Kontentə keç

Mündəricatı göstər

Cozef Ruterford və digər qardaşlar Avropanı ziyarət edərkən

1920. Yüz il əvvəl

1920. Yüz il əvvəl

1920-Cİ İLLƏRİN əvvəllərində Yehovanın xalqı qarşıdakı işləri görmək üçün canlandılar. Onlar 1920-ci ilin ayəsi kimi «Yah pənahımdır, qüvvətimdir» ayəsini seçdilər (Zəb. 118:14).

Yehova bu şövqlü təbliğçiləri qüvvətləndirdi. Bu il ərzində kitabpaylayanların, yəni öncüllərin sayı 225-dən 350-yə qalxdı. İlk dəfə idi ki, öz fəaliyyətləri ilə bağlı baş idarəyə 8000 təbliğçi hesabat göndərmişdi. Yehova onların əməyini bəhrəsiz qoymadı, çoxlu sayda insan müjdəyə hay verdi.

MÖHTƏŞƏM ŞÖVQ GÖSTƏRİRİK

1920-ci il martın 21-i həmin vaxt Müqəddəs Kitab Tədqiqatçılarına rəhbərlik edən Cozef Ruterford qardaş «Hal-hazırda yaşayan milyonlarla insan heç vaxt ölməyəcək» adlı məruzə ilə çıxış etmişdi. İnsanları bu görüşə dəvət etmək üçün Müqəddəs Kitab Tədqiqatçılarının ayaq basmadığı yer qalmamışdı. Onlar Nyu-York şəhərində ən böyük teatrlardan birini icarəyə götürdülər və 320 000 dəvətnamə payladılar.

Qəzetdə «Hal-hazırda yaşayan milyonlarla insan heç vaxt ölməyəcək» məruzəsi haqda elan

Dəvətə hay verənlərin sayı gözləniləndən qat-qat çox oldu. Teatr zalına 5000 nəfərdən çox adam yerləşdirildi, yer olmadığı üçün 7000 nəfər çöldə qaldı. «Gözətçi qülləsi»ndə yazılmışdı ki, «bu görüş Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları Birliyinin təşkil etdiyi ən böyük və ən ruhlandırıcı görüşlərdən biri idi».

Müqəddəs Kitab Tədqiqatçıları «hal-hazırda yaşayan milyonlarla insan heç vaxt ölməyəcək» xəbərini bəyan etmələri ilə tanınmağa başladılar. Həmin vaxt onlar bilmirdilər ki, Padşahlıq haqda müjdə daha geniş vüsət almalıdır. Buna baxmayaraq, onlar çox şövqlü idilər. 1902-ci ildən yığıncaqlarda iştirak etməyə başlayan İda Olmsted adlı bacı xatırlayır: «Biz bilirdik ki, bəşəriyyəti böyük nemətlər gözləyir və bu xoş xəbəri xidmətdə qarşımıza çıxan hər kəsə deyirdik».

ÖZ NƏŞRLƏRİMİZİ DƏRC EDİRİK

Ruhani qidanın təmin olunması üçün Beyteldəki qardaşlar bəzi nəşrləri özləri çap etməyə başladılar. Onlar avadanlıq aldılar və Bruklində (Nyu-York) icarəyə götürdükləri Mirtl 35 ünvanındakı binada quraşdırdılar. Bu bina Beytelin yaxınlığında idi.

Leo Pel və Volter Kesler adlı qardaşlar 1920-ci ilin yanvar ayında Beytel xidmətinə başlamışdılar. Volter qardaş xatırlayır: «Biz ora çatanda çapxananın nəzarətçisi bizə baxıb dedi: “Sizin nahara kimi bir saat yarım vaxtınız var”. O bizə tapşırdı ki, zirzəmidəki kitablar olan qutuları yuxarı daşıyaq».

Növbəti gün gördükləri iş barədə Leo danışır: «Biz binanın birinci mərtəbəsinin divarlarını yumalı idik. Bu, həyatımda gördüyüm ən çirkli iş idi. Amma bunu Yehova üçün edirdik və buna dəyərdi».

«Gözətçi qülləsi» jurnalının çap olunduğu maşın

Cəmi bir neçə həftə ərzində şövqlü könüllülər sayəsində «Gözətçi qülləsi» jurnalı çap olunmağa başladı. «Gözətçi qülləsi»nin 1920-ci il 1 fevral nəşrinin 60 000 nüsxəsi binanın ikinci mərtəbəsində çap olundu. Eyni zamanda, qardaşlar zirzəmidə çap maşını quraşdırdılar. 14 aprel 1920-ci il tarixində «Qızıl əsr» jurnalı işıq üzü gördü. Gün kimi aydın idi ki, Yehova bu fədakar könüllülərin zəhmətinə bərəkət verir.

«Bunu Yehova üçün edirdik və buna dəyərdi»

«GƏLİN ARAMIZDA YAŞAYIN»

Yehovanın sadiq xidmətçiləri fəaliyyətlərini və əməkdaşlıqlarını artıq bərpa etsələr də, bəziləri 1917—1919-cu illərdəki ağır dönəmdə təşkilatdan ayrılmışdı. Onlara necə kömək etmək olardı?

«Gözətçi qülləsi»nin 1920-ci il 1 aprel sayında «Gəlin aramızda yaşayın» adlı məqalə dərc olunmuşdu. Orada belə bir mehriban çağırış var idi: «Biz əminik ki, müqəddəs ruha sahib olan hər kəs... keçmişdə olanları unudub,.. birlik içində aramızda yaşamağa və bir bədən kimi fəaliyyət göstərməyə hazırdır».

Bu mehriban çağırışa çoxları hay verdi. Bir ər-arvad yazmışdı: «Şübhəsiz ki, ötən il və ondan qabaq da başqaları təbliğ etdiyi halda, çəkilib bir qıraqda durmağımız böyük səhv idi... Çalışacağıq ki, bir də heç vaxt yolumuzu azmayaq». Yenidən fəal olan bu təbliğçiləri qarşıda xeyli iş gözləyirdi.

«ZG» PAYLAYIRIQ

1920-ci il iyunun 21-i Müqəddəs Kitab Tədqiqatçıları «Açılmış sirr» kitabının «ZG» adlı nazik üzlü nəşrini paylamaq üçün genişmiqyaslı kampaniyaya başladı *. 1918-ci ildə «Açılmış sirr» qadağan olunanda onunla yanaşı, çoxlu sayda «ZG» nəşri də paylanılmamış qalmışdı.

Təkcə kitabpaylayanlar yox, bütün təbliğçilər bu nəşri paylamağa dəvət olundu. «Bütün yığıncaqlarda bu işdə iştirak etmək imkanı olan hər bir vəftiz olunmuş adam bunu həvəslə etməlidir. Qoy indi növbəti sözlər hər birimiz üçün şüar olsun: “Yalnız bunu deyə bilərəm — ZG-ni paylayacağam”». Edmund Huper qeyd edir ki, çoxları üçün bu kampaniya ilk ev-ev təbliğ idi. O deyir: «Biz bu işin nə demək olduğunu başa düşməyə başladıq, o bizim təsəvvür etdiyimizdən də qat-qat geniş yayılacaqdı».

AVROPADA FƏALİYYƏTİMİZİ BƏRPA EDİRİK

Birinci Dünya müharibəsi ərzində başqa ölkələrdə olan Müqəddəs Kitab Tədqiqatçıları ilə əlaqə yaratmaq çətin olmuşdu, buna görə də Ruterford qardaş istəyirdi ki, həmin ərazilərdəki bacı-qardaşları ruhlandırsın və təbliğ fəaliyyətini bərpa etsin. Odur ki, 1920-ci il avqustun 12-si o, dörd qardaşla birgə Böyük Britaniyaya, Avropa qitəsinə və Yaxın Şərqə uzun səyahətə çıxdı.

Cozef Ruterford qardaş Misirdə

Ruterford qardaş Böyük Britaniyaya gələndə Müqəddəs Kitab Tədqiqatçıları üç böyük toplantı və 12 açıq görüş keçirdi. İştirak edənlərin ümumi sayı təxminən 50 000 nəfər idi. «Gözətçi qülləsi» jurnalında bu ziyarətlə bağlı deyilirdi: «Dostlarımız ruhlandı və təravətləndi. Onlar bir-birinə məhəbbət telləri ilə daha da yaxınlaşdı, bir-birilə əməkdaşlıq etdi və beləcə, ürəyi qəmginlər sevinc tapdı». Ruterford qardaş Parisdə də «Hal-hazırda yaşayan milyonlarla insan heç vaxt ölməyəcək» adlı məruzəsini söylədi. Artıq məruzə başlayanda zal ağzına kimi dolu idi. Üç yüz nəfər daha çox bilik almaq istədiyini bildirdi.

Londonda Kral Albert Zalında söylənilən məruzənin posteri

Növbəti həftələrdə Ruterford bir neçə qardaşla birgə Afina, Qahirə və Yerusəlimi ziyarət etdi. Bu ərazilərdə insanların həqiqətə marağını təmin etmək üçün Ruterford qardaş Yerusəlimin yaxınlığında, Ramullah şəhərində filial təsis etdi. Sonra o, Avropaya qayıtdı və onun təşəbbüsü ilə Mərkəzi Avropa filialı quruldu və orada nəşrlər çap olunmağa başladı.

HAQSIZLIĞI ÜZƏ ÇIXARIRIQ

1920-ci ilin payızında Müqəddəs Kitab Tədqiqatçıları «Qızıl əsr» jurnalının 27-ci sayını nəşr etdi. Bu, xüsusi buraxılışda Müqəddəs Kitab Tədqiqatçılarının 1918-ci ildə üzləşdiyi təqib ifşa olunurdu. Zirzəmidə quraşdırılan çap maşını bu jurnalın 4 milyondan çox nüsxəsini dərc etmək üçün gecə-gündüz dayanmadan işlədi.

Emma Martinin həbs olunarkən çəkilən şəkli

Jurnalı oxuyanlar Emma Martinin üzləşdiyi haqsızlıq haqda öyrəndi. Emma bacı San-Bernardinoda (Kaliforniya) kitabpaylayan kimi xidmət edirdi. 17 mart 1918-ci il tarixində o və üç qardaş — E. Ham, E. Sonenburq və E. Stivens Müqəddəs Kitab Tədqiqatçılarının kiçik görüşündə iştirak etmişdilər.

Həmin görüşə gələn bir nəfər ora Müqəddəs Kitabı öyrənmək məqsədilə gəlməmişdi. «Mən o görüşə... prokurorluğun göstərişi ilə getmişdim», — deyə sonradan o etiraf etmişdi: «Məqsədim dəlil axtarmaq idi». Həmin adam axtardığı «dəlili», «Açılmış sirr» kitabının bir nüsxəsini tapdı. Bir neçə gün sonra Emma bacı və üç qardaş həbs olundu. Onlar qadağan olunmuş kitabı paylamaqla Casusluq haqda qanunu pozmaqda ittiham olunurdu.

Emma bacı və üç qardaş təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum edildi. Mümkün olan bütün apellyasiya şikayətlərini edəndən sonra 17 may 1920-ci il tarixindən onların həbs müddəti başladı. Lakin tezliklə vəziyyət yaxşılığa doğru dəyişdi.

1920-ci il iyunun 20-si Ruterford qardaş onlarla baş verənləri San-Fransiskodakı toplantıda danışdı. Bu məsihilərin üzləşdiyi rəftar auditoriyanı dəhşətə saldı, onlar razılıq verdilər ki, Birləşmiş Ştatların prezidentinə teleqram göndərilsin. Teleqramda yazılmışdı: «Biz hesab edirik ki, Emma Martinin Casusluq haqda qanunu pozmaqda ittiham olunması haqsızlıqdır... Federal məmurların öz səlahiyyətlərindən sui-istifadə edib Emma Martini tələyə salması,.. sonra da şərləyərək həbs etməsi böyük ədalətsizlikdir».

Elə səhərisi gün prezident Vudro Vilson Emma bacının, Hamın, Sonenburqun və Stivensin məhkumluğunu üzərlərindən götürdü. Beləcə, onların haqsız həbsinə son qoyuldu.

1920-ci il yekunlaşırdı, Müqəddəs Kitab Tədqiqatçılarının xoşbəxt olmaq üçün çoxlu səbəbləri var idi. Baş idarənin işləri artmağa davam edirdi və məsihilər Allahın Padşahlığının bəşəriyyətin problemlərinin yeganə həll yolu olduğunu həmişəkindən daha fəal bəyan edirdilər (Mət. 24:14). Növbəti il, 1921-ci ildə Padşahlıq haqda xəbər daha da geniş bəyan olunacaqdı.

^ abz. 18 «Açılmış sirr» — «Müqəddəs Yazıların tədqiqi» kitabının yeddinci cildi idi. «ZG» bu cildin nazik üzlü nəşri idi və «Gözətçi qülləsi» jurnalının 1918-ci il 1 mart buraxılışı kimi dərc olunmuşdu. «Z» hərfi «Sion Gözətçi qülləsi»nin ingiliscə adının birinci hərfindən, «G» isə ingilis əlifbasının 7-ci hərfindən götürülmüşdü və 7-ci cildi bildirirdi.