Kontentə keç

Mündəricatı göstər

Rəhbərimiz Məsihə etibar edək

Rəhbərimiz Məsihə etibar edək

«Bir Rəhbəriniz var, o da Məsihdir» (MƏT. 23:10).

NƏĞMƏ: 16, 14

1, 2. Musa peyğəmbərin ölümündən sonra Yuşə hansı çətinliklərlə üzləşdi?

YEHOVANIN sözləri hələ də Yuşənin qulağında səslənirdi: «Artıq qulum Musa yoxdur. İndi sən qalx, xalqla birlikdə İordan çayını keç, onlara, İsrail xalqına verdiyim torpağa get» (Yuş. 1:1, 2). Təxminən 40 il Musa peyğəmbərin xidmətçisi olmuş Yuşə üçün bu, gözlənilməz dəyişiklik idi.

2 Musa peyğəmbər uzun illər İsrail xalqına rəhbərlik etmişdi. Çox güman ki, Yuşə xalqın onu yeni rəhbər kimi qəbul edib-etməyəcəyinə görə narahat idi (Qan. 34:8, 10—12). Müqəddəs Kitab üzrə bir elmi mənbədə Yuşə 1:1, 2 ayələri haqda yazılıb: «Hakimiyyətin bir nəfərdən o birisinə keçməsi istər qədimdə, istərsə də müasir dövrdə ölkənin əmin-amanlığı üçün ən təhlükəli və keşməkeşli dövrlərdən biri hesab olunur».

3, 4. Haradan bilirik ki, Allah Yuşənin etimadını qarşılıqsız qoymadı? Bizdə hansı sual yarana bilər?

3 Yuşənin narahatçılığı əsassız deyildi. Bununla belə, o, bir neçə günün içində qəti addım atdı (Yuş. 1:9—11). Allah onun etimadını qarşılıqsız qoymadı. Müqəddəs Kitabda da deyildiyi kimi, Yehova mələyi vasitəsilə Yuşəyə və İsrail xalqına rəhbərlik etdi. Çox yəqin ki, həmin mələk Söz, yəni Allahın ilkin Oğlu idi (Çıx. 23:20—23; Yəh. 1:1).

4 Yehovanın köməyilə İsrail xalqı rəhbərliyin Musadan Yuşəyə keçməsinə tez uyğunlaşdı. Biz də böyük dəyişikliklərin baş verdiyi bir dövrdə yaşayırıq. Düşünə bilərik: «Allahın təşkilatının sürətlə irəlilədiyi bir vaxtda Rəhbərimizə, İsa Məsihə etibar etmək üçün hansı səbəblərimiz var?» (Mətta 23:10 ayəsini oxuyun.) Bu suala cavab tapmaq üçün gəlin keçmişdə baş verən dəyişikliklərə nəzər salaq və görək Yehova bu zaman xalqına necə etibarlı rəhbərlik təqdim edirdi.

XALQI KƏNAN DİYARINA APARAN KİM İDİ?

5. Yuşə Əriha yaxınlığında nə ilə üzləşdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

5 İsraillilər İordan çayını keçəndən qısa müddət sonra Yuşə gözlənilməz bir vəziyyətlə üzləşdi. Ərihanın yaxınlığında o, əlində siyirmə qılıncı olan bir nəfərlə qarşılaşır. Yuşə onun tanımayıb soruşur: «Sən bizdənsən, yoxsa düşmən tərəfdən?» Onun kim olduğunu biləndə Yuşəni heyrət bürüyür. Sən demə, o, xalqı müdafiə etməyə gələn «Yehovanın ordusunun əmiri» imiş. (Yuşə 5:13—15 ayələrini oxuyun.) Bu hadisənin təsvir olunduğu başqa ayələrdə Yuşə ilə Yehovanın danışdığı deyilsə də, şübhə yoxdur ki, keçmişdə olduğu kimi, bu dəfə də Yehova mələyi vasitəsilə danışmışdı (Çıx. 3:2—4; Yuş. 4:1, 15; 5:2, 9; Həv. 7:38; Qal. 3:19).

6—8. a) Nəyə görə Yehovanın verdiyi bəzi göstərişlər insana qəribə gələ bilər? b) Yehovanın göstərişlərinin həm hikmətli, həm də zamanında olduğunu nə göstərir? (Həmçinin haşiyəyə baxın.)

6 Mələk Yuşəyə Ərihanı zəbt etmək üçün nə etməli olduğuna dair aydın göstərişlər verdi. Əvvəl-əvvəl bu göstərişlərin bəziləri heç də ağlabatan görünməyə bilərdi. Misal üçün, Yehova əmr etmişdi ki, bütün kişilər sünnət olunsun. Bu isə onların bir neçə gün döyüşə bilməyəcəyi demək idi. Sünnət olunmaq üçün bu, nə dərəcədə münasib vaxt idi? (Yar. 34:24, 25; Yuş. 5:2, 8).

7 Yəqin İsrail döyüşçüləri müəyyən narahatlıq keçirirdi. Bəlkə də, düşünürdülər: «Birdən düşmən düşərgəyə hücum etsə, ailəmizi necə qoruyacağıq?» Amma gözlənilməz bir şey baş verir. Düşmən nəinki israillilərə hücum etmir, hətta qorxudan Ərihanın darvazalarını bərk-bərk bağlayır (Yuş. 6:1). Çox yəqin ki, vəziyyətin bu cür dəyişməsi onların Allahdan gələn göstərişlərə etibarını birə-beş artırmışdı.

8 Bundan əlavə, israillilərə buyrulur ki, Ərihaya hücum etməsinlər, şəhərin ətrafına altı gün ərzində gündə bir dəfə, yeddinci gün isə yeddi dəfə dolansınlar. Bəlkə də, bəzi əsgərlər bunun vaxtı və gücü boş yerə sərf etməkdən başqa bir şey olmadığını düşünürdülər. Amma israillilərə rəhbərlik edən Yehova nə etdiyini yaxşı bilirdi! Bu döyüş strategiyası israillilərin imanını möhkəmləndirdi, üstəlik, Ərihanın güclü cəngavərləri ilə döyüşməyə ehtiyac qalmadı (Yuş. 6:2—5; İbr. 11:30) *.

9. Allahın təşkilatından aldığımız göstərişlərə nə üçün əməl etməliyik? Nümunə çəkin.

9 Bu hadisədən nə öyrənirik? Bəzən təşkilatımızda edilən müəyyən yeniliklərin səbəbini tam anlaya bilmirik. Məsələn, ola bilsin, əvvəl-əvvəl fərdi mütaliə zamanı, xidmətdə və yığıncaqda elektron cihazlardan istifadə etməyin o qədər də münasib olmadığını düşünürdük. Amma indi görürük ki, imkan daxilində onlardan istifadə etmək olduqca faydalıdır. İlk reaksiyamızın necə olmasından asılı olmayaraq, bu cür dəyişikliklərin müsbət nəticə verdiyini görəndə şübhəsiz ki, imanımız və aramızdakı birlik möhkəmlənir.

MƏSİHİN BİRİNCİ ƏSRDƏKİ RƏHBƏRLİYİ

10. Rəhbərlik şurasının Yerusəlimdə keçirdiyi mühüm görüşü əslində kim idarə edirdi?

10 Sünnət olunmamış Kornilinin məsihiliyi qəbul etməsindən təxminən 13 il keçsə də, bəzi yəhudi məsihilər hələ də sünnətin vacib olduğunu söyləyirdilər (Həv. 15:1, 2). Bu mövzu ilə bağlı Antakyada mübahisə düşəndə qardaşlar qərara aldılar ki, məsələni rəhbərlik şurasına çatdırmaq üçün həvari Bulusu Yerusəlimə göndərsinlər. Bəs hadisələrin gedişatına kim rəhbərlik edirdi? Bulus demişdi: «Mən vəhy aldığıma görə ora getmişdim». Aydındır ki, problemin rəhbərlik şurası tərəfindən həll olunması üçün vəziyyəti idarə edən Məsihin özü idi (Qal. 2:1—3).

Məsihin idarəçiliyi birinci əsrdə aydın görünürdü (10 və 11-ci abzaslara baxın)

11. a) Bəzi yəhudi məsihilər sünnətlə bağlı hələ də hansı mövqedə idilər? b) Həvari Bulusun Yerusəlimdəki ağsaqqallara itaətkarlığı necə sınanmışdı? (Həmçinin haşiyəyə baxın.)

11 Rəhbərlik şurası Məsihin idarəçiliyi altında qərar verir ki, qeyri-yəhudilərin sünnət olunmasına ehtiyac yoxdur (Həv. 15:19, 20). Amma bu qərarın üstündən uzun illər keçsə də, bir çox yəhudi məsihilər oğullarını sünnət etməyə davam edirdilər. Yerusəlimdəki ağsaqqalların qulağına çatır ki, Bulusun Musanın Qanununa hörmət etmədiyi ilə bağlı söz-söhbət gəzir. Buna görə də onlar Bulusa gözləmədiyi bir göstəriş verirlər * (Həv. 21:20—26). Ona deyirlər ki, Qanuna riayət etdiyini hamının görməsi üçün dörd nəfər də götürüb məbədə getsin. Bulus bunun məntiqə sığmadığını, əslində problemin sünnət məsələsini aydın başa düşməyən yəhudi məsihilərdə olduğunu deyə bilərdi. Amma o başa düşürdü ki, ağsaqqalların məqsədi məsihilər arasında birlik yaratmaq idi, buna görə də təvazökarlıq göstərib onların dediyi kimi edir. Bizdə belə bir sual yarana bilər: «Məsih ölümü ilə Musanın Qanununu ləğv etdiyi halda, nəyə görə o, problemin bu qədər vaxt ərzində həll olunmamış qalmasına yol verdi?» (Kol. 2:13, 14).

12. Məsih problemin bu qədər vaxt ərzində həll olunmamış qalmasına nə üçün izin vermiş ola bilərdi?

12 Bəzilərinin yeni izahata öyrəşməsi üçün vaxt lazımdır. Yəhudi məsihilərin arasında da belələri az deyildi. Onların artıq Musanın Qanunu altında olmadıqlarını dərk etmələri üçün müəyyən vaxt keçməli idi (Yəh. 16:12). Yəhudilər sünnətin Allahla xüsusi münasibətlərin rəmzi olduğu fikrinə öyrəşmişdilər (Yar. 17:9—12). Bir başqaları təqib olunacaqlarından qorxaraq yəhudi cəmiyyətindən fərqlənmək istəmirdi (Qal. 6:12). Amma müəyyən müddət sonra Məsih həvari Bulusun yazdığı məktublar vasitəsilə əlavə göstərişlər verdi (Rom. 2:28, 29; Qal. 3:23—25).

MƏSİH BU GÜN DƏ YIĞINCAĞA RƏHBƏRLİK EDİR

13. Məsihin rəhbərliyini dəstəkləməyə bizə nə kömək edə bilər?

13 Təşkilatımızın etdiyi bəzi dəyişiklikləri tam anlamayanda yaxşı olar ki, Məsihin keçmişdə Allahın xalqına necə rəhbərlik etməsi üzərində düşünək. İstər Yuşənin yaşadığı dövr olsun, istərsə də həvarilərin, Məsih Allahın xalqını müdafiə etmək, imanını möhkəmləndirmək və aralarındakı birliyi qorumaq üçün həmişə hikmətli rəhbərlik verib (İbr. 13:8).

14—16. İsa Məsihin bizim ruhani cəhətdən möhkəm olmağımızı istədiyi «sadiq və ağıllı nökər»in verdiyi göstərişlərdən necə görünür?

14 «Sadiq və ağıllı nökər»in verdiyi göstərişlərdən aydın görünür ki, Məsih bizim ruhani cəhətdən möhkəm olmağımızı istəyir (Mət. 24:45). Dörd uşaq atası olan Mark qardaş deyir: «Şeytan ailələrə hücum edərək yığıncağı zəiflətməyə çalışır. İndi hər həftə ailəvi ibadət keçirməyə təşviq olunmaq ailə başçılarına bir ismarıcdır ki, ailələrini qorusunlar!»

15 Məsihin necə rəhbərlik etdiyini görəndə başa düşürük ki, bizim ruhani inkişafımız onun üçün vacibdir. Ağsaqqal kimi xidmət edən Patrik qardaş deyir: «Təbliğ görüşlərinin həftəsonları kiçik qruplarla keçiriləcəyi haqda eşidəndə əvvəl-əvvəl bəziləri pis olmuşdu». Amma qardaş hesab edir ki, bu dəyişiklik İsanın yığıncağın hər bir üzvü ilə maraqlandığını göstərir. Bunun sayəsində utancaq və elə də aktiv olmayan bacı-qardaşlar indi özlərini daha yararlı hiss edirlər. Bu, onları xidmətdə daha çox iştirak etməyə təşviq edir.

16 Məsih həmçinin bizə kömək edir ki, diqqətimizi bu gün yer üzündə aparılan ən mühüm işə cəmləyək. (Mark 13:10 ayəsini oxuyun.) Bu yaxınlarda ağsaqqal təyin olunan Andre qardaş həmişə çalışır ki, Allahın təşkilatında baş verən dəyişikliklərə riayət etsin. O deyir: «Filiallarda kadrların sayının azaldılması bizə vaxtın gözləmədiyini və gücümüzü təbliğ fəaliyyətinə cəmləməli olduğumuzu xatırladır».

SƏDAQƏTLƏ MƏSİHİN RƏHBƏRLİYİNƏ BOYUN ƏYİRİK

17, 18. Nə üçün son illərdə baş verən dəyişikliklərə uyğunlaşmağımızın faydası haqda düşünməliyik?

17 Taxtda oturan Padşahımızın, Məsihin verdiyi rəhbərlikdən görürük ki, o, diqqətini gələcəyə cəmləyib. Buna görə də gəlin dəyişikliklərə uyğunlaşmağın gətirdiyi gözəl bəhrələr haqda düşünək. Ailəvi ibadət zamanı həftəlik görüşlərlə və xidmətlə bağlı dəyişikliklərin ailənizə hansı faydanı gətirdiyini müzakirə etmək sizi çox ruhlandıracaq.

Ailənizə və dindaşlarınıza Yehovanın təşkilatı ilə ayaqlaşmağa kömək edirsiniz? (17 və 18-ci abzaslara baxın)

18 Yehovanın təşkilatından aldığımız göstərişlərin məqsədi və onların bizə xeyri haqda düşünsək, çox ehtimal ki, onlara daha sevə-sevə tabe olacağıq. Məsələn, çap olunan nəşrlərin sayının azaldılması sayəsində pula qənaət olunur və yeni texnologiyaların istifadəsi Padşahlıq işinin bütün dünyada yayılmasına şərait yaradır. Bunu nəzərə alaraq, gəlin nəşrlərimizin elektron formatından və audio-video vəsaitlərdən imkan daxilində daha geniş istifadə edək. Beləcə, göstərəcəyik ki, Məsih kimi, biz də təşkilatın vəsaitlərinin səmərəli istifadə olunmasını istəyirik.

19. Nə üçün Məsihin rəhbərliyinə tabe olmalıyıq?

19 Məsihin rəhbərliyinə var gücümüzlə tabe olmağa çalışsaq, başqalarının imanını möhkəmləndirəcək, həmçinin birliyə töhfə verəcəyik. Andre qardaş Beytel ailəsi üzvlərinin sayının azaldılması ilə bağlı edilən dəyişiklik barədə qeyd edir: «Keçmiş beytellilərin bu dəyişikliyə uyğunlaşaraq göstərdiyi gözəl əhval-ruhiyyə Məsihin rəhbərliyinə etibarımı, bu bacı-qardaşlara isə hörmətimi birə-beş artırdı. Onlar aldıqları istənilən təyinatdan sevinc duymaqla Yehovanın arabası ilə ayaqlaşırlar».

İMAN GÖSTƏRİB MƏSİHƏ ETİBAR EDƏK

20, 21. a) Rəhbərimiz Məsihə nə üçün etibar edə bilərik? b) Növbəti məqalədə hansı sualın cavabını tapacağıq?

20 Təyin olunmuş Rəhbərimiz İsa Məsih çox yaxın zamanda qələbəsini başa vuracaq və heybətli işlər görəcək (Vəhy 6:2; Zəb. 45:4). O vaxta qədər isə, Məsih Allahın xalqını yeni dünyaya hazırlayır. Orada hər birimiz dirilənlərə təlim verəcək və dünyanı cənnətə çevirəcəyik.

21 Hər nə vəziyyətlə üzləşiriksə üzləşək, Padşahımıza etibar etsək, o, əbədi həyata aparan yolda bizə axıra kimi bələdçilik edəcək. (Zəbur 46:1—3 ayələrini oxuyun.) Hərdən dəyişikliklərə uyğunlaşmaq əsl mübarizə ola bilər, xüsusilə də bu, gözləmədiyimiz dəyişiklikdirsə. Bəs belə hallarda Yehovaya etibarımızı və qəlb rahatlığımızı necə qoruya bilərik? Növbəti məqalədə bu sualın cavabı açıqlanır.

^ abz. 8 Arxeoloqlar Ərihanın dağıntıları arasında böyük taxıl ehtiyatı aşkar ediblər. Taxıl ehtiyatının qurtarmaması sübut edir ki, şəhər qısa müddət mühasirədə qalmışdı. İsraillilərə Ərihanı talan etmək qadağan olunduğunu nəzərə alsaq, bu, şəhəri işğal etmək üçün ən doğru vaxt idi. Çünki həmin vaxt biçin mövsümü olduğundan tarlalarda məhsul bol idi (Yuş. 5:10—12).

^ abz. 11 «Gözətçi qülləsi» jurnalının 2003-ci il 15 mart sayının 16-cı səhifəsində yerləşən «Pavel sınağı təvazökarlıqla qarşılayır» adlı çərçivəyə baxın.