Kontentə keç

Mündəricatı göstər

Allahın ədalət və mərhəmətini təqlid edək

Allahın ədalət və mərhəmətini təqlid edək

«Haqq-ədalətlə mühakimə edin. Bir-birinizə qarşı xeyirxah, mərhəmətli olun» (ZƏK. 7:9).

NƏĞMƏ: 125, 88

1, 2. a) İsa Məsih Tövrata necə yanaşırdı? b) Mirzələr və fərisilər Qanunu necə təhrif etmişdilər?

İSA MƏSİH Tövrata böyük ehtiramla yanaşırdı. Axı Tövrat əziz Atasının qulu Musaya nazil etdiyi qanun idi. İsa Məsihin Allahın Qanununa məhəbbəti peyğəmbərlik olaraq Zəbur 40:8 ayəsində ifadə olunmuşdu: «Ey Allahım, istəyini yerinə yetirməkdən həzz alıram, qanunun qəlbimdədir». Peyğəmbərin həm sözündən, həm hərəkətindən həmişə aydın görünürdü ki, o, Qanunun kamil, insan üçün faydalı olduğuna və xırdalığınadək yerinə yetəcəyinə əmin idi (Mət. 5:17—19).

2 Mirzələrin və fərisilərin Atasının Qanununu təhrif etdiyini görmək, şübhəsiz, İsaya ağır gedirdi. Onlar Qanunun ən kiçik xırdalıqlarına önəm verir, ən mühüm məsələlərə isə barmaqarası baxırdılar. Odur ki, İsa demişdi: «Siz nanə, şüyüd və cirənin onda birini verirsiniz, lakin Tövratdakı daha vacib məsələlərə: haqq-ədalətə, mərhəmətə və sədaqətə fikir vermirsiniz» (Mət. 23:23). Qanunun ancaq hərfinə, nöqtəsinə fikir verən fərisilərdən fərqli olaraq, Məsih Qanunun ruhunu duyur, hər əmrin arxasında duran ilahi sifətləri görürdü.

3. Bu məqalədə hansı sualları araşdıracağıq?

3 Bu gün Tövrat Qanunu artıq qüvvədə olmasa da, Yehova Allah onu bizə nəsihət kimi Müqəddəs Kitabda saxlayıb (Rom. 7:6). O, istəyir ki, biz Qanundakı «daha vacib məsələlər»i, yəni əmrlərin kökündə yatan prinsipləri ayırd edib onları həyatımızda rəhbər tutaq. Misal üçün, götürək sığınacaq şəhərlər haqqındakı qanunun təməlində duran prinsipləri. Ötən məqalədə biz bu qanunu xırdalayıb gördük ki, təsadüfən adam öldürənə verilən göstərişlərdən özümüzə hansı dərsləri götürə bilərik. Bu məqalədə isə həmin qanunun Yehova Allahın hansı xüsusiyyətlərini əks etdirdiyini və bu xüsusiyyətləri öz həyatımızda necə nümayiş etdirə biləcəyimizi araşdıracağıq. Məqalədə növbəti məqamlar nəzərdən keçiriləcək: sığınacaq şəhərlər haqqındakı qanun Allahın mərhəmətini necə əyan edir, Onun insan həyatına münasibəti və mükəmməl ədaləti barədə bizə nə öyrədir? Bu məqamları araşdırarkən yaxşı olardı, səmavi Atamızı necə təqlid edə biləcəyimiz barədə düşünək. (Efeslilərə 5:1 ayəsini oxuyun.)

«ƏLVERİŞLİ YERLƏRDƏ SIĞINACAQ ŞƏHƏRLƏR» — İLAHİ MƏRHƏMƏTİN TƏZAHÜRÜ

4, 5. a) Təqsirkarın sığınacaq şəhərə rahat çata bilməsi üçün hansı tədbirlər görülürdü? b) Bu, Yehova Allah haqda bizə nə öyrədir?

4 Yehova Allah sığınacaq şəhərləri İordan çayının hər iki tayında bərabər şəkildə ayırmağı buyurmuşdu. Bunun sayəsində təsadüfən qətl törədən insan sığınacaq şəhərə tez bir zamanda və rahat çata bilərdi (Say. 35:11—14). Bu şəhərlərə aparan yollar yaxşı vəziyyətdə saxlanılırdı (Qan. 19:3). Bir yəhudi rəvayətinə görə bu yollarda yol nişanları qoyulurdu. Beləliklə, təqsirkara sığınacaq şəhəri tapmaq rahat olur və o, canını qurtarmaq üçün yad ölkəyə qaçmağa məcbur qalmırdı. Axı orada o, bütpərəstliyin təsirinə məruz qala bilərdi.

5 Məgər bu, ilahi mərhəmətin bolluğundan xəbər vermir?! Qətl Yehovanın gözündə ölümə layiq bir cinayət olsa da, O, bütün qatilləri eyni sıraya qoymurdu. Qətlin hansı motivlərlə törədildiyini ayırd edib qəsdsiz günahkara mərhəmət əlini uzadır, onu qanadının altına alırdı. Sığınacaq şəhərlərlə bağlı bir alim qeyd etmişdi: «Hər şey olduqca aydın, sadə və asan idi. Bu, ilahi rəhmin təzahürü idi». Bəli, Yehova Allah cəza verməkdən zövq alan daşürəkli hakim deyil. O, «mərhəməti bol olan Allah»dır! (Efes. 2:4).

6. Fərisilərin mərhəmətdən uzaq olduqlarını nə göstərir?

6 Fərisilər mərhəmətdən uzaq insanlar idilər. Deyilənə görə onlar insanın təkrarladığı günahı üç dəfədən artıq bağışlamırdılar. Fərisilərin təqsirkara münasibətini İsa Məsihin çəkdiyi bir məsəldən görmək olar. Məsələ görə bir fərisi Allaha belə dua edir: «Şükür Sənə, İlahi! Mən başqaları kimi soyğunçu, haqsız, zinakar deyiləm». Sonra Allahdan acizanə şəkildə mərhəmət diləyən vergiyığana baxıb deyir: «Nə də bu vergiyığanın tayı deyiləm». Bu məsəldən fərisilərin nəyə görə bu qədər rəhmsiz olduğu görünür — onlar «başqalarını heç sayırdılar» (Luka 18:9—14).

Ürəyimizin mərhəmət qapısına aparan yollar maneəsiz və hamardırmı? Gəlin elə edək ki, insanlara bizdən əfv diləmək asan olsun (4—8 abzaslara baxın)

7, 8. a) Bizə haqsızlıq ediləndə Yehova Allah kimi rəhmli olduğumuzu necə göstərə bilərik? b) Bağışlamaq məsələsi təvazökar olub-olmadığımızı necə üzə çıxarır?

7 Gəlin biz də Yehova kimi rəhmli olaq, daşürəkli fərisilərin xasiyyətindən uzaq duraq. (Koloslulara 3:13 ayəsini oxuyun.) Bəs hansı vəziyyətlər rəhmlə davranmağımızı tələb edə bilər? Məsələn, kimsə bizə qarşı haqsız davranıbsa, elə şərait yaratmalıyıq ki, ona gəlib bizdən üzr istəmək rahat olsun (Luka 17:3, 4). Odur ki, gəlin özümüzü növbəti suallarla yoxlayaq: insanları tez və asanlıqla bağışlaya bilirəm? Bəs eyni səhv dəfələrlə təkrarlananda necə? Xətrimə dəyən, mənə yara vuran insanla barışmağa can atıram?

8 Bağışlamaq məsələsi, demək olar ki, təvazökar olub-olmadığımızı üzə çıxaran bir sınaqdır. Fərisilər bu sınaqdan keçmədilər, çünki başqalarını özlərindən aşağı görürdülər. Amma biz bir məsihi kimi təvazökarlıq göstərib başqalarını özümüzdən üstün saymalı, onları ürəkdən bağışlamalıyıq (Filip. 2:3). Bu sınaqdan başıuca çıxmaq istəyiriksə, Yehovanı örnək götürməliyik. Gəlin umu-küsü qapısını dərhal bağlayaq, mərhəmət qapısını isə taybatay açaq (Vaiz 7:8, 9). Bir də ki, ürəyimizin mərhəmət qapısına aparan yolu maneəsiz və hamar saxlayaq.

HƏYAT ƏNAMINA EHTİRAMLA YANAŞIN, ONDA «QAN TÖKMƏKDƏ TƏQSİRKAR OLMAYACAQSINIZ»

9. Yehova Allah israillilərə həyatın müqəddəs olduğunu necə aşılamışdı?

9 Sığınacaq şəhərlər haqqında qanunu verməkdə Yehovanın əsas məqsədi israilliləri qan tökməkdən qorumaq idi (Qan. 19:10). Yehova üçün insan həyatı olduqca dəyərlidir. Onun «günahsız qan tökən əllər»dən zəhləsi gedir (Məs. 6:16, 17). Yehova ədalətli və müqəddəs Allah olduğu üçün hətta təsadüfən törədilən qətl hadisələrinə belə biganə qalmırdı. Düzdür, təqsirkara mərhəmət göstərilirdi, amma o, məsələni ağsaqqallara danışmalı və əməlinin təsadüfi olduğu müəyyən ediləndən sonra baş kahinin ölümünə qədər sığınacaq şəhərdə qalmalı idi. Bu isə o demək idi ki, ola bilsin, təqsirkar bu şəhərdə ömürlük qalsın. Bu ciddi ölçülər xalqa insan həyatının nə qədər dəyərli olduğunu aşılayırdı. Həyatın mənbəyi olan Yehova Allaha ehtiramlarını nümayiş etdirmək üçün onlar insanın ölümünə səbəb ola biləcək hərəkətlərdən və ya hərəkətsizlikdən özlərini qorumalı idilər.

10. Mirzələr və fərisilərin insan həyatına laqeyd yanaşdığı nədən görünür?

10 Yehova Allahdan fərqli olaraq, mirzələr və fərisilər insanların həyatına laqeyd yanaşırdılar. İsa peyğəmbər onlara demişdi: «Siz bilik qapısının açarını götürmüsünüz. Özünüz də içəri girmədiniz, girmək istəyənləri də qoymursunuz» (Luka 11:52). Bu din xadimləri xalqa Allahın Kəlamının mənasını açmalı, onlara əbədi həyata aparan yolda yeriməkdə köməkçi olmalı idilər. Onlarsa, əksinə, «həyatın Öndəri» İsa Məsihin ardınca getmək istəyənlərin yoluna daş qoyur, onları əbədi məhvə düçar edirdilər (Həv. 3:15). Xalqın taleyi bu lovğa, özünü sevən rəhbərlərin vecinə də deyildi. Onların ürəyində rəhm, mərhəmət deyilən şey yox idi!

11. a) Nədən görünür ki, həvari Bulus həyat ənamına Yehova Allahın gözü ilə baxırdı? b) Təbliğ işinə həvari Bulus kimi yanaşmağa bizə nə kömək edə bilər?

11 Mirzələr və fərisilər kimi olmamaq, Yehova Allaha bənzəmək istəyiriksə, bizdən nə gözlənilir? Həyat ənamına ehtiramla yanaşıb onu qiymətləndirmək. Həvari Bulus insanların həyatını dəyərləndirdiyini ətraflı şəhadət verməklə göstərirdi. O, təmiz vicdanla deyə bilmişdi ki, «hər kəsin qanından» təmizdir. (Həvarilərin işləri 20:26, 27 ayələrini oxuyun.) Amma həvarini təbliğ fəaliyyətinə təşviq edən nə vicdan əzabı, nə borc hissi idi. Onu həvəsləndirən qüvvə insan sevgisi, həyat nemətinə həssaslıqla yanaşması idi (1 Kor. 9:19—23). Biz də eynilə həyata Allahın gözü ilə baxmalıyıq. Allah «istəyir ki, hamı tövbəyə gəlsin» (2 But. 3:9). Bəs sizin istəyiniz Allahınkını əks etdirirmi? Gəlin həmişə insanlara rəhm gözü ilə baxaq. Onda insanları həyat yoluna daha böyük həvəslə dəvət edəcək, bu işdən daha böyük məmnunluq duyacağıq.

12. Allahın xidmətçiləri təhlükəsizlik tədbirlərinə necə yanaşmalıdırlar?

12 Həyata Allahın gözü ilə baxmağımız özünü digər bir məsələdə də göstərməlidir. Söhbət təhlükəsizlik ölçülərindən gedir. İşləyəndə, maşın sürəndə təhlükəsizlik tədbirlərinə riayət etməliyik. Təbii ki, ibadət evlərini tikmək, onlara qulluq etmək, ibadətlərə maşınla gedib-gəlmək bundan istisna deyil. Pula və ya vaxta qənaət etmək üçün həyatı, sağlamlığı riskə atmaq olmaz. Allahımız Yehova həmişə qayda-qanunla iş görür. Biz də Onun kimi olmaq istəyirik. Təhlükəsizlik tədbirlərinə riayət olunmasına xüsusilə ağsaqqallar diqqət yetirməlidir (Məs. 22:3). Əgər ağsaqqal sizə təhlükəsizlik qaydaları ilə bağlı xatırlatma verirsə, buna ciddi yanaşın (Qal. 6:1). Həyat nemətinə Yehovanın gözü ilə baxsaq, «qan tökməkdə təqsirkar olmayaca»ğıq.

«İCMA... BÜTÜN BUNLARI NƏZƏRƏ ALARAQ HÖKM ÇIXARMALIDIR»

13, 14. Yehova Allahın ədaləti ilə hökm etmək üçün İsrail ağsaqqallarından nə gözlənilirdi?

13 Yehova Allah İsrail ağsaqqallarına buyurmuşdu ki, xalqa Onun ədaləti ilə hökm etsinlər. Təsadüfi qətl işinə baxanda ağsaqqallar ilk növbədə faktları müəyyən etməli idilər. Bundan əlavə təqsirkarın motivləri, tutduğu işə münasibəti və hadisəyə qədərki davranışı nəzərə alınır, onun mərhəmətə layiq olub-olmadığı müəyyən edilirdi. İlahi ədalət ağsaqqallardan tələb edirdi ki, təqsirkarın mərhuma nifrət edib-etmədiyini, əməli qəsdən törədib-törətmədiyini dəqiqləşdirsinlər. (Saylar 35:20—24 ayələrini oxuyun.) Araşdırma prosesinə şahidlər cəlb olunurdusa, cinayətin qəsdən törədildiyi iddiası yalnız iki şahidin təsdiqi ilə qəbul olunurdu (Say. 35:30).

14 Beləliklə, işin faktlarından başqa ağsaqqallar günahkarın bir şəxsiyyət kimi necə insan olduğunu da nəzərə almalı idilər. Bunun üçün onlar işi bəsirət gözü ilə təhlil etməli, yəni adi gözlə görünməyən şeyləri görməyi bacarmalı idilər. Hər şeydən ziyadə, onlara müqəddəs ruhun bələdçiliyi lazım idi ki, məsələni ilahi bəsirət, mərhəmət və ədalətlə qiymətləndirə bilsinlər (Çıx. 34:6, 7).

15. İsa peyğəmbərlə fərisilərin günahkarlara münasibətində hansı təzad var idi?

15 Fərisilər günahkarın necə insan olduğunu nəzərə almır, diqqəti ancaq onun tutduğu əmələ cəmləyirdilər. Bir dəfə fərisilər görəndə ki, İsa peyğəmbər vergiyığan Məttanın evindəki ziyafətə gedib, onun şagirdlərindən soruşdular: «Niyə sizin ustadınız vergiyığanlar və günahlılarla çörək kəsir?» İsa bunu eşidib dedi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır. Gedin, “Mən qurban yox, mərhəmət istəyirəm” sözlərinin mənasını öyrənin. Çünki mən salehləri yox, günahlı adamları çağırmağa gəlmişəm» (Mət. 9:9—13). İsa əsla günahkarlara bəraət qazandırmırdı, əksinə, insanları tövbəyə çağırırdı (Mət. 4:17). Amma bu vəziyyətdə o, bəsirət gözü ilə görürdü ki, bu vergiyığan və günahlıların arasında dəyişmək istəyən insanlar var. Onlar Məttanın evinə, sadəcə, yeyib-içməyə gəlməmişdi, onları buraya gətirən səbəb peyğəmbərin ardınca getmələri idi (Mark 2:15). Çox təəssüf ki, İsanın bu insanlarda gördüyünü fərisilər görə bilmirdi. Yehovaya qulluq etdiklərini iddia edən fərisilərin davranışı Allahın ədalət və mərhəmətindən uzaq idi. Onlar soydaşlarına günahkar damğası vuraraq bir insan kimi onların üstündən xətt çəkmişdilər.

16. İntizam komitəsi nəyi müəyyən etməlidir?

16 Məsihi ağsaqqallar ədaləti sevən Yehova Allahı örnək götürməlidir (Zəb. 37:28). Yığıncaqda günahla bağlı məsələ qalxanda onlar, ilk növbədə, günahın törədilib-törədilmədiyini «yaxşı-yaxşı soruşub öyrən»məlidirlər. Günaha yol verilibsə, məsələni Müqəddəs Kitab qaydalarına əsasən həll etməlidirlər (Qan. 13:12—14). İntizam komitəsi günahkarın tövbə edib-etmədiyini müəyyən etməlidir. Amma hərdən bunu aydın görmək olmur. Çünki tövbə insanın törətdiyi günaha münasibəti, ürəyinin nə qədər qaba və ya həssas olması ilə bağlıdır (Vəhy 3:3). Günahkar yalnız tövbə etdiyi halda mərhəmətə layiq görülə bilər *.

17, 18. Ağsaqqallar insanın ürəkdən tövbə edib-etmədiyini necə müəyyən edə bilər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

17 Təbii ki, ağsaqqallar Yehova Allah və İsa Məsih kimi insanın ürəyini oxuya bilmir. Belə isə onlar günahkarın ürəkdən tövbə etdiyini necə müəyyən edə bilərlər? Əvvəla, onlar dua edib Yehovadan hikmət və dərin anlayış istəməlidirlər (1 Pad. 3:9). Sonra «Allaha məqbul kədər»i, yəni həqiqi tövbəni «dünyaya xas kədər»dən seçə bilmək üçün Müqəddəs Kitabı və «sadiq nökər»in dərc etdiyi nəşrləri araşdırmalıdırlar (2 Kor. 7:10, 11). Ağsaqqallar Müqəddəs Kitabın tövbəkar və tövbə etməyən insanları necə təsvir etdiyinə diqqət yetirməlidirlər: onlar hansı hissləri keçirir, günahlarına necə münasibət göstərir, özlərini necə aparırdılar?

18 Günahdan başqa ağsaqqallar insanın özünü, onun keçmişini, motivlərini, vəziyyət və imkanlarını nəzərə almalıdırlar. Məsihi yığıncağının başı İsa Məsihlə bağlı bir peyğəmbərlikdə deyilirdi: «O,.. gözlərinin gördüyü ilə hökm etməyəcək, qulağı ilə eşitdiyinə görə tənbeh etməyəcək. O, fağır-füqəra üçün insafla hökm çıxaracaq. Dünyadakı həlimlərin xatirinə ədalətlə tənbeh edəcək» (Əşy. 11:3, 4). Ağsaqqallar Məsihin rəhbərliyi altında fəaliyyət göstərirlər, buna görə də əmin ola bilərlər ki, Məsih onlara özü kimi hökm etməyə kömək edəcək (Mət. 18:18—20). Nə xoşdur ki, bizim ağsaqqallarımız Məsihə bənzəməyə çalışırlar. Onlara ürəkdən minnətdarıq ki, yığıncaqlarda mərhəmət və ədalət kimi ilahi keyfiyyətləri uca tutub hamını buna səsləyirlər!

19. Sığınacaq şəhərlər haqqında qanundan özünüzə hansı dərsi götürdünüz?

19 Tövratdakı Qanun Yehova Allah və Onun ali prinsipləri barədə «biliyin və həqiqətin əsasları»nı təşkil edir (Rom. 2:20). Misal üçün, sığınacaq şəhərlər haqqında qanun ağsaqqallara «haqq-ədalətlə mühakimə» etməyi, bizə isə bir-birimizə qarşı xeyirxah, mərhəmətli olmağı aşılayır (Zək. 7:9). Artıq deyildiyi kimi, Tövrat qanunları daha qüvvədə deyil. Amma nəzərə alsaq ki, Yehova Allah heç vaxt dəyişmir, Tövratda əks olunan ədalət və mərhəmət Onun gözündə hələ də ucadır. Bu cür Allaha ibadət etmək böyük xoşbəxtlikdir! Gəlin bənzərində yarandığımız Yehova Allahın ülvi sifətlərini əks etdirək və həmişə Onun mərhəmət qanadı altına sığınaq!

^ abz. 16 «Gözətçi qülləsi»nin 2006-cı il 15 sentyabr sayının (türk.) 30-cu səhifəsində yerləşən «Oxucuların sualları» rubrikasına baxın.