BİOQRAFİYA
«Yehova məni unutmadı»
MƏN təxminən 2000 nəfərlik əhalisi olan amerindlərin kəndi Orialada (Qayana, Cənubi Amerika) yaşayıram. Bu kənd ucqar ərazidə yerləşir. Bura yalnız təyyarə və qayıqla gəlmək olar.
Mən 1983-cü ildə anadan olmuşam. Balaca olanda sağlam uşaq idim. Amma 10 yaşım olanda bütün bədənimdə dəhşətli ağrılar hiss etməyə başladım. Təxminən iki il sonra bir gün oyandım ki, tərpənə bilmirəm. Ayaqlarımı tərpətməyə nə qədər çalışsam da, onlarda təpər yox idi. O gündən etibarən bir daha yeriyə bilmədim. Xəstəlik ucbatından orqanizmimdə böyümə prosesi dayandı. Bu gün mən balaca uşaq boydayam.
Mən bir neçə ay idi ki, evdən çölə çıxmırdım. Bir gün iki Yehovanın Şahidi qapımızı döydü. Adətən kimsə gələndə gizlənirdim, amma bu dəfə imkan yaratdım ki, qadınlar mənimlə danışsınlar. Onlar Cənnət haqqında danışdıqca təxminən beş yaşımda eşitdiklərim yadıma düşdü. O vaxt Surinamda yaşayan Cetro adında bir xüsusi təyinatlı müjdəçi bir aylıq bizim kəndə gəlmişdi. O, atama Müqəddəs Kitab dərsi keçirdi. Cetro mənə qarşı çox mehriban idi. Mən onu çox istəyirdim. Həmçinin babamgil məni bəzən Yehovanın Şahidlərinin kəndimizdə keçirilən yığıncağına aparırdı. Buna görə də həmin gün qapımızı döyən qadınlardan biri, Florens daha çox bilik almaq istəyib-istəmədiyimi soruşanda dedim ki, istəyirəm.
Növbəti dəfə Florens həyat yoldaşı Castasla gəldi. Onlar mənimlə Müqəddəs Kitab dərsi keçməyə başladı. Görəndə ki, oxuya bilmirəm, mənə oxumağı öyrətdilər. Bir müddət sonra artıq özüm sərbəst oxuya bilirdim. Bir gün bu cütlük mənə dedi ki, onlar Surinama təyin olunub. Təəssüflər olsun ki, Orialada mənimlə dərsi davam etdirəcək başqa heç kəs yox idi. Amma nə yaxşı ki, Yehova məni unutmadı.
Çox keçmədi ki, Orialaya Floyd adlı öncül gəldi. O, «daxma-daxma» təbliğ edərkən mənimlə qarşılaşdı. Mənimlə Müqəddəs Kitab dərsi keçmək haqqında danışanda gülümsədim. O soruşdu ki, niyə gülürəm, dedim ki, mən artıq «Allah bizdən nə tələb edir?» broşürünü qurtarıb «Əbədi həyata aparan bilik» * kitabına başlamışdım. Dərsimin nəyə görə yarımçıq qaldığını izah etdim. Floyd mənimlə «Bilik» kitabını keçib qurtardı. Amma sonra onu da başqa yerə təyin etdilər. Yenə müəllimsiz qaldım.
2004-cü ildə Qranvil və Coşua adlı iki xüsusi öncül Orialaya təyin olundu. Onlar «daxma-daxma» təbliğ edərkən məni tapdılar. Onlar mənə Müqəddəs Kitab dərsi keçməyi təklif edəndə gülümsədim. Onlardan xahiş etdim ki, mənə «Bilik» kitabını başdan keçsinlər. Bilmək istəyirdim ki, mənə əvvəlki müəllimlərimin öyrətdiklərini öyrədəcəklər, ya yox. Qranvil mənə dedi ki, kənddə yığıncaqlar keçiriləcək. On il idi ki evdən çölə çıxmamağıma baxmayaraq, yığıncağa getmək istədim. Beləcə, Qranvil məni əlil arabasına qoyub ibadət evinə apardı.
Bir müddət sonra Qranvil məni təşviq etdi ki, Teokratik Xidmət Məktəbinə yazılım. O dedi: «Əlil olsan da, danışa bilirsən. Gün gələcək açıq məruzə söyləyəcəksən. Bu, mütləq olacaq!» Onun ruhlandırıcı sözləri məndə əminlik yaratdı.
Mən Qranvillə təbliğdə əməkdaşlıq etməyə başladım. Amma kəndin torpaq yolları çox kələ-kötür olduğu üçün əlil arabasını sürmək olmurdu. Qranvildən xahiş etdim ki, məni əl arabasına qoyub sürsün. Bu çox yaxşı çıxış yolu idi. 2005-ci ilin aprel ayında vəftiz olundum. Qısa müddət sonra qardaşlar mənə yığıncağın ədəbiyyatına baxmağı və ibadət evindəki səs avadanlığını işlətməyi öyrətdilər.
2007-ci ildə atam qayıqla gedərkən baş verən bədbəxt hadisə zamanı həlak oldu. Ailəmiz kədər içində idi. Qranvil bizim üçün dua etdi, Müqəddəs Kitabdan təsəlliverici ayələr oxudu. İki il keçməmiş növbəti faciə ilə üzləşdik, Qranvil qayıq qəzasında həyatını itirdi.
Bizim yaslı yığıncağımız ağsaqqalsız qaldı, bircə yığıncaq xidmətçimiz var idi. Qranvilin itkisi mənə çox ağır gəlirdi, o mənim üçün əziz dost idi. O həmişə mənə həm fiziki, həm ruhani cəhətdən dayaq olurdu. Onun ölümündən sonrakı yığıncaqda mənə «Gözətçi qülləsi» müzakirəsində abzasları oxumağı tapşırdılar. İki abzas oxumuşdum ki, məni ağlamaq tutdu, göz yaşlarımı saxlaya bilmirdim, səhnədən düşməli oldum.
Başqa yığıncaqdan qardaşların Orialaya, bizə köməyə gəlməsi ilə xeyli toxtaqlıq tapdım. Filial Kojo adlı bir xüsusi öncül də göndərdi. Anamın, balaca qardaşımın Müqəddəs Kitabı öyrənib vəftiz olmaları məni çox sevindirdi. 2015-ci il mart ayında məni yığıncaq xidmətçisi təyin etdilər. Bir müddət sonra mən ilk açıq məruzəmi söylədim. Həmin gün üzümdə həm gülüş, həm göz yaşı Qranvilin illər öncə mənə dediyi sözləri xatırladım: «Gün gələcək açıq məruzə söyləyəcəksən. Bu, mütləq olacaq!»
JW televiziyası vasitəsilə gördüm ki, mənim vəziyyətimdə olan bacı-qardaşlarım var. Amma məhdudiyyətlərinə baxmayaraq, onlar xidmətdə çox şey edirlər və xoşbəxtdirlər. Deməli, mən də bacararam. Bütün gücümü Yehovanın yolunda sərf etmək istədiyim üçün öncül xidmətinə başladım. 2019-cu ilin sentyabrında heç gözləmədiyim bir xoş xəbər aldım! Həmin ay bildim ki, təxminən 40 təbliğçisi olan yığıncağımıza ağsaqqal kimi təyin olunmuşam.
Mənə dərs keçən və Yehovaya xidmət etməyimdə əməyi olan dəyərli bacı-qardaşlara çox minnətdaram. Ən əsası isə şükürlər edirəm ki, Yehova məni unutmadı.
^ abz. 8 Yehovanın Şahidləri tərəfindən dərc edilən bu nəşr artıq çap olunmur.