Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Mənalı həyat axtarışında

Mənalı həyat axtarışında

ARALIQ DƏNİZİNİN ortasında yelkənli qayıqla üzürdüm. Birdən gördüm ki, köhnə qayığımda dəlik var imiş və içinə böyük sürətlə su yığılır. Sonra fırtına qopdu. Mən təlaş içində idim. Uzun illərdən sonra ilk dəfə dua etdim. Bəs bura necə gəlib çıxmışdım? Gəlin sizə hər şeyi lap əvvəldən danışım.

Yeddi yaşım olanda ailəmlə birlikdə Braziliyada yaşayırdım

Mən 1948-ci ildə Niderlandda dünyaya gəlmişəm. Bir il sonra biz Braziliyanın San-Paulu şəhərinə köçdük. Ailəm dindar idi, onlar kilsəyə gedirdilər və çox fəal idilər. Müntəzəm olaraq ailəlikcə şam yeməyindən sonra Müqəddəs Kitabı oxuyurduq. 1959-cu ildə biz yenidən köçdük. Bu dəfə Birləşmiş Ştatlara köçdük və Massaçusets ştatında yaşamağa başladıq.

Atam səkkiz baş ailəni dolandırmaq üçün çox zəhmət çəkib. O, müxtəlif işlərdə işləyib. Səyyar satıcı olub, yolsalma işində çalışıb və beynəlxalq aviaşirkətdə satış təmsilçisi işləyib. Aviaşirkətə işə düzələndə hamımız çox sevinmişdik, çünki bunun sayəsində biz çoxlu səyahət edirdik.

Orta məktəbdə oxuyanda tez-tez düşünürdüm: «Gələcəkdə nə işlə məşğul olacağam?» Bəzi dostlarım universitet oxumağı seçdilər, bəziləri isə hərbiyə getdilər. Mən isə hərbiyə getməyi heç ağlımın ucundan keçirmirdim, çünki mübahisə etməyi sevən insan deyildim, o ki qaldı vuruşum. Buna görə də hərbi xidmətə getməyim deyə universitetə daxil oldum. Amma ürəyimin dərinliyində insanlara kömək etmək istəyi var idi. Düşünürdüm ki, bu mənim həyatıma məna qatacaq.

UNİVERSİTET HƏYATIM

Uzun illər ərzində həyatın mənasını axtarmışam

Universitetdə antropologiya sahəsinə böyük marağım var idi. Çünki həyatın necə əmələ gəldiyini öyrənmək istəyirdim. Bizə təkamülü öyrədirdilər və bunun həqiqət olduğuna inanmağımızı gözləyirdilər. Amma bəzi izahatlar mənə məntiqsiz gəlirdi və ona dəlilsiz-filansız inanmağımızı istəyirdilər. Bu isə elmi yanaşma deyildi.

Mən görmədim ki, dərslərimizdə bizə yüksək əxlaq dəyərləri aşılansın. Əksinə, bizi təşviq edirdilər ki, nəyin bahasına olursa olsun, nailiyyət qazanaq. Əyləncə məclislərində olmaq, müxtəlif narkotikləri dadmaq mənə xoş hisslər yaşadırdı. Amma bu hisslər ötəri idi. Düşünürdüm, budurmu mənalı həyat?

Bir müddət sonra mən Boston şəhərinə köçdüm və universitet təhsilimi orada davam etdirdim. Təhsil xərclərimi ödəmək üçün yay tətilində işləyirdim. Yehovanın Şahidləri ilə də ilk dəfə işləyən vaxt tanış oldum. İş yoldaşım mənə Dənyal 4-cü fəsildə yazılmış «yeddi dövr»lə bağlı peyğəmbərliyi izah etdi və dedi ki, biz dövrün sonunda yaşayırıq (Dən. 4:13—17). Onun söhbətindən başa düşdüm ki, əgər onunla belə söhbətlər etsəm və onun dediklərinə inansam, gərək həyatımı büsbütün dəyişim. Buna görə də ondan mümkün qədər gen gəzməyə başladım.

Universitetdə Cənubi Amerikada könüllü işinə hazırlıq kurslarına qoşuldum. Düşünürdüm ki, savab iş görmək, humanitar yardım göstərmək həyatıma məna qatacaq. Amma çox keçməmiş gördüm ki, yanılmışam. Xəyallarım puç oldu və semestrin sonunda universitetə getməyi dayandırdım.

HƏYATIN MƏNASINI UZAQLARDA AXTARIRAM

Atamın işlədiyi aviaşirkətdə işləmək üçün 1970-ci ilin may ayında Amsterdama (Niderland) köçdüm. Bu işin sayəsində mən Afrika, Amerika, Avropa, Uzaq Şərq ölkələrinə çoxlu səyahətlər edə bilirdim. Hansı ölkəyə getsəm də, görürdüm ki, hər yerdə böyük problemlər var və görünür, heç kim onların həll yolunu bilmir. Ürəyimdə yenidən həyatda dəyərli bir şey etmək istəyi alovlandı. Buna görə də Amerikaya geri qayıdıb Bostondakı eyni universitetdə yenidən oxumaq qərarına gəldim.

Universitetdə oxuyanda gördüm ki, həyatla bağlı heç bir sualımın cavabını tapa bilmirəm. Bilmirdim, nə edim. Buna görə də antropologiya professorundan məsləhət istədim. Ondan gözləmədiyim bir cavab aldım: «Davam etməyin nə mənası var? Elə indi çıx get». Onun sözləri lap ürəyimdən oldu. Universitetdən birdəfəlik çıxdım.

Həyatda yenə də məna görmürdüm. Buna görə də «çiçək övladları» adlanan qrupa qoşuldum, onlar cəmiyyətdə qəbul olunmuş qaydaları rədd edirdilər və sülhün tərəfdarı idilər. Mən bəzi dostlarımla birlikdə Birləşmiş Ştatlardan Akapulkoya (Meksika) qədər avtostopla səyahətə çıxdıq. Biz hippilərin arasında yaşayırdıq. Qıraqdan elə görünürdü ki, onların dərdi-səri yoxdur. Amma onlarla bir müddət yaşayandan sonra gördüm ki, həyat tərzləri çox mənasızdır və daimi xoşbəxtlik gətirmir. Üstəlik, onların arasında nadürüstlük və sədaqətsizlik var idi.

YELKƏNLİ QAYIQLA AXTARIŞA DAVAM

Dostumla birlikdə «cənnət adası» axtarmışam

Həmin vaxt yadıma uşaq vaxtı qurduğum xəyallar düşdü. Mən dəniz səyahətinə çıxmaq istəyirdim, amma adi dənizçi kimi yox, kapitan kimi. Bunun yeganə yolu şəxsi yelkənli qayığa sahib olmaq idi. Tom adlı bir dostum var idi. Onun da belə bir arzusu olduğu üçün qərara gəldik ki, birlikdə dünya səyahətinə çıxaq. Mən istəyirdim, cənnətə bənzəyən tropik bir adaya gedim və orada cəmiyyətdəki qayda-qanunlardan uzaq olum.

Tomla mən İspaniyanın Barselona şəhərinin yaxınlığındakı Arens-de-Mara yola düşdük. Orada 9,4 metr uzunluğunda olan Liqra adlı yelkənli qayıq aldıq. Ona əl gəzdirdik ki, bizi yarı yolda qoymasın. Mənzilbaşına çatmağa tələsmədiyimiz üçün mühərriki çıxartdıq və onun yerinə içməli su ehtiyatı yığdıq. Kiçik sahillərdə üzmək üçün 5 metrlik iki avar götürdük. Nəhayət, Hind okeanında yerləşən Seyşel Adalarına yola düşdük. Planlaşdırmışdıq ki, Afrikanın qərb sahili boyunca və Cənubi Afrikanın Ümid burnu ətrafı ilə üzək. İstiqamətimizi düz tutmaq üçün ulduzlardan, ulduz dioqramlarından, almanaxdan və sekstandan, sadə cihazdan istifadə edirdik. Bunların vasitəsilə dəqiq yerimizi müəyyən etməyin mümkün olduğuna valeh olmuşdum.

Çox keçməmiş başa düşdük ki, bu köhnə taxta qayıq okeanda üzmək üçün yararsız imiş. Qayığa dəlikdən saatda təxminən 22 litr su yığılırdı! Yuxarıda dediyim kimi, fırtına qopanda təlaşa düşmüşdüm və uzun illərdən sonra ilk dəfə Allaha dua etdim. Ona söz verdim ki, əgər mən sağ qalsam, Onu tanımağa çalışacağam. Sonra fırtına sakitləşdi və mən sözümün üstündə durdum.

Elə dənizin ortasında Müqəddəs Kitabı oxumağa başladım. Bir təsəvvür edin, Aralıq dənizinin ortasında qayıqdayam, ətrafımda balıqlar, delfinlər hoppanıb-düşür, üfüqün ucu-bucağı görünmür. Gecələr isə Südyolu qalaktikasını heyranlıqla seyr edirdim. Bütün bunlar məni bir daha əmin etdi ki, insanları sevən bir Yaradan var.

Dənizdə bir neçə həftə olduqdan sonra İspaniyanın Alikante limanına yan aldıq. Daha yaxşı qayıq almaqdan ötrü qayığımızı satışa qoyduq. Təbii ki, köhnə, mühərriksiz, susızan qayıq üçün alıcı tapmaq asan məsələ deyildi. Amma bu, Müqəddəs Kitabı oxumağım üçün əla fürsət idi.

Müqəddəs Kitabı oxuduqca başa düşdüm ki, bu kitab insana xoşbəxt olmağa kömək edir. Orada insanların təmiz, əxlaqlı yaşaması ilə bağlı hər şeyin necə açıq-aydın yazılmasına heyran qalmışdım. Düşündüm, görəsən, nəyə görə mən də daxil olmaqla, bu qədər insan özünü xristian adlandırır, amma burada yazılanlara əməl etmir.

Özümü pis əməllərdən təmizləmək üçün qəti addımlar atmaq qərarına gəldim. Buna görə də narkotikə son qoydum. Fikirləşirdim ki, Müqəddəs Kitabın yüksək əxlaq dəyərlərinə uyğun yaşayan insanlar olmalıdır və onlarla tanış olmaq istəyirdim. Beləcə, ikinci dəfə Allaha dua etdim və yalvardım ki, həmin insanları tapmağa kömək etsin.

HAQQ DİNİN AXTARIŞINDA

Mən düşündüm ki, ta ki həqiqi dini tapana qədər bir-bir bütün dinləri araşdırım. Alikanteni küçəbəküçə gəzdikcə çoxlu dini binalara rast gəldim. Amma onların əksəriyyətində ikonalar, bütlər var idi. Buna görə də onları avtomatik siyahıdan çıxartdım.

Bir dəfə bazar günü mən təpəlik bir yerdə durub limanı seyr edirdim və Yaqub 2:1—5 ayələrini oxuyurdum. Orada varlıları kasıblardan üstün tutmağın düzgün olmadığı deyilir. Qayığa geri qayıdanda bir binanın yanından keçdim. Bura dini yerə oxşayırdı. Girişdə qapının üzərində «Yehovanın Şahidlərinin ibadət evi» yazılmışdı.

Mən fikirləşdim: «Bu insanları sınamalıyam, görüm, məni necə qarşılayacaqlar». Mən ayaqyalın, saqqallı, cırıq cinslə ibadət evinə daxil oldum. Xidmətçi mənə bir yaşlı qadının yanında yer göstərdi. Bu qadın natiqin dediyi ayələri açmağa mənə kömək etdi. Görüş bitdikdən sonra məəttəl qaldım, hamı gəlib mənimlə mehribanlıqla salamlaşdı. Bir kişi məni Müqəddəs Kitabı araşdırmaq üçün evinə dəvət etdi. Amma mən hələ Müqəddəs Kitabı oxuyub qurtarmadığıma görə dedim ki, hazır olanda özüm deyəcəyəm. O vaxta qədər isə bütün yığıncaqlarda iştirak etməyə başladım.

Bir neçə həftədən sonra mən həmin kişinin evinə getdim və o mənim Müqəddəs Kitabla bağlı suallarıma cavab verdi. Bir həftə sonra o mənə bir dolu çanta qəşəng paltarlar verdi. Dedi ki, bu paltarların sahibi həbsdədir. O, Müqəddəs Kitabdakı bir-birimizi sevmək və müharibə etməmək əmrinə əməl etdiyinə görə həbs olunub (Əşy. 2:4; Yəh. 13:34, 35). Onda mən əmin oldum ki, axtardığımı tapmışam. Müqəddəs Kitabda açıq-aydın yazılmış əxlaq qaydalarına əməl edən insanlara rast gəlmişəm. Beləcə, «cənnət adası» tapmaq sevdasından vaz keçdim. Artıq mənim məqsədim Müqəddəs Kitabı dərindən öyrənmək idi. Buna görə də Niderlanda qayıtdım.

İŞ AXTARIŞINDA

Niderlandın Qroningen şəhərinə avtostopla dörd günə çatdım. Özümü dolandırmaq üçün iş tapmalı idim. Bir dülgər sexinə işə düzəlmək üçün ərizə doldurdum. Ərizədə «Dinin nədir?» sualı var idi, mən də «Yehovanın Şahidi» yazdım. Sexin yiyəsi ərizəyə baxanda fikir verdim ki, üzünün ifadəsi dəyişdi. O mənə dedi ki, «sizinlə əlaqə saxlayacağam». Amma ondan bir xəbər çıxmadı.

Başqa dülgər sexinə getdim. Oranın yiyəsindən maraqlandım ki, «işçi lazımdır?» O məndən bu işlə bağlı hansısa sənədimin və ya diplomumun olub-olmadığını soruşdu. Mən dedim ki, taxta qayığımı təmir etmişəm. O isə belə dedi: «Günortadan işə başlaya bilərsən, amma bir şərtlə: istəmirəm ki, burada hansısa bir problem yaradasan, çünki mən Yehovanın Şahidiyəm və Müqəddəs Kitab prinsiplərinə uyğun yaşayıram». Mat-məəttəl ona baxıb dedim ki, «mən də Yehovanın Şahidiyəm». Təbii ki, saç-saqqalımdan başa düşdü ki, mən Yehovanın Şahidi deyiləm, belə dedi: «Onda sənə Müqəddəs Kitab dərsi keçəcəyəm». Mən bu təklifi həvəslə qəbul etdim. İndi bildim, nəyə görə birinci sexin yiyəsindən xəbər çıxmadı, çünki Yehova mənim duama cavab verdi (Zəb. 37:4). Mən həmin qardaşın sexində bir il işlədim və bu vaxt ərzində o mənə dərs keçdi. Sonra mən 1974-cü ilin yanvar ayında vəftiz olundum.

NƏHAYƏT, MƏNA DOLU HƏYATI TAPDIM!

Bir ay sonra mənə böyük xoşbəxtlik verən işə, öncül xidmətinə başladım. Növbəti ay yeni yaranmış ispan qrupuna dəstək olmaq üçün Amsterdama köçdüm. İspan və portuqal dilində Müqəddəs Kitab dərsləri keçməyin mənə nə qədər sevinc gətirdiyini sözlə ifadə edə bilmərəm. 1975-ci ilin may ayında mən xüsusi öncül təyin olundum.

Bir gün İneke adlı bir xüsusi öncül bacı Boliviyadan olan bir Müqəddəs Kitab şagirdini bizim yığıncağımıza gətirdi. İstəyirdi ki, o, ispandilli bacı-qardaşlarla tanış olsun. İneke ilə mən bir-birimizi daha yaxından tanımaq qərarına gəldik və məktublaşmağa başladıq. Tez bir zamanda başa düşdük ki, ikimizin də məqsədləri eynidir. 1976-cı ildə ailə qurduq və xüsusi öncül xidmətimizi davam etdirdik, ta ki 1982-ci ildə Gilad məktəbinin 73-cü sinfinə dəvət alana qədər. Şərqi Afrikaya təyin olunduğumuzu biləndə sevincimizin həddi-hüdudu yox idi. Mombasada (Keniya) 5 il xidmət etdik. 1987-ci ildə biz Tanzaniyaya təyin olunduq. Orada təbliğ fəaliyyətimizə qadağa aradan götürülmüşdü. Tanzaniyada 26 il xidmət edəndən sonra Keniyaya qayıtdıq.

Şərqi Afrikada insanlara Müqəddəs Kitab həqiqətlərini öyrətmək yoldaşımla mənə böyük sevinc bəxş etdi

Həlimqəlbli insanlara Müqəddəs Kitab həqiqətlərini öyrənməyə kömək etmək həyatımıza əsl məna qatdı. Məsələn, Mombasada dərs keçdiyim ilk insanla ictimai şahidlik verərkən rastlaşmışdım. Ona iki jurnal təklif etmişdim. Sonra o mənə demişdi: «Tutaq ki, bu jurnalları oxuyub qurtardım, sonra nə etməliyəm?» Növbəti həftə «Yer üzündəki Cənnətdə əbədiyyən yaşaya bilərsiniz» kitabı vasitəsilə dərs keçməyə başladıq. Bu kitab suahili dilində təzəlikcə işıq üzü görmüşdü. Bir il sonra o, vəftiz olundu və öncül xidmətinə başladı. O vaxtdan bəri o, arvadı ilə birlikdə təxminən 100 nəfərə özünü Yehovaya həsr edib vəftiz olunmağa kömək edib.

Həyat yoldaşımla mən Yehovanın Öz xalqına məna dolu həyat bəxş etdiyinə şahid olduq

İlk dəfə həyatın mənasını başa düşəndə özümü xüsusi mirvari tapan və onu itirmək istəməyən tacir kimi hiss edirdim (Mət. 13:45, 46). İstəyirdim ki, bütün ömrümü insanlara həyatda məna tapmağa kömək etməyə həsr edim. Həyat yoldaşımla mən Yehovanın Öz xalqına məna dolu həyat bəxş etdiyinə şahid olduq.