Bilirsiniz?
Mərdəhay tarixdə gerçək şəxsiyyət olub?
MƏRDƏHAY Müqəddəs Kitabın «Əstər» bölməsində adı çəkilən vacib şəxslərdən biri olub. O, fars sarayında işləyən bir yəhudi əsir idi. Mərdəhay eramızdan əvvəl V əsrin əvvəlində şah Ahaşveroşun hakimiyyət sürdüyü dövrdə yaşayıb. (I Kserks olduğu hesab edilir.) Mərdəhay Ahaşveroş şaha qurulan sui-qəsdin üstünü açmışdı və bunun da əvəzində şah onu hamının gözü qarşısında şərəfə ucaltmışdı. Mərdəhayın və digər yəhudilərin düşməni olan Həmanın ölümündən sonra şah Mərdəhayın vəzifəsini qaldırdı və onu baş vəzir qoydu. Bu vəzifənin sayəsində Mərdəhay bir fərman vermişdi. Bu fərman Fars əyalətində yaşayan yəhudilərin soyqırımının qarşısını almışdı (Əst. 1:1; 2:5, 21—23; 8:1, 2; 9:16).
Haradasa 20-ci əsrin əvvəllərində tarixçilər iddia edirdilər ki, «Əstər» bölməsi bir rəvayətdir, Mərdəhay adlı şəxs isə ümumiyyətlə olmayıb. Amma 1941-ci ildə arxeoloqlar bir tapıntı aşkarlamışdı. Bu tapıntını Müqəddəs Kitabda Mərdəhayla bağlı yazılanların gerçək olduğuna bir sübut kimi gətirmək olar. Onlar nə aşkarlamışdılar?
Tədqiqatçılar fars mixi yazısında Marduka adlı insan barədə bəzi məlumatlar tapmışdılar. (Azərbaycan dilində Mərdəhay.) O, Şuşda inzibatçı, çox yəqin ki, xəzinədar işləyirdi. Şərq tarixi üzrə mütəxəssis Artur Unqnad demişdi ki, həmin vaxt bu mixi yazı, «Müqəddəs Kitabı çıxmaq şərti ilə, Mərdəhayın adı keçən yeganə mənbə» idi.
Unqnadın dediyi bu sözlərdən bəri alimlər minlərlə fars mixi yazıları tərcümə ediblər. Onların arasında Persepol gil lövhəcikləri də var. Bu lövhəciklər Persepol şəhərinin qalıqları arasından tapılıb. Onlara şəhər darvazasının yanında xəzinənin olduğu ərazidə rast gəlinib. Bu lövhəciklər I Kserksin hakimiyyəti dövrünə aiddir. Onlar elam dilindədir və orada «Əstər» bölməsində olan bəzi adlara rast gəlmək mümkündür a.
Bəzi Persepol gil lövhəciklərində qeyd olunur ki, Marduka adlı şəxs şah I Kserksin hakimiyyəti dövründə Şuş sarayında şah mirzəsi vəzifəsində çalışıb. Bir lövhəcikdə isə Mardukanın dilmanc olduğu qeyd olunur. Bu xırda təfsilat Müqəddəs Kitabda Mərdəhayla bağlı olan məlumatla uzlaşır. O, şah Ahaşveroşun (I Kserks) saray əyanı idi və ən azı, iki dildə danışırdı. Mərdəhay adətən Şuşda şah darvazasında otururdu (Əst. 2:19, 21; 3:3). Şah darvazası saray əyanlarının işlədiyi əzəmətli bir tikili idi.
Göründüyü kimi, lövhəciklərdə adı çəkilən Marduka ilə Müqəddəs Kitabda yazılan Mərdəhay arasında mühüm oxşarlıqlar var. Onlar eyni dövrdə, eyni yerdə yaşayıblar, eyni məkanda işləyiblər və eyni vəzifələri icra ediblər. Bütün bu oxşarlıqlardan belə qənaətə gəlmək olar ki, Marduka və «Əstər» bölməsində adı çəkilən Mərdəhay eyni şəxslər olub.
a 1992-ci ildə professor Edvin Yamauçi Persepol mixi yazılarında olan on adın siyahısını dərc etmişdi. Həmin adlara «Əstər» bölməsində də rast gəlinir.