Kontentə keç

Mündəricatı göstər

Özümüzə hakim olaq

Özümüzə hakim olaq

«Ruhun bəhrəsi isə... özünə hakim olmaq[dır]» (QAL. 5:22, 23).

NƏĞMƏ: 121, 36

1, 2. a) Özünə hakim olmamaq nə ilə nəticələnə bilər? b) Nə üçün bu mövzu bu gün aktualdır?

ÖZÜNƏ HAKİM OLMAQ ilahi xüsusiyyətdir (Qal. 5:22, 23). Yehova Allahda bu xüsusiyyət mütləq dərəcədədir. İnsanlar isə qeyri-kamil olduqları üçün özlərinə hakim olmağı həmişə bacarmırlar. Bu da öz növbəsində bir çox problemlərə səbəb olur. Özünü ələ almağı bacarmamaq məktəbdə, iş yerində səhlənkarlığa, göstəricilərin aşağı düşməsinə gətirib çıxarır. Təhqir, sərxoşluq, zorakılıq, boşanma, lazımsız borc, pis vərdişlər, cinayət, emosional travma, cinsi yolla keçən xəstəliklər, arzuolunmaz hamiləlik və sairə fəsadlar da özünə hakim olmağı bacarmamağın nəticələrindəndir (Zəb. 34:11—14).

2 Göründüyü kimi, özünə hakim olmamaq insanın həm özünə, həm də başqalarına ziyan vurur. Əfsuslar olsun ki, bu xüsusiyyət gündən-günə artmaqdadır. 1940-cı illərdə aparılan araşdırma ilə müqayisədə son araşdırmalar göstərir ki, insanlar özünə hakim olmaq xüsusiyyətini itirə-itirə gedirlər. Bu, bizi təəccübləndirmir, çünki Müqəddəs Kitabda xəbər verilmişdi ki, axırzamanın əlamətlərindən biri insanların özünə hakim olmaması olacaq (2 Tim. 3:1—3).

3. Nə üçün məsihilər özünə hakim olmağı bacarmalıdırlar?

3 Nə üçün özünə hakim olmaq bacarığını yetişdirmək lazımdır? Azı iki səbəbə görə. Əvvəla, müşahidələrə görə, özünü cilovlamağı bacaran insanlar ciddi problemlərlə daha az üzləşirlər. Belə insanlar emosional cəhətdən daha stabildirlər, başqaları ilə münasibətləri daha yaxşıdır. Hövsələsiz insanlardan fərqli olaraq, onlar qəzəbə, həyəcana və depressiyaya az meyilli olurlar. İkincisi, nəfsi ram etmək qabiliyyəti Allahın rəğbətini qoruyub saxlamaqda vacib rol oyanır. Adəmlə Həvvanın acınacaqlı aqibəti bunun bariz sübutudur (Yar. 3:6). O vaxtdan özünə hakim olmadığına görə acı nəticələr biçən insanların siyahısı artırdıqca-artır.

4. Özünə hakim olmaqda çətinlik çəkənlər nəyi bilməlidirlər?

4 Günahlı insan özünə hakim olmaq xüsusiyyətini kamil şəkildə nümayiş etdirə bilməz. Yehova bunun bizim üçün çətin olduğunu bilir və bizə kömək etməyə hazırdır (1 Pad. 8:46—50). Yehova bir dost kimi Onu razı salmaq istəyən, amma hansısa sahədə özünə hakim olmaqda çətinlik çəkən insanlara anlayışla yanaşır. Bu məqalədə biz Yehova Allahın kamil nümunəsinə nəzər salacaq, Müqəddəs Kitabdan yaxşı və pis nümunələri araşdıracaq və özümüzə hakim olmağı təkmilləşdirmək üçün nə edə biləcəyimizi öyrənəcəyik.

ƏN ALİ NÜMUNƏ

5, 6. Özünə hakim olmaq bacarığına dair Yehova hansı nümunəni qoyub?

5 Yehovanın hər işi mükəmməl olduğu üçün O, Özünə hakim olmaq xüsusiyyətini də kamil şəkildə nümayiş etdirir (Qan. 32:4). Günahlı insanlar isə bu xüsusiyyəti tam əks etdirə bilmir. Bununla belə, Yehova Allahın nümunəsini araşdırsaq, özünə hakim olmağın nə olduğunu başa düşəcəyik. Bu da öz növbəsində, Allahın nümunəsini daha yaxından izləməyə yardım edəcək. Bəs Yehova Allahın Özünə hakim olduğuna dair hansı hadisələri misal çəkmək olar?

6 Şeytanın üsyanı zamanı Yehovanın necə davrandığı barədə fikirləşək. Şübhəsiz ki, Şeytanın bu azğınlığı Yehova Allahın sadiq mələklərinin narazılığına və hiddətinə səbəb olmuşdu. Şeytanın insanlara necə əzab verdiyini düşündükcə, çox güman ki, sizdə də belə hisslər yaranır. Amma Yehova səbirlə davrandı. O, müəyyən bir vaxtın keçməsinə izin verdi, çünki «heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 But. 3:9). Onun Şeytana verdiyi cavab hədsiz təmkin və ədaləti əks etdirirdi (Çıx. 34:6; Əyy. 2:2—6).

7. Yehova Allahın nümunəsini necə izləyə bilərik?

7 Yehova Allahın səbrindən çox şey öyrənirik. Biz də ciddi məsələlərdə tez-tələsik qərar verməməliyik, sözlərimizi ölçüb-biçməli və hərəkətlərimizi yaxşıca götür-qoy etməliyik. Düzgün qərar vermək üçün yaxşıca düşünün. Ağıllı davranmaq və lazımi sözlər seçmək üçün Yehovaya dua edin (Zəb. 141:3). Çünki gərgin vəziyyətdə insan asanlıqla emosiyalara qapıla bilər. Düşünülməmiş söz və ya hərəkətin sonradan peşmançılıq gətirdiyini hər birimiz çox gözəl bilirik (Məs. 14:29; 15:28; 19:2).

MÜQƏDDƏS KİTABDAKI PİS VƏ YAXŞI NÜMUNƏLƏR

8. a) Özünə hakim olmağa dair nümunələri haradan tapa bilərik? b) Yusifə Fitfirin arvadının təkliflərinə uymamağa nə kömək etdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

8 Müqəddəs Kitabdakı hansı nümunələr özünə hakim olmağın vacibliyini vurğulayır? Yəqin ki, çətin vəziyyətə düşəndə hisslərini cilovlamağı bacaran çoxlu insanı misal çəkə bilərsiz. Onlardan bir də Yaqub oğlu Yusifdir. O, fironun keşikçibaşı Fitfirin evində qulluq edirdi. Yusif boylu-buxunlu, yaraşıqlı bir gənc idi. Ağasının arvadının Yusifə gözü düşmüşdü, onu yoldan çıxarmağa çalışırdı, amma bacarmırdı. Qadının israrlı təkliflərinə uymamağa Yusifə nə kömək etmişdi? Çox ehtimal ki, o, belə bir əməlin nəticəsi haqda yaxşıca düşünmüşdü. Bunu onun dediyi növbəti sözlərdən görmək olar: «Mən necə belə bir yamanlıq edib Allaha qarşı günah işləyə bilərəm?» Vəziyyət çıxılmaz həddə çatanda Yusif qadının əlindən qaçır (Yar. 39:6, 9; Məsəllər 1:10 ayəsini oxuyun).

9. Bizi yoldan çıxara biləcək vəziyyətlərə qabaqcadan necə hazırlaşa bilərik?

9 Yusifin nümunəsindən nə öyrənirik? Biz də Allahın qanununu pozmağa təhrik edən vəziyyətlərdən qaçmalıyıq. Hal-hazırda Yehovanın Şahidi olan bir çox insan əvvəllər qarınqululuq, sərxoşluq ediblər, siqaret çəkiblər, narkotik qəbul ediblər, əxlaqsız həyat tərzi sürüblər və digər bu kimi işlərlə məşğul olublar. Bəzilərində hətta vəftizdən sonra da vaxtaşırı köhnə vərdişlərinə qayıtmaq istəyi yarana bilər. Əgər sizdə də bu cür hisslər olursa, nəfsinizə uymağın Yehova ilə münasibətinizə necə güclü zərbə vuracağı haqda düşünərək, qətiyyətinizi artırın. Nəfsinizi cilovlamağın çətin olacağı vəziyyətləri qabaqcadan təxmin edib özünüzü onlardan necə gözləyə biləcəyinizi qərarlaşdırın (Zəb. 26:4, 5; Məs. 22:3). İşdir, bu cür vəziyyətə düşsəniz, Yehovaya dua edin ki, sizə hikmət versin və özünüzə hakim olmağa kömək etsin.

10, 11. a) Gənclər məktəbdə hansı çətinliklərlə üzləşirlər? b) Gənclərə Allahın qanununu pozmamağa nə kömək edə bilər?

10 Bu gün bir çox gənclər Yusifin üzləşdiyi sınaqla üzləşirlər. Gəlin Kimberli bacının hadisəsinə nəzər salaq. Onun sinif yoldaşlarının əksəriyyəti gəlib məktəbdə həftəsonları kiminlə cinsi münasibətdə olduqlarından danışıb lovğalanırdılar. Kimberlinin isə danışılası bu cür əhvalatları yox idi. O deyir ki, sinif yoldaşlarından seçildiyi üçün hərdən özünü atılmış və tənha hiss edirdi. Heç kimlə görüşmədiyinə görə həmyaşıdları onu «axmaq» adlandırırdılar. Əslində isə, Kimberli ağıllı davranırdı. O, yaxşı bilirdi ki, gənclərdə cinsi münasibətə girmək istəyi güclü olur (2 Tim. 2:22). Sinif yoldaşları tez-tez onun hələ də bakirə olub-olmadığını soruşurdular. Beləcə, onun nəyə görə cinsi münasibətdə olmadığını izah etməyə fürsəti yaranırdı. Biz bu cür təzyiqlərə baxmayaraq, əxlaqını qoruyan gənclərlə fəxr edirik, Yehova da onlarla qürur duyur!

11 Müqəddəs Kitabda cinsi əxlaqsızlıq məsələsində özünə hakim olmayan insanların nümunələri var. Nəfslərini cilovlamadıqlarına görə onların hansı fəsadlarla üzləşdiklərini aydın görmək olar. Əgər siz də Kimberlinin üzləşdiyi vəziyyətə oxşar vəziyyətlə qarşılaşırsınızsa, Məsəllər kitabının 7-ci fəslində yazılan naşı gəncin hadisəsini yadınıza salın. Həmçinin Əmnunun hərəkətinin acı nəticələrini xatırlayın (2 İşm. 13:1, 2, 10—15, 28—32). Valideynlər ailəvi ibadət zamanı Müqəddəs Kitabdakı bu hadisələri uşaqları ilə müzakirə edərək onlara əks cinslə münasibətdə hikmətli davranmağı və özlərinə hakim olmağı öyrədə bilərlər.

12. a) Yusif qardaşlarını görəndə özünü necə ələ aldı? b) Biz hansı vəziyyətlərdə hisslərimizi cilovlamalıyıq?

12 Yusif başqa bir sahədə də özünə hakim olaraq bizə gözəl nümunə qoyub. Qardaşları taxıl almaq üçün Misirə gələndə Yusif onların dəyişib-dəyişmədiyini öyrənmək üçün öz kimliyini gizlətdi. Görəndə ki, hisslərini ələ ala bilməyəcək, göz yaşlarını gizlətmək üçün içəri otağa girib ağladı (Yar. 43:30, 31; 45:1). Hansısa məsihi, yaxud yaxınınız sözü və ya hərəkəti ilə sizin xətrinizə dəyərsə, Yusif kimi təmkinli davranmaq sizə sonradan peşman olacağınız reaksiyanı göstərməməyə kömək edə bilər (Məs. 16:32; 17:27). Əgər qohumunuz yığıncaqdan kənar olunubsa, gərəksiz yerə onunla ünsiyyət etməmək üçün sizə öz hisslərinizi nəzarətdə saxlamaq lazım gələ bilər. Əlbəttə, bu, öz-özünə baş verməyəcək. Amma nəzərə alsaq ki, bununla biz Allahdan örnək alır və Onun əmrlərinə uyğun davranırıq, özümüzə hakim olmaq bizə daha asan olacaq.

13. Davud peyğəmbərin hadisəsindən nə öyrənirik?

13 Müqəddəs Kitabda Davud peyğəmbərin də gözəl nümunəsi yer alır. İstər Talut, istərsə də Şimay ona qarşı haqsızlıq edəndə o, nə qəzəbləndi, nə də səlahiyyətindən sui-istifadə etdi (1 İşm. 26:9—11; 2 İşm. 16:5—10). Amma Davud həmişə özünə hakim ola bilmirdi. Bunu Davudun həm Badsəba ilə işlədiyi günahdan, həm də Nabalın acgözlüyünə qarşı davranışından görmək olar (1 İşm. 25:10—13; 2 İşm. 11:2—4). Bununla belə, Davud peyğəmbərdən çox şey öyrənə bilərik. Birincisi, Allahın təyin etdiyi nəzarətçilər özünə hakim olmaq məsələsinə xüsusilə diqqət yetirməlidirlər ki, səlahiyyətlərindən sui-istifadə etməsinlər. İkincisi, özümüzə arxayın olub düşünməməliyik ki, bizi heç nə yoldan çıxara bilməz (1 Kor. 10:12).

FAYDALI MƏSLƏHƏTLƏR

14. Bir qardaş hansı vəziyyətlə üzləşmişdi? Bizim də belə vəziyyətlərdə düzgün davranmağımız nə üçün vacibdir?

14 Təmkinli olmaq üçün nə edə bilərik? Gəlin bir real hadisəni nəzərdən keçirək. Bir avtomobil Luci qardaşın maşınını arxadan vurur. Günah sürücüdə olduğu halda o, Lucini təhqir edib dalaşmağa başlayır. Luci təmkinini qorumaq üçün Yehovaya dua edir. Sonra həmin sürücünü sakitləşdirməyə cəhd göstərir, lakin bunun heç bir xeyri olmur. Luci həmin sürücünün sığorta məlumatlarını özündə qeyd edib oranı tərk edir. Kişi isə hələ də qışqırırdı. Bundan bir həftə sonra Luci bir qadına təkrar söhbət üçün baş çəkir. Bu qadının əri kim olsa yaxşıdır? Elə həmin sürücü! Kişi hərəkətinə görə üzrxahlıq edir. Sonra o, iş prosesini tezləşdirmək üçün Lucinin sığorta şirkəti ilə əlaqə saxlamağı təklif edir. Kişi həmçinin ruhani mövzuda aparılan söhbətə qoşulur. Eşitdikləri ona xoş təsir bağışlayır. Luci hadisə zamanı təmkinini qorumasının nə qədər düzgün olduğunu və özündən çıxsa idi, bunun aqibətinin necə pis olacağını anlayır. (2 Korinflilərə 6:3, 4 ayələrini oxuyun.)

Təmkinli davranmaq və ya özündən çıxmaq birbaşa, yaxud dolayı yolla bizim Yehovaya ibadətimizə təsir göstərir (14-cü abzasa baxın)

15, 16. Müqəddəs Kitabın mütaliəsi sizə və ailənizə özünə hakim olmaq xüsusiyyətini yetişdirməyə necə kömək edə bilər?

15 Müqəddəs Kitabı həvəslə mütaliə edib dərinliyinə varmağın sayəsində məsihilər özlərinə hakim olmağı öyrənə bilər. Yehova Allahın Yuşəyə dediyi sözləri xatırlayın: «Tövratda yazılanlar dilindən düşməsin. Gecə-gündüz onları oxu ki, hər kəlməsinə dəqiqliklə əməl edəsən. Onda hər işin avand olar və hikmətlə hərəkət edərsən» (Yuş. 1:8). Bəs Müqəddəs Kitabın mütaliəsi özümüzə hakim olmağa necə kömək edə bilər?

16 Göründüyü kimi, Müqəddəs Kitabda təmkini qorumağın və özünə hakim olmamağın nə ilə nəticələndiyini göstərən çoxlu nümunələr var. Yehova Allah bunları boş yerə yazdırmayıb (Rom. 15:4). Onları oxuyub araşdırmaq və üzərində düşünməklə müdrik davranmış olarıq! Bu hadisələrin ailənizə və sizə necə aid olduğunu görməyə çalışın. Yehovaya dua edin ki, Kəlamındakı məsləhətlərə əməl etməyə sizə kömək etsin. Əgər görsəniz ki, hansısa sahədə özünüzə hakim olmaq sizə çətindir, zəifliyinizi boynunuza alın. Sonra dua edib bunun üzərində necə işləyə biləcəyinizi müəyyənləşdirin (Yaq. 1:5). Şübhəsiz, nəşrlərimizdən bu sahədə sizə kömək edəcək çoxlu məsləhətlər tapa bilərsiniz.

17. Valideynlər uşaqlarının özlərinə hakim olmasına necə kömək edə bilərlər?

17 Uşaqlarınızda özünə hakim olmaq xüsusiyyətini necə yetişdirə bilərsiniz? Hər bir valideyn yaxşı bilir ki, uşaqlarda bu xüsusiyyət öz-özünə yaranmır. Bütün digər xüsusiyyətlər kimi, özünə hakim olmağı da uşağına öyrətmək üçün valideyn özü nümunə qoymalıdır (Efes. 6:4). Beləcə, əgər siz uşağınızın özünə hakim olmaqda çətinlik çəkdiyini görürsünüzsə, onda özünüzün necə nümunə qoyduğunuz haqda düşünün. Xidmətdə fəal olmağın, ibadət görüşlərində müntəzəm iştirak etməyin və ailəvi ibadət keçirməyin uşaqlarınıza böyük təsir bağışladığını unutmayın. Həmçinin, yeri gələndə, övladınıza «yox» deməyi bacarın! Yehova Adəm və Həvva üçün müəyyən hədd qoymuşdu. Bunun sayəsində onlar Allahın səlahiyyətinə hörmət etməyi öyrənə bilərdilər. Eynilə, valideynin verdiyi tərbiyə və qoyduğu nümunə sayəsində uşaq valideyninin ailədəki səlahiyyətinə hörmət edəcək, beləcə, uşaq özünə hakim olmağı öyrənəcək. Allahın hakimiyyətinə məhəbbət və Onun qanunlarına hörmət uşağınızda yetişdirə biləcəyiniz ən dəyərli xüsusiyyətdir. (Məsəllər 1:5, 7, 8 ayələrini oxuyun.)

18. Kiminlə oturub-durduğumuza nə üçün fikir verməliyik?

18 Bəli, nəinki valideynlər, hər birimiz dost seçimində ehtiyatlı olmalıyıq. Sizi düzgün məqsədlər qoymağa və özünüzü problemə salmamağa təşviq edən dostlar seçin (Məs. 13:20). Yehova ilə sıx münasibəti olan insanlarla dostluğunuz sizə müsbət təsir göstərəcək. Onlarla oturub-durduqca siz də özünüzə hakim olmağı öyrənəcəksiniz. Əlbəttə ki, dostlarınız da sizin yaxşı davranışınızdan nümunə götürəcək. Özünə hakim olmaq xüsusiyyəti sayəsində Allahın razılığı altında xoşbəxt ömür sürəcəyik və ətrafımızdakı insanlarla gözəl münasibətimiz olacaq.