Kontentə keç

Mündəricatı göstər

Həqiqəti söyləyək

Həqiqəti söyləyək

«Bir-birinizə həqiqəti söyləyin» (ZƏK. 8:16).

NƏĞMƏ: 56, 124

1, 2. Bəşəriyyətə ən böyük zərər vuran nə olmuşdu və günahkar kimdir?

TELEFON, elektrik lampası, avtomobil, soyuducu və bu kimi ixtiralar yaşayışımızı xeyli asanlaşdırıb. Amma həyatımız üçün olduqca təhlükəli olan ixtiralar da var. Silah-sursat, atom bombası, siqaret bunlardan sadəcə bir neçəsidir. Lakin bəşəriyyətə qat-qat böyük zərər vuran bir şey də var. Yalan! Yalan kimisə aldatmaq məqsədilə həqiqət olmadığını bildiyimiz şeyi söyləməkdir. Bəs ilk yalanı kim uydurub? İsa Məsih demişdi: «İblis... yalanın atasıdır». (Yəhya 8:44 ayəsini oxuyun.) Bəs o, ilk yalanı nə vaxt söyləyib?

2 Bu, min illər bundan öncə Ədən bağında baş vermişdi. Adəmlə Həvva Yaradanın onlara bəxş etdiyi gözəl cənnətdə şad-xürrəm yaşayırdı. Çox keçməmiş İblis peyda olur. O bilirdi ki, Allah onlara «xeyirlə şəri bilmə ağacının meyvəsi»ndən yedikləri halda öləcəklərini söyləyib. Buna baxmayaraq, İblis bəşər tarixində ilk yalanı uyduraraq Həvvaya deyir: «Yox, əsla ölməzsiniz. Sadəcə Allah bilir ki, ondan yeyən gün gözləriniz açılacaq və siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız» (Yar. 2:15—17; 3:1—5).

3. Nə üçün İblisin söylədiyi yalanı qəddar adlandırmaq olar və bu yalan nə ilə nəticələndi?

3 Bu, çox qəddar yalan idi. İblis yaxşı bilirdi ki, Həvva ona inanıb meyvədən yesə, öləcək. Elə də oldu, Adəmlə Həvva Allahın sözündən çıxdı və nəticədə öldülər (Yar. 3:6; 5:5). Üstəlik, onların bu günahının nəticəsində «ölüm bütün adamlara keçdi». Belə ki, ölüm «Adəm kimi günah işləməmiş adamların üzərində də hökmranlıq edir» (Rom. 5:12, 14). Ona görə də biz insanlar Allahın əzəldən niyyət etdiyi kimi, gözəl, əbədi həyat sürmək əvəzinə, «yetmiş il ancaq yaşarıq, canı sağlam olan, bəlkə, səksənə yetişə». O da ki əzabla, qəm-qüssə ilə keçir (Zəb. 90:10). Necə də acınacaqlı vəziyyətdir, hamısı da İblisin yalanı ucbatından!

4. a) Hansı suallara cavab tapmaq lazımdır? b) Zəbur 15:1, 2 ayələrinə əsasən, kimlər Yehovanın dostu ola bilər?

4 İsa Məsih İblisin hərəkətinin səbəbini belə izah edir: «O, həqiqətə bağlı qalmadı, çünki onda həqiqət yoxdur». İblis dəyişməyib, o, bu gün də «bütün dünyanı» yalanları ilə aldadır (Vəhy 12:9). Əlbəttə, biz onun yalanlarına aldanmaq və Adəmlə Həvva kimi Yehova ilə dostluğumuzu itirmək istəmirik. Odur ki, gəlin üç sualı nəzərdən keçirək: Şeytan insanları necə aldadır? İnsanlar niyə yalan danışır? Həmişə həqiqəti söylədiyimizi necə göstərə bilərik? (Zəbur 15:1, 2 ayələrini oxuyun.)

ŞEYTAN BƏŞƏRİYYƏTİ NECƏ ALDADIR?

5. Bu gün Şeytan insanları necə aldadır?

5 Həvari Bulusun qeyd etdiyi kimi, biz Şeytanın toruna düşməyə bilərik, çünki «onun fəndlərindən bixəbər deyilik» (2 Kor. 2:11). Bizə məlumdur ki, yalan din, siyasət, kommersiya sistemi də daxil, bütün dünya Şeytanın əlindədir (1 Yəh. 5:19). Şeytan və onun cinlərinin iqtidar sahiblərini yalan danışmağa təhrik etməsi bizi təəccübləndirmir (1 Tim. 4:1, 2). Götürək kommersiya sahəsini. Böyük biznes sahibləri zərərli mallarını satmaq üçün reklam vasitəsilə insanları aldadırlar.

6, 7. a) Nə üçün din xadimlərinin yalan söyləməsi daha betərdir? b) Siz din xadimlərindən hansı yalanları eşitmisiniz?

6 Din xadimlərinin söylədiyi yalanlar daha təhlükəlidir, çünki onlara inananların həyatı təhlükə altına düşür. İnsanın yalan dini təlimi qəbul edib, Allahın mühakimə etdiyi ibadətlə məşğul olması ona əbədi həyatı bahasına başa gələ bilər (Huşə 4:9). İsa Məsih din xadimlərinin insanları bu cür aldatdığından agah idi. Məsih onları çox sərt şəkildə mühakimə edərək düz üzlərinə demişdi: «Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər! Çünki siz dənizləri keçir, ölkələri dolaşırsınız ki, heç olmasa bir adamı dininizə döndərəsiniz. Lakin buna müvəffəq olanda o adamı özünüzdən də beşbetər Hinnom vadisinə [əbədi məhvə] məhkum edirsiniz» (Mət. 23:15, haş.). Bəli, onlar, həqiqətən də, «əzəldən qatil» olan İblisin övladları idilər (Yəh. 8:44).

7 Dünyada pastor, keşiş, ravvin, svami, yaxud başqa titullara sahib din xadimləri çoxdur. Birinci əsrdəki həmkarları kimi, onlar da Allahın Kəlamındakı «həqiqətin aşkar olmasına» maneə törədir, «Allahın həqiqətini yalana» dəyişirlər (Rom. 1:18, 25). Onlar cəhənnəm odu, ruhun ölməzliyi, reinkarnasiya və bu kimi yalan təlimlər öyrədir, həmçinin Allahın eynicinsli insanlar arasında nikahı və homoseksual həyat tərzini qəbul etməsi kimi axmaq fikirlər yayırlar.

8. Tezliklə siyasətçilərin hansı yalanı söyləyəcəyi gözlənilir və bizim buna münasibətimiz necə olmalıdır?

8 Siyasətçilər də yalanlar söyləyərək insanları aldadır. Onların söyləyəcəyi ən böyük yalan isə «sülh və təhlükəsizlik» bəyanatı olacaq! Amma onlar «qəfil məhvə uğrayacaqlar». Odur ki, gəlin bu dünyanın acınacaqlı vəziyyətini ört-basdır etmək üçün söyləniləcək bu cür yalanlara aldanmayaq! Çünki biz bilirik ki, «Yehovanın günü gecə gələn oğru kimi gələcək» (1 Salon. 5:1—4).

İNSANLAR NİYƏ YALAN DANIŞIR?

9, 10. a) Nə üçün insanlar yalan danışır və bu, nə ilə nəticələnir? b) Yehova haqda nəyi yadda saxlamalıyıq?

9 Hansısa ixtira və ya yeni məhsul insanlar arasında məşhurlaşanda onun istehsalı artırılır. Eyni şeyi yalan haqda da demək olar. Yalan danışmaq bugünkü cəmiyyətdə adi hal alıb və yalan danışan təkcə nüfuzlu insanlar deyil. «Biz nəyə görə yalan danışırıq?» adlı məqalədə yazılıb ki, «yalan insanda dərin kök salmış xislət hesab olunur» («National Geographic»). İnsanların yalan danışmasına səbəb çox vaxt özlərini müdafiə etmək və ya hansısa vəzifəyə sahib olmaq olur. Yalanla onlar etdikləri səhvləri və ya cinayətləri ört-basdır edir, maddi gəlir və hər hansı şəxsi mənfəət əldə etməyə çalışırlar. Adı çəkilən məqalədə qeyd olunur ki, «insanlar tanımadıqları şəxslərə, iş yoldaşlarına, dost-tanışlarına çox asanlıqla irili-xırdalı yalanlar söyləyir».

10 Bu cür yalanların axırı nə ilə nəticələnir? Etibar itir, münasibətlər korlanır. Ərinə xəyanət edən qadının əməlini gizlətmək üçün söylədiyi yalanların nə qədər acınacaqlı olduğunu bir təsəvvür edin. Eləcə də evdə həyat yoldaşına və uşaqlarına əl qaldıran, onları alçaldan ailə başçısının ictimaiyyətdə özünü nümunəvi ər kimi aparması heç də ürəkaçan hal deyil. Lakin unutmamlıyıq ki, bu cür yalançı insanlar Yehovadan heç nə gizlədə bilməzlər, çünki «hər şey apaçıq Onun gözü önündədir» (İbr. 4:13).

11. Hənənya və Səfirədən hansı ibrət dərsi götürürük? (Məqalənin əvvəlindəki şəklə baxın.)

11 Müqəddəs Kitabda birinci əsrdə yaşamış bir ər-arvadın Şeytana uyub Allaha necə yalan danışması haqda yazılıb. Hənənya və Səfirə adlı bu məsihi ər-arvad həvariləri aldatmaq üçün sözləşir. Onlar mülklərini satıb pulun yalnız bir qismini həvarilərə gətirdikləri halda, bütün pulu ianə etdiklərini söyləyirlər. Hənənya ilə Səfirə bununla yığıncağın gözündə hörmət qazanmaq və guya səxavətli olduqlarını göstərmək istəyirdi. Lakin vəziyyətdən agah olan Yehova onları cəzalandırdı (Həv. 5:1—10).

12. Tövbə etməyən bədniyyətli yalançıların aqibəti necə olacaq və nə üçün?

12 Yehova Allah yalana necə yanaşır? Tövbə etməyən bütün bədniyyətli yalançılar Şeytanla birgə «odlu-kükürdlü gölə» atılacaqlar (Vəhy 20:10; 21:8; Zəb. 5:6). Çünki Yehova bu cür həlləm-qəlləm adamları murdar adamlarla bir sıraya qoyur (Vəhy 22:15).

13. Yehova haqda nəyi bilirik və bu, bizi nəyə təşviq edir?

13 Yehova Allah «insan deyil ki, yalan danışsın». «Onun yalan danışması mümkün olmayan» bir şeydir (Say. 23:19; İbr. 6:18). Yehovanın yalan danışan dildən «zəhləsi gedir» (Məs. 6:16, 17). Allahın razılığını qazanmaq üçün həmişə həqiqəti söyləmək gərəkdir. Allahın xalqı məhz buna görə «bir-birinizə yalan danışmayın» göstərişinə əməl edir (Kol. 3:9).

BİZ HƏQİQƏTİ SÖYLƏYİRİK

14. a) Məsihilər yalan dinin üzvlərindən nə ilə fərqlənir? b) Luka 6:45 ayəsindəki prinsipi izah edin.

14 Həqiqi məsihiləri yalan dinin üzvlərindən fərqləndirən cəhətlərdən biri hansıdır? Biz bir-birimizə həqiqəti söyləyirik. (Zəkəriyyə 8:16, 17 ayələrini oxuyun.) Həvari Bulus bununla bağlı demişdi ki, biz, «doğru sözlər» söyləməklə «Allahın xidmətçiləri» olduğumuzu göstəririk (2 Kor. 6:4, 7). İsa Məsih isə demişdi ki, insan «ürəyində aşıb-daşan fikirləri dilə gətirir» (Luka 6:45). Bəli, ürəyində həqiqət olan insanın dilində də doğru sözlər olacaq. O, tanımadığı şəxslərə, iş yoldaşlarına, dost-tanışlarına istər kiçik, istərsə də böyük məsələlərdə həqiqəti söyləyəcək. Gəlin görək hər sahədə dürüst olmağa çalışdığımızı necə göstərə bilərik.

Bu gənc bacımızın həyatında təzad görürsünüz? (15 və 16-cı abzaslara baxın)

15. a) Nəyə görə ikili həyat tərzi sürmək ağıllı davranış deyil? b) Gənclərə həmyaşıdlarının pis təsirinə uymamağa nə kömək edə bilər? (Haşiyəyə baxın.)

15 Ola bilsin, siz bir gənc kimi həmyaşıdlarınızdan seçilmək istəmirsiniz. Ehtiyatlı olun ki, bəziləri kimi ikili həyat tərzi sürməyəsiniz. Çünki belələri ailədə, yığıncaqda özlərini məsum göstərir. Lakin məsihi olmayan həmyaşıdlarının yanında və sosial şəbəkələrdə onları tanımaq olmur. Onlar nalayiq sözlər işlədir, ədəbsiz geyinir, münasib olmayan musiqi dinləyir, spirtli içkidən sui-istifadə edir, narkotik qəbul edir, gizlincə görüşür və daha betər işlər görürlər. Bu gənclərin həyatı yalan üzərində qurulub, valideynlərinə, dindaşlarına və Allaha kələk gəlirlər (Zəb. 26:4, 5). Yehova bilir, kim Ona dildə hörmət edir, ürəkdə isə Ondan çox uzaqdır (Mark 7:6). Odur ki, «qoy ürəyin günahkarlara həsəd aparmasın, hər gününü Yehova xofu ilə yaşa» məsləhətinə əməl etməyimiz ən ağıllı hərəkətdir (Məs. 23:17) *.

16. Xidmətin xüsusi növlərində iştirak etmək üçün ərizə dolduran zaman necə dürüst davrana bilərik?

16 Ola bilsin, öncül xidmətində və ya xüsusi tamvaxtlı xidmətin hər hansı növündə, məsələn, Beyteldə xidmət etmək istəyirsiniz. Ərizə dolduran zaman səhhətiniz, əyləncə seçiminiz və əxlaq dəyərləriniz haqda suallara dürüst cavab verməyiniz mütləqdir (İbr. 13:18). Əgər siz natəmiz və ya vicdanınızı narahat edən hərəkətə yol vermisinizsə və bundan ağsaqqalların xəbəri yoxdursa, təmiz vicdanla xidmət edə bilməyiniz üçün onlardan kömək istəyin (Rom. 9:1; Qal. 6:1).

17. Dindirilmə zamanı bacı-qardaşlarımızla bağlı suallar verilərkən nə etməliyik?

17 Təbliğ fəaliyyətimizin qadağa altında olduğu ərazidə yaşayırsınızsa, bacı-qardaşlarla bağlı dindirilməyə çağırılsanız, nə etməlisiniz? Bildiyiniz bütün məlumatları verməlisiniz? Roma hökuməti tərəfindən sorğu-sual olunanda İsa Məsih necə davranmışdı? O, «susmağın öz vaxtı, danışmağın öz vaxtı» prinsipinə uyğun olaraq bəzi sualların qarşısında bir kəlmə də söyləməmişdi (Vaiz 3:1, 7; Mət. 27:11—14). Bu kimi vəziyyətlərdə bacı-qardaşlarımızı təhlükə altına atmamaq üçün bəsirətli davranmaq gərəkdir (Məs. 10:19; 11:12).

Nə vaxt susmalı, nə vaxt danışmalı olduğunuz vaxtı ayırd edə bilirsiniz? (17 və 18-ci abzaslara baxın)

18. Ağsaqqallar bacı-qardaşlarla bağlı nə isə soruşanda üzərimizə hansı məsuliyyət düşür?

18 Tutaq ki, yığıncağınızda kimsə ciddi günaha yol verib və sizin bu məsələ ilə bağlı məlumatınız var. Yığıncağın əxlaqi təmizliyini qorumaq məsuliyyəti daşıyan ağsaqqallar sizdən bildiklərinizi danışmağı istəyə bilər. Bəs əgər həmin şəxs sizin yaxın dostunuz və ya qohumunuzdursa, onda necə? «Doğru şahid həqiqəti söylər» (Məs. 12:17; 21:28). Odur ki, siz ağsaqqallara bildiklərinizi təhrif etmədən və heç nəyi gizlətmədən, hər şeyi olduğu kimi danışmaq məsuliyyəti daşıyırsınız. Onların bütün faktları bilməyə haqqı çatır. Beləcə, ağsaqqallar günah edən şəxsin Yehova ilə münasibətlərini bərpa edə bilməsi üçün ən düzgün qərarı verə biləcəklər (Yaq. 5:14, 15).

19. Növbəti məqalənin mövzusu nə olacaq?

19 Davud peyğəmbər duasında Yehovaya demişdi: «Sən ürəkdə qərar tutmuş doğruluğu xoşlayırsan» (Zəb. 51:6). Peyğəmbər bilirdi ki, dürüstlük insanın ürəyində olmalıdır. Məsihilər həyatlarının hər bir sahəsində bir-birinə həqiqəti söyləyir. Onları başqalarından fərqləndirən digər cəhət isə təbliğ zamanı insanlara həqiqəti öyrətməkdir. Növbəti məqalə bu mövzuya həsr olunub.

^ abz. 15 «Gənclərin 10 sualına cavab» broşürünün «Yaşıdlarımın təzyiqinə necə qarşı durum?» adlı 6-cı sualına və «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının 2-ci cildinin 16-cı fəslində yerləşən «İkili həyat yaşadığımı kimsə bilməlidir?» məqaləsinə (rus.) baxa bilərsiniz.