Kontentə keç

Mündəricatı göstər

Bildiklərimizə əməl etsək, xoşbəxt olacağıq

Bildiklərimizə əməl etsək, xoşbəxt olacağıq

«Mənim yeməyim məni göndərənin iradəsini yerinə yetirmək və Onun buyurduğu işi tamamlamaqdır» (YƏH. 4:34).

NƏĞMƏ: 80, 35

1. Dünyada hökm sürən xudbinlik ruhu bizə necə təsir edə bilər?

NƏ ÜÇÜN Allahın Kəlamından öyrəndiklərimizə əməl etmək asan deyil? Əvvəla ona görə ki, düzgün olanı etmək üçün təvazökarlıq gərəkdir. Yaşadığımız bu axırzamanda isə «xudbin, pulpərəst, lovğa, özündən razı,.. özünə hakim olmayan» insanlarla əhatə olunduğumuza görə təvazökar qalmaq heç də asan deyil (2 Tim. 3:1—3). Allahın xidmətçiləri bu kimi xüsusiyyətlərin pis olduğunu dərk etsələr də, bəzən xudbin insanların həyatda uğur qazandığını, yaxşı yaşadığını görəndə onlara həsəd aparır (Zəb. 37:1; 73:3). Hətta kimsə düşünə bilər: «Başqalarını özümdən üstün tutmağın bir xeyri var? Təvazökarlıq etsəm, insanların mənə hörməti itməyəcək ki?» (Luka 9:48). Dünyada hökm sürən xudbinlik ruhunun bizə sirayət etməsi bir məsihi kimi adımıza və bacı-qardaşlarla münasibətimizə xələl gətirə bilər. Lakin Müqəddəs Kitabda qələmə alınmış iman nümunələrini araşdırsaq və onlardan örnək götürsək, bunun faydasını görəcəyik.

2. Keçmişdə yaşamış imanlı insanlar haqda öyrənməyin bizə hansı faydası var?

2 Əgər mömin insanların imanını örnək götürmək istəyiriksə, onların buna nail olmaq üçün nələr etdiklərini yaxşıca araşdırmalıyıq. Mütaliə zamanı düşünə bilərik: «Onlar Allahın dostu olmağa, Onun razılığını qazanmağa necə müvəffəq olmuşdular? Onun iradəsini yerinə yetirmək üçün gücü haradan almışdılar?» Ruhani cəhətdən möhkəm qalmaq üçün bu cür mütaliə olduqca vacibdir.

RUHANİ QİDA BİLİK ALMAQDAN İBARƏT DEYİL

3, 4. a) İlahi göstərişləri haradan əldə edirik? b) Nəyin əsasında deyə bilərik ki, sadəcə bilik almaq ruhani qida almaq demək deyil?

3 Biz Müqəddəs Kitab, nəşrlərimiz, veb saytımız, JW televiziyamız, yığıncaq və toplantılarımız vasitəsilə çoxlu gözəl məsləhətlər və təlim alırıq. Bununla belə, İsa Məsihin Yəhya 4:34 ayəsində yazılmış sözlərindən görmək olar ki, ruhani qida təkcə bilik almaqla məhdudlaşmır. Bəs bura daha nələr daxildir? Məsih demişdi: «Mənim yeməyim məni göndərənin iradəsini yerinə yetirmək və Onun buyurduğu işi tamamlamaqdır».

4 İsa Məsih üçün Allahın buyruqlarına uyğun davranmaq ruhani qida idi. Hansı mənada? Necə ki faydalı yeməklər bizim əhvalımızı yaxşılaşdırır və orqanizmimizi bəsləyir, eləcə də Allahın iradəsini yerinə yetirmək imanımızı möhkəmləndirir. Heç olubmu ki, özünüzü yaxşı hiss etməsəniz də, təbliğ görüşünə getmisiniz və təbliğdən qayıdanda özünüzü gümrah hiss etmisiniz?

5. Hikmətli davranışın bəhrəsi nədir?

5 İlahi göstərişlərə əməl edən kəs hikmət sahibidir (Zəb. 107:43). Hikmətin gətirdiyi mükafat isə istənilən zəhmətə dəyir. Müqəddəs Kitabda bu mükafat barədə yazılıb: «Arzuladığın şeylərdən heç biri ona tay ola bilməz... Hikmət ona bağlananlar üçün həyat ağacıdır, ondan yapışanlar bəxtəvər adlanar» (Məs. 3:13—18). İsa Məsih şagirdlərinə demişdi: «Madam ki bunları bilirsiniz, əməl edin, onda xoşbəxt olacaqsınız» (Yəh. 13:17). Şagirdləri onun göstərişlərinə əməl etdikləri müddətdə xoşbəxt olacaqdılar. Onlar Məsihin təlimlərinə və nümunəsinə təkcə həmin vaxt riayət etmədilər. Bu, onların həyat yolu oldu.

6. Nə üçün bundan sonra da hikmətli davranmalıyıq?

6 Öyrəndiyimiz həqiqətlərə uyğun yaşamaq bu gün xüsusilə vacibdir. Belə bir nümunəyə nəzər salaq. Deyək ki, ustanın yetərincə savadı, lazımi alət və materialları var. Lakin o, əlində olan bu imkanlardan istifadə etməsə, heç bir nəticə əldə etməyəcək. Usta vaxtilə öz sənəti üzrə işləyib yaxşı təcrübə qazanmış olsa da, öyrəndiklərini unutmamaq üçün daima işləməlidir. Buna bənzər tərzdə, biz də Müqəddəs Kitabdan öyrəndiklərimizə əməl etməyə başlayanda bunun faydasını görüb sevinirdik. Ancaq xoşbəxtliyimizin daimi olmasını istəyiriksə, Allahımızdan gələn göstərişlərə hər gün əməl etməliyik.

7. Müqəddəs Kitabdakı nümunələr bizə daha hikmətli olmaqda necə kömək edir?

7 Gəlin görək hansı vəziyyətdə təvazökarlığımız sınana bilər və qədimdə yaşamış mömin insanlar bu cür vəziyyətlərdə necə davranıblar. Ruhani cəhətdən möhkəm qalmağımız üçün bu məlumatları sadəcə oxumaq kifayət deyil. Odur ki, mütaliə edərkən onların nümunəsini necə təqlid edə biləcəyimizi düşünməli və öyrəndiyimizi yubanmadan tədbiq etməliyik.

HAMIYA EYNİ GÖZLƏ BAXAQ

8, 9. Həvarilərin işləri 14:8—15 ayələrində yazılmış hadisələrdən həvari Bulusun təvazökar olduğu necə görünür? (Məqalənin əvvəlindəki şəklə baxın.)

8 Yehovanın iradəsi odur ki, «hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Tim. 2:4). Siz hələ həqiqəti öyrənməyən insanlara necə yanaşırsınız? Həvari Bulus təkcə sinaqoqlara gedib Allah haqqında müəyyən qədər biliyi olan yəhudilərə təbliğ etmirdi. O, yad allahlara ibadət edən insanlara da təbliğ edirdi. Bu insanların Bulusa münasibəti onun təvazökarlığını sınamışdı. Necə?

9 Həvari Bulus birinci təbliğ səyahətində olarkən Likaoniya camaatı Barnəba ilə onu ilahiləşdirib öz allahları Zevs və Hermes adlandırırdı. Bəs onlar bu qədər izzəti görüb şan-şöhrət xəstəliyinə tutuldular? Olmaya digər iki şəhərdə üzləşdikləri təqiblərdən sonra nəhayət rahat nəfəs alacaqlarını düşündülər? Bəlkə, bu cür məşhurluq sayəsində daha çox insana təbliğ edə biləcəklərini fikirləşdilər? Xeyr! Onlar dərhal yaxalarını cırdılar, özlərini camaatın arasına atıb qışqırdılar: «Siz nə edirsiniz? Biz də sizin kimi adi insanıq» (Həv. 14:8—15).

10. Nə üçün Bulusla Barnəba özlərini Likaoniya camaatından üstün tutmadı?

10 Bulus və Barnəba «biz də sizin kimi adi insanıq» deməklə bu bütpərəst insanların imanına şərik olduqlarını yox, qeyri-kamil olduqlarını nəzərdə tuturdu. Məgər bu iki nəfər müjdəni yaymaq üçün xüsusi təyinat almamışdı? (Həv. 13:2). Məgər onlar müqəddəs ruhla məsh edilməmişdilər, möhtəşəm ümidə sahib deyildilər? Lakin bütün bunlara görə onlar özlərini Likaoniya camaatından üstün hesab etmirdi. Bulusla Barnəba başa düşürdü ki, bu insanlar xoş xəbəri qəbul etsə, eyni nemətləri dada biləcəklər.

11. Təbliğ edən zaman Bulusun təvazökarlığını necə örnək ala bilərik?

11 Həvari Bulusun təvazökarlığını necə təqlid edə bilərik? İlk növbədə, biz Yehovanın gücü sayəsində yerinə yetirdiyimiz işlərə görə nə özümüzü xüsusi saymalıyıq, nə də insanlardan tərif gözləməliyik. Hər birimiz özümüzdən soruşmalıyıq: «Təbliğ etdiyim insanlara necə yanaşıram? Bəlkə, fərqində olmadan müəyyən qrup insanlara qərəzli münasibət göstərirəm?» Tərifəlayiqdir ki, bütün dünyadakı Yehovanın Şahidləri ərazilərini qarış-qarış gəzərək xoş xəbərə meyilli insanları axtarırlar. Bəzən bunun üçün başqalarının qərəzlə yanaşdığı dil və mədəniyyətləri öyrənirlər. Yehovanın Şahidləri heç vaxt özlərini təbliğ etdikləri insanlardan üstün saymırlar. Əksinə, xoş xəbərin bu insanların ürəyində kök salması üçün hər kəsə fərdi yanaşırlar.

DİNDAŞLARIMIZ ÜÇÜN ADBAAD DUA EDƏK

12. Epafras insanlara hansı təmənnasız qayğını göstərmişdi?

12 İlahi göstərişlərə təvazökarlıqla tabe olduğumuzu göstərməyin digər bir yolu isə «bizimlə eyni dəyərli imanı qazanmış» bacı-qardaşlar üçün dua etməkdir (2 But. 1:1). Bu sahədə Epafrasdan nümunə götürə bilərik. Müqəddəs Kitabda Epafrasın adına yalnız Bulusun yazdığı məktublarda və cəmi üç dəfə rast gəlirik. Bulus Romada ev dustağı olarkən Kolosdakı məsihilərə yazmışdı ki, Epafras «[onlardan] ötrü daima cidd-cəhdlə dua edir» (Kol. 4:12). O, yığıncaq üzvlərini yaxından tanıyırdı və onlara səmimi qayğı göstərirdi. Epafras Bulusla birgə həbsdə idi və təbii ki, onun dərdi özünə bəs idi (Flm. 23). Bununla belə, bacı-qardaşlar haqda düşünür, onlara kömək etmək üçün bacardığını edirdi. O, yığıncaqdakılar üçün adbaad dua edirdi. Məgər bu, riyasız məhəbbətin təcəssümü deyil? Biz də eyni cür davrana bilərik. Belə duaların gücü böyükdür (2 Kor. 1:11; Yaq. 5:16).

13. Dua edərkən Epafrasdan necə nümunə götürə bilərik?

13 Duanızda kimlərin adlarını çəkə bilərsiniz? Epafras kimi, bir çox bacı-qardaşlarımız yığıncaqlarındakı dindaşları, çiyinlərində ağır ailə məsuliyyəti olan ailələr üçün, ciddi qərar qarşısında qalan, sınaqlarla üzləşənlər üçün dua edirlər. Həmçinin bir çoxları jw.org saytında yerləşən «İmanlarına görə həbsdə olan Yehovanın Şahidləri» adlı məqalədəki dindaşları barədə dua edirlər (XƏBƏRLƏR > HÜQUQİ MƏSƏLƏLƏR bölməsinə baxın). Bundan başqa, əzizlərini itirən insanlar üçün, yaxın vaxtlarda baş vermiş təbii fəlakətdən və müharibədən sağ çıxanlar üçün və maddi sıxıntıdan əziyyət çəkənlər üçün dua edə bilərik. Həqiqətən də, dualarımıza ehtiyacı olan bacı-qardaşların sayı az deyil. Belə bacı-qardaşlar üçün dua edəndə göstəririk ki, biz yalnız özümüzü yox, başqalarını da düşünürük (Filip. 2:4). Yehova bu cür duaları dinləyir.

EŞİTMƏYƏ HAZIR OLUN

14. Yehova bizə dinləməklə bağlı hansı mükəmməl nümunəni qoyub?

14 Təvazökar olduğumuzu göstərən digər sahə insanlara diqqətlə qulaq asmaqdır. Yaqub 1:19 ayəsində deyilir ki, «eşitməyə hazır olmalı»yıq. Bu sahədə ən gözəl örnək Yehovadır (Yar. 18:32; Yuş. 10:14). Gəlin Çıxış 32:11—14 ayələrində yazılmış dialoqa diqqət yetirək. (Ayələri oxuyun.) Yehova Musa peyğəmbərin fikrinə ehtiyac duymasa da, ona hisslərini bölüşmək imkanı verdi. Axı kim yanılan insanı səbirlə dinləyib sonra onun dediyi kimi davranardı? Amma Yehova Allah imanla dua edən insanları səbirlə dinləyir.

15. İnsanlara hörmət göstərməkdə Yehovadan necə örnək ala bilərik?

15 Yaxşı olar ki, hər birimiz özümüzə növbəti sualları verək: «Əgər Uca Yaradanımız İbrahim, Rəhilə, Musa, Yuşə, Mənuh, İlyas və Hizqiyyənin vəziyyətində olduğu kimi, insanları dinləyirsə, məgər mən də belə etməməliyəm? Bacı-qardaşlarıma daha çox hörmət göstərmək üçün onları dinləyə və yeri gələndə dedikləri kimi davrana bilərəm? Bəlkə, yığıncaq və ya ailə üzvlərimdən kiməsə daha çox diqqət göstərməliyəm? Bunun üçün hansı tədbirləri görə bilərəm?» (Yar. 30:6; Hak. 13:9; 1 Pad. 17:22; 2 Saln. 30:20).

YEHOVA ÇƏKDİYİMİZ ƏZABI GÖRÜR

Davud peyğəmbər dedi: «Onunla işiniz olmasın». Onun yerinə siz olsaydınız, nə edərdiniz? (16 və 17-ci abzaslara baxın)

16. Davud peyğəmbər Şimayın pis rəftarına necə münasibət göstərmişdi?

16 Təvazökarlıq həmçinin pis rəftara məruz qalanda təmkinimizi qorumağa kömək edir (Efes. 4:2). Buna dair gözəl nümunə 2 İşmuil 16:5—13 ayələrində qələmə alınıb. (Ayələri oxuyun.) Padşah Talutun qohumu Şimay Davudu və onun adamlarını təhqir etmiş və üstlərinə hücum çəkmişdi. Davud onu susdurmağa qadir olsa da, bu təhqirlərə dözmüşdü. Təmkinini qorumağa ona nə kömək etmişdi? Zəbur kitabının 3-cü məzmuru buna aydınlıq gətirir.

17. Davud peyğəmbərə təmkinini qorumağa nə kömək etmişdi və biz ondan necə örnək ala bilərik?

17 Davud peyğəmbər Zəbur kitabının 3-cü məzmurunu oğlu Absalamdan qaçdığı zaman yazmışdı. Bu məzmurun 1 və 2-ci ayələri 2 İşmuil kitabının 16-cı fəslində təsvir olunan hadisələrlə vəhdət təşkil edir. Zəbur 3:4 ayəsi Davud peyğəmbərin əminliyini göstərir: «Mən Yehovanı çağıraram, O, müqəddəs dağından mənə hay verər». Təqiblər zamanı biz də dua etməliyik. Duamıza cavab olaraq Yehova müqəddəs ruhu vasitəsilə dözməyə güc verəcək. Düşünün görün siz hansı vəziyyətlərdə daha təmkinli olmalı və ya bağışlamağı bacarmalısınız? Yehovanın keçirdiyiniz hissləri gördüyünə və sizə kömək edəcəyinə nə dərəcədə əminsiniz?

«ƏN ƏSASI HİKMƏTDİR»

18. İlahi göstərişlərə bağlı qalmaq bizə hansı nemətləri bəxş edəcək?

18 Allahın bəyəndiyi kimi davranmaqla hikmət qazanır və Yehovadan bol nemətlər alırıq. Məsəllər 4:7 ayəsində yazılıb: «Ən əsası hikmətdir». Hikmət bilikdən qaynaqlansa da, hikmətli olub-olmadığımız biliyimizdən yox, qərarlarımızdan bəlli olur. Hətta qarışqalar da hikmət nümayiş etdirir. Onların instinktiv olaraq göstərdiyi bu hikmət yayda azuqə tədarük etməsindən görünür (Məs. 30:24, 25). Allahın hikməti adlanan Məsih həmişə Atasını razı salan işlər görür (1 Kor. 1:24; Yəh. 8:29). Düzgün qərarın nə olduğunu bilmək və bu qərara uyğun davranmaq fərqli şeylərdir. Yehova dözümlə təvazökarlıq göstərənləri və düzgün davrananları mükafatsız qoymur. (Mətta 7:21—23 ayələrini oxuyun.) Odur ki, yığıncaqda təvazökarlıq ruhunun hökm sürməsi üçün əlinizdən gələni edin. Düzgün olduğunu bildiyiniz şeylərə əməl etmək üçün səbir və vaxt lazımdır, bundan təvazökar olduğunuz görünəcək. Təvazökarlıq isə həm indiki, həm də gələcək xoşbəxtliyinizin zəmanətidir.