Kontentə keç

Mündəricatı göstər

Anlayış göstərməkdə Yehovadan örnək alın

Anlayış göstərməkdə Yehovadan örnək alın

«Fağıra nəzər salan bəxtiyardır» (ZƏB. 41:1).

NƏĞMƏ: 130, 107

1. Allahın xalqı arasındakı məhəbbət nədən görünür?

BÜTÜN dünyada bir ailənin üzvü olan Allahın xalqını məhəbbət telləri birləşdirir (1 Yəh. 4:16, 21). Onlar dindaşları uğrunda bəzən böyük fədakarlıqlar etsələr də, məhəbbətləri əsasən çoxsaylı xırda əməllərində əks olunur. Məsələn, bu, hansısa xeyirxah əməl, yaxud deyilən xoş söz ola bilər. İnsanlarla mülayim, anlayışla davrananda biz «Allahın sevimli övladları kimi Ona» bənzəyirik (Efes. 5:1).

2. İsa Məsih Yehovanın məhəbbətini necə əks etdirirdi?

2 İsa Məsih Yehovanı dəqiqliklə təqlid edirdi. O demişdi: «Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm... çünki mən həlim və qəlbən təvazökaram» (Mət. 11:28, 29). İsa Məsihdən örnək alıb «fağıra nəzər salan»da səmavi Atamızın rəğbətini qazanır və xoşbəxtlik duyuruq (Zəb. 41:1). Bu məqalədə ailə üzvlərimizə, dindaşlarımıza və təbliğ etdiyimiz insanlara anlayış göstərməyin yollarını araşdıracağıq.

AİLƏ ÜZVLƏRİMİZƏ ANLAYIŞ GÖSTƏRƏK

3. Məsihi ər yoldaşına qarşı necə düşüncəli və anlayışlı davrana bilər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

3 Ailə üzvlərinə qayğı göstərmək, onların hisslərini nəzərə almaq məsuliyyəti ilk növbədə ərlərin üzərinə düşür (Efes. 5:25; 6:4). Müqəddəs Kitab ərləri arvadları ilə «anlayışla» davranmağa səsləyir (1 But. 3:7). Yoldaşına qarşı anlayışlı olan ər başa düşür ki, arvadı onu tamamlayan bir köməkçi olduğundan ondan bir çox sahələrdə fərqlənir, amma ondan aşağı səviyyədə deyil (Yar. 2:18). Buna görə də o, yoldaşının hisslərinə hörmətlə yanaşır, onunla ləyaqətlə davranır. Kanadada yaşayan bir qadın əri barədə deyir: «O, heç vaxt mənim hisslərimə biganə yanaşmayıb və “bu hisslərin yersizdir” deməyib. Yoldaşım dinləməyi yaxşı bacarır. Hansısa məsələyə baxış tərzimi dəyişməyə kömək edəndə bunu nəzakətlə edir».

4. Arvadının hisslərini nəzərə alan ərin başqa qadınlarla münasibəti necə olmalıdır?

4 Düşüncəli ər həmçinin başqa qadınlara qarşı münasibətində yoldaşının hisslərini nəzərə alır. O, heç vaxt flirt etmir, yersiz maraq və səmimiyyət göstərmir; sosial şəbəkələrdən və internetdən istifadə zamanı da bunun vacibliyini başa düşür (Əyy. 31:1). Bəli, o, arvadına sadiq qalır. Onu bu cür davranmağa təşviq edən arvadına olan sevgisi, eləcə də Allaha məhəbbət və pisliyə duyduğu nifrət hissidir. (Zəbur 19:14; 97:10 ayələrini oxuyun.)

5. Qadın ərinə necə anlayış göstərə bilər?

5 Ər öz başçısından, İsa Məsihdən örnək alanda arvadının ona «dərin hörmət» bəsləməsi daha asan olur (Efes. 5:22—25, 33). Bəzən ər teokratik işlərə əlavə vaxt ayırmalı olur və ya hansısa problemlərin həlli barədə düşünür. Ərinə hörmət bəsləyən qadın belə vəziyyətlərdə ona anlayışla yanaşır. Böyük Britaniyadan olan bir qardaş deyir: «Bəzən həyat yoldaşım əhvalımdan hiss edir ki, məni narahat edən nəsə var. Əgər bu, onunla bölüşə biləcəyim məsələdirsə, Məsəllər 20:5 ayəsinə uyğun davranır, hətta lazım gələrsə, düşüncələrimi çəkib çıxarmaq üçün münasib vaxtı gözləyir».

6. Uşaqların anlayışlı olması üçün hər birimiz nə edə bilərik və bunun uşaqlara hansı faydası var?

6 Ər-arvad bir-birinə anlayışla yanaşanda övladlarına gözəl nümunə qoyur. Uşaqlarına nəzakətli, diqqətcil olmağı öyrətmək valideynlərin üzərinə düşən məsuliyyətdir. Məsələn, valideynlər uşaqlarına başa salmalıdır ki, ibadət evində qaçmasınlar, qonaqlıqda süfrəyə böyüklərdən əvvəl əl uzatmasınlar. Təbii ki, yığıncağın bütün üzvləri valideynlərə dayaq ola bilər. Məsələn, hansısa uşaq nəzakət göstərərək bizim üçün qapını açanda onu tərifləməliyik. Bu, uşağa yaxşı təsir edəcək və o, verməyin almaqdan «daha çox xoşbəxtlik» gətirdiyini öyrənəcək (Həv. 20:35).

BİR-BİRİMİZƏ QARŞI DİQQƏTLİ OLAQ

7. İsa Məsih kar adama necə anlayış göstərdi və onun nümunəsindən nə öyrənirik?

7 Bir dəfə İsa Məsih Dekapol bölgəsində olanda insanlar «onun yanına bir kar və pəltək adam gətirdilər» (Mark 7:31—35). İsa onu camaatın arasında yox, kənara çəkib sağaltdı. Görünür, həmin insan kar olduğundan camaatın arasında sıxılırdı. Ola bilsin, Məsih bunu hiss etdiyi üçün onu təklikdə sağaltmışdı. Düzdür, bu gün biz möcüzə göstərə bilmirik. Amma dindaşlarımıza qarşı diqqətcil olub, onların hisslərini və ehtiyaclarını nəzərə almaq hər birimizin əlindən gəlir və biz belə də etməliyik. Həvari Bulus yazır: «Gəlin bir-birimizə qarşı diqqətli olub bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edək» (İbr. 10:24). Məsih kar insanın hansı hissləri keçirdiyini anlayaraq onunla nəvazişlə davranmışdı. Gəlin biz də ona bənzəyək!

8, 9. Yaşlılara və əlillərə necə anlayış göstərə bilərik? Nümunə çəkin.

8 Yaşlılara və əlillərə anlayış göstərək. Məsihi yığıncağını fərqləndirən cəhət bacı-qardaşların xidmətdə əldə etdikləri nailiyyətlər yox, bir-birinə bəslədikləri məhəbbətdir (Yəh. 13:34, 35). Bu məhəbbət bizi təşviq edir ki, yığıncağımızdakı yaşlılara və şikəst bacı-qardaşlara ibadət görüşlərinə getməyə, xoş xəbəri təbliğ etməyə kömək etmək üçün əlimizdən gələni edək. Hətta bu, bizə müəyyən narahatçılıqlar yaratsa və ya onlar çox edə bilməsələr də (Mət. 13:23). Əlil arabasına məhkum Maykl adlı qardaşımız ailəsinin və təbliğ qrupundakı bacı-qardaşların əməyini çox qiymətləndirir. O deyir: «Onların köməyi sayəsində əksər görüşlərdə, həmçinin təbliğ xidmətində müntəzəm olaraq iştirak edə bilirəm. İctimai şahidlik ən çox sevdiyim xidmət növüdür».

9 Bir çox Beytellərdə yaşlı və əlil beytellilər var. Qayğıkeş nəzarətçilər bu sədaqətli bacı-qardaşların məktub yazmaları, telefonla şahidlik verə bilmələri üçün müəyyən tədbirlər görür. Ucqar ərazilərdə yaşayan insanlara məktub yazan 86 yaşlı Bill qardaş deyir: «Məktub yazmaq işində iştirak etmək imkanını çox qiymətləndiririk». Təxminən 90 yaşlı Nensi bacı deyir: «Mənimçün məktub yazmaq sadəcə zərf doldurmaq demək deyil. Bu, sahə xidmətidir. İnsanlar həqiqəti bilməlidir!» 1921-ci ildə anadan olmuş Etel adlı bacımız deyir: «Ağrısız bir günüm yoxdur. Elə günlər olur ki, paltarımı belə geyinməyə taqətim olmur». Buna baxmayaraq, bacımız telefonla şahidlik verir və hətta bir neçə nəfərlə təkrar söhbət edir. 85 yaşlı Barbara bacımız bölüşür: «Səhhətim zəif olduğundan müntəzəm olaraq sahə xidmətində iştirak etmək mənim üçün çox çətindir. Lakin telefon vasitəsilə insanlara təbliğ edə bilirəm. Şükr Yehovaya!» Bir ildən az vaxt ərzində bu dəyərli yaşlı bacı-qardaşlarımız təbliğə 1228 saat sərf edib, 6265 məktub yazıb, 2000 dən çox telefon təbliği edib və 6315 nəşr paylayıblar. Sözsüz ki, onların zəhməti Yehovanı fərəhləndirir! (Məs. 27:11).

10. Bacı-qardaşlarımıza ibadət görüşlərindən tam faydalanmaları üçün necə kömək edə bilərik?

10 İbadət görüşlərində anlayış göstərin. İbadət görüşlərindən tam fayda əldə etmələri üçün bacı-qardaşlarımıza anlayış göstərməliyik. Bunu necə edə bilərik? Bunun bir yolu onların diqqətini yayındırmamaq üçün ibadət görüşünə vaxtında gəlməkdir. Əlbəttə, bəzən elə olur ki, bizdən asılı olmayan səbəblərə görə gecikirik. Lakin əgər bu, vərdiş halını alıbsa, bunun dindaşlarımıza necə təsir etdiyi barədə düşünməliyik. Onların hisslərinə hörmətlə yanaşdığımızı göstərmək üçün nə edə bilərik? Gəlin unutmayaq ki, bizi yığıncağa dəvət edən Yehova Allah və İsa Məsihdir (Mət. 18:20). Vaxtında gəlməklə onlara hörmət qoyduğumuzu göstəririk!

11. Nə üçün ibadət görüşlərində çıxış edənlər 1 Korinflilərə 14:40 ayəsindəki göstərişə riayət etməlidir?

11 Dindaşlarımıza qarşı anlayış göstərmək həmçinin «qoy hər şey ədəb-ərkanla və nizamla olsun» göstərişinə əməl etmək deməkdir (1 Kor. 14:40). Yığıncaqda çıxış edənlər bəndlərini onlara ayrılmış vaxtda bitirməklə bu nizamı qorumuş olurlar. Bununla onlar təkcə növbəti natiqə yox, həm də bütün yığıncaq üzvlərinə hörmət göstərmiş olurlar. Bəzi bacı-qardaşlarımız ibadət evindən çox uzaqda yaşayır. Digərləri ictimai nəqliyyata vaxtında çatmalıdır, bir başqalarını isə evdə imanda olmayan həyat yoldaşları gözləyir. Odur ki, yığıncağın gec qurtarmasının onlara necə təsir etdiyini nəzərə almalıyıq.

12. Nə üçün ağsaqqallarımız böyük ehtiram və məhəbbətimizə layiqdirlər? (« Rəhbərlik edənlərə ehtiram bəsləyin» adlı çərçivəyə baxın.)

12 Ağsaqqallar yığıncaqda çoxlu işlər görür, xidmətdə fəal iştirak edirlər. Sözsüz ki, onlar hörmətə və məhəbbətə layiqdirlər. (1 Salonikililərə 5:12, 13 ayələrini oxuyun.) Şübhəsiz, hər birimiz onların zəhmətini qiymətləndiririk. Bunu göstərməyin ən yaxşı üsulu ağsaqqallara itaət etmək və onlara dəstək olmaqdır. «Axı onlar hesabat verəcək adamlar kimi gecə-gündüz sizin qeydinizə qalırlar» (İbr. 13:7, 17).

TƏBLİĞ ETDİYİMİZ İNSANLARA ANLAYIŞ GÖSTƏRƏK

13. İsa Məsihin insanlara qarşı münasibətindən nə öyrənirik?

13 Əşiya peyğəmbər İsa Məsih haqqında demişdi: «Əzilmiş qamışı sındırmayacaq, közərən piltəni söndürməyəcək» (Əşy. 42:3). Məsih insanlara duyduğu məhəbbətdən irəli gələrək onların halına yanırdı. O, məcazi mənada «əzilmiş qamış», «közərən plitə» kimi olan zəif, ruhdan düşmüş insanların keçirdiyi hissləri anlayırdı. Buna görə də onlara anlayış, şəfqət və səbir göstərirdi. Hətta uşaqlar da onun yanına qaçırdılar (Mark 10:14). Doğrudur, biz İsa Məsihin bəsirətinə və öyrətmək qabiliyyətinə sahib deyilik. Amma yaşadığımız ərazidəki insanlara anlayış göstərə bilərik və bunu etməliyik də. Bura onlarla necə, nə zaman və nə qədər söhbət etməyimiz daxildir.

14. Nə üçün insanlarla söhbət etmək tərzimizə fikir verməliyik?

14 İnsanlarla necə söhbət etməliyik? Bu gün milyonlarla insan nadürüst və qəddar biznesmenlərin, siyasətçilərin və din xadimlərinin ucbatından «çobansız qoyunlar kimi yazıq və dağınıq» vəziyyətdədir (Mət. 9:36). Buna görə də onlar heç kəsə etibar etmirlər və heç bir ümidləri yoxdur. Odur ki, dediyimiz sözlərdən və səsimizin tonundan onlara qarşı laqeyd olmadığımız, onları düşündüyümüz görünməlidir. Həqiqətən də, çoxları Müqəddəs Kitabı nə qədər yaxşı bildiyimizə görə yox, onlara qarşı səmimi münasibətimizə, göstərdiyimiz diqqətə görə xoş xəbərə maraq göstərir.

15. Təbliğ etdiyimiz insanlara hansı yollarla anlayış göstərə bilərik?

15 Təbliğ etdiyimiz insanlara anlayış göstərməyin çoxlu yolları var. Misal üçün, suallar vermək yaxşı təlim üsuludur. İnsanların fikrini soruşan zaman hörmətcil və nəzakətli olmalıyıq. Məsələn, bir öncül qardaşın təbliğ etdiyi ərazidə insanların əksəriyyəti utancaqdır və o qədər də ünsiyyətcil deyillər. Buna görə də qardaşımız çalışır ki, onlara cavablarını bilmədikləri suallar verməsin. O, «Allahın adını bilirsiniz?» və ya «Allahın Padşahlığı nədir?» kimi sualların əvəzinə belə deyir: «Mən Müqəddəs Kitabdan Allahın tək olan adını öyrənmişəm, sizə də göstərmək istəyərdim». Düzdür, mədəniyyətlər və insanlar fərqli olduğuna görə, ola bilsin, bu üsul bütün ərazilərdə işə yaramasın. Lakin bir şeyi yadda saxlamalıyıq ki, təbliğ etdiyimiz insanlarla həmişə anlayışla və hörmətcil davranmalıyıq. Bunun üçün onların düşüncə tərzinə yaxşı bələd olmaq lazımdır.

16, 17. İnsanları düşündüyümüz a) onlara günün hansı vaxtında baş çəkdiyimizdən, b) söhbətə nə qədər vaxt ayırdığımızdan necə görünəcək?

16 İnsanları günün hansı vaxtında ziyarət etməliyik? Ev-ev təbliğ edən zaman bizlər dəvətsiz qonaq hesab olunuruq. Odur ki, ev sahibinin bizi dinləyə biləcəyi vaxtda getməyimiz olduqca vacibdir (Mət. 7:12). Misal üçün, ola bilsin, sizin yaşadığınız ərazidə insanlar həftəsonları çox yatmağı xoşlayır. Əgər elədirsə, təbliğə ictimai şahidlikdən, yaxud da həmin vaxt oyaq olduğunu bildiyiniz şəxsləri təkrar ziyarət etməkdən başlamaq olar.

17 İnsanlarla nə qədər söhbət etməliyik? Bu gün əksəriyyət çox məşğuldur, odur ki, ziyarətimiz qısa olsa, daha yaxşı olar, ələlxüsus ilk dəfələrdə. Uzun-uzadı danışmaq yerinə, söhbəti tez başa çatdırmaq daha münasibdir (1 Kor. 9:20—23). İnsanlar görəndə ki, onların məşğul olduqlarını nəzərə alırıq, növbəti dəfə onları ziyarət edən zaman bizi dinləməyə daha meyilli olurlar. Allahın ruhunun bəxş etdiyi xüsusiyyətləri təzahür etdirən zaman Onun «əməkdaşları» oluruq. Bəlkə, Yehova elə bizim vasitəmizlə kimisə həqiqət yoluna cəlb etmək istəyir?! (1 Kor. 3:6, 7, 9).

18. İnsanlara anlayış göstərməklə hansı nemətləri alacağımıza ümid edə bilərik?

18 Beləliklə, gəlin ailə üzvlərimizə, bacı-qardaşlarımıza və xidmətdə qarşılaşdığımız insanlara qarşı anlayışlı davranmaq üçün əlimizdən gələni əsirgəməyək. Bu, bizə həm indi, həm də gələcəkdə bol-bol nemətlər bəxş edəcək. Zəbur 41:1, 2 ayələrində deyilir: «Fağıra nəzər salan bəxtiyardır, dar günündə Yehova onu qurtarar... Bəxtəvər deyərlər cahanda ona!»