Kontentə keç

Mündəricatı göstər

«Əliaçıq adamın ruzisi bol olar»

«Əliaçıq adamın ruzisi bol olar»

QURBANLAR uzun illərdir Allaha ibadətin vacib hissəsidir. Məsələn, qədimdə israillilər heyvan qurbanları gətirirdilər. Məsihilər isə həmişə «mədh qurbanı» gətirməklə tanınıblar. Onu da qeyd edək ki, Allaha xoş gedən başqa qurbanlar da var (İbr. 13:15, 16). Növbəti nümunələrdən görəcəyimiz kimi, qurban gətirmək insana həm sevinc, həm də bol nemət bəxş edir.

Allahın sadiq qullarından biri olan Hənnə oğul anası olmaq həsrəti ilə yaşayırdı, amma sonsuz olduğu üçün bu arzusuna çata bilmirdi. Bir gün o, Yehova Allaha belə nəzir dedi: «Mənə bir oğul versən, onu ömürlük Sənə verəcəyəm» (1 İşm. 1:10, 11). Bir müddət sonra Hənnə hamilə qalıb oğlan uşağı dünyaya gətirdi və adını İşmuil qoydu. Hənnə uşağı süddən ayırandan sonra, Allaha söz verdiyi kimi, onu məbədə apardı. Yehova bu fədakarlığına görə Hənnənin başından bol nemət tökdü, ona daha beş övlad bəxş etdi. İşmuil isə böyüyüb peyğəmbər oldu və Müqəddəs Kitabın bir neçə hissəsini yazdı (1 İşm. 2:21).

Hənnə və İşmuil kimi, bu gün məsihilər də həyatlarını Yaradana ibadətə həsr edirlər. İsa Məsih söz vermişdi ki, Allah Onun yolunda verdiyimiz qurbanların əvəzini artıqlaması ilə verəcək (Mark 10:28—30).

Birinci əsrdə Tabitə adlı bir məsihi qadın yaşayırdı. O, «çox xeyirxah idi və kasıblara həmişə əl tuturdu». Amma bir gün bütün yığıncağı kədərə qərq edən bir hadisə baş verdi, Tabitə «xəstələnib öldü». Şagirdlər Butrusun həmin ərazidə olduğunu eşidəndə adam göndərib yubanmadan onların yanına gəlməsini xahiş etdilər. Butrus ora gələndə şagirdlərin sevincinə səbəb olan bir möcüzə göstərdi, Tabitəni diriltdi (bu, həvarilər vasitəsi ilə baş verən ilk dirilmə hadisəsi idi) (Həv. 9:36—41). Buradan görünür ki, Yehova Tabitənin verdiyi qurbanları unutmamışdı (İbr. 6:10). Yehova Allah onun səxavətli işlərini bizə örnək kimi Müqəddəs Kitabda yazdırıb.

Həvari Bulus da səxavət göstərib başqalarına vaxt və diqqət ayırmaqla bizə nümunə qoyub. Korinfdəki bacı-qardaşlara yazdığı məktubda o demişdi: «Nəyim varsa, hər şeyimi, hətta öz canımı belə, sizin yolunuzda fəda etməyə hazıram» (2 Kor. 12:15). Həvari öz təcrübəsindən öyrənmişdi ki, başqaları üçün nəyisə qurban vermək insana yalnız məmnunluq gətirmir, ən əsası bu, ona Yehovanın xeyir-bərəkətini və rizasını qazandırır (Həv. 20:24, 35).

Aydındır ki, biz vaxt və qüvvəmizi Padşahlığın maraqları və bacı-qardaşlarımız uğrunda qurban verəndə Yehova razı qalır. Bəs Padşahlıq işini başqa hansı yollarla dəstəkləyə bilərik? Könüllü ianələr etməklə. Bu ianələr bütün dünyada təbliğ işini irəli aparmaq, həmçinin xüsusi təyinatlı müjdəçiləri və tammüddətli xidmətçiləri dəstəkləmək üçün istifadə olunur. Bundan əlavə, ianələr ədəbiyyat və videoların hazırlanmasına və tərcüməsinə, təbii fəlakətdən zərərçəkmişlərə kömək işinə, ibadət evlərinin inşasına xərclənir. Müqəddəs Kitabda deyilir ki, «əliaçıq adamın ruzisi bol olar». Biz buna zərrə qədər də şübhə etmirik. Amma ən vacibi odur ki, sərvətimizi Yehovanın yolunda sərf etməklə Onu şərəfləndiririk (Məs. 3:9; 22:9).