Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 42

Şagirdə vəftizə doğru irəliləməyə kömək edək (II hissə)

Şagirdə vəftizə doğru irəliləməyə kömək edək (II hissə)

«Özünə və verdiyin təlimə həmişə diqqət yetir» (1 TİM. 4:16).

NƏĞMƏ 77 Qaranlıq dünyada ümid işığı

İCMAL *

1. Şagird hazırlamağın həyatları xilas edən iş olduğunu haradan bilirik?

ŞAGİRD hazırlamaq həyatları xilas edən işdir! Bunu haradan bilirik? Mətta 28:19, 20 ayələrində İsa Məsih növbəti əmri vermişdi: «Gedin... şagird hazırlayın, onları... vəftiz edin». Vəftiz olmaq nəyə görə vacibdir? Bu, xilas olmaq istəyənlər üçün tələbdir. Vəftiz olmaq istəyən insan iman etməlidir ki, xilas olmaq yalnız İsa Məsihin özünü uğrumuzda qurban verməsi və dirilməsi sayəsində mümkündür. Buna görə də həvari Butrus dindaşlarına demişdi: «Vəftiz... sizi İsa Məsihin dirilməsi vasitəsilə xilas edir» (1 But. 3:21). Beləliklə, şagird vəftiz olunmaqla xilasına yol açır.

2. 2 Timutiyə 4:1, 2 ayələri bizi necə müəllim olmağa təşviq edir?

2 Şagird hazırlamaq üçün «müəllimlik qabiliyyətini» inkişaf etdirməliyik. (2 Timutiyə 4:1, 2 ayələrini oxuyun.) Nəyə görə? Çünki İsa Məsih demişdi: «Gedin... şagird hazırlayın,.. hər şeyə riayət etməyi onlara öyrədin». Həvari Bulus da demişdi ki, bu işdən «bərk-bərk yapış», çünki «bu yolla həm özünü, həm də sənə qulaq asanları xilas edəcəksən». Məhz bu səbəbdən o vurğulamışdı ki, «verdiyin təlimə həmişə diqqət yetir» (1 Tim. 4:16). Şagird hazırlamaq təlim verməklə əlaqəli olduğu üçün biz bunu ən yaxşı şəkildə etmək istəyirik.

3. Bu məqalədə nəyi müzakirə edəcəyik?

3 Biz müntəzəm olaraq milyonlara insana Müqəddəs Kitab həqiqətlərini öyrədirik. Amma ötən məqalədə də qeyd olunduğu kimi, biz daha çox insana vəftiz olunmağa kömək etməyin yollarını bilmək istəyirik. Bu məqalədə müəllimlər üçün zəruri olan daha beş məsləhəti müzakirə edəcəyik.

QOY MÜQƏDDƏS KİTAB DANIŞSIN

Qoy Müqəddəs Kitab danışsın, bunun yolunu təcrübəli müəllimdən öyrənin (4—6 abzaslara baxın) *

4. Nəyə görə müəllim dərs keçərkən özünə hakim olmalıdır? (Haşiyəyə baxın.)

4 Biz Allahın Kəlamından öyrətdiyimiz həqiqətləri sevdiyimiz üçün bu haqda çox danışmağa meyilli ola bilərik. Amma necə ki, yığıncaqda «Gözətçi qülləsi» müzakirəsini, Müqəddəs Kitab dərsini aparan qardaş çox danışmamalıdır, eynilə şagirdlə dərs keçən təbliğçi də belə davranmalıdır. O özünə hakim olmalıdır ki, Müqəddəs Kitab danışsın. Hansısa ayə və ya mövzu ilə bağlı bildiyi hər şeyi izah etməməlidir * (Yəh. 16:12). Vəftiz olunan zamankı Müqəddəs Kitab biliyinizi indiki ilə müqayisə edin. Yəqin o vaxt yalnız əsas təlimləri başa düşürdünüz (İbr. 6:1). Nəzərə alın ki, hal-hazırkı biliyə illər ərzində yiyələnmisiniz, buna görə də onların hamısını şagirdə bir dəfəyə danışmağa çalışmayın.

5. a) 1 Salonikililərə 2:13 ayəsinə əsasən, şagirdin nəyi başa düşməsini istəyirik? b) Şagirdi öyrəndikləri barədə danışmağa necə təşviq edə bilərik?

5 Biz istəyirik ki, şagird öyrəndiklərinin hamısının Allahın Kəlamına əsaslandığını başa düşsün. (1 Salonikililərə 2:13 ayəsini oxuyun.) Bunu necə edə bilərik? Şagirdinizi öyrəndikləri haqda fikirlərini açıq ifadə etməyə təşviq edin. Yaxşı olardı ki, hər dəfə ayəni özünüz izah etməyəsiniz, onun necə başa düşdüyünü soruşasınız. Allahın Kəlamının şəxsən ona necə aid olduğunu görməyə kömək edin. Elə suallar verin ki, oxuduğu ayə haqqında fikirlərini və hisslərini bölüşə bilsin (Luka 10:25—28). Məsələn, belə suallar verə bilərsiniz: «Bu ayədə Yehovanın hansı xüsusiyyətini görürsən?» «Müqəddəs Kitabdan öyrəndiyin bu fikrin sənə hansı faydası var?» «İndi öyrəndiklərin səndə hansı hissləri doğurur?» (Məs. 20:5). Əsas o deyil, şagird nə qədər məlumat bilir, əsas öyrəndiklərini sevməsi və onlara əməl etməsidir.

6. Müqəddəs Kitab dərsi keçərkən təcrübəli təbliğçilərlə əməkdaşlıq etməyin hansı xeyri var?

6 Müqəddəs Kitab dərsi keçərkən təcrübəli təbliğçilərlə əməkdaşlıq edirsiniz? Onlardan dərsi necə keçdiyiniz, əsas yeri Müqəddəs Kitaba verib-vermədiyiniz barədə fikirlərini soruşun. Əgər müəllimlik qabiliyyətinizi yaxşılaşdırmaq istəyirsinizsə, təvazökar olmalısınız. (Həvarilərin işləri 18:24—26 ayələri ilə əlaqələndirin.) Sonra təcrübəli təbliğçidən şagirdin dərsi qavraması haqda nə düşündüyünü soruşun. Siz bir-iki həftəlik harasa gedəndə həmin təbliğçidən xahiş edə bilərsiniz ki, sizi əvəz etsin. Bunun sayəsində həm dərsin müntəzəmliyi qorunacaq, həm də şagird dərs keçməyin vacibliyini başa düşəcək. Heç vaxt düşünməyin ki, o «sizin» şagirdinizdir və sizdən başqa heç kim ona dərs keçə bilməz. Axı sizin üçün önəmli olan şagirdin rifahı və Müqəddəs Kitab həqiqətlərini öyrənməyə davam etməsidir.

ŞÖVQLƏ VƏ ƏMİNLİKLƏ ÖYRƏDİN

Şagirdinizə Müqəddəs Kitab prinsiplərini tətbiq etməyi öyrətmək üçün bacı-qardaşların nümunəsini çəkin (7—9 abzaslara baxın) *

7. Şagirdə öyrəndiklərini sevməyə necə kömək edə bilərik?

7 Şagird Müqəddəs Kitab həqiqətlərinə sevginizi, əminliyinizi görməlidir (1 Salon. 1:5). Onda o da öyrəndiklərini sevəcək. Ona Müqəddəs Kitab prinsiplərinin şəxsən sizə necə kömək etdiyi haqqında danışa bilərsiniz. Beləcə, şagirdiniz görəcək ki, Müqəddəs Kitabdakı faydalı məsləhətlərdən o da yararlana bilər.

8. Şagirdə başqa necə kömək edə bilərsiniz və bunun hansı faydası var?

8 Dərs zamanı şagirdinizə onun üzləşdiyi çətinliklərlə üzləşən və onların öhdəsindən gələn məsihilərin nümunəsini çəkin. Yığıncağınızdan belə məsihiləri şagirdinizlə dərs keçməyə dəvət edə bilərsiniz. Yaxud jw.org saytındakı «Müqəddəs Kitab həyatları dəyişir» * rubrikasından təşviqedici hadisələr tapa bilərsiniz. Bu cür məqalələr və videolar şagirdinizə Müqəddəs Kitab prinsiplərinə əməl etməyin hikmətini görməyə kömək edəcək.

9. Şagirdi öyrəndikləri haqda ailəsinə və dostlarına danışmağa necə təşviq edə bilərsiniz?

9 Əgər şagirdiniz evlidirsə və həyat yoldaşı Müqəddəs Kitabı öyrənmirsə, dərsdə oturmağı ona da təklif edin. Şagirdinizi öyrəndiklərini ailəsinə və dostlarına danışmağa təşviq edin (Yəh. 1:40—45). Bunun üçün sadəcə olaraq soruşa bilərsiniz: «Bu fikri ailənə necə izah edərdin?» «Bəs fikri əsaslandırmaq üçün hansı ayəni gətirərdin?» Bu üsulla şagirdi müəllim olmağa hazırlayacaqsınız. Beləcə, tələblərə cavab verəndə o, vəftiz olunmamış təbliğçi kimi xidmətdə iştirak edə bilər. Həmçinin şagirddən Müqəddəs Kitabı öyrənmək istəyən kimisə tanıyıb-tanımadığını soruşa bilərsiniz. Belə bir adam varsa, vaxt itirmədən onunla əlaqə saxlayın və dərs keçməyi təklif edin. Ona «Müqəddəs Kitab dərsləri necə keçirilir?» * adlı videonu göstərin.

ŞAGİRDİ YIĞINCAQDA DOSTLAR TAPMAĞA TƏŞVİQ EDİN

Şagirdi yığıncaqdakılarla dostlaşmağa təşviq edin (10 və 11-ci abzaslara baxın) *

10. 1 Salonikililərə 2:7, 8 ayələrinə əsasən, müəllimlər həvari Bulusdan nə öyrənə bilər?

10 Müəllimlər şagirdlərinə səmimi maraq göstərməlidir. Onlara gələcək bacısı və qardaşı kimi yanaşmalıdır. (1 Salonikililərə 2:7, 8 ayələrini oxuyun.) Onlar üçün keçmiş dostları ilə münasibətlərini kəsmək və Yehovaya xidmət etmək üçün lazımi dəyişiklikləri etmək asan deyil. Buna görə də yığıncaqdakılarla dostlaşmağa kömək edin. Şagirdinizlə dost olun, ona təkcə dərs zamanı yox, başqa günlərdə də vaxt ayırın. Dərsdən əlavə zəng etmək, mesaj yazmaq və ya görüşməklə göstərəcəksiniz ki, onu düşünürsünüz.

11. Yığıncaqda şagirdə hansı sahədə kömək etməliyik və nə üçün?

11 Belə bir məsəl var: «Eldən dərs alan loğman olar». Məsəli öz vəziyyətimizə uyğunlaşdırıb belə deyə bilərik: «Bütün yığıncaqdan dərs alan vəftiz olunar». Elə buna görə də yaxşı müəllimlər şagirdlərini yığıncaqdakı bacı-qardaşlarla tanış edirlər, çünki onlar da şagirdin Yehovaya yaxınlaşmasına təkan verə bilər. Beləcə, şagird Yehovanın xalqına qaynayıb-qarışacaq, onlardan ruhani və mənəvi dəstək alacaq. İstəyirik ki, şagird özünü yığıncağa yad hiss etməsin, özünü ruhani ailəmizin bir üzvü kimi görsün. Sevgi dolu məsihi qardaşlığının arasında olmaq istəsin. Bunun sayəsində ona Yehovaya yaxınlaşmasına əngəl olacaq insanlarla sıx münasibətə son qoymaq daha asan olacaq (Məs. 13:20). Əgər köhnə dostları ondan üz döndərərsə, biləcək ki, Yehovanın təşkilatında əsl dostları var (Mark 10:29, 30; 1 But. 4:4).

VƏFTİZİN VACİBLİYİNİ VURĞULAYIN

Vəftiz olunmaq istəyən şagird addımbaaddım irəliləyib məqsədinə çatır! (12 və 13-cü abzaslara baxın)

12. Nəyə görə şagirdimizlə həsr olunma və vəftiz barədə danışmalıyıq?

12 Həsr olunma və vəftiz barədə açıq danışın. Axı dərs keçməkdə məqsədimiz şagirdə Yehovanın vəftiz olunmuş xidmətçisi olmağa kömək etməkdir. Müntəzəm dərs keçməyə başlayandan bir neçə ay sonra, xüsusilə də yığıncaqlara gəlməyə başlayandan sonra şagird başa düşməlidir ki, məqsəd Yehovanın Şahidi olmasına kömək etməkdir.

13. Hansı addımlar şagirdi vəftizə aparır?

13 Vəftiz olunmaq istəyən şagird addımbaaddım irəliləyib məqsədinə çatır! İlk növbədə, o, Yehovanı tanıyır, ürəyində Ona sevgi və iman yaranır (Yəh. 3:16; 17:3). Bundan sonra o, Yehovaya yaxınlaşır və yığıncaqdakı bacı-qardaşlarla dostlaşır (İbr. 10:24, 25; Yaq. 4:8). Nəticədə, pis əməllərindən əl çəkib, günahlarından tövbə edir (Həv. 3:19). Bu müddət ərzində imanı onu öyrəndiklərini başqalarına danışmağa təşviq edir (2 Kor. 4:13). Sonra o özünü Yehovaya həsr edib, bunun rəmzi olaraq vəftiz olunur (1 But. 3:21; 4:2). Həmin gün hamı üçün necə də xoşbəxt gündür! Şagirdin məqsədinə doğru atdığı hər addımında onu ürəkdən tərifləyin və daha da irəli getməyə təşviq edin.

VAXTAŞIRI ŞAGİRDİN İNKİŞAFINI YOXLAYIN

14. Müəllim şagirdin inkişafını necə müəyyən edə bilər?

14 Şagirdin vəftizə hazır olmasına kömək edərkən səbirli olmalıyıq. Amma bununla yanaşı, şagirdin Yehovaya xidmət etmək istəyib-istəmədiyini müəyyən etməliyik. O, İsanın əmrlərinə riayət etməyə çalışır? Yoxsa sadəcə olaraq Müqəddəs Kitabı öyrənmək ona maraqlı gəlir?

15. Şagirdin inkişafının göstəricisi kimi müəllim nələrə fikir verməlidir?

15 Müntəzəm olaraq şagirdin inkişafını yoxlayın. Məsələn, o, Yehovaya bəslədiyi hissləri ifadə edir? Ona dua edir? (Zəb. 116:1, 2). Müqəddəs Kitabı həvəslə oxuyur? (Zəb. 119:97). İbadət görüşlərində müntəzəm iştirak edir? (Zəb. 22:22). Həyatında hansısa dəyişikliklər edib? (Zəb. 119:112). Öyrəndiklərini ailəsinə və dostlarına danışmağa başlayıb? (Zəb. 9:1). Ən əsası, Yehovanın Şahidi olmaq istəyir? (Zəb. 40:8). Əgər şagird bu sahələrin heç birində irəliləyiş etməyibsə, nəzakətli şəkildə bunun səbəbini öyrənin, sonra mülayim, amma açıq şəkildə onunla bu barədə danışın *.

16. Dərsi hansı hallarda dayandırmaq lazımdır?

16 Vaxtaşırı düşünün ki, dərsi davam etdirməyə dəyər, ya yox. Növbəti suallar qərar verməyə kömək edəcək: «Şagird dərslərə hazırlaşır? Yığıncaqlara gəlmək onun üçün maraqlıdır? Pis vərdişlərindən əl çəkib? Yalan dindən çıxıb?» Əgər bu suallara «xeyr» cavabı verirsinizsə, dərsi davam etdirməyiniz islanmaq istəməyən insana üzgüçülüyü öyrətməyə bənzəyir. Əgər şagird öyrəndiklərini qiymətləndirmirsə, dəyişiklik etmək istəmirsə, onunla dərs keçməyin mənası var?

17. 1 Timutiyə 4:16 ayəsinə əsasən, Müqəddəs Kitabı öyrədən bütün müəllimlərdən nə gözlənilir?

17 Biz şagird hazırlamaq tapşırığına ciddi yanaşırıq və şagirdlərimizin ruhən inkişaf edib, vəftiz olunmasına kömək etmək istəyirik. Buna görə də imkan verəcəyik ki, Müqəddəs Kitab danışsın, həmçinin şövqlə və əminliklə təlim verəcəyik. Şagirdi yığıncaqda dostlar tapmağa təşviq edəcəyik. Qarşısına vəftiz olunmaq məqsədini qoymağın vacibliyini vurğulayacağıq və vaxtaşırı şagirdin inkişafını nəzərdən keçirəcəyik. (« Şagirdin vəftiz olunması üçün müəllim nə etməlidir?» adlı çərçivəyə baxın.) Həyatları xilas edən bu işdə iştirak etdiyimiz üçün çox xoşbəxtik! Gəlin dərs keçdiyimiz şagirdin vəftiz olunması üçün əlimizdən gələni etməyə əzmli olaq.

NƏĞMƏ 79 Onlara mətin olmağı öyrədək

^ abz. 5 Yehova bizə şərəfli iş tapşırıb. İnsanlara Müqəddəs Kitab dərsi keçməklə Yehovanın buyurduğu kimi davranmağa və düşünməyə kömək edirik. Bu məqalə müəllimlik qabiliyyətimizi daha da püxtələşdirməyə kömək edəcək.

^ abz. 4 «Məsihi həyatı və ibadəti. İş dəftəri» vərəqəsinin 2016-cı il sentyabr sayında yerləşən «Müqəddəs Kitab dərsi keçəndə bu səhvlərə yol verməyin» adlı məqaləyə baxın.

^ abz. 8 HAQQIMIZDA > SƏRGÜZƏŞTLƏR bölməsinə daxil olun.

^ abz. 9 «JW Library®» tətbiqində MULTİMEDİYA > İBADƏT GÖRÜŞLƏRİMİZ VƏ XİDMƏTİMİZ > TƏBLİĞ XİDMƏTİ ÜÇÜN VƏSAİTLƏR bölməsinə daxil olun.

^ abz. 15 «Gözətçi qülləsi»nin 2020-ci il mart sayında dərc olunan «Məhəbbət və minnətdarlıq vəftizə aparan yoldur» və «Vəftiz olunmağa hazırsınız?» adlı məqalələrə baxın.

^ abz. 77 ŞƏKLİN İZAHI: Dərsdən sonra təcrübəli bacı şagird hazırlayan bacıya dərs zamanı çox danışmamağın yolunu öyrədir.

^ abz. 79 ŞƏKLİN İZAHI: Şagird dərsdə yaxşı arvad olmağı öyrənir. Sonra öyrəndiklərini əri ilə bölüşür.

^ abz. 81 ŞƏKLİN İZAHI: Şagird yığıncaqda tanış olduğu dostlarından birinin evinə əri ilə birlikdə qonaq gəlib.