Kontentə keç

Mündəricatı göstər

1918. Yüz il əvvəl

1918. Yüz il əvvəl

«1918-ci il nə vəd edir?» «Gözətçi qülləsi» jurnalının 1918-ci il 1 yanvar sayı bu sözlərlə başlayır. Birinci Dünya müharibəsi Avropada hələ də tüğyan edirdi. Amma ilin əvvəlində baş verən hadisələr Müqəddəs Kitab Tədqiqatçıları, eləcə də bütün dünya üçün yaxşı şeylər vəd edirdi.

DÜNYA SÜLHDƏN DANIŞIR

1918-ci il yanvar ayının 8-i prezident Vudro Vilson ABŞ Konqresindəki çıxışında sülhün təməl prinsiplərini əks etdirən 14 bənddən ibarət sülh proqramı irəli sürür. O, millətlər arasında diplomatik danışıqların açıq şəkildə aparılmasını, silahlanmanın azaldılmasını, «kiçik və böyük dövlətlərin» ümumi marağına xidmət edəcək «millətlər birliyi»nin yaradılmasını təklif edir. V. Vilsonun «14 maddə»si sonralar «Millətlər Cəmiyyəti»nin yaranması və Birinci Dünya müharibəsinə son qoyan Versal sülh müqaviləsinin imzalanması ilə nəticələndi.

ƏLEYHDARLAR MƏĞLUB OLUR

Ötən il baş verən bir sıra sarsıdıcı hadisələrə rəğmən *, Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin illik görüşündə baş verənlər Müqəddəs Kitab Tədqiqatçıları üçün sülhün üfüqdə göründüyünə işarə idi.

5 yanvar 1918-ci il tarixində keçirilən bu görüşdə Beyteldən kənarlaşdırılan bir neçə nüfuzlu kişi təşkilatı öz əlinə keçirməyə cəhd etdi. Səyyar nəzarətçi olan Riçard Barber adlı sadiq qardaş görüşü dua ilə açdı. Ötən il görülən işlərlə bağlı hesabatdan sonra, hər il olduğu kimi, direktorlar şurasının üzvlərini təyin etmək üçün səsvermə keçirildi. Riçard qardaş Cozef Ruterfordun və başqa altı qardaşın namizədliyini irəli sürdü. Əleyhdarlarla əlbir olan bir vəkil isə Beyteldən kənar edilənlər də daxil digər yeddi nəfərin namizədliyini irəli sürdü. Lakin onlar məğlub oldular. Cozef Ruterford qardaşla birgə altı sadiq qardaş böyük səs çoxluğu ilə direktorlar şurasına üzv seçildi.

İllik görüşdə iştirak edən qardaşların əksəriyyəti bu görüşü «bu günə qədər keçirilən ən xeyir-dualı iclas» adlandırırdı. Amma onların sevinci uzun sürmədi.

«AÇILMIŞ SİRR»Ə MÜNASİBƏT

Müqəddəs Kitab Tədqiqatçıları bir neçə ay idi ki, «Açılmış sirr» adlı kitabı paylayırdılar. Səmimi qəlbli insanlar orada yazılan Müqəddəs Kitab həqiqətlərinə gözəl hay verirdi.

Kanadada yaşayan Edvard Krist adlı səyyar nəzarətçi «Açılmış sirr» kitabını oxuyan və beş həftənin içində həqiqəti qəbul edən bir ər-arvad haqda danışmışdı. Qardaş deyir: «Onların ikisi də özlərini tamamilə ibadətə həsr ediblər və yaxşı irəliləyirlər».

Kitabı əldə edən bir kişi isə oradan oxuduqlarını dərhal dostu ilə bölüşür. Kitabda yazılanlar ona çox gözəl təsir edir. O, kitabı necə aldığını xatırlayaraq deyir: «Üçüncü prospektlə gedərkən birdən çiynimə nəsə düşdü. Elə bildim kərpicdir. Amma yox, bu, “Açılmış sirr” kitabı idi. Kitabı götürüb evə gətirdim və axıra kimi oxudum... Sonradan öyrəndim ki, sən demə, bir keşiş əsəbdən kitabı pəncərədən tullayıbmış... Əminəm ki, keşişin həyatı boyu gördüyü işlərin içində bu hərəkəti daha çox insana həqiqi ümid tapmağa kömək etdi... Bu keşişin qəzəbi sayəsində biz indi Allahın adını ucaldırıq».

Belə reaksiya verən təkcə bu keşiş deyildi. Kanada məmurları kitabda qiyama səsləyən və müharibə əleyhinə fikirlərin yer aldığını iddia edərək 1918-ci il fevralın 12-si onu qadağan etdilər. Bundan qısa müddət sonra ABŞ da onların qoyduğu yolla getdi. Hökumət məmurları təşkilatın aparıcı üzvlərinin əleyhinə sübut tapmaq üçün Nyu-York, Pensilvaniya və Kaliforniyadakı Beytel və ofislərdə axtarışlar apardılar. 1918-ci il martın 14-də Birləşmiş Ştatların Ədliyyə Nazirliyi «Açılmış sirr» kitabının nəşrinin və yayılmasının müharibəyə mane olduğunu və Casusluq haqda qanunu pozduğunu iddia edərək onu qadağan elədi.

HƏBS!

1918-ci il mayın 7-də Ədliyyə Nazirliyi Covanni Deçekka, Corc Fişer, Aleksandr Makmillan, Robert Martin, Frederik Robison, Cozef Ruterford, Vilyam Van Amburq və Kleyton Vudvord adlı qardaşların barəsində həbs qətimkan tədbirinin seçilməsinə nail oldu. Onlar qəsdən və bilərəkdən qanunu pozmaqda, hökumət nümayəndələrinə qarşı itaətsizliyə çağırışda, dövlətə sədaqətsizlikdə və ABŞ ordusunda xidmət etməkdən boyun qaçırmaqda təqsirləndirilirdilər. 3 iyun 1918-ci il tarixində başlayan məhkəmə prosesində onların məhkum olunacaqlarına heç bir şübhə yox idi. Nəyə görə?

ABŞ baş prokuroru çağırılan məhkəmədə onları «təbliğat əleyhinə güclü silah» sayılan Casusluq haqda qanunu pozmaqda ittiham etdi. 16 may 1918-ci il tarixində Konqres Casusluq haqda qanuna «doğru, yaxşı niyyətdən irəli gələn və qanuni məqsədlərə xidmət edən» nəşrlər dərc edənlərin hüquqlarının müdafiəsi üçün nəzərdə tutulan düzəlişi rədd etdi. «Açılmış sirr» kitabı onların müzakirələrinin əsas obyekti idi. Birləşmiş Ştatlar Konqresinin rəsmi qeydində kitabla bağlı yazılıb: «Bu cür təbliğatın ən təhlükəli nümunələrindən biri “Açılmış sirr” kitabıdır... Kitabın əsas məqsədi əsgərləri niyyətimizi boşa çıxarmağa və icbari hərbi xidmətə qarşı qaldırmağa təşviq etməkdir».

20 iyun 1918-ci il tarixində hakim səkkiz qardaşı bütün ittihamlarda təqsirkar bildi. Növbəti gün hakim qərar çıxardı: «Müttəhimlərin fəal şəkildə yaydığı dini təbliğat Alman Ordusundan daha təhlükəlidir... Onlara ağır cəza kəsilməlidir». İki həftə sonra bu səkkiz qardaş Atlantadakı (Corciya ştatı) federal həbsxanaya salınaraq, 10 ildən 20 ilə qədər azadlıqdan məhrum olundu.

TƏBLİĞ İŞİ DAVAM EDİR

Həmin dönəmdə Müqəddəs Kitab Tədqiqatçıları amansız təqiblərlə üzləşmişdi. Federal Təhqiqat Bürosu onların fəaliyyətini araşdırır, minlərlə sənəd tərtib edirdi. Bu sənədlər göstərir ki, bacı-qardaşlarımız təbliğ etməkdən usanmırdı.

Floridadan Federal Təhqiqat Bürosuna məktub yazan bir poçt müdiri qeyd edirdi: «[Müqəddəs Kitab Tədqiqatçıları] ev-ev gəzərək bütün şəhəri ələk-vələk edirlər, əsasən də bu işlə axşamlar məşğuldurlar... Görünür, onlar heç nəyə baxmayaraq, hələ də ortalığı qarışdırmaq niyyətindədirlər».

Hərbi Nazirliyin polkovniki Büroya sonralar Rəhbərlik Şurasında xidmət etmiş Frederik Frans qardaşın fəaliyyəti barədə məlumat göndərir. O yazır: «Frederik Frans “Açılmış sirr” kitabının bir neçə min cildinin satılmasında fəal iştirak edir».

Sonralar Rəhbərlik Şurasında xidmət etmiş Çarlz Fekel qardaş da şiddətli təqiblərlə üzləşmişdi. Hökumət onu «Açılmış sirr» kitabını payladığına görə həbs etmişdi və onun şəxsi yazışmalarını izləyirdi. O, «avstriyalı yadelli düşmən» damğası ilə Merilend ştatının Baltimor şəhərində bir ay həbsdə saxlanılmışdı. Qardaş müstəntiqlərə cəsarətlə təbliğ edən zaman 1 Korinflilərə 9:16 ayəsində yazılmış «əgər təbliğ etmirəmsə, vay halıma!» sözlərini xatırladığını qeyd etmişdi *.

Müqəddəs Kitab Tədqiqatçıları fəal şəkildə təbliğ etməklə yanaşı, Atlantada həbsdə olan qardaşların azadlığa buraxılması üçün imza toplayırdılar. Anna Qardner adlı bacı qeyd etmişdi: «Həmişə nə isə edirdik. Qardaşlar həbsdə olanda növbəti işimiz imza toplamaq idi. Qapı-qapı gedib minlərlə imza topladıq. Camaata bu qardaşların əsl məsihi olduqlarını və haqsız yerə həbs olunduqlarını deyirdik».

TOPLANTILAR

Bu çətin vaxtlarda bacı-qardaşları ruhani cəhətdən möhkəmləndirmək üçün toplantılar təşkil olunurdu. «Gözətçi qülləsi»ndə yazılıb: «Bu il 40-dan çox toplantı keçirilib... Bütün bu toplantılardan möhtəşəm xəbərlər almışıq... Əvvəllər toplantılar yay aylarının sonu, payızın əvvəli olardı. Amma indi hər ay toplantılar keçirilir».

Səmimi qəlbli insanlar xoş xəbərə hay verirdi. Ohayo ştatının Klivlend şəhərində keçirilən toplantıya təxminən 1200 nəfər qatılmışdı və 42 nəfər vəftiz olunmuşdu. Vəftiz olunanlar arasında «Allaha ehtiram bəsləməsi ilə və həsrolunmanın vacibliyini dərk etməsi ilə özündən böyükləri xəcalətli edən» bir oğlan uşağı da var idi.

BƏS SONRA?

1918-ci ilin sonlarına yaxın Müqəddəs Kitab Tədqiqatçılarının gələcəyi müəmmalı idi. Bruklindəki mülkün bəzi hissəsi satılmışdı və baş idarə Pensilvaniya ştatının Pitsburq şəhərinə köçürülmüşdü. Təşkilata rəhbərlik edənlər həbsdə olduğu bir vaxtda, 4 yanvar 1919-cu il tarixində səhmdarların illik görüşü planlaşdırılırdı. Bəs bu görüşdə nələr baş verəcəkdi?

Qardaşlarımız təbliğ fəaliyyətini əzmlə davam etdirirdilər. Onlar hər şeyin yaxşı olacağına o qədər əmin idilər ki, «sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək» ayəsini 1919-cu ilin ayəsi seçmişdilər (Əşy. 54:17). Qardaşlar qarşıda onları gözləyən köklü dəyişikliyə hazır idilər. Baş verənlər onların imanını möhkəmləndirəcək və qarşıda gözləyən işi görməyə güc verəcəkdi.

^ abz. 22 «Gözətçi qülləsi» jurnalının 1969-cu il 1 mart sayında yer alan «Yaxşı işi qətiyyətlə görməyin sevinci» adlı məqaləyə (ing.) baxa bilərsiniz.