TƏLİM MƏQALƏSİ 48
Sadiqliyinizi sınayan vəziyyətlərdə ayıq olun
«Hər şeydə ayıq ol» (2 TİM. 4:5).
NƏĞMƏ 123 Allahın qoyduğu nizama tabe olaq
İCMAL a
1. «Ayıq olmaq» nə deməkdir? (2 Timutiyə 4:5).
BİZİ məyus edən vəziyyətlərlə üzləşəndə Yehovaya və Onun təşkilatına sadiqliyimiz sınana bilər. Belə vəziyyətdə nə edə bilərik? Biz hər şeydə ayıq olmalı və oyaq qalıb, iman yolunda dəyanətli olmalıyıq. (2 Timutiyə 4:5 ayəsini oxuyun.) «Ayıq olmaq» o deməkdir ki, biz sakitliyimizi qorumalıyıq, aydın düşünməliyik, vəziyyətə Yehovanın nəzəri ilə baxmalıyıq. Onda düşüncələrimizə hisslərimiz hakim kəsilməyəcək.
2. Bu məqalədə nə haqda danışacağıq?
2 Əvvəlki məqalədə yığıncaqdan xaricdə üzləşə biləcəyimiz üç çətinlikdən danışdıq. Bu məqalədə isə yığıncaq daxilində Yehovaya sədaqətimizi sınayacaq vəziyyətlərdən danışacağıq. Bunlar hansı vəziyyətlərdir? 1) Dindaşımızın bizə qarşı haqsızlıq etməsi, 2) cəza almağımız, 3) təşkilatdan gələn dəyişikliklərə uyğunlaşmağın çətin gəlməsi. Gəlin görək, bu cür vəziyyətlərlə üzləşəndə ayıq olmaq və Yehovaya sədaqətimizi qorumaq üçün nə edə bilərik.
DİNDAŞIMIZIN BİZƏ QARŞI HAQSIZLIQ ETMƏSİ
3. Dindaşımızın bizə haqsızlıq etdiyini düşünəndə hansı hissləri keçirə bilərik?
3 Heç olub ki, hansısa dindaşınız, xüsusilə də məsul qardaş sizə qarşı haqsızlıq etsin? Yəqin ki, qardaşın niyyəti sizi incitmək olmayıb (Rom. 3:23; Yaq. 3:2). Amma ola bilsin, onun davranışı sizin qəlbinizə dəyib. Hətta buna görə yuxunuz ərşə çəkilib. Bəlkə də, ağlınıza belə fikirlər gəlib: «Qardaş necə belə davrana bilər? Bu necə Allahın təşkilatıdır?» Şeytan bizim belə düşünməyimizi istəyir (2 Kor. 2:11). Beynimizdə belə mənfi fikirlər olsa, biz Yehovadan və Onun təşkilatından uzaqlaşarıq. Bəs bu zaman ayıq qalmağa və yanlış fikirləri dəf etməyə bizə nə kömək edə bilər?
4. Haqsızlıqla üzləşəndə Yusif sayıqlığını necə qorudu və biz ondan nə öyrənirik? (Yaradılış 50:19—21).
4 Kinə və hiddətə yol verməyin. Yusif yeniyetmə yaşlarında olanda böyük qardaşları onunla pis davranırdılar. Ona nifrət edirdilər, hətta bəzi qardaşları onu öldürmək istəyirdi (Yar. 37:4, 18—22). Axırda onlar Yusifi qul kimi satdılar. Bunun da nəticəsində Yusif təxminən 13 il ağır çətinliklərlə üzləşdi. Yusif Yehovanın onu sevdiyinə şübhə edə bilərdi. O düşünə bilərdi ki, darda olanda Yehova onu atıb. Ancaq Yusif yol vermədi ki, qəlbində kin, hiddət baş qaldırsın. O, sakitliyini qorudu, bunun da sayəsində sayıqlığını itirmədi. Qardaşlarından qisas almaq üçün əlinə fürsət düşsə də, Yusif onlardan heyif çıxmadı. Əksinə, onlara məhəbbət göstərdi, onları bağışladı (Yar. 45:4, 5). Yusif aydın düşünə bildiyi üçün belə davrandı. O, fikrini öz problemlərinə cəmləməmişdi. O, vəziyyətə geniş baxırdı, Yehovanın iradəsini nəzərə alırdı. (Yaradılış 50:19—21 ayələrini oxuyun.) Ondan nə öyrənirik? Əgər kimsə sizə haqsızlıq edibsə, qoymayın ürəyinizdə Yehovaya qarşı qəzəb yaransın, yaxud Onun sizi tərk etdiyi fikrini ağlınıza gətirməyin. Əksinə, Yehovanın üzləşdiyiniz sınağa dözməyə necə kömək etdiyini görməyə çalışın. Həmin insana gəldikdə isə onu bağışlayın və unutmayın ki, «məhəbbət çoxlu günahın üstünü örtür» (1 But. 4:8).
5. Mikeas haqsızlıqla üzləşdiyini düşünsə də, ayıqlığını necə qorudu?
5 Gəlin Cənubi Amerikada ağsaqqal kimi xidmət edən Mikeas b qardaşın hadisəsinə baxaq. Ona elə gəlmişdi ki, ağsaqqallar bir məsələ ilə bağlı onunla çox rəhmsiz davranıblar. «Mən ömrümdə belə stres keçirməmişdim. Özümə yer tapa bilmirdim. Gecələr gözümə yuxu getmirdi. Ağlamaqdan başqa əlimdən heç nə gəlmirdi»,— deyə o bölüşür. Amma Mikeas ayıqlığını qorudu və özünü ələ almaq üçün var gücü ilə çalışdı. O, tez-tez Yehovaya dua edirdi, Ondan müqəddəs ruh, dözməyə güc istəyirdi. Həmçinin nəşrlərimizdən ona kömək edəcək fikirlər axtarırdı. Mikeas qardaşdan nə öyrənirik? Əgər dindaşınızın sizə qarşı haqsızlıq etdiyini düşünürsünüzsə, sakitliyinizi qoruyun, mənfi hisslərinizi cilovlayın. Həmçinin nəzərə alın ki, biz həmin insanın sözlərinin və hərəkətlərinin səbəbini tam bilə bilmərik. Belə vəziyyətlərlə üzləşəndə Yehovaya dua edin. Xahiş edin ki, vəziyyətə həmin insan tərəfdən baxmağınıza kömək etsin. Onda dindaşınızın sizi qəsdən incitmədiyini, niyyətinin pis olmadığını düşünmək daha asan olacaq və onun səhvinin üstündən keçə biləcəksiniz (Məs. 19:11). Unutmayın ki, Yehova sizin vəziyyətinizdən agahdır və sizə dözməyə güc verəcək (2 Saln. 16:9; Vaiz 5:8).
CƏZA ALANDA
6. Cəzaya Yehovanın məhəbbətinin ifadəsi kimi baxmaq nəyə görə vacibdir? (İbranilərə 12:5, 6, 11).
6 Cəza almaq insana emosional cəhətdən ağır gəlir. Əgər biz diqqətimizi yalnız hisslərimizə cəmləsək, haqsız yerə və ya sərt şəkildə cəzalandığımızı düşünərik və beləcə, bizə verilən tərbiyənin əhəmiyyətini kiçildərik. Belə etsək, çox vacib bir şeyi — cəzanın Yehovanın məhəbbətinin ifadəsi olduğunu nəzərdən qaçırarıq. (İbranilərə 12:5, 6, 11 ayələrini oxuyun.) Bu zaman hisslərə qapılsaq, Şeytan bu vəziyyətdən istifadə edər. O istəyir ki, biz tərbiyəni rədd edək. Ən betəri isə Yehovadan və yığıncaqdan uzaqlaşaq. Bəs cəza almısınızsa, ayıqlığı qorumağa sizə nə kömək edə bilər?
7. a) Şəkildə göründüyü kimi, Butrus tənbehi qəbul edəndən sonra Yehovanın işi üçün necə yararlı oldu? b) Butrusun hadisəsindən nə öyrəndiniz?
7 Tənbehi qəbul edib, lazımi dəyişikliklər edin. İsa Məsih bir neçə dəfə həvari Butrusu başqa həvarilərin qarşısında tənbeh etmişdi (Mark 8:33; Luka 22:31—34). Yəqin, Butrus həmin vaxt çox xəcalət çəkmişdi. Buna baxmayaraq, o, İsa Məsihə sadiq qaldı. O, tənbehi qəbul etdi və öz səhvindən nəticə çıxartdı. Yehova da Butrusa sədaqətinə görə mükafat verdi və ona yığıncaqda vacib məsuliyyətlər həvalə olundu (Yəh. 21:15—17; Həv. 10:24—33; 1 But. 1:1). Həvari Butrusdan nə öyrənirik? Tənbeh olunduğumuza görə utansaq da, yaxşı olar ki, diqqətimizi keçirdiyimiz hisslərə cəmləməyək. Əksinə, cəzanı qəbul edib, lazımi düzəlişlər edək. Bu həm öz xeyrimizə olacaq, həm də başqalarının. Belə etsək, Yehovanın işi üçün daha çox yararlı olacağıq.
8, 9. Bernardo cəzalandığına görə əvvəl-əvvəl hansı hissləri keçirirdi, bəs sonra düşüncəsinə necə düzəliş etdi?
8 Gəlin Mozambikdən olan Bernardo adlı bir qardaşın başına gələnlərdən danışaq. O, ağsaqqal təyinatından azad olunmuşdu. Qardaş əvvəl-əvvəl özünü çox pis hiss edirdi. O deyir: «Çox incimişdim, çünki aldığım cəzanı haqsızlıq hesab edirdim». Bernardo narahat idi ki, yığıncaqdakı bacı-qardaşların gözündən düşəcək. O əlavə edir: «Cəzanın nahaq yerə verilmədiyini başa düşməyə və Yehovaya, Onun təşkilatına yenidən etibar etməyə mənə bir neçə ay lazım gəldi». Bernardoya vəziyyətə düzgün yanaşmağa nə kömək etdi?
9 Bernardo düşüncəsini dəyişdi. O deyir: «Mən ağsaqqal olanda bacı-qardaşlara İbranilərə 12:7 ayəsini oxuyurdum və bu ayə əsasında onlara Yehovanın verdiyi tərbiyəyə d üzgün yanaşmağa kömək edirdim. İndi mən özümdən soruşuram: “Bu ayəni kim tətbiq etməlidir?” Bütün Yehovanın Şahidləri, içi mən qarışıq». Sonra Bernardo Yehovaya və Onun təşkilatına etibarını möhkəmləndirmək üçün başqa addımlar atdı. O, müntəzəm olaraq Müqəddəs Kitabı oxumağa və onun üzərində dərindən düşünməyə daha çox vaxt ayırırdı. Həmçinin o, bacı-qardaşların onun haqqında nə düşündüyünə görə narahat olsa da, xidmətdə onlarla əməkdaşlıq edirdi, yığıncaqlarda şərhlər verirdi. Bir müddətdən sonra Bernardo yenidən ağsaqqal kimi təyin olundu. Əgər siz də Bernardo kimi cəza aldığınıza görə utanırsınızsa, hisslərə qapılmayın, məsləhəti qəbul edin və lazımi düzəlişlər edin c (Məs. 8:33; 22:4). Əgər belə etsəniz, əmin olun ki, Yehova Ona və təşkilatına sadiqliyinizi mükafatsız qoymayacaq.
TƏŞKİLATDAN GƏLƏN DƏYİŞİKLİKLƏRƏ UYĞUNLAŞMAĞIN ÇƏTİN GƏLMƏSİ
10. Bəzi israillilərin sadiqliyi necə sınandı?
10 Təşkilatda olan dəyişikliklər bizim sədaqətimizi sınaya bilər. Hətta ehtiyatlı olmasaq, Yehovadan uzaqlaşarıq. Məsələn, Yehova Musa peyğəmbərə Qanun verməzdən əvvəl İsraildə kahin vəzifəsini ailə başçıları icra edirdi. Onlar qurbangah tikirdilər və ailələrinin adından Yehovaya qurban təqdim edirdilər (Yar. 8:20, 21; 12:7; 26:25; 35:1, 6, 7; Əyy. 1:5). Amma Qanun veriləndən sonra bununla bağlı bəzi dəyişikliklər oldu. Yehova qurban təqdim etmək üçün Harun nəslindən kahinlər təyin etdi. Buna görə də artıq ailə başçıları bu məsuliyyəti icra edə bilməzdilər. İşdir, kimsə buna cəhd etsəydi, həyatını itirə bilərdi d (Lav. 17:3—6, 8, 9). Bəlkə də, Qarun, Datan, Abiram və 250 icma başçısı elə buna görə Musanın və Harunun rəhbərliyinə qarşı çıxmışdı (Say. 16:1—3). Dəqiq deyə bilmərik. Hər necə olsa da, onlar Yehovaya sadiq qalmadılar. Bəs təşkilatda olan dəyişikliklər bizim sədaqətimizi sınayanda nə edə bilərik?
11. Kəhat oğullarından olan bəzi lavililərdən nə öyrənirik?
11 Təşkilati dəyişiklikləri ürəkdən dəstəkləyin. Səhrada olduqları müddətdə Kəhat oğullarının mühüm məsuliyyətləri var idi. Hər dəfə israillilər yola düşəndə onlar Əhd sandığını xalqın önündə aparırdılar (Say. 3:29, 31; 10:33; Yuş. 3:2—4). Bu, çox şərəfli məsuliyyət idi. Amma israillilər Vəd edilmiş diyarda məskunlaşandan sonra vəziyyət dəyişdi. Daha Əhd sandığını müntəzəm daşımaq lazım gəlmədi. Belə ki, Süleyman taxta çıxdığı dövrə qədər artıq kəhatlılara başqa işlər həvalə olunmuşdu. Onlardan kimisi məzmur oxuyan idi, kimisi darvaza keşikçisi idi, kimisi də anbarda işləyirdi (1 Saln. 6:31—33; 26:1, 24). Heç yerdə yazılmayıb ki, kəhatlılar indiki işlərindən şikayətlənsinlər, yaxud daha yüksək vəzifə tələb etsinlər. Bu hadisədən nə öyrənirik? Yehovanın təşkilatının etdiyi dəyişiklikləri və hətta sizin təyinatınıza təsir edən dəyişiklikləri ürəkdən dəstəkləyin. Sizə verilən istənilən təyinatı sevinclə icra edin. Unutmayın ki, sizin Yehovanın gözündə dəyəriniz təyinatınızla ölçülmür. Yehova üçün sizin itaətkarlığınız icra etdiyiniz istənilən təyinatdan daha qiymətlidir (1 İşm. 15:22).
12. Zainanın Beytel xidməti dayananda o hansı hissləri keçirmişdi?
12 Gəlin Yaxın Şərqdə yaşayan Zaina adlı bacının hadisəsinə baxaq. O, 23 ildən artıq Beyteldə xidmət etmişdi. Bu xidmət bacı üçün çox əziz idi. Amma sonra o, sahəyə təyin olundu. Zaina deyir: «Təyinatım dəyişdiyinə görə çox sarsılmışdım. Özümü lazımsız hiss edirdim. Özüm-özümdən soruşurdum: “Görəsən, nəyi düz etməmişəm?”» Bu, azmış kimi, bir tərəfdən də yığıncaqdakı bacı-qardaşlar öz sözləri ilə onu yaralayırdılar. Əfsuslar olsun ki, onlar bacıya belə deyirdilər: «Əgər yaxşı olsaydın, səni orada saxlayardılar». Bir müddət o, elə pərişan halda idi ki, hər gecə ağlayırdı. Amma o deyir: «Mən zərrə qədər də yol vermədim ki, təşkilata və Yehovanın məhəbbətinə məndə şübhə yaransın». Nəyin sayəsində Zaina ayıqlığını qoruya bildi?
13. Zaina bədbin fikirlərə necə üstün gəldi?
13 Zaina bədbin fikirlərə üstün gəldi. O, buna necə nail oldu? Zaina nəşrlərimizdən öz vəziyyətinə uyğun məqalələr oxuyurdu. «Gözətçi qülləsi» jurnalının 2001-ci il 1 fevral sayında olan «Məyusluğa üstün gələ bilərsiniz!» adlı məqalənin ona böyük köməyi dəydi. Həmin məqalədə Müqəddəs Kitabın yazarlarından biri olan Markın nümunəsi gətirilmişdi. Qeyd olunmuşdu ki, təyinatı dəyişdiyinə görə, ola bilsin, Mark da məyus olmuşdu. Zaina deyir: «Markın nümunəsi məyusluğumun öhdəsindən gəlməyə kömək edən bir dərman kimi oldu». Həm də Zaina özünü dostlarından təcrid etmədi, təkliyə çəkilmədi və özünü yazıqlamadı. O özünə xatırlatdı ki, təşkilatı Yehovanın ruhu idarə edir və o, məsul qardaşlar üçün qiymətlidir. O həmçinin anlayırdı ki, təşkilat üçün ən ümdə məsələ Yehovanın işini ən yaxşı şəkildə icra etmək olmalıdır.
14. Vlado qardaşa hansı dəyişikliyə uyğunlaşmaq çətin idi, bəs ona bu sahədə nə kömək etdi?
14 Sloveniyada ağsaqqal kimi xidmət edən 73 yaşlı Vlado qardaş isə başqa bir vəziyyətlə üzləşmişdi. Onun olduğu yığıncaq başqa bir yığıncaqla birləşdirildi və onların istifadə etdiyi ibadət evi bağlandı. Vlado qardaş deyir: «Mən başa düşə bilmirdim ki, nəyə görə bu gözəllikdə ibadət evi daha istifadə olunmayacaq. Çox pis olmuşdum. Çünki ibadət evini təzəcə təmir etmişdik. Həm də dülgər olduğum üçün ora öz əllərimlə bir neçə mebel düzəltmişdim. Üstəlik, yığıncaqlar birləşdiyi üçün çox şey dəyişdi. Mənim kimi yaşlı təbliğçilərə isə buna uyğunlaşmaq çətin idi». Verilən göstərişlərə tabe olmağa Vladoya nə kömək etdi? O deyir: «Təşkilatdan gələn göstərişlərə uyğunlaşmaq heç vaxt mükafatsız qalmır. Bu dəyişikliklər bizi qarşıda olacaq daha böyük dəyişikliklərə hazırlayır». Bəs siz yığıncağın birləşməsi və ya təyinatın dəyişməsi kimi vəziyyətlərlə üzləşmisiniz? Bu dəyişikliklərə uyğunlaşmaq sizin üçün çətindir? Əmin olun ki, Yehova sizin hisslərinizi başa düşür. Bu cür dəyişiklikləri dəstəkləsəniz, həmçinin Yehovaya və Onun təşkilatına sadiq qalsanız, Yehova bunu əvəzsiz qoymayacaq (Zəb. 18:25).
HƏR ŞEYDƏ AYIQ OLUN
15. Yığıncaqdaxili çətinliklərlə üzləşəndə ayıqlığımızı necə qoruya bilərik?
15 Şeytan sisteminin sonuna yaxınlaşdıqca yığıncaq daxilində çətinliklərin olması qaçınılmazdır. Bu cür çətinliklər bizim Yehovaya sadiqliyimizi sınaya bilər. Buna görə də hər şeydə ayıq olmalıyıq. Əgər dindaşınızın sizinlə haqsız davrandığını düşünürsünüzsə, incik qalmayın. Cəza aldığınıza görə utansanız da, çalışın, tərbiyəni qəbul edib dəyişəsiniz. Əgər Yehovanın təşkilatındakı dəyişikliklər sizə də aiddirsə, verilən göstərişi ürəkdən qəbul edib, ona uyğun davranın.
16. Yehovaya və Onun təşkilatına etibarınızı necə qoruya bilərsiniz?
16 Sizə çətin gələn vəziyyətlə üzləşəndə Yehovaya və Onun təşkilatına etibarınızı qorumağı bacararsınız. Bunun üçün siz hər şeydə ayıq olmalısınız, yəni sakitliyinizi qorumalısınız, aydın düşünməlisiniz və vəziyyətə Yehova kimi baxmalısınız. Müqəddəs Kitabdan sizinkinə bənzər vəziyyətlərin öhdəsindən gələn mömin insanların hadisələrini oxuyun və onların nümunəsi üzərində düşünün. Dua edib Yehovadan kömək istəyin. Özünüzü dindaşlarınızdan heç vaxt təcrid etməyin. Bu məsləhətlərə əməl etsəniz, gələcəkdə nə baş verirsə-versin, Şeytan sizi Yehovadan və Onun təşkilatından ayırmağa müvəffəq olmayacaq (Yaq. 4:7).
NƏĞMƏ 126 Oyaq qalın, mərd olun, möhkəmlənin
a Bəzən Yehovaya və Onun təşkilatına sadiqliyimiz sınanır. Bu, xüsusilə də yığıncaqda bizi məyus edən vəziyyətlər yarananda baş verir. Bu məqalədə üç sahəyə toxunacağıq və görəcəyik ki, Yehovaya və Onun təşkilatına sadiq qalmaq üçün nə edə bilərik
b Bəzi adlar şərtidir.
c «Gözətçi qülləsi» jurnalının 2009-cu il 15 avqust sayında dərc olunan «Bir vaxtlar olduğu kimi, xidmətini yenidən bərpa edə bilərsənmi?» adlı məqalədə başqa gözəl məsləhətlər var.
d Qanuna əsasən, ailə başçıları yemək üçün ev heyvanı kəsmək istəyirdisə, onu müqəddəs məkana gətirməli idi. Müqəddəs məkandan çox uzaqda yaşayan ailələr isə istisna idi (Qan. 12:21).