Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Verdiyim qərarlarda Yehovanın bərəkətini gördüm

Verdiyim qərarlarda Yehovanın bərəkətini gördüm

1939-cu il idi. Biz gecənin bir aləmində durub maşınla bir saat yol gedərək Missurinin (ABŞ) cənub-qərbində yerləşən kiçik Coplin şəhərinə gəlib çatdıq. Bizə təyin olunan ərazidə son bir neçə evin qapısının altından bukleti içəri atanda dan yeri yenicə sökülürdü. İşimizi bitirər-bitirməz maşına doluşub görüş təyin etdiyimiz yerə yollandıq. Orada digər qrupların gəlməsini gözləyirdik. Yəqin sizə təəccüblü gələ bilər, nə üçün gecənin bir qaranlığında təbliğə gedib, sonra da yubanmadan həmin ərazini tərk elədik. Bu barədə sizə sonra danışacağam.

Mən 1934-cü ildə dünyaya göz açmışam. Valideynlərim, Fred və Edna Molohan artıq 20 il idi ki, Müqəddəs Kitab Tədqiqatçıları (Yehovanın Şahidləri) idilər. Çox minnətdaram ki, onlar mənə Yehovaya məhəbbət aşılayıblar. Biz Kanzas ştatının cənub-şərqində yerləşən Parsons adlı kiçik bir şəhərdə yaşayırdıq. Getdiyimiz yığıncağın demək olar ki, bütün üzvləri məsh olunmuş məsihilər idi. Ailəmiz müntəzəm şəkildə yığıncaq görüşlərində və təbliğ işində iştirak edirdi. Adətən şənbə günləri günorta vaxtı küçə təbliği edirdik, o vaxt ictimai şahidliyi belə adlandırırdıq. Bəzən yorulurduq. Amma təbliğdən sonra atam həmişə bizi dondurma yeməyə aparırdı.

Getdiyimiz kiçik yığıncağın təbliğ ərazisi böyük idi, bura bir neçə balaca şəhər və çoxlu fermalar daxil idi. Fermerlərə təbliğ edəndə onlar adətən nəşrlərimizin müqabilində pul yerinə tərəvəz, yumurta, diri toyuq verirdilər. Atam nəşrlərimizin pulunu əvvəlcədən ödədiyinə görə əlimizdə çox pul qalmırdı. Bu ərzaqlar dolanışığımıza kömək edirdi.

ŞAHİDLİK KOMPANİYALARI

Valideynlərim təbliğ üçün patefon almışdılar. Onlar təkrar söhbətlərdə və Müqəddəs Kitab dərslərində Cozef Ruterford qardaşın nitqlərini səsləndirirdilər. Mən balaca olduğuma görə patefonu qoşa bilmirdim, amma atamla anama kömək eləmək xoşuma gəlirdi.

Valideynlərimlə birgə səsli maşının yanında

Atam 1936-cı ilin «Ford» markalı maşınının üstünə böyük səsgücləndirici quraşdırmışdı. Səsli maşın adlandırdığımız bu maşın Padşahlıq xəbərinin yayılmasında çox effektiv idi. Adətən, insanların diqqətini çəkmək üçün əvvəlcə musiqi səsləndirir, sonra isə Müqəddəs Kitaba əsaslanan nitq qoşurduq. Nitqin sonunda maraqlanan insanlara ədəbiyyat təklif edirdik.

Bir dəfə Kanzasın kiçik şəhəri olan Çeriveyldə atam maşını bazar günləri çox adamın istirahət etdiyi parkda saxlamışdı. Onda polis əməkdaşı atama yaxınlaşıb demişdi ki, səsli maşını yalnız parkdan kənarda saxlaya bilər. Atam etiraz etmədən maşını parkla üzbəüz küçəyə sürmüşdü. İnsanlar oradan da hər şeyi rahat eşidə bilirdilər. Bu kimi hadisələr zamanı atamın və böyük qardaşım Cerrinin yanında olmağı xoşlayırdım.

1930-cu illərin sonunda xüsusi kompaniyalarda iştirak etməyə başladıq. Biz əleyhdarların çox olduğu ərazilərdə qısa bir zamanda hamıya təbliğ etməli idik. Yuxarıda qeyd etdiyim kimi, sübh açılmamış oyanır və bukletləri sakitcə qapıların altından içəri itələyirdik. Sonra heç kimin polis tərəfindən yaxalanmadığına əmin olmaq üçün şəhərdən kənar bir yerdə görüşürdük.

Həmçinin həmin illər informasiya yürüşləri adlandırdığımız maraqlı xidmət növü var idi. Padşahlığı bəyan etmək üçün biz plakatlar taxır və bütün şəhər boyu yürüş edirdik. Yadımdadır, bir dəfə şəhərimizdə keçirilən yürüşdə bacı-qardaşlar «Din tələ və yalandır» yazılı plakat taxmışdılar. Onlar evimizdən başlayıb şəhərin içi ilə təxminən 1,6 kilometr yol gedib sonra geri qayıtmışdılar. Xoşbəxtlikdən, bu yürüş zamanı heç bir etirazla qarşılaşmadılar, əksinə çoxları onları maraqla müşahidə edirdi.

İLK TOPLANTILAR

Toplantılarda iştirak etmək üçün çox vaxt ailəlikcə Kanzasdan Texasa gedirdik. Atam Missuri-Kanzas-Texas dəmiryolunda işlədiyi üçün gedişhaqqı ödəmədən qohumlarımızı ziyarət edə və toplantılara qatıla bilirdik. Böyük dayım Fred Vismar və yoldaşı Yuleli, Texasın Templ şəhərində yaşayırdı. Dayım həqiqəti 1900-cü illərdə, gənc yaşlarında olanda öyrənmiş və vəftiz olunmuşdu. Anam da daxil, bütün bacıları həqiqəti ondan eşidib. Dayım zonal xidmətçi (bugünkü rayon nəzarətçisi) olduğu üçün Texasdakı bütün bacı-qardaşlar onu yaxşı tanıyırdı. O, çox mehriban, deyib-gülən insan idi. Dayım həqiqət yolunda can qoyurdu və sözsüz ki, onun nümunəsi gənclik illərimdə mənə gözəl təsir bağışlamışdı.

1941-ci ildə biz qatarla Missuri ştatının Sent-Luis şəhərinə böyük toplantıya yollandıq. Toplantıda bütün uşaqlara tapşırıldı ki, Cozef Ruterford qardaşın «Padşahın övladları» məruzəsini dinləmələri üçün xüsusi sıralarda əyləşsinlər. Məruzənin sonunda uşaqları böyük sürpriz gözləyirdi. Cozef Ruterford və onun köməkçiləri 15 000 uşağın hər birinə xüsusi hədiyyə — «Uşaqlar» adlı yeni kitab təqdim etdilər.

1943-cü ilin aprel ayında Kanzas ştatının Kofivil şəhərində «Hərəkətə keçək» adlı kiçik, amma əlamətdar toplantı keçirildi. Bütün yığıncaqlarda yeni məktəbin — Teokratik Xidmət Məktəbinin keçiriləcəyi elan olundu. Həmçinin bu məktəbdə istifadə etmək üçün 52 dərsdən ibarət yeni kitabça paylandı. Elə həmin il mən məktəbdə ilk tapşırıqla çıxış etmişdim. Toplantını mənim üçün xüsusi edən bir səbəb də var idi. Həmin toplantıda mən iki nəfərlə birgə yaxınlıqdakı fermanın soyuq bir gölündə vəftiz olundum.

ƏN BÖYÜK ARZUM — BEYTEL XİDMƏTİ

1951-ci ildə orta məktəbi bitirdikdən sonra gələcəyimlə bağlı bəzi qərarlar verməliydim. Qardaşım Cerri əvvəllər Beyteldə xidmət etmişdi. Mənim də ən böyük arzum Beyteldə xidmət etmək idi, buna görə də Bruklin filialına ərizə göndərdim. Çox keçməmiş Beytelə dəvət olundum və 1952-ci il martın 10-da xidmətə başladım. Bu qərarım Yehovaya tam xidmət etmək üçün gözəl imkanlar açdı.

Çapxanada işləyib, jurnalların və digər nəşrlərin hazırlanmasında iştirak etmək istəyirdim. Amma mənə çapxanada işləmək nəsib olmadı. Məni əvvəlcə ofisiant, sonra mətbəx işçisi təyin etdilər. Sevə-sevə gördüyüm bu işdə çox şey öyrəndim. Mətbəxin iş cədvəlinin dəyişkən olması sayəsində gün ərzində boş vaxtım olurdu. Çox vaxt həmin saatlarda Beytelin kitabxanasına gedib mütaliə ilə məşğul olurdum. Bunun ruhən böyüməyimdə və imanımın möhkəmlənməsində böyük rolu oldu. Həmçinin qarşıma məqsəd qoydum ki, Beyteldə bacardığım qədər uzun müddət xidmət edim. Cerri 1949-cu ildə Beytel xidmətini dayandırıb Patrişa adlı bacı ilə ailə qurmuşdu. Onlar Bruklinə yaxın yaşayırdılar və Beytel xidmətimin ilk illərində mənə çox dəstək oldular.

Beytelə gəlməyimdən qısa müddət sonra qardaşlar Beyteldən olan natiqlərin sayını artırmaq üçün seçim apardılar. Siyahıda olan qardaşları Bruklindən 322 kilometr məsafədə yerləşən yığıncaqları ziyarət edib açıq məruzə ilə çıxış etməyə və bacı-qardaşlarla xidmətdə əməkdaşlıq etməyə təyin etdilər. Siyahıda mənim də adım var idi. Mən böyük həyəcanla yığıncaqları ziyarət etməyə və məruzələr söyləməyə başladım. O vaxtlar məruzələr bir saat davam edirdi. Adətən qatarla səyahət edirdim. İndiyə kimi yadımdadır, 1954-cü ilin qış ayı idi, bazar günü günorta saatlarında qatarla Nyu-Yorka qayıdırdım. Axşama Beytelə çatmalıydım. Amma yolda güclü külək əsməyə, qar yağmağa başladı. Qatarın elektrik mühərrikində qısaqapanma baş verdi və elektrik kəsildi. Nəticədə Nyu-Yorka bazar ertəsi səhər saat beş radələrində ancaq gəlib çata bildim. Oradan Bruklinə gedən metroya minib düz iş yerimə, mətbəxə getdim. Bir az gecikmişdim, üstəlik bütün gecəni yata bilmədiyimə görə çox yorğun idim. Amma bacı-qardaşlara xidmət etməyin və çoxlu yeni dostlar qazanmağın gətirdiyi sevinc istənilən əziyyətləri unutdururdu.

WBBR studiyasında yayıma hazırlaşırıq

Beytel xidmətimin ilk illərində WBBR radiostansiyasında yayımlanan proqramda iştirak etməyə dəvət aldım. Studiya Kolumbiya Hayts, 124 ünvanındakı ofisin ikinci mərtəbəsində yerləşirdi. Mən hər həftə yayımlanan Müqəddəs Kitab dərsi proqramında iştirak edənlərdən biri idim. Beytel ailəsinin çoxdankı üzvü olan Aleksandr Makmillan qardaş bu radio verilişlərdə müntəzəm olaraq iştirak edirdi. Öz aramızda onu Mak deyə çağırırdıq. Onun Yehovaya sədaqəti bizlərə, Beytel ailəsinin gənc üzvlərinə gözəl örnək idi.

Xidmətdə WBBR-ın reklam vərəqələrini paylayırdıq

1958-ci ildə Gilad Məktəbi ilə əməkdaşlıq etməyə dəvət aldım. Məktəbin məzunlarının viza məsələləri və səyahətlərinin təşkiliylə məşğul olurdum. Həmin illərdə təyyarə ilə səyahət çox baha olduğuna görə ancaq bir neçə məzun təyyarə ilə gedə bilirdi. Afrikaya və Uzaq Şərqə təyin olunanların çoxu yük gəmiləri ilə səyahət edirdi. Özəl hava yolları fəaliyyətə başlayanda aviabiletlərin qiyməti xeyli ucuzlaşdı və beləcə, məzunların çoxunu təyyarə ilə yola sala bildik.

Gilad məktəbinin buraxılışı üçün diplomları hazırlayıram

TOPLANTILARA YOLLANIRIQ

1960-cı ildə mənə Birləşmiş Ştatlardan Avropaya, 1961-ci ildə keçiriləcək beynəlxalq toplantılara çarter uçuşları təşkil etməyi tapşırdılar. Toplantıda iştirak etmək üçün mən də çarter reysi ilə Nyu-Yorkdan Almaniyaya, Hamburqa uçdum. Toplantıdan sonra Beyteldən olan üç qardaşla birgə maşın kirayələyib Romadakı filialı ziyarət etmək üçün Almaniyadan İtaliyaya yollandıq. Oradan Fransaya, Pireney dağlarından keçərək təbliğ işimizin qadağa altında olduğu İspaniyaya getdik. Nəşrlərimizi hədiyyə kimi büküb Barselonadakı bacı-qardaşlara gətirə bilmişdik. Buradakı bacı-qardaşları görmək necə də xoş idi! Sonra maşınla Amsterdama gəldik, oradan da təyyarə ilə Nyu-Yorka qayıtdıq.

1962-ci ildə mənə beynəlxalq toplantılara qatılacaq 583 nəfərin səyahətini təşkil etmək tapşırıldı. «Əbədi xoş xəbər» adlı bu toplantı 1963-cü ildə bütün dünyada keçiriləcəkdi. Onlar dünyanın dörd bir yanında Avropa, Asiya və Sakit okeanın cənub hissəsində keçirilən toplantılarda iştirak edəcək, sonra isə səyahətlərini Qonolulu (Havay) və Pasadendə (Kaliforniya) başa vuracaqdılar. Marşrut üzrə onlar Livan və İordaniyada olacaq və Müqəddəs Kitabda qeyd olunan əraziləri ziyarət etmək üçün təşkil olunan xüsusi turlara qatıla biləcəkdilər. Bizim şöbə uçuşları, otellərin rezervasiyasını və vizalarla bağlı bütün məsələləri həll edirdi.

YENİ YOL YOLDAŞIM

1963-cü ili mənim üçün xüsusi edən digər bir səbəb də var idi. İyunun 29-u Missuridən olan Layla Rocers adlı dindaşımla ailə qurdum. O, üç il idi ki, Beytel ailəsinin üzvü idi. Toyumuzdan bir həftə sonra toplantılara qatılmaq məqsədilə dünya səyahətinə çıxdıq, Yunanıstan, Misir və Livanda olduq. Beyrutdan İordaniyadakı kiçik hava limanına uçduq. Orada fəaliyyətimizə məhdudiyyətlər qoyulduğu üçün bizə demişdilər ki, Yehovanın Şahidlərinə çətin ki viza versinlər. Buna görə də İordaniyada başımıza nə gələcəyini bilmirdik. Amma ora çatanda heyrətdən donub qaldıq: bir qrup bacı-qardaş əllərində «Yehovanın Şahidləri, xoş gəlmisiniz!» yazılı plakatla hava limanının terminalında dayanmışdı. Müqəddəs Kitabda yazılmış tarixi əraziləri öz gözlərimizlə görmək möhtəşəm idi! Biz İbrahim peyğəmbərin, İshaqın, Yaqubun yaşadığı yerləri, İsa Məsihin və həvarilərin təbliğ etdiyi və məsihiliyin «yerin nəhayətlərinədək» yayıldığı əraziləri gördük (Həv. 13:47).

55 ildir ki, həyat yoldaşım Layla aldığımız bütün təyinatlarda mənimlə əməkdaşlıq edir. Fəaliyyətimizin qadağa altında olduğu vaxtlarda bir neçə dəfə İspaniya və Portuqaliyada olmuşuq. Oradakı dindaşlarımıza dəstək olur, nəşrlər və bəzi lazımi şeylər aparırdıq. Hətta İspaniyanın Kadis şəhərində həbsdə olan bəzi qardaşları da ziyarət etmək imkanımız olub. Onlara ruhlandırıcı nitq söyləmək imkanım olduğuna görə çox şadam!

Patrişa ilə Cerri Molohan və Layla ilə Çarlz Molohan, 1969-cu il

1963-cü ildən bəri Afrika, Avstraliya, Mərkəzi və Cənubi Amerika, Avropa, Uzaq Şərq, Havay, Yeni Zelandiya və Puerto-Rikoya beynəlxalq toplantı turlarının təşkilinə kömək edirəm. Layla ilə birgə çoxlu unudulmaz toplantılarda iştirak etmişik. Belə toplantılardan biri də 1989-cu ildə Varşavada (Polşa) keçirilən toplantı idi. Toplantıya Rusiyadan da bacı-qardaşlar gəlmişdi, bu, onların qatıldığı ilk toplantı idi. Toplantıda Sovet İttifaqında etiqadlarına görə uzun illər həbsdə olan bir neçə bacı-qardaşla tanış olmuşduq.

Bütün dünyadakı filialları ziyarət edib Beytel ailələrini və xüsusi təyinatlı müjdəçiləri ruhlandırmaq da mənim üçün əsl sevinc mənbəyidir. Sonuncu dəfə Cənubi Koreya filialını ziyarət edərkən Suvonda həbsdə olan 50 qardaşla görüşmək imkanımız olmuşdu. Bu qardaşlar çox müsbət əhval-ruhiyyədə idilər. Onlar yenidən maneəsiz şəkildə Yehovaya xidmət edəcəkləri günü səbirsizliklə gözləyirlər. Bu görüş bizi olduqca ruhlandırmışdı! (Rom. 1:11, 12).

ARTIM SEVİNC BƏXŞ EDİR

Yehovanın illər ərzində xalqına necə bərəkət verməsinə şahid olmuşam. 1943-cü il, vəftiz olduğum vaxt haradasa 100 000 təbliğçi var idisə, indi 240 ölkədə 8 000 000-dan çox insan Yehovaya xidmət edir. Bu, artımda Gilad məzunlarının payı böyükdür. Onların çoxu ilə əməkdaşlıq etdiyimə və təyin olunduqları ərazilərə çatmalarına kömək edə bildiyimə görə çox bəxtiyaram!

Sevinirəm ki, gənc yaşımda düzgün qərar verib Beytel xidməti üçün ərizə doldurdum. Yehova bu illər ərzində atdığım bütün addımlarda mənə dayaq olub, başımdan bol-bol bərəkət yağdırıb! Layla ilə birgə Beytel xidmətindən böyük sevinc duyuruq. Üstəlik xoşbəxtik ki, 50 ildən çox vaxt ərzində Bruklindəki yığıncaqlarla əməkdaşlıq etmək və ömürlük dostlar qazanmaq imkanımız olub.

Laylanın mənə hər gün dəstək olması sayəsində Beytel xidmətini davam etdirə bilirəm. Yaşım 84-ü haqlasa da, hələ də dəyərli işlə məşğul olmaq imkanım var, indi filialın yazışmalarla bağlı işlərində kömək edirəm.

Layla ilə mən

Yehovanın möhtəşəm təşkilatının üzvü olmaq və Ona ibadət edənlərlə etməyənlər arasındakı fərqi görmək məni fərəhləndirir. İndi Məlaki 3:18 ayəsindəki sözləri daha aydın anlayırıq: «Siz yenə saleh adamla şər adam arasında, Allaha qulluq edənlə etməyən arasında fərqi görəcəksiniz». Hər ötən gün ümidsiz, bədbəxt insanların artdığı Şeytan dünyasının tənəzzülə uğramasına şahid oluruq. Lakin Yehova Allahı sevənlər, Ona ibadət edənlər, hətta bu çətin zəmanədə yaşamalarına baxmayaraq, xoşbəxtdirlər və gələcəyə ümidlə baxırlar. Padşahlıq xəbərini bəyan etmək həqiqətən böyük şərəfdir! (Mət. 24:14). Allahın Padşahlığının bu köhnə dünyanı yepyeni Cənnətlə əvəz edəcəyi günü həsrətlə gözləyirik. Çox tezliklə yeni dünyada sağlamlıq, əbədi həyat vədi də daxil, bütün nemətləri alacağıq. Onda Yehovanın saleh bəndələri əbədiyyət boyu xoşbəxt ömür sürəcəklər!