Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 47

Qoy heç nə sizi Yehovadan ayırmasın

Qoy heç nə sizi Yehovadan ayırmasın

«Ey Yehova, Sənə güvənirəm» (ZƏB. 31:14).

NƏĞMƏ 122 Mətin qalın, sarsılmaz olun!

İCMAL a

1. Haradan bilirik ki, Yehova bizim Ona yaxın olmağımızı istəyir?

 YEHOVA bizi Ona yaxınlaşmağa səsləyir (Yaq. 4:8). O bizim həm Allahımız, həm Atamız, həm də Dostumuz olmaq istəyir. O, dualarımıza cavab verir, çətinliklərə dözməyə kömək edir. Təşkilatı vasitəsilə bizə təlim verir, bizi qoruyur. Bəs Yehovaya yaxınlaşmaq üçün biz nə etməliyik?

2. Yehovaya necə yaxınlaşa bilərik?

2 Yehovaya yaxınlaşmaq üçün biz Ona dua etməli, Kəlamını oxumalı və oxuduqlarımızın üzərində düşünməliyik. Bunun sayəsində Yehovaya məhəbbətimiz və minnətdarlığımız artdıqca-artacaq. Ona itaət etmək və Onu şərəfləndirmək istəyimiz alovlanacaq. Axı O, buna layiqdir (Vəhy 4:11). Biz Yehovanı daha yaxından tanıdıqca, Ona və bizə kömək etmək üçün istifadə etdiyi təşkilata etibarımız güclənəcək.

3. Şeytan hansı fəndlə bizi Yehovadan ayırmağa çalışır, bəs Yehovadan və təşkilatından üz döndərməməyə bizə nə kömək edəcək? (Zəbur 31:13, 14).

3 Amma Şeytan bizi Yehovadan ayırmaq istəyir. O, xüsusilə də biz çətinliklərlə üzləşəndə yaranan fürsətdən istifadə edir. Bəs o hansı fəndi işlədir? Şeytan bizim Yehovaya və təşkilatına etibarımızı yavaş-yavaş öldürmək istəyir. Amma biz onun hücumlarına qarşı dura bilərik. Yehovaya imanımızın və Ona etibarımızın sarsılmaz olması sayəsində biz heç vaxt nə Ondan, nə də təşkilatından üz döndərməyəcəyik. (Zəbur 31:13, 14 ayələrini oxuyun.)

4. Bu məqalədə nə haqda danışacağıq?

4 Bu məqalədə biz yığıncaqdan xaricdə üzləşdiyimiz üç çətinlik barədə danışacağıq. Onların hər biri bizim Yehovaya və təşkilatına etibarımıza kölgə sala bilər. Bu necə baş verə bilər və Şeytanın cəhdlərini boşa çıxarmaq üçün nə edə bilərik?

PROBLEMLƏR

5. Problemlər Yehovaya və Onun təşkilatına etibarımızı necə sarsıda bilər?

5 Bəzən müxtəlif problemlərimiz olur. Məsələn, ailə üzvlərimiz tərəfindən təqib olunuruq, yaxud işimizi itiririk. Problemlərimiz Yehovaya və təşkilatına etibarımızı sarsıda bilər. Bu necə baş verə bilər? Üzləşdiyimiz problem uzun müddət davam edəndə, ola bilər ki, biz ümidsizliyə qapılaq və ruhdan düşək. Şeytan belə fürsətləri fövtə verməyib, bizim ürəyimizdə Yehovanın məhəbbətinə şübhə oyatmağa çalışır. İstəyir ki, biz başımıza gələn problemlərə görə Yehovanı və təşkilatını günahlandıraq. Belə bir şey Misirdə bəzi israillilərlə baş vermişdi. Əvvəl-əvvəl israillilər inanırdı ki, Musa ilə Harunu Yehova göndərib və onlar xalqı əsarətdən qurtaracaq (Çıx. 4:29—31). Amma sonra firon xalqın işini ağırlaşdıranda onlar başlarına gələnlərə görə Musa ilə Harunu günahlandırıb deyirdilər: «Sizin ucbatınızdan fironun, əyanlarının nifrətinə tuş olduq. Siz onların əlinə qılınc verdiniz ki, əhədimizi kəssinlər» (Çıx. 5:19—21). Göründüyü kimi, onlar Allahın sadiq xidmətçilərini günahkar bilirdilər. Çox heyif! Əgər siz də uzun müddətdir ki, çətinliklərlə üzləşirsinizsə, Yehovaya və Onun təşkilatına etibarınızı necə möhkəm saxlaya bilərsiniz?

6. Həbquq peyğəmbərdən problemlərə dözməklə bağlı nə öyrənirik? (Həbquq 3:17—19).

6 Dua edib ürəyinizi Yehovaya boşaldın və Ondan kömək istəyin. Həbquq peyğəmbərin də başına çoxlu bəlalar gəlmişdi. Hətta bir məqamda onda elə fikir yaranmışdı ki, Yehova ona nəzər yetirmir. Buna görə də o, ürəyindəkiləri Yehovaya danışdı. Ona belə dedi: «Ey Yehova, nə vaxtadək imdad diləyəcəyəm, Sənsə eşitməyəcəksən?.. Niyə bu zülm-sitəmi götürürsən?» (Həb. 1:2, 3). Yehova mömin bəndəsinin duasını cavabsız qoymadı (Həb. 2:2, 3). Həbquq Yehovanın keçmişdə xalqına verdiyi qurtuluş haqda düşündü və bundan sonra onun ürəyi fərəhlə doldu. Peyğəmbərdə əminlik yarandı ki, Yehova onu sevir və istənilən çətinliyə dözməyə kömək edəcək. (Həbquq 3:17—19 ayələrini oxuyun.) Bundan nə öyrənirik? Çətinliklərlə üzləşəndə Yehovaya dua edin, hisslərinizi Onunla bölüşün və Onun köməyinə arxalanın. Bu zaman əmin olun ki, Yehova sizə dözmək üçün güc verəcək. Onun dəstəyini hiss edəndə isə imanınız daha da möhkəm olacaq.

7. Şerlinin qardaşı onun imanını sarsıtmaq üçün nə deyirdi, bəs Yehovaya imanını möhkəm saxlamağa ona nə kömək etdi?

7 Ruhani işlərdən qalmayın. Bu, Papua-Yeni Qvineyadan olan Şerli b bacıya çətinliklərə dözməyə kömək etmişdi. Şerlinin ailəsi çox kasıb idi, hətta elə vaxtlar olurdu ki, qarındolusu yeməyə çörəkləri olmurdu. Qardaşı onun Yehovaya etibarını sarsıtmağa çalışırdı. O belə deyirdi: «Bəs deyirdin Allah sizə kömək edir? Hanı? Acından ölürsünüz. Vaxtını boş yerə təbliğə sərf edirsən». Şerli etiraf edir: «Bəzən məndə belə sual yaranırdı: “Görəsən, Yehova bizə kömək edir?” Onda o dəqiqə Yehovaya dua edirdim və ağlımdan keçən bütün fikirləri Yehovaya deyirdim. Müqəddəs Kitabı və nəşrlərimizi oxumağa davam edirdim. Təbliğdə və yığıncaq görüşlərində müntəzəm iştirak edirdim». Qısa müddət sonra Şerli başa düşdü ki, əslində, Yehova onların ailəsinin qeydinə qalır. Hələ indiyə qədər onlar ac qalmayıblar və xoşbəxtdirlər. Şerli deyir: «Yehovanın dualarımı cavabsız qoymadığını gördüm» (1 Tim. 6:6—8). Əgər siz də ruhani işlərdən qalmasanız, nə çətinlik, nə də şübhə sizi Yehovadan ayırmayacaq.

MƏSUL QARDAŞLARA QARŞI HAQSIZ RƏFTAR

8. Bəzən məsul qardaşlarımız nə ilə üzləşirlər?

8 Əleyhdarlarımız media və sosial şəbəkələr vasitəsilə Yehovanın təşkilatındakı məsul qardaşlar haqqında yalan, yaxud təhrif olunmuş məlumatlar yayırlar (Zəb. 31:13). Bəzi qardaşlarımız həbs olunub və cinayətkar kimi məhkum edilib. Bu bizim imanımızı sınaya bilər. Həvari Bulus haqsız yerə ittiham olunub, həbs olunanda birinci əsrdəki məsihilər də eyni vəziyyətlə üzləşmişdilər. Həmin vaxt onlar necə davrandılar?

9. Həvari Bulus həbsdə olarkən bəzi məsihilər nə etdilər?

9 Bulus Romada həbsdə olanda bəzi məsihilər ona dəstək olmadılar (2 Tim. 1:8, 15). Görəsən nəyə görə? Bəlkə də, camaat Bulusa cinayətkar kimi baxırdı deyə bundan utanırdılar, ya da qorxurdular ki, birdən onlar da təqib olunar (2 Tim. 2:8, 9). Səbəb hər nə olsa da, təsəvvür etmək olar, Bulus necə pis olmuşdu. O, onlardan ötrü çoxlu əziyyətlərə qatlaşmışdı, hətta həyatını təhlükəyə atmışdı (Həv. 20:18—21; 2 Kor. 1:8). Gəlin biz Bulusu dar gündə atan o insanlara oxşamayaq! Bəs məsul qardaşlar təqib olunanda biz nəyi unutmamalıyıq?

10. Məsul qardaşlar təqib olunanda nəyi unutmamalıyıq və nə üçün?

10 Təqiblərimizin səbəbini və bunun arxasında kimin durduğunu unutmayın. 2 Timutiyə 3:12 ayəsində deyilir: «Məsih İsanın şagirdi kimi mömin həyat sürmək istəyənlərin hamısı təqib olunacaq». Deməli, Şeytanın məsul qardaşlarımızı hədəf alması bizi təəccübləndirməməlidir. Şeytan bununla həm onların imanını sarsıtmaq, həm də bizləri qorxuya salmaq istəyir (1 But. 5:8).

Bulus qandallı olsa da, Onisifor cəsarətlə ona dayaq oldu. Səhnələşdirilmiş şəkildə göstərildiyi kimi, bu gün də bacı-qardaşlarımız həbs olunan dindaşlarına dəstək olurlar (11 və 12-ci abzaslara baxın)

11. Onisifordan nə öyrənirik? (2 Timutiyə 1:16—18).

11 Qardaşlara dəstək olun və onlara vəfalı qalın. (2 Timutiyə 1:16—18 ayələrini oxuyun.) Bulus həbs olunanda Onisifor adlı qardaş tamamilə başqa cür davranmışdı. O, Bulusun həbsdə olmasından utanmırdı, əksinə, Bulusu axtarıb tapdı və ona əlindən gələn köməyi göstərdi. Hətta Onisifor bununla öz həyatını təhlükəyə atmışdı. Bundan nə öyrənirik? Məsul qardaşlarımız təqib olunanda biz insan qorxusuna qapılmamalıyıq, nə də ki onlardan kömək əlimizi çəkməməliyik. Əksinə, onların müdafiəsində durmalıyıq və onların dadına çatmalıyıq (Məs. 17:17). Onların bizim məhəbbətimizə və dəstəyimizə ehtiyacı var.

12. Rusiyadakı bacı-qardaşlardan nə öyrənirik?

12 Rusiyadakı bacı-qardaşlar həbsdə olan dindaşlarına dayaq olmaqda gözəl nümunədir. Kiminsə məhkəmə işi olanda çoxlu bacı-qardaş məhkəmə zalına gəlib onlara dayaq olur. Bundan nə öyrənirik? Məsul qardaşlarımıza qara yaxılanda, onlar həbs olunanda və ya təqib olunanda qorxuya düşməyin. Onlar üçün dua edin, ailə üzvlərinin qeydinə qalın və müxtəlif yollarla onlara dəstək olun (Həv. 12:5; 2 Kor. 1:10, 11).

RİŞXƏNDLƏR

13. Rişxəndlər Yehovaya və Onun təşkilatına etibarımızı necə sarsıda bilər?

13 Bəzən imanda olmayan qohumlarımız, iş və məktəb yoldaşlarımız təbliğ etdiyimizə görə, yaxud Yehovanın yüksək əxlaq normalarına uyğun yaşadığımıza görə bizi ələ salırlar (1 But. 4:4). Onlar belə sözlər deyirlər: «Yaxşı insansan, amma heyif ki, bu dindəsən. Sizin dininizdə çox qadağalar var. İndiki dövrdə belə yaşamaq mümkün deyil». Yaxud yığıncaqdan kənaredilmə tədbirini qınayaraq belə deyirlər: «Bu, insafsızlıqdır, məhəbbətiniz harada qaldı?» Belə sözlər ürəyimizə şübhə toxumu səpə bilər. Bizdə belə fikirlər yarana bilər: «Bəlkə, doğrudan da, Yehova çox tələbkardır və təşkilatda qayda-qanunlar çox sərtdir». Belə vəziyyətlərlə üzləşəndə sizə Yehovadan və Onun təşkilatından uzaqlaşmamağa nə kömək edə bilər?

Əyyub ona rişxənd edən saxta dostlarının sözlərinə aldanmadı. O, Yehovaya sadiq qalmağa əzmli idi (14-cü abzasa baxın)

14. Kimsə bizə Yehovanın qanunlarına bağlı qaldığımıza görə rişxənd edəndə buna necə yanaşmalıyıq? (Zəbur 119:50—52).

14 Yehovanın qayda-qanunlarına bağlı qalın. Əyyub tənələrə məruz qalsa da, Yehovanın qanunlarına bağlı qalmışdı. Əyyubun saxta dostları onu inandırmaq istəyirdilər ki, Allahın qayda-qanunlarına uyğun yaşamağın Allah üçün heç bir əhəmiyyəti yoxdur (Əyy. 4:17, 18; 22:3). Amma Əyyub bu cür yalanlara aldanmadı. O, Yehovanın doğruya və yanlışa dair normalarının düzgün olduğunu bilirdi və onlara bağlı qalmağa əzmli idi. Kim nə desə də, Əyyub Yehovaya sadiq qaldı (Əyy. 27:5, 6). Bundan nə öyrənirik? Kiminsə rişxəndli sözlərinə görə Yehovanın qayda-qanunlarına şübhə etməyin. Öz həyatınıza nəzər salın. Məgər Yehovanın buyruqlarının doğruluğuna və sizin xeyrinizə olduğuna dəfələrlə şahid olmamısınız? Var gücünüzlə çalışın ki, Yehovanın qayda-qanunlarına bağlı qalan təşkilatdan uzaqlaşmayasınız. Onda kim sizi lağa qoyursa-qoysun, Yehovadan ayrılmayacaqsınız. (Zəbur 119:50—52 ayələrini oxuyun.)

15. Brizit bacıya nə üçün rişxənd edirdilər?

15 Gəlin Hindistandan olan Brizit adlı bacının hadisəsinə baxaq. Ailə üzvləri bacıya əqidəsinə görə lağ edirdi. Brizit bacı 1997-ci ildə vəftiz olunmuşdu. Əri onun imanına şərik deyildi. Bacının vəftizindən qısa müddət sonra əri işini itirdi. Buna görə də əri qərara gəldi ki, Briziti və qızlarını götürüb valideynlərinin yanına köçsün. Orada Brizitin çətinlikləri daha da artdı. Əri işsiz olduğuna görə ailəni dolandırmaq üçün bacı bütün günü işləməli oldu. Üstəlik, köçdükləri şəhərə ən yaxın yığıncaq 350 kilometr uzaqda idi. Bir tərəfdən də, ərinin qohumları bacını imanına görə çox incidirdi. Vəziyyət o həddə çatdı ki, Brizitgil yenidən köçməli oldu. Amma sonra qəfil yoldaşı vəfat etdi. Bu hadisədən sonra isə bacının 12 yaşlı qızı xərçəngdən həyatını itirdi. Bütün bunlar azmış kimi, qohumları baş verənlərə görə Briziti günahlandırırdılar. Deyirdilər ki, əgər o, Yehovanın Şahidi olmasaydı, bütün bu faciələr baş verməzdi. Buna baxmayaraq, bacının Yehovaya etibarı itmədi və Onun təşkilatından uzaqlaşmadı.

16. Brizit Yehovaya və Onun təşkilatına bağlı qaldığı üçün hansı mükafatları aldı?

16 Brizit yığıncaqdan uzaqda yaşadığı üçün rayon nəzarətçisi ona məsləhət gördü ki, yaşadığı ərazidə təbliğ etsin və öz evində yığıncaq keçirsin. Əvvəl-əvvəl ona elə gəlirdi ki, bu işin öhdəsindən gələ bilməyəcək. Amma Brizit bacı verilən məsləhətə əməl etdi. O, xoş xəbəri təbliğ edirdi, evində ibadət görüşləri keçirirdi və qızları ilə ailəvi ibadət keçirmək üçün həmişə vaxt ayırırdı. Bəs nəticə nə oldu? O, xeyli adamla Müqəddəs Kitab dərsinə başladı, hətta onlardan bəziləri vəftiz olundu. 2005-ci ildə bacı öncül xidmətinə başladı. Onun Yehovaya etibarı və təşkilata sədaqəti mükafatsız qalmadı. Hal-hazırda qızları sədaqətlə Yehovaya xidmət edirlər. Həmin ərazidə isə iki yığıncaq var! Brizit bütün qəlbi ilə əmindir ki, yaşadığı çətinliklərə və qohumlarının rişxəndlərinə Yehovanın verdiyi güc sayəsində tab gətirib.

YEHOVAYA VƏ TƏŞKİLATINA SADİQ QALIN

17. Nəyə əzmli olmalıyıq?

17 Şeytan istəyir ki, problemlərimiz zamanı Yehovanın bizi tərk etdiyinə inanaq və təşkilatında olmağımızın həyatımızı çətinləşdirdiyini düşünək. Məsul qardaşlara böhtan atılanda, onlar təqib olunanda və həbs olunanda Şeytanın məqsədi bizi qorxuya salmaqdır. Həmçinin o, rişxəndlər vasitəsilə bizim Yehovanın qayda-qanunlarına və təşkilatına etibarımızı sarsıtmaq istəyir. Amma biz onun fəndlərindən agahıq və o bizi aldada bilməz (2 Kor. 2:11). Nə olursa olsun, Yehovaya, Onun təşkilatına sadiq qalın və Şeytanın yalanlarına uymayın! Unutmayın, Yehova heç vaxt sizi atmayacaq (Zəb. 28:7). Qoy heç nə sizi Yehovadan ayırmasın! (Rom. 8:35—39).

18. Növbəti məqalədə nə haqda danışacağıq?

18 Biz bu məqalədə yığıncaqdan xaricdə üzləşdiyimiz çətinliklərdən danışdıq. Amma ola bilər ki, yığıncaq daxilində də müəyyən vəziyyətlər yaransın və bu zaman Yehovaya və təşkilatına sadiqliyimiz sınansın. Növbəti məqalədə öyrənəcəyik ki, bu vəziyyətlərdə Yehovadan ayrılmamağa bizə nə kömək edə bilər.

NƏĞMƏ 118 «İmanımızı artır»

a Yaşadığımız bu axırzamanda sadiqliyimizi qorumaq üçün Yehovaya və Onun təşkilatına etibar etməliyik. Şeytan sınaqlar vasitəsilə bizim etibarımızı sarsıtmaq istəyir. Bu məqalədə onun istifadə etdiyi üç üsuldan danışacağıq və görəcəyik ki, onun istəyinə nail olmaması üçün nə edə bilərik.

b Bəzi adlar şərtidir.