Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 44

Ümidinizi möhkəm saxlayın

Ümidinizi möhkəm saxlayın

«Ümidini Yehovaya bağla» (ZƏB. 27:14).

NƏĞMƏ 144 Gözün mükafatda olsun!

İCMAL a

1. Yehova bizə hansı ümidi verib?

 YEHOVA bizə bənzərsiz bir ümid, əbədi həyat ümidi verib. Bəziləri göydə ölməz ruhani varlıq kimi yaşamaq ümidinə sahibdir (1 Kor. 15:50, 53). Əksəriyyətimizin isə yer üzündə tam sağlam və xoşbəxt yaşamağa ümidimiz var (Vəhy 21:3, 4). Göydə və ya yer üzündə əbədi yaşamaq ümidimizdən asılı olmayaraq, biz o dövrü səbirsizliklə gözləyirik və bu ümid bizim üçün çox qiymətlidir.

2. Ümidimiz nəyə əsaslanır və nəyə görə belə deyə bilərik?

2 Müqəddəs Kitabda «ümid» sözü «yaxşı bir şeyin baş verəcəyini gözləmək» mənasını verir. Gələcəyə ümidimizin gerçəkləşəcəyinə tam əmin ola bilərik, çünki bu ümidi verən Yehovadır (Rom. 15:13). Biz bilirik, O nə vəd edib və bilirik ki, O, həmişə sözünün üstündə durur (Say. 23:19). Həmçinin əminik ki, Yehova vəd etdiyi hər bir şeyi yerinə yetirməyi arzulayır və buna qadirdir. Buna görə bizim ümidimiz xülya və ya xəyal deyil, bizim ümidimiz gerçəkdir, sübutlara əsaslanır.

3. Bu məqalədə nə haqda danışacağıq? (Zəbur 27:14).

3 Səmavi Atamız Yehova bizi sevir və istəyir ki, Ona etibar edək. (Zəbur 27:14 ayəsini oxuyun.) Yehovaya möhkəm ümid bağlasaq, həm indiki, həm də gələcəkdəki çətinliklərə cəsarətlə və sevinclə sinə gərəcəyik. Gəlin görək ümidimiz bizi necə qoruyur. Əvvəla, öyrənəcəyik ki, ümid hansı mənada lövbərə və dəbilqəyə bənzəyir. Sonra isə ümidimizi möhkəmləndirməyin yollarından danışacağıq.

ÜMİDİMİZ LÖVBƏRƏ BƏNZƏYİR

4. Hansı mənada ümid lövbərə bənzəyir? (İbranilərə 6:19).

4 Həvari Bulus ibranilərə yazdığı məktubunda ümidimizi lövbərə bənzətmişdi. (İbranilərə 6:19 ayəsini oxuyun.) O, tez-tez gəmi ilə səfərə çıxırdı və bilirdi ki, lövbər gəmini yerində sabit saxlamaq üçün istifadə olunur. Bir dəfə o, gəmidə olanda güclü fırtına qopmuşdu. Bu zaman dənizçilərin gəminin sualtı qayalara çırpılmaması üçün dənizə lövbərlər atdığını görmüşdü (Həv. 27:29, 39—41). Lövbər gəmini sabit saxladığı kimi, ümidimiz də bizə həyatda üzləşdiyimiz sınaqlar zamanı möhkəm qalmağa, Yehovadan uzaqlaşmamağa kömək edir. Möhkəm ümidimiz sayəsində problemlər zamanı biz sakitliyimizi qoruyuruq, çünki bilirik ki, gələcəkdə hər şey yaxşı olacaq. Unutmamalıyıq ki, İsa Məsih təqiblərin olacağını qabaqcadan demişdi (Yəh. 15:20). Buna görə də Yehovanın vəd etdiyi gözəl gələcək barədə daima düşünmək bizə kömək edir ki, Onun yolunda möhkəm qalaq.

5. Ölümlə üz-üzə olarkən ümidi İsaya necə güc vermişdi?

5 Gəlin görək İsanı qarşıda dəhşətli ölüm gözləsə də, ümidi ona möhkəm qalmağa necə kömək etmişdi. Həvari Butrus eramızın 33-cü ilinin Əllinci gün bayramında Zəbur kitabından bir peyğəmbərliyi sitat gətirmişdi. Həmin sözlər İsanın ürəyindəki rahatlığı və əminliyi çox gözəl təsvir edir: «Mən ümidlə yaşayacağam, çünki Sən məni Məzarda qoymazsan, qoymazsan vəfalı bəndən çürüsün… Hüzurunda ürəyim fərəhlə dolacaq» (Həv. 2:25—28; Zəb. 16:8—11). İsa öləcəyini bilirdi, amma onun güclü ümidi var idi. O əmin idi ki, Allah onu dirildəcək və o, yenidən göydə Allahın hüzurunda olub, fərəh duyacaq (İbr. 12:2, 3).

6. Bir qardaş ümidi barədə nə demişdi?

6 Yehovanın verdiyi ümid bir çox bacı-qardaşlara sınaqlara dözməyə kömək edib. Gəlin İngiltərədə yaşayan Leonard Çinn adlı bir sadiq qardaşın hadisəsinə baxaq. Birinci Dünya müharibəsi dövründə o, hərbi xidmətdən imtina etdiyi üçün həbs olunmuşdu. O, iki ay təkadamlıq kamerada qaldı. Sonra isə onu ağır işlər görməyə məcbur etdilər. Qardaş belə sözlər yazmışdı: «Başıma gələnlərdən anladım ki, çətinliklərə dözmək üçün ümid nə qədər vacibdir. Bizim İsa, həvarilər və peyğəmbərlər kimi gözəl nümunələrimiz var. Üstəlik, Yehova bizə dəyərli vədlər verib. Bunların sayəsində insan gələcəyə ümidlə baxır, sınaqlara dözməyə gücü olur». Ümid Leonard qardaş üçün bir lövbər idi, bu bizim üçün də belə ola bilər.

7. Sınaqlar ümidimizi necə möhkəmləndirir? (Romalılara 5:3—5; Yaqub 1:12).

7 Biz sınaqlara dözəndə, Yehovanın bizə necə kömək etdiyini görəndə və Onun rəğbətini hiss edəndə ümidimiz möhkəmlənir. (Romalılara 5:3—5; Yaqub 1:12 ayələrini oxuyun.) Bunun sayəsində ümidimiz xoş xəbəri ilk eşitdiyimiz vaxtla müqayisədə daha möhkəm olur. Şeytan bizi sınaqlar vasitəsilə yıxmağa çalışsa da, Yehovanın köməyi sayəsində hər sınaqdan başıuca çıxa bilərik.

ÜMİDİMİZ DƏBİLQƏYƏ BƏNZƏYİR

8. Hansı mənada ümid dəbilqəyə bənzəyir? (1 Salonikililərə 5:8).

8 Müqəddəs Kitabda ümid həmçinin dəbilqəyə bənzədilir. (1 Salonikililərə 5:8 ayəsini oxuyun.) Dəbilqə əsgərin başını düşmən zərbəsindən qoruyur. Biz də ruhani müharibədəyik və zehnimizi Şeytanın həmlələrindən qorumalıyıq. Çünki o bizi azdırmaq və düşüncəmizi korlamaq üçün hər tərəfdən hücuma keçib. Dəbilqə əsgərin başını qoruduğu kimi, ümid də bizim düşüncələrimizi qoruyur və Yehovaya sadiq qalmağa kömək edir.

9. Ümidi olmayan insanların həyatı necədir?

9 Əbədi həyat ümidi bizə kömək edəcək ki, hikmətlə və dərrakə ilə davranaq. Yox əgər ümidimiz zəif olsa və ağlımıza cismani fikirlər hakim kəsilsə, əbədi həyat ümidimizi unudacağıq. Gəlin görək qədim Korinfdə yaşayan bəzi məsihilərlə nə baş vermişdi. Onlar Allahın əsas vədinə — dirilmə vədinə imanlarını itirmişdilər (1 Kor. 15:12). Bulus demişdi ki, gələcəyə ümidi olmayan insanlar yalnız bu günlə yaşayırlar (1 Kor. 15:32). Bizim dövrümüzdəki insanlar haqda da eyni şeyi demək olar. Onlar Allahın vədlərinə ümid etmədiklərinə görə fikirləri-zikirləri ancaq kef çəkməkdədir. Biz isə ümidimizi Allahın vəd etdiyi gələcəyə bağlamışıq. Bu ümid bir dəbilqə kimi bizim zehnimizi qoruyur və kömək edir ki, ömrümüzü-günümüzü öz istəklərimizi təmin etməyə sərf etməyək. Axı bu, Yehova ilə münasibətlərimizi korlaya bilər (1 Kor. 15:33, 34).

10. Ümid bizi yanlış fikirlərdən necə qoruya bilər?

10 Ümid dəbilqəmiz bizi mənfi düşüncədən də qoruya bilər. Bəziləri elə düşünür ki, Yehovanı heç vaxt razı sala bilməyəcəklər. Onlar belə deyir: «Mən heç vaxt əbədi həyatı alanların sırasında olmayacağam. Çünki buna layiq deyiləm. Heç vaxt Yehovanın istədiyi kimi insan ola bilməyəcəyəm». Əyyub peyğəmbərin saxta dostu Əlifəz Əyyubun ağlına buna bəzər fikirlər yeritməyə çalışırdı. Əlifəz demişdi: «Fani insan nədir ki, təmiz olsun?» Sonra isə Allah haqda belə demişdi: «Bax, O, mələklərinə belə, güvənmir, hətta göylər Onun gözündə pak deyil» (Əyy. 15:14, 15). Yalana bir bax! Unutmayın ki, sizin bu cür düşünməyinizi Şeytan istəyir. O bilir ki, siz bu cür fikirləşsəniz, getdikcə ümidinizi itirəcəksiniz. Buna görə də bu cür yanlış fikirləri ağlınıza yaxın buraxmayın, əksinə, fikrinizi Yehovanın vədlərinə cəmləyin. Yehova istəyir ki, siz əbədi yaşayasınız və bu məqsədinizə çatmaq üçün sizə kömək edəcək. Qətiyyən buna şübhə etməyin! (1 Tim. 2:3, 4).

ÜMİDİNİZİ MÖHKƏM SAXLAYIN

11. Gələcəyə ümidimizin gerçəkləşəcəyini gözlədiyimiz müddətdə nəyə görə səbirli olmalıyıq?

11 Ümidimizi möhkəm saxlamaq həmişə asan olmur. Ola bilər ki, Allahın Öz vədlərini yerinə yetirməsini gözləməyə səbrimiz çatmaz. Amma Yehova var olub və olacaq, buna görə Onun zamanla bağlı anlayışı bizimkindən fərqlənir (2 But. 3:8, 9). O Öz vədlərinin hamısını yerinə yetirəcək, amma ola bilsin, bunu bizim gözləmədiyimiz vaxtda etsin. Bəs bizə Yehovanın Öz vədlərini həyata keçirəcəyi vaxtı səbirlə gözləməyə və bu vaxt ərzində ümidimizi möhkəm saxlamağa nə kömək edə bilər? (Yaq. 5:7, 8).

12. İbranilərə 11:1, 6 ayələrinə əsasən, ümidlə iman bir-biri ilə necə bağlıdır?

12 Ümidimizi möhkəm saxlamaq üçün bizim Yehova ilə yaxın münasibətimiz olmalıdır. Çünki ümidimizi O gerçəkləşdirəcək. Müqəddəs Kitabda göstərilir ki, ümidlə iman bir-biri ilə sıx bağlıdır. Əgər biz Allahın «varlığına və Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə» inansaq, ümidimiz də möhkəm olacaq. (İbranilərə 11:1, 6 ayələrini oxuyun.) Yehova bizim üçün nə qədər gerçək olsa, Onun vədlərini həyata keçirəcəyinə əminliyimiz bir o qədər möhkəm olacaq. Gəlin görək Yehova ilə münasibətimizi hansı üsullarla möhkəmləndirə bilərik. Çünki Onunla münasibətimiz möhkəm olsa, ümidimiz də möhkəm olacaq.

Dua və mütaliə ümidimizi möhkəm saxlamağa kömək edir (13—15 abzaslara baxın) b

13. Allahla yaxın münasibəti necə qura bilərik?

13 Yehovaya dua edin və Kəlamını oxuyun. Biz Yehovanı görə bilməsək də, Onunla yaxın münasibət qurmağımız mümkündür. Biz dua edəndə Onunla danışırıq və əminik ki, O bizə qulaq asır (Ərm. 29:11, 12). Allahın Kəlamını oxuyub, üzərində düşünəndə isə Onun səsinə qulaq asırıq. Onun Kəlamından keçmişdəki sadiq xidmətçilərinə necə dayaq olduğu haqda oxuyanda ümidimiz daha da güclənir. Müqəddəs Kitabda «yazılanların hamısı bizə nəsihət olaraq yazılıb ki, dözüm sayəsində və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (Rom. 15:4).

14. Yehovanın Öz xidmətçiləri üçün etdikləri barədə düşünməyin hansı faydası var?

14 Yehovanın Öz vədlərini necə yerinə yetirdiyi barədə düşünün. Gəlin Yehovanın İbrahim peyğəmbərlə Sara üçün nələr etdiyini xatırlayaq. Onlar elə yaşa çatmışdılar ki, artıq uşaq sahibi ola bilməzdilər. Amma Yehova onlara vəd etmişdi ki, övladları olacaq (Yar. 18:10). İbrahim peyğəmbər buna necə yanaşdı? Müqəddəs Kitabda yazılıb: «[İbrahim] iman etdi ki, çoxlu xalqların atası olacaq» (Rom. 4:18). İnsan baxışı ilə belə bir vədin yerinə yetməsi qeyri-mümkün görünürdü, amma İbrahim peyğəmbər bunun gerçəkləşəcəyinə tam əmin idi. Onun ümidi boşa çıxmadı (Rom. 4:19—21). Bu hadisələrdən öyrənirik ki, Yehovanın vədlərini yerinə yetirəcəyinə həmişə əmin ola bilərik, hətta vəziyyət bizim üçün mümkünsüz görünsə belə.

15. Nəyə görə Yehovanın bizim üçün etdikləri barədə düşünməliyik?

15 Yehovanın sizin üçün etdikləri barədə düşünün. Yehovanın Kəlamındakı hansı vədlərin öz həyatınızda gerçəkləşdiyini görmüsünüz? Məsələn, İsa söz vermişdi ki, Yehova bizi zəruri şeylərlə təmin edəcək (Mət. 6:32, 33). O həmçinin demişdi ki, Yehovadan müqəddəs ruh istəyəndə O bizə verəcək (Luka 11:13). Yehova verdiyi bu sözlərin üstündə durub. Bəlkə də, Yehovanın başqa vədlərinin də yerinə yetdiyini görmüsünüz. Məsələn, sizi bağışlayacağı, sizə təsəlli verəcəyi və ruhani cəhətdən qidalandıracağı ilə bağlı verdiyi vədləri xatırlaya bilərsiniz (Mət. 6:14; 24:45; 2 Kor. 1:3). Yehovanın sizin üçün artıq nələr etdiyi barədə düşünmək kömək edəcək ki, Onun gələcəklə bağlı verdiyi vədlərə möhkəm ümidiniz olsun.

ÜMİDİNİZƏ SEVİNİN

16. Nəyə görə ümidi dəyərli bəxşişə bənzətmək olar?

16 Əbədi həyat ümidi Yehovanın bizə verdiyi qiymətli bəxşişdir. Bu möhtəşəm həyatı həsrətlə gözləyirik. Bu vədin gerçəkləşəcəyinə əmin ola bilərik. Ümid bir lövbər kimi bizə sınaqlarla, təqiblərlə və ölüm təhlükəsi ilə üzləşəndə möhkəm qalmağa kömək edir. Həmçinin o, dəbilqə kimi düşüncəmizi qoruyur, yanlış əməllərdən uzaq olub, düzgün davranmağa kömək edir. Müqəddəs Kitaba əsaslanan ümidimiz sayəsində biz Yehovaya yaxınlaşırıq. Həmçinin bu ümid Yehovanın bizə olan dərin məhəbbətini göstərir. Əgər ümidimizi möhkəm saxlasaq, bunun böyük xeyrini görəcəyik.

17. Nəyə görə ümidimiz bizə həmişə sevinc gətirir?

17 Həvari Bulus romalılara məktubunda «ümidinizə sevinin» sözlərini yazmışdı (Rom. 12:12). Bulus əmin idi ki, sadiq qalsa, göylər həyatını alacaq. Bu ümid ona sevinc gətirirdi. Biz də ümidimizə sevinə bilərik, çünki əminik ki, Yehova Öz vədlərini yerinə yetirəcək. Məzmurçu yazmışdı: «Xoşbəxtdir o kəs ki,.. ümidi Allahı Yehovadır. O Allah ki… həmişə sədaqətlidir» (Zəb. 146:5, 6).

NƏĞMƏ 139 Özünü yeni dünyada təsəvvür et

a Yehova bizə gələcəklə bağlı möhtəşəm ümid verib. Ümidimizi möhkəm saxlamaq vacibdir. Çünki ümidimiz həyatımıza nur saçır və kömək edir ki, diqqətimizi çətinliklərə cəmləməyək. Ümid hansı sınaqla üzləşiriksə üzləşək, sadiq qalmaq əzmimizi artırır, həmçinin düşüncəmizi korlayacaq yanlış fikirlərdən qoruyur. Məqalədə bunlar barədə ətraflı danışacağıq.

b ŞƏKLİN İZAHI. Dəbilqə əsgərin başını qoruduğu və lövbər gəmini sabit saxladığı kimi, ümidimiz də bizim düşüncələrimizi qoruyur və sınaqlar zamanı möhkəm qalmağımıza kömək edir. Bacı əminliklə Yehovaya dua edir. Qardaş Yehovanın İbrahim peyğəmbərə verdiyi vədi yerinə yetirdiyi haqda fikirləşir. O biri qardaş isə aldığı nemətlər barədə düşünür.