Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 42

Yehovanın istədiyi kəs ola bilərsiniz

Yehovanın istədiyi kəs ola bilərsiniz

«Allah... sizi qüvvətləndirir. O, qəlbinizdə həm arzu oyadır, həm də fəaliyyət göstərməyiniz üçün sizə güc verir» (FİLİP. 2:13).

NƏĞMƏ 104 Müqəddəs ruh Allahdan ənamdır

İCMAL *

1. Yehova niyyətini həyata keçirmək üçün nələr edə bilər?

YEHOVA ALLAH niyyətini həyata keçirmək üçün istədiyi kəs olmağa qadirdir. Məsələn, Yehovanın icra etdiyi bir çox rollardan bəziləri Müəllim, Qurtarıcı, Təsəlliverən, yaxud Müjdəçidir (Əşy. 48:17; 2 Kor. 7:6; Qal. 3:8). Amma O həmçinin niyyətini icra etmək üçün insanlardan istifadə edir (Mət. 24:14; 28:19, 20; 2 Kor. 1:3, 4). Yehova Onun iradəsini həyata keçirə bilməyimiz üçün lazım olan kəs olaq deyə, hər birimizə hikmət və güc verməyə qadirdir. Bir sıra alimlərin gəldiyi qənaətə görə, bütün bunlar Yehovanın adının mənasının müxtəlif yönləridir.

2. a) Nəyə görə Yehova üçün yararlı olduğumuza bəzən şübhə edirik? b) Bu məqalədə nələri araşdıracağıq?

2 Hər birimiz Yehova üçün yararlı olmaq istəyirik, lakin ola bilsin, bəziləri Yehova üçün yararlı olduqlarına şübhə edir. Buna səbəb yaş, vəziyyət və ya bacarıq məsələsi ola bilər. Digər tərəfdən, bəziləri etdikləri ilə kifayətlənə və bundan artıq inkişaf etməyə ehtiyac olmadığını düşünə bilər. Yehova iradəsini yerinə yetirməyimiz üçün hər birimizə lazım olan hər şeyi verməyə qadirdir. Bu məqalədə Yehovanın bunu necə etdiyini araşdıracağıq. Keçmişdə yaşamış sadiq xidmətçilərinin — həm kişilərin, həm də qadınların nümunəsinə baxacağıq. Fəaliyyət göstərmələri üçün Yehovanın onların qəlbində necə arzu oyatdığını və güc verdiyini öyrənəcəyik. Sonda isə, Yehovanın əlində yararlı olmaq üçün bizim nə edə biləcəyimizdən danışacağıq.

YEHOVA BİZİ NECƏ YARARLI EDİR?

3. Filippililərə 2:13 ayəsindəki vədə əsasən, Yehova fəaliyyət göstərməyimiz üçün qəlbimizə arzunu necə oyadır?

3 Filippililərə 2:13 ayəsini oxuyun *. Yehova fəaliyyət göstərməyimiz üçün qəlbimizdə arzu oyada bilər. O, bunu necə edir? Ola bilsin, yığıncaqdan kiminsə köməyə ehtiyac duyduğunu öyrənirik. Yaxud ağsaqqallar filialdan gələn məktubu oxuyub deyir ki, yığıncağımızın ərazisindən kənarda köməyə ehtiyac var. Bu zaman özümüzdən soruşa bilərik: «Kömək etmək üçün nə edə bilərəm?» Yaxud bizə çətin bir məsuliyyət həvalə etmək istəyirlər, amma biz bunun öhdəsindən lazımınca gələ bilməyəcəyimizi düşünürük. Ya da ola bilsin, Müqəddəs Kitabdan hansısa bir parçanı oxuyanda düşünürük: «Bu ayəni başqalarına kömək etmək üçün necə tətbiq edə bilərəm?» Yehova bizi nəyisə etməyə məcbur etmir. Amma O görəndə ki, biz nələr edə biləcəyimiz barədə düşünürük, qəlbimizdə buna uyğun davranmaq arzusu oyada bilər.

4. Yehova fəaliyyət göstərməyimiz üçün bizə gücü necə verə bilər?

4 Həmçinin Yehova fəaliyyət göstərməyimiz üçün bizə güc verməyə qadirdir (Əşy. 40:29). O, bunu necə edir? Ola bilsin, Yehova müqəddəs ruhu vasitəsilə bacarıqlarımızı inkişaf etdirməyə kömək etsin (Çıx. 35:30—35). Hansısa tapşırıqları icra etməyimiz üçün təşkilatı vasitəsilə təlimatlandırsın. Əgər təyinatınızı necə yerinə yetirəcəyinizi bilmirsinizsə, kimdənsə kömək istəyin. Eləcə də, səxavətli Atamızdan «insan gücündən üstün olan güc» istəməyə çəkinməyin (2 Kor. 4:7; Luka 11:13). Müqəddəs Kitabdan görmək olar ki, Yehova bir çox kişilərin və qadınların ürəyində arzu oyadıb və fəaliyyət göstərmələri üçün onlara güc verib. Gəlin bu nümunələrdən bəzilərini araşdıraq. Hər nümunəni araşdırdıqca Yehovanın Öz iradəsini yerinə yetirmək üçün eynilə sizdən necə istifadə edə biləcəyi haqda düşünün.

YEHOVA KİŞİLƏRDƏN NECƏ İSTİFADƏ ETMİŞDİ?

5. Yehovanın Öz xalqını xilas etmək üçün Musadan nə vaxt və necə istifadə etməsindən nə öyrənirik?

5 Yehova Musa peyğəmbərin İsrail xalqı üçün xilaskar olmasına səbəb oldu. Bəs Yehova ondan nə vaxt istifadə etdi? Musa misirlilərin bütün hikmətinə yiyələnəndən sonra özünü bu iş üçün yararlı hesab edəndə? (Həv. 7:22—25). Xeyr, O, Musanı təvazökar, həlim bir insan kimi formalaşdırdıqdan sonra istifadə etdi (Həv. 7:30, 34—36). Ona Misirin ən güclü rəhbəri ilə danışması üçün cəsarət verdi (Çıx. 9:13—19). Allahın Musa peyğəmbərdən nə vaxt və necə istifadə etməsindən nə öyrənirik? Yehova ilahi xüsusiyyətlər təzahür etdirən və güc üçün Ona üz tutan kəslərdən istifadə edir (Filip. 4:13).

6. Yehovanın Bərzillay vasitəsilə Davud padşaha kömək etməsindən nə öyrənirik?

6 Əsrlər sonra Yehova Davud padşaha kömək etmək üçün Bərzillaydan istifadə etmişdi. Davud və adamları Absalamdan qaçanda «ac-susuz, yorğun» idilər. Həmin vaxt ahıl yaşında olan Bərzillay digərləri ilə birgə həyatını təhlükəyə ataraq Davuda və adamlarına kömək əli uzatmışdı. Bərzillay düşünmədi ki, yaşına görə artıq Yehova üçün yararlı deyil. Əksinə, Allahın xidmətçilərinin ehtiyacını qarşılamaq üçün əlindən gələn səxavəti göstərdi (2 İşm. 17:27—29). Bundan özümüzə hansı dərsi götürə bilərik? Yehova istər bizim ərazimizdə, istərsə də başqa ölkədə yaşayan sadiq bəndələrinin əsas tələbatlarını ödəmək üçün, yaşımızdan asılı olmayaraq, hər birimizdən istifadə edə bilər (Məs. 3:27, 28; 19:17). Hətta biz onların qayğısına şəxsən qala bilməsək də, ümumdünya işinə ianə edə bilərik. Bu pullar bacı-qardaşlarımıza kömək etmək üçün ehtiyac duyulan zamanda və yerdə istifadə olunacaq (2 Kor. 8:14, 15; 9:11).

7. Yehova Şəmundan necə istifadə etmişdi və bu məlumat bizi necə ruhlandırır?

7 Yehova Yerusəlimdə yaşayan Şəmun adlı yaşlı kişiyə vəd vermişdi ki, o, Məsihi görməyincə ölməyəcək. Bu vəd sözsüz ki, Şəmunu çox ruhlandırmışdı, çünki o, uzun illər idi Məsihi gözləyirdi. Onun iman və dözümü mükafatsız qalmadı. Bir gün «Şəmun müqəddəs ruhun təsiri ilə» məbədə gəlir. Orada körpə İsanı görür. Yehova Şəmundan istifadə edərək Məsih olacaq bu körpə barədə peyğəmbərlik verir (Luka 2:25—35). Ehtimal ki, Şəmunun ömrü İsa Məsihin xidmətə başladığı vaxtı görməyə yetmədi, amma ona nəsib olan şərəfə görə qəlbi şükranla dolu idi. Gələcəkdə isə onu daha gözəl nemətlər gözləyir! Yeni dünyada bu imanlı kişi İsanın idarəçiliyi altında yer üzündəki bütün insanların necə mübarək olacağına şahid olacaq (Yar. 22:18). Biz də Yehovadan aldığımız istənilən təyinata görə minnətdarıq.

8. Yehova Barnəba kimi, bizdən də necə istifadə edə bilər?

8 Eramızın birinci əsrində Yusif adlı səxavətli bir kişi Yehovanın ondan ruhani işlərdə istifadə etməsinə hazır idi (Həv. 4:36, 37). Görünür, Yusif başqalarını yaxşı təsəlli etdiyi üçün həvarilər onu «təsəlli oğlu» mənasını verən Barnəba deyə çağırırdılar. Şaul əvvəllər yığıncaqları təqib etdiyinə görə məsihi olandan sonra bacı-qardaşların bir çoxu ona yaxınlaşmağa qorxurdu. Amma istiqanlı Barnəba Şaulun dadına yetmişdi. Hər halda, Şaul ona xeyirxahlığına görə çox minnətdar idi (Həv. 9:21, 26—28). Sonralar Yerusəlimdəki ağsaqqallar uzaq Suriya Antakyasında yaşayan bacı-qardaşları ruhlandırmağa ehtiyac görəndə, sizcə, kimi göndərdilər? Barnəbanı! Onlar seçimlərində yanılmamışdılar. Oxuyuruq ki, Barnəba «hamını Ağaya ürəkdən, mətanətlə sadiq qalmağa çağırdı» (Həv. 11:22—24). Eynilə bu gün də, Yehova bizə dindaşlarımız üçün «təsəlli oğlu» olmağa kömək edə bilər. Misal üçün, o bizim vasitəmizlə əzizlərini itirənlərə təsəlli verə bilər. Yaxud səhhətində problem olan və ya depressiyadan əziyyət çəkən dindaşımıza zəng edib, yaxud baş çəkib bir-iki kəlmə xoş söz deməyə təşviq edə bilər. Yehovanın Barnəba kimi, sizdən də istifadə etməsinə şərait yaradacaqsınız? (1 Salon. 5:14).

9. Yehovanın Vasiliy qardaşa yaxşı ağsaqqal olmağa kömək etməsindən nə öyrənirik?

9 Yehova Vasiliy adlı bir qardaşa yaxşı ağsaqqal olmağa kömək edib. Qardaş 26 yaşında ağsaqqal təyin olunanda qorxurdu ki, yığıncağa, xüsusilə də həyatının çətin anlarını yaşayan bacı-qardaşlara ruhani cəhətdən kömək edə bilməyəcək. Amma o, təcrübəli ağsaqqalların və Məsul Qardaşlar üçün Məktəbin sayəsində çox dəyərli təlim aldı. Vasiliy qardaş püxtələşmək üçün var gücü ilə çalışırdı. Misal üçün, o, qarşısına kiçik məqsədlər qoymuşdu. Məqsədlərinə bir-bir çatdıqca qorxularını aşırdı. O deyir: «O vaxtlar məni qorxudan şeyləri indi böyük sevinclə edirəm. Bacıya və ya qardaşa təsəlli vermək üçün Yehovanın köməyi ilə münasib ayə tapanda sevincimin həddi-hüdudu olmur». Əziz qardaşlar, siz də Vasiliy qardaş kimi, Yehovanın sizdən istifadə etməsinə şərait yaratsanız, O, sizə yığıncaqda daha böyük məsuliyyətlərin öhdəsindən gəlmək bacarığı verəcək.

YEHOVA QADINLARDAN NECƏ İSTİFADƏ ETMİŞDİ?

10. Abiqayil nə etmişdi və onun nümunəsindən nə öyrənirik?

10 Talut padşahın əlindən qaçan Davud və adamlarının köməyə ehtiyacı var idi. Davudun adamları Nabal adlı varlı bir israillidən ona bir az yemək verməsini istəyir. Onlar səhrada Nabalın sürülərini qoruduqları üçün ondan kömək istəməyə çəkinmir. Amma xudbin Nabal onlara yardım etməkdən imtina edir. Bundan əsəbiləşən Davud Nabalı və onun evindəki bütün kişiləri qırmaq niyyətinə düşür (1 İşm. 25:3—13, 22). Lakin Nabalın gözəl olduğu qədər də ağıllı olan arvadı Abiqayil böyük şücaət göstərir. O, Davudun ayaqlarına düşüb onu qisas almaqdan, qan tökməkdən saxlamağa çalışır. Mülayim şəkildə ona hər şeyi Yehovanın öhdəsinə buraxmağı məsləhət görür. Abiqayilin həlimliyi və ağıllı davranması Davudun ürəyini fəth edir. O başa düşür ki, Abiqayili Yehova göndərib (1 İşm. 25:23—28, 32—34). Abiqayil özündə yetişdirdiyi xüsusiyyətlər sayəsində Yehova üçün yararlı idi. Eynilə, özlərində bəsirət yetişdirən və nəzakətli şəkildə məsləhət verməyi öyrənən bacılar da Yehova üçün yararlı olub ailələrini və yığıncaqdakıları möhkəmləndirə bilər (Məs. 24:3; Tit. 2:3—5).

11. Səllum qızları nə etmişdi və bu gün kimlər onlardan örnək alır?

11 Əsrlər öncə Yerusəlim divarlarının bərpasında Yehova bir çoxlarından istifadə etmişdi. Onların arasında Səllum qızları da var idi (Nəh. 2:20; 3:12). Atalarının başçı olmasına baxmayaraq, onlar həvəslə belə bir ağır və təhlükəli işi görürdülər (Nəh. 4:15—18). Səllum qızları bu işi görməyi şənlərinə sığışdırmayan təquhluların əsilzadələrindən necə də fərqlənirdilər! (Nəh. 3:5). Layihənin cəmi 52 günə tamamlandığını görəndə Səllum qızlarının necə sevindiyini təsəvvür etmək olar! (Nəh. 6:15). Bizim dövrümüzdə də bacılar müqəddəs xidmətin xüsusi növündə — Yehovaya həsr olunan binaların təmir və tikintisində sevə-sevə iştirak edirlər. Onların bacarığı, şövqü, sədaqəti bu işin həyata keçməsində vacib rol oynayır.

12. Yehova Tabitədən istifadə etdiyi kimi, bizdən də necə istifadə edə bilər?

12 Yehova Tabitəni çoxlu xeyirxah işlər görməyə, xüsusilə də dullara əl tutmağa təşviq edirdi (Həv. 9:36). Çox xeyirxah və səxavətli olduğu üçün Tabitə öləndə çoxları kədərə qərq olmuşdu. Lakin həvari Butrus onu dirildəndə onlar çox sevinmişdi (Həv. 9:39—41). Tabitənin hadisəsindən nə öyrənirik? Gənclər, yaşlılar, kişilər, qadınlar, bir sözlə, hər birimiz dindaşlarımızın rifahı üçün nələrsə edə bilərik (İbr. 13:16).

13. Yehova Rut adlı utancaq bir bacıdan necə istifadə etmişdi və bacı hansı nəticəyə gəlib?

13 Rut adlı utancaq bir bacı xüsusi təyinatlı müjdəçi olmaq istəyirdi. Gənc yaşlarında o, bir-bir bütün evlərə cəld şəkildə buklet paylayırdı. Rut deyir ki, bu işi görməkdən zövq alırdı. Amma insanlara Allahın Padşahlığı haqda danışmaq onun üçün əsl mübarizə idi. Utancaqlığına baxmayaraq, Rut 18 yaşında öncül olur. 1946-cı ildə Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Giladda təhsil alır, daha sonra Havay və Yaponiyada xidmət edir. Yehova ondan xoş xəbəri bu ölkələrdə yaymaq üçün çox istifadə etmişdi. Təxminən 80 il xidmətdə iştirak edən Rut bacı deyir: «Yehova həmişə güc-qüvvət mənbəyim olub. O, utancaqlığımın öhdəsindən gəlməyə kömək edib. Tamamilə əminəm ki, Yehova Ona etibar edən hər bir kəsi yararlı edə bilər».

QOY YEHOVA SİZİ İSTƏDİYİ KƏS ETSİN

14. Koloslulara 1:29 ayəsinə əsasən, Yehovaya yararlı olmaq üçün nə etməliyik?

14 Tarix boyu Yehova xidmətçilərini çoxlu müxtəlif rolları icra etməyə yararlı edib. Bəs iradəsini yerinə yetirmək üçün sizi hansı sahədə istifadə edəcək? Çox şey sizin nə qədər iş görməyə hazır olmağınızdan asılıdır. (Koloslulara 1:29 ayəsini oxuyun.) Yehova iradəsini yerinə yetirmək üçün sizdən səriştəli müjdəçi, qabiliyyətli müəllim, yaxşı təsəlli verən, bacarıqlı işçi, gözəl dost, bir sözlə, kim istəsə edə bilər, yetər ki, buna imkan verin.

15. 1 Timutiyə 4:12, 15 ayələrinə əsasən, bu gün gənc qardaşlar Yehovanın onlara hansı sahədə kömək etməsi üçün yalvarmalıdır?

15 Bəs yetkinlik yaşına yetişən qardaşlar barədə nə demək olar? Enerji dolu qardaşların üzərlərinə yığıncaq xidmətçisi məsuliyyəti götürüb yığıncağa kömək etməsinə böyük ehtiyac var. Bir çox yığıncaqlarda ağsaqqalların sayı yığıncaq xidmətçilərinin sayından çoxdur. Əziz gənc qardaşlar, özünüzdə əlavə məsuliyyətlər götürmək istəyi oyada bilərsiniz? Hərdən bəzi qardaşlar deyir: «Təbliğçi olmaq məni qane edir». Əgər siz də bu fikirdəsinizsə, Yehovaya yalvarın ki, sizdə yığıncaq xidmətçisi olmaq istəyi oyatsın və Ona xidmət etmək üçün əlinizdən gələni etməyə sizə güc versin (Vaiz 12:1). Sizin köməyinizə ehtiyacımız var! (1 Timutiyə 4:12, 15 ayələrini oxuyun.)

16. Yehovadan nə diləməliyik və nə üçün?

16 Yehova niyyətini həyata keçirmək üçün sizə istənilən kəs olmağa kömək edə bilər. Odur ki, Onun işini görmək üçün qəlbinizdə arzu oyatmasını və sizə ehtiyac duyduğunuz gücü verməsini diləyin. Gənc, yaxud yaşlı olmağınızdan asılı olmayaraq, vaxtınızı, gücünüzü və bacarıqlarınızı Yehovanı ucaltmaq üçün istifadə edin (Vaiz 9:10). Yehovaya xidmətdə daha çox iş görmək kimi gözəl imkan yarananda, bunu bacarmayacağınızdan qorxduğunuz üçün fürsəti əldən verməyin. Məhəbbətli Atamıza layiq olduğu şərəfi verməkdə azacıq payımızın olması belə, bizim üçün böyük şərəfdir!

NƏĞMƏ 127 Necə insan olmalıyam?

^ abz. 5 Yehovaya istədiyiniz qədər xidmət edə bilmirsiniz? Onun üçün hələ də yararlı olub-olmadığınızı bilmək istəyirsiz? Yoxsa əksinə, Yehovaya xidmətdə daha çox şey etməyinizə ehtiyac olmadığını düşünürsünüz? Yehova iradəsini yerinə yetirməyimiz üçün istədiyi kəs olaq deyə, həm qəlbimizdə arzu oyatmağa, həm də güc verməyə qadirdir. Məqalədə Yehovanın bunu hansı yollarla etdiyini öyrənəcəyik.

^ abz. 3 Həvari Bulusun məktubu birinci əsrdəki məsihilərə ünvanlansa da, onun sözləri Yehovanın bütün xidmətçilərinə aiddir.