Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 48

«Başladığınız işi tamamlayın»

«Başladığınız işi tamamlayın»

«Başladığınız işi tamamlayın» (2 Kor. 8:11).

NƏĞMƏ 35 Daha vacib şeyləri ayırd edək

İCMAL *

1. Yehova bizə hansı azadlığı verib?

YEHOVA ALLAH bizə həyat yolumuzu seçmək azadlığı verib. O bizə düzgün qərarlar verməyi öyrədir və Ona məqbul qərarlarımızı həyata keçirməyə kömək edir (Zəb. 119:173). Müqəddəs Kitabdakı hikmətli məsləhətlərə nə qədər çox əməl etsək, daha yaxşı qərarlar verəcəyik (İbr. 5:14).

2. Qərar verdikdən sonra hansı çətinliklə üzləşə bilərik?

2 Hətta düzgün qərar verəndə də, başladığımız işi tamamlamaq bizə çətin gələ bilər. Gəlin bəzi nümunələrə baxaq: Gənc qardaş Müqəddəs Kitabı başdan-ayağa oxumaq qərarına gəlir. Bir neçə həftə ərzində bunu etsə də, müəyyən səbəbdən oxumağı dayandırır. Bir bacı öncül kimi xidmət etməyi qərarlaşdırır, amma başlayacağı vaxtı hər dəfə təxirə salır. Ağsaqqallar şurası qərara gəlir ki, bacı-qardaşlara ruhlandırıcı ziyarətlər etsinlər, amma üstündən aylar keçsə də, qərarın icrasına başlanılmır. Hər bir vəziyyət fərqli olsa da, ortaq bir cəhət var: onlar verdikləri qərarı tam yerinə yetirməyiblər. Birinci əsrdə Korinf şəhərində yaşayan məsihilərin də buna bənzər çətinliyi var idi. Gəlin görək onlardan nə öyrənə bilərik.

3. Korinflilər hansı qərarı vermişdilər, bəs nə baş verdi?

3 Eramızın təxminən 55-ci ilində Korinfdəki məsihilər vacib bir qərar verdilər. Onlar Yerusəlim və Yəhudiyyədəki dindaşlarının çətinliklərlə üzləşdiyini və yoxsulluqdan əziyyət çəkdiyini eşitmişdilər. Xəbər çatmışdı ki, bəzi yığıncaqlar onlara kömək etmək üçün pul yığır. Korinflilər xeyirxahlıq və səxavətdən irəli gələrək bu təşəbbüsə qoşulmaq qərarına gəlir və həvari Bulusdan məsləhət alır. Bulus yığıncağa göstəriş verir və pul yığmaq işini Titusa tapşırır (1 Kor. 16:1; 2 Kor. 8:6). Lakin bir neçə ay sonra Bulus öyrənir ki, korinflilər hələ də bəxşiş toplamayıblar. Bu o demək idi ki, digər yığıncaqların bəxşişləri Yerusəlimə göndərilən vaxt onların bəxşişi hazır olmayacaqdı (2 Kor. 9:4, 5).

4. 2 Korinflilərə 8:7, 10, 11 ayələrinə əsasən, Bulus korinfliləri nəyə səsləmişdi?

4 Korinflilərin verdiyi qərar yaxşı idi, Bulus da onları möhkəm imanlarına və səxavət göstərmək istəklərinə görə tərifləmişdi. Eyni zamanda onları başladıqları işi tamamlamağa səsləmişdi. (2 Korinflilərə 8:7, 10, 11 ayələrini oxuyun.) Onların nümunəsi göstərir ki, hətta sadiq məsihilər də bəzən verdikləri düzgün qərarı icra etməyə çətinlik çəkir.

5. Hansı suallara cavab tapacağıq?

5 Korinflilər kimi, biz də verdiyimiz qərarları başa çatdırmağa çətinlik çəkə bilərik. Ola bilsin, qeyri-kamil olduğumuz üçün bunu hər dəfə təxirə salırıq. Yaxud gözlənilməz hadisələr qərarımızı yerinə yetirməyimizə mane olur (Vaiz 9:11; Rom. 7:18). Verdiyimiz qərara yenidən nəzər salıb, düzəlişə ehtiyac olub-olmadığını necə müəyyən edə bilərik? Başladığımız işi tamamlamaq üçün nə etməliyik?

QƏRAR VERMƏZDƏN ÖNCƏ

6. Nə vaxt verdiyimiz qərarları dəyişmək lazım gələ bilər?

6 Verdiyimiz bəzi qərarları dəyişmək istəməzdik. Məsələn, Yehovaya xidmət etmək qərarına bağlı qalırıq, həyat yoldaşımıza sadiq qalmağa qəti qərarlıyıq (Mət. 16:24; 19:6). Amma elə qərarlar var ki, onlara düzəliş etmək lazım gələ bilər. Səbəb vəziyyətimizin dəyişməsi ola bilər. Maksimum dərəcədə yaxşı qərarlar vermək üçün nə edə bilərik?

7. Allahdan nə diləməliyik və nə üçün?

7 Hikmət diləyin. Yehova Yaqub vasitəsilə bu sözləri yazdırmışdı: «Əgər sizlərdən kiminsə hikməti çatışmırsa, qoy hər kəsə səxavətlə və qınamadan verən Allahdan diləsin və ona veriləcək» (Yaq. 1:5). Müəyyən mənada hər birimizin hikməti çatışmır. Odur ki, həm qərar verəndə, həm də qərarınıza nəzər salanda Yehovaya üz tutun. Yehova sizə düzgün qərar verməkdə kömək edəcək.

8. Qərar verməzdən öncə nələri yaxşıca araşdırmalıyıq?

8 Yaxşıca araşdırın. Allahın Kəlamına üz tutun, Yehovanın təşkilatı vasitəsilə verdiyi nəşrləri oxuyun, yetkin insanlardan məsləhət alın (Məs. 20:18). Xüsusilə də işinizi dəyişmək, başqa yerə köçmək üçün qərar verməli olanda, yaxud özünüzü dolandırmağa və xidməti davam etməyə kömək edəcək təhsil seçəndə yaxşıca ölçüb-biçmək vacibdir.

9. Özümüzə qarşı dürüst olmağın hansı faydası var?

9 Niyyətinizi yoxlayın. Niyyətlərimiz Yehova üçün önəmlidir (Məs. 16:2). O, hər sahədə dürüst olmağımızı istəyir. Odur ki, qərar verərkən həm özümüzə, həm də başqalarına qarşı dürüst olmalıyıq. Əgər tam dürüst olmamışıqsa, qərarımıza axıra qədər bağlı qalmaq çətin olacaq. Məsələn, bir gənc qardaş öncül olmaq qərarını verir. Lakin bir müddətdən sonra o, saat normasını tamamlaya bilmir və xidmətdə sevincini itirir. Bəlkə də, qardaş öncüllüyə Yehovanı razı salmaq üçün başladığını düşünürdü. Amma ola bilərmi ki, əsl səbəb valideynlərini, yaxud digər kimisə razı salmaq olsun?

10. Dəyişiklik etmək üçün nə gərəkdir?

10 Gəlin Müqəddəs Kitabı öyrənən bir nəfəri təsəvvür edək. O, siqareti atmaq qərarına gəlir. Əvvəl-əvvəl bu ona çətin olur. Bir-iki həftə çətinliyə dözsə də, sonra yenidən siqaret çəkməyə başlayır. Lakin sonda o, siqareti tərgidə bilir! Yehovaya məhəbbəti və Onu razı salmaq istəyi ona bu vərdişin öhdəsindən gəlməyə kömək edir (Kol. 1:10; 3:23).

11. Nə üçün konkret məqsədlər qoymalıyıq?

11 Konkret məqsədlər qoyun. Nə qədər konkret olsanız, başladığınız işi tamamlamaq bir o qədər asan olacaq. Tutaq ki, Müqəddəs Kitabı müntəzəm oxumaq qərarına gəlmisiniz. Əgər konkret cədvəliniz yoxdursa, məqsədinizə çatmaya bilərsiniz *. Yaxud ola bilsin, ağsaqqallar bacı-qardaşları daha tez-tez ziyarət etmək qərarına gəlib, amma bir müddət sonra bu qərara bağlı qalmırlar. Qərarlarına uyğun davranmaq üçün onlar bu cür sualların üzərində düşünə bilər: «Ruhlandırıcı ziyarətə ehtiyacı olan bacı-qardaşların siyahısını tutmuşuq? Onları ziyarət etmək üçün konkret vaxt təyin etmişik?»

12. Nə etmək lazım gələ bilər və nə üçün?

12 Realist olun. Heç birimizin o qədər vaxtı, gücü, yaxud vəsaiti yoxdur ki, istədiyi hər şeyi etsin. Odur ki, realist və dərrakəli olun. Verdiyiniz qərarı həyata keçirməyə gücünüz çatmırsa, onu dəyişmək lazım gələ bilər (Vaiz 3:6). Tutaq ki, qərarınıza yenidən nəzər saldınız, lazımi dəyişiklik etdiniz və indi onu tamamlaya biləcəyinizi düşünürsünüz. Gəlin başladığınız işi tamamlamağa kömək edəcək beş addıma nəzər salaq.

QƏRARI HƏYATA KEÇİRMƏK ÜÇÜN BEŞ ADDIM

13. Qərarınızı icra etmək üçün gücü haradan ala bilərsiniz?

13 Yehovadan güc diləyin. Allah «fəaliyyət göstərməyiniz üçün sizə güc» verməyə qadirdir (Filip. 2:13). Odur ki, qərarınızı həyata keçirməyə güc verməsi üçün Allahdan müqəddəs ruh diləyin. Hətta duanıza cavabın gecikdiyini düşünsəniz belə, dua etməyə davam edin. İsa Məsihin də dediyi kimi, «durmadan diləyin, sizə [müqəddəs ruh] veriləcək» (Luka 11:9, 13).

14. Məsəllər 21:5 ayəsindəki prinsip qərarınızı həyata keçirməyə necə kömək edə bilər?

14 Plan qurun. (Məsəllər 21:5 ayəsini oxuyun.) İstənilən layihəni başa çatdırmaq üçün plan qurmalısınız. Sonra plana uyğun hərəkət etməlisiniz. Eləcə də, qərar verəndə onu həyata keçirmək üçün etməli olduğunuz hər şeyin siyahısını tutun. Böyük işləri kiçik hissələrə ayırmaq sizə gördüyünüz işlərin gedişatını izləməyə kömək edəcək. Həvari Bulus korinflilərə məsləhət görmüşdü ki, onun gəlişini gözləməkdənsə, ianə üçün pulu «hər həftənin birinci günü» ayırıb qırağa qoysunlar (1 Kor. 16:2). Bundan əlavə, böyük işləri hissələrə ayırmaq sizi lüzumsuz gərginlik hissindən azad edə bilər.

15. Plan qurduqdan sonra nə etmək olar?

15 Qurduğunuz planı bir yerə yazmaq sizə qərarınızı həyata keçirməyə kömək edəcək (1 Kor. 14:40). Misal üçün, ağsaqqallar şurasına göstəriş verilib ki, verdikləri hər qərarı, eləcə də qərarı icra edəcək şəxsi və işin bitmə tarixini qeydə alan bir ağsaqqal təyin etsinlər. Ağsaqqallar bu göstərişə uyğun davrananda verdikləri qərarları icra etmək onlara daha asan olur (1 Kor. 9:26). Şəxsi işlərinizi görəndə də bu üsulu tətbiq edə bilərsiniz. Misal üçün, gündəlik görəcəyiniz işlərin siyahısını tutun və vacibliyinə görə sıralayın. Bunun sayəsində siz nəinki başladığınız işi bitirəcək, hətta az vaxtda çox iş görəcəksiniz.

16. Qərarı həyata keçirmək üçün daha nə lazımdır və Romalılara 12:11 ayəsi bunu necə təsdiqləyir?

16 Can qoyun. Qurduğunuz plana uyğun davranmaq və başladığınız işi tamamlamaq üçün səy göstərmək lazımdır. (Romalılara 12:11 ayəsini oxuyun.) Bulus Timutiyə yaxşı müəllim olmaq üçün özünü təlim verməyə həsr etməyi və bunlardan bərk-bərk yapışmağı məsləhət görmüşdü. Bu məsləhət digər ruhani məqsədlərə də tətbiqolunandır (1 Tim. 4:13, 16).

17. Efeslilərə 5:15, 16 ayələrini tətbiq etmək qərarımızı həyata keçirməyə necə kömək edə bilər?

17 Vaxtınızı düzgün planlaşdırın. (Efeslilərə 5:15, 16 ayələrini oxuyun.) Qərarınızı icra etmək üçün bir vaxt təyin edin və bu vaxtı dəyişməyin. İşə başlamaq üçün mükəmməl vaxtın gələcəyini gözləməyin, ola bilsin ki, belə bir vaxt heç vaxt gəlməsin (Vaiz 11:4). Daha vacib şeylər üçün gərəkli olan vaxtınızı və gücünüzü az əhəmiyyətli şeylərə ayırmayın (Filip. 1:10). Mümkündürsə, fikrinizin yayınmayacağı bir vaxt seçin. Diqqətinizi cəmləmək üçün sizə vaxt lazım olduğunu başqalarına bildirin. Çalışın telefonunuzu söndürəsiniz, e-mailinizə və sosial şəbəkələrə başqa vaxt daxil olasınız *.

18, 19. Verdiyiniz qərarı başa çatdırmaq çətin olanda sizə nə kömək edə bilər?

18 Diqqətinizi nəticəyə cəmləyin. Verdiyiniz qərarın nəticəsi, sanki səyahətinizin son nöqtəsidir. Mənzil başına çatmaq istəyən insan yol bağlı olduğuna görə yolunu dəyişməli olsa da, irəliləməyə davam edəcək. Eynilə, qərarınızın nəticəsi haqda düşünmək kömək edəcək ki, çətinliklə üzləşəndə, yaxud alternativ yollar axtarmalı olanda təslim olmayasınız (Qal. 6:9).

19 Yaxşı qərar vermək çətin olduğu kimi, onu həyata keçirmək də çətin ola bilər. Lakin Yehovanın köməyi sayəsində başladığınız işi tamamlamaq üçün lazım olan hikmət və gücə sahib ola bilərsiniz.

NƏĞMƏ 65 İrəli get!

^ abz. 5 Olurmu ki, verdiyiniz bəzi qərarların peşmançılığını çəkəsiniz? Yaxud yaxşı qərar verib onu həyata keçirmək bəzən sizə çətin gəlir? Məqalə bu kimi çətinlikləri aşmağa və başladığınız işi tamamlamağa kömək edəcək.

^ abz. 11 Müqəddəs Kitabı plan üzrə oxumaq üçün jw.org® saytında yerləşən «Müqəddəs Kitabın mütaliə cədvəli»ndən faydalana bilərsiniz.

^ abz. 17 Vaxtı düzgün planlaşdırmaqla bağlı ətraflı məlumat almaq üçün «Oyanın!» jurnalının 2010-cu il aprel sayında dərc olunan «Vaxtın qədrini bilməyin 20 yolu» adlı məqaləyə (rus.) baxa bilərsiniz.