Kontentə keç

Mündəricatı göstər

«Allahımızın sözü əbədi qalar»

«Allahımızın sözü əbədi qalar»

«Ot quruyar, çiçək solar, lakin Allahımızın sözü əbədi qalar» (ƏŞY. 40:8).

NƏĞMƏ: 95, 97

1, 2. a) Müqəddəs Kitab olmasaydı, həyatımız necə olardı? b) Hansı halda insan Müqəddəs Kitabdan tam faydalana bilər?

BİR anlıq düşünək, Müqəddəs Kitab olmasaydı, həyatımız necə olardı? Gündəlik həyatımız üçün rəhbərliyimiz olmazdı. Allah, həyat, gələcəklə bağlı suallarımız cavabsız qalardı. Yehovanın bəşəriyyət üçün keçmişdə gördüyü işlərdən bixəbər olardıq.

2 Şükür olsun Allahımıza ki, bizə Müqəddəs Kitabı bəxş edib. Üstəlik, zəmanət verib ki, sözü əbədi qalacaq. (1 Butrus 1:24, 25 ayələrini oxuyun.) Həvari Butrus bu ayələrdə Əşiya 40:8 ayəsindən sitat gətirir. Bu ayədə söhbət məhz Müqəddəs Kitabdan getməsə də, dolayısı ilə ayəni kitabın özünə də aid etmək olar. Bu, faktdır ki, Müqəddəs Kitabdan tam faydalanmaq üçün o, oxucunun aydın başa düşdüyü dildə olmalıdır. Allahın Kəlamını sevənlər bu faktı həmişə dərk ediblər. Müxtəlif çətinliklərə rəğmən mömin insanlar əsrlər ərzində Müqəddəs Kitabı tərcümə etmiş, onu yaymışlar. Onların əzmi Allahın niyyəti ilə üst-üstə düşürdü. Axı «O istəyir ki, hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Tim. 2:3, 4).

3. Bu məqalədə söhbət nədən gedəcək? (Məqalənin əvvəlindəki şəklə baxın.)

3 Bu məqalədə araşdıracağıq ki, Allahın Kəlamı 1) dildaxili dəyişikliklərə, 2) ümumişlək dilin dəyişilməsinə və 3) tərcüməsinə göstərilən müqavimətlərə necə tab gətirib. Bu, Allahın Kəlamının qədrini bilməyimizə, Müəllifini sevməyimizə əlavə təkan verəcək (Mik. 4:2; Rom. 15:4).

DİLDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR

4. a) Zamanla dildə hansı dəyişikliklər baş verir? b) Allahın bütün dillərdə danışan insanları sevməsi nədən görünür və bu, sizdə Allaha qarşı hansı hissləri oyadır?

4 Dilin zamanla dəyişmək xassəsi var. Vaxt keçdikcə müəyyən söz və ifadələrin mənası tamamilə dəyişir. Yəqin öz dilimizdən də buna dair nümunələr gətirə bilərik. Eyni şeyi Müqəddəs Kitabın yazıldığı ibrani və yunan dili haqda da demək olar. Bu dillərin müasir forması Müqəddəs Kitabın yazıldığı dövrdəkindən olduqca fərqlənir. Deməli, müasir ibrani və yunan dillərini bilənlər də daxil, Allahın Kəlamını başa düşmək istəyən hər kəs onun tərcüməsinə ehtiyac duyur. Bəzi insanlar düşünür ki, qədim ibrani və yunan dillərini öyrənsələr, Allahın Kəlamını daha yaxşı başa düşəcəklər. Lakin bu, onların düşündüyü kimi effektiv olmaya bilər *. Hal-hazırda Müqəddəs Kitab bütöv şəkildə və ya qismən təxminən 3200 dilə tərcümə olunub. Məgər bu, Yehova Allahın hər xalqa, hər tayfaya, hər dilə mənsub insanların Onun Kəlamından bəhrələnməsini istədiyini göstərmir? (Vəhy 14:6 ayəsini oxuyun.) Bunların üzərində düşündükcə ayrı-seçkilik etməyən Allahımıza məhəbbətimiz artıqca artır (Həv. 10:34).

5. «Kral Yakov tərcüməsi»nin əhəmiyyəti barədə nə demək olar?

5 Müqəddəs Kitabın tərcümə olunduğu dillər də zaman keçdikcə dəyişir. Belə ki, əvvəl-əvvəl aydın başa düşülən tərcümə vaxt ötdükcə anlaşıqlığını itirə bilər. Buna ingilis dilindəki «Kral Yakov tərcüməsi»ni misal gətirmək olar. 1611-ci ildə işıq üzü görən bu tərcümə ingilisdilli dünyanın ən məşhur tərcüməsinə çevrilmiş, ingilis dilinin inkişafına əhəmiyyətli töhfə vermişdir *. Bir şey var ki, «Kral Yakov tərcüməsi»ndə Yehova adına kifayət qədər önəm verilməmiş, bu ad təkcə bir neçə yerdə işlənmişdir. Tövratın əksər yerlərində Allahın adının yerinə böyük hərflərlə RƏBB sözü istifadə edilmişdir. Tərcümənin növbəti buraxılışlarında İncilin də bəzi yerlərində böyük hərflərlə RƏBB sözü işlənmişdir. Bununla da «Kral Yakov tərcüməsi», dolayısı ilə də olsa, Allahın adının İncildə də istifadə edilməsinin düzgün olduğunu təsdiqləyir.

6. «Yeni Dünya Tərcüməsi»nin hansı cəhətlərini qiymətləndirirsiniz?

6 «Kral Yakov tərcüməsi»nin dili əsrlər keçdikcə arxaikləşdi. Eyni şeyi digər dillərdəki erkən tərcümələr haqqında da demək olar. Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ndə isə müasir dildən istifadə edilir. Bu tərcümə artıq bütöv şəkildə və ya qismən 150-dən çox dildə nəşr olunub; bu isə o deməkdir ki, dünya əhalisinin böyük bir hissəsi onu öz ana dilində oxuya bilər. Bu tərcümə aydın və oxunaqlı olduğu üçün Kəlamın oxucunun ürəyinə işləməsinə yol açır (Zəb. 119:97). Ən önəmlisi isə odur ki, «Yeni Dünya Tərcüməsi»ndə Allahın adı orijinal mətnə əsasən bərpa edilib. Nə xoşdur ki, əlimizdə Allahın Kəlamının belə bir tərcüməsi var!

ÜMUMİŞLƏK DİLİN DƏYİŞİLMƏSİ

7, 8. a) Nəyə görə e. ə. III əsrdə yəhudilərin bir qismi Tövratı başa düşməkdə çətinlik çəkirdi? b) Septuaginta nədir?

7 Çox vaxt dünya səhnəsindəki dəyişikliklər hansı dilin aparıcı dil olacağını müəyyən edib. Bu amilin insanların Allahın Kəlamını başa düşməsinə əngəl törətməməsi üçün Yehova nə etdi? Keçmişə nəzər salmaqla bu sualın cavabını tapa bilərik. Müqəddəs Kitaba daxil olan ilk 39 bölmə yəhudilər tərəfindən qələmə alınıb. Allahın müqəddəs sözləri məhz onlara əmanət edilmişdi (Rom. 3:1, 2). Lakin yunan hökmdarı Böyük İsgəndərin istila siyasəti nəticəsində yunan dili getdikcə aparıcı dilə çevrilir (Dən. 8:5—7, 20, 21). Nəticədə, artıq e. ə. III əsrdə imperiyanın müxtəlif ərazilərində yaşayan yunandilli yəhudilər ibrani dilində yazılmış Tövratı başa düşmürdülər. Bəs bu problemi həll etmək üçün hansı tədbirlər görüldü?

8 E. ə. III əsrin ortalarında Müqəddəs Kitabın ilk beş bölməsi ibrani dilindən yunan dilinə tərcümə edilir. Digər bölmələrin tərcüməsi isə e. ə. II əsrdə başa çatır. Bu tərcümə Septuaginta adlanır. Septuaginta Tövratın ilk tərcüməsi sayılır.

9. a) Septuaginta və digər erkən tərcümələr oxuculara necə təsir elədi? b) Tövratda ən çox sevdiyiniz hissə hansıdır?

9 Septuaginta yunandilli yəhudilərə və digərlərinə ibrani Müqəddəs Yazılarını anlamağa kömək etdi. Təsəvvür etmək olar, bu insanlar üçün Allahın Kəlamını artıq doğmalaşmış yunan dilində oxumaq, yaxud qiraətini eşitmək nə qədər xoş idi. Zamanla Müqəddəs Kitabın bəzi hissələri arami, qot, latın kimi digər ümumişlək dillərə tərcümə olunmuşdu. Şübhəsiz, Müqəddəs Kitabı öz dilində oxumaq insanlarda Allahın Kəlamına rəğbət oyadırdı. Yəqin ki, onların da bizim kimi sevimli ayələri olurdu. (Zəbur 119:162—165 ayələrini oxuyun.) Bəli, Allahın Kəlamı ümumişlək dillərin dəyişməsinə də tab gətirirdi.

MÜQƏDDƏS KİTAB TƏRCÜMƏLƏRİNƏ EDİLƏN HÜCUM

10. Con Uiklifin zamanında nəyə görə insanların əksəriyyəti üçün Müqəddəs Kitab əlçatan deyildi?

10 Müəyyən dövrlərdə Müqəddəs Kitabı insanlardan gizlətməyə çalışan qüvvələr olmuşdu. Amma bu maneələr güclü iman sahibləri üçün heç vaxt aşılmaz sədd olmayıb. Belə insanlardan biri 14-cü əsrdə yaşamış dini islahatçı Con Uiklifdir. O deyirdi ki, heç bir insan Allahın Kəlamını oxumaq imkanından məhrum edilməməlidir. Uiklifin dövründə İngiltərədə Müqəddəs Kitab adi xalq üçün demək olar ki, əlçatmaz idi. Səbəblərdən biri o idi ki, Müqəddəs Kitabın nüsxələri əllə yazıldığı üçün çox baha satılırdı və camaatın onu almağa imkanı çatmırdı. Bundan başqa, əhalinin böyük hissəsi oxuma-yazma bilmirdi. Düzdür, onlar kilsədə oxunan Müqəddəs Kitab ayələrini dinləyə bilərdilər. Ancaq eşitdiklərini nə dərəcədə qavradıqlarını bir Allah bilir, çünki kilsənin rəsmi Bibliyası (Vulqata) artıq ölü dillər sırasına düşmüş latın dilində idi. Görəsən Müqəddəs Kitabdakı xəzinələr insanlara necə açılacaqdı? (Məs. 2:1—5).

Con Uiklif və başqaları Allahın Kəlamının hamı üçün əlçatan olması üçün çalışmışdılar. Sizdə də belə bir arzu varmı? (11-ci abzasa baxın)

11. Uiklifin tərcümə etdiyi Müqəddəs Kitab nəyə təkan verdi?

11 1382-ci ildə Uiklifin ingilis dilinə tərcümə etdiyi Müqəddəs Kitab işıq üzü gördü. Bu kitab tezliklə Uiklifin davamçıları arasında məşhurlaşdı. Lollardlar kimi tanınan vaizlər sadə xalqın Allahın Kəlamını oxuyub qavramaları üçün bütün İngiltərədə kəndbəkənd gəzirdilər. Adətən onlar qarşılaşdıqları insanlara Uiklifin tərcümə etdiyi Müqəddəs Kitabdan bir parça oxuyur və əllə yazılmış nüsxələri onlara verirdilər. Vaizlərin bu təşəbbüsü bir dönüş nöqtəsi oldu: xalq arasında Allahın Kəlamına olan maraq yenidən alovlandı.

12. Din xadimləri Uiklifin bu təşəbbüsünə necə münasibət bəslədilər?

12 Din xadimləri bu məsələdə səssiz qala bilməzdilər. Onların Uiklifi, tərcümə etdiyi kitabı və davamçılarını görəsi gözləri yox idi. Din xadimləri Lollardları təqib edirdilər. Uiklifin tərcümə etdiyi kitabları harada tapırdılarsa, məhv edirdilər. Uiklifi ölümündən sonra kafir adlandırdılar. Əlbəttə, artıq həyatda olmayan bir insanı cəzalandırmaq mümkün deyildi. Amma din xadimlərinin hirsi soyumurdu. Onlar Uiklifin cəsədini qazıb çıxartmış, sümüklərini yandırmış və külünü Svift çayına atmışdılar. Bununla belə, kilsə insanların ürəyində Allahın Kəlamını oxumaq istəyini öldürə bilməzdi. Növbəti əsrlərdə Avropada və dünyanın digər ərazilərində yaşayan bir çox insan camaatın Müqəddəs Kitabı başa düşməsi üçün onu tərcümə etməyə və yaymağa başladı.

«SƏNİN XEYRİNƏ SƏNİ ÖYRƏDİRƏM»

13. Bizdə Allahın Kəlamı ilə bağlı nəyə əmin ola bilərik və bu, bizim imanımızı necə möhkəmləndirir?

13 Müqəddəs Kitab Allahdan ilham alıb. Amma bu o demək deyil ki, Septuaginta, Uiklifin və Kral Yakovun tərcüməsi, həmçinin başqa tərcümələr birbaşa Allahdan ilham alıb. Bununla belə, işıq üzü görmüş bu və digər tərcümələrin tarixinə nəzər salanda bir şey aydın olur: Yehova necə demişdisə, eləcə də Öz Kəlamını qoruyub saxladı. Məgər bunu bilmək Yehovanın digər vədlərinin də mütləq yerinə yetəcəyinə olan əminliyimizi artırmır? (Yuş. 23:14).

14. Müqəddəs Kitab Yehovaya olan məhəbbətimizi necə alovlandırır?

14 Yehovanın Öz Kəlamını əsrlər boyu necə qoruduğunu biləndə Ona olan imanımızla yanaşı məhəbbətimiz də artır *. Bəs nə üçün Yehova bizə Öz Kəlamını göndərib və onu qoruyacağını vəd edib? Çünki O, bizi sevir və istəyir ki, hər şey bizim rifahımız üçün olsun. (Əşiya 48:17, 18 ayələrini oxuyun.) Təbii ki, biz də Yehovanın məhəbbətinə məhəbbətlə, həmçinin əmrlərinə tabe olmaqla hay veririk (1 Yəh. 4:19; 5:3).

15. Növbəti məqalənin mövzusu nə barədə olacaq?

15 Allahın Kəlamını qiymətləndirdiyimiz üçün ondan tam fayda əldə etmək istəyəcəyik. Müqəddəs Kitabın mütaliəsindən necə tam fayda əldə edə bilərik? Xidmətdə diqqəti Allahın Kəlamına yönəltməyə bizə nə kömək edə bilər? Səhnədən təlim verən qardaşlar diqqəti Allahın Kəlamına necə yönəldə bilərlər? Növbəti məqalənin mövzusu bu sualların üzərində qurulub.

^ abz. 4 «Gözətçi qülləsi» jurnalının 2009-cu il 1 noyabr sayında dərc olunan «İbrani və yunan dilini öyrənmək mütləqdirmi?» adlı məqaləyə (rus.) baxın.

^ abz. 5 İngilis dilində işlənən bir sıra bədii ifadələrin mənşəyi «Kral Yakov tərcüməsi»nə gedib çıxır.

^ abz. 14 « Gəlin özünüz görün!» adlı çərçivəyə baxın.