Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 41

Əsl xoşbəxtliyi tapa bilərsiniz

Əsl xoşbəxtliyi tapa bilərsiniz

«Nə xoşbəxtdir Yehovadan qorxan, Onun yolları ilə yeriyən insan!» (ZƏB. 128:1).

NƏĞMƏ 110 Yehovanın bəxş etdiyi sevinc

İCMAL a

1. Nəyə görə xoşbəxtliyimiz Allaha ehtiyacımızın olduğunu dərk etməyimizdən asılıdır?

 ƏSL xoşbəxtlik ani olaraq duyulan və ötüb-keçən xoş hisslər deyil. Bu, insanın ömürboyu duya biləcəyi bir hissdir. Bu necə mümkündür? İsa Məsih Dağüstü vəzində demişdi: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir» (Mət. 5:3). Allah insanları yaradarkən onların daxilinə Onu tanımaq və Ona ibadət etmək istəyini qoyub. İsa Məsih bunu bildiyi üçün insanların «Allaha ehtiyacı» olduğunu demişdi. Bildiyimiz kimi, Yehova «xoşbəxt Allah»dır, Ona ibadət edənlər də xoşbəxt ola bilər (1 Tim. 1:11).

«Salehlik yolunda təqib olunanlar xoşbəxtdir» (Mət. 5:10). (2 və 3-cü abzaslara baxın) d

2, 3. a) İsa Məsihin sözlərinə əsasən, başqa kimlər xoşbəxt ola bilər? b) Bu məqalədə nəyi araşdıracağıq və nəyə görə bunları bilməyimiz lazımdır?

2 Xoşbəxt olmaq üçün həyatımızda hər şey yağ kimi getməlidir? Xeyr. İsanın Dağüstü vəzində dedikləri sizi təəccübləndirə bilər. O demişdi ki, «dərd çəkənlər... xoşbəxtdir». Dərd çəkənlər günahlarına görə pərişan olan və ya həyatda ciddi problemləmlərlə üzləşən kəslər ola bilər. İsa «salehlik yolunda təqib olunanlar», həmçinin onun şagirdi olduğu üçün «təhqir» olunanlar barədə də eyni şeyi demişdi (Mət. 5:4, 10, 11). Görəsən, belə vəziyyətlərdə insanın xoşbəxt olması necə mümkündür?

3 İsa öyrədirdi ki, insanın xoşbəxtliyi həyatında hər şeyin mükəmməl olmasından yox, Allahı tanımasından və Ona ibadət etməsindən asılıdır (Yaq. 4:8). Bəs bunun üçün nə etməliyik? Bu məqalədə əsl xoşbəxtliyə aparan üç addımdan danışacağıq.

RUHANİ CƏHƏTDƏN QİDALANIN

4. Xoşbəxtliyə aparan ilk addım hansıdır? (Zəbur 1:1—3).

4 ADDIM 1. Əsl xoşbəxtliyə sahib olmaq üçün ruhani cəhətdən qidalanmalıyıq. Həm insanların, həm də heyvanların yaşamaq üçün yeməyə ehtiyacı var. Amma yalnız insan ruhani cəhətdən qidalana bilər və onun buna tələbatı var. Buna görə də İsa demişdi: «İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər bir kəlmə ilə yaşamalıdır» (Mət. 4:4). Buna görə də Allahın dəyərli Kəlamı olan Müqəddəs Kitabı oxumadan keçən bir günümüz belə olmamalıdır. Bir məzmurçu yazmışdı: «Xoşbəxtdir o kəs ki,.. Yehovanın qanunundan həzz alır, gecə-gündüz Onun qanununun dərinliyinə varır». (Zəbur 1:1—3 ayələrini oxuyun.)

5, 6. a) Müqəddəs Kitabdan nələr öyrənirik? b) Müqəddəs Kitabı oxumaq bizə necə kömək edə bilər?

5 Məhəbbətli Allahımız Yehova Müqəddəs Kitab vasitəsilə bizə xoşbəxt olmağın yolunu açıqlayır. Orada Yehovanın bizimlə bağlı niyyəti yazılıb. Bu kitabdan öyrənirik ki, Yehovaya necə yaxınlaşa bilərik, günahlarımızın bağışlanması üçün nə edə bilərik. Həmçinin Kəlamdan Yehovanın gələcəyə dair verdiyi möhtəşəm ümid barədə öyrənirik (Ərm. 29:11). Müqəddəs Kitabı mütaliə edərkən öyrəndiyimiz bu həqiqətlər qəlbimizi sevinclə doldurur!

6 Həmçinin bilirik ki, Müqəddəs Kitabda gündəlik həyatımızla bağlı praktiki məsləhətlər var. Bu məsləhətlərə əməl edəndə xoşbəxt oluruq. Buna görə də həyatda sizi məyus edən çətinliklərlə üzləşəndə Yehovanın Kəlamını oxuyub üzərində düşünmək üçün daha çox vaxt ayırın. İsa Məsih demişdi: «Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:28).

7. Müqəddəs Kitabı oxumağa ayırdığınız vaxtın sizə tam fayda gətirməsi üçün nə edə bilərsiniz?

7 Müqəddəs Kitabı oxuyarkən ondan ləzzət almaq üçün vaxt ayırmaq lazımdır. Misal üçün, təsəvvür edin ki, kimsə sizə ən sevdiyiniz yeməyi bişirib. Amma siz ya tələsdiyinizdən, ya da fikirli olduğunuzdan yeməyin dadını duymadan loğmaları udursunuz. Bir də ayılırsınız ki, yemək artıq qurtarıb. Heyifsilənirsiniz ki, onu yavaş-yavaş yemədiniz, hər loğmanın dadından ləzzət almadınız. Gəlin bu nümunəni Müqəddəs Kitabın mütaliəsinə tətbiq edək. Elə olub ki, tez-tələsik oxuduğunuz üçün orada yazılanların «dadını duymamısınız»? Allahın Kəlamını oxumaqdan həzz almaq üçün vaxt ayırın: oradakı səhnələri təsəvvürünüzdə canlandırın, səsləri duymağa çalışın və oxuduqlarınızın üzərində düşünün. Onda bütün bu proses sizin xoşbəxtliyinizə xoşbəxtlik qatacaq.

8. «Sadiq və ağıllı nökər» ona tapşırılan işin öhdəsindən necə gəlir? (Həmçinin haşiyəyə baxın.)

8 İsa Məsih bizə vaxtlı-vaxtında ruhani qida verməsi üçün «sadiq və ağıllı nökər» təyin edib b (Mət. 24:45). Həqiqətən də, biz ruhani cəhətdən bol qida ilə təmin olunmuşuq! Sadiq və ağıllı nökərin hazırladığı hər bir ruhani qidanın əsas inqrediyenti Müqəddəs Kitabdır (1 Salon. 2:13). Buna görə də ruhani qida bizə kömək edir ki, Yehovanın Müqəddəs Kitabda əks olunan düşüncəsini dərk edək. Bu səbəbdən biz «Gözətçi qülləsi», «Oyanın!» jurnallarını və jw.org saytında olan məqalələri oxuyuruq, həftəiçi və həftəsonu görüşlərə hazırlaşırıq. Həmçinin JW televiziyasının aylıq proqramına baxırıq. Əgər bu bol ruhani qidanı qəbul etsək, xoşbəxtliyə aparan ikinci addımı ata biləcəyik.

YEHOVANIN QAYDA-QANUNLARINA UYĞUN YAŞAYIN

9. Əsl xoşbəxtliyə aparan ikinci addım hansıdır?

9 ADDIM 2. Əsl xoşbəxtliyə sahib olmaq üçün Yehovanın qayda-qanunlarına uyğun yaşamalıyıq. Məzmurçu yazmışdı: «Nə xoşbəxtdir Yehovadan qorxan, Onun yolları ilə yeriyən insan!» (Zəb. 128:1). Yehovadan qorxmaq o deməkdir ki, biz Ona böyük ehtiram hissi bəsləyirik və buna görə də Onu narazı salacaq hərəkətlərdən uzaq durmağa çalışırıq (Məs. 16:6). Müqəddəs Kitabda Yehovanın nəyin doğru, nəyin yanlış olduğu ilə bağlı qoyduğu qanunlar yazılıb və biz bu qanunlara uyğun yaşamaq üçün əlimizdən gələni edirik (2 Kor. 7:1). Əgər biz Yehovanın sevdiyi işləri görsək və nifrət etdiyi əməllərdən uzaq olsaq, xoşbəxt olacağıq (Zəb. 37:27; 97:10; Rom. 12:9).

10. Allahın iradəsini bilməklə yanaşı, bizdən nə gözlənilir? (Romalılara 12:2).

10 Romalılara 12:2 ayəsini oxuyun. Ola bilsin, insan Yehovanın nəyin doğru, nəyin yanlış olduğuna dair qaydalar qoymağa haqqı çatdığını bilir. Amma bunu bilmək kifayət deyil. İnsanda bu qaydalara əməl etmək istəyi olmalıdır. Məsələn, insan dövlətin yolda maksimum sürət həddini müəyyən etməyə haqqı çatdığını bilə bilər. Bəs o özü bu qaydalara riayət etmək istəyir? Əsas məsələ budur, əks halda, o, sürət həddini aşacaq. Yehovanın qanunlarının xeyrimizə olduğuna həqiqətən inandığımız əməllərimizdən görünür (Məs. 12:28). Davud peyğəmbər buna əmin idi. Elə buna görə də belə demişdi: «Mənə həyat yolunu öyrədirsən, hüzurunda sevinc, şadlıq aşıb-daşır, sağında olmaq mənə əbədi səadət gətirir» (Zəb. 16:11).

11, 12. a) Narahatlıq keçirəndə və ya məyus olduğumuz vaxtlarda nədə ehtiyatlı olmalıyıq? b) Filippililərə 4:8 ayəsindəki sözlər əyləncə seçimində bizə necə kömək edə bilər?

11 Bəzən narahatlıq keçirəndə və nəsə bizi məyus edəndə başımızı nə iləsə qatmaq istəyirik. Bu, başa düşüləndir, amma bu zaman ehtiyatı əldən verməməliyik, Yehovanın nifrət etdiyi əməllərdən uzaq olmalıyıq (Efes. 5:10—12, 15—17).

12 Həvari Bulus filippililərə məktubunda məsihiləri təşviq edirdi ki, onlar saleh, pak, sevilməli və nəcib nə varsa, onlar haqda düşünsünlər. (Filippililərə 4:8 ayəsini oxuyun.) Düzdür, Bulus burada konkret olaraq əyləncə haqda danışmırdı, amma onun dediklərini əyləncə seçimimizə tətbiq edə bilərik. Məsələn, düşünün: qulaq asdığınız musiqi, baxdığınız film, oxuduğunuz kitab və ya oynadığınız videooyun Bulusun dediklərinə uyğun gəlir? Beləcə, biləcəksiniz, nələr Yehovanın xoşuna gəlir, nələr yox. Biz istəyirik ki, həyatımız Yehovanın yüksək əxlaq normalarına uyğun gəlsin (Zəb. 119:1—3). Bunun sayəsində vicdanımız rahat olacaq və əsl xoşbəxtliyə aparan üçüncü addımı ata biləcəyik (Həv. 23:1).

YEHOVAYA İBADƏTİ HƏR ŞEYDƏN ÜSTÜN TUTUN

13. Əsl xoşbəxtliyə aparan üçüncü addım hansıdır? (Yəhya 4:23, 24).

13 ADDIM 3. Yehovaya ibadəti həyatınızda hər şeydən üstün tutun. Yehova Yaradanımız olduğu üçün Ona ibadət etməliyik (Vəhy 4:11; 14:6, 7). Yehovaya ibadət həyatımızda hər şeydən üstün olmalıdır; Ona məqbul ibadət «ruha və həqiqətə uyğun ibadət»dir. (Yəhya 4:23, 24 ayələrini oxuyun.) Bu, o deməkdir ki, ibadətimizi müqəddəs ruh yönəltməlidir və ibadətimiz Allahın Kəlamındakı həqiqətlərə uyğun olmalıdır. Hətta biz ibadətimizə məhdudiyyət və ya qadağa qoyulan ərazidə yaşasaq da, bizim üçün Yehovaya ibadət hər şeydən öndə gəlməlidir. Hal-hazırda 100-dən çox bacı-qardaşımız həbsdədir, səbəb isə onların sadəcə olaraq Yehovanın Şahidi olmasıdır c. Buna baxmayaraq, onlar xoşbəxtdirlər, çünki dua etmək, mütaliə etmək və insanlara Allah və Onun Padşahlığı haqda danışmaq üçün əllərindən gələni edirlər. Biz təqib və təhqir olunanda xoşbəxt ola bilərik, çünki bilirik ki, Yehova bizə dayaq olacaq və bizi mükafatsız qoymayacaq (Yaq. 1:12; 1 But. 4:14).

REAL HADİSƏ

14. Tacikistandan olan bir gənc qardaşın başına nələr gəlmişdi və səbəb nə idi?

14 Araşdırdığımız üç addım, həqiqətən də, xoşbəxtliyə aparır. Çətin vəziyyətlərlə üzləşmiş bacı-qardaşların hadisəsi bunu sübut edir. Gəlin Tacikistandan olan Covidon Boboconov qardaşın 19 yaşı olanda başına gələnlərdən danışaq. O, hərbi xidmətdən imtina etmişdi. 2019-cu il oktyabrın 4-ü onu evindən zorla aparıb, aylarla həbsdə saxladılar və onunla cinayətkar kimi davrandılar. Covidonu döyürdülər, məcbur edirdilər ki, hərbi and içsin və hərbi forma geyinsin. Qardaşın üzləşdiyi bu haqsızlıq beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı. O, həbsə məhkum edildi və əmək düşərgəsinə göndərildi. Covidon ölkənin prezidentinin əfv fərmanına əsasən azadlığa buraxılana qədər orada qalmışdı. Bütün bu vaxt ərzində o, sədaqətini qorumuşdu və xoşbəxt idi. Çünki o, Allaha ehtiyacı olduğunu dərk edirdi.

Covidon ruhani cəhətdən qidalanırdı, Yehovanın qayda-qanunlarına uyğun yaşayırdı və Ona ibadəti hər şeydən üstün tuturdu (15—17 abzaslara baxın)

15. Həbsdə olduğu müddətdə Covidon ruhani cəhətdən necə qidalanırdı?

15 Həbsdə olanda Covidonun əlində Müqəddəs Kitab və nəşrlərimiz olmasa da, o, ruhani cəhətdən qidalanırdı. Bu necə mümkün idi? Bacı-qardaşlar ona ərzaq gətirəndə ərzağı gətirdikləri paketlərin üzərinə həmin günün ayəsini yazırdılar. Beləcə, o, hər gün Müqəddəs Kitabı mütaliə edirdi. Həbsdən çıxandan sonra onun bacı-qardaşlara belə bir tövsiyəsi olmuşdu: «Həyatlarında ciddi sınaqları olmayanlar azadlıqlarından maksimum istifadə etməli və Müqəddəs Kitabı və nəşrlərimizi oxumaqla Yehova haqqında biliklərini artırmalıdırlar».

16. Covidon fikrini nəyə cəmləmişdi?

16 Covidon qardaşımız Yehovanın qayda-qanunlarına uyğun yaşayırdı. O, yanlış hisslərə qapılmırdı, yanlış hərəkətlərə yol vermirdi. Əksinə, diqqətini Yehovaya və Onun dəyər verdiyi şeylərə cəmləyirdi. Covidonu Yehovanın yaratdıqları heyran edirdi. O, səhərlər gözlərini quşların cikkiltisi ilə açırdı, gecələr isə ayı və ulduzları seyr edirdi. Covidon deyir: «Yehovanın bu ənamları mənə sevinc verir və ruhlandırırdı». Yehovanın verdiyi həm ruhani, həm də fiziki nemətlərə görə minnətdar olanda ürəyimiz sevinclə dolur və bu sevinc bizə dözməyə güc verir.

17. Covidonun vəziyyətinə bənzər vəziyyətlə üzləşəndə dözüm göstərməyimizin hansı bəhrəsi olacaq? (1 Butrus 1:6, 7).

17 Covidon həmçinin Yehovaya ibadəti həyatda hər şeydən üstün tuturdu. O, Yehovaya sədaqətini qorumağın vacibliyini başa düşürdü. İsa Məsih demişdi: «Allahın Yehovaya səcdə qıl və yalnız Ona qulluq et» (Luka 4:8). Komandirlər və əsgərlər istəyirdi ki, o öz dinindən dönsün. Amma Covidon gecə-gündüz Yehovaya hərarətlə dua edib yalvarırdı ki, təslim olmamağa və imanda sadiq qalmağa ona kömək etsin. O, üzləşdiyi haqsız rəftara baxmayaraq, sədaqətini qorudu. Bunun sayəsində Covidon ona sevinc gətirən dəyərli bir şeyə sahibdir. Evindən zorla çıxarılmazdan, döyülməzdən və həbs olunmazdan öncə onda bu şey yox idi: bu, onun sınanmış imanıdır. (1 Butrus 1:6, 7 ayələrini oxuyun.)

18. Xoşbəxtliyimizi necə qoruya bilərik?

18 Yehova həqiqətən xoşbəxt olmağımız üçün bizə nə lazım olduğunu bilir. Əgər siz xoşbəxtliyə aparan bu üç addımı atsanız, üzləşdiyiniz çətinliklərə baxmayaraq, xoşbəxt olacaqsınız. Onda siz də növbəti sözləri deyə biləcəksiniz: «Allahı Yehova olan xalq nə bəxtiyardır!» (Zəb. 144:15).

NƏĞMƏ 89 Allahın sözünə əməl edənlər xoşbəxtdir

a Bu gün çox adam əsl xoşbəxtliyi tapa bilmir. Çünki onlar xoşbəxtliyi yanlış yerdə axtarırlar. Xoşbəxtliyi zövq-səfada, var-dövlətdə və vəzifə sahibi olmaqda görürlər. İsa yer üzündə olanda insanlara xoşbəxt olmağın yolunu öyrətmişdi. Bu məqalədə xoşbəxt olmağımıza kömək edən üç addımı araşdıracağıq.

b «Gözətçi qülləsi» jurnalının 2014-cü il 15 avqust sayında yerləşən «Qidanı “vaxtlı-vaxtında” qəbul edirsən?» adlı məqaləyə baxın.

c Ətraflı məlumat üçün jw.org saytında axtarışa «Əqidə məhbusları» yazın.

d ŞƏKLİN İZAHI. Şəkil real hadisələr əsasında səhnələşdirilib. Qardaşımız həbs olunub və işinə baxılması üçün məhkəməyə aparılır. Dindaşları ona dəstək olmaq üçün gəliblər.