Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 43

Həqiqi hikmət hay salır

Həqiqi hikmət hay salır

«Həqiqi hikmət bayırda hay salır. Meydanlarda səsini ucaldır» (MƏS. 1:20).

NƏĞMƏ 88 Mənə yollarını öyrət

İCMAL a

1. Bu gün çoxları həqiqi hikmətə necə yanaşır? (Məsəllər 1:20, 21).

 BİR çox ölkələrdə gediş-gəlişin sıx olduğu küçələrdə təbliğçilərin dayanıb, insanlara nəşrlərimizi təklif etmələrinə tez-tez rast gəlmək olar. Siz nə vaxtsa bu xidmət növündə iştirak etmisiniz? Əgər iştirak etmisinizsə, bəlkə də, «Məsəllər» kitabındakı bədii təsvir sizin də yadınıza düşüb. Bu təsvirdə hikmət insanları onun məsləhətlərinə qulaq asmağa çağırır. (Məsəllər 1:20, 21 ayələrini oxuyun.) Müqəddəs Kitabda və nəşrlərimizdə «həqiqi hikmət», yəni Yehovanın hikməti aşılanır. Həyat yoluna qədəm qoymaq üçün insanlar məhz bu hikmətə yiyələnməlidirlər. Əlbəttə ki, insanlar nəşrlərimizi götürəndə çox sevinirik. Amma heç də hamı belə etmir. Bəziləri Müqəddəs Kitabda nə yazıldığını heç bilmək də istəmir. Kimisi bizə gülür, Müqəddəs Kitabın müasir dövrün kitabı olmadığını düşünür; kimisi də Müqəddəs Kitabdakı əxlaq qaydalarını bəyənmir, onların fikrincə, orada yazılanlara əməl edənlər daşürəklidir, özlərini hamıdan saleh sayır. Amma məhəbbətli Allahımız Yehova bütün insanların həqiqi hikmətə yiyələnməsi üçün yenə də imkan yaradır. O, bunu hansı üsullarla edir?

2. Bu gün həqiqi hikməti harada tapmaq olar? Bəs əksər insanlar hansı mövqeyi tuturlar?

2 Yehova Kəlamı olan Müqəddəs Kitab vasitəsilə insanların həqiqi hikməti eşitmələrinə yol açır. Bu kitabı demək olar ki, hamı əldə edə bilər. Bəs Müqəddəs Kitabı izah edən nəşrlərimiz barədə nə demək olar? Yehovanın dəstəyi sayəsində bu nəşrlər 1000-dən çox dildə mövcuddur. Onları oxuyub əməl edənlər, yəni hikmətin səsini eşidənlər bunun xeyrini görürlər. Amma əksər insanlar əsl hikmətin səsini eşitmək istəmirlər. Qərar verərkən ya öz ağıllarına güvənirlər, ya da insan məsləhətinə qulaq asırlar. Hələ bir Müqəddəs Kitaba əməl etdiyimiz üçün bizə yuxarıdan aşağı baxırlar. Bu məqalədə insanların bu cür münasibətinin səbəbini öyrənəcəyik. Amma əvvəlcə gəlin görək Yehovadan gələn hikmətə necə yiyələnə bilərik.

YEHOVANIN ELMİ HİKMƏT VERİR

3. Həqiqi hikmətə necə yiyələnə bilərik?

3 Hikmət biliyi işə salıb düzgün qərar vermək qabiliyyətidir. Amma həqiqi hikmət təkcə bununla məhdudlaşmır. Müqəddəs Kitabda deyilir: «Yehovadan qorxmaqdır hikmətin başı, müqəddəs Allahın elmi dərrakə verir» (Məs. 9:10). Deməli, vacib qərar qarşısında olarkən Yehovanın bu məsələ ilə bağlı nə düşündüyünü nəzərə almalıyıq. «Müqəddəs Allahın elmi» qərarlarımızın əsasında durmalıdır. Bunun üçün Müqəddəs Kitabı və nəşrlərimizi araşdırmalıyıq. Onda həqiqi hikmətə sahib olduğumuz aydın görünəcək (Məs. 2:5—7).

4. Nəyə görə həqiqi hikməti yalnız Yehova verə bilər?

4 Bizə həqiqi hikməti yalnız Yehova verə bilər (Rom. 16:27). Nə üçün Yehovanın hikmətin Mənbəyi olduğunu deyirik? Birincisi, O, Yaradandır və yaratdıqları ilə bağlı əngin biliyə sahibdir (Zəb. 104:24). İkincisi, Yehovanın gördüyü hər bir iş Onun hikmətindən xəbər verir (Rom. 11:33). Üçüncüsü, Yehovanın məsləhətləri onlara əməl edənlərin həmişə xeyrinədir (Məs. 2:10—12). Həqiqi hikmətə yiyələnmək üçün biz bu üç əsas faktı qəbul etməliyik və onlar qərarlarımıza və davranışımıza yön verməlidir.

5. İnsanların Yehovanı əsl hikmətin Mənbəyi kimi qəbul etməməsi nələrə gətirib çıxarıb?

5 Bu dünyada çoxları təbiətin ecazkar olduğunu qəbul edir. Amma onlar Yaradanın varlığını danır, hər şeyin təkamül nəticəsində əmələ gəldiyinə inanırlar. Bir başqaları isə Allaha inandıqlarını desələr də, Onun Kəlamındakı qanunların köhnəldiyini düşünür və öz bildikləri kimi yaşayırlar. Bəs insanların Allaha yox, öz ağıllarına güvənmələri nə ilə nəticələnib? Dünya yaxşılaşıb? Yoxsa ki onlar əsl xoşbəxtliyi tapıblar, gələcəyə sarsılmaz ümidləri var? Ətrafımıza baxanda biz növbəti ayədəki sözlərin doğruluğuna əmin oluruq: «Yehovaya zidd hikmət, bəsirət, məsləhət yoxdur» (Məs. 21:30). Bu sözlər bizi bir daha təşviq edir ki, həqiqi hikmətə sahib olmaq üçün Yehovaya üz tutaq. Əfsuslar olsun ki, çoxları belə etmir. Görəsən, səbəb nədir?

İNSANLAR HƏQİQİ HİKMƏTİ RƏDD EDİR

6. Məsəllər 1:22—25 ayələrinə əsasən, kimlər həqiqi hikmətə qulağını tıxayır?

6 Bu gün «həqiqi hikmət bayırda hay» salanda çoxları qulağını tıxayır. Müqəddəs Kitabda bu cür insanlar üç qrupa bölünür. Bunlar «cahillər», «rişxəndçilər» və «ağılsızlar»dır. (Məsəllər 1:22—25 ayələrini oxuyun.) Gəlin görək insanlara ilahi hikmətə yiyələnməyə bu xüsusiyyətlər necə mane olur və görək onlara bənzəməmək üçün biz nə etməliyik.

7. Nəyə görə çoxları «cahil» qalmaq istəyir?

7 «Cahillər» naşı, sadəlövh insanlardır, onları nəyəsə inandırmaq, aldatmaq asandır (Məs. 14:15). Belə insanlara xidmətdə tez-tez rast gəlirik. Doğrudan da, milyonlarla insan din xadimlərinin və siyasətçilərin sözlərinə aldanır. Bəziləri bunu başa düşəndə dəhşətə gəlir. Amma Məsəllər 1:22 ayəsində bəhs olunan kəslər özləri cahil qalmaq istəyirlər, çünki bu, onlara sərf edir (Ərm. 5:31). Onlar ürəkləri istəyən kimi yaşayırlar və Müqəddəs Kitabda yazılanları öyrənmək, oradakı qanunlara uyğun yaşmaq istəmirlər. Çoxları Kanadanın Kvebek əyalətində yaşayan qatı dindar bir qadının düşündüyü kimi düşünür. Bu qadın bir Yehovanın Şahidinə belə demişdi: «Əgər keşiş bizi aldadırsa, günah onun boynunadır, bizim yox!» Biz istəmərik ki, cahil qalmaq istəyən insanlara bənzəyək! (Məs. 1:32; 27:12).

8. Hikmətə necə yiyələnə bilərik?

8 Buna görə də Müqəddəs Kitab bizi cahil qalmamağa, «əqlən... yetkin» olmağa səsləyir (1 Kor. 14:20). Hikmətə isə Allahın Kəlamındakı prinsiplərə əməl etməklə yiyələnə bilərik. Bu prinsiplərə əməl etdikcə görəcəyik ki, problemlərdən uzaq oluruq və düzgün qərarlar veririk. Yaxşı olar ki, bu sahədə inkişafımıza tez-tez nəzər salaq. Əgər biz artıq müəyyən müddətdir Müqəddəs Kitabı öyrəniriksə və yığıncaqlara gəliriksə, növbəti suallar üzərində düşünməliyik: «Nəyə görə özümü Yehovaya həsr edib, vəftiz olunmaq üçün hələ lazımi addımlar atmamışam? Əgər vəftiz olunmuşamsa, xoş xəbərin təbliğçisi və müəllimi kimi inkişaf edirəm? Qərarlarımdan Müqəddəs Kitab prinsiplərinə əməl etdiyim görünür? İnsanlarla münasibətdə məsihi xüsusiyyətlərini əks etdirirəm?» Əgər hansısa sahədə hələ yaxşılaşmalıyıqsa, gəlin Yehovanın öyüdlərinə ciddi yanaşaq, çünki Onun öyüdləri «naşı adamı müdrik edir» (Zəb. 19:7).

9. «Rişxəndçilərin» hikməti rədd etdikləri nədən görünür?

9 İlahi hikmətə qulaq asmaq istəməyən ikinci qrup insan «rişxəndçilərdir». Bəzən təbliğdə qarşımıza bu cür insanlar çıxır. Onlar insanlara lağ etməyi xoşlayırlar (Zəb. 123:4). Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, axırzamanda çoxlu rişxəndçilər olacaq (2 But. 3:3, 4). Saleh insan olan Lutun kürəkənləri kimi, bu gün də bəziləri ilahi xəbərdarlıqlara məhəl qoymurlar (Yar. 19:14). Çoxları Müqəddəs Kitaba uyğun yaşayanlara gülürlər. Rişxəndçilər «öz bəd nəfslərinin dalınca» düşürlər (Yhd. 7, 17, 18). Müqəddəs Kitabda rişxəndçilər haqda deyilənlər dönükləri və Yehovanı qəbul etməyənləri çox yaxşı təsvir edir!

10. Zəbur 1:1 ayəsinə əsasən, rişxəndçi olmamaq üçün nə etməliyik?

10 Bəs biz özümüz rişxəndçi olmamaq üçün nə edə bilərik? Bunun bir yolu tənqidi əhval-ruhiyyədə olan insanlardan uzaq olmaqdır. (Zəbur 1:1 ayəsini oxuyun.) Bunun üçün dönüklərin yaydığı heç bir məlumata qulaq asmamalıyıq, nə də onları oxumamalıyıq. Biz başa düşürük ki, əgər ehtiyatlı olmasaq, hər şeyə deyinən bir insan olarıq, Yehovaya və Onun təşkilatından gələn göstərişlərə etibar etmərik. Belə əhval-ruhiyyədən qaçmaq üçün növbəti suallar üzərində düşünməliyik: «Təşkilatdan yeni göstərişlər gələndə, yaxud yeni izahatlar olanda narazılıq bildirməyə meyilliyəm? Rəhbərlik edən qardaşlarda səhv axtarıram?» Əgər bu sahələrin üzərində işləsək, onda Yehova bizdən razı qalacaq (Məs. 3:34, 35).

11. «Ağılsızlar» Yehovanın əxlaq qaydalarına necə yanaşırlar?

11 Hikmətə qulaq asmaq istəməyən üçüncü qrup insan «ağılsızlardır». Onlar Yehovanın əxlaq qaydalarına riayət etmək istəmədiklərinə görə ağılsızdır. Bu cür insanlar öz bildikləri kimi yaşamaq istəyirlər (Məs. 12:15). Belələri hikmətin Mənbəyi olan Yehovadan üz döndərirlər (Zəb. 53:1). Xidmətdə bu cür insanlara rast gəlirik; onlar bizi Müqəddəs Kitab normalarına riayət etdiyimiz üçün sərt şəkildə tənqid edirlər. Bəs onlar bizə daha yaxşı həyat yolu təklif edə bilərlər? Müqəddəs Kitabda çox yaxşı deyilib: «Axmaq üçün əsl hikmət əlçatmazdır, o, şəhər darvazasında deməyə söz tapmaz» (Məs. 24:7). Axmağın bizə deməyə bir dənə də hikmətli sözü yoxdur. Ona görə də Yehova bizə nəsihət edir: «Axmaq adamdan uzaq dur» (Məs. 14:7).

12. Ağılsızlara bənzəməmək üçün nə etməliyik?

12 İlahi məsləhətə nifrət edən insanlardan fərqli olaraq, biz Yehovanın öyrətdiyi hər bir şeyi, o cümlədən əxlaq qayda-qanunlarını sevirik. Bu sevgini gücləndirmək üçün biz itaətin və itaətsizliyin gətirdiyi nəticələri müqayisə edə bilərik. Fikir verin, Yehovanın hikmətli məsləhətlərini ağılsızcasına rədd edən insanların başına nə cür problemlər gəlir. Sonra isə öz həyatınıza nəzər salın. Görün Allaha itaət etmək sizin həyatınızı necə yaxşılaşdırıb (Zəb. 32:8, 10).

13. Yehova bizi Onun hikmətli məsləhətlərinə əməl etməyə məcbur edir?

13 Yehova hikmətə yiyələnmək üçün hamıya imkan yaradıb, lakin O, heç kimi buna məcbur etmir. Amma qulaq asmayanları gözləyən aqibəti açıq deyir (Məs. 1:29—32). Yehovaya itaət etmək istəməyənlər «əməllərinin bəhrəsini biçəcəklər». Vaxt keçdikcə onlar görəcəklər ki, seçdikləri həyat yolu onlara dərd-bəladan, əzab-əziyyətdən başqa heç nə gətirməyib, sonda isə onları məhv gözləyir. Yehova Onun hikmətli məsləhətlərinə qulaq asıb əməl edənlərə isə belə vəd edir: «Məni dinləyən isə əmin-amanlıqda yaşayacaq, fəlakət qorxusu bilməyəcək» (Məs. 1:33).

HƏQİQİ HİKMƏTİN BİZƏ XEYRİ

İbadət görüşlərində şərh vermək Yehova ilə münasibətlərimizi möhkəmləndirir (15-ci abzasa baxın)

14, 15. Məsəllər 4:23 ayəsindən nə öyrənirik?

14 Allahın Kəlamındakı hikmətli məsləhətlərə əməl etmək həmişə bizim xeyrimizədir. Qeyd etdiyimiz kimi, Yehova hamıya bu hikmətli məsləhətləri öyrənməyə imkan yaradıb. Götürək «Məsəllər» kitabını. Oradakı məsləhətlər heç vaxt öz dəyərini itirmir, onlara əməl etsək, bizim həyatımız yaxşılığa doğru dəyişəcək. Gəlin bu məsləhətlərdən dördünə nəzər salaq.

15 Məcazi ürəyinizi qoruyun. Müqəddəs Kitabda yazılıb: «Hər şeydən çox ürəyini qoru, çünki həyat bulaqları ondan çıxır» (Məs. 4:23). Gəlin düşünək, fiziki ürəyimizi qorumaq üçün nələr etməliyik? Bunun üçün sağlam qidalanmalıyıq, kifayət qədər idmanla məşğul olmalıyıq və pis vərdişlərdən uzaq durmalıyıq. Eyni şeyi məcazi ürəyimizi qorumaq üçün də etməliyik. Hər gün Allahın Kəlamını oxumalıyıq, ibadət görüşlərinə hazırlaşmalıyıq, görüşlərdə iştirak etməliyik və şərhlər verməliyik. Həmçinin təbliğ işində də aktiv olmalıyıq. Bundan əlavə, bizdə pis vərdişlərin yaranmaması üçün düşüncəmizi korlayacaq hər şeydən uzaq olmalıyıq, məsələn, əxlaqsız əyləncədən və pis dostlardan.

Pula düzgün yanaşmaq kömək edir ki, nəyimiz varsa, ona qane olaq (16-cı abzasa baxın)

16. Nəyə görə demək olar ki, Məsəllər 23:4, 5 ayələrindəki məsləhət indiki zəmanədə düz yerinə düşür?

16 Nəyiniz varsa, ona qane olun. Müqəddəs Kitabda belə bir məsləhət var: «Var-dövlət qazanmaq üçün özünü yorma… Bir də baxıb görəcəksən ki, yoxdur. Qartaltək qanad açıb göylərə uçacaq» (Məs. 23:4, 5). Pul, mal-mülk gəldi-gedərdi. Bununla belə, varlı da, kasıb da pul qazanmaq üçün dəridən qabıqdan çıxır. Puldan ötrü elə şeylərə əl atırlar ki, bu, onların adına da, insanlarla münasibətinə də, hətta sağlamlığına da zərər gətirir (Məs. 28:20; 1 Tim. 6:9, 10). Amma hikmətin sayəsində biz pula düzgün yanaşmağı öyrənirik. Bu bizə kömək edir ki, acgöz olmayaq, nəyimiz varsa, ona qane olub, xoşbəxt olaq (Vaiz 7:12).

Danışmazdan öncə düşünməyin sayəsində sözlərimizlə başqalarını yaralamayacağıq (17-ci abzasa baxın)

17. Dilimizin «hikmətli insanın dili» kimi olması üçün nə etməliyik? (Məsəllər 12:18).

17 Danışmazdan əvvəl fikirləşin. Əgər biz ehtiyatlı olmasaq, sözlərimizlə başqalarının qəlbini yaralaya bilərik. Müqəddəs Kitabda yazılıb: «Düşünmədən deyilən söz qılınc zərbəsinə bənzər, hikmətli insanın dili isə məlhəmdir» (Məs. 12:18). Biz başqalarının səhvləri haqqında qeybət etməməklə aramızdakı yaxşı münasibətləri qoruyuruq (Məs. 20:19). Dilimizin məlhəm olması və başqalarını yaralamaması üçün nə etməliyik? Bunun üçün ürəyimiz Allahın Kəlamındakı biliklərlə aşıb-daşmalıdır (Luka 6:45). Müqəddəs Kitabda yazılanların dərinliyinə vardıqca sözlərimiz «hikmət çeşməsi» kimi olacaq, insanlara təravət gətirəcək (Məs. 18:4).

Təşkilatdan gələn göstərişlərə əməl etmək xidmətdə səriştəli olmağa kömək edir (18-ci abzasa baxın)

18. Məsəllər 24:6 ayəsindəki məsləhətə əməl etmək xidmətdə səriştəli olmağa bizə necə kömək edə bilər?

18 Göstərişlərə riayət edin. Müqəddəs Kitabda bizə köməyi dəyəcək hikmətli sözlər yazılıb: «Davanı ağıllı məsləhətlə apar, məsləhətçi çox olarsa, qələbə çalınar» (Məs. 24:6). Gəlin görək bu prinsipə əməl etmək bizə daha yaxşı təbliğçi və müəllim olmağa necə kömək edə bilər. Biz çalışırıq ki, öz istədiyimiz kimi yox, bizə verilən göstərişlərə uyğun təbliğ edək. Biz bu cür göstərişləri ibadət görüşlərində alırıq. Orada Müqəddəs Kitaba əsaslanan nitqlər və təqdimatlar vasitəsilə bizə təlim verən təcrübəli məsləhətçilər var. Həmçinin Yehovanın təşkilatı bizim üçün nəşrlər və videolar hazırlayır. Bu vəsaitlər insanlara Allahın Kəlamını başa düşməyə kömək edir. Bu vəsaitlərdən effektiv şəkildə istifadə etməyi öyrənirsiniz?

19. Yehovanın verdiyi hikmətli məsləhətlər barədə nə düşünürsünüz? (Məsəllər 3:13—18).

19 Məsəllər 3:13—18 ayələrini oxuyun. Biz Allahın Kəlamındakı hikmətli məsləhətlərə görə çox minnətdarıq! Görəsən, bu məsləhətlər olmasaydı, həyatımız necə olardı? Bu məqalədən biz «Məsəllər» kitabından bəzi hikmətli məsləhətləri araşdırdıq. Əlbəttə ki, Allahın Kəlamı bu cür hikmətli məsləhətlərlə zəngindir. Gəlin hər zaman Yehovanın verdiyi hikmətli məsləhətlərə əməl edək. Bu dünyanın ilahi hikmətə necə yanaşması bizim üçün əhəmiyyət daşımır. Biz bütün qəlbimizlə inanırıq ki, «[hikmətdən] yapışanlar bəxtəvər adlanar».

NƏĞMƏ 36 Ürəyimizi qoruyaq

a Yehovanın verdiyi hikmət bu dünyanın hikmətindən qat-qat üstündür. Bu məqalədə «Məsəllər» kitabında yazılmış bir bədii təsvirdən danışacağıq. Orada deyilir ki, hikmət şəhər meydanında hay salır. Öyrənəcəyik ki, həqiqi hikmətə necə yiyələnə bilərik, nəyə görə bəziləri qulağını hikmətin səsinə tıxayır və hikmətin səsinə qulaq asmağın hansı xeyri var.