Kontentə keç

Mündəricatı göstər

Həqiqəti öyrədək

Həqiqəti öyrədək

«Ey Yehova... sözünün bünövrəsi həqiqətdir» (ZƏB. 119:159, 160).

NƏĞMƏ: 29, 53

1, 2. a) İsa Məsihin həyatında əsas yeri hansı iş tuturdu və nə üçün? b) «Allahın əməkdaşları» kimi daha səriştəli olmaq üçün nə etməliyik?

İSA MƏSİH dülgər və ustad idi (Mark 6:3; Yəh. 13:13). O, hər iki işin öhdəsindən məharətlə gəlirdi. Dülgər olaraq o, öz peşəsinə aid olan alətlərdən istifadə etməyi, taxta-şalbandan lazımlı əşyalar düzəltməyi öyrənmişdi. Ustad kimi isə o, ilahi biliklərindən məharətlə istifadə edərək insanlara Allahın Kəlamındakı həqiqətləri anlamağa kömək edirdi (Mət. 7:28; Luka 24:32, 45). Təxminən 30 yaşlarında olanda İsa Məsih dülgərlik sənətini dayandırıb, diqqətini daha vacib olan müəllimlik işinə yönəltdi. O, Allahın onu yer üzünə Padşahlıq haqda xoş xəbəri müjdələmək üçün göndərdiyini vurğulamışdı (Mət. 20:28; Luka 3:23; 4:43). İsa Məsih təbliğ xidmətini hər şeydən üstün tuturdu və başqalarının da belə davranmasını istəyirdi (Mət. 9:35—38).

2 Biz hamımız dülgər olmasaq da, xoş xəbərin müəllimləriyik. Bu, o qədər vacib işdir ki, Allah Özü bu işdə iştirak edir və biz Onun «əməkdaşları» adlanırıq (1 Kor. 3:9; 2 Kor. 6:4). Bizim üçün Yehovanın «sözünün bünövrəsi həqiqətdir» (Zəb. 119:159, 160). Xidmətdə «həqiqət kəlamından düzgün istifadə edən» müjdəçi olmaq üçün əlimizdən gələni etməliyik. (2 Timutiyə 2:15 ayəsini oxuyun.) Odur ki, insanlara Yehova Allah, İsa Məsih və Allahın Padşahlığı haqda həqiqəti öyrətmək üçün əsas vəsaitimiz olan Müqəddəs Kitabdan istifadə etmək bacarığımızı təkmilləşdirməliyik. Təbliğ işini daha effektiv icra etmək üçün Yehovanın təşkilatı bizi digər vəsaitlərlə də təmin edib. Bu vəsaitlərdən necə istifadə etməyi bilməliyik. Söhbət təlim vəsaitlərimizdən gedir.

3. Nə qədər ki təbliğ etmək üçün vaxt var, diqqətimizi əsasən nəyə cəmləməliyik və Həvarilərin işləri 13:48 ayəsi bizə bu sahədə necə kömək edir?

3 Bəs görəsən nəyə görə bu vəsaitlər təbliğ yox, təlim vəsaitləri adlanır? «Təbliğ» sözünün mənası xəbəri bəyan etmək deməkdir. «Təlim» sözü isə xəbəri insanın düşüncəsinə və ürəyinə təsir edəcək şəkildə çatdırmaq deməkdir ki, bu da öz növbəsində insanı öyrəndiklərinə uyğun davranmağa təşviq edir. Təbliğ etməyə ayrılan vaxtın bitmək üzrə olduğu bir zamanda amalımız Müqəddəs Kitab dərsinə başlamaq və insanlara həqiqəti öyrətmək olmalıdır. Bu isə o deməkdir ki, «əbədi həyata aparan yolda yeriməyə meyli olanları» tapmaq üçün var gücümüzlə çalışmalı və onlara Allahın xidmətçiləri olmağa kömək etməliyik. (Həvarilərin işləri 13:44—48 ayələrini oxuyun.)

4. «Əbədi həyata aparan yolda yeriməyə meyli olanları» necə tapa bilərik?

4 Bəs «əbədi həyata aparan yolda yeriməyə meyli olanları» necə tapmaq olar? Birinci əsrdə olduğu kimi, bu gün də belə insanları tapmağın yeganə yolu şahidlik etməkdir. Buna görə də biz İsa Məsihin tapşırdığı kimi davranmalıyıq. O demişdi: «Hansı şəhərə və ya kəndə girsəniz, layiqli adamları axtarın» (Mət. 10:11). Biz qeyri-səmimi, özündən razı, ruhani tələbatı olmayan insanların xoş xəbəri qəbul edəcəyini gözləmirik. Bizlər səmimi, həlim, həqiqətə susayan insanların axtarışındayıq. Təbliğ işini İsa Məsihin dülgər kimi gördüyü işə bənzətmək olar. O, ev əşyaları, qapı, boyunduruq və digər şeylər düzəltmək üçün əvvəlcə münasib taxta axtarırdı. Sonra isə lazım olan əşyanı düzəltmək üçün alətlərini əlinə alıb bacarığını işə salırdı. Biz də səmimi qəlbli insanları Məsihin şagirdi kimi hazırlamaq üçün buna bənzər şəkildə davranmalıyıq (Mət. 28:19, 20).

5. Təlim vəsaitlərimizlə bağlı nəyi bilməliyik? Nümunə çəkin. (Məqalənin əvvəlindəki şəkillərə baxın.)

5 Hər bir vəsait, hər bir alət müəyyən məqsəd üçün nəzərdə tutulub. Məsələn, götürək İsa Məsihin dülgər olduğu zaman istifadə etdiyi alətləri *. Taxtanı ölçmək, kəsmək, dəlmək və şəkil vermək, eləcə də taxtanın səthinin düzlüyünü yoxlamaq, hissələri bir-birinə bərkitmək üçün İsa alətlərdən istifadə edirdi. Eynilə, bizim hər bir təlim vəsaitimiz də müəyyən məqsədlər üçün nəzərdə tutulub. Gəlin görək hansı vəsaitlərimiz var və onlardan necə istifadə edə bilərik.

MƏLUMAT XARAKTERLİ VƏSAİTLƏR

6, 7. a) Vizit kartlardan necə istifadə edirsiniz? b) İbadət görüşünə dəvətnamə hansı iki məqsədə xidmət edir?

6 Vizit kartlar. Bu kiçik, lakin effektiv vəsaitin köməyilə insanlara həm təşkilatımız barədə məlumat verə, həm də onları rəsmi veb saytımıza yönəldə bilərik. Sayta daxil olmaqla onlar ətraflı məlumat ala, həmçinin Müqəddəs Kitab dərsi keçmək istəklərini bildirə bilərlər. Bu günə kimi Müqəddəs Kitab dərsi keçmək üçün jw.org saytı vasitəsilə 400 000-dən çox müraciət qeydə alınıb və hər gün yüzlərlə bu cür müraciət daxil olur! Üstünüzdə həmişə bir neçə vizit kart olsa, istənilən vaxt imkan yarananda təbliğ edə biləcəksiniz.

7 Dəvətnamələr. İbadət görüşünə dəvətnamə iki məqsədə xidmət edir. Orada yazılıb: «Sizi Yehovanın Şahidləri ilə Tövrat, Zəbur və İncili araşdırmağa dəvət edirik». Bunun üçün iki üsul təklif olunur: «İbadət görüşlərimiz», yaxud «Sizinlə dərs keçən insanla birgə». Odur ki, bu vəsaiti təkcə bizim haqda məlumat vermək üçün yox, həmçinin «Allaha ehtiyacı olduğunu» dərk edənlərə Müqəddəs Kitabı araşdırmağı təklif etmək üçün də istifadə edə bilərik (Mət. 5:3). Əlbəttə, insanın Müqəddəs Kitabı öyrənmək istəyib-istəməməyindən asılı olmayaraq ibadət evlərimizin qapısı hamının üzünə açıqdır. Görüşlərimizdə iştirak edən insan orada Müqəddəs Kitaba əsaslanan həqiqi təlimi həm görəcək, həm də eşidəcək.

8. İnsanların heç olmasa bir dəfə ibadət görüşümüzə gəlməsi nə üçün vacibdir? Nümunə çəkin.

8 İnsanları ibadət görüşlərimizdə azı bir dəfə iştirak etməyə dəvət etmək vacibdir. Nə üçün? Bunun sayəsində onlar ilahi biliklərlə zəngin olan ibadət görüşlərimizlə ruhani cəhətdən acınacaqlı vəziyyətdə olan Böyük Babil arasındakı kəskin fərqi görəcəklər (Əşy. 65:13). Birləşmiş Ştatlarda yaşayan Rey və Linda adlı bir ər-arvad bir neçə il bundan öncə buna şahid olmuşdu. Allaha inanan və Ona daha yaxın olmaq istəyən bu ər-arvad kilsəyə getmək qərarına gəlir. Həmin ərazidə saysız-hesabsız kilsə və məzhəblər var idi. Buna görə onlar yaşadıqları şəhərdəki kilsələri bir-bir gəzməyə başlayırlar. Rey və Linda getdikləri hər kilsədə əsasən iki şeyə fikir verməyi qərarlaşdırırlar. Birincisi, gedəcəkləri kilsədə nəsə öyrənməli idilər. İkincisi isə, həmin dinin üzvlərinin xarici görkəmindən mömin olduqları görünməli idi. Bir neçə il ərzində onlar bütün kilsələrdə olurlar, lakin ümidləri puça çıxır. Onlar getdikləri kilsələrdə heç bir şey öyrənə bilmirlər, üstəlik, ora gəlib-gedənlərin geyim-kecimi heç də ləyaqətli deyildi. Sonuncu kilsəni də ziyarət edəndən sonra Linda işə gedir, Rey isə evə qayıdır. İbadət evimizin önündən keçən Rey öz-özünə düşünür: «Bəlkə, bir içəri girim bura da baxım?» Təbii ki, orada gördükləri ona əvəzsiz təəssürat bağışlayır! İbadət evindəkilər çox mehriban və gülərüz idi, hamı abır-həyalı geyinmişdi. Rey ön cərgədə əyləşir. Eşitdikləri onun ürəyinə yağ kimi yayılır! Bu zaman o, ibadət görüşünə ilk dəfə gəlib, «həqiqətən də, Allah sizinlədir» deyən insanların keçirdiyi hissləri keçirir (1 Kor. 14:23—25). Bundan sonra Rey hər bazar günü yığıncaqlarda iştirak edir, bir müddət sonra isə həftəarası görüşlərə də qatılır. Linda da ona qoşulur. 70-ə yaxın yaşları olan bu ər-arvad Müqəddəs Kitabı öyrənməyə başlayır və vəftiz olunur.

SÖHBƏTƏ BAŞLAMAQ ÜÇÜN VƏSAİTLƏR

9, 10. a) Bukletlərin istifadəsi nə üçün asandır? b) «Allahın Padşahlığı nədir?» bukleti vasitəsilə söhbətə necə başlamaq olar?

9 Bukletlər. Söhbətə asanlıqla başlamaq üçün əlimizdə səkkiz ədəd buklet var. 2013-cü ildə işıq üzü görən bu bukletlərin beş milyard nüsxəsi çap olunub. Bu vəsaitlərin özəlliyi odur ki, hamısı eyni formatdadır və birindən istifadə etməyi öyrənməklə hamısından istifadə etmək mümkündür. Bu bukletlər vasitəsilə söhbətə necə başlamaq olar?

10 Məsələn, «Allahın Padşahlığı nədir?» bukleti vasitəsilə söhbətə başlamaq üçün bukletin üzərindəki sualı göstərib soruşmaq olar: «Allahın Padşahlığının nə olduğunu bilirsiniz?» Sonra orada gətirilən üç variantı oxuyun. İnsan öz fikrini bildirdikdən sonra səhv və ya düz dediyini vurğulamadan ikinci səhifəni açın. Orada «Müqəddəs Kitabda nə deyilir?» başlığı altında gətirilən Dənyal 2:44 və 7:14 ayələrini oxuyun. İnsana maraqlıdırsa, söhbəti davam etdirin. Sonda bukletin arxasında «Düşünün» başlığı altındakı «Allahın Padşahlığının hakimiyyəti altında həyat necə olacaq?» sualını verin. Bu, təkrar söhbət üçün zəmin yaradacaq. Növbəti dəfə görüşəndə dərs keçmək üçün əsas vəsaitlərimizdən biri olan «İlahi müjdə» broşürünün 7-ci fəslini araşdıra bilərsiniz.

MARAQ OYADAN VƏSAİTLƏR

11. Jurnallarımız hansı məqsədi daşıyır və onlar haqda nəyi bilməliyik?

11 Jurnallarımız. «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları dünyada ən çox dilə tərcümə olunan və ən çox nəşr olunan jurnallardır! Geniş kütlə üçün nəzərdə tutulan bu jurnalların üz qabığındakı mövzu müxtəlif ərazilərdə yaşayan insanların maraq dairəsini nəzərə alaraq tərtib olunur. Bu jurnallardan istifadə edərək insanların diqqətini həyatda ən vacib olan şeylərə cəmləməyə kömək etməliyik. Amma ilk öncə onların kimlər üçün nəzərdə tutulduğunu bilmək lazımdır.

12. a) «Oyanın!» jurnalı kimlər üçün nəzərdə tutulub və nə məqsəd daşıyır? b) Bu vəsaitdən istifadə edərək hansı yaxşı nəticə əldə etmisiniz?

12 «Oyanın!» jurnalı Müqəddəs Kitab haqda az məlumatı olan və ya ümumiyyətlə məlumatı olmayan insanlar üçün nəzərdə tutulub. Bu, Müqəddəs Kitabdakı təlimlərdən, onun praktiki faydasından xəbəri olmayan, yaxud dinə etibar etməyən insanlar ola bilər. «Oyanın!» jurnalının əsas məqsədi oxucuları Allahın varlığına əmin etməkdir (Rom. 1:20; İbr. 11:6). Həmçinin o, insanlara Müqəddəs Kitabı «Allahın sözü kimi» qəbul etməyə kömək edir (1 Salon. 2:13). 2018-ci ildə çıxan üç jurnal belə adlanır: «Xoşbəxtlik yolu», «Uğurlu ailənin 12 sirri», «Kədərdən qurtulmağın yolları».

13. a) «Gözətçi qülləsi»nin kütləvi nəşri kimlər üçün nəzərdə tutulub? b) Bu vəsaitdən istifadə edərək hansı yaxşı nəticə əldə etmisiniz?

13 «Gözətçi qülləsi» jurnalı Allaha və Onun Kəlamına müəyyən qədər inamı olan insanlar üçün nəzərdə tutulub. Onların Müqəddəs Kitab haqda məlumatları olsa da, oradakı təlimlər haqda dəqiq bilikləri yoxdur (Rom. 10:2; 1 Tim. 2:3, 4). 2018-ci ildə işıq üzü görən üç jurnal belə adlanır: «Tövrat, Zəbur, İncil bu gün aktualdır?», «Sizi gələcəkdə nə gözləyir?», «Allah çəkdiyimiz əzabları görür».

TƏŞVİQEDİCİ VƏSAİTLƏR

14. a) Təlim vəsaitlərimiz arasında yer alan dörd video nə üçün nəzərdə tutulub? b) Bu videoları göstərib hansı müsbət nəticə əldə etmisiniz?

14 Videolar. İsa Məsihin dövründə dülgərlər yalnız əl alətlərindən istifadə edirdilər. Lakin bu gün onların əlində mişar, drel, yeyə, mıxvuran aparat və sairə kimi elektrik alətlər var. Eynilə, bizim də təlim vəsaitlərimizin arasında çap olunmuş nəşrlərdən əlavə, insanlara göstərmək üçün dörd gözəl video var. Bunlar «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?», «Müqəddəs Kitab dərsləri necə keçirilir?», «İbadət görüşlərimiz necə keçirilir?» «Yehovanın Şahidləri. Biz kimik?» adlı videolardır. İki dəqiqədən az çəkən bu videolardan ilk söhbət zamanı istifadə etmək çox effektivdir. Nisbətən uzun videoları isə vaxtı olanlara və yaxud təkrar söhbət etdiyimiz insanlara göstərə bilərik. Bu möhtəşəm vəsaitlər insanları Müqəddəs Kitabı öyrənməyə və ibadət görüşlərimizə qatılmağa təşviq edə bilər.

15. Göstərdiyimiz videoların insanlara necə təsir etdiyinə dair nümunə çəkin.

15 Misal üçün, bir bacımız Mikroneziyadan köçən bir qadına onun öz ana dili olan Yap dilində «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı videonu göstərmişdi. Video başlayan kimi qadın demişdi: «İnana bilmirəm, bu ki mənim doğma dilimdir! Danışığından bilinir ki, mənim yaşadığım adadandır. O, mənim dilimdə danışır!» Sonra həmin qadın jw.org saytında öz dilində olan bütün nəşrləri oxuyacağını və bütün videolara baxacağını demişdi. (Həvarilərin işləri 2:8, 11 ayələri ilə əlaqələndirin.) Digər bir nümunəyə nəzər salaq. Birləşmiş Ştatlarda yaşayan bir bacımız eyni videonun linkini öz qardaşı oğluna göndərmişdi. Oğlan öz ana dilində baxdığı video barədə bibisinə belə cavab yazmışdı: «Dünyanın Şeytanın hakimiyyəti altında olması fikri xüsusilə diqqətimi çəkdi. Müqəddəs Kitab dərsi keçmək üçün müraciət ərizəsi doldurdum». Bu oğlan fəaliyyətimizin qadağan olunduğu ölkədə yaşayır!

HƏQİQƏTİ ÖYRƏTMƏK ÜÇÜN VƏSAİTLƏR

16. a) «Allahın sözünə qulaq as və əbədiyyən yaşa»; b) «İlahi müjdə» və c) «Yehova Allahın müasir xalqı» broşürünün özəlliyi nədədir?

16 Broşürlər. Əgər insan oxumağı yaxşı bacarmırsa və yaxud da onun dilində nəşrlərimiz yoxdursa, həqiqəti ona necə öyrədə bilərik? Bizim bunun üçün də vəsaitimiz var. Bu, «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşürüdür *. «İlahi müjdə» broşürü Müqəddəs Kitab dərsinə başlamaq üçün əla vəsaitdir. Həmsöhbətinizə broşürün arxasındakı 14 mövzunu göstərib, hansı mövzunun onun üçün maraqlı olduğunu soruşa, sonra isə həmin dərsi araşdıra bilərsiniz. Bu üsulu təkrar söhbət zamanı istifadə etmisiniz? Digər vəsaitimiz «Yehova Allahın müasir xalqı» broşürüdür. Bu broşür şagirdləri təşkilatımızla tanış etmək üçün nəzərdə tutulub. Ondan necə istifadə etməyi öyrənmək üçün «Məsihi həyatı və ibadəti. İş dəftəri» vərəqəsinin 2017-ci il mart sayına baxa bilərsiniz.

17. a) Hər bir təlim kitabının məqsədi nədir? b) Artıq vəftiz olunmasına baxmayaraq, hər bir kəsdən nə gözlənilir və nə üçün?

17 Kitablar. Broşür vasitəsilə Müqəddəs Kitab dərsinə başlayandan sonra istədiyiniz vaxt «Müqəddəs Kitab təlimləri» kitabına keçə bilərsiniz. Bu kitab insanlara Allahın Kəlamındakı əsas təlimlər barədə geniş məlumat verir. Ruhani addımlar atan şagirdlə bu dərs vəsaitindən sonra «Allahın məhəbbətindən ayrılmayın» kitabını keçmək lazımdır. Bu kitab şagirdə Müqəddəs Kitab prinsiplərini gündəlik həyatda tətbiq etməyi öyrədir. Unutmayın ki, şagird hətta vəftiz olunsa belə, hər iki kitabı axıradək araşdırmalıdır. Bu, ona imanda sarsılmaz olmağa kömək edəcək. (Koloslulara 2:6, 7 ayələrini oxuyun.)

18. a) 1 Timutiyə 4:16 ayəsi həqiqəti öyrədən bizləri nəyə təşviq edir və bu, hansı nəticələr verir? b) Təlim vəsaitlərini istifadə edərkən amalımız nə olmalıdır?

18 Yehovanın Şahidləri olan bizlərə insanlara əbədi həyat ümidi verən «həqiqət xəbəri, yəni müjdə» çatdırmaq işi həvalə olunub (Kol. 1:5; 1 Timutiyə 4:16 ayəsini oxuyun). Bunun üçün bizə lazım olan hər cür təlim vəsaiti ilə təchiz olunmuşuq. (« Təlim vəsaitləri» adlı çərçivəyə baxın.) Gəlin onlardan məharətlə istifadə etmək üçün əlimizdən gələni edək. Hər bir təbliğçi maraq göstərən şəxsə hansı nəşri və nə vaxt verəcəyini özü qərarlaşdıra bilər. Lakin məqsədimiz sadəcə nəşrləri paylamaq olmamalıdır, üstəlik xoş xəbərə maraq göstərməyənlərə nəşr vermək lazım deyil. Amalımız səmimi, həlim, həqiqətə susayan insanları — «əbədi həyata aparan yolda yeriməyə meyli olanları» Məsihin şagirdi kimi hazırlamaqdır (Həv. 13:48; Mət. 28:19, 20).

^ abz. 5 «Gözətçi qülləsi» jurnalının 2010-cu il 1 oktyabr sayında yerləşən «Dülgərlik sənəti» məqaləsində «Dülgərin alət qutusu» adlı çərçivəyə baxa bilərsiniz.

^ abz. 16 Bu broşürlə dərs keçən zaman oxumağı bacarmayan insana çox hissəsi şəkillərdən ibarət olan «Allahın sözünə qulaq as» broşürünü vermək olar.