TƏLİM MƏQALƏSİ 45
Yehova xidmətimizi icra etməyə kömək edir
«Bir şeyi dəqiq biləcəklər — aralarında peyğəmbər olub» (HİZQ. 2:5).
NƏĞMƏ 67 Allahın Sözünü müjdələ
İCMAL a
1. Təbliğdə nə ilə üzləşə bilərik, amma nəyə əminik?
TƏBLİĞDƏ təqiblərlə üzləşəcəyimizi bilirik. Ola bilsin, gələcəkdə bu təqiblər daha da artacaq (Dən. 11:44; 2 Tim. 3:12; Vəhy 16:21). Amma əmin ola bilərik ki, Yehova bizə lazım olan köməyi göstərəcək. Çünki Yehova həmişə xidmətçilərinə kömək edib, onlara hətta ən çətin təyinatlarının öhdəsindən gəlməyə güc verib. Onlardan biri Hizqiyal peyğəmbər idi. O, Babildə əsarətdə olan yəhudilərə təbliğ edirdi. Gəlin onun həyatından bəzi hadisələrə nəzər salaq.
2. Yehova Hizqiyalın təbliğ edəcəyi insanları necə təsvir etmişdi? Bu məqalədə nə haqda danışacağıq? (Hizqiyal 2:3—6).
2 Hizqiyal nə cür insanlara təbliğ edirdi? Yehova onların «ötkəm», «inadkar», «üsyankar» olduqlarını demişdi. Onlar qanqallar kimi zərərli, əqrəblər kimi təhlükəli idilər. Buna görə də Yehova dəfələrlə Hizqiyala demişdi: «Onlardan qorxma»! (Hizqiyal 2:3—6 ayələrini oxuyun.) Hizqiyal peyğəmbər təbliğ etmək tapşırığının öhdəsindən gələ bildi, çünki 1) onu Yehova göndərmişdi, 2) müqəddəs ruh ona güc verirdi və 3) Allahın Kəlamından qüvvət alırdı. Bu amillər Hizqiyala necə kömək etdi? Bəs bizə necə kömək edir?
HİZQİYALI YEHOVA GÖNDƏRMİŞDİ
3. Çox yəqin ki, Hizqiyalı hansı sözlər möhkəmləndirmişdi və Yehova onu necə ürəkləndirirdi?
3 Yehova Hizqiyala demişdi: «Mən səni göndərirəm» (Hizq. 2:3, 4). Yəqin ki, bu sözlər Hizqiyalı möhkəmləndirmişdi. Yehova Musanı və Əşiyanı Öz peyğəmbəri kimi təyin edəndə də bənzər sözlər demişdi (Çıx. 3:10; Əşy. 6:8). O həmçinin bu iki peyğəmbərə təyinatlarındakı çətinliklərin öhdəsindən gəlməyə kömək etmişdi. Hizqiyal bütün bunları bilirdi. Buna görə də Yehova Hizqiyala iki dəfə «Mən səni göndərirəm» deyəndə o, Yehovanın ona dayaq olacağına arxayın ola bilərdi. Bundan əlavə, «Hizqiyal» kitabında «mənə Yehovanın sözü nazil oldu» ifadəsinə çox rast gəlirik (Hizq. 3:16). Həmçinin Hizqiyal peyğəmbər «mənə yenə Yehovanın sözü nazil oldu» ifadəsini də dəfələrlə işlətmişdi (Hizq. 6:1). Şübhəsiz, peyğəmbər onu Yehovanın göndərdiyinə tam əmin idi. Bundan əlavə, onun atası kahin idi və yəqin, ona peyğəmbərlərdən və Yehovanın onları ürəkləndirməsindən danışmışdı. Yehova İshaqa, Yaquba və Ərəmyaya belə demişdi: «Mən səninləyəm» (Yar. 26:24; 28:15; Ərm. 1:8).
4. Çox yəqin ki, hansı sözlər Hizqiyala güc vermişdi?
4 Ümumi götürdükdə İsrail xalqı Hizqiyalın təbliğinə necə hay verəcəkdi? Yehova demişdi: «İsrail əhli sənə qulaq asmayacaq, çünki onlar Mənə qulaq asmaq istəmirlər» (Hizq. 3:7). Xalq Hizqiyalın dediklərini qəbul etməməklə, əslində, Yehovanı qəbul etmirdi. Bu sözlər Hizqiyalı əmin edirdi ki, xalqın ona qulaq asmaması onun bir peyğəmbər kimi işinin öhdəsindən gəlmədiyini göstərmir. Həmçinin Yehova Hizqiyalı əmin etmişdi ki, onun bəyan etdiyi hökm xəbəri gerçəkləşəndə israillilər biləcəklər ki, «aralarında peyğəmbər olub» (Hizq. 2:5; 33:33). Şübhəsiz, bu təsəlli sözləri Hizqiyala xidmətini icra etməyə güc vermişdi.
BİZİ DƏ YEHOVA GÖNDƏRİB
5. Əşiya 44:8 ayəsindəki hansı sözlər bizə güc verir?
5 Bizi də təbliğ etməyə Yehova göndərib. Bunu bilmək bizə güc verir. Yehova bizi Öz «şahidləri» adlandırır (Əşy. 43:10). Bu necə də böyük şərəfdir! Yehova Hizqiyala «qorxma» dediyi kimi, bizə də «vahimələnmə» deyir. Nəyə görə əleyhdarlarımızdan qorxmamalıyıq? Çünki Hizqiyal kimi, bizi də Yehova göndərib və Onun köməyinə arxalana bilərik. (Əşiya 44:8 ayəsini oxuyun.)
6. a) Yehovanın bizə dəstək olacağını hansı sözlər göstərir? b) Nəyi bilmək bizi ruhlandırır?
6 Yehova bizə dayaq olacağına söz verir. Misal üçün, O «siz Mənim şahidlərimsiniz» sözlərindən əvvəl belə sözlər demişdi: «Suyun içindən keçsən də, səninlə olacağam, çaylardan keçsən də, batmayacaqsan, odun içindən keçsən də, yanmayacaqsan, alov səni qarsamayacaq» (Əşy. 43:2). Təbliğ edərkən bəzən coşğun çaya bənzər maneələrlə, odlu-alovlu sınaqlarla üzləşirik. Bununla belə, Yehovanın köməyi sayəsində biz xidmətimizi davam etdiririk (Əşy. 41:13). Hizqiyalın dövründə olduğu kimi, bu gün də çoxları çatdırdığımız xəbərə qulaq asmaq istəmir. Onların bizi qəbul etməməsi o demək deyil ki, biz Yehovanın yaxşı Şahidi deyilik. Biz hər şeyə rəğmən sədaqətlə müjdəni bəyan edəndə Yehova bizdən razı qalır və bunu bilmək bizə qol-qanad verir. Həvari Bulus demişdi: «Hərəsi zəhmətinə görə mükafatını alacaq» (1 Kor. 3:8; 4:1, 2). Uzun müddətdir öncül kimi xidmət edən bir bacı deyir: «Nə yaxşı ki, Yehova mükafatı zəhmətimizə görə verir».
HİZQİYALA MÜQƏDDƏS RUH GÜC VERİRDİ
7. Gördüyü görüntünü hər dəfə yadına salanda, çox güman ki, Hizqiyal hansı hissləri keçirirdi? (Üz qabığındakı şəklə baxın.)
7 Hizqiyal Allahın ruhunun nə qədər qüdrətli olduğuna şahid olmuşdu. O, görüntüdə görmüşdü ki, müqəddəs ruh qüdrətli ruhani məxluqları, nəhəng səmavi arabanın çarxlarını hərəkətə gətirir (Hizq. 1:20, 21). Bu gördükləri onda hansı hissləri doğurmuşdu? O yazmışdı: «Bunu görəndə üzüstə yerə döşəndim». Gördükləri onu o qədər valeh etmişdi ki, o, yerə döşənmişdi (Hizq. 1:28). Yəqin, sonralar Hizqiyal hər dəfə bu möhtəşəm görüntünü yadına salanda əmin olurdu ki, Yehovanın ruhunun sayəsində xidmətini icra edə biləcək.
8, 9. a) Yehovanın əmri Hizqiyala necə təsir etdi? b) Yehova Hizqiyalı daha necə gücləndirdi?
8 Yehova Hizqiyala belə dedi: «Ey bəni-adəm, qalx ayağa, səninlə danışacağam». Bu əmr və Allahın müqəddəs ruhu ona güc verdi ki, ayağa qalxsın. Hizqiyal belə yazmışdı: «Ruh daxilimə girdi və məni ayağa qaldırdı» (Hizq. 2:1, 2). Bundan sonra bütün xidməti boyunca o, Yehovanın əlini, yəni müqəddəs ruhunu öz üzərində hiss edirdi (Hizq. 3:22; 8:1; 33:22; 37:1; 40:1). Yehovanın ruhu Hizqiyalı gücləndirdi ki, o, aldığı tapşırığı yerinə yetirsin, yəni «dikbaş və inadkar» xalqa təbliğ etsin (Hizq. 3:7). Yehova Hizqiyala dedi: «Onlar nə qədər inadkardırsa, Mən də səni bir o qədər qətiyyətli etmişəm. Sənin alnını almaz kimi sərt etmişəm, çaxmaqdaşından da bərk etmişəm. Onlardan qorxma, sifətləri səni vahiməyə salmasın» (Hizq. 3:8, 9, haş.). Bir növ, Yehova Hizqiyala belə demişdi: «Qoyma bu insanların inadkarlığı səni ruhdan salsın. Sənə güc verəcəyəm».
9 Bundan sonra Yehovanın ruhu Hizqiyalı təbliğ etdiyi əraziyə çəkib apardı. Hizqiyal yazmışdı: «Üzərimdə Yehovanın əlinin gücünü hiss edirdim». Təbliğ edəcəyi xəbəri tam qavraması və əminliklə təbliğ edə bilməsi üçün peyğəmbərə düz bir həftə lazım gəldi (Hizq. 3:14, 15). Sonra Yehova onu düzənliyə yönəltdi, həmin vaxt ruh onun içinə daxil oldu (Hizq. 3:23, 24). Artıq Hizqiyal xidmətinə başlamağa hazır idi.
BİZƏ DƏ MÜQƏDDƏS RUH GÜC VERİR
10. Təbliğ işini icra etmək üçün hansı köməyə ehtiyacımız var və nəyə görə?
10 Təbliğ işini icra etmək üçün hansı köməyə ehtiyacımız var? Bu suala cavab vermək üçün gəlin Hizqiyalla nə baş verdiyini yadımıza salaq. Hələ təbliğ etməyə başlamamışdan əvvəl Yehovanın ruhu ona güc-qüvvət verdi. Eynilə bu gün də biz təbliğ işimizi yalnız Yehovanın ruhu sayəsində icra edə bilərik. Nəyə əsasən belə deyirik? Çünki Şeytan təbliğ işimizi dayandırmaq üçün bizə qarşı vuruşur (Vəhy 12:17). İnsan düşüncəsi ilə baxanda Şeytan bizdən qat-qat güclü görünə bilər. Amma şahidlik işi vasitəsilə biz ona qalib gəlirik (Vəhy 12:9—11). Hansı mənada? Biz təbliğ işində iştirak etməklə göstəririk ki, Şeytanın hədələrindən qorxmuruq. Biz hər dəfə təbliğ edəndə Şeytan məğlubiyyət yaşayır. Deməli, təqiblərlə üzləşməyimizə baxmayaraq, təbliğ işini icra etməyimiz nəyin göstəricisidir? Bu, onu göstərir ki, müqəddəs ruh bizə güc verir və Yehova bizdən razıdır (Mət. 5:10—12; 1 But. 4:14).
11. Allahın ruhu bizə necə kömək edəcək və onu həmişə almaq üçün nə etməliyik?
11 Yehova məcazi mənada Hizqiyalın üzünü və alnını sərt etmişdi. Bunu bilmək bizi nəyə əmin edir? Allahın ruhu xidmətdə üzləşdiyimiz istənilən çətinliyi aşmağa bizə kömək edə bilər (2 Kor. 4:7—9). Yehovanın bizə müqəddəs ruhunu həmişə verməsi üçün nə etməliyik? Biz durmadan dua edib, Yehovadan müqəddəs ruh diləməliyik və əmin olmalıyıq ki, Yehova bizim dualarımızı eşidəcək. İsa Məsih şagirdlərinə belə demişdi: «Durmadan diləyin,.. durmadan axtarın,.. durmadan qapını döyün». Onda Yehova «Ondan istəyənlərə müqəddəs ruh» verəcək (Luka 11:9, 13; Həv. 1:14; 2:4).
HİZQİYAL ALLAHIN KƏLAMINDAN QÜVVƏT ALIRDI
12. Hizqiyal 2:9—3:3 ayələrinə əsasən, tumar haradan nazil olmuşdu və içində nə yazılmışdı?
12 Hizqiyal təkcə müqəddəs ruhdan yox, Allahın Kəlamından da güc almışdı. Görüntüdə Hizqiyal tumar tutan bir əl görmüşdü. (Hizqiyal 2:9—3:3 ayələrini oxuyun.) Bu tumar haradan nazil olmuşdu? Onun içində nə yazılmışdı? Bu tumar Hizqiyalı necə möhkəmləndirdi? Gəlin bu sualları cavablandıraq. Tumar Allahın taxtından nazil olmuşdu. Yəqin, Yehova tumarı Hizqiyala onun daha öncə gördüyü dörd mələkdən biri vasitəsilə vermişdi (Hizq. 1:8; 10:7, 20). Tumarda Allahın sözləri — hökm xəbəri yazılmışdı. Bu xəbər tumarın hər iki tərəfinə ətraflı şəkildə yazılmışdı. Hizqiyal bu sözləri əsirlikdə olan üsyankar xalqa çatdırmalı idi (Hizq. 2:7).
13. Yehova Hizqiyala nə etməyi buyurur və nəyə görə bu tumar Hizqiyal üçün şirin idi?
13 Yehova Hizqiyala deyir: «Tumarı ye, mədəni onunla doldur». Hizqiyal Allahın sözünə itaət edib, tumarı axıra qədər yeyir. Görüntünün bu hissəsinin mənası nədir? Hizqiyal bəyan edəcəyi xəbəri tam mənimsəməli idi, sanki bu xəbər onun canına hopmalı idi, daxili varlığını hərəkətə gətirməli idi. Sonra maraqlı bir şey baş verir. Hizqiyal hiss edir ki, bu tumar «bal kimi şirin dadır» (Hizq. 3:3). Nəyə görə? Çünki Yehovanı təmsil etmək Hizqiyal üçün şirin, çox xoş bir hal idi (Zəb. 19:8—11). Hizqiyal minnətdar idi ki, Yehova onu Öz peyğəmbəri təyin edib.
14. Nəyin sayəsində Hizqiyal təyinatını icra etməyə hazır oldu?
14 Sonra Yehova Hizqiyala deyir: «Sənə dediyim hər sözü dinlə və ürəyinə yaz» (Hizq. 3:10). Bu sözlərlə Yehova Hizqiyala buyurur ki, tumarda yazılan sözləri yaddaşına həkk etsin və onlar barədə düşünsün. Belə etmək Hizqiyalın öz imanını möhkəmləndirdi. Həmçinin bu tumarda onun xalqa çatdıracağı sərt hökm xəbəri yazılmışdı (Hizq. 3:11). Allahın xəbəri Hizqiyalın ürəyində və dilində olandan sonra artıq Hizqiyal təyinatını axıradək icra etməyə hazır idi. (Zəbur 19:14 ayəsi ilə əlaqələndirin.)
BİZ DƏ ALLAHIN KƏLAMINDAN QÜVVƏT ALIRIQ
15. Dözüm göstərmək üçün nələri «ürəyimizə yazmalıyıq»?
15 Xidmətimizi dözümlə yerinə yetirmək üçün biz də Allahın sözləri vasitəsilə daima imanımızı möhkəmləndirməliyik. Biz Yehovanın dediyi hər sözü «ürəyimizə yazmalıyıq». Onun dedikləri isə Müqəddəs Kitabda qeyd olunub. Bəs Allahın Kəlamının bizim fikirlərimizi, hisslərimizi və niyyətlərimizi daim yönləndirməsi üçün nə edə bilərik?
16. Allahın Kəlamını mənimsəmək üçün nə etməliyik?
16 Biz yemək yeyəndə və onu həzm edəndə orqanizmimiz möhkəmlənir. Eynilə Allahın Kəlamını mütaliə edəndə və onun üzərində düşünəndə ruhani cəhətdən möhkəmlənirik. Tumarla bağlı görüntüdən öyrəndiklərimizi unutmamalıyıq. Yehova istəyir ki, biz «mədəmizi» Onun Kəlamı ilə dolduraq, yəni onu tam mənimsəyək. Bunun üçün nə etməliyik? Dua etməli, mütaliə etməli və oxuduqlarımızın üzərində düşünməliyik. Əvvəla, dua edərək ürəyimizi Allahın bizə öyrətmək istədiyi fikirlərə hazırlayırıq. Sonra Müqəddəs Kitabdan bir hissəni oxuyuruq. Daha sonra isə dayanıb düşünürük, oxuduqlarımızın dərinliyinə varırıq. Bunun bizə hansı xeyri olur? Oxuduqlarımızın üzərində nə qədər çox düşünürüksə, Allahın Kəlamı canımıza bir o qədər yaxşı hopur.
17. Nəyə görə Müqəddəs Kitabdan oxuduqlarımız üzərində düşünməliyik?
17 Allahın Kəlamını oxuyub üzərində düşünmək nəyə görə vacibdir? Oxuduqlarımız bizə güc-qüvvət verir. Bunun sayəsində biz indi xoş xəbəri təbliğ edə bilirik. Həm də bu bizə gələcəkdə kömək edəcək, çünki tezliklə çox güman ki, sərt hökm xəbərini bəyan edəcəyik. Bundan əlavə, Allahın gözəl xüsusiyyətləri üzərində düşünəndə Onunla münasibətlərimiz daha da möhkəmlənir. Nəticədə, biz çox şirin, xoş bir hiss duyuruq, yəni daxilimizdə qəlb rahatlığı və məmnunluq hissi olur (Zəb. 119:103).
BİZ DÖZMƏYƏ ƏZMLİYİK
18. Ərazimizdəki insanlar hansı həqiqəti dana bilməyəcəklər və nəyə görə?
18 Düzdür, Hizqiyaldan fərqli olaraq, biz peyğəmbərlik etmirik. Amma Yehovanın Öz Kəlamında bizim dövrümüzə qədər qoruyub saxladığı xəbəri O, «bitdi» deyənə qədər bəyan etməyə əzmliyik. İnsanlara hökm çıxarmaq vaxtı çatanda artıq ərazimizdəki insanlar deyə bilməyəcəklər ki, Allahın xəbərdarlığını eşitməyiblər və ya Allah onları görməzdən gəlib (Hizq. 3:19; 18:23). Əksinə, bizim təbliğ etdiyimiz xəbərin Allahdan olduğunu dana bilməyəcəklər.
19. Xidmətimizi icra etməyə bizə nə güc verir?
19 Bizə xidmətimizi icra etməyə nə güc verir? Hizqiyalı möhkəmləndirən üç amil. Biz təbliğ etməyə davam edirik, çünki bilirik ki, bizi Yehova göndərib. Onun müqəddəs ruhu bizə güc verir və Kəlamından qüvvət alırıq. Yehovanın köməyi sayəsində xidmətimizi icra etməyə və «axıra kimi» dözməyə əzmliyik (Mət. 24:13).
NƏĞMƏ 65 İrəli get!
a Yehova Hizqiyala təbliğ etmək tapşırığı vermişdi. Bu məqalədən öyrənəcəyik ki, bu tapşırığı icra etməyə Hizqiyala hansı üç amil kömək etmişdi. Əmin olacağıq ki, Yehova bizə də xidmətimizi icra etməyə kömək edəcək.