Kontentə keç

Mündəricatı göstər

Düşüncənizi kim formalaşdırır?

Düşüncənizi kim formalaşdırır?

«Bundan sonra bu zəmanəyə uyğunlaşmayın» (ROM. 12:2).

NƏĞMƏ: 88, 45

1, 2. a) İsa Məsih həvari Butrusun «özünə yazığın gəlsin» məsləhətinə necə cavab vermişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) İsa Məsih nə üçün bu cür cavab vermişdi?

MƏSİHİN şagirdləri eşitdiklərinə inana bilmirlər. İsrailin padşahlığını bərpa edəcəyinə ümid etdikləri Məsih əzab çəkərək öləcəyini deyir. Bunu eşidən kimi Butrus dillənir: «Özünə yazığın gəlsin, Ağa! Belə şey heç vaxt ola bilməz!» İsa Butrusa etirazını bildirir: «Çəkil qabağımdan, Şeytan! Sən mənə mane olursan. Çünki sənin ağlındakı Allahın fikirləri deyil, insan fikirləridir» (Mət. 16:21—23; Həv. 1:6).

2 İsa bu sözlərlə Allahın düşüncə tərzi ilə Şeytan dünyasının düşüncə tərzi arasında fərqin olduğunu göstərdi (1 Yəh. 5:19). Butrus İsanı dünyanın xudbinlik ruhunu əks etdirməyə təşviq edirdi. Amma İsa bilirdi ki, Atası fərqli düşüncəyə sahibdir. O bilirdi ki, Atası onun tezliklə üzləşəcəyi əzablara və ölümə hazırlıqlı olmasını istəyir. Butrusa verdiyi cavabda İsa Allahın düşüncəsini dəstəklədiyini, bu dünyanın düşüncəsini isə rədd etdiyini aydın şəkildə göstərdi.

3. Nə üçün Yehovanın düşüncə tərzini əks etdirmək, dünyanın düşüncə tərzinə isə qarşı çıxmaq çətindir?

3 Bəs bizim barəmizdə nə demək olar? Biz Allahın düşüncə tərzinə sahibik, yoxsa bu dünyanın? Sözsüz ki, Allahın qanunlarına uyğun davranmaq üçün əlimizdən gələni edirik. Bəs Onun düşüncə tərzinə sahib olmaq, yəni hər şeyə Onun gözü ilə baxmaq üçün necə? Bunun üçün də əlimizdən gələni edirik? Allahın düşüncə tərzinə yiyələnmək üçün öz üzərimizdə çox işləməliyik. Dünyanın düşüncəsinə sahib olmaq isə çox asandır. Çünki dünyanın ruhu hər yanı bürüyüb (Efes. 2:2). Üstəlik, bu dünyanın özümüzü düşünməyə səsləməsi bizə xoş gələ bilər. Həqiqətən də, Yehovanın düşüncə tərzini əks etdirmək çətin, dünyanın düşüncə tərzinə yoluxmaq isə olduqca asandır.

4. a) Düşüncəmizi dünyanın formalaşdırmasına izin versək, nə baş verər? b) Bu məqalədə nə barədə danışacağıq?

4 Əgər düşüncəmizi bu dünyanın formalaşdırmasına yol versək, xudbinliyə meyilli olacaq və nəyin pis, nəyin yaxşı olduğuna özümüz qərar vermək sevdasına düşəcəyik (Mark 7:21, 22). Odur ki, «insan fikirləri»nə yox, «Allahın fikirləri»nə yiyələnməyi öyrənməliyik. Məqalə bizə bu sahədə kömək edəcək. Görəcəyik ki, düşüncəmizi Yehovanın düşüncəsinə uyğunlaşdırmaq bizi məhdudlaşdırmır, əksinə, xeyrimizədir. Həmçinin düşüncəmizi dünyanın formalaşdırmaması üçün nə edə biləcəyimizi öyrənəcəyik. Növbəti məqalə isə bizə müxtəlif məsələlərə Yehovanın gözü ilə baxmağa və Onun düşüncəsini təzahür etdirməyə kömək edəcək.

YEHOVANIN DÜŞÜNCƏ TƏRZİ XEYRİMİZƏDİR

5. Nəyə görə bəziləri kiminsə onların düşüncəsinə təsir etməsini istəmir?

5 Bəziləri kiminsə onların düşüncə tərzinə təsir etməsini xoşlamır. Onlar «öz ağlım özümə bəsdir» deyirlər. Bununla bir növ öz qərarlarını özləri vermək istədiklərini və buna haqları çatdığını söyləyirlər. Başqalarının onları idarə etməsini və ya onları hamı kimi olmağa sövq etməsini istəmirlər *.

6. a) Yehova bizə hansı azadlığı bəxş edib? b) Azadlığımız məhdudiyyətsizdir?

6 Düşüncəmizi Yehovanın düşüncəsinə uyğunlaşdırmaq o demək deyil ki, bizim şəxsi fikirlərimiz ola bilməz. 2 Korinflilərə 3:17 ayəsində deyildiyi kimi, «Yehovanın ruhu haradadırsa, orada azadlıq var». Yehova bizə xüsusiyyətlərimizi formalaşdırmaq, öz şəxsiyyətimizi yaratmaq sərbəstliyi verib. Həmçinin öz maraq dairəmizi, üstünlük verdiyimiz şeyləri seçməkdə azadıq. Yehova bizi bu cür yaradıb. Lakin bu o demək deyil ki, biz məhdudiyyətsiz azadlığa sahibik. (1 Butrus 2:16 ayəsini oxuyun.) Yehova istəyir ki, nəyin yaxşı, nəyin pis olduğuna qərar vermək məsələsində Onun düşüncə tərzinə uyğunlaşmaq üçün Kəlamına üz tutaq. Bu bizim azadlığımızı hədsiz məhdudlaşdırır, yoxsa xeyrimizədir?

7, 8. Yehovanın düşüncəsini əks etdirmək azadlığımızı tamamilə əlimizdən alır? Nümunə çəkin.

7 Gəlin bir nümunəyə nəzər salaq. Hər bir valideyn çalışır ki, övladına gözəl keyfiyyətlər aşılasın. Ona dürüst, zəhmətkeş, insanlara qarşı diqqətcil olmağı öyrədir. Bəs bunlar uşağın sərbəstliyini tamamilə əlindən alır? Əksinə, onu uğurlu gələcəyə hazırlayır. Uşaq böyüyüb müstəqil həyata qədəm qoyanda artıq sərbəst qərarlar verməli olur. Əgər o, valideynin aşıladığı dəyərlərə sadiq qalarsa, əksər hallarda sonradan peşman olmayacağı qərarlar verəcək və bununla da özünü bir çox gərəksiz problemlərdən azad edəcək.

8 Yaradanımız Yehova da istəyir ki, bu dünyada mümkün olduğu qədər xoşbəxt ömür sürək (Əşy. 48:17, 18). Bunun üçün bizə insanlarla münasibət və əxlaqla bağlı əsas prinsiplər verib. Yehova istəyir ki, bu məsələlərə Onun gözü ilə baxmağı və Onun dəyərlərinə uyğun yaşamağı öyrənək. Bu bizim sərbəstliyimizi əlimizdən almır, əksinə, düşünmə qabiliyyətimizi yaxşılaşdırır, məsələlərə hərtərəfli baxmağa kömək edir (Zəb. 92:5; Məs. 2:1—5; Əşy. 55:9). Yehovanın düşüncə tərzini əks etdirməklə bizə xoşbəxtlik gətirən qərarlar veririk, eyni zamanda bu bizim bir fərd kimi yetişməyimizə də mane olmur (Zəb. 1:2, 3). Bəli, hər şeyə Yehovanın nəzəri ilə baxmaq bizim xeyrimizədir!

YEHOVANIN DÜŞÜNCƏSİ ALİDİR

9, 10. Yehovanın düşüncəsinin dünyanın düşüncəsindən üstün olduğu nədən görünür?

9 Bizim Allahın düşüncə tərzini əks etdirmək üçün daha bir səbəbimiz var: Allahın düşüncəsi bu dünyadakı insanların düşüncəsindən üstündür. Bu dünya əxlaq, ailə münasibətləri, iş və həyatın digər sahələri ilə bağlı çoxlu məsləhətlər verir, lakin bu məsləhətlərin əksəriyyəti Yehovanın düşüncəsi ilə üst-üstə düşmür. Misal üçün, bu dünya insanları öz maraqlarını güdməyə təşviq edir, cinsi əxlaqsızlığı normal bir şey kimi təqdim edir. Ər-arvadları, əgər bu onlara daha çox xoşbəxtlik gətirəcəksə, ciddi səbəb olmadan ayrı yaşamağa və ya boşanmağa səsləyir. Bu kimi məsləhətlər Müqəddəs Kitaba tamamilə ziddir. Bəs dünyanın verdiyi məsləhətlər Müqəddəs Kitabın məsləhətlərindən daha praktiki ola bilər?

10 Məsih demişdi: «Hikmət əməlləri sayəsində haqlı çıxır» (Mət. 11:19). Bu gün texnologiya sahəsində yüksək nailiyyətlər əldə olunsa da, xoşbəxtliyimizə mane olan müharibə, irqçilik və cinayət kimi qlobal problemlərin həlli hələ də tapılmayıb. Bəs dünyanın əxlaqsızlığa adi yanaşması nələrə gətirib çıxarır? Çoxları etiraf edir ki, bu cür düşüncə tərzi problemləri həll etmir, əksinə ailələrin dağılmasına, xəstəliklərə və digər problemlərə səbəb olur. Lakin Yehovanın düşüncə tərzini əks etdirən insanların ailələri daha xoşbəxtdir, əxlaqi təmizliyi qoruduqlarına görə daha sağlamdırlar və bütün dünyadakı dindaşları ilə sülhdədirlər (Əşy. 2:4; Həv. 10:34, 35; 1 Kor. 6:9—11). Məgər bütün bunlar Yehovanın düşüncə tərzinin aliliyini göstərmir?

11. Musa peyğəmbər kimin düşüncə tərzini əks etdirirdi və bu nə ilə nəticələndi?

11 Müqəddəs Kitabda adı çəkilən mömin insanlar Yehovanın düşüncə tərzinin ali olduğunun fərqində idilər. Məsələn, Musa peyğəmbər «misirlilərin bütün hikmətinə» yiyələnsə də, ürəyinin hikmətli olması üçün Allaha üz tuturdu (Həv. 7:22; Zəb. 90:12). O, Allaha yalvarırdı: «Yollarını mənə aç» (Çıx. 33:13). Musa Yehovanın onun düşüncə tərzini formalaşdırmasına izin verdiyi üçün Yehova ona möhtəşəm bir iş — Öz niyyətini həyata keçirməyi tapşırdı, üstəlik onu Müqəddəs Kitabda böyük iman sahibi adlandıraraq şərəfə yüksəltdi (İbr. 11:24—27).

12. Həvari Bulus qərar verərkən nəyi rəhbər tuturdu?

12 Həvari Bulus çox zəkalı, savadlı insan idi, azı iki dil bilirdi (Həv. 5:34; 21:37, 39; 22:2, 3). Amma o, nəyin doğru, nəyin yanlış olduğuna qərar verməli olarkən dünyəvi hikməti yox, Allahın Kəlamını əsas tuturdu. (Həvarilərin işləri 17:2; 1 Korinflilərə 2:6, 7, 13 ayələrini oxuyun.) Bunun sayəsində Bulus xidmətində uğur qazanır və alacağı əbədi mükafatı intizarla gözləyirdi (2 Tim. 4:8).

13. Düşüncəmizi Yehovanın düşüncəsinə uyğunlaşdırmaq məsuliyyəti kimin üzərinə düşür?

13 Aydındır ki, Yehovanın fikirləri bu dünyanın fikirlərindən üstündür. Həyatımızda Yehovanın düşüncəsini əks etdirmək bizə xoşbəxtlik və uğur gətirəcək. Amma O bizi buna məcbur etmir. Üstəlik, nə «sadiq və ağıllı nökər», nə də ağsaqqallar düşüncələrimizi idarə etmirlər (Mət. 24:45; 2 Kor. 1:24). Hər bir məsihi düşüncəsini Yehovanın düşüncəsinə uyğunlaşdırmaqda şəxsən özü məsuliyyət daşıyır. Bəs bunu necə etmək olar?

QOYMAYIN DÜŞÜNCƏNİZİ DÜNYA FORMALAŞDIRSIN

14, 15. a) Yehovanın baxışına sahib olmaq üçün nələrin üzərində düşünməliyik? b) Romalılara 12:2 ayəsinə əsasən, nəyə görə dünyanın düşüncəsinin bizə təsir etməsinə yol verməməliyik? Nümunə çəkin.

14 Romalılara 12:2 ayəsində yazılıb: «Bundan sonra bu zəmanəyə uyğunlaşmayın. Əksinə, düşüncənizi yeniləşdirərək büsbütün dəyişin ki, Allahın yaxşı, xoş və kamil iradəsini dərk edəsiniz». Bu sözlər göstərir ki, həqiqətdən qabaq düşüncəmizin nələrin əsasında formalaşmasından asılı olmayaraq, Yehovanın düşüncə tərzinə yiyələnmək mümkündür. Düzdür, irsi faktorlar və ya yaşadıqlarımız müəyyən dərəcədə baxış tərzimizə təsir edir. Lakin düşüncə tərzimizi dəyişmək mümkündür və bu dəyişiklik əsasən nə haqda düşündüyümüzdən asılıdır. Yehovanın nəzərində nəyin pis, nəyin yaxşı olduğunu düşünməklə Onun düşüncə tərzinin hər zaman doğru olduğuna əminliyimizi artıra bilərik. Onda hər şeyə Yehova kimi baxmaq istəyi daxilimizdən gələcək.

15 Lakin Yehovanın düşüncə tərzinə yiyələnmək üçün gərək «bundan sonra bu zəmanəyə» uyğunlaşmayaq. Yehovanın baxışlarına zidd olan fikirləri ağlımıza yaxın buraxmamalıyıq. Bunun vacibliyini başa düşmək üçün bir nümunəyə nəzər yetirək. Tutaq ki, səhhətinin qayğısına qalmaq istəyən insan sağlam qidalanmaq qərarına gəlir. Bəs o, eyni zamanda müntəzəm olaraq xarab olmuş qida qəbul etsə, bunun ona nə faydası olacaq?! Eynilə də düşüncəmizi dünyəvi fikirlərlə qidalandırsaq, Yehovanın düşüncəsi haqda öyrənməyimizin faydası olmayacaq.

16. Özümüzü nədən qorumalıyıq?

16 Bu dünyanın düşüncə tərzindən tamamilə uzaq durmaq mümkündür? Xeyr, biz istər-istəməz müəyyən təsirə məruz qalacağıq. Axı bu dünyadan heç yerə çıxıb-gedə bilmərik (1 Kor. 5:9, 10). Elə təbliğ xidməti zamanı çoxlu saxta təlimlər və yanlış fikirlər eşidirik. Bu cür fikirləri eşitmək qaçılmazdır, amma biz bu fikirlər haqda nə düşünməli, nə də onları qəbul etməliyik. İsa Məsih kimi davranaraq Şeytanın məqsədinə xidmət edən fikirləri dərhal rədd etməliyik. Düşüncəmizi qorumaq üçün həmçinin özümüzü gərəksiz yerə bu dünyanın təsirinə məruz qoymamalıyıq. (Məsəllər 4:23 ayəsini oxuyun.)

17. Özümüzü lazımsız yerə dünyanın düşüncə tərzinə düçar etməmək üçün nə etməliyik?

17 Məsələn, dost seçimində olduqca ehtiyatlı olmalıyıq. Müqəddəs Kitab bizi xəbərdar edir ki, Yehovaya ibadət etməyən insanlarla yaxın münasibət qursaq, onlar kimi düşünməyə başlayacağıq (Məs. 13:20; 1 Kor. 15:12, 32, 33). Həmçinin hansı əyləncəni seçdiyimizə də diqqət yetirməliyik. Təkamül nəzəriyyəsini, zorakılığı, əxlaqsızlığı təbliğ edən əyləncə növlərindən uzaq dursaq, «Allah haqqındakı biliyə qarşı çıxan» fikirlərin düşüncəmizi zəhərləməsinə yol vermərik (2 Kor. 10:5).

Övladlarınıza zərərli əyləncəni rədd etməyə kömək edirsiniz? (18 və 19-cu abzaslara baxın)

18, 19. a) Nəyə görə özümüzü dünyəvi düşüncənin gizli təsirindən gözləməliyik? b) Hansı sualların üzərində düşünməliyik və nə üçün?

18 Dünyəvi düşüncə dərhal sezilməyən yollarla bizə təqdim olunanda bunu görməli və rədd etməliyik. Məsələn, hərdən xəbərlərdə hansısa siyasi fikirlər dəstəklənir. Geniş kütlə üçün nəzərdə tutulan bəzi məqalələrdə dünyaya xas arzu və məqsədlər təbliğ olunur. Bəzi filmlərdə və kitablarda «ilk öncə mən», «öncə ailəm» fəlsəfəsi yeridilir, bunun məntiqli, yaxşı, hətta düzgün olduğu təlqin edilir. Bu cür düşüncə tərzi Müqəddəs Kitaba ziddir. Çünki Müqəddəs Kitaba əsasən, insan Yehovanı hamıdan çox sevdiyi təqdirdə həm özü, həm də ailəsi həqiqətən xoşbəxt ola bilər (Mət. 22:36—39). Həmçinin uşaqlar üçün olan bəzi hekayələr, cizgi filmləri və kinolar ilk baxışdan normal görünsə də, əxlaqsız davranışa normal baxmağı sezilməyən tərzdə uşağın beyninə yeridir.

19 Əlbəttə, bu o demək deyil ki, biz faydalı əyləncə ilə məşğul ola bilmərik. Bununla belə, özümüzə növbəti sualları verməliyik: «Dünyanın düşüncəsi dərhal sezilməyəndə belə, onu ayırd edə bilirəm? Bəzi televiziya proqramlarına baxmağı və ya hansısa materialları oxumağı uşaqlarıma və özümə qadağa qoyuram? Gördükləri və eşitdikləri şeylərin uşaqlarıma mənfi təsir etməməsi üçün onlara Yehovanın düşüncə tərzini aşılayıram?» Yehovanın düşüncə tərzi ilə bu dünyanın düşüncə tərzi arasındakı fərqi ayırd etsək, bu zəmanəyə uyğunlaşmayacağıq.

HAL-HAZIRDA DÜŞÜNCƏNİZİ KİM FORMALAŞDIRIR?

20. Düşüncəmizə Allahın, yoxsa dünyanın təsir etdiyini necə müəyyən etmək olar?

20 Unutmayın ki, yalnız iki məlumat mənbəyi var: Yehova və Şeytanın təsiri altında olan dünya. Onlardan hansı bizi formalaşdırır? Hansından məlumat alırıqsa o. Əgər dünyanın düşüncələri ilə qidalansaq, düşüncəmizi də o formalaşdıracaq. Onda bu dünyadakı əksər insanlar kimi düşünəcək və onlar kimi davranacağıq. Buna görə də çox vacibdir ki, nəyə baxdığımıza, nə oxuduğumuza, nəyə qulaq asdığımıza və nə haqda düşündüyümüzə fikir verək.

21. Növbəti məqalədə nə haqda danışılacaq?

21 Qeyd etdiyimiz kimi, Yehovanın baxış tərzinə sahib olmaq üçün düşüncəmizi pis təsirdən qorumaq kifayət deyil. Biz həmçinin Yehovanın baxış tərzi üzərində düşünməliyik ki, hər şeyə Onun nəzəri ilə baxa bilək. Növbəti məqalədə bunu etməyin yolunu öyrənəcəyik.

^ abz. 5 Əslində, hətta ən azad düşüncəli insanlar da kimlərinsə təsiri altındadır. İstər həyatın yaranması kimi ciddi mövzularda, istərsə də adi geyim-kecim məsələsində insanın düşüncəsinə az da olsa başqalarının təsiri var. Lakin kimin düşüncəsinin bizə təsir etməsinə yol verəcəyimizi özümüz qərarlaşdırırıq.