Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 43

NƏĞMƏ 90 Bir-birimizi ruhlandıraq

Şübhələri dəf edək

Şübhələri dəf edək

«Hər şeyin doğru olub-olmadığını yoxlayın» (1 SALON. 5:21).

ƏSAS FİKİR

Öyrənəcəyik ki, xidmətimizə təsir edən şübhələr varsa, onları necə dəf edə bilərik.

1, 2. a) Yehovanın xidmətçilərində nə kimi şübhələr yarana bilər? b) Bu məqalədə nəyi araşdıracağıq?

 YAŞIMIZDAN asılı olmayaraq bəzən hər birimiz şübhələrə qapılırıq a. Məsələn, gənc təbliğçidə belə sual yarana bilər: «Görəsən, Yehova mənə fikir verir?» Ola bilsin, bu kimi suallara görə o, vəftiz olunmağa tərəddüd edir. Yaxud orta yaşlı bir qardaşı təsəvvür edək. O, cavan olanda qərar vermişdi ki, Yehovaya xidməti hər şeydən üstün tutsun, bu dünyada çoxlu pul qazanmağın dalınca qaçmasın. Hal-hazırda qardaşın gəliri ailəsinin tələbatlarını ödəməyə ancaq çatır, buna görə də o, vaxtilə verdiyi qərarın düzgün olduğuna şübhə edir. Gücü, taqəti az olan yaşlı bacını təsəvvür edək. O, Yehovanın yolunda əvvəlki qədər çox iş görə bilmədiyi üçün ruhdan düşür. Bəs siz özünüzə nə vaxtsa bu cür suallar vermisiniz: «Görəsən, Yehova mənə nəzər salır? Yehovanın yolunda qurbanlar verməyə dəyərdi? Mən hələ də Yehovanın işi üçün yararlıyam?»

2 Bu kimi suallar cavabsız qalsa, onlar bizi Yehovaya ibadətdən soyuda bilər. Gəlin görək Müqəddəs Kitabdakı prinsiplər 1) Yehovanın bizimlə maraqlandığı ilə, 2) keçmişdə verdiyimiz qərarlarla və 3) Onun işində hələ də yararlı olduğumuzla bağlı şübhələrə qalib gəlməyə necə kömək edə bilər.

ŞÜBHƏLƏRƏ NECƏ QALİB GƏLMƏK OLAR?

3. Şübhələrə qalib gəlməyin yollarından biri hansıdır?

3 Şübhələrə qalib gəlməyin bir yolu Allahın Kəlamının vasitəsilə suallarımıza cavab tapmaqdır. Belə etsək, imanımız möhkəmlənəcək, ruhani cəhətdən böyüyəcəyik və iman yolunda daha dəyanətli olacağıq (1 Kor. 16:13).

4. «Hər şeyin doğru olub-olmadığını» necə yoxlaya bilərik? (1 Salonikililərə 5:21).

4 1 Salonikililərə 5:21 ayəsini oxuyun. Fikir verin ki, Müqəddəs Kitab bizi «hər şeyin doğru olub-olmadığını» yoxlamağa səsləyir. Bəs bunu necə edə bilərik? İnandığımız şeyin doğru olub-olmadığını yoxlamaq üçün Müqəddəs Kitabda bununla bağlı nə deyildiyini öyrənməliyik. Allahın gözündə dəyərli olduğuna şübhə edən gənc təbliğçinin nümunəsinə qayıdaq. O, sadəcə bu fikirlərlə barışmalıdır? Xeyr. Bu fikirlərin doğru olub-olmadığını yoxlamaq üçün Yehovanın bu barədə nə düşündüyünü öyrənməlidir.

5. Yehovanın suallarımıza verdiyi cavabı necə “eşidə” bilərik?

5 Biz Müqəddəs Kitabı oxuyanda sanki Yehovanın səsini “eşidirik”. Amma hansısa sualla bağlı Onun nə düşündüyünü bilmək üçün daha artığını etmək lazımdır. Mütaliəmizi bizi narahat edən mövzu ətrafında etməliyik. Bunun üçün həmin mövzuda axtarış apara bilərik. Yehovanın təşkilatının təqdim etdiyi vəsaitlər bu sahədə bizə kömək edəcək (Məs. 2:3—6). Yehovaya dua edib xahiş edə bilərik ki, düzgün istiqamətdə axtarış aparmağa və sualımıza cavab tapmağa bizə kömək etsin. Sonra isə oxuduğumuz materialdan vəziyyətimizə uyğun prinsip və məlumat axtarıb tapa bilərik. Müqəddəs Kitabdan oxşar vəziyyətlə üzləşmiş insanların nümunəsini araşdırmaqla da çox şey öyrənə bilərik.

6. İbadət görüşləri şübhələrimizə üstün gəlməyə necə kömək edir?

6 Həmçinin Yehovanın səsini ibadət görüşlərində “eşidirik”. Bu görüşlərdə müntəzəm iştirak etsək, hansısa nitqdən və ya kiminsə şərhindən məhz bizim sualımıza cavab olan fikir eşidə bilərik (Məs. 27:17). Gəlin bizi narahat edə biləcək konkret şübhələrdən və onları dəf etməyin yollarından danışaq.

YEHOVANIN ŞƏXSƏN SİZƏ NƏZƏR SALDIĞINA ŞÜBHƏ EDİRSİNİZSƏ

7. Bəzilərində hansı sual yarana bilər?

7 Nə vaxtsa sizdə belə bir şübhə yaranıb: «Görəsən, Yehova mənə doğrudan da nəzər salır?» Əgər özünüzü dəyərsiz hiss edirsinizsə, Kainatın Yaradanı ilə dostluq etmək sizin üçün ağlasığmaz, mümkünsüz görünə bilər. Ola bilsin, Davud padşahda da belə fikirlər olurdu. Yehovanın adi insanlara fikir verməsi onu heyrətə gətirirdi. Davud demişdi: «Ey Yehova, insan nədir ki, ona nəzər salırsan? Fani insan nədir ki, ona diqqət yetirirsən?» (Zəb. 144:3). Bəs bu sualların cavabını haradan tapmaq olar?

8. 1 İşmuil 16:6, 7, 10—12 ayələrinə əsasən Yehova insanlarda nəyə fikir verir?

8 Müqəddəs Kitabdan öyrənirik ki, Yehova başqalarının əhəmiyyət vermədiyi kəslərə nəzər salır. Yehova İşmuili Yəssənin evinə göndərmişdi. İşmuil onun oğullarından birini İsrailin gələcək padşahı kimi məsh etməli idi. Yəssə səkkiz oğlundan yeddisini, yəni ən kiçiyi olan Davuddan b başqa hamısını İşmuilin qarşısına çıxardı. Amma Yehova məhz Davudu seçdi. (1 İşmuil 16:6, 7, 10—12 ayələrini oxuyun.) Yehova Davudun daxilən necə insan olduğunu görürdü. Bilirdi ki, bu gənc oğlan ruhani şeylərə dəyər verir.

9. Yehovanın sizinlə maraqlandığına nəyə görə əmin ola bilərsiniz? (Həmçinin şəklə baxın.)

9 Düşünün: Yehova sizə nəzər saldığını bu günə kimi necə göstərib? O məhz sizin tələbatınıza uyğun məsləhətlər verir (Zəb. 32:8). Əgər O sizi yaxşı tanımasa, bunu necə edə bilər? (Zəb. 139:1). Yehovanın verdiyi məsləhətlərə əməl edəndə və onların xeyrini görəndə Onun şəxsən sizinlə maraqlandığına əmin olacaqsınız (1 Saln. 28:9; Həv. 17:26, 27). O, çəkdiyiniz zəhməti görür. Yehova sizin daxili gözəlliyinizdən agahdır və sizə yaxın olmaq istəyir (Ərm. 17:10). Bu dostluq təklifini qəbul etsəniz, Yehova çox sevinər (1 Yəh. 4:19).

«[Yehovanı] axtarsan, tapacaqsan» (1 Saln. 28:9). (9-cu abzasa baxın) c


VERDİYİNİZ QƏRARLARIN DÜZGÜNLÜYÜNƏ ŞÜBHƏ EDİRSİNİZSƏ

10. Keçmiş qərarlarımız barədə düşünəndə bizdə hansı suallar yarana bilər?

10 Bəziləri keçmişə boylananda verdikləri qərarların düzgün olduğuna şübhə edirlər. Ola bilsin, onlar Yehovaya tam şəkildə xidmət etmək üçün gəlirli işlərindən çıxıblar, yaxud da uğurlu biznes qurmaq imkanından vaz keçiblər. Bəlkə də, həmin vaxtdan uzun illər keçib və indi, ola bilsin, həmin insanlar dünyəvi məqsədlər qoyan tanışlarına baxıb görürlər ki, onların rahat şəraitləri var, heç nədən korluq çəkmirlər. Buna görə də onlar belə düşünə bilərlər: «Görəsən, Yehovanın yolunda bu qurbanları verməklə düz etmişəm? Bəlkə, o vaxt çox işləsəydim, indi yaxşı pulum olardı?»

11. 73-cü məzmurun yazarını nə narahat edirdi?

11 Əgər bu kimi suallar sizdə də yaranırsa, fikir verin, 73-cü məzmurun yazarı hansı hissləri keçirmişdi. O, başqalarının sağlam, firavan, əzab-əziyyətsiz yaşadığını görürdü (Zəb. 73:3—5, 12). Onların həyatına, uğurlarına baxanda düşünürdü ki, hədər yerə Yehovanın yolunda bu qədər əziyyətə qatlaşıb. Bu fikrə görə o, bütün günü «dərd-sər» çəkirdi (Zəb. 73:13, 14). Bəs o bu mənfi düşüncələrinə necə üstün gəldi?

12. Zəbur 73:16—18 ayələrinə əsasən məzmurçu mənfi fikirlərin öhdəsindən necə gəldi?

12 Zəbur 73:16—18 ayələrini oxuyun. Məzmurçu Allahın müqəddəs məkanına getmişdi. Belə bir sakit mühit ona aydın düşünməyə imkan verdi. Orada o başa düşdü ki, kənardan bəzilərinin həyatı rahat görünsə də, gələcəyə ümidləri yoxdur. Bunu anlayandan sonra məzmurçu qəlb rahatlığı tapdı. O, əmin oldu ki, ruhani işləri üstün tutmaqla ən doğru qərarı verib. Nəticədə, onun Yehovaya xidmət etmək əzmi möhkəmləndi (Zəb. 73:23—28).

13. Keçmişdə verdiyiniz qərarların düzgünlüyünə şübhə edirsinizsə, qəlb rahatlığı tapmağa sizə nə kömək edəcək? (Həmçinin şəklə baxın.)

13 Məzmurçu kimi siz də Allahın Kəlamının köməyi ilə qəlb rahatlığı tapa bilərsiniz. Necə? Nə qədər dəyərli şeylərə sahib olduğunuz barədə düşünün. Məsələn, siz göydə xəzinə yığmısınız. Bəs Yehovaya xidmət etməyən insanlar barədə nə demək olar? Onların aldığı yeganə mükafat bu dünyanın təqdim etdiyi şeylərdir. Bu insanlar üçün yaxşı iş, rahat şərait bu həyatda hər şeydən vacibdir. Çünki onlar gələcəyə ümid bəsləmirlər. Sizə isə Yehova ağlınıza belə gəlməyəcək nemətləri verməyi vəd edir (Zəb. 145:16). Həm də bunu nəzərə alın: biz dəqiqliklə bilə bilmərik, fərqli qərar versəydik, indi həyatımız necə olardı. Amma bir şey dəqiqdir, Yehovaya və insanlara məhəbbətdən irəli gələrək qərar verən kəslər həqiqətən dəyərli olan heç bir şeydən məhrum olmurlar.

Nəzərinizi Yehovanın vəd etdiyi nemətlərə cəmləyin (13-cü abzasa baxın) d


YEHOVANIN İŞİNDƏ YARARLI OLDUĞUNUZA ŞÜBHƏ EDİRSİNİZSƏ

14. Bəziləri hansı çətinliklərlə üzləşir və onlarda hansı sual yarana bilər?

14 Yehovanın bəzi xidmətçiləri qocalıq, xəstəlik və ya əlillik ucbatından istədikləri qədər Ona xidmət edə bilmirlər. Buna görə onlar Yehovanın gözündə dəyərsiz olduqlarını düşünə bilərlər. Bəlkə də, onları belə sual narahat edir: «Mən hələ də Yehovanın işi üçün yararlıyam?»

15. 71-ci məzmurun yazarı nəyə əmin idi?

15 71-ci məzmurun yazarının da buna bənzər narahatlıqları var idi. Ona görə də o, dua etmişdi: «Gücüm tükənəndə məni tərk etmə» (Zəb. 71:9, 18). Bununla belə, məzmurçu əmin idi ki, əgər o, sədaqətlə xidmət etsə, Yehova ona dayaq olacaq. O, bir şeyi öyrəndi: insan məhdudiyyətlərinə baxmayaraq xidmətdə əlindən gələni edəndə Yehova ondan razı qalır (Zəb. 37:23—25).

16. Yaşlı bacı-qardaşlar Yehovanın yolunda hansı işləri görə bilərlər? (Zəbur 92:12—15).

16 Əziz yaşlı bacı-qardaşlar, özünüzə Yehovanın gözü ilə baxın. Fiziki cəhətdən zəif olsanız da, Yehovanın köməyi ilə ruhani cəhətdən güclü ola bilərsiniz. (Zəbur 92:12—15 ayələrini oxuyun.) Fikrinizi artıq edə bilmədiyiniz şeylərə yox, bacardığınız şeylərə cəmləyin. Misal üçün, öz nümunənizlə və insanlara diqqət göstərməklə onları ruhlandıra bilərsiniz. Həmçinin illər ərzində Yehovanın sizə necə dayaq olduğu və Onun vədlərinin yerinə yetəcəyinə tam əmin olduğunuz barədə danışa bilərsiniz. Bundan əlavə, yadda saxlayın ki, başqaları üçün etdiyiniz səmimi duaların böyük təsiri var (1 But. 3:12). Vəziyyətinizdən asılı olmayaraq, Yehova və insanlardan ötrü həmişə nə isə edə bilərsiniz.

17. Nəyə görə özümüzü başqaları ilə müqayisə etməməliyik?

17 Əgər Yehovaya istədiyiniz qədər xidmət edə bilmədiyinizə görə məyus olursunuzsa, bir şeyi yadda saxlayın: Yehovanın yolunda etdiyiniz hər bir şey Onun üçün çox dəyərlidir. Bəlkə də gördüyünüz işləri başqalarınınkı ilə müqayisə etməyə meyillisiniz. Qətiyyən bunu etməyin, çünki Yehova bu cür müqayisələr etmir (Qal. 6:4). Məsələn, Məryəm İsaya çox bahalı ətirli yağ hədiyyə etmişdi (Yəh. 12:3—5). Kasıb dul qadın isə çox az dəyəri olan iki xırda pul ianə etmişdi (Luka 21:1—4). İsa hər ikisinin verdiyi hədiyyəyə imanlarının təzahürü kimi baxdı. İsa Atasının xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirirdi. Ona görə də əmin ola bilərsiniz ki, sizin üçün nə qədər kiçik görünsə də, Yehova Ona imandan və sevgidən irəli gələrək etdiyiniz hər bir işə böyük dəyər verir.

18. Şübhələrə necə qalib gələ bilərik? (Həmçinin « Allahın Kəlamı şübhələrə qalib gəlməyə kömək edə bilər» adlı çərçivəyə baxın)

18 Vaxtaşırı hər birimizin ürəyində şübhələr yaranır. Amma gördüyümüz kimi Yehovanın etibarlı Kəlamı olan Müqəddəs Kitab onları dəf etməyə kömək edə bilər. Buna görə də sizi narahat edən suallara cavab tapmağa çalışın. Qoy narahatlıqlarınızın yerini əminlik tutsun. Arxayın olun, siz şəxsən Yehovanın nəzərindəsiniz. Yehova verdiyiniz qurbanları qiymətləndirir və sizə mükafat verməyi Özünə borc bilir. O, hər bir xidmətçisini sevgisinə və diqqətinə layiq görür. Buna şübhə etməyin.

NƏĞMƏ 111 Yehova — sevinc mənbəyimiz

a BƏZİ İFADƏLƏRİN İZAHI. Bu məqalədə Yehovanın gözündə nə dərəcədə dəyərli olduğumuzla bağlı, yaxud keçmişdə verdiyimiz qərarların doğru olub-olmadığı ilə bağlı yaranan şübhələrdən danışacağıq. Burada Müqəddəs Kitabda bəhs edilən, yəni Yehovaya və Onun vədlərinə iman azlığından xəbər verən şübhələrdən danışılmır.

b Müqəddəs Kitabda Yehovanın Davudu seçəndə onun neçə yaşda olduğu dəqiq deyilməsə də, ehtimal ki, o həmin vaxt yeniyetmə yaşlarında idi. («Gözətçi qülləsi»nin 2011-ci il 1 sentyabr sayının 29-cu səhifəsində yerləşən 2-ci abzasa (türk.) baxın.)

c ŞƏKLİN İZAHI. Gənc məsihi Yehovanın onunla bağlı nə düşündüyünü öyrənmək üçün Kəlama üz tutur.

d ŞƏKLİN İZAHI. Qardaş ailəsini dolandırmaq üçün pəncərə təmizləyir. O, təsəvvüründə Cənnətdə olacağı vaxtı canlandırır.