Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 42

Yehovanın yolunda kamil olanlar xoşbəxtdir!

Yehovanın yolunda kamil olanlar xoşbəxtdir!

«Nə xoşbəxtdir yolunda kamil olan, Yehovanın qanunu ilə addımlayan insan!» (ZƏB. 119:1).

NƏĞMƏ 124 Sədaqətli olaq

İCMAL a

Yehovanın ali hakimiyyətinə sadiq qaldıqlarına həbsdə olmuş və ya hazırda həbsdə olan cəsarətli bacı-qardaşlar (1 və 2-ci abzaslara baxın)

1, 2. a) Bəzi hökumətlər Yehovanın xalqına qarşı hansı tədbirləri görür? Bəs Yehovanın xalqı buna necə yanaşır? b) Nəyə görə biz təqib olunsaq da, xoşbəxtik? (Həmçinin üz qabığındakı şəklə şərh verin.)

 HAL-HAZIRDA bütün dünyada 30-dan çox ərazidə fəaliyyətimizə məhdudiyyət və ya qadağa qoyulub. Bu ərazilərin bəzilərində isə bacı-qardaşlarımız həbs olunub. Nəyə görə? Onların təqsiri nədir? Heç nə. Yehovanın gözündə onlar təqsirsizdir. Onlar sadəcə olaraq Müqəddəs Kitabı mütaliə ediblər, öz etiqadlarını başqaları ilə bölüşüblər və dindaşları ilə birgə ibadət görüşlərində iştirak ediblər. Həmçinin onlar siyasətdə heç kimin tərəfini tutmurlar. Bütün bunlara görə onlar güclü təqiblə üzləşirlər. Amma buna baxmayaraq, onlar Yehovanın yolunda kamil qalırlar b, Ona sədaqətlərini qoruyurlar. Belə davrandıqlarına görə isə çox xoşbəxtdirlər!

2 Yəqin, bu cəsur məsihilərin bəzilərinin şəkillərini görmüsünüz və onların simalarındakı təbəssümə fikir vermisiniz. Onlar xoşbəxtdirlər, çünki bilirlər ki, kamilliklərini qoruduqları üçün Yehova onlardan razıdır (Zəb. 15:1, 2). İsa Məsih demişdi: «Salehlik yolunda təqib olunanlar xoşbəxtdir... Sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir» (Mət. 5:10—12).

BİZİM ÜÇÜN NÜMUNƏ

Butrusla Yəhya məhkəmə qarşısında imanlarını müdafiə edən məsihilər üçün gözəl örnəkdir (3 və 4-cü abzaslara baxın)

3. Həvarilərin işləri 4:19, 20 ayələrinə əsasən, birinci əsrdəki həvarilər təqiblərə necə yanaşmışdılar və hansı səbəbə görə?

3 Bu gün bacı-qardaşlarımızın üzləşdiyi vəziyyət birinci əsrdə həvarilərin üzləşdiyi vəziyyətə bənzəyir. Həvarilər Məsih haqda təbliğ etdiklərinə görə təqiblərə məruz qalırdılar. Yəhudi ali məhkəməsinin hakimləri dəfələrlə onlara əmr etmişdilər ki, «bir də İsanın adı ilə heç nə danışmasınlar» (Həv. 4:18; 5:27, 28, 40). Həvarilər necə davrandılar? (Həvarilərin işləri 4:19, 20 ayələrini oxuyun.) Onlar bir şeyi yaxşı başa düşürdülər: daha üstün səlahiyyət sahibi onlara Məsih barədə «xalqa təbliğ edib ətraflı şəhadət» vermək əmri verib (Həv. 10:42). Butrusla Yəhya həvarilərin adından çıxış edərək cəsarətlə dedilər ki, onlar bu hakimlərə yox, Allaha itaət edəcəklər və Məsih barədə danışmağa son qoymayacaqlar. Bir növ, onlar hakimlərə belə bir sual vermişdilər: «Demək istəyirsiniz ki, sizin verdiyiniz əmr Allahın əmrindən daha üstündür?»

4. Həvarilərin işləri 5:27—29 ayələrinə əsasən, həvarilər necə davranmışdılar və biz onlardan necə örnək ala bilərik?

4 O vaxtdan bəri bütün həqiqi məsihilər bu həvarilərin qoyduğu gözəl nümunəni izləyirlər, yəni insanlara yox, hökmdarları Allaha itaət edirlər. (Həvarilərin işləri 5:27—29 ayələrini oxuyun.) Həvarilər Yehovanın əmrindən çıxmadıqları üçün döyüldülər. Amma onlar yəhudi ali məhkəməsindən «sevinə-sevinə çıxdılar», çünki «İsanın adı naminə» təhqirə layiq görülmüşdülər. Bundan dərhal sonra onlar təbliğə getdilər! (Həv. 5:40—42).

5. Hansı sualların cavabını bilməliyik?

5 Həvarilərin nümunəsinə nəzər salanda müəyyən suallar yaranır. Məsələn, birinci əsrdəki məsihilər Allaha itaət etməklə yanaşı, «hökumətə tabe ol» əmrinə necə əməl edə bilərdilər? (Rom. 13:1). Bəs biz necə edə bilərik ki, həm «hakimiyyətə və hökumətə tabe» olaq, həm də ən ali Hökmdar olan Allahın qarşısında kamil qalaq? (Tit. 3:1).

İNSAN HÖKUMƏTLƏRİ

6. a) Romalılara 13:1 ayəsinə əsasən, bizim insan hökumətləri qarşısında hansı öhdəliyimiz var? b) Bütün insan hökumətləri ilə bağlı nə demək olar?

6 Romalılara 13:1 ayəsini oxuyun. Məsihilər insan hökumətlərinə tabe olmalıdırlar. Dövlət başçıları cəmiyyətdə asayişin qorunmasına, qanunların icra olunmasına nəzarət edir, hətta bəzən Yehovanın xalqını müdafiə edir (Vəhy 12:16). Buna görə də bizə belə bir əmr verilib: «Hər kəsə haqqını verin: vergidirsə — vergini, bacdırsa — bacı, qorxudursa — qorxunu, hörmətdirsə — hörməti» (Rom. 13:7). Amma bir şeyi unutmamalıyıq: Yehova insan hökumətlərinə səlahiyyət verməsəydi, onların heç bir səlahiyyəti olmazdı. Roma valisi Ponti Pilat İsanı sorğu-suala tutan zaman İsa bunu açıq-aydın demişdi. Pilat bildirmişdi ki, İsanın həyatı onun əlindədir, istəsə sağ saxlayar, istəsə öldürər. İsa isə ona belə cavab vermişdi: «Sənə göydən verilməsəydi, mənim üzərimdə heç bir ixtiyarın olmazdı» (Yəh. 19:11). Pilatın səlahiyyəti məhdud olduğu kimi, bu gün də bütün insan hökumətlərinin və siyasətçilərin səlahiyyəti məhduddur.

7. Hansı hallarda biz insan rəhbərlərinə tabe olmamalıyıq və bu rəhbərlər nəyi bilməlidirlər?

7 Hökumətin qoyduğu qayda-qanunlar Allahın qanunlarına zidd getmədiyi təqdirdə məsihilər onlara tabe olurlar. Amma insan Allahın qadağan etdiyi bir şeyi bizdən tələb edirsə, yaxud Allahın buyurduğu şeyi qadağan edirsə, biz ona tabe ola bilmərik. Məsələn, ola bilər ki, dövlət gənc oğlanlardan əllərinə silah alıb, vətən naminə vuruşmağı tələb etsin c. Yaxud ola bilər ki, dövlət Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ni və ona əsaslanan nəşrlərimizi qadağan etsin, bizə təbliğ etməyə, dindaşlarımızla birlikdə ibadət etməyə icazə verməsin. İnsan hökumətləri öz səlahiyyətlərini aşıb, Məsihin davamçılarını təqib edirlərsə, buna görə Allahın qarşısında cavab verəcəklər. Yehova hər şeyi görür! (Vaiz 5:8).

8. Yehova ilə insan hökumətləri arasında hansı fərq var və bunu bilmək nəyə görə vacibdir?

8 Düzdür, ola bilsin, hökumətlər ixtiyar sahibidir, çoxlu yaxşı işlər görürlər və başqaları üzərində səlahiyyətləri var. Amma bu, o demək deyil ki, onlar mükəmməldir, yaxud ən üstün mövqeyə sahibdirlər. Mükəmməl olan və ən uca mövqeyə sahib olan Yehova Allahdır. Müqəddəs Kitabda Yehova dəfələrlə «Haqq-Taala» adlanır, bununla Onun ali Hökmdar olduğu vurğulanır (Dən. 7:18, 22, 25, 27).

ALİ HÖKMDAR YEHOVA

9. Dənyal peyğəmbərə hansı görüntülər nazil olmuşdu?

9 Dənyal peyğəmbərə görüntülər nazil olmuşdu və bu görüntülər Yehova Allahın bütün hökmdarlardan üstün olduğunu açıq-aydın göstərir. Əvvəlcə Dənyal peyğəmbər dörd nəhəng heyvan görmüşdü. Bu heyvanlar həm keçmişdəki, həm də bizim dövrdəki aparıcı dövlətləri təmsil edir. Bu, Babil, Mada-Fars, Yunanıstan, Roma və bu gün hakimiyyət sürən İngiltərə və Amerika dövlətləridir (Dən. 7:1—3, 17). Daha sonra Dənyal peyğəmbər görür ki, Yehova Allah göydə qurulan məhkəmədə taxtda oturub (Dən. 7:9, 10). Peyğəmbərin bundan sonra gördükləri bugünkü hökmdarlar üçün xəbərdarlıq olmalıdır.

10. Dənyal 7:13, 14, 27 ayələrinə əsasən, Yehova yer üzünü idarə etmək səlahiyyətini kimə verib və bu, Onun haqqında nəyi deyir?

10 Dənyal 7:13, 14, 27 ayələrini oxuyun. Yehova Allah bütün insan hökumətlərindən hakimiyyəti alıb, buna daha çox layiq olan və daha qüdrətli olan şəxslərə verib. Kimlərə? «İnsan oğluna bənzər bir nəfər»ə, yəni İsa Məsihə və «Haqq-Taalanın müqəddəs bəndələri»nə, yəni 144 000 nəfərə. Onlar «əbədiyyən, sonsuzadək» hakimiyyət sürəcəklər (Dən. 7:18). Belə bir şey etməyə Haqq-Taala Yehovadan başqa kimin ixtiyarı çatar?!

11. Dənyalın başqa hansı sözləri Yehovanın insan hökumətlərindən üstün olduğunu göstərir?

11 Dənyalın görüntüdə gördükləri onun bundan öncə dediklərini təsdiq edir. Dənyal demişdi ki, «padşahları taxtdan salan da, taxta çıxaran da» göylərin Allahıdır. O həmçinin yazmışdı: «Bəşər səltənəti üzərində hökmran Haqq-Taaladır. Səltənəti kimə istəyir verir» (Dən. 2:19—21; 4:17). Bəs nə vaxtsa olub ki, Yehova padşahları taxtdan salsın və ya taxta çıxarsın? Əlbəttə, olub!

Yehova padşahlığı Bəlşəzzarın əlindən alıb, madalılara və farslara verdi (12-ci abzasa baxın)

12. Keçmişdə Yehovanın padşahları taxtdan saldığına dair nümunələr çəkin. (Şəklə baxın.)

12 Yehova insan hökumətlərindən daha üstün mövqeyə sahib olduğunu aydın şəkildə göstərib. Üç hadisəyə baxaq. Misir hökmdarı firon Yehovanın xalqını əsir etmişdi və qətiyyən onları azadlığa buraxmaq istəmirdi. Amma Yehova xalqını qurtardı, fironu isə Qırmızı dənizin sularına qərq etdi (Çıx. 14:26—28; Zəb. 136:15). Babil padşahı Bəlşəzzar ziyafət qurub özünü göylərin Rəbbindən uca tutmuşdu və Yehovanı şərəfləndirmək əvəzinə, «gümüş, qızıl allahlara» alqış demişdi (Dən. 5:22, 23). Amma Yehova bu məğrur insanı alçaltdı. «Həmin gecə» Bəlşəzzar öldürüldü, beləcə, padşahlıq madalıların və farsların əlinə verildi (Dən. 5:28, 30, 31). Fələstin padşahı I Hirod Aqrippa həvari Yaqubu öldürtmüşdü, sonra isə Butrusu da öldürmək üçün həbs etmişdi. Amma Yehova Hirodun niyyətinin baş tutmasına mane oldu. «Yehovanın mələyi Hirodu vurdu» və o öldü (Həv. 12:1—5, 21—23).

13. Yehovanın ittifaq quran hökmdarları məhv etdiyini göstərən nümunələr çəkin.

13 Yehova həmçinin ittifaq quran hökmdarlardan da üstün olduğunu göstərib. Qədimdə O, İsrail xalqı uğrunda vuruşmuşdu və kömək etmişdi ki, xalqı ittifaq quran 31 kənani padşahı məğlub edib, Vəd edilmiş diyarın böyük hissəsini zəbt etsin (Yuş. 11:4—6, 20; 12:1, 7, 24). Yehova həmçinin İsraillə döyüşən Bənhədad padşahı və 32 arami hökmdarı yerlə yeksan etmişdi (1 Pad. 20:1, 26—29).

14, 15. a) Navuxodonosor və şah Dara Yehovanın hakimiyyəti ilə bağlı nə demişdilər? b) Yehova və Onun xalqı haqda məzmurçu nə demişdi?

14 Yehova Haqq-Taala olduğunu dəfələrlə sübut edib! Babil padşahı Navuxodonosor təvazökarlıq göstərib Yehovanı ucaltmaq əvəzinə, özünün şan-şöhrəti, güc-qüdrəti ilə öyünürdü. Buna görə də Yehova onun ağlını əlindən aldı. Sağalandan sonra Navuxodonosor «Haqq-Taalaya alqış oxudu» və Yehovanın hakimiyyətinin «əbədi hakimiyyət» olduğunu etiraf etdi. O həmçinin Yehova haqda demişdi: «Heç kim Ona mane ola bilməz» (Dən. 4:30, 33—35). Dənyal peyğəmbərin sədaqəti sınananda və Yehova onu şirlərin quyusundan xilas edəndə şah Dara belə demişdi: «Əmr verirəm ki, səltənətimin bütün torpaqlarında insanlar Dənyalın Allahından qorxub titrəsin. Çünki O, var olan və əbədi Allahdır. Onun padşahlığı dağılmazdır, hakimiyyəti sonsuzdur» (Dən. 6:7—10, 19—22, 26, 27).

15 Bir məzmurçu demişdi: «Yehova xalqların niyyətini alt-üst etdi, ümmətlərin tədbirini puça çıxardı». Daha sonra o, belə demişdi: «Allahı Yehova olan xalq nə bəxtiyardır! Onun Özünə mülk etdiyi xalq nə bəxtiyardır!» (Zəb. 33:10, 12). Məgər bu, Yehovanın önündə kamil qalmaq üçün əsaslı səbəb deyil?!

HƏLLEDİCİ DÖYÜŞ

Xalqlar birliyi Yehovanın səmavi ordusu qarşısında aciz qalacaq (16 və 17-ci abzaslara baxın)

16. Böyük müsibətlə bağlı nəyə əmin ola bilərik və nəyə görə? (Şəklə baxın.)

16 Biz Yehovanın keçmişdə xalqı üçün nələr etdiyi barədə oxuduq. Bəs O, gələcəkdə nələr edəcək? Biz tamamilə əmin ola bilərik ki, Yehova Allah «böyük müsibət»də sadiq xidmətçilərini qurtaracaq (Mət. 24:21; Dən. 12:1). Həmin vaxt Məcuc ölkəsindən olan Yəcuc, yəni xalqlar birliyi Yehovanın bütün dünyadakı sadiq xidmətçilərinə amansız hücum edəcək. Bu zaman Yehova Öz xalqını xilas edəcək. Hətta bu birliyə Birləşmiş Millətlər Təşkilatının 193 üzvünün hamısı daxil olsa da, onlar Haqq-Taala və Onun səmavi ordusu qarşısında aciz olacaqlar! Yehova belə bir vəd verir: «Xalqların qarşısında Özümü ucaldacağam, müqəddəsliyimi göstərəcəyəm, Özümü tanıdacağam. Onda biləcəklər ki, Mən Yehovayam» (Hizq. 38:14—16, 23; Zəb. 46:10).

17. Müqəddəs Kitaba əsasən, bu dünyanın padşahlarının aqibəti necə olacaq? Bəs kamil adamlarla nə baş verəcək?

17 Yəcucun hücumu Yehovanın həlledici döyüşünə, Armageddon müharibəsinin başlamasına təkan olacaq və bu müharibədə Yehova «yer üzünün padşahlarını» məhv edəcək (Vəhy 16:14, 16; 19:19—21). Bundan sonra «yer üzündə düz adamlar yaşayacaq, orada kamil adamlar qalacaq» (Məs. 2:21).

BİZ KAMİL QALMALIYIQ

18. Həqiqi məsihilər nə etməyə hazırdırlar və nəyə görə? (Dənyal 3:28).

18 Əsrlər ərzində həqiqi məsihilər ali Hökmdarları Yehovanı sevdikləri üçün öz azadlıqlarını qurban verməyə, hətta həyatlarından keçməyə hazır olublar. Yehovanın yolunda kamil qalan bu insanlar qədimdəki üç ibrani gəncə bənzəyir. Həmin üç ibrani Haqq-Taalaya sədaqətini qorumuşdu, Yehova da onları odlu sobadan xilas etmişdi. (Dənyal 3:28 ayəsini oxuyun.)

19. Yehova kimlərə arxa olacaq və biz indidən nə etməliyik?

19 Məzmurçu Davud kamilliyimizi qorumağın nəyə görə vacib olduğu haqda belə yazmışdı: «Kamil olduğum üçün mənə arxa olursan, məni həmişəlik hüzurunda saxlarsan» (Zəb. 41:12). O həmçinin belə sözlər yazmışdı: «Qoy kamillik və dürüstlük məni qorusun» (Zəb. 25:21). Nə ilə üzləşiriksə üzləşək, ən gözəl həyat yolu Yehovaya sadiq qalmaqdır, sədaqətimizi qorumaqdır! Onda biz məzmurçunun keçirdiyi hissləri keçirəcəyik, o demişdi: «Nə xoşbəxtdir yolunda kamil olan, Yehovanın qanunu ilə addımlayan insan!» (Zəb. 119:1).

NƏĞMƏ 122 Mətin qalın, sarsılmaz olun!

a Müqəddəs Kitab məsihilərə buyurur ki, hökumətə tabe olsunlar. Amma bəzi hökumətlər Yehovaya və Onun xidmətçilərinə açıq-aşkar qarşı çıxır. Belə vəziyyətdə həm insan hökumətlərinə tabe olmaq, həm də Yehovanın önündə kamil qalmaq necə mümkündür?

b BƏZİ İFADƏLƏRİN İZAHI. Kamil olmaq hətta sınaqla üzləşən zaman Yehovaya və Onun hakimiyyətinə sadiq qalmaq deməkdir.

c Bu sayda dərc olunan «Qədimdə israillilər müharibəyə gedirdi, bəs biz niyə getmirik?» adlı məqaləyə baxın.