Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 43

Yehovaya tam sədaqət göstərin

Yehovaya tam sədaqət göstərin

«Yehova tam sədaqət tələb edən... Allahdır» (NAH. 1:2).

NƏĞMƏ 51 Özümüzü Allaha həsr etdik!

İCMAL *

1. Nəyə görə Yehova tam sədaqətə layiq Allahdır?

YEHOVA tam sədaqətimizə layiq Allahdır, çünki bizi O yaradıb, bizə həyatı O verib (Vəhy 4:11). Bununla belə, bizim üçün bir təhlükə var. Baxmayaraq ki, Yehovanı sevir və Ona ehtiram bəsləyirik, bəzi şeylər həyatımızda ön plana keçərək Yehovaya layiq olduğu sədaqəti göstərməyimizə əngəl ola bilər. Bunun necə baş verdiyini anlamaq gərəkdir. Amma əvvəlcə gəlin görək Yehovaya tam sədaqət göstərmək nə deməkdir.

2. Çıxış 34:14 ayəsinə əsasən, Yehovaya tam sadiqiksə, nə edəcəyik?

2 Müqəddəs Kitaba əsasən, Allaha tam sədaqət göstərmək Ona dərin məhəbbət bəsləmək deməkdir. Əgər Yehovaya tam sadiqiksə, yalnız Ona ibadət edəcəyik. Heç kimin və heç nəyin qəlbimizdə Onun yerini tutmasına izin verməyəcəyik. (Çıxış 34:14 ayəsini oxuyun.)

3. Nə üçün Yehovaya sədaqətimiz kor-koranə deyil?

3 Yehovaya sədaqətimiz kor-koranə deyil. Çünki sədaqətimiz Onun haqqında öyrəndiyimiz faktlara əsaslanır. Biz Yaradanımızın gözəl xüsusiyyətlərinə heyranıq. Sevdiyi və nifrət etdiyi şeyləri bilirik və Onunla həmfikirik. Bəşəriyyətlə bağlı niyyətini dərk edirik və həyat tərzimizlə bunu dəstəkləyirik. Bizə Öz dostu olmaq imkanı verməsindən qürur duyuruq (Zəb. 25:14). Yaradanımız haqqında öyrəndiyimiz hər bir şey bizi Ona yaxınlaşdırır (Yaq. 4:8).

4. a) İblis Yehovaya məhəbbətimizi necə zəiflətməyə çalışır? b) Bu məqalədə nəyi araşdıracağıq?

4 İblis idarə etdiyi dünya vasitəsilə təbii istəklərimizi və günahlı meyillərimizi alovlandırmağa çalışır (Efes. 2:1—3; 1 Yəh. 5:19). Onun məqsədi odur ki, Yehovaya məhəbbətimiz haçalansın. Gəlin görək o, hansı sahələrdə müəyyən uğur qazana bilər. Birincisi, o bizi var-dövlətə can atmağa təşviq edir. İkincisi, bizdə pis əyləncə növlərinə meyil oyatmağa çalışır.

ÖZÜNÜZÜ PULPƏRƏSTLİKDƏN GÖZLƏYİN

5. Nə üçün özümüzü pulpərəstlikdən gözləməliyik?

5 Yetərincə qidamızın, münasib pal-paltarımızın və yaşamaq üçün normal evimizin olmasını hər birimiz istəyirik. Amma özümüzü pulpərəstlikdən gözləməliyik. Bu gün pulu və pulla alına bilən şeyləri sevənlər çoxdur (2 Tim. 3:2). İsa Məsih bilirdi ki, davamçıları da pula meyil sala bilər. Odur ki, demişdi: «Heç kim iki ağaya qulluq edə bilməz. Ya birinə nifrət edib digərini sevəcək, ya da birinə sədaqət göstərib, digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz» (Mət. 6:24). Yehovaya xidmət edib, eyni zamanda bu dünyada varlanmaq üçün çoxlu vaxt və güc sərf edən insan, bir növ, iki ağaya qulluq etməyə çalışır. Belə insanın Yehovaya sədaqəti tam ola bilməz.

Laodikiyada bəziləri özləri haqda hansi fikirdə idilər... amma Yehova və İsa Məsih onlar haqda nə düşünürdü (6-cı abzasa baxın)

6. İsa Məsihin Laodikiya yığıncağına dediyi sözlərdən nə öyrənirik?

6 Eramızın birinci əsrinin sonlarına yaxın Laodikiya şəhərindəki yığıncağın üzvləri lovğalanıb deyirdilər: «Mən varlıyam, varlanmışam, heç nəyə ehtiyacım yoxdur». Lakin Yehovanın və İsanın gözündə onlar bədbəxt, acınacaqlı gündə, yoxsul, kor və çılpaq idilər. İsa onları varlı olduqları üçün yox, var-dövlət hərisliyi ucbatından Yehova ilə münasibətlərini korladıqları üçün məzəmmət etmişdi (Vəhy 3:14—17). Ürəyimizdə var-dövlətə sevginin boy atdığını hiss ediriksə, cəld tərpənib düşüncəmizi düzəltməliyik (1 Tim. 6:7, 8). Əks halda, məhəbbətimiz haçalanacaq və Yehova ibadətimizi qəbul etməyəcək. O, «tam sədaqət tələb edən Allahdır» (Qan. 4:24). Bəs necə ola bilər ki, pula qarşı tarazılığı itirək?

7—9. Deyvid adlı ağsaqqalın həyatından nə öyrənirik?

7 Birləşmiş Ştatlarda yaşayan Deyvid adlı çalışqan bir ağsaqqalın nümunəsinə nəzər salaq. O, əvvəllər həyatını işə həsr etdiyini deyir. İşlədiyi şirkət onun vəzifəsini artırmışdı, üstəlik, öz ixtisasına görə ölkədə ad-san qazanmışdı. Deyvid deyir: «Bəzən düşünürdüm ki, qazandığım uğurlar Yehovanın xeyir-duasıdır». Bu, doğrudan da, belə idi?

8 Deyvid tədricən görür ki, işi Yehova ilə münasibətlərinə xələl gətirir. O deyir: «Fikir verdim ki, yığıncaqda, hətta xidmətdə işdəki problemlərimi düşünürəm. Düzdür, çoxlu pul qazanırdım, amma yaman gərgin olmuşdum və yoldaşımla münasibətlərim korlanmağa başlamışdı».

9 Deyvid başa düşdü ki, həyatda onun üçün nəyin daha vacib olduğuna qərar verməlidir. O deyir: «Vəziyyəti düzəltməyə qətiyyətli idim». Deyvid iş cədvəlində dəyişiklik etmək qərarına gəlir və bunu müdirinə bildirir. Nəticə necə olur? Deyvid işini itirir. Bəs o, nə edir? Qardaş deyir: «Elə səhərisi gün davamlı olaraq köməkçi öncül kimi xidmət etmək üçün ərizə doldurdum». Özlərini dolandırmaq üçün Deyvidlə yoldaşı böyük binalarda təmizlik işləri görməyə başlayır. Bir müddətdən sonra Deyvid öncül olur, daha sonra isə həyat yoldaşı ona qoşulur. Bu ər-arvad aşağı səviyyəli hesab olunan işdə işləməyə razı olurlar, çünki onlar üçün bu, həyatda ən vacib şey deyil. Gəlirləri əvvəlkinə nisbətdə on qat azalsa da, hər ay xərclərini ödəyə biləcəkləri qədər pulları olur. Onlar Yehovanı həyatda hər şeydən üstün tutmaq istəyirlər və öz təcrübələrindən görüblər ki, Yehova Padşahlığın maraqlarını ön plana qoyanların qayğısına qalır (Mət. 6:31—33).

10. Ürəyimizi necə qoruya bilərik?

10 Maddi durumumuzun necə olmasından asılı olmayaraq, hər birimiz ürəyimizi qorumalıyıq. Bunu necə edə bilərik? Var-dövlətə sevgi bəsləməməklə və işimizin Yehovaya xidmətdən daha vacib olmasına yol verməməklə. Növbəti sualların vasitəsilə özümüzü yoxlaya bilərik: «Yığıncaqda və ya xidmətdə olanda iş haqda tez-tez düşünürəm? Gələcək güzaranıma görə daima narahatçılıq içindəyəm? Pula və maddi şeylərə görə yoldaşımla aramda problemlər olur? Yehovaya daha çox xidmət etmək üçün aşağı səviyyəli sayılan işdə işləməyə razılaşaram?» (1 Tim. 6:9—12). Bu sualların üzərində düşünərkən, gəlin Yehovanın bizi sevdiyini və özünü Ona həsr edənlərə verdiyi vədi unutmayaq: «Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm». Elə bu səbəbdən həvari Bulus yazmışdı: «Həyatınızda pulpərəstliyə yer verməyin» (İbr. 13:5, 6).

ƏYLƏNCƏ SEÇİMİNƏ CİDDİ YANAŞIN

11. Əyləncə insana hansı təsiri göstərməyə qadirdir?

11 Yehova həyatdan zövq duymağımızı istəyir, əyləncə bizə bu sahədə kömək edə bilər. Belə ki, Müqəddəs Kitabda yazılıb: «İnsan üçün yeyib-içməkdən, zəhmətindən zövq almaqdan yaxşı şey yoxdur» (Vaiz 2:24). Amma bu dünyada əksər əyləncə növləri bizə mənfi təsir göstərə bilər. Bu gün əyləncə insanların əxlaq dəyərlərini aşağı salır, Allahın Kəlamında mühakimə olunan şeylərə normal yanaşmağa, hətta onları sevməyə təşviq edir.

Sizin əyləncənizi kim hazırlayır? (11—14 abzaslara baxın) *

12. 1 Korinflilərə 10:21, 22 ayələrinə əsasən, nəyə görə əyləncə seçimində diqqətli olmalıyıq?

12 Biz Yehovaya tam sədaqət göstərmək istəyirik, buna görə də həm «Yehovanın süfrəsindən», həm də «cinlərin süfrəsindən» yeyə bilmərik. (1 Korinflilərə 10:21, 22 ayələrini oxuyun.) Kiminləsə bir süfrə arxasında əyləşmək adətən dostluq əlaməti sayılır. Zorakılığı, cindarlığı, əxlaqsızlığı, yaxud digər günahlı istək və baxış tərzini aşılayan əyləncə növlərində iştirak etməklə Allahın düşmənlərinin hazırladığı süfrədən yemiş oluruq. Bununla təkcə özümüzə yox, həm də Yehova ilə dostluğumuza xətər yetiririk.

13, 14. Yaqub 1:14, 15 ayələri əyləncə seçimində diqqətli olmağın vacibliyini necə göstərir? Nümunə çəkin.

13 Gəlin görək hansı mənada əyləncəni qidaya bənzətmək olar. Yemək yeyəndə nəyi ağzımıza apardığımızı özümüz qərar veririk. Amma onu udanda avtomatik proseslər başlayır və orqanizmimiz qidadakı maddələri mənimsəyir. Yaxşı qida orqanizmimizə fayda gətirir, pis qida isə zərər verir. Nəticə bir gecənin içində büruzə verməsə də, özünü mütləq göstərəcək.

14 Eynilə, əyləncə seçərkən ağlımıza nəyi qoyduğumuza özümüz qərar veririk. Bundan sonra başlayan avtomatik proses nəticəsində seçimimiz ağlımıza və ürəyimizə təsir edir. Yaxşı əyləncə bizi təravətləndirir, pis əyləncə isə zərər yetirir. (Yaqub 1:14, 15 ayələrini oxuyun.) Pis əyləncənin təsiri, ola bilsin, dərhal büruzə verməsin, amma vaxt keçdikcə özünü mütləq göstərəcək. Odur ki, Müqəddəs Kitabda belə bir xəbərdarlıq yazılıb: «Aldanmayın, Allaha istehza edilməz; insan nə əkərsə, onu da biçəcək. Günahlı bədəni üçün əkən bədənindən məhv biçəcək, ruh üçün əkənsə ruhdan əbədi həyat biçəcək» (Qal. 6:7, 8). Görün Yehovanın nifrət etdiyi şeyləri aşılayan bütün əyləncələrdən uzaq durmaq nə qədər vacibdir! (Zəb. 97:10).

15. Yehova bizə hansı bəxşişi verib?

15 Yehovanın xalqı internet televiziyamız olan JW televiziyasını izləməyi sevir. Merilin adlı bir bacı deyir: «JW televiziyası mənə daha nikbin olmağa kömək edib, üstəlik, baxdığım şeyi filtrdən keçirməyə ehtiyac qalmır. Tənhalıq hissi, ruh düşkünlüyü məni ağuşuna alanda ruhlandırıcı nitqə və ya səhər ibadəti proqramına baxıram. Bunun sayəsində özümü Yehovaya və təşkilatına daha yaxın hiss edirəm. JW televiziyası mənim həyatımı kökündən dəyişib». Bəs siz Yehovanın bu bəxşişindən yararlanırsınız? JW televiziyasında aylıq proqramlarla yanaşı, saysız-hesabsız audio və video proqramlar, həmçinin əhvalı yüksəldən nəğmələr var; onları istədiyimiz vaxt izləyə və dinləyə bilərik.

16, 17. Əyləncəyə ayırdığımız vaxta nəyə görə nəzarət etməliyik və bunu necə edə bilərik?

16 Biz təkcə əyləncənin növünə yox, ona nə qədər vaxt ayırdığımıza da fikir verməliyik. Əks halda, əyləncəyə Yehovaya xidmətdən daha çox vaxt sərf etmiş olarıq. Çoxları üçün əyləncəyə ayırdıqları vaxta nəzarət etmək çətindir. Abiqayil adlı 18 yaşlı bacı deyir: «Yorğun günün sonunda televizora baxanda dincəlirəm. Amma ehtiyatlı olmasam, ekranın qabağında saatlarla otura bilərəm». Samuel adlı gənc qardaş deyir: «Hərdən elə olur ki, internetdə saysız-hesabsız kiçik videolara baxıram. Birinə baxmağa başlayıram, bir də ayılıram ki, artıq üç-dörd saat keçib».

17 Əyləncəyə ayırdığınız vaxtı necə nəzarətdə saxlaya bilərsiniz? Əvvəlcə, ona ümumiyyətlə nə qədər vaxt sərf etdiyinizi müəyyən edin. Bir həftə ərzində əyləncəyə ayırdığınız vaxtı qeyd edə bilərsiniz. Televizora, internetdə dolaşmağa, telefonda oyunlar oynamağa neçə saat sərf etdiyinizi təqvimə yazın. Görsəniz ki, əyləncəyə həddindən artıq vaxt ayırırsınız, cədvəl tutun. Sonra cədvəlinizə uyğun davranmaq üçün Yehovaya dua edin. Beləcə, sizin Müqəddəs Kitabın fərdi mütaliəsinə, ailəvi ibadətə, ibadət görüşlərinə, təbliğ və təlim işinə vaxtınız və gücünüz olacaq. Üstəlik, Yehovaya xidməti birinci yerə qoyduğunuz üçün əyləncəyə ayırdığınız vaxt sizə vicdan əzabı yaşatmayacaq.

YEHOVAYA TAM SADİQ QALIN

18, 19. Yehovaya tam sədaqətimizi necə göstərə bilərik?

18 Həvari Butrus Şeytan dünyasının sonu və yeni dünya barədə yazandan sonra demişdi: «Əzizlərim, bütün bunları gözləyərkən var gücünüzlə çalışın ki, Allah sizi axırda ləkəsiz, qüsursuz və sülh içində yaşayan tapsın» (2 But. 3:14). Bu məsləhətə əməl edəndə və Yehovanın həyat tərzimizdən, ibadətimizdən razı qalması üçün əlimizdən gələni edəndə göstəririk ki, Ona tamamilə sadiqik.

19 Şeytan və onun dünyası bundan sonra da çalışacaq ki, həyatımızda başqa şeyləri Yehovadan üstün tutaq (Luka 4:13). Amma nə çətinliyimiz olursa-olsun, qəlbimizdə Yehovaya ayırdığımız yeri kiminsə və ya nəyinsə tutmasına yol verməyəcəyik. Biz Yehovaya tam sədaqət göstərməyə qəti qərarlıyıq. Buna yalnız O layiqdir!

NƏĞMƏ 30 Allahım, Atam və Dostum

^ abz. 5 Biz özümüzü Yehovaya xidmətə həsr etmişik. Bəs Ona tam sədaqət göstəririk? Verdiyimiz qərarlar bu suala cavab verir. Yehovaya nə dərəcədə sadiq olduğumuzu müəyyən etmək üçün gəlin həyatımızın iki konkret sahəsinə nəzər salaq.

^ abz. 53 ŞƏKLİN İZAHI. Anti-sanitar şəraitdə hazırlanan yeməyi yemək istəməzdik. Bəs onda zorakılıq, cindarlıq və əxlaqsızlıqla ləkələnmiş əyləncəni niyə seçək?!