Oxucuların sualları
İsraillilər səhrada olarkən manna ilə bildirçindən başqa nəsə yeyirdilər?
İsraillilər səhrada olduqları qırx il ərzində əsasən manna ilə qidalanırdı (Çıx. 16:35). Həmçinin Yehova onlara iki dəfə yeməyə bildirçin də vermişdi (Çıx. 16:12, 13; Say. 11:31). Amma israillilərin müəyyən qədər başqa yeməkləri də olurdu.
Məsələn, bəzən Yehovanın onları düşərgə salmaq üçün apardığı yerlərdə həm içməyə su, həm də yeməyə qidaları olurdu (Say. 10:33). Bu yerlərdən biri Elim vadisi idi. «Orada on iki bulaq və yetmiş xurma ağacı var idi» (Çıx. 15:27). «Müqəddəs Kitabda adları çəkilən bitkilər» kitabında deyilir ki, «geniş coğrafi ərazini əhatə edən xurma ağacları səhrada rast gəlinən əsas bitkidir. Bu ağaclar milyonlarla insanı qida, yağ və sığınacaqla təmin edir» («Plants of the Bible»).
Həmçinin israillilər, ola bilsin, bu gün Fəran kimi tanınan vahədə dayanmışdılar. Bura Fəran vadisinin a bir hissəsi idi. Bir kitabda deyilir ki, bu vadi, yəni çay yatağı «130 kilometr uzunluğundadır, Sinanın ən uzun, ən gözəl və ən məşhur vadisidir. Çayın mənsəbindən təxminən 45 kilometr məsafədə Fəran vahəsi yerləşir. Bu vahə dəniz səviyyəsindən 610 metr yüksəklikdədir və uzunluğu 4,8 kilometrdir. Vahədə xurma ağaclarının əlindən tərpənmək olmur. Ora elə gözəldir ki, hətta Sinanın Ədən bağı adlanır. Orada minlərlə xurma ağaclarının olması ta qədimdən insanları bura cəlb edib» («Discovering the World of the Bible»).
İsraillilər Misirdən çıxanda özləri ilə xəmir təknələrini, yoğurduqları xəmirləri və ola bilsin, müəyyən qədər buğda və yağ götürmüşdülər. Əlbəttə, bu şeylər onlara uzun müddət bəs etməzdi. Həmçinin onlar özləri ilə «çoxlu heyvan, sürülər, naxırlar götürmüşdü» (Çıx. 12:34—39). Amma səhranın sərt iqliminə görə, yəqin, heyvanların içindən ölənlər olurdu. Bəzi heyvanları israillilər qida kimi istifadə edirdi, digərlərini isə, ola bilsin, qurban gətirirdilər. Hətta onlar yalançı allahlara da qurban gətirmişdilər b (Həv. 7:39—43). Bununla yanaşı israillilər müəyyən heyvanları artırırdılar. Bunu Yehovanın onlara imansızlıqlarına görə dediyi sözlərdən görmək olar: «Oğullarınız qırx il səhrada çobanlıq edəcəklər» (Say. 14:33). Buna görə, yəqin, onlar sürüdən süd əldə edirdilər. Bəzən isə ətini yeyirdilər. Amma əlbəttə ki bu, təxminən üç milyon insanın 40 il ərzində dolanması üçün kifayət deyildi c.
Bəs israillilər heyvanlar üçün qidanı və suyu haradan tapırdılar? d Görünür, o vaxtlar səhrada yağış daha çox olurdu, buna görə bitki də çox idi. «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasının I cildində deyilir ki, «3500 il bundan əvvəl Ərəbistanda su ehtiyatı indikindən çox idi. Bu gün çoxlu dərin, quru vadilər mövcuddur. Onlar əvvəllər çay yataqları olublar. Bu, sübut edir ki, yataqları su ilə doldurmaq üçün keçmişdə kifayət qədər yağış yağıb». Bununla belə, səhralıq bomboş, vahiməli bir yer idi (Qan. 8:14—16). Yehovanın möcüzəvi şəkildə verdiyi su olmasaydı, israillilər də, onların heyvanları da tələf olardı (Çıx. 15:22—25; 17:1—6; Say. 20:2, 11).
Musa israillilərə demişdi: Yehova sizi «manna ilə qidalandırdı ki, biləsiniz: insanı yaşadan yalnız çörək deyil, Yehovanın ağzından çıxan hər kəlmədir» (Qan. 8:3).
a «Gözətçi qülləsi» jurnalının 1992-ci il 1 may sayının 24 və 25-ci səhifələrinə (rus.) baxın.
b Müqəddəs Kitabda israillilərin səhrada Yehovaya heyvan qurbanı gətirdiyi iki hadisə qələmə alınıb. Birinci hadisə kahinlik təsis olunan vaxt, ikincisi isə Pasxa zamanı olmuşdu. Hər iki hadisə eramızdan əvvəl 1512-ci ildə, israillilərin Misirdən çıxmağının ikinci ilində baş vermişdi (Lav. 8:14—9:24; Say. 9:1—5).
c Səhrada keçirdikləri 40 ilin sonlarına yaxın israillilər müharibədən yüz minlərlə heyvan qənimət ələ keçirmişdilər (Say. 31:32—34). Bununla belə, onlar Vəd edilmiş diyara daxil olana kimi manna yeməyə davam etdilər (Yuş. 5:10—12).
d Heyvanların da manna yediyini deməyə heç bir əsasımız yoxdur. Çünki Yehova hər bir insana özünün yeyəcəyi qədər manna toplamağı buyurmuşdu (Çıx. 16:15, 16).