Kontentə keç

Mündəricatı göstər

Həqiqətində addımlayacağam

Həqiqətində addımlayacağam

«Yehova, mənə Öz yolunda təlim ver, həqiqətində addımlayım» (ZƏB. 86:11).

NƏĞMƏ: 31, 72

1—3. a) Müqəddəs Kitab həqiqətlərinə necə yanaşmalıyıq? Nümunə çəkin. (Məqalənin əvvəlindəki şəkillərə baxın.) b) Bu məqalədə hansı sualları nəzərdən keçirəcəyik?

BU GÜN mağazadan nə isə alıb sonra geri qaytarmaq adi hal alıb. Hesablamalara əsasən, bəzi ölkələrdə alınan malların 9 faizi, onlayn sifarişlərin isə 30 faizdən çoxu geri qaytarılır. Malların geri qaytarılma səbəbləri müxtəlif olur, bəzən məhsul alıcının istədiyindən fərqlənir, bəzən qüsurlu çıxır və ya xoşuna gəlmir. Buna görə də məhsul ya dəyişdirilir, ya da geri qaytarılır.

2 Sözsüz ki, biz Müqəddəs Kitab həqiqətlərinə belə yanaşmaq istəmərik. Biz ki, həqiqəti öyrənmişik, başqa sözlə, almışıq, onu satmaq, yəni tərk etmək istəmərik. (Məsəllər 23:23 ayəsini oxuyun; 1 Tim. 2:4.) Ötən məqalədə araşdırdıq ki, həqiqəti öyrənmək üçün çoxlu vaxt sərf etmişik. Bundan əlavə, ola bilsin, karyeradan imtina etmişik, kimlərləsə münasibətimizi dəyişməli olmuşuq, düşüncə və davranışımıza düzəliş etmişik. Yehovanın bəyənmədiyi adət-ənənələrə riayət etməyə son qoymuşuq. Lakin biz əminik ki, əldə etdiyimiz nemətlər ödədiyimiz dəyərdən qat-qat artıqdır.

3 İsa Məsih Allahın Padşahlığı haqqında həqiqətin onu tapanlar üçün nə qədər dəyərli olduğunu göstərərək mirvari axtaran bir tacir barədə məsəl çəkmişdi. Tacir dəyərli mirvari tapanda onu almaq üçün «dərhal hər şeyini» satmışdı (Mət. 13:45, 46). Eynilə, biz də həqiqəti, yəni Allahın Padşahlığı və Müqəddəs Kitabda olan digər dəyərli həqiqətlər barədə öyrənəndə onu əldə etmək üçün lazım olan qurbanlar vermişik. Həqiqət bizim üçün bundan sonra da dəyərli olsa, onu heç vaxt satmayacağıq. Lakin əfsuslar olsun ki, Allahın xidmətçilərindən bəziləri həqiqəti lazımınca dəyərləndirməmiş və hətta onu satmışdılar. Gəlin heç vaxt onlara bənzəməyək! Həqiqəti yüksək qiymətləndirdiyimizi və onu heç vaxt satmayacağımızı göstərmək üçün Müqəddəs Kitabda deyildiyi kimi, «daima həqiqət yolunda» yeriməliyik. (3 Yəhya 2—4 ayələrini oxuyun.) Həqiqət yolunda yerimək onu həyatımızda hər şeydən üstün tutmaq və ona uyğun yaşamaq deməkdir. Bu məqalədə üç suala cavab tapacağıq. Bəziləri nəyə görə və necə həqiqəti satıblar? Bu cür ciddi səhvdən necə qaça bilərik? Həqiqətdə yerimək qətiyyətimizi necə möhkəmləndirə bilərik?

BƏZİLƏRİ HƏQİQƏTİ NƏ ÜÇÜN VƏ NECƏ SATIBLAR?

4. Birinci əsrdə yaşayan bəzi insanlar həqiqəti nə üçün satmışdılar?

4 Birinci əsrdə bəzi insanlar İsa Məsihin təlimlərinə hay versələr də, sonralar həqiqət yolu ilə getməmişdilər. Məsələn, İsa Məsih möcüzə ilə böyük bir izdihamı yedizdirəndən sonra camaat onun ardınca Cəlilə dənizinin o biri tayına keçmişdi. Orada İsa Məsih onları təəccübləndirən sözlər söyləmişdi: «Əgər insan Oğlunun bədənini yeməsəniz, qanını içməsəniz, həyata qovuşmayacaqsınız». İnsanlar Məsihdən dediklərinin hansı mənanı kəsb etdiyini soruşmaq əvəzinə, büdrəyib demişdilər: «Bu nə danışır?! Bu sözlərə necə qulaq asmaq olar?!» Beləcə, «onun şagirdlərindən bir çoxu öz köhnə məşğuliyyətlərinə qayıtdı və daha onun ardınca getmədi» (Yəh. 6:53—66).

5, 6. a) Son zamanlar bəzilərinin həqiqəti tərk etməsinə səbəb nədir? b) İnsanın həqiqətdən tədricən uzaqlaşması necə baş verir?

5 Əfsuslar olsun ki, bu gün bəziləri həqiqətdən uzaqlaşıb. Kimisi Müqəddəs Kitab ayələrinə gətirilən yeni izahatları qəbul edə bilməyib, kimisi müəyyən mövqeyə sahib olan hansısa qardaşın sözündən və ya hərəkətindən büdrəyib. Bir başqaları verilən düzəlişdən incidiyinə, yaxud dindaşı ilə arasında baş verən söz-söhbətə görə həqiqətdən uzaqlaşıb. Bəziləri isə təlimlərimizi təhrif edən dönükləri və ya digər əleyhdarları dəstəkləməyə başlayıblar. Belələri Yehovadan və yığıncaqdan bilə-bilə uzaqlaşıblar (İbr. 3:12—14). Kaş ki, onlar həvari Butrus kimi İsa Məsihə imanlarını və etibarlarını qoruyardılar! Məsih həvarilərindən onların da getmək istəyib-istəmədiyini soruşanda Butrus dərhal demişdi: «Ağa, kimin yanına gedək? Əbədi həyatın sözləri səndədir» (Yəh. 6:67—69).

6 Elələri də var ki, həqiqətdən tədricən, heç özləri də bilmədən uzaqlaşıb. Belə insanları sahildən yavaş-yavaş uzaqlaşan qayığa bənzətmək olar. Buna görə də Müqəddəs Kitab bizi diqqətli olmağa səsləyir (İbr. 2:1). Həqiqəti bilə-bilə tərk edən insanlardan fərqli olaraq, bəziləri fərqində olmadan həqiqətdən uzaqlaşır. İstənilən halda, onlar Yehova ilə münasibətlərini korlayırlar, hətta belə davam etsələr, onu itirə bilərlər. Bəs biz bu cür acınacaqlı vəziyyətə düşməmək üçün nə edə bilərik?

HƏQİQƏTİ SATMAMAQ ÜÇÜN NƏ ETMƏLİYİK?

7. Hansı addım həqiqəti tərk etməməyimizə kömək edəcək?

7 Həqiqətdə yerimək üçün biz Yehovanın bütün dediklərini qəbul edib itaət etməliyik. Həqiqət həyatımızda əsas yeri tutmalıdır və Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamalıyıq. Padşah Davud duasında Yehovaya demişdi: «Mənə Öz yolunda təlim ver, həqiqətində addımlayım» (Zəb. 86:11). O, Yehovanın yolunda yeriməyə qəti qərarlı idi. Bizdə də bu qətiyyət olmalıdır. Əks halda, həqiqəti almaq üçün nələri verdiklərimiz haqda düşünüb, hətta onların bəzilərini geri almaq istəyəcəyik. Lakin biz başa düşürük ki, həqiqəti tam qəbul etməliyik. Hansısa həqiqəti qəbul etməyi, hansınısa qəbul etməməyi seçə bilmərik. Müqəddəs Kitabda yazıldığı kimi, biz «həqiqəti tam dərk» edərək bu yolda yeriməliyik (Yəh. 16:13). Gəlin keçən məqalədə həqiqəti almaq üçün ödədiyimiz beş şeyin üzərində yenidən düşünək. Bunun sayəsində həqiqəti almaq üçün ödədiyimiz dəyərin heç «bir qəpiyində» də gözümüz olmayacaq (Mət. 6:19).

8. Məsihinin vaxtından ağılla istifadə etməməsi, həqiqətdən uzaqlaşmasına necə səbəb olur? Nümunə çəkin.

8 Vaxt. Həqiqətdən uzaqlaşmamaq üçün biz vaxtımızdan ağılla istifadə etməliyik. Ehtiyatı əldən versək, vaxtımızın çox hissəsi istirahətə, hobbilərimizə, internetdə dolaşmağa və ya televizora baxmağa gedəcək. Düzdür, bu işlərlə məşğul olmaqda pis bir şey yoxdur, amma yavaş-yavaş bu şeylər əvvəllər fərdi mütaliəyə və ruhani işlərə ayırdığımız vaxtı oğurlaya bilər. Gəlin bununla bağlı Emma * bacının hadisəsinə baxaq. Uşaqlıqdan onun atlara böyük həvəsi var idi. Yaranan ilk fürsətdə at sürməyə gedirdi. Bir müddətdən sonra bacı vaxtının çoxunu bu məşğuliyyətə sərf etdiyinə görə narahat olmağa başladı. Buna görə də o, dəyişikliklər elədi və nəticədə istirahətə tarazlı yanaşmağı öyrəndi. Ona həmçinin keçmiş rodeo yarışçısı Kori Velsin * hadisəsi də təsir eləmişdi. Emma bacı indi vaxtının çox hissəsini ibadətə, ailəsinə və dindaşlarına ayırır. Bacı indi özünü Yehovaya daha yaxın hiss eləyir və vaxtından ağılla istifadə elədiyi üçün çox xoşbəxtdir.

9. Maddi şeylər bəzi dindaşlarımızı qarşılarına ruhani məqsədlər qoymaqdan necə yayındırmışdı?

9 Maddi şeylər. Həmişə həqiqətdə yerimək üçün maddi şeylərə tarazlı yanaşmaq gərəkdir. Həqiqəti ilk dəfə öyrənməyə başlayanda ruhani məqsədlər maddi şeylərə olan marağımızı üstələmişdi. Həqiqətdə yerimək üçün maddi qurbanlar verdiyimizə görə sevinirdik. Ancaq vaxt keçdikcə başqalarının son model elektron cihazlar aldığını və maddi rifah içərisində yaşadığını görəndə özümüzü nələrdənsə məhrum hiss edə bilərik. Bu, əlimizdə olan şeylərlə qane olmamağa və diqqətimizi ibadətə yox, maddiyyata cəmləməyə gətirib çıxara bilər. Yəqin bu məqamda Dimasın hadisəsi yadınıza düşdü. Dimasın dünyaya olan sevgisi həvari Bulusla birgə etdiyi xidməti dayandırmasına gətirib çıxarmışdı (2 Tim. 4:10). Dimas nə üçün Bulusu tərk etmişdi? Görünür o, maddi şeyləri ruhani işlərdən çox sevmişdi, bəlkə də, Bulusla xidmət etmək üçün daha qurbanlar vermək istəmirdi. Buradan hansı nəticəni çıxarırıq? Ola bilsin, keçmişdə biz də maddi şeylərə üstünlük vermişik. Ehtiyatlı olmasaq, bu məhəbbət yenidən alovlana, hətta həqiqətə olan məhəbbətimizi söndürə bilər.

10. Həqiqət yolunda yerimək üçün hansı təzyiqlərə sinə gərməliyik?

10 Şəxsi münasibətlər. Həqiqət yolunda yeriməyə davam etmək istəyiriksə, Yehovaya xidmət etməyən insanların bizə təsir etməsinə yol verməməliyik. Həqiqəti öyrənməyə başlayanda Yehovanın Şahidi olmayan tanışlarımız və ailə üzvlərimizlə münasibətlərimiz dəyişdi. Bəziləri etiqadımıza normal yanaşdı, digərləri sərt qarşıladı (1 But. 4:4). Hərçənd biz ailə üzvlərimizlə münasibətlərimizi yaxşı saxlamağa və onlarla mehriban davranmağa çalışırıq, diqqətli olmalıyıq ki, onları razı salmaqdan ötəri Yehovanın qoyduğu qayda-qanunları pozmayaq. Ailə üzvlərimizlə münasibətləri qorumağa çalışmaqla yanaşı, 1 Korinflilərə 15:33 ayəsində yazılanları da yadda saxlayaraq yalnız Yehovanı sevənlərlə yaxın münasibətlər qurmalıyıq.

11. Allaha məqbul olmayan düşüncə və davranışdan necə uzaq dura bilərik?

11 Allaha məqbul olmayan düşüncə və davranış. Həqiqət yolunda yeriyənlər müqəddəs olmalıdır (Əşy. 35:8; 1 Butrus 1:14—16 ayələrini oxuyun). Həqiqətə gələndə hər birimiz Müqəddəs Kitabda yazılmış prinsiplərə uyğun yaşamaq üçün dəyişiklik etməli olmuşuq. Hətta bəziləri köklü dəyişikliklər ediblər. İstənilən halda, biz heç vaxt paklığı, müqəddəsliyi bu dünyanın pozğun həyat tərzinə dəyişməməliyik. Bəs əxlaqsızlığa sövq edən meyillərə məğlub olmamaq üçün nə edə bilərik? Yehovanın bizi müqəddəs etmək üçün ödədiyi yüksək dəyər — əziz Oğlu İsa Məsihin tökülən qanı haqqında düşünün (1 But. 1:18, 19). Yehovanın gözündə təmiz qalmaq üçün İsa Məsihin fidyə qurbanlığının nə qədər dəyərli olduğunu daima yadda saxlamalıyıq.

12, 13. a) Nə üçün bayramlara Yehovanın gözü ilə baxmaq vacibdir? b) Biz nəyi müzakirə edəcəyik?

12 Allaha məqbul olmayan işlər və adət-ənənələr. Ailədə, işdə, məktəbdə bizi ad günlərinə, bayramlara qatılmağa təhrik edə bilərlər. Bəs bu cür təzyiqlə üzləşəndə Yehovaya məqbul olmayan şənliklərdə iştirak etməmək üçün nə edə bilərik? Sözsüz ki, həmin şənliklərin nə üçün Yehovaya məqbul olmadığını unutmamalıyıq. Bunun üçün nəşrlərimizdən bayramların mənşəyi haqda yazılanları oxuya bilərik. Bayramlarda iştirak etməməyimizin səbəbi barədə düşünəndə Rəbbə məqbul olan yolda yeridiyimizə əmin olacağıq (Efes. 5:10). Yehovaya və Onun Kəlamına etibar etsək, «insan qorxusu»na qapılmayacağıq (Məs. 29:25).

13 Biz həqiqət yolunda əbədiyyət boyu yeriməyə ümid edirik. Bəs bu yolda yerimək qətiyyətimizi necə artıra bilərik? Bizə bu sahədə üç şey kömək edə bilər.

HƏQİQƏT YOLUNDA YERİMƏYƏ DAHA ƏZMLİ OLAQ

14. a) Müqəddəs Kitabı öyrənməyə davam etməyimiz onu satmamaq qətiyyətimizi necə möhkəmləndirir? b) Hikmət, tərbiyə və dərrakə nə üçün vacibdir?

14 İlk növbədə, Allahın Kəlamındakı dəyərli həqiqətləri öyrənməyə və üzərində düşünməyə davam edin. Bunu müntəzəm etmək üçün vaxt ayırın. Nə qədər çox mütaliə etsəniz, həqiqəti bir o qədər çox sevəcəksiniz və onu heç vaxt satmaq istəməyəcəksiniz. Bundan əlavə, həqiqəti almaq üçün Məsəllər 23:23 ayəsində deyildiyi kimi, «hikməti, tərbiyəni, dərrakəni» də almalıyıq. Təkcə bilik kifayət deyil, həqiqəti həyatımızda tətbiq etməliyik. Dərrakə sayəsində Yehovanın bütün dedikləri arasında uyğunluğu görə bilirik. Hikmət bizi bildiyimiz şeylərə uyğun davranmağa sövq edir. Hərdən həqiqət nələrin üzərində işləməli olduğumuzu göstərərək bizi tərbiyələndirir. Gəlin Yehovanın gümüşdən də qiymətli olan öyüdlərinə dərhal əməl edək (Məs. 8:10).

15. Həqiqət qurşağı bizi necə qoruyur?

15 İkincisi, hər gün Müqəddəs Kitab həqiqətlərinə uyğun yaşamağa qətiyyətli olun. Həqiqət qurşağını belinizə bağlayın (Efes. 6:14). Qədimdə qurşaq əsgərin belini və daxili orqanlarını qoruyurdu. Amma bunun üçün əsgər qurşağı belinə möhkəm bərkitməli idi. Boş bağlanmış qurşaq o qədər də effektiv deyildi. Bəs həqiqət qurşağı bizi necə müdafiə edir? Əgər həqiqəti qurşaq kimi belimizə möhkəm bərkitsək, o, bizi yanlış düşüncədən qoruyacaq və düzgün qərarlar verməyə kömək edəcək. Sınaqlarla üzləşən zaman, yaxud səhv iş görməyə meyil edəndə Müqəddəs Kitab həqiqəti sayəsində Allaha məqbul davranmağa qətiyyətli olacağıq. Əsgər döyüşə qurşaqsız getmədiyi kimi, biz də həqiqət qurşağını belimizdən çıxarmamağa qətiyyətli olmalıyıq. Onu belimizə bərk-bərk bağlamalı, yəni həqiqətə uyğun yaşamalıyıq. Əsgərin taxtığı qurşaqda həmçinin qılınc taxmaq üçün yer olurdu. Gəlin görək ruhun qılıncı həqiqət yolunda yerimək qətiyyətimizi necə möhkəmləndirə bilər.

16. Həqiqəti başqaları ilə bölüşmək həqiqət yolunda yerimək qətiyyətimizi necə möhkəmləndirir?

16 Üçüncüsü, çalışın Müqəddəs Kitabdakı həqiqətləri başqalarına öyrətməyə mümkün qədər çox vaxt sərf edəsiniz. Bu yolla «ruhun qılıncını, yəni Allahın sözünü» əlinizdə bərk-bərk tutacaqsınız (Efes. 6:17). Hər birimiz «həqiqət kəlamından düzgün istifadə» etmək üçün müəllimlik qabiliyyətimizi inkişaf etdirməyə can atmalıyıq (2 Tim. 2:15). Biz Müqəddəs Kitabdan istifadə edərək insanlara həqiqəti öyrətməklə Allahın sözlərini öz ürəyimizə və zehnimizə həkk edirik və nəticədə həqiqətdə yerimək əzmimiz möhkəmlənir.

17. Nəyə görə həqiqət sizin üçün dəyərlidir?

17 Həqiqət Yehovanın bizə dəyərli bəxşişidir. Onun sayəsində biz ən dəyərli şeyə, Allahımız Yehova ilə yaxın münasibətlərə sahibik. Bu günə qədər öyrəndiklərimiz hələ başlanğıcdır. Allah bizə əbədiyyət boyu təlim verəcəyini vəd edib. Odur ki, həqiqəti dəyərli mirvaritək qiymətləndirin. «Həqiqəti al, onu satma» göstərişinə əməl etməyə davam edin. Onda «mənə Öz yolunda təlim ver, həqiqətində addımlayım» deyən Davud peyğəmbər kimi sözünüzün üstündə dura biləcəksiniz (Zəb. 86:11).

^ abz. 8 Ad şərtidir.

^ abz. 8 JW televiziyasında MÜSAHİBƏ VƏ HƏYAT HEKAYƏLƏRİ > HƏQİQƏT HƏYATLARI DƏYİŞİR bölməsinə baxın.