Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 46

Yeni ailələr, həyatınızı Yehovaya xidmətə həsr edin

Yeni ailələr, həyatınızı Yehovaya xidmətə həsr edin

«Yehova gücüm, qalxanımdır, ürəyim Ona arxalanır» (ZƏB. 28:7).

NƏĞMƏ 131 «Allahın birləşdirdiyini insan ayırmasın»

İCMAL *

1, 2. a) Nəyə görə yeni ailə quranlar Yehovaya güvənməlidir? (Zəbur 37:3, 4). b) Bu məqalədə nəyi araşdıracağıq?

OLA BİLSİN, təzəlikcə ailə qurmusunuz və ya ailə qurmağa hazırlaşırsınız. Təbii ki, sevdiyiniz insanla xoşbəxt ömür sürməyi arzulayırsınız. Düzdür, ailə həyatının öz çətinlikləri var və yeni ailə quranlar mühüm qərarlar verməlidir. Bu çətinliklərə münasibətinizdən və verdiyiniz qərarlardan qarşıdakı illərdə bir ailə kimi xoşbəxt olmağınız asılıdır. Əgər Yehovaya güvənib, hikmətli qərarlar versəniz, nikahınız getdikcə möhkəmlənəcək və siz daha xoşbəxt olacaqsınız. Yox əgər Yehovanın verdiyi məsləhətlərə məhəl qoymasanız, başınız problemlərdən açılmayacaq. Bu isə münasibətlərinizdə gərginlik yaradacaq, nəticədə, xoşbəxt olmayacaqsınız. (Zəbur 37:3, 4 ayələrini oxuyun.)

2 Bu məqalə yeni ailə quranlara ünvanlansa da, burada bəhs olunan çətinliklərlə bütün ailələr üzləşə bilər. Məqalədə Müqəddəs Kitabdakı bir çox mömin kişi və qadının nümunəsi gətirilir. Onlardan həyatın müxtəlif sahələri ilə yanaşı, ailə həyatı ilə də bağlı çox şey öyrənə bilərik. Həmçinin görəcəyik ki, bizim dövrümüzdə yaşayan ər-arvadlardan nə öyrənə bilərik.

YENİ AİLƏLƏRİN ÜZLƏŞDİYİ ÇƏTİNLİKLƏR

Yeni ailə quranlara xidmətlərini genişləndirməyə nə mane ola bilər? (3 və 4-cü abzaslara baxın)

3, 4. Yeni ailə quranların üzləşdiyi bəzi çətinliklər hansılardır?

3 Bəziləri yeni ailə quranları təşviq edir ki, hamı kimi «normal» həyat yaşasınlar. Məsələn, valideynlər və qohumlar onlara təzyiq göstərir ki, tez bir zamanda övlad sahibi olsunlar. Yaxud dostlar və ailə üzvləri təşviq edir ki, özləri üçün ev alsınlar və onu gözəl əşyalarla doldursunlar.

4 Yeni ailə quranlar ehtiyatlı olmasalar, elə qərar verərlər ki, böyük borc altına girmiş olarlar. Sonra ər də, arvad da gecə-gündüz işləməli olacaq ki, borcları ödəsinlər. İşə sərf etdikləri vaxt fərdi mütaliəyə, ailəvi ibadətə və xidmətə ayırmalı olduqları vaxtı ala bilər. Hətta elə ola bilər ki, onlar ibadət görüşlərini də buraxsınlar, çünki daha çox pul qazanmaq və ya işlərini itirməməkdən ötrü əlavə işləməli ola bilərlər. Nəticədə, Yehovaya xidmətlərini genişləndirmək imkanını əldən vermiş olarlar.

5. Klausla Marisadan nə öyrəndiniz?

5 Təcrübə göstərir ki, həyatda pul qazanmağa üstünlük vermək insana xoşbəxtlik gətirmir. Klaus və Marisa adlı ər-arvad buna öz həyatlarında şahid olub *. Təzə ailə qurandan sonra onların hər ikisi tam iş günü işləyirdi ki, özləri üçün rahat həyat qursunlar. Amma daxillərində məmnunluq hissi yox idi. Klaus deyir: «Hər şeyimiz artıqlaması ilə var idi. Amma ruhani cəhətdən heç bir məqsədimiz yox idi. Düzünü desəm, həyatımız qarmaqarışıq, gərgin idi». Yəqin siz özünüz də görmüsünüz ki, həyatınızda əsas yeri maddiyyata vermək sizə xoşbəxtlik gətirməyib. Amma ruhdan düşməyin. Bir çox ər-arvadın gözəl nümunəsi sizə bu sahədə kömək edə bilər. Əvvəla, gəlin görək ərlər Yəhuşafat padşahdan nə öyrənə bilər.

YƏHUŞAFAT PADŞAH KİMİ, YEHOVAYA GÜVƏNİN

6. Yəhuşafat padşah ciddi problemlə üzləşəndə Məsəllər 3:5, 6 ayələrinə uyğun olaraq, necə davranmışdı?

6 Əziz ərlər, bəzən sizə elə gəlirmi ki, məsuliyyətləriniz çoxdur, onların öhdəsindən gələ bilmirsiniz. Onda Yəhuşafat padşahdan çox şey öyrənə bilərsiniz. O, bir padşah kimi, bütün xalqın təhlükəsizliyinə görə məsuliyyət daşıyırdı. Bəs o, bunun öhdəsindən necə gəldi? Yəhuşafat xalqı qorumaq üçün əlindən gələni etdi. Yəhudanın şəhərlərini möhkəmləndirdi və 1 160 000-dən çox əsgəri olan ordu topladı (2 Saln. 17:12—19). Daha sonra Yəhuşafat çox ciddi bir problemlə üzləşdi. Əmunilərdən, muabilərdən ibarət böyük bir ordu, həmçinin Sair dağının adamları ona, ailəsinə və xalqına hədə-qorxu gəlirdi (2 Saln. 20:1, 2). Yəhuşafat nə etdi? O, Yehovaya üz tutub Ondan güc istədi. Bu, Məsəllər 3:5, 6 ayələrində yazılan məsləhətə uyğun idi. (Ayələri oxuyun.) Yəhuşafatın təvazökarlıqla etdiyi duadan Yehovaya nə qədər etibar etdiyini görmək olar. Onun bu duası 2 Salnamələr 20:5—12 ayələrdə yazılıb. Bəs Yehova Yəhuşafatın duasına necə cavab verdi?

7. Yehova Yəhuşafatın duasına necə cavab verdi?

7 Yehova Yəhazil adlı lavili vasitəsilə Yəhuşafatla danışdı. Ona dedi: «Səf qurun, durub gözləyin, görün Yehova sizi necə xilas edir» (2 Saln. 20:13—17). Bu, çox qəribə döyüş üsulu idi! Amma bu göstərişi insan yox, Yehova vermişdi. Yəhuşafat bütün qəlbi ilə Yehovaya etibar edərək O, necə demişdisə, elə də etdi. O, xalqla birgə düşmən ordusunun qarşısına çıxanda qoşunun önünə ən güclü əsgərlərini yox, silah-sursatsız olan məzmur oxuyanları qoydu. Yehova Yəhuşafatı yarı yolda qoymadı. Ona düşmənləri üzərində qələbə qazandırdı (2 Saln. 20:18—23).

Dua etmək və Müqəddəs Kitabı oxumaq yeni ailələrə həyatlarını xidmətə həsr etməyə kömək edəcək (8 və 10-cu abzaslara baxın)

8. Ərlər Yəhuşafatdan nə öyrənə bilər?

8 Əziz ərlər, siz Yəhuşafatdan çox şey öyrənə bilərsiniz. Sizin də ailənizin qeydinə qalmaq kimi məsuliyyətiniz var. Bunun öhdəsindən gəlmək üçün əlinizdən gələni edirsiniz. Problem yarananda, ola bilsin, düşünürsünüz ki, özünüz çıxış yolu tapa bilərsiniz. Amma belə məqamlarda öz gücünüzə güvənməyin. Kömək üçün Yehovaya üz tutun. Ona dua edin. Həmçinin yoldaşınızla birgə də dua edin. Yehovanın sizə yol göstərməsi üçün Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri mütaliə edin. Sonra isə tapdığınız məsləhətləri həyata keçirin. Ola bilər ki, kimlərsə sizin Müqəddəs Kitab əsasında verdiyiniz qərarla razılaşmasın, hətta sizi «axmaq» adlandırsın. Bəlkə, kimsə deyəcək ki, siz çoxlu pul qazanmalısınız, ailənizi hər şeylə təmin etməlisiniz. Yəhuşafatı yadınıza salın. O, Yehovaya etibar etdi və bunu hərəkətləri ilə göstərdi. Yehova onu tək qoymadı. Yehova sizin də yanınızda olacaq (Zəb. 37:28; İbr. 13:5). Bəs ər-arvadlar xoşbəxt olmaq üçün daha nə edə bilər?

ƏŞİYA PEYĞƏMBƏRLƏ ARVADI KİMİ, HƏYATINIZI XİDMƏTƏ HƏSR EDİN

9. Əşiya peyğəmbərlə arvadı haqda nələri bilirik?

9 Əşiya peyğəmbərlə arvadının həyatında Yehovaya ibadət əsas yeri tuturdu. Əşiya peyğəmbər idi. Görünür, onun arvadına da Yehova peyğəmbər kimi müəyyən buyruqlar verirdi. Çünki onun arvadı Müqəddəs Kitabda «peyğəmbər» adlanır (Əşy. 8:1—4). Göründüyü kimi, bu ər-arvad həyatını Yehovaya xidmətə həsr etmişdi. Bizim dövrümüzdə yaşayan ər-arvadlar üçün onlar necə də gözəl örnəkdir!

10. Peyğəmbərlikləri araşdırmaq ər-arvadların Yehovaya xidmətdə daha çox iş görmək istəyini necə artıra bilər?

10 Bu gün də ər-arvadlar çalışmalıdır ki, Yehovaya xidmət həyatlarında hər şeydən üstün olsun. Müqəddəs Kitabdakı peyğəmbərlikləri araşdırmaq və onların həmişə gerçəkləşdiyinə diqqət yetirmək onların Yehovaya etibarını gücləndirə bilər * (Tit. 1:2). Həmçinin müəyyən peyğəmbərliklərin icrasında, məsələn, son gəlməzdən əvvəl bütün dünyada müjdənin təbliğ olunmasında onların da payı ola bilər (Mət. 24:14). Ər-arvadlar peyğəmbərliklərin yerinə yetdiyinə daha çox əmin olduqca Yehova üçün daha çox iş görmək istəyəcəklər!

PRİSKİLLA İLƏ AKVİLAS KİMİ, YEHOVANIN İŞİNİ HƏR ŞEYDƏN ÜSTÜN TUTUN

11. Priskilla və Akvilas nələr etmişdilər və nəyin sayəsində?

11 Yeni ailə quranlar Priskilla ilə Akvilasdan çox şey öyrənə bilər. Bu yəhudi ər-arvad Romada yaşayırdı. Onlar orada İsa haqda həqiqəti öyrənib, məsihi olmuşdular. Şübhəsiz, onlar oradakı həyatlarından razı idilər. Amma həyatları gözlənilmədən dəyişdi. İmperator Klavdi əmr etdi ki, bütün yəhudilər Romanı tərk etsin. Təsəvvür etmək olar, bu dəyişiklik onlar üçün nə demək idi. Onlar doğma ərazilərini qoyub getməli idi, yeni yerdə məskunlaşmalı idi, çadır tikmək işini yenidən qurmalı idi. Bəs həyatlarındakı bu dəyişikliyə görə Padşahlığın işi arxa plana keçdi? Çox yəqin ki, cavabı bilirsiniz. Onlar Korinf şəhərinə köçdülər. Yeni yığıncaqlarına qaynayıb-qarışdılar, Bulusla birgə bacı-qardaşları möhkəmləndirdilər. Sonralar onlar təbliğçilərə daha çox tələbat olan şəhərlərə köçdülər (Həv. 18:18—21; Rom. 16:3—5). Görün onlar əl-ələ verib necə gözəl, məna dolu həyat sürüb!

12. Nəyə görə ər-arvadların ruhani məqsədləri olmalıdır?

12 Bizim dövrdə də ər-arvadlar Priskilla və Akvilasdan örnək götürüb Padşahlığı hər şeydən üstün tuta bilərlər. Gələcəklə bağlı məqsədləri müzakirə etməyin ən gözəl vaxtı evlənməmişdən qabaqdır. Cütlüklər birgə qərar verəndə və eyni ruhani məqsədlərə nail olmağa çalışanda Yehovanın müqəddəs ruhunun köməyini görmək imkanları daha çox olur (Vaiz 4:9, 12). Rassel və Elizabetin nümunəsinə nəzər salaq. Rassel deyir: «Görüşdüyümüz vaxtlarda ruhani məqsədlərimizin müzakirəsinə xüsusi yer verirdik». Elizabet deyir: «Qabaqcadan bunu müzakirə edirdik ki, sonradan hansısa qərarları verməli olanda heç bir qərarımız məqsədimizə çatmağa mane olmasın». Rassellə Elizabetin şəraiti Mikroneziyaya, təbliğçilərə tələbat olan əraziyə köçməyə yol verdi.

Ruhani məqsədlər qoymaq yeni ailələrə həyatlarını xidmətə həsr etməyə kömək edəcək (13-cü abzasa baxın)

13. Zəbur 28:7 ayəsinə əsasən, Yehovaya etibar etməyimiz hansı nemətləri gətirir?

13 Rassellə Elizabet kimi, bu gün də çoxlu cütlük qərar verib ki, böyük yükün altına girməsinlər, təbliğ və təlim işinə daha çox vaxt ayırsınlar. Ər-arvadlar xidmətlə bağlı qarşılarına məqsədlər qoyanda və bu məqsədlərə çatmaq üçün birgə çalışanda gözəl nəticə əldə olunur. Onlar Yehovanın qayğısını görürlər və Ona etibarları artır. Beləcə, sözün əsl mənasında xoşbəxt olurlar. (Zəbur 28:7 ayəsini oxuyun.)

HƏVARİ BUTRUSLA ARVADI KİMİ, YEHOVANIN VƏDLƏRİNƏ ETİBAR EDİN

14. Həvari Butrusla arvadı Mətta 6:25, 31—34 ayələrindəki vədə etibar etdiklərini necə göstərdi?

14 Ər-arvadlar həvari Butrusla arvadından da çox şey öyrənə bilər. Butrusun İsanı ilk dəfə görməsindən bir ilə yaxın vaxt keçmişdi. O, vacib qərar qarşısında idi. Butrus ailəsini balıqçılıqla dolandırırdı. Buna görə də İsa Butrusu daima ardınca getməyə çağıranda Butrus ailə vəziyyətini də nəzərə almalı idi (Luka 5:1—11). Butrus təbliğ işində İsa ilə əməkdaşlıq etməyə qərar verdi. Bu, ağıllı qərar idi! Əsaslı olaraq deyə bilərik ki, bu məsələdə Butrusun arvadı onu dəstəkləmişdi. Müqəddəs Kitabda qeyd olunur ki, İsa diriləndən sonra Butrusun arvadı ən azı bir neçə dəfə Butrusla bərabər təbliğ səfərlərində olmuşdu (1 Kor. 9:5). Şübhəsiz, o, məsihi arvad kimi çox nümunəvi idi. Ona görə də Butrus məktublarında alnıaçıqlıqla ərlərə və arvadlara məsləhət verə bilmişdi (1 But. 3:1—7). Görünür ki, Butrusla arvadı Yehovanın Padşahlığı hər şeydən üstün tutanlara dayaq olacağı vədinə etibar edirdi. (Mətta 6:25, 3134 ayələrini oxuyun.)

15. Tiaqu ilə Esterin hadisəsindən nə öyrəndiniz?

15 Əgər siz artıq bir neçə ildir ki ailə qurmusunuzsa, xidmətinizi genişləndirmək arzunuzu necə gücləndirə bilərsiniz? Bunun bir yolu bu sahədə təcrübəsi olan ər-arvadların nümunəsini araşdırmaqdır. Məsələn, «Xidmətə hazır könüllülər» rubrikasını oxuya bilərsiniz. Bu kimi məqalələr Braziliyadan olan Tiaqu və Ester adlı ər-arvadın təbliğçiyə tələbat olan əraziyə köçmək istəyini gücləndirmişdi. Tiaqu deyir: «Yehovanın xidmətçilərinə necə dayaq olduğu haqda oxuyanda biz də həyatımızda Onun əlini görmək və qayğısını hiss etmək istədik». Beləcə, bu ər-arvad Paraqvaya köçdü və 2014-cü ildən bəri portuqaldilli ərazidə xidmət edirlər. Ester deyir: «İkimizin də ən çox sevdiyi ayə Efeslilərə 3:20 ayəsidir. Yehovaya xidmətimiz boyunca bu sözlərin gerçək olduğuna dəfələrlə əmin olmuşuq». Bulus həmin məktubda əmin edir ki, Yehova bizim dilədiyimizdən qat-qat artığını verməyə qadirdir. Bu, doğrudan da, belədir!

Yetkin məsihilərlə məsləhətləşmək yeni ailələrə həyatlarını xidmətə həsr etməyə kömək edəcək (16-cı abzasa baxın)

16. Yeni ailə quranlar məqsədlərini götür-qoy edərkən kimlərlə məsləhətləşə bilərlər?

16 Yeni ailə quranlar Yehovaya etibar etməyi öyrənənlərin təcrübəsindən faydalana bilərlər. Bəzi ər-arvadlar uzun illərdir ki tamvaxtlı xidmətdədir. Məqsədlərinizi götür-qoy edərkən onlarla məsləhətləşə bilərsiniz. Bu da Yehovaya etibarınızı göstərməyin bir yoludur (Məs. 22:17, 19). Həmçinin ağsaqqallar da yeni ailə quranlara məqsədlər qoymağa və bu məqsədlərə çatmağa kömək edə bilər.

17. Klaus və Marisa hansı vəziyyətlə üzləşmişdi və biz onların hadisəsindən nə öyrənirik?

17 Bəzən ola bilər ki, xidmətimizi genişləndirmək qərarını veririk, amma hər şey planlaşdırdığımız kimi getmir. Bu məqalənin əvvəlində haqqında danışdığımız Klaus və Marisa ilə də belə olmuşdu. Evləndikdən üç il sonra onlar Finlandiyaya köçüb, filialın tikintisində könüllü kimi xidmət etdilər. Amma sonra öyrəndilər ki, buradakı xidmətləri uzağı atlı ay çəkəcək. Əvvəl-əvvəl onlar çox məyus olmuşdular. Amma vəziyyət elə gətirdi ki, onlar çox keçməmiş ərəb dili kurslarına dəvət aldılar. Hal-hazırda onlar başqa bir ölkədə ərəbdilli ərazidə sevinclə xidmət edirlər. Arxaya boylanaraq Marisa deyir: «Bəzən insan Yehovaya tam etibar etməkdən və xidmətdə yeni şeylər etməkdən qorxur. Amma Yehovanın bizə gözləmədiyimiz tərzdə həmişə köməyimizə çatdığının şahidi oldum. Bundan sonra Yehovaya daha çox etibar etdim». Bu ər-arvadın nümunəsi göstərir ki, əgər Yehovaya tam etibar etsəniz, O, heç vaxt sizi mükafatsız qoymayacaq, bundan arxayın ola bilərsiniz!

18. Ər-arvadlara Yehovaya həmişə etibar etməyə nə kömək edə bilər?

18 Nikah Yehovanın hədiyyəsidir (Mət. 19:5, 6). O istəyir ki, bu hədiyyə ər-arvadlara sevinc gətirsin (Məs. 5:18). Yeni ailələr, bir düşünün, görün həyatınızı nəyə sərf edirsiniz? Yehovanın sizə verdiyi hədiyyələri qiymətləndirdiyinizi göstərmək üçün əlinizdən gəlini edirsiniz? Dua edib, Yehova ilə danışın. Müqəddəs Kitabdan vəziyyətinizə uyğun olan prinsiplər tapın. Daha sonra isə Yehovanın sizə verdiyi məsləhətlərə uyğun davranın. Bir ər-arvad kimi, Yehovaya xidməti hər şeydən üstün tutsanız, əmin ola bilərsiniz ki, xoşbəxt və mənalı ömür sürəcəksiniz!

NƏĞMƏ 132 Nəhayət, bir bədənik

^ abz. 5 Verdiyimiz bəzi qərarlar Yehovaya xidmətə nə qədər vaxt və güc sərf etməyimizə təsir edir. Xüsusilə də yeni ailə quranların qarşısında mühüm qərarlar durur və bu qərarlarından bütün gələcəkləri asılıdır. Bu məqalə onlara kömək edəcək ki, hikmətli qərarlar verib xoşbəxt ömür sürsünlər.

^ abz. 5 Bəzi adlar şərtidir.

^ abz. 10 Nümunə üçün «Pak ibadət dirçəlir!» kitabının 6, 719-cu fəsillərinə baxın.