Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 41

Şagirdə vəftizə doğru irəliləməyə kömək edək (I hissə)

Şagirdə vəftizə doğru irəliləməyə kömək edək (I hissə)

«Siz xidmətimiz vasitəsilə yazdığımız Məsihin məktubusunuz» (2 KOR. 3:3).

NƏĞMƏ 78 Allahın sözünü öyrədək

İCMAL *

Yığıncaq üçün tanıyıb sevdiyi Müqəddəs Kitab şagirdinin vəftizini görmək necə də böyük xoşbəxtlikdir! (1-ci abzasa baxın)

1. Kiməsə Müqəddəs Kitab dərsi keçməyin və onun vəftiz olunduğunu görməyin böyük şərəf olduğunu 2 Korinflilərə 3:1—3 ayələri necə göstərir? (Üz qabığındakı şəklə baxın.)

MÜQƏDDƏS KİTABI öyrənən adamın vəftiz olunduğunu görəndə hansı hissləri keçirirsiniz? Şübhəsiz, çox sevinirsiniz (Mət. 28:19). Ona siz dərs keçmisinizsə, sevincinizin həddi-hüdudu olmur! (1 Salon. 2:19, 20). Yeni vəftiz olunmuş şagirdlər təkcə onlara dərs keçən insanın yox, bütün yığıncağın «zəmanət məktubları»dır. (2 Korinflilərə 3:1—3 ayələrini oxuyun.)

2. a) Hansı vacib sualın üzərində düşünməliyik və nə üçün? b) Müqəddəs Kitab dərsi nəyə deyilir? (Haşiyəyə baxın.)

2 Çox xoşdur ki, ötən dörd il ərzində bütün dünyada hər ay orta hesabla 10 000 000 Müqəddəs Kitab dərsi * keçirilib. Həmin illər ərzində hər il təxminən 280 000-dən çox adam Yehovanın Şahidi kimi vəftiz olunub. Bəs Müqəddəs Kitabı öyrənən milyonlarla digər şagirdə vəftiz olunmağa necə kömək edə bilərik? Hələ ki, Yehova səbir göstərərək insanların Məsihin şagirdi olmasına imkan verir. Buna görə onların tez bir zamanda vəftiz olunması üçün əlimizdən gələni etməliyik. Vaxt sürətlə gedir! (1 Kor. 7:29a, 1 But. 4:7).

3. Bu məqalədə nəyi müzakirə edəcəyik?

3 Şagird hazırlamağın təcili olduğunu nəzərə alaraq, Rəhbərlik Şurası filiallardan xahiş etmişdi ki, daha çox insana vəftiz olunmağa kömək etməyin yollarını araşdırıb tapsınlar. Bu və növbəti məqalədən səriştəli öncüllərin, xüsusi təyinatlı müjdəçilərin və rayon nəzarətçilərinin təcrübəsindən yararlanacağıq * (Məs. 11:14; 15:22). Onlar izah edir ki, Müqəddəs Kitab müəllimləri və onların şagirdləri dərslərin daha bəhrəli olması üçün nə etməlidir. Bu məqalədə hər bir şagirdin vəftizə doğru irəliləməsi üçün zəruri olan beş məsləhət müzakirə olunur.

HƏR HƏFTƏ DƏRS KEÇİN

Şagirdə haradasa oturub dərs keçməyi təklif edin (4—6 abzaslara baxın)

4. Qapı ağzında keçirilən Müqəddəs Kitab dərsləri haqda nəyi bilməliyik?

4 Bir çox bacı-qardaşımız Müqəddəs Kitab dərslərini ev sakinlərinin elə qapısı ağzında keçirir. Bu, Müqəddəs Kitaba maraq oyatmaq üçün yaxşı başlanğıcdır. Amma çox vaxt bu müzakirələr qısa olur və hər həftə alınmır. İnsanın marağını artırmaq üçün bəzi təbliğçilər onun əlaqə məlumatını istəyir. Sonra növbəti ziyarətə qədər onunla Müqəddəs Kitabdakı bəzi fikirləri bölüşmək üçün zəng edir və ya mesaj göndərir. Lakin bəzən bu cür qısa müzakirələr aylarla davam edir və səmərəli dərslər keçirilmir. Sizcə, şagird Allahın Kəlamını öyrənmək üçün bundan artıq vaxt və güc sərf etmirsə, həsr olunub vəftiz olunmaq üçün lazımi qədər inkişaf edəcək? Yəqin ki, yox.

5. İsa Məsihin Luka 14:27—33 ayələrində vurğuladığı hansı fikir şagird hazırlamaq işimizə kömək edə bilər?

5 Bir dəfə İsa Məsih onun davamçısı olmaq istəyənlərin nə etməli olduğunu izah etmişdi. O, qüllə tikmək istəyən adamı və müharibəyə çıxan padşahı misal çəkmişdi. Demişdi ki, qüllə tikən adam tikintini qurtara bilmək üçün «əvvəlcə oturub məsrəfləri» hesablamalıdır, padşah da ordusunun qalib gəlib-gəlməyəcəyini müəyyən etmək üçün «oturub məsləhətçiləri ilə məşvərət» etməlidir. (Luka 14:27—33 ayələrini oxuyun.) Bununla İsa demək istəyirdi ki, onun davamçısı olmaq istəyən kəs bunun nə demək olduğu haqda yaxşıca düşünməlidir. Şagirdimizə bu sahədə kömək etmək üçün təşviq edə bilərik ki, hər həftə dərs keçmək üçün vaxt ayırsın. Bunu necə edə bilərik?

6. Dərs keçdiyiniz insanın inkişaf etməsi üçün nə etmək olar?

6 Qapı ağzında keçdiyiniz dərslərin vaxtını uzatmaqdan başlayın. Hər növbəti söhbət zamanı əlavə bir ayə müzakirə etmək olar. Ev sakini söhbətin nisbətən uzun çəkməsindən narahat olmursa, söhbəti davam etdirmək üçün haradasa oturmağı təklif edin. Cavabından biləcəksiniz ki, Müqəddəs Kitabı öyrənmək onun üçün nə dərəcədə əhəmiyyətlidir. Daha sonra isə onun inkişafını sürətləndirmək üçün həftədə iki dəfə dərs keçməyi təklif edə bilərsiniz. Amma həftədə bir-iki dəfə dərs keçməklə iş bitmir.

HƏR DƏRSƏ HAZIRLAŞIN

Müqəddəs Kitab dərslərinə yaxşı hazırlaşın və şagirdinizə də hazırlaşmağın yolunu göstərin (7—9 abzaslara baxın)

7. Müəllim keçəcəyi hər dərsə necə hazırlaşa bilər?

7 Bir müəllim kimi, siz keçəcəyiniz hər dərsə qabaqcadan hazırlaşmalısınız. Bunun üçün əvvəlcə araşdıracağınız materialı oxuyun və ayələri açın. Əsas fikirlərə diqqət yetirin. Dərsin adını, yarımbaşlıqları, abzasa aid sualları, oxumaq üçün təyin olunmuş ayələri, şəkilləri, mövzunu açıqlamağa kömək edəcək videoları nəzərdən keçirin. Sonra şagirdinizin mövzunu rahat başa düşüb, tətbiq etməsi üçün məlumatı sadə və aydın şəkildə necə açıqlaya biləcəyinizi düşünün (Nəh. 8:8; Məs. 15:28a).

8. Koloslulara 1:9, 10 ayələrindən şagirdimiz üçün dua etmək barədə nə öyrənirik?

8 Dərsə hazırlaşmağa şagirdiniz və onun vəziyyəti haqda Yehovaya dua etmək də daxildir. Yehovadan kömək istəyin ki, insanın ürəyinə yol tapmaq üçün Müqəddəs Kitabdan düzgün istifadə etməyi bacarasınız. (Koloslulara 1:9, 10 ayələrini oxuyun.) Şagirdinizin çətin başa düşəcəyi, yaxud razılaşmayacağı məqamları müəyyən edin. Unutmayın ki, məqsədiniz insana vəftizə doğru irəliləməyə kömək etməkdir.

9. Müəllim şagirdə dərsə yaxşı hazırlaşmağa necə kömək edə bilər? İzah edin.

9 Biz ümid edirik ki, müntəzəm Müqəddəs Kitab dərsləri sayəsində şagirdin ürəyində Yehovanın və Məsihin etdiklərinə görə minnətdarlıq yaranacaq və o, daha çox öyrənmək istəyəcək (Mət. 5:3, 6). Şagird dərsdən tam fayda əldə etmək üçün fikrini öyrəndiklərinə kökləməlidir. Bunun üçün ona hər dərsə qabaqcadan hazırlaşmağın, yəni mətni oxuyub, onu necə tətbiq edə biləcəyi haqda öncədən düşünməyin vacibliyini başa salın. Bunu necə etmək olar? Birlikdə hazırlaşın, qoy o bunu əyani şəkildə görsün *. Sualların konkret cavabını tapmağın yolunu göstərin və izah edin ki, əsas sözlərin, yaxud ifadələrin altından xətt çəkməklə cavabı tez yadına salacaq. Sonra cavabı öz sözləri ilə deməyə təşviq edin. Beləcə, dərsi qavrayıb-qavramadığını biləcəksiniz. Şagirdinizə bir şeyin də vacibliyini başa salmalısınız.

ŞAGİRDİ HƏR GÜN YEHOVA İLƏ ÜNSİYYƏT ETMƏYƏ TƏŞVİQ EDİN

Şagirdinizə Yehova ilə ünsiyyət etməyi öyrədin (10 və 11-ci abzaslara baxın)

10. Müqəddəs Kitabı hər gün mütaliə etmək nəyə görə vacibdir və bundan tam faydanı necə əldə etmək olar?

10 Müəllimlə hər həftə dərs keçməkdən əlavə, şagird özü də hər gün bəzi şeyləri etməlidir. O, Yehovaya qulaq asmalı və Onunla danışmalıdır. Yehovaya qulaq asmaq üçün hər gün Müqəddəs Kitabı mütaliə etməlidir (Yuş. 1:8; Zəb. 1:1—3). Ona jw.org saytında yerləşən «Müqəddəs Kitabın mütaliə cədvəli» * vərəqəsindən istifadə etməyi öyrədin. Mütaliədən tam fayda əldə etməsi üçün həmçinin şagirdi təşviq edin ki, oxuduqlarından Yehova ilə bağlı nə öyrəndiyi və özü üçün hansı nəticə çıxardığı haqda düşünsün (Həv. 17:11; Yaq. 1:25).

11. Şagird düzgün dua etməyi necə öyrənə bilər və Yehovaya tez-tez dua etməsi nə üçün vacibdir?

11 Şagirdinizi hər gün Yehovaya dua edib Onunla danışmağa təşviq edin. Hər dərsin əvvəlində və axırında ürəkdən dua edin və dualarınızda şagirdinizin də adını çəkin. Sizin duanızı eşitdikcə o, ürəkdən dua etməyi, duasında Yehova Allaha müraciət etməyi və İsa Məsihin adı ilə dua etməyi öyrənəcək (Mət. 6:9; Yəh. 15:16). Təsəvvür edirsiniz, hər gün Müqəddəs Kitabı mütaliə etmək (Yehovaya qulaq asmaq) və dua etmək (Yehova ilə danışmaq) şagirdinizi Yehovaya necə yaxınlaşdıracaq?! (Yaq. 4:8). Bunlara vərdiş etsə, şagird vəftizə doğru irəliləyəcək. Ona bu sahədə başqa nə kömək edə bilər?

ŞAGİRDƏ YEHOVAYA YAXINLAŞMAĞA KÖMƏK EDİN

12. Şagirdin Yehovaya yaxın olmasına necə kömək etmək olar?

12 Şagirdin Müqəddəs Kitab dərsi zamanı öyrəndikləri təkcə ağlına yox, ürəyinə də nüfuz etməlidir. Nə üçün? Çünki ürək — hisslər və arzular insanı hərəkətə təşviq edir. İsa Məsih məntiqli şəkildə öyrədirdi və onu dinləmək insanlara xoş idi. Amma insanları İsanın ardınca getməyə təşviq edən onun öyrətdiklərinin ürəklərinə nüfuz etməsi idi (Luka 24:15, 27, 32). Şagirdiniz Yehovanın gerçək Varlıq olduğunu, Ona yaxınlaşmağın mümkün olduğunu başa düşməlidir, Yehovanın ona Ata, Allah və Dost ola biləcəyini anlamalıdır (Zəb. 25:4, 5). İstənilən mövzu zamanı diqqəti Allahın necə gözəl Varlıq olduğuna cəmləyin (Çıx. 34:5, 6; 1 But. 5:6, 7). Şagirdə Yehovanın füsunkar xüsusiyyətlərini — məhəbbətini, xeyirxahlığını, şəfqətini görməyə kömək edin. İsa Məsih demişdi ki, «birinci və ən böyük əmr» Yehovanı sevməkdir (Mət. 22:37, 38). Şagirdin ürəyində Yehovaya qarşı dərin məhəbbət oyadın.

13. Şagirdə Yehovanı yaxından tanımağa daha necə kömək edə bilərsiniz?

13 Şagirdlə söhbət edərkən Yehovanı nə qədər çox sevdiyinizdən danışın. Bu, şagirdinizi düşündürə bilər ki, onun Yehova ilə şəxsi münasibəti olmalı, Onu sevməlidir (Zəb. 73:28). Məsələn, ola bilsin, təlim vəsaitində, yaxud orada gətirilən ayədə Yehovanın məhəbbəti, hikməti, ədaləti, yaxud qüdrəti ilə bağlı sizə xüsusilə təsir edən hansısa fikir var. Bunu şagirdinizə bildirin, qoy o görsün ki, Yehovanı sevməyinizin səbəblərindən biri nədir. Vəftizə doğru irəliləmək üçün şagird daha bir şey etməlidir.

ŞAGİRDİNİZİ YIĞINCAĞA GƏLMƏYƏ TƏŞVİQ EDİN

Şagirdinizi yığıncağa gəlməyə mümkün qədər tez təşviq edin! (14 və 15-ci abzaslara baxın)

14. İbranilərə 10:24, 25 ayələrinə əsasən, yığıncaqda iştirak etmək şagirdin inkişafında hansı rolu oynayır?

14 Hər birimiz şagirdimizin vəftiz olunmasını istəyirik. Ona bu sahədə kömək etməyin vacib üsullarından biri ibadət görüşlərində iştirak etməyə təşviq etməkdir. Təcrübəli müəllimlər qeyd edir ki, tez bir zamanda yığıncağa gəlməyə başlayan şagirdlər daha tez inkişaf edir (Zəb. 111:1). Bəzi müəllimlər şagirdə izah edir ki, Müqəddəs Kitab biliklərinin yarısını dərs keçən zaman, yarısını da yığıncaqda alacaq. Şagirdinizə İbranilərə 10:24, 25 ayələrini oxuyun və yığıncaqlara gəlməyin ona necə fayda gətirəcəyini izah edin. Ona «İbadət görüşlərimiz necə keçirilir?» * adlı videonu göstərin. Şagirdinizə kömək edin ki, hər həftə ibadət görüşlərində iştirak etmək həyatının vacib hissəsi olsun.

15. İnsanı müntəzəm olaraq yığıncaq görüşlərində iştirak etməyə necə təşviq edə bilərik?

15 Bəs əgər şagirdiniz hələ yığıncağa gəlməyibsə, yaxud hərdənbir gəlirsə, nə edə bilərsiniz? Təzəlikcə yığıncaqda öyrəndiyiniz hər hansı fikri şövqlə ona danışın. Bu onu yığıncağa adi dəvətdən daha çox təşviq edəcək. Ona yığıncaqda hal-hazırda araşdırılan «Gözətçi qülləsi» jurnalını, yaxud «Məsihi həyatı və ibadəti. İş dəftəri» vərəqəsini verin. Növbəti həftə müzakirə olunacaq mövzuları ona göstərin və hansının onun üçün daha maraqlı olduğunu soruşun. İlk ibadət görüşü ona indiyə kimi heç bir dini görüşün bağışlamadığı gözəl təəssüratı bağışlayacaq (1 Kor. 14:24, 25). Yığıncaqda tanış olduğu insanlar ona vəftizə doğru irəliləməyə kömək edəcək, həmçinin o, oradakı insanların gözəl nümunəsindən də çox şey öyrənəcək.

16. Şagirdin vəftizə doğru irəliləməsinə necə kömək edə bilərik və növbəti məqalədə nə haqda danışacağıq?

16 Şagirdinizin vəftiz olunması üçün Müqəddəs Kitab dərslərini necə keçirə bilərsiniz? Şagirdinizi təşviq edin ki, dərslərə hər həftə vaxt ayırsın və qabaqcadan hazırlaşsın, bu ona dərslərin vacibliyini başa düşməyə kömək edəcək. Həmçinin onu təşviq edin ki, Yehova ilə hər gün ünsiyyət etsin və Ona yaxınlaşsın. Şagirddə yığıncaqlarda iştirak etməyə həvəs oyadın. (« Vəftizə doğru irəliləməsi üçün şagird nə etməlidir?» adlı çərçivəyə baxın.) Növbəti məqalədən öyrənəcəyimiz kimi, şagirdə vəftizə doğru irəliləməyə kömək etmək üçün müəllimin öhdəsinə düşən daha beş şey var.

NƏĞMƏ 76 Nə hiss edirsən sən?

^ abz. 5 Öyrətmək insana «bilmədiyi şeyi bildirmək, başa salmaq» deməkdir. 2020-ci ilin ayəsi olan Mətta 28:19 ayəsi bizə insanlarla Müqəddəs Kitab dərsi keçməyin və onlara Məsihin vəftiz olunmuş şagirdi olmağı öyrətməyin vacibliyini xatırladır. Bu və növbəti məqalədə olduqca mühüm olan bu işdə püxtələşməyin yolunu öyrənəcəyik.

^ abz. 2 BƏZİ İFADƏLƏRİN İZAHI. Siz insanla müntəzəm və sistematik olaraq Müqəddəs Kitab vasitəsilə müzakirələr aparırsınızsa, deməli, Müqəddəs Kitab dərsi keçirsiniz. Əgər insana Müqəddəs Kitab dərslərinin necə keçirildiyini göstərdikdən sonra iki dəfə dərs keçmisinizsə və dərslərin davam edəcəyini düşünməyə əsasınız varsa, bunu hesabata daxil edə bilərsiniz.

^ abz. 3 Həmçinin bu məqalələrdə «Müqəddəs ibadətimiz» vərəqəsində yer alan «Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik» rubrikasının 2004-cü ilin iyul ayından 2005-ci ilin may ayına kimi olan məqalələrindəki məsləhətlər yer alır.

^ abz. 9 «Şagirdə dərsə hazırlaşmağı öyrədin» adlı dörddəqiqəlik videoya baxın. «JW Library®» tətbiqində MULTİMEDİA > İBADƏT GÖRÜŞLƏRİMİZ VƏ XİDMƏTİMİZ > XİDMƏTDƏ PÜXTƏLƏŞƏK bölməsinə daxil olun.

^ abz. 10 MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > MÜQƏDDƏS KİTABI ÖYRƏNMƏK ÜÇÜN VƏSAİTLƏR bölməsinə daxil olun.

^ abz. 14 «JW Library®» tətbiqində MULTİMEDİA > İBADƏT GÖRÜŞLƏRİMİZ VƏ XİDMƏTİMİZ > TƏBLİĞ XİDMƏTİ ÜÇÜN VƏSAİTLƏR bölməsinə daxil olun.