Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 46

Yehovanın köməyilə çətinliklərə sevinclə dözürük

Yehovanın köməyilə çətinliklərə sevinclə dözürük

«Yehova səbirlə gözləyir ki, sizə lütf göstərsin, O qalxacaq ki, sizə mərhəmət göstərsin» (ƏŞY. 30:18).

NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz

İCMAL a

1, 2. a) Bu məqalədə hansı sualları araşdıracağıq? b) Yehovanın bizə kömək etməyi ürəkdən istədiyini nə göstərir?

 YEHOVA bizə çətinliklərə tab gətirməyə və müqəddəs xidmətimizdən sevinc duymağa kömək edə bilər. Bəs O bizə hansı üsullarla kömək edir? Yehovanın köməyindən tam yararlanmaq üçün nə edə bilərik? Bu məqalədə bu sualların cavabını tapacağıq. Amma ondan əvvəl gəlin bir sualı cavablandıraq: «Yehova ümumiyyətlə bizə kömək etmək istəyir?»

2 Həvari Bulusun ibranilərə yazdığı məktubda istifadə etdiyi bir söz bizə bu suala cavab tapmağa kömək edə bilər. O yazmışdı: «Yehova dayağımdır, əsla qorxmaram. İnsan mənə nə edə bilər?!» (İbr. 13:6). Müqəddəs Kitab üzrə bir çox elmi mənbələrdə izah olunur ki, bu ayədə istifadə olunan «dayaq» sözü kömək üçün fəryad edən kəsin harayına qaçan insanı təsvir edir. Sanki Yehova yüyürüb darda olan insanın dadına çatır. Yəqin, razı olarsınız ki, bu təsvir Yehovanın bizə dayaq olmağı nə qədər çox istədiyini aydın göstərir. Yehovanın köməyi sayəsində biz istənilən çətinliyə sevinclə tab gətirə bilərik.

3. Yehova hansı üç üsulla sınaqlara sevinclə tab gətirməyimizə kömək edir?

3 Bəs Yehova bizə hansı üsullarla dayaq olur? Gəlin bu suala cavab tapmaq üçün «Əşiya» kitabına nəzər salaq. Çünki Əşiyanın Yehovanın ilhamı ilə yazdığı peyğəmbərliklərin çoxu bizə də aiddir. Bundan əlavə, Əşiya Yehova haqqında danışarkən çox aydın və sadə sözlərdən istifadə etmişdi. Məsələn, götürək Əşiya 30-cu fəsli. Bu fəsildə Əşiya Yehovanın Öz xalqına necə kömək etdiyini təsəvvürümüzdə canlandıra bilməyimiz üçün parlaq obrazlar yaradıb. O yazmışdı ki, Yehova 1) bizim dualarımızı diqqətlə dinləyib, onlara cavab verməklə, 2) bizə yol göstərməklə və 3) bizə indi verdiyi və gələcəkdə verəcəyi nemətlər vasitəsilə kömək edir. Gəlin bu üç üsulu daha ətraflı araşdıraq.

YEHOVA BİZİ DİNLƏYİR

4. a) Yehova Əşiyanın dövründəki yəhudilər haqqında nə demişdi və nəticədə O nəyə izin verdi? b) Sadiq yəhudilərə Yehova hansı ümidi vermişdi? (Əşiya 30:18, 19).

4 Əşiya 30-cu fəslin ilk ayələrində Yehova yəhudiləri «tərs oğullar» adlandırır və qeyd edir ki, onlar «günaha günah qatırlar». Yehova sözünün davamında belə deyir: «Onlar asi xalqdır... Yehovanın qanununu eşitmək istəməyən soydur» (Əşy. 30:1, 9). Onlar Yehovanın sözünə qulaq asmağı rədd etdikləri üçün Əşiya demişdi ki, Yehova başlarına gələcək fəlakətdən onları qorumayacaq (Əşy. 30:5, 17; Ərm. 25:8—11). Belə də oldu. Babillilər onları əsir apardı. Amma onların arasında sadiq olan yəhudilər də var idi və Əşiya onlara ümidverici xəbər çatdırdı. Dedi ki, gün gələcək Yehova onlara lütf göstərəcək. (Əşiya 30:18, 19 ayələrini oxuyun.) Bu sözlər yerinə yetdi. Yehova onları əsirlikdən azad etdi. Amma bu dərhal baş vermədi. «Yehova səbirlə gözləyir ki, sizə lütf göstərsin» sözlərinə əsasən, sadiq insanların azadlığa çıxması üçün müəyyən vaxt keçməli idi. Belə ki, israillilər düz 70 ildən sonra əsirlikdən azad oldu və onlardan bəziləri Yerusəlimə qayıda bildi (Əşy. 10:21; Ərm. 29:10). Geri qayıdanların əsirlikdə olarkən axıtdıqları kədər göz yaşlarını sevinc göz yaşları əvəz etdi.

5. Əşiya 30:19 ayəsi bizi nəyə arxayın edir?

5 Bu gün biz növbəti sözlərdən təsəlli tapa bilərik: «Sən fəryad edəndə O, sənə lütf göstərəcək» (Əşy. 30:19). Əşiya bizi arxayın edir ki, biz fəryad edəndə Yehova bizi diqqətlə dinləyəcək və fəryadımıza dərhal cavab verəcək. Əşiya həmçinin əlavə edir: «Səsini eşitcək sənə hay verəcək». Bu sözlər bizi əmin edir ki, Atamız ondan imdad diləyənlərin dadına yetməyə hazırdır. Bunu bilmək bizə sevinclə dözməyə kömək edir.

6. Əşiyanın sözlərindən Yehovanın hər bir xidmətçisinin duasına qulaq asdığı necə görünür?

6 Bu ayədə bizi ruhlandıracaq başqa bir fikir də var. Yehova ayrı-ayrılıqda hər birimizin duasına qulaq asır. Nəyə əsasən belə deyə bilərik? 30-cu fəslin əvvəlində «siz» əvəzliyi istifadə olunub. Çünki orada Yehova bütün xalqa müraciət edir. 19-cu ayədə isə «sən» əvəzliyi istifadə olunub. Çünki orada yazılan sözlər fərdi olaraq hər bir kəsə aiddir. Əşiya yazmışdı: «Sən fəryad edəndə», «sənə lütf göstərəcək», «sənə hay verəcək». Yehova məhəbbətli Ata kimidir. O, heç vaxt ruhdan düşmüş qızını və oğlunu digər övladları ilə müqayisə etmir. «Sən də bacı-qardaşın kimi güclü olmalısan»,— demir. O, hər birimizə fərdi yanaşır və dualarımıza şəxsən qulaq asır (Zəb. 116:1; Əşy. 57:15).

Əşiya «[Yehovadan] əl çəkməyin» deyəndə nəyi nəzərdə tuturdu? (7-ci abzasa baxın)

7. Əşiya peyğəmbər və İsa Məsih israrla dua etməyin vacibliyi haqda nə demişdi?

7 Bizi narahat edən məsələ ilə bağlı Yehovaya dua edəndə, ola bilsin, Yehova dərhal duamızın cavabı olaraq bizə dözməyə güc verəcək. Əgər problemimiz gözlədiyimizdən uzun çəkirsə, biz dönə-dönə Yehovaya dua edib güc istəyə bilərik. O Özü bizi buna təşviq edir. Bunu Əşiyanın sözlərindən görmək olar: «[Yehovadan] əl çəkməyin» (Əşy. 62:7). Bu nə deməkdir? Bizim dualarımız o qədər israrlı olmalıdır ki, sanki Yehovadan əl çəkmirik. Əşiyanın sözləri bizə İsa Məsihin Luka 11:8—10, 13 ayələrindəki sözlərini xatırladır. İsa bu ayələrdə bizi təşviq edir ki, müqəddəs ruhu israrla, durmadan diləyək. Biz həmçinin Yehovaya dua etməliyik ki, düzgün qərar verməyimiz üçün bizə yol göstərsin.

YEHOVA BİZƏ YOL GÖSTƏRİR

8. Əşiya 30:20, 21 ayələri qədimdə necə yerinə yetdi?

8 Əşiya 30:20, 21 ayələrini oxuyun. Babillilər il yarım Yerusəlimi mühasirədə saxlamışdı. Bu müddət ərzində yəhudilərə dərd və zülm çörəklə su kimi tanış idi. Amma 20 və 21-ci ayələrdən gördüyümüz kimi, Yehova söz vermişdi ki, əgər xalq tövbə etsə və əməllərindən dönsə, dadına yetəcək. Əşiya Yehovanı onların Böyük Nəsihətçisi adlandırmışdı və demişdi ki, Yehova onlara Ona məqbul şəkildə ibadət etməyi öyrədəcək. Yəhudilər əsirlikdən azad ediləndə bu sözlər yerinə yetdi. Yehova onların Böyük Nəsihətçisi oldu və Onun rəhbərliyi altında xalq pak ibadəti bərpa edə bildi. Çox xoşbəxtik ki, Yehova bu gün də bizim Böyük Nəsihətçimizdir.

9. Bu gün Yehovadan təlim almağın bir yolu hansıdır?

9 Əşiya yenə obrazlı dildə danışır və bizi Yehovadan öyrənən şagirdlərə bənzədir. Biz iki üsulla təlim alırıq. Birinci üsul barədə Əşiya yazır: «Böyük Nəsihətçini öz gözünlə görəcəksən». Əşiya bu bənzətmədə nəsihətçinin şagirdlərin önündə durduğunu təsvir edir. Bu gün bizə də Böyük Nəsihətçidən təlim almaq şərəfi nəsib olub. O bizə təşkilatı vasitəsilə təlim verir. Yığıncaqdan, toplantılardan, nəşrlərimizdən, JW televiziyamızdan və digər yollarla aldığımız təlim bizə çətinliklərə sevinclə tab gətirməyə kömək edir. Yehovaya bizə verdiyi aydın göstərişlərə görə çox minnətdarıq.

10. Hansı mənada qulağımıza arxadan səs gəlir?

10 Əşiya Yehovanın bizə təlim verməsinin ikinci üsulu barədə belə deyir: «Qulağına arxadan bu səs gələcək». Olur ki, müəllim şagirdlərinin arxasınca gedərək onlara istiqamət verir. Əşiya Yehova ilə bağlı belə bir obraz yaratmışdı. Bu gün biz də arxadan Onun səsini eşidirik. Bu necə mümkündür? Yehovanın sözləri Müqəddəs Kitabda əsrlər öncə yazılıb. Buna görə də biz onu oxuyanda sanki arxadan Yehovanın səsini eşidirik (Əşy. 51:4).

11. Çətinliklərə sevinclə tab gətirmək üçün hansı addımları atmalıyıq və nəyə görə?

11 Yehovanın təşkilatı və Kəlamı vasitəsilə verdiyi məsləhətlərdən tam yararlanmaq üçün nə edə bilərik? Əşiya peyğəmbər iki məqamı qeyd edir. Birincisi, «yol budur», ikincisi, «bu yolla get» (Əşy. 30:21). Yolu bilmək kifayət deyil. Biz həm də bu yolla getməliyik. Yehovanın Kəlamından Onun buyruqlarını öyrənirik. Təşkilatın verdiyi açıqlamaların bu sahədə bizə çox köməyi dəyir. Bununla yanaşı, biz öyrəndiklərimizə əməl etməyi öyrənirik. Yehovaya xidmətdə çətinliklərə sevinclə tab gətirə bilmək üçün biz bu addımların ikisini də atmalıyıq. Yalnız bu halda Yehovanın bizə nemətlər verəcəyinə əmin ola bilərik.

YEHOVA BİZƏ NEMƏTLƏR VERİR

12. Əşiya 30:23—26 ayələrinə əsasən, Yehova xalqına hansı nemətləri bəxş etdi?

12 Əşiya 30:23—26 ayələrini oxuyun. Bu peyğəmbərlik Babil əsarətindən İsrailə qayıdan yəhudilərin üzərində necə yerinə yetdi? Yehova onlara fiziki və ruhani nemətlər bəxş etdi. Xalqın həm yeməyi bol idi, həm də, ən əsası, pak ibadətin tədricən bərpa olunması üçün ruhani qidası. Yəhudilər indiyədək Yehovadan bu qədər çox ruhani nemətlər almamışdı. 26-cı ayədə qeyd olunduğu kimi, Yehovanın verdiyi ruhani nur daha da parlaq olmuşdu (Əşy. 60:2). Bu nemətlər xalqda ürək coşqunluğu yaratdı və beləcə, onlar sevinclə və mətanətlə xidmət etdilər (Əşy. 65:14).

13. Pak ibadətin bərpası ilə bağlı peyğəmbərlik bizim dövrümüzdə necə yerinə yetir?

13 Pak ibadətin bərpası ilə bağlı peyğəmbərlik bizə aiddir? Əlbəttə. 1919-cu ildən bəri milyonlarla insan yalan dinin dünya imperiyası olan Böyük Babilin əsarətindən qurtulub. Yehova onları israillilərin olduğu Vəd edilmiş diyardan daha yaxşı bir yerə, ruhani cənnətə gətirib (Əşy. 51:3; 66:8). Bəs ruhani cənnət nədir?

14. Ruhani cənnət nədir və bu gün orada kimlər məskunlaşıb? («Bəzi ifadələrin izahı»na baxın.)

14 Eramızın 1919-cu ilindən bəri məsh olunmuşlar ruhani cənnətdə b yaşayır. Vaxt keçdikcə yerüzü ümidinə sahib olan «başqa qoyunlar» da ruhani cənnətdə məskunlaşdı və Yehovadan bol nemətlər aldı (Yəh. 10:16; Əşy. 25:6; 65:13).

15. Ruhani cənnət harada yerləşir?

15 Bəs bu gün ruhani cənnət harada yerləşir? Yehovaya ibadət edən insanlara dünyanın hər bir yerində rast gəlmək mümkündür. Deməli, onların məskunlaşdığı ruhani cənnətin ərazisi bütün dünyanı əhatə edir. Harada yaşamağımızdan asılı olmayaraq, nə qədər ki pak ibadəti fəal surətdə dəstəkləyirik, biz ruhani cənnətin sakini ola bilərik.

Hər birimiz ruhani cənnətin gözəlliyinə gözəllik qatmaq üçün nə edə bilərik? (16 və 17-ci abzaslara baxın)

16. Ruhani cənnətin gözəlliyini daim görmək üçün nə etməliyik?

16 Ruhani cənnətdə qalmaq üçün digər şeylərlə yanaşı, gərək məsihi yığıncağını da daima qiymətləndirək. Bunu necə edə bilərik? Bunun üçün diqqətimizi oranın sakinlərinin səhvlərinə yox, gözəl cəhətlərinə cəmləməliyik (Yəh. 17:20, 21). Bu nə üçün vacibdir? Gəlin bir nümunəyə baxaq. Gözəl bir meşə təsəvvür edin. Adətən meşədə bir-birindən fərqli ağaclar olur. Eynilə yığıncaqlarımızda olan ruhani cənnəti də bir-birindən fərqli insanlar bəzəyir. Onları ağaclara bənzətmək olar (Əşy. 44:4; 61:3). Çalışmalıyıq ki, diqqətimizi «meşənin» gözəlliyinə cəmləyək, yanımızda olan «ağacın» qüsurlarına yox. Yol verməməliyik ki, özümüzün və ya bacı-qardaşlarımızın səhvləri məsihi yığıncağının gözəlliyini görməyimizə mane olsun.

17. Yığıncaqda birliyi qorumaq üçün hər birimiz nə edə bilərik?

17 Bəs hər birimiz öz tərəfimizdən yığıncaqdakı birliyi qorumaq üçün nə etməliyik? Sülhpərvər olmalıyıq (Mət. 5:9; Rom. 12:18). Bacı-qardaşlarla aramızda sülhü qorumaq üçün hər dəfə təşəbbüs göstərəndə ruhani cənnətin gözəlliyinə gözəllik qatırıq. Unutmamalıyıq ki, ruhani cənnətin hər bir sakinini pak ibadətə Yehova cəlb edib (Yəh. 6:44). Onların hər biri Yehovanın gözündə ləl-cəvahirdir! Görün biz onlarla aramızda birliyi və sülhü qorumaq üçün var gücümüzlə çalışanda Yehova necə sevinir (Əşy. 26:3; Həq. 2:7).

18. Daim nəyin üzərində düşünməliyik və nə üçün?

18 Yehovanın verdiyi saysız nemətlərin xeyrini tam görmək üçün nə etməliyik? Allahın Kəlamından və ona əsaslanan nəşrlərdən öyrəndiklərimizin dərinliyinə varmalıyıq. Bu cür mütaliənin sayəsində biz gözəl məsihi xüsusiyyətlərinə sahib olacağıq və bir-birimizə «nəvazişlə qardaşlıq məhəbbəti» bəsləyəcəyik (Rom. 12:10). İndi aldığımız nemətlər barədə düşünməklə Yehova ilə münasibətlərimizi möhkəmləndiririk. Yehovanın bizə gələcəkdə verəcəyi nemətlər barədə düşünəndə isə Ona əbədiyyən xidmət etmək ümidimiz daha real olur. Bütün bunlar bizə hal-hazırda Yehovaya xidmətdən daha çox sevinc duymağa kömək edir.

DÖZMƏYƏ QƏTİYYƏTLİ OLAQ

19. a) Əşiya 30:18 ayəsinə əsasən, biz nəyə əmin ola bilərik? b) Çətinliklərə sevinclə dözməyə bizə nə kömək edəcək?

19 Yehova bu şər dünyaya son qoyanda bizim xeyrimizə ayağa «qalxacaq» (Əşy. 30:18). Biz əminik ki, Yehova Haqq Allahdır, O, Şeytan dünyasının lazımından bir gün də artıq mövcud olmasına izin verməyəcək (Əşy. 25:9). O gün yetişənə qədər isə Yehova kimi, biz də səbirlə gözləyəcəyik. Bu vaxt ərzində isə gəlin dua etmək şərəfini qiymətləndirək, Allahın Kəlamını oxuyub, həyatımızda tətbiq edək və aldığımız nemətlər barədə düşünək. Beləcə, Yehova bizə çətinliklərə sevinclə dözməyə kömək edəcək.

NƏĞMƏ 142 Ümidimizdən bərk yapışaq

a Yehova xidmətçilərinə çətinliklərə sevinclə sinə gərməyə kömək edir. Bu məqalədə bunun üç üsulundan danışacağıq. Bu üsullar haqqında Əşiya 30-cu fəsildən çox şey öyrənə bilərik. Bu fəsil bizə xatırladacaq ki, dua etmək, Müqəddəs Kitabı oxumaq, indiki və gələcək nemətlərimiz barədə düşünmək çox vacibdir.

b BƏZİ İFADƏLƏRİN İZAHI. «Ruhani cənnət» bu gün bizim Yehovaya birlik içində ibadət etdiyimiz təhlükəsiz mühitdir. Bu mühitdə bizim yalan dinin təsirindən arınmış bol ruhani qidamız var. Üstəlik, Allahın Padşahlığının təbliği ilə bağlı çoxlu maraqlı işimiz var. Biz bacı-qardaşlarla sülh içində yaşayırıq. Onlar bizə həyatın çətinliklərinə sevinclə tab gətirməyə kömək edirlər. Biz həmçinin Yehova ilə sıx dostluq münasibətinə sahibik. Biz Yehovaya düzgün şəkildə ibadət etməyə başlayanda və Ona bənzəmək üçün var gücümüzlə çalışanda ruhani cənnətə daxil oluruq.