Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Ruhən yetkin insanlarla işləmək şərəfim

Ruhən yetkin insanlarla işləmək şərəfim

1930-cu illərin ortalarında atamla anam, Ceyms və Cesi Sinklerlər Nyu-Yorkun Bronks rayonuna köçdülər. Onların buradakı yeni tanışlarından biri Vili Snedon idi. Valideynlərim kimi o da Şotlandiyadan gəlmişdi. Tanışlıqlarının ilk dəqiqələrindən hər üçü öz ailəsi barədə danışmağa başlamışdı. Bu hadisə mən dünyaya gəlməmişdən bir-iki il öncə baş verib.

Anam Viliyə danışmışdı ki, Birinci Dünya müharibəsindən qısa müddət əvvəl babamla böyük dayım Şimal dənizində boğulub ölmüşdü. Onların balıqçı qayığı mina ilə toqquşmuşdu. Onda Vili demişdi: «Sənin atan cəhənnəmdədir *!» Vili Yehovanın Şahidi idi. Bu, anamın Müqəddəs Kitab həqiqəti ilə ilk qeyri-adi tanışlığı olur.

Vili və Liz Snedon

Vilinin bu sözünə görə anam çox pis olur, çünki babam yaxşı kişi olub. Amma sonra Vili deyir: «Bəs İsanın da cəhənnəmə düşdüyünü desəm, onda necə?» Onda anamın kilsədə öyrəndiyi dua yadına düşür. Bu duada deyilirdi ki, İsa cəhənnəmə enmiş, üç gündən sonra isə göyə qaldırılmışdı. Anama maraqlı gəlir: «Əgər cəhənnəm pislərin işgəncə çəkdiyi odlu yerdirsə, onda niyə İsa ora düşsün?» Beləcə, anam həqiqətlə maraqlanmağa başlayır. Sonra o, Bronks yığıncağına gedir və 1940-cı ildə vəftiz olunur.

Anamla və atamla

O vaxtlar məsihi valideynlərin uşaqlarına Müqəddəs Kitab dərsi keçməsinə elə də böyük əhəmiyyət verilmirdi. Mən körpə olanda anam həftəsonları yığıncağa və xidmətə gedərkən mənə atam baxırdı. Bir neçə il sonra atamla mən də yığıncaqlara getməyə başladıq. Anam təbliğ işində çox fəal idi və bir neçə nəfərə Müqəddəs Kitab dərsi keçirdi. Hətta bir vaxtlar Müqəddəs Kitabı öyrənənlər eyni ərazidə yaşadıqları üçün anam onlara qrup şəklində dərs keçmişdi. Məktəbdən tətilə buraxılanda mən də onunla birlikdə sahə xidmətinə gedirdim. Bunun sayəsində Müqəddəs Kitabdan çox şey öyrəndim və artıq orda yazılanları başqaları ilə bölüşməyi bacarırdım.

Heyif ki, uşaq vaxtı Müqəddəs Kitabdan öyrəndiklərimə ciddi yanaşmırdım, onlara adi bir şey kimi baxırdım. Lakin haradasa 12 yaşım olanda təbliğçi oldum və təbliğdə müntəzəm iştirak etməyə başladım. 1954-cü il iyulun 24-ü 16 yaşımda Kanadanın Toronto şəhərində keçirilən böyük toplantıda vəftiz olundum.

BEYTEL XİDMƏTİ

Yığıncağımızın bəzi üzvləri Beyteldə xidmət edirdilər. Onlardan çox şey öyrənmişdim. Onların natiqlik qabiliyyəti, Müqəddəs Kitabı necə izah etmələri məni valeh edirdi. Məktəb müəllimlərim məni ali təhsil almağa təşviq etsələr də, məqsədim Beyteldə xidmət etmək idi. Buna görə də Torontodakı toplantıda Beytelə ərizə verdim. 1955-ci ildə Yanki stadionunda (Nyu-York) keçirilən toplantıda ərizəylə ikinci dəfə müraciət etdim. Üstündən çox keçməmiş 1955-ci il sentyabrın 19-u Bruklin Beytelinə dəvət olundum. Onda mənim 17 yaşım var idi. Beytelə gəldiyim günün səhərisi Adams küçəsi, 117-də yerləşən Cildləmə şöbəsində xidmət etməyə başladım. Burada mən kitab vərəqlərini 32 səhifədən ibarət hissələrə yığan dəzgahda işləyirdim. Yığılan bu hissələr başqa bir dəzgahda kitab halında tikilirdi.

17 yaşımda Bruklindəki Beyteldə xidmət etməyə başladım

Cildləmə şöbəsində təxminən bir ay xidmət etdikdən sonra çap işini bacardığıma görə Abunə şöbəsinə təyin edildim. O vaxtlar «Gözətçi qülləsi» və «Oyanın!» jurnalına yeni abunə olanların ünvanlarını yazmaq üçün trafaretlər (dəmir lövhəciklər) hazırlanırdı. Bir neçə aydan sonra göndərmə şöbəsində işləməyə başladım. Bu şöbənin nəzarətçisi Klaus Censen mənə ədəbiyyatları tırla limana daşıyan sürücüyə kömək etməyi təklif etdi. Ədəbiyyatlar limandan dünyanın müxtəlif yerlərinə çatdırılırdı. Bu işə həmçinin nəşrlərin bir qismini poçtla Birləşmiş Ştatlardakı müxtəlif yığıncaqlara göndərmək daxil idi. Klaus qardaş mənə dedi ki, bir az fiziki işdə işləməyim lap yerinə düşər. Çünki həmin vaxtlar mən cəmi 57 kiloqram idim və çox cılız idim. Doğrudan da, bu işlər mənim canımı bərkitdi. Klaus qardaş bilirmiş, mənə nə lazımdır!

Abunə şöbəsi həmçinin yığıncaqların ədəbiyyat sifarişlərinə baxırdı. Bunun sayəsində mən Bruklində ədəbiyyatlarımızın neçə dildə çap olunduğunu və hansı ölkələrə göndərildiyini öyrəndim. Hətta elə dillər var idi ki, onların adını birinci dəfə eşidirdim. Ucqar ərazilərə on minlərlə nəşrin göndərildiyini bilmək məni çox sevindirirdi. Onda heç ağlıma da gəlməzdi ki, nə vaxtsa həmin ərazilərin çoxunu ziyarət edəcəyəm.

Robert Uollen, Çarlz Molohan və Don Adamsla birgə

1961-ci ildə Qrant Syuter qardaşın nəzarət etdiyi maliyyə şöbəsinə təyin olundum. Bir neçə ildən sonra müjdəçilik işinə rəhbərlik edən Neytan Norr qardaş məni öz ofisinə çağırdı. O mənə dedi ki, onunla işləyən bir qardaş bir ay Məsul Qardaşlar üçün Məktəbdə təlim alacaq, sonra isə xidmət şöbəsində işləyəcək. Bu səbəbdən məni onun yerinə təyin etdilər. Burada mən Don Adams qardaşla işləyirdim. O, 1955-ci ildə keçirilən toplantıda mənim Beytel ərizəmi qəbul edən qardaş idi. Bundan başqa, bizimlə eyni şöbədə Robert Uollen və Çarlz Molohan işləyirdi. Biz dördümüz əlli ildən çox bir yerdə işlədik. Bu cür sadiq qardaşlarla çiyin-çiyinə işləmək böyük xoşbəxtlik idi! (Zəb. 133:1).

İlk zonal ziyarətim, Venesuela (1970-ci il)

1970-ci ildən etibarən mən təxminən hər il bir neçə həftəlik Gözətçi Qülləsi Cəmiyyətinin filiallarını ziyarət etməyə başladım. Həmin vaxt bu, zonal nəzarətçinin ziyarəti adlanırdı. Bu təyinata Beytel ailəsini və xüsusi təyinatlı müjdəçiləri ziyarət etmək, onları ruhlandırmaq və filialın sənəd-sünədlərini yoxlamaq daxil idi. Gilad Məktəbinin ilk məzunlarının hələ də öz təyinatlarında sədaqətlə qaldıqlarını görmək məni fərəhləndirirdi. Doxsandan çox ölkədə olub, oradakı bacı-qardaşları ziyarət etmək mənim üçün böyük şərəf idi!

90-dan çox ölkədəki bacı-qardaşları ziyarət etmək möhtəşəm idi!

VƏFALI ÖMÜR-GÜN YOLDAŞI TAPDIM

Bruklindəki bütün Beytel ailəsi Nyu-York şəhərinin müxtəlif yığıncaqlarına təyin olunmuşdu. Məni isə Bronksdakı yığıncağa təyin etmişdilər. Buradakı ilk yığıncaq təbliğçilərin sayı çoxaldığına görə bölünmüşdü. Mən həmin bölünən yığıncağa — Yuxarı Bronks yığıncağına gedirdim.

1960-cı illərin ortalarında bizim yığıncağın ərazisinə həqiqəti Bronksun cənubunda öyrənmiş latviyalı bir məsihi ailəsi köçür. Bu ailənin böyük qızı Livya məktəbi bitirəndən dərhal sonra öncül xidmətinə başlayır. Bir neçə aydan sonra o, təbliğçilərə tələbat olan Massaçusets şəhərinə köçür. Mən yığıncaqda baş verən yeniliklər haqda ona yazmağa başladım. Livya da Bostonda xidmətdə əldə etdiyi nailiyyətləri mənimlə bölüşürdü.

Livya və mən

Bir neçə ildən sonra Livya xüsusi öncül təyin olunur. O, Yehova üçün daha çox şey etmək istədiyinə görə Beytelə ərizə yazır. 1971-ci ildə o, Beytelə dəvət alır. Bu, sanki Yehovadan bir işarə idi! 1973-cü il oktyabr ayının 27-si biz ailə həyatı qurduq. Toy məruzəmizi Neytan Norr qardaşın söyləməsi bizim sevincimizə sevinc qatdı. Məsəllər 18:22 ayəsində deyilir: «Yaxşı arvad tapan inci tapıb, Yehovanın lütfü onunladır». Beləcə, Yehovanın lütfü sayəsində biz 40 ildən çoxdur ki, Beyteldə xidmət edirik. Biz indi də Bronksun həmin ərazisindəki yığıncaqda xidmət edirik.

MƏSİHİN QARDAŞLARI İLƏ ÇİYİN-ÇİYİNƏ

Neytan qardaşla bir yerdə işləmək möhtəşəm idi. O, həqiqət uğrunda yorulmadan çalışırdı və bütün dünyadakı xüsusi təyinatlı müjdəçilərin xidmətini çox qiymətləndirirdi. Bu xüsusi təyinatlı müjdəçilərin əksəriyyəti təyin olduqları ərazidə ilk Yehovanın Şahidləri idilər. Əfsuslar olsun ki, Neytan qardaş 1976-cı ildə xərçəng xəstəliyinə tutulur. Onu bu vəziyyətdə görmək bizə çox çətin idi. Yataq xəstəsi olduğu vaxt bir gün məndən xahiş etdi ki, ona çap olunacaq materiallardan bəzilərini oxuyum. Həmçinin zəng edib Frederik Frans qardaşı da çağırmağımı istədi. Sonradan bildim ki, Frederik qardaşın gözləri zəif gördüyü üçün Neytan qardaş xeyli vaxt sərf edib bu kimi materialları ona oxuyurmuş.

Daniel və Marina Sidliklə birgə filialları ziyarət edərkən (1977-ci il)

Neytan Norr qardaş 1977-ci ildə vəfat etdi. Ancaq onun yerüzündəki həyatını sədaqətlə başa vurduğunu bilmək onu tanıyıb sevənlərə təskinlik verirdi (Vəhy 2:10). Bundan sonra təşkilatın rəhbəri Frederik qardaş oldu.

O vaxt mən Neytan qardaşla uzun illər birgə işləyən Milton Henşelin katibi idim. Milton qardaş mənə bildirdi ki, indən belə Beyteldə əsas vəzifəm Frederik Fransa hər işində kömək etmək olacaq. Hər dəfə məqalələr çapa verilməmişdən əvvəl onları qardaş üçün oxuyurdum. Frederik qardaşın iti hafizəsi var idi və o, bütün diqqətini oxuduğum məqaləyə cəmləməyi çox gözəl bacarırdı. 1992-ci ilin dekabr ayında Frederik qardaş vəfat etdi. Ona yer üzündəki son günlərinə kimi kömək etmək mənim üçün böyük şərəf idi!

Uzun illər çalışdığım Kolumbiya Hayts 124

Beyteldə keçirdiyim 61 il bir göz qırpımında keçdi. Valideynlərim həyatlarını Yehovaya sədaqətlə başa vurdular. Onları yeni dünyada qarşılamağı səbirsizliklə gözləyirəm (Yəh. 5:28, 29). Bu fani dünyada heç bir şey sədaqətli bacı-qardaşlarla birgə Allahın xalqı uğrunda xidmət etməyin yerini verə bilməz! Livyayla mən tam səmimiyyətlə deyə bilərik ki, tammüddətli xidmətə həsr etdiyimiz illər boyu «Yehovanın bəxş etdiyi sevinc» bizə qala olub! (Nəh. 8:10).

Yehovanın təşkilatında əvəzolunmaz insan yoxdur və hər nə olursa olsun, təbliğ işi davam edir. Uzun illər ərzində mətin və sadiq qardaşlarla birgə işləməyin necə gözəl duyğu olduğunu sözlə ifadə edə bilmərəm. Birgə çalışdığım məsh olunmuşların çoxu artıq yer üzü həyatlarını başa vurublar. Yehovaya çox minnətdaram ki, bu cür sədaqətli insanlarla əməkdaşlıq etmək imkanım olub.

^ abz. 5 Müqəddəs Kitabın bəzi tərcümələrində ümumbəşər məzar mənasını verən «şeol» və «hades» sözləri «cəhənnəm» kimi tərcümə olunub.