Kontentə keç

Mündəricatı göstər

Xeyirxahlıq. Sözdə və əməldə izhar olan fəzilət

Xeyirxahlıq. Sözdə və əməldə izhar olan fəzilət

XEYİRXAH bir əməl insana nə qədər sevinc və məmnunluq gətirir! Kiminsə bizi düşündüyünü bilmək çox gözəl hissdir. Bəli, xeyirxahlıq hamı tərəfindən bəyənilir. Bəs biz bu xüsusiyyəti necə təzahür etdirə bilərik?

Xeyirxahlıq səmimi-qəlbdən başqalarının rifahını düşünmək və bunu xoş sözdə və əməldə göstərmək deməkdir. Xeyirxahlıq sadəcə nəzakətli davranış deyil. Əsl xeyirxahlıq məhəbbət və şəfqət hissindən qaynaqlanır. Ən başlıcası isə bu xüsusiyyət hər bir məsihinin yetişdirməli olduğu müqəddəs ruhun bəhrəsidir (Qal. 5:22, 23). Gəlin bu xüsusiyyəti inkişaf etdirmək üçün Yehova Allahın və İsa Məsihin bu sahədə qoyduğu nümunəyə baxaq.

YEHOVA HAMIYA QARŞI XEYİRXAHDIR

Yehova Allah hamıya, hətta «naşükürlərə və pislərə» qarşı xeyirxah və anlayışlıdır (Luka 6:35). «O, günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun. Yağışa əmr edir ki, salehlərin də, qeyri-salehlərin də üzərinə yağsın» (Mət. 5:45). Buna görə də Yehovanı Yaradan kimi qəbul etməyən insanlar belə, Onun yaşamaq üçün verdiyi nemətlərdən dada və xoşbəxtlik duya bilirlər.

Yehovanın Adəmlə Həvva üçün etdikləri xeyirxahlığın bariz nümunəsidir. Onlar günah edəndən sonra «əncir yarpaqlarını bir-birinə tikib özləri üçün fitə düzəltdilər». Amma Yehova bilirdi ki, onlar «tikan və qanqal» bitirən lənətlənmiş torpaqda, Ədəndən kənarda yaşayacaqları üçün müvafiq paltara ehtiyac duyacaqlar. Odur ki, xeyirxah Allahımız Yehova onlar üçün «dəridən uzun paltar düzəltdi» (Yar. 3:7, 17, 18, 21).

Yehova Allah həm pislərə, həm də yaxşılara xeyirxahlıq göstərsə də, sədaqətli bəndələrinə xeyirxahlıq göstərməyi daha çox sevir. Misal üçün, Zəkəriyyə peyğəmbərin dövründə bir mələk Yerusəlimdəki məbədin bərpa işlərinin dayandığını görüb çox pərişan olmuşdu. Yehova bu mələyin narahatçılığını diqqətlə dinləmiş, ona «xoş, təsəlliverici sözlərlə» cavab vermişdi (Zək. 1:12, 13). O, İlyas peyğəmbərə də buna bənzər münasibət göstərmişdi. Bir dəfə peyğəmbər o qədər kədərli olur ki, Allahdan ölüm diləyir. Allah İlyas peyğəmbərin hisslərinə biganə yanaşmır və mələyi vasitəsilə onu möhkəmləndirir. Üstəlik, peyğəmbərinə tək qalmadığını bildirir. İlyas peyğəmbər Yehovanın bu sözlərindən və göstərdiyi köməkdən toxtaqlıq taparaq ona tapşırılan işi icra edə bilir (1 Pad. 19:1—18). Bəs Allahın xidmətçiləri arasında Onun xeyirxahlıq xüsusiyyətini ən gözəl kim təzahür etdirib?

İSA MƏSİH — XEYİRXAHLIQ ÖRNƏYİ

Yer üzündə xidmətini icra edən zaman İsa Məsih xeyirxahlığı və anlayışı ilə tanınırdı. O, heç vaxt kobud və hökmlü davranmırdı. İsanın nə qədər xeyirxah olduğunu canıyananlıqla söylədiyi sözlərdən görmək olar. O demişdi: «Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm... Çünki boyunduruğum rahat, yüküm yüngüldür» (Mət. 11:28—30). İsanın xeyirxahlığı insanları onun ardınca getməyə təşviq edirdi. İnsanlara yazığı gəldiyi üçün acları doyuzdurur, xəstələri sağaldır və onlara Allah haqqında «çox şey» öyrədirdi (Mark 6:34; Mət. 14:14; 15:32—38).

Məsihin insanlara anlayış göstərməsi onun nə qədər xeyirxah olduğunu göstərir. İsa hətta dincəlmək üçün ayırdığı vaxtda belə, yanına gələnləri «mehribanlıqla» qarşılayırdı (Luka 9:10, 11). Məsələn, bir dəfə on iki ildir qanaxmadan əziyyət çəkən bir qadın Qanuna əsasən murdar sayıldığı halda İsanın paltarına toxunur. İsa qorxudan tir-tir əsən bu qadını məzəmmət etmir (Lav. 15:25—28). Əksinə, şəfqətlə ona deyir: «Bacım, imanın səni sağaltdı. Salamat get. Qoy bu əzablı xəstəlik səni bir də narahat etməsin» (Mark 5:25—34). Necə də böyük xeyirxahlıqdır!

XEYİRXAHLIQ ƏMƏLDƏ TƏZAHÜR OLUNMALIDIR

Yuxarıdakı nümunələrdən göründüyü kimi, xeyirxahlıq əməldə təzahür olunur. İsa Məsih səməriyyəli haqda məsəldən bunun vacibliyini göstərmişdi. Səməriyyəlilərlə yəhudilər arasında düşmənçilik olsa da, məsəldəki səməriyyəli adamın qarət olunmuş, döyülüb ölümcül hala salınmış yəhudiyə yazığı gəlir. Xeyirxahlıq səməriyyəlini hərəkətə təşviq edir. O, həmin adamın yaralarını sarıyıb karvansaraya gətirir. Onun qayğısına qalması üçün karvansara sahibinə pul verir və əlavə xərci çıxarsa, ödəyəcəyini söyləyir (Luka 10:29—37).

Xeyirxahlıq əməllə yanaşı, düşünülmüş, ürəkaçan sözlərdə də təzahür olunur. Müqəddəs Kitabda da deyildiyi kimi, nigarançılıq ürəyi sıxanda deyilən «xoş söz könlü şad edər» (Məs. 12:25). Xeyirxahlıq və yaxşılıq * xüsusiyyəti bizi ruhlandırıcı sözlər söyləyərək başqalarının əhvalını yüksəltməyə təşviq edir. Beləcə, insanlar onları düşündüyümüzü görüb ruhlanacaq və üzləşdikləri çətinliklərin öhdəsindən gəlməyə güc tapacaqlar (Məs. 16:24).

XEYİRXAH OLMAĞI ÖYRƏNƏK

Allahın bənzərində yaradıldığımız üçün hər birimiz xeyirxahlıq xüsusiyyətini yetişdirə bilərik (Yar. 1:27). Məsələn, Romaya gedərkən Bulusa nəzarət edən yüzbaşı Yuli ona xeyirxahlıq göstərmişdi. Bulusa izin vermişdi ki, Sidon şəhərindəki «dostlarının yanına getsin və dostları ona qulluq etsin»lər (Həv. 27:3). Başqa vaxt isə Malta sakinləri gəmi qəzasından sağ çıxmış Bulusa və onunla olanlara «misilsiz insanpərvərlik» göstərmiş, hətta isinmələri üçün tonqal qalamışdılar (Həv. 28:1, 2). Onların bu xeyirxahlığı həqiqətən də tərifəlayiqdir. Lakin hərdənbir xeyirxahlıq etmək hələ xeyirxah olmaq demək deyil.

Yehovanın bizdən razı qalması üçün xeyirxahlıq şəxsiyyətimizin bir hissəsi, həyat tərzimiz olmalıdır. Buna görə də Yehova bizə xeyirxahlığı geyinməyi buyurur (Kol. 3:12). Düzdür, bu ilahi fəziləti həmişə təzahür etdirmək asan deyil. Utancaqlıq, özümüzə əminsizlik, üzləşdiyimiz təqiblər, daxilimizdə qalan xudbinlik izləri və digər amillər xeyirxahlıq göstərməyimizə əngəl ola bilər. Lakin Yehovanın müqəddəs ruhuna arxalanmaq və Onun xeyirxahlığını örnək götürmək bizə bu maneələri aşmağa kömək edəcək (1 Kor. 2:12).

Bəs sizə hansı sahələrdə xeyirxahlıq göstərməyi öyrənmək lazımdır? Özünüzə növbəti sualları verin: «Şəfqətlə dinləməyi bacarıram? Başqalarının nəyə ehtiyac duyduğuna diqqət yetirirəm? Axırıncı dəfə nə vaxt ailə üzvüm və ya dostum olmayan birinə xeyirxahlıq göstərmişəm?» Sonra isə qarşınıza ətrafınızdakı insanları, ələlxüsus da yığıncaq üzvlərini daha yaxından tanımağı və bu kimi digər məqsədləri qoya bilərsiniz. Bu yolla onların vəziyyətindən və ehtiyaclarından xəbərdar olacaqsınız. Sonra özünüzü onların yerinə qoymalı və özünüzə qarşı görmək istədiyiniz xeyirxahlığı onlara göstərməyə çalışmalısınız (Mət. 7:12). Xeyirxahlıq xüsusiyyətini yetişdirmək üçün Yehovadan kömək istəsəniz, O, cəhdlərinizi uğurlu edəcək (Luka 11:13).

İNSANLARI CƏLB EDƏN XÜSUSİYYƏT

Həvari Bulus Allahın xidmətçisinə xas xüsusiyyətlərin sırasında xeyirxahlığı da vurğulamışdı (2 Kor. 6:3—6). Elə onun insanların rəğbətini qazanmasına səbəb də sözdə və əməldə xeyirxahlıq göstərməsi idi (Həv. 28:30, 31). Biz də xeyirxah davranışımızla insanları həqiqətə cəlb edə bilərik. Hamıya, hətta bizə qarşı çıxanlara da xeyirxahlıq göstərməklə onların ürəyini yumşalda və qəzəblərini yatıra bilərik (Rom. 12:20). Nə bilirsiniz, bəlkə, bu insanlar bir gün Müqəddəs Kitaba maraq göstərəcək?!

Yer üzü cənnətə çevriləndə saysız-hesabsız dirilmiş insanlar əsl xeyirxahlığı dadacaqlar. Bəlkə də, bu onların həyatında ilk dəfə olacaq. Minnətdarlıqdan irəli gələrək onlar da başqalarına xeyirxahlıq göstərməyə təşviq olunacaqlar. İnsanlara xeyirxahlıq etməkdən və köməklik göstərməkdən imtina edən heç bir kəs Allahın Padşahlığının hakimiyyəti altında əbədi yaşaya bilməyəcək. Xeyirxahlıq göstərib Allahdan əbədi yaşamaq razılığı alan insanlar isə bir-birinə can deyib, can eşidəcəklər (Zəb. 37:9—11). Həmin vaxt dünya sülh içərisində olacaq. Bəs bu gözəl günlər gələnə qədər xeyirxahlığın faydasını necə görə bilərik?

XEYİRXAHLIQ GÖSTƏRƏK, XEYİR TAPAQ

Müqəddəs Kitabda yazılıb: «Xeyirxah adam özünə xeyir edir» (Məs. 11:17). Adətən xeyirxah insan başqalarının rəğbətini tez qazanır və insanlar da onunla xeyirxah davranır. İsa Məsih demişdi: «Hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər» (Luka 6:38). Ona görə də xeyirxah insanın dostu çox olar.

Həvari Bulus Efes yığıncağına növbəti məsləhəti vermişdi: «Bir-birinizə qarşı xeyirxah, şəfqətli olun,.. bir-birinizi ürəkdən bağışlayın» (Efes. 4:32). Yığıncağın bütün üzvləri bir-birinə şəfqət, xeyirxahlıq göstərəndə, kömək əli uzadanda bu hər kəsə xeyir gətirir. Belə yığıncaqda heç kim kobudluğa, tənqidə, sarkazma və qeybətə yol verməyəcək. Əksinə, sözləri ilə bir-birinə dayaq olacaq (Məs. 12:18). Belə olan təqdirdə yığıncaq getdikdə möhkəmlənəcək və hər kəs Yehovaya sevinclə xidmət edəcək.

Bəli, xeyirxahlıq sözdə və əməldə görünən fəzilətdir. Biz xeyirxah olanda mehriban və səxavətli Allahımıza bənzəmiş oluruq (Efes. 5:1). Bu xüsusiyyətin sayəsində yığıncağımızı möhkəmləndirəcək və insanları həqiqi ibadətə cəlb edəcəyik. Qoy bizi həmişə xeyirxah insan kimi tanısınlar!

^ abz. 13 «Ruhun bəhrəsi»nə həsr olunmuş bu silsilənin növbəti məqaləsində yaxşılıq xüsusiyyəti barədə oxuya bilərsiniz.