Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

«Yehova üçün çalışmaq istəyirdim»

«Yehova üçün çalışmaq istəyirdim»

SURİNAMDA cəngəlliklərin lap dərinliyində yerləşən Qranburi kəndinin yaxınlığında bir qrup insanı ziyarət etmişdik. Sonra onlara əl edib sağollaşdıq və uzun taxta qayıqla Tapanahoni çayı boyunca getdik. Çayın gur axan hissəsindən keçəndə mühərrikin pəri qayaya çırpıldı. Elə o andaca qayığın burnu suya girdi, biz də onunla birlikdə. Ürəyim bərk döyünməyə başladı. İllərdir rayon nəzarətçisi kimi qayıqla çaylarda səyahət etsəm də, üzməyi bacarmırdım.

Daha sonra baş verənləri danışmazdan öncə gəlin sizə tamvaxtlı xidmətə necə başladığımdan danışım.

Mən 1942-ci ildə Karib dənizində yerləşən gözəl bir adada, Kürasao adasında anadan olmuşam. Atam əslən surinamlı idi. Amma o işləmək üçün adaya köçmüşdü. Mən dünyaya gəlməmişdən bir neçə il əvvəl atam artıq Yehovanın Şahidi idi. O, Kürasaodakı a ilk məsihilərdən biri olub. Atam hər həftə mənimlə və bacı-qardaşlarımla Müqəddəs Kitab dərsi keçirdi, halbuki biz bəzən dərs keçmək istəmirdik. 14 yaşım olanda ailəlikcə Surinama köçdük. Nənəm qocalmışdı və atam onun qayğısına qalmalı idi.

GÖZƏL DOSTLARIN GÖZƏL TƏSİRİ

Surinamdakı yığıncaqda mən Yehovaya canla-başla xidmət edən gənclərlə dostlaşdım. Onlar məndən cəmi bir neçə yaş böyük olsalar da, öncül idilər. Onlar təbliğdə başlarına gələn hadisələri danışanda həmişə gözləri parıldayırdı. Yığıncaqdan sonra Müqəddəs Kitaba aid mövzular barədə söhbət edirdik. Bəzən isə bu söhbətləri ulduzlu səmanı seyr edə-edə edirdik. Bu dostlarımın sayəsində həyatda nə istədiyimi başa düşdüm. Mən Yehova üçün çalışmaq istəyirdim. Buna görə də 16 yaşım olanda vəftiz olundum. 18 yaşımda isə öncül xidmətinə başladım.

VACİB DƏRSLƏR ÖYRƏNİRƏM

Paramariboda öncül kimi xidmət etdiyim vaxtlar

Öncül kimi xidmət edəndə mən çox şey öyrəndim və bunların tamvaxtlı xidmətdə mənə böyük köməyi dəydi. Məsələn, öyrəndiyim şeylərdən birincisi o idi ki, başqalarına təlim vermək lazımdır. Çünki mən özüm öncül xidmətinə başlayanda Villem van Seyel adlı xüsusi təyinatlı müjdəçi məni öz qanadları altına aldı b. O mənə yığıncaqdakı məsuliyyətlərimi yerinə yetirməklə bağlı çox şeyi izah etdi. Heç bilməzdim ki, mənim təlimə bu qədər ehtiyacım var. Növbəti il mən xüsusi öncül təyin olundum və Surinamın cəngəlliklərinin dərinliklərində yerləşən təcrid olunmuş qruplara rəhbərlik etməyə başladım. Nə yaxşı ki, Vilyam kimi qardaşlar mənə vaxtında təlim vermişdilər! Bunun çox xeyrini gördüm. Mən də onlardan nümunə götürərək həmişə çalışmışam ki, başqalarına təlim verim.

İkincisi, sadə həyat sürməyin, amma hər şeyi planlaşdırmağın vacibliyini öyrəndim. Hər ayın əvvəli xüsusi öncül olan əməkdaşımla ay ərzində bizə lazım olan şeylərin siyahısını tuturduq. Sonra isə birimiz uzun yol qət edərək paytaxta gedib, onları alırdıq. Çalışırdıq aylıq müavinətimizi qənaətlə xərcləyək və aldığımız şeyləri elə bölüşdürək ki, ay ərzində bəs etsin. Çünki cəngəllikdə olan vaxt nəyimizsə qurtarsaydı, bizə kömək edəcək bir-iki nəfər ya olardı, ya olmazdı. Düşünürəm ki, gənc yaşımda sadə yaşamaq, amma hər şeyi yaxşıca planlaşdırmaq mənə ömrüm boyunca diqqətimi Yehovanın işinə cəmləməyə kömək etdi.

Üçüncüsü isə insanlara öz ana dillərində təbliğ etməyin vacibliyini öyrəndim. Mən Niderland, ingilis, papyamento və Surinamın əsas dili olan sranan-tonqo dilində (sranan kimi də tanınır) danışa bilirdim. Cəngəlliklərdə xidmət etdiyim vaxt fikir verdim ki, insanlara öz ana dillərində təbliğ edəndə onlar daha yaxşı hay verirlər. Bu dillərin bəziləri mənə çətin gəlirdi, məsələn, saramakkan dili. Çünki bu dildə danışarkən yuxarı və aşağı səs tonlarından istifadə etmək lazımdır. Amma çəkdiyim zəhmətə dəydi. Onların doğma dilində danışa bildiyim üçün illər ərzində mən çox insana həqiqəti öyrətmişəm.

Təbii ki, biabır olduğum vaxtlar da olurdu. Bir dəfə saramakkandilli bir qadına dərs keçirdim. Onun mədəsi ağrıyırdı. Ondan hal-əhval tutmaq istədim. Amma, sən demə, səhvən ondan hamilə olduğunu soruşmuşam. Yəqin, başa düşdünüz, o necə reaksiya göstərdi. Başıma belə hadisələr gəlsə də, yenə də çalışırdım, insanlara öz ana dillərində təbliğ edim.

ƏLAVƏ MƏSULİYYƏTLƏR ALIRAM

1970-ci ildə mən rayon nəzarətçisi təyin olundum. Həmin il cəngəlliklərdəki çoxlu ucqar qrupları ziyarət edirdim və onlara «Yehovanın Şahidlərinin baş idarəsinə səyahət» adlı slaydı göstərirdim. Həmin bacı-qardaşlara gedib çatmaq üçün mən və bir neçə qardaş uzun taxta qayıq vasitəsilə çayla gedirdik. Qayığa generator, qablarda əlavə benzin, neft lampası və slaydı göstərmək üçün lazım olan avadanlıqları yükləyirdik. Hər dəfə mənzilbaşına çatanda bu avadanlıqları cəngəlliklərin içinə aparırdıq və orada slaydları göstərirdik. Amma bu səyahətlərim zamanı ən çox yadımda qalan üzləşdiyim çətinliklər yox, insanların bu slaydları necə maraqla izləməsi oldu. Çox xoşbəxt idim ki, onlara Yehova haqda və Onun təşkilatının yerüzü hissəsi haqda öyrənməyə kömək edirdim. Onların Yehovaya yaxınlaşması uğrunda hər zəhməti çəkməyə dəyərdi.

ÜÇQAT İP

Etellə mən 1971-ci ilin sentyabrında evləndik

Mən xidmətdə subaylığın üstünlüklərini görsəm də, hiss edirdim ki, ömür-gün yoldaşına ehtiyacım var. Buna görə də Yehovaya dua etdim ki, mənə həyat yoldaşı tapmağa kömək etsin və o, cəngəllik ərazilərdə tamvaxtlı xidmətin çətinliklərinə sevinclə dözməyə hazır olsun. Təxminən bir ildən sonra Etel adlı xüsusi öncüllə görüşməyə başladım. O, çox fədakar idi. Etel uşaqlıqdan həvari Bulusa xüsusi rəğbət bəsləyirdi və onun kimi xidmətdə əlindən gələni etmək istəyirdi. Biz 1971-ci ilin sentyabrında ailə qurduq və birlikdə rayon xidmətinə başladıq.

Etel imkanlı ailədə böyümədiyi üçün cəngəllik ərazilərdə səyyar xidmətin yaratdığı çətinliklərə tez uyğunlaşdı. Misal üçün, yığıncaqları ziyarət edəndə özümüzlə çox az şey götürürdük, paltarlarımızı çayda yuyurduq, elə özümüz də çayda çimirdik. Bacı-qardaşlar bizə nə verirdi, onu da yeyirdik, istər bu iquana olsun, istər pirana, istərsə də çayda və ya meşədə tutduqları başqa bir şey. Boşqab olmayanda yeməyi banan qabığına qoyub yeyirdik. Çəngəl-qaşıq olmayanda isə yeməyi əllə yeyirdik. Etellə mən hiss edirdik ki, əl-ələ verib, Yehovanın yolunda hər bir əziyyətə qatlaşanda üçqat ipimiz daha da möhkəmlənir (Vaiz 4:12). Çoxlu çətinliklərlə üzləşsək də, bu anları heç nəyə dəyişmərik.

Bir dəfə cəngəllikdən qayıdanda əvvəldə danışdığım hadisə başımıza gəldi. Qayıq suyun içinə girsə də, tez də suyun üzünə çıxdı. Yaxşı ki, əynimizdə xilasedici jilet var idi, həm də suya düşmədik. Amma qayığın içinə su doldu. Biz qablarda olan yeməyi çaya tökdük və qablarla qayığın içindəki suyu boşaltdıq.

Yeməkləri çaya atdığımız üçün yeməyə heç nəyimiz qalmamışdı. Buna görə də qayıqla gedə-gedə balıq tutmağa başladıq. Amma bir dənə də olsun balıq tuta bilmədik. Sonra Yehovaya dua edib, bizə həmin gün üçün ruzi yetirməsini xahiş etdik. Duamızı qurtaran kimi qardaşlardan biri böyük bir balıq tutdu. Həmin balığı beşimiz də yeyib doyduq.

ATA, ƏR VƏ SƏYYAR NƏZARƏTÇİ

Beş il səyyar xidmətdə olandan sonra gözlənilməz bir nemət aldıq. Valideyn olacağımızı öyrəndik. Bu xəbərə görə çox sevindim. Təbii ki, həyatımız dəyişəcəkdi, buna görə bir az narahat idim. Amma biz tamvaxtlı xidmətimizi mümkün qədər davam etdirmək fikrində idik. 1976-cı ildə oğlumuz Etnyel dünyaya gəldi. İki il yarımdan sonra isə ikinci oğlumuz Covanni anadan oldu.

Tapanahoni çayında vəftiz, mən də oradayam (Qoda Holo, Şərqi Surinam, 1983-cü il)

Surinamda tələbat olduğuna görə filial həm uşaqlarımı böyütməyim, həm də səyyar xidmətdə qalmağım üçün tədbir gördü. Uşaqlarımız balaca olanda mən yığıncaqların sayı az olan rayonlara təyin olunurdum. Adətən mən ayın iki həftəsi yığıncaqları ziyarət edirdim, qalan günlərdə isə öz yığıncağımda öncül kimi xidmət edirdim. Evimizə yaxın yığıncaqları ziyarət edəndə Etel və oğullarımız da mənimlə birlikdə gedirdi. Ancaq cəngəlliklərdəki yığıncaqları ziyarət edəndə və toplantılarda iştirak edəndə mən tək gedirdim.

Səyyar nəzarətçi olanda qayıqla tez-tez ucqar ərazilərdəki yığıncaqları ziyarət edirdim

Mən bütün məsuliyyətlərimin öhdəsindən gəlmək üçün hər şeyi yaxşı planlaşdırmalı idim. Hər həftə ailəvi ibadətimizin olması üçün tədbir görürdüm. Mən cəngəlliklərdəki yığıncaqları ziyarət edəndə Etel oğullarımızla bir yerdə ailəvi ibadət keçirirdi. Amma mümkün qədər çalışırdıq ki, hər şeyi bir yerdə, ailəlikcə edək. Bundan əlavə, Etellə mən uşaqlarımızın faydalı əyləncə ilə məşğul olması və istirahət etməsi üçün də əlimizdən gələni edirdik. Ya onlarla birlikdə oyunlar oynayırdıq, ya da gəzməyə gedirdik. Mən çox vaxt gecəyarısına kimi məsuliyyətlərimlə bağlı işləri görürdüm. Etel isə Məsəllər 31:15 ayəsində təsvir olunan yaxşı arvad kimi, alaqaranlıqdan oyanıb hazırlıq görürdü. Bunun sayəsində uşaqlar məktəbə getməmişdən əvvəl birlikdə günün ayəsini oxuyub, səhər yeməyi yeyirdik. Yehovaya çox minnətdaram ki, mənim belə fədakar həyat yoldaşım var. Onun dəstəyi sayəsində Yehovanın mənə tapşırdığı məsuliyyətləri icra edə bilirəm!

Bir valideyn kimi biz həmişə çalışırdıq ki, uşaqlarımıza Yehovaya və xidmətə sevgi aşılayaq. Biz istəyirdik ki, uşaqlarımız həyat yolu kimi tamvaxtlı xidməti seçsinlər, amma bunu bizim istəyimizlə yox, öz istəkləri ilə etsinlər. Biz həmişə onlara tamvaxtlı xidmətin gətirdiyi sevincdən danışırdıq. Biz demirdik ki, çətinliklər olmayacaq, amma Yehovanın ailəmizə necə kömək etdiyini, nə qədər nemətlər verdiyini vurğulayırdıq. Həm də diqqət yetirirdik ki, uşaqlarımız Yehovanı həyatlarında hər şeydən üstün tutan bacı-qardaşlarla oturub-dursunlar.

Yehova uşaqlarımızı böyütmək üçün bizi lazım olan hər şeylə təmin etdi. Əlbəttə ki, mən də öz öhdəmə düşəni edirdim. Subay vaxtı cəngəllik ərazidə xüsusi öncül kimi xidmət edəndə hər şeyi qabaqcadan planlaşdırmağı, pula qənaət etməyi öyrənmişdim. Amma hər şeyi ölçüb-biçsək də, bəzən olurdu ki, pulumuz çatmırdı. Belə vaxtlarda Yehovanın köməyini duyurduq. Məsələn, 1980-ci illərin sonu 1990-cı illərin əvvəli Surinamda vətəndaş müharibəsi oldu. Həmin illərdə hətta ən zəruri şeyləri əldə etmək çətin idi. Amma Yehova bizim qayğımıza qalırdı (Mət. 6:32).

ÖTƏN İLLƏRƏ BOYLANANDA…

Soldan sağa: Həyat yoldaşım Etellə mən

Böyük oğlum Etnyel və arvadı Natali

Kiçik oğlum Covanni və arvadı Kristal

Bütün həyatımız boyu Yehovanın əlini üzərimizdə hiss etmişik, qəlbimizdə həmişə xoşbəxtlik və məmnunluq olub. Övladlarımızla fəxr edirik. Onları Yehovanın yolunda böyütmək bizim üçün böyük şərəf idi. Çox xoşbəxtik ki, onlar həyatlarını tamvaxtlı xidmətə həsr etdilər. Övladlarımızın ikisi də teokratik məktəblərin məzunudurlar və hal-hazırda yoldaşları ilə birlikdə Surinam filialında xidmət edirlər.

Etellə mən yaşa dolmuşuq. Amma hələ də xüsusi öncül kimi xidmət edirik və çox məşğuluq. Hətta o qədər məşğuluq ki, mən indiyə qədər üzməyi öyrənməyə vaxt tapmamışam. Amma peşman deyiləm. Ötən illərə boylananda görürəm ki, gənc yaşlarımda tamvaxtlı xidməti seçmək həyatımda verdiyim ən yaxşı qərarlardan biri idi.

a «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabının 2002-ci il buraxılışının 70-ci səhifəsinə (rus.) baxın.

b Villem van Seyel qardaşın «Heç bu qədər gözləmirdim!» adlı bioqrafiyası «Oyanın!» jurnalının 1999-cu il 8 oktyabr sayında (rus.) dərc olunub.