Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 44

Onlar böyüyəndə Allaha ibadət edəcək?

Onlar böyüyəndə Allaha ibadət edəcək?

«İsa böyüyür, hikmətlə dolur, Allahın və insanların hüsn-rəğbətini qazanırdı» (LUKA 2:52)

NƏĞMƏ 134 Övladlar Allahdan paydır

İCMAL *

1. Hər kəsin verə biləcəyi ən yaxşı qərar hansıdır?

ADƏTƏN valideynlərin verdiyi qərarların övladlarına böyük təsiri olur. Valideynlər yaxşı qərarlar verməsə, nəticədə uşaqlar əziyyət çəkə bilər. Amma hikmətli qərar versələr, uşaqlarının xoşbəxt və mənalı həyat sürmələri üçün böyük imkan yaratmış olacaqlar. Təbii ki, uşaqlar özləri də düzgün seçimlər etməlidir. Hər kəsin verə biləcəyi ən yaxşı qərar məhəbbətli Atamız Yehovaya xidmət etməkdir (Zəb. 73:28).

2. İsa və valideynləri hansı qərarları vermişdi?

2 Yusiflə Məryəmin həyatda əsas məqsədi uşaqlarına Yehovaya ibadət etməyə kömək etmək idi və verdikləri qərarlar bunu açıq-aydın göstərirdi (Luka 2:40, 41, 52). İsanın da verdiyi qərarlar Yehovanın niyyətindəki rolunu yerinə yetirməyə kömək edirdi (Mət. 4:1—10). İsa xeyirxah, sədaqətli və cəsarətli insan kimi böyüdü. Allahdan qorxan hər bir valideyn bu cür oğulu olduğu üçün fəxr və sevinc duyar.

3. Bu məqalədə hansı sualları araşdıracağıq?

3 Bu məqalədə növbəti sualları araşdıracağıq. Yehova İsa ilə bağlı hansı qərarları verdi? Yusiflə Məryəm hansı qərarları vermişdi və valideynlər onlardan nə öyrənə bilər? İsa hansı qərarları vermişdi və gənclər ondan necə nümunə götürə bilər?

YEHOVADAN ÖYRƏNİN

4. Yehova İsa ilə bağlı hansı vacib qərarı vermişdi?

4 Yehova İsa üçün möhtəşəm valideynlər seçmişdi (Mət. 1:18—23; Luka 1:26—38). Məryəmin Müqəddəs Kitabda yazılmış səmimi sözləri Yehovaya və Kəlamına dərin məhəbbətini göstərir (Luka 1:46—55). Yusifin Yehovanın göstərişinə əməl etməsindən görünür ki, onun ürəyində Allah xofu var idi və Onu razı salmaq istəyirdi (Mət. 1:24).

5, 6. Yehova Oğlunun nələrlə üzləşməsinə izin verdi?

5 Diqqət yetirin ki, Yehova İsa üçün varlı valideynlər seçmədi. İsa anadan olandan sonra Yusif və Məryəmin gətirdiyi qurbanlar onların kasıb olduğunu göstərir (Luka 2:24). Ola bilsin ki, Yusifin Nasirədə evinin yaxınlığında kiçik dükanı var idi, o orada dülgər kimi işləyirdi. Görünür, onlar sadə həyat sürürdü, xüsusilə də nəzərə alsaq ki, ailədə ən azı yeddi uşaq var idi (Mət. 13:55, 56).

6 Yehova İsanı təhlükələrdən qoruyurdu, amma onu bütün çətinliklərdən müdafiə etmirdi (Mət. 2:13—15). Misal üçün, İsanın qohumları ona iman gətirmirdi. Təsəvvür etmək olar, ailə üzvlərinin belə, İsanın Məsih olduğunu əvvəl-əvvəl qəbul etməməsi onu necə məyus edirdi (Mark 3:21; Yəh. 7:5). Həmçinin, ola bilsin, İsa ögey atası Yusifin itkisinə tab gətirməli olmuşdu. Yusifin ölümündən sonra o, böyük oğul kimi, yəqin atasının peşəsini davam etdirmişdi (Mark 6:3). Böyüdükcə İsa ailə məsuliyyətlərini daşımağı öyrəndi. Yəqin ki, ailəsini dolandırmaq üçün o çox zəhmət çəkirdi. Buna görə də bütün günü işləyib yorulmağın nə demək olduğunu yaxşı bilirdi.

Əziz valideynlər, uşaqlarınızı həyatın gerçəkliyinə hazırlayın, bunun üçün onlara Allahın Kəlamındakı məsləhətlərə üz tutmağı öyrədin (7-ci abzasa baxın) *

7. a) Ər-arvadlara valideynlik məsuliyyətini icra etməyə hansı sualların üzərində fikirləşmək kömək edə bilər? b) Məsəllər 2:1—6 ayələrinə əsasən, valideynlər uşaqlarına nə öyrətməlidir?

7 Ailəlisinizsə və övlad sahibi olmaq istəyirsinizsə, fikirləşin: «Biz təvazökar, ruhani düşüncəli insanıq? Yehova dəyərli körpə hədiyyəsinin qayğısına qalmaq üçün bizi bir valideyn kimi seçərdi?» (Zəb. 127:3, 4). Əgər siz artıq valideynsinizsə, özünüzdən soruşun: «Övladıma əməksevərliyi aşılayıram?» (Vaiz 3:12, 13). «Övladımı Şeytan dünyasındakı fiziki və əxlaqi təhlükələrdən qorumaq üçün əlimdən gələni edirəm?» (Məs. 22:3). Uşaqlarınızı hər bir çətinlikdən qoruya bilmərsiniz, bu mümkün deyil. Amma siz onları həyatın gerçəkliklərinə hazırlaya bilərsiniz, bunun üçün səbir və sevgi göstərərək onlara Allahın Kəlamındakı məsləhətlərə üz tutmağı öyrədin. (Məsəllər 2:1—6 ayələrini oxuyun.) Məsələn, hansısa qohumunuz Yehovaya xidmət etməyi dayandırsa, övladınıza kömək edin ki, Müqəddəs Kitabdan Yehovaya sadiq qalmağın nəyə görə vacib olduğunu başa düşsün (Zəb. 31:23). Yaxud yaxınlarınızdan kimsə vəfat edəndə uşağınıza göstərin ki, Müqəddəs Kitab ona dərdə dözməyə və təsəlli tapmağa necə kömək edə bilər (2 Kor. 1:3, 4; 2 Tim. 3:16).

YUSİFLƏ MƏRYƏMDƏN ÖYRƏNİN

8. Qanunun təkrarı 6:6, 7 ayələrinə əsasən, Yusiflə Məryəmin hansı öhdəçiliyi var idi?

8 Yusiflə Məryəm Yehovanın valideynlərə verdiyi buyruqlara riayət etdiyi üçün İsanın böyüyüb Allahın rəğbətini qazanmasına kömək edə bilmişdi. (Qanunun təkrarı 6:6, 7 ayələrini oxuyun.) Onlar Yehovanı ürəkdən sevirdi və əsas məqsədləri o idi ki, uşaqlarına da bu məhəbbəti aşılasınlar.

9. Yusiflə Məryəm hansı vacib qərarları vermişdi?

9 Yusiflə Məryəm başqa hikmətli qərarlar da vermişdi, onlar ailəlikcə Yehovaya müntəzəm ibadət edirdi. Şübhə yoxdur ki, onlar hər həftə Nasirədəki sinaqoqa, həmçinin hər il Yerusəlimə Pasxa bayramına gedirdilər (Luka 2:41; 4:16). Ola bilsin, onlar bu səfərlər zamanı İsaya və digər övladlarına Yehovanın xalqının tarixini öyrədirdilər. Bəlkə də, yolüstü Müqəddəs Kitabda adları çəkilən əraziləri ziyarət edirdilər. Külfət artdıqca, yəqin Yusiflə Məryəm üçün ibadəti müntəzəm icra etmək asan deyildi. Amma onlar bunun böyük xeyrini görürdülər! İbadəti hər şeydən üstün tutduqları üçün ailənin Yehova ilə sıx münasibəti var idi.

10. Valideynlər Yusiflə Məryəmdən nə öyrənə bilər?

10 Allah xofu olan valideynlər Yusiflə Məryəmdən nə öyrənə bilər? İlk növbədə, sözdə və hərəkətdə övladlarınıza Yehovanı ürəkdən sevdiyinizi göstərin. Uşaqlarınıza verə biləcəyiniz ən gözəl hədiyyə onlara Yehovanı sevməyi öyrətməkdir. Həmçinin uşaqlarınıza öyrətməli olduğunuz ən vacib dərslərdən biri də onlara mütaliəyə, duaya, yığıncaqlara və təbliğdə iştirak etməyə müntəzəm vaxt ayırmağı aşılamaqdır (1 Tim. 6:6). Əlbəttə, siz uşaqlarınızı maddi şeylərlə də təmin etməlisiniz (1 Tim. 5:8). Ancaq unutmayın ki, uşaqlarınızın bu köhnə dünyanın sonundan xilas olub, yeni dünyaya daxil olması maddi şeylərin yox, Yehova ilə sıx münasibətləri sayəsində mümkün olacaq * (Hizq. 7:19; 1 Tim. 4:8).

Məsihi valideynlərin ailələri üçün hikmətli qərarlar verdiyini görmək çox xoşdur! (11-ci abzasa baxın) *

11. a) 1 Timutiyə 6:17—19 ayələrindəki nəsihət valideynlərə övladlarının tərbiyəsində necə kömək edir? b) Ailəlikcə qarşınıza hansı məqsədləri qoya bilərsiniz və hansı nemətləri alacaqsınız? (« Qarşınıza hansı məqsədləri qoyacaqsınız?» adlı çərçivəyə baxın.)

11 Necə də xoşdur ki, çoxlu valideyn ailələrinin ruhani rifahı üçün düzgün qərarlar verir! Bu ailələr daim birgə ibadət edir. Yığıncaqlara və böyük toplantılara qatılır. Xoş xəbəri müjdələyir. Hətta bəzi ailələr az işlənən ərazilərdə xidmət edir. Digərləri Beyteli ziyarət edir, yaxud tikinti layihələrimizdə çalışır. Bu cür ailələr maddi qurbanlar verməli olur və sözsüz ki, bu, çətinliksiz ötüşmür. Ancaq Yehova onlara bol-bol ruhani nemət verir. (1 Timutiyə 6:17—19 ayələrini oxuyun.) Çox vaxt bu cür ailələrdə böyüyən uşaqlar öyrəndikləri yaxşı vərdişləri tərgitmir və buna görə heç vaxt peşman olmur! * (Məs. 10:22).

İSADAN ÖYRƏNİN

12. İsa Məsih böyüdükcə nə etməli idi?

12 İsa Məsihin səmavi Atası həmişə hikmətli qərarlar vermişdi, onun yer üzündəki valideynlərinin də qərarları düzgün idi. Amma İsa böyüdükcə özü qərarlar verməli idi (Qal. 6:5). Hamımızda olduğu kimi, onda da iradə azadlığı var idi. İsa Məsih istəsəydi, öz marağını həyatda hər şeydən üstün tutardı. Amma o, Yehova ilə yaxşı münasibətlərini qorumağı seçdi (Yəh. 8:29). Uşaqlar onun nümunəsini necə izləyə bilər?

Əziz gənclər, valideynlərinizin öyüd-nəsihətini heç vaxt rədd etməyin (13-cü abzasa baxın) *

13. İsa Məsih uşaq yaşlarında hansı vacib seçimi etmişdi?

13 İsa Məsih uşaq yaşlarında valideynlərinə itaət etməyi seçdi. O, heç vaxt özünün daha çox bildiyini düşünərək valideynlərinin tərbiyəsini rədd etmirdi. Onların sözündən çıxmırdı (Luka 2:51). Şübhəsiz, ailənin böyük uşağı kimi üzərinə düşən məsuliyyətlərə ciddi yanaşırdı. Sözsüz ki, İsa Yusifdən dülgərliyi öyrənmək üçün çox zəhmət çəkmişdi, bunun sayəsində ailəsini dolandıra bilirdi.

14. Haradan bilirik ki, İsa Allahın Kəlamını dərindən öyrənirdi?

14 İsa Məsihin valideynləri yəqin ki, ona möcüzəvi şəkildə dünyaya gəlməsi və Allahın elçisinin onun haqda dediklərini danışmışdılar (Luka 2:8—19, 25—38). Amma İsa bu bildikləri ilə yanaşı, özü də Müqəddəs Yazıları dərindən mütaliə edirdi. Bunu haradan bilirdik? Hələ uşaq yaşlarında Yerusəlimdəki müəllimlər onun «zəkasına və cavablarına valeh olurdu» (Luka 2:46, 47). Cəmi 12 yaşında isə İsa Allahın Kəlamını elə yaxşı mütaliə etmişdi ki, Yehovanın onun Atası olduğuna artıq əmin olmuşdu (Luka 2:42, 43, 49).

15. İsa Məsih Allahın iradəsini yerinə yetirməyə qərarlı olduğunu necə göstərdi?

15 İsa başa düşəndə ki, Allahın niyyətində hansı rolu var, bu təyinatı qəbul etdi (Yəh. 6:38). O bilirdi ki, çoxları ona nifrət edəcək və yəqin bu haqda düşünmək onun üçün ağır idi. Buna baxmayaraq, Allaha itaət etməyə qərar verdi. Eramızın 29-cu ilində vəftiz olunanda o, bütün diqqətini Allahın iradəsini yerinə yetirməyə cəmlədi (İbr. 10:5—7). Hətta işgəncə dirəyində can verəndə də Allahın iradəsindən boyun qaçırmağı ağlına belə gətirmədi (Yəh. 19:30).

16. Uşaqlar İsadan nə öyrənə bilər?

16 Valideynlərinizə itaət edin. Sizin də valideynləriniz Yusiflə Məryəm kimi qeyri-kamildir. Amma Yehova onlara sizi qorumaq, tərbiyə etmək və yol göstərmək tapşırığı verib. Valideynlərinizin sözünə qulaq assanız və mövqelərinə hörmət etsəniz, güzəranınız xoş olacaq (Efes. 6:1—4).

17. Yuşə 24:15 ayəsinə əsasən, uşaqlar özləri hansı qərarı verməlidir?

17 Kimə ibadət edəcəyinizə qərar verin. Siz şəxsən özünüz Yehovanı tanımalı, Onun iradəsindən agah olmalı və sizdən nə gözlənildiyini dərk etməlisiniz (Rom. 12:2). Bundan sonra həyatınızın ən vacib qərarını — Yehovaya xidmət etmək qərarını verməyə hazır olacaqsınız. (Yuşə 24:15 ayəsini oxuyun; Vaiz 12:1.) Müqəddəs Kitabı müntəzəm mütaliə etsəniz, Yehovaya məhəbbətiniz getdikcə artacaq və imanınız möhkəmlənəcək.

18. Uşaqlar hansı qərarı verməlidir və bunun nəticəsi nə olacaq?

18 Qoy qərarınız Yehovanın iradəsini hər şeydən üstün tutmaq olsun. Şeytan dünyası iddia edir ki, qabiliyyətinizi öz mənfəətiniz üçün istifadə etsəniz, xoşbəxt olacaqsınız. Əslində isə maddi məqsədlərə can atanlar «özlərinə çoxlu əzab çəkdirmişlər» (1 Tim. 6:9, 10). Yehovaya qulaq assanız, Onun iradəsini həyatda hər şeydən üstün tutsanız, hər işiniz avand olacaq və hikmətlə hərəkət edəcəksiniz (Yuş. 1:8).

SİZİN QƏRARINIZ NƏ OLACAQ?

19. Valideynlər nəyi unutmamalıdır?

19 Əziz valideynlər, əlinizdən gələni edin ki, uşaqlarınız Yehovaya xidmət etsin. Yehovaya güvənin, O sizə hikmətli qərarlar verməyə kömək edəcək (Məs. 3:5, 6). Unutmayın ki, uşaqlarınıza sözlərinizdən çox, əməlləriniz təsir edir. Buna görə də elə qərarlar verin ki, onlara Yehovanın rəğbətini qazanmağa zəmin yaratsın.

20. Yehovaya xidmət etməyə qərar verən gəncləri hansı nemətlər gözləyir?

20 Əziz uşaqlar, valideynləriniz sizi həyatda hikmətli qərarlar verməyə istiqamətləndirə bilər. Ancaq bu qərarları siz özünüz verib, Allahın rəğbətini qazanmalısınız. Buna görə də İsadan nümunə götürün və məhəbbətli Yaradana ibadət edin. Bu qərarı versəniz, indinin özündə dolğun, zəngin və rəngarəng həyatınız olacaq (1 Tim. 4:16). Gələcəkdə isə sizə ən xoşbəxt həyat nəsib olacaq!

NƏĞMƏ 133 Gənc çağında Yehovaya ibadət et

^ abz. 5 Məsihi valideynlər istəyir ki, övladları Yehovanın xoşbəxt xidmətçiləri kimi böyüsün. Valideynlərin qərarları uşaqlarına bu məqsədə çatmağa necə kömək edə bilər? Məsihi gənclər həyatda əsl uğuru qazanmaq üçün hansı qərarları verməlidir? Məqalədə bu sualların cavabı araşdırılacaq.

^ abz. 11 «Oyanın!» jurnalının 2011-ci il oktyabr sayında yer alan «Daha yaxşı valideynləri ağlıma belə gətirə bilmərəm» adlı çərçivəyə (rus.) və 1999-cu il 8 mart sayında dərc olunan «Valideynlərə xüsusi məktub» adlı məqaləyə (rus.) baxın.

^ abz. 66 ŞƏKLİN İZAHI: Gərək ki, Məryəm balaca İsanın ürəyində Yehovaya məhəbbət oyadırdı. Bu gün də analar övladlarının ürəyində Yehovaya məhəbbət aşılamağa müvəffəq ola bilər.

^ abz. 68 ŞƏKLİN İZAHI: Görünür, Yusif ailəsini sinaqoqa aparmağa önəm verirdi. Bu gün də atalar ailəlikcə yığıncaqlara qatılmağın önəmini unutmamalıdır.

^ abz. 70 ŞƏKLİN İZAHI: İsa atasından müəyyən bacarıqlar öyrənmişdi. Bu gün də uşaqlar atalarından faydalı çox şey öyrənə bilər.