtına» İsanın şagirdlərinin imanını necə sınadı?

7 Bir dəfə İsa və şagirdləri dənizdə güclü fırtına ilə üzləşmişdilər. İsa bu hadisə vasitəsilə onlara imanlarını hansı sahədə möhkəmləndirməli olduqlarını göstərdi. (Mətta 8:23—26 ayələrini oxuyun.) Elə güclü fırtına qopmuşdu ki, qayığa su dolurdu. Bu zaman İsa hər şeydən bixəbər yatırdı. Şagirdlər təlaş içində idi. İsanı oyadıb onları xilas etməsini xahiş etdilər. İsa mülayimliklə onları məzəmmət edərək dedi: «Niyə qorxdunuz, ey az imanlılar?» Onlar anlamalı idilər ki, Yehova İsa Məsihi və onunla birlikdə olanları asanlıqla qoruya bilər. Bu hadisədən özünüz üçün nə götürdünüz? Həyatda istər həqiqi, istər məcazi fırtınalarla üzləşək, möhkəm iman bunlara dözməyə kömək edəcək.

8, 9. Anelin imanı necə sınandı və ona nə kömək etdi?

8 Görün Puerto-Rikoda yaşayan Anel adlı subay bacının üzləşdiyi çətin sınaqdan sonra imanı necə möhkəmlənmişdi. Onun üzləşdiyi «fırtına» həqiqi idi. 2017-ci ildə baş vermiş Mariya qasırğası zamanı Anelin evi darmadağın olmuşdu və o, işini itirmişdi. Anel deyir: «Həyatımın bu çətin günlərində çox narahatçılıq keçirirdim. Amma dua vasitəsilə Yehovaya etibar etməyi öyrəndim və narahatçılıqlarımın əl-qolumu bağlamasına yol vermədim».

9 Anelə bu çətin sınağa dözməyə həmçinin itaətkarlıq kömək etdi. O deyir: «Təşkilatdan gələn göstərişlərə itaət etmək mənə təlaşa qapılmamağa kömək etdi. Yehovanın bacı-qardaşlar vasitəsilə mənə necə dayaq olduğunu gördüm. Onlar məni həm ruhlandırdılar, həm maddi cəhətdən kömək etdilər. Yehova mənə o qədər şey verdi ki, mən Ondan heç bu qədər şey istəyə bilməzdim. İmanım hədsiz dərəcədə möhkəmləndi».

10. «Güclü fırtına» ilə üzləşən zaman nə edə bilərsiniz?

10 Hal-hazırda həyatınızda «güclü fırtına» baş qaldırıb? Ola bilər ki, təbii fəlakətdən zərər çəkmisiniz, yaxud məcazi fırtına ilə üzləşmisiniz. Məsələn, sağlamlığınızda ciddi problem var və buna görə məyusluğa qapılmısınız, özünüzü çarəsiz hiss edirsiniz. Bəzən narahatçılıq keçirməyiniz normaldır. Amma yol verməyin ki, bu narahatçılıq sizin Yehovaya etibar etməyinizə mane olsun. Ürəkdən dua edib Yehovaya yaxınlaşın. Onun keçmişdə sizə necə kömək etdiyini yadınıza salın və bu sizin imanınızı gücləndirəcək (Zəb. 77:11, 12). Əmin ola bilərsiniz ki, Yehova sizi heç vaxt atmayacaq, nə indi, nə də gələcəkdə.

11. Rəhbərlik edən qardaşlara nə üçün itaət etməliyik?

11 Sizə sınaqlara dözməyə başqa nə kömək edə bilər? Anelin də qeyd etdiyi kimi, itaətkarlıq. Yehovanın və İsanın təyin etdiyi insanlara etibar etməyi öyrənin. Elə anlar olacaq ki, rəhbərlik edən qardaşların göstərişləri sizə ağlabatan görünməyəcək. Amma Yehova itaətkarlığa mükafat verir. Allahın Kəlamından və bacı-qardaşlarımızın hadisəsindən bilirik ki, itaətkarlıq həyatları xilas edir (Çıx. 14:1—4; 2 Saln. 20:17). Bu kimi nümunələrin üzərində düşünün. Onda siz təşkilatın həm indi, həm də gələcəkdə verəcəyi göstərişlərə həvəslə itaət edəcəksiniz (İbr. 13:17). Beləcə, siz tezliklə baş verəcək ən güclü fırtınadan qorxmayacaqsınız (Məs. 3:25).

İMAN SAYƏSİNDƏ HAQSIZLIĞA TAB GƏTİRİRİK

Durmadan etdiyimiz dualar imanımızı möhkəmləndirəcək (12-ci abzasa baxın)

12. Luka 18:1—8 ayələrində haqsızlığa dözməyin imanla əlaqəli olduğu necə göstərilir?

12 İsa bilirdi ki, üzləşdikləri haqsızlıqlar şagirdlərinin imanını sınayacaq. Buna dözməyə kömək etmək üçün İsa onlara bir nümunə çəkmişdi. Bu haqda «Luka» kitabında yazılıb. Bir dul qadın haqq-nahaq tanımayan hakimə dəfələrlə üz tutur ki, ədaləti bərqərar etsin. O əmindir ki, israrlı olması nəticəsiz qalmayacaq. Axırda hakim onun xahişini yerinə yetirir. Buradan nə öyrənirik? Yehova ədalətsiz deyil. Buna görə də İsa demişdi: «Əgər o, belə etdisə, məgər səbirli Allah Ondan gecə-gündüz imdad diləyən seçilmişləri üçün ədaləti bərpa etməyəcək?» (Luka 18:1—8 ayələrini oxuyun.) Sonra İsa sözünə belə davam etdi: «Görəsən, insan Oğlu gələndə yer üzündə belə iman tapacaq?» Biz haqsızlıqla üzləşəndə səbrimiz və dözümümüzlə dul qadın kimi güclü imana sahib olduğumuzu göstərməliyik. Bu cür imanın sayəsində arxayınıq ki, Yehova gec-tez bizim xeyrimizə hərəkətə keçəcək. Həmçinin duanın gücünə də iman etməliyik. Bəzən Yehova duamıza ağlımıza belə gəlməyən tərzdə cavab verə bilər.

13. Dua etmək haqsızlıqla üzləşən bir ailəyə necə kömək etmişdi?

13 Gəlin Konqo Demokratik Respublikasında yaşayan Vero adlı bacının başına gələnlərə nəzər salaq. Bacı imanda olmayan yoldaşı və 15 yaşlı qızı ilə bir kənddə yaşayırdı. Hərbi dəstənin hücumu ucbatından yaşadıqları kənddən qaçmalı olurlar. Posta çatanda əsgərlər onları saxlayır və öldürməklə hədələyir. Vero bacı ağlamağa başlayanda qızı onu sakitləşdirmək üçün uca səslə dua edir və dönə-dönə Yehovanın adını çəkir. Duasını bitirəndən sonra komandir soruşur: «Sənə belə dua etməyi kim öyrədib?» O deyir: «Anam Mətta 6:9—13 ayələrdə yazılan duaya əsasən öyrədib». Komandir qıza deyir: «Valideynlərinlə birlikdə sağ-salamat get. Qoy Allahınız Yehova sizi qorusun!»

14. İmanımız necə sınana bilər və bizə dözməyə nə kömək edəcək?

14 Bu kimi hadisələr bizi öyrədir ki, duaya heç vaxt önəmsiz yanaşmayaq. Bəs duamıza dərhal və xüsusi tərzdə cavab almırıqsa, onda necə? İsanın məsəlindəki dul qadından örnək alaraq dua etməyə davam edin. Əmin olun ki, Yehova sizi heç vaxt atmayacaq, düz vaxtında və Özü məsləhət bildiyi yolla duanıza cavab verəcək. Daima Yehovadan müqəddəs ruh diləyin (Filip. 4:13). Unutmayın ki, Yehova tezliklə sizə o qədər bol nemətlər verəcək ki, keçmişdəki əzablarınızı unudacaqsınız. Yehovanın köməyi ilə üzləşdiyiniz sınaqlara dözdükcə imanınız güclənəcək və qarşıdakı sınaqlara da tab gətirəcəksiniz (1 But. 1:6, 7).

İMAN SAYƏSİNDƏ MANEƏLƏRİ AŞIRIQ

15. Mətta 17:19, 20 ayələrinə əsasən, İsanın şagirdləri hansı çətinliklə üzləşmişdi?

15 İsa şagirdlərinə öyrətmişdi ki, iman sayəsində üzləşdikləri bütün maneələri aşa bilərlər. (Mətta 17:19, 20 ayələrini oxuyun.) Onlar əvvəllər insanların içinə girən cinləri qovmuşdular, amma bir dəfə bunu bacarmamışdılar. Problem nədə idi? İsa izah etdi ki, imanlarını artırmalıdırlar. Onlara dedi ki, imanları möhkəm olsa, hətta dağ boyda olan maneələri aşa bilərlər! Bu gün biz də aşılmaz kimi görünən çətinliklərlə üzləşirik.

Ağır dərdlə üzləşə bilərik, amma iman Yehovaya ibadətdə fəal olmağa kömək edəcək (16-cı abzasa baxın)

16. İmanı Qeydi bacıya başına gələn faciəyə dözməyə necə kömək etdi?

16 Gəlin Qvatemaladan olan Qeydi adlı bacının hadisəsinə baxaq. Yığıncaqdan evə qayıdanda əri Edi cinayətkarlar tərəfindən qətlə yetirilmişdi. Qeydinin imanı ona bu böyük dərdə dözməyə necə kömək etdi? O deyir: «Dua bütün qayğı yükümü Yehovanın üzərinə qoymağa kömək edir. Duadan sonra ürəyimdə qəlb rahatlığı yaranır. Yehova ailə üzvlərim, yığıncaqdakı dostlarım vasitəsilə qayğıma qalır. Xidmətdə fəal olmaq qəlbimin ağrısını yüngülləşdirməyə və sabah üçün həddən artıq narahat olmadan bir gün keçirməyə kömək edir. Başıma gələn bu hadisə məni öyrətdi ki, gələcəkdə hansı sınaqla üzləşirəmsə üzləşim, Yehovanın, İsanın və təşkilatın köməyi ilə onun öhdəsindən gələ bilərəm».

17. Dağ boyda çətinliklərlə üzləşəndə nə edə bilərik?

17 Yaxınınız vəfat etdiyinə görə yas içindəsiniz? Onda dirilmə ümidinə imanınızı möhkəmləndirmək üçün Müqəddəs Kitabda yazılmış dirilmə hadisələrini oxuyun. Bəlkə, ailə üzvünüz yığıncaqdan kənar edildiyi üçün kədər içindəsiniz? Mütaliə edərək əminliyinizi artırın ki, Yehovanın tərbiyə üsulu həmişə ən yaxşı üsuldur. Hansı problemlərlə üzləşirsinizsə üzləşin, yaranan vəziyyətdən istifadə edib imanınızı möhkəmləndirin. Dua edib ürəyinizi Yehovaya boşaldın. Özünüzü təcrid etməyin, əksinə, bacı-qardaşlara yaxın olun (Məs. 18:1). Sizə çətinliyə dözməyə kömək edəcək işlərlə məşğul olun, hətta bunu göz yaşları içində etməli olsanız da (Zəb. 126:5, 6). Yenə də yığıncaq görüşündə, təbliğ işində iştirak etməyə, Müqəddəs Kitabı oxumağa davam edin. Həmçinin diqqətinizi Yehovanın gələcəkdə sizlərə hazırladığı möhtəşəm nemətlərə cəmləyin. Yehovanın sizə dayaq olduğunu gördükcə, imanınız çox möhkəmlənəcək.

«İMANIMIZI ARTIR»

18. İmanınızın zəif olduğunu görsəniz, nə edə bilərsiniz?

18 Keçmişdə və ya indi üzləşdiyiniz sınaqlar imanınızın zəif olduğunu üzə çıxarıbsa, ruhdan düşməyin, buna imanınızı möhkəmləndirmək üçün bir fürsət kimi baxın. Həvarilər İsadan xahiş edərək demişdi: «İmanımızı artır» (Luka 17:5). Biz də Yehovadan eyni şeyi xahiş edə bilərik. Həmçinin bu məqalədə haqqında danışdığımız bacı-qardaşlardan da nümunə götürə bilərik. Migel və Yuray kimi, Yehovanın sizə dayaq olduğu vaxtları xatırlayın. Vero bacının qızı və Anel kimi, Yehovaya hərarətlə dua edin, xüsusilə çətinliklərlə üzləşəndə. Qeydi kimi, siz də unutmayın ki, Yehova dostlarınız və ailə üzvləriniz vasitəsilə sizə kömək edə bilər. Hal-hazırkı sınaqlar zamanı Yehovaya sığınsanız, gələcəkdəki sınaqlara dözmək üçün Yehovanın sizə dayaq olacağına daha çox əmin olacaqsınız.

19. İsa nəyə əmin idi və siz də nəyə əmin ola bilərsiniz?

19 İsa şagirdlərinə imanlarının zəif olduğu sahələri göstərdi. Amma o əmin idi ki, Yehovanın köməyi ilə onlar gələcəkdəki sınaqlardan başıuca çıxacaqlar (Yəh. 14:1; 16:33). Həmçinin İsa əmin idi ki, güclü imanları sayəsində böyük izdiham qarşıdan gələn böyük müsibətdən sağ çıxacaq (Vəhy 7:9, 14). Bəs siz bu izdihamın sırasında olacaqsınız? Əgər indi yaranan hər vəziyyətdə imanınızı möhkəmləndirsəniz, Yehovanın lütfü sayəsində siz də ola bilərsiniz! (İbr. 10:39).

NƏĞMƏ 118 «İmanımızı artır»

^ abz. 5 Biz həsrətlə bu şər dünyanın sonunu gözləyirik. Amma bəzən narahat ola bilərik ki, görəsən, böyük müsibətdən çıxmaq üçün imanımız kifayət qədər güclü olacaq? Bu məqalədə bacı-qardaşların nümunəsinə və bəzi praktiki məsləhətlərə nəzər salacağıq. Onlar imanımızı möhkəmləndirməyə kömək edəcək.