Kontentə keç

Mündəricatı göstər

Məhəbbət ruhən möhkəmləndirir

Məhəbbət ruhən möhkəmləndirir

«Məhəbbət... ruhən möhkəmləndirir» (1 KOR. 8:1).

NƏĞMƏ: 109, 121

1. Şagirdləri ilə keçirdiyi sonuncu gecə İsa Məsih nə haqda danışmışdı?

İSA MƏSİH şagirdləri ilə keçirdiyi sonuncu gecə məhəbbət göstərmək, sevmək haqda təxminən 30 dəfə söz açmışdı. O demişdi ki, şagirdləri bir-birini sevməlidir (Yəh. 15:12, 17). Onların bir-birinə olan məhəbbəti elə qabarıq olmalıdır ki, insanlar onların Məsihin həqiqi davamçıları olduğunu aydın görsün (Yəh. 13:34, 35). İsa Məsihin haqqında bəhs etdiyi məhəbbət sadəcə hissdən ibarət deyil. Bu, məhəbbətin ən ali dərəcəsi olan fədakar məhəbbətdir. O demişdi: «Dostları uğrunda canını fəda edən insanın məhəbbətindən böyük məhəbbət yoxdur. Əmrlərimə əməl edirsinizsə, mənim dostlarımsınız» (Yəh. 15:13, 14).

2. a) Allahın xidmətçiləri arasında hansı xüsusiyyətlər hökm sürür? b) Bu məqalədə hansı sualları müzakirə edəcəyik?

2 Həqiqi, fədakar məhəbbət və möhkəm birlik bu gün Yehovanın xidmətçilərini fərqləndirən xüsusiyyətlərdir (1 Yəh. 3:10, 11). Necə də xoşdur ki, milliyyətindən, qəbiləsindən, hansı dildə danışmasından, böyüdüyü mühitdən asılı olmayaraq Yehovanın xidmətçiləri arasında bu cür məhəbbət hökm sürür. Bəs nəyə görə bu gün məhəbbət göstərmək xüsusilə vacibdir? Yehova Allah və İsa Məsih məhəbbətləri ilə bizi necə möhkəmləndirir? Ayrı-ayrılıqda hər birimiz başqalarını ruhlandırıb möhkəmləndirmək üçün bu cür məhəbbəti necə göstərə bilərik? (1 Kor. 8:1).

MƏHƏBBƏTƏ ZƏRURƏT

3. Yaşadığımız bu «son dərəcə çətin» dövr insanlara necə təsir edir?

3 Yaşadığımız son dərəcə çətin bir dövrdə ömrümüz «əzabla, qəm-qüssə ilə» keçdiyi üçün insanlar müxtəlif dərəcəli mənəvi iztirablardan əziyyət çəkir (Zəb. 90:10; 2 Tim. 3:1—5). Çox adam bu iztirablara tab gətirə bilmədiyi üçün yaşamaq istəmir. Hesablamalara əsasən, hər il 800 000-dən çox insan, yəni hər 40 saniyədə bir nəfər intihar edir. Əfsuslar olsun ki, hətta bəzi məsihilər də bu cür iztirablara dözməyib özlərinə qəsd etmişdilər.

4. Müqəddəs Kitabda kimlər özlərinə ölüm arzulamışdı?

4 Qədim dövrdə də Allahın bəzi mömin bəndələri yaşadıqları çətinliklərdən o qədər təngə gəlmişdilər ki, özlərinə ölüm arzulamışdılar. Məsələn, əzablar içində qıvrılan Əyyub peyğəmbər ah-zarla demişdi: «Bezmişəm, daha yaşamaq istəmirəm» (Əyy. 7:16; 14:13). Yunus peyğəmbər vəziyyətin dəyişilməsinə görə elə məyus olmuşdu ki, Yehovaya bu sözləri demişdi: «İndi isə, ey Yehova, yalvarıram, canımı al. Niyə yaşayıram, ölsəm, bundan yaxşıdır» (Yun. 4:3). Həmçinin Yehovanın sadiq xidmətçisi olan İlyas peyğəmbər elə ümidsiz idi ki, demişdi: «Daha bəsdir! Yehova, canımı al» (1 Pad. 19:4). Bununla belə, Yehova üçün bu xidmətçiləri çox əziz idi və O, onların yaşamasını istəyirdi. Allah bəndələrini keçirdiyi bu hisslərə görə qınamadı. Əksinə, onlara ölmək istəyini dəf etməyə kömək etdi və bundan sonra da sədaqətlə xidmət etmələri üçün ruhlandırdı.

5. Nə üçün bacı-qardaşlarımızın məhəbbətimizə bu gün daha çox ehtiyacı var?

5 Bütün bacı-qardaşlarımız bu cür hisslər keçirməsə də, əksəriyyəti stressli vəziyyətlərlə üzləşir və məhəbbətimizə ehtiyacları var. Məsələn, onların bəziləri istehzalara, təqiblərə məruz qalır. Digərləri iş yerində təhqirlərin, qeybətin qurbanı olur. Kimisi iş saatlarının çox olmasından, gərgin iş rejimindən yorulub. Bir başqalarını ailə problemləri, ola bilsin, imanda olmayan həyat yoldaşının aramsız tənqidləri əldən salıb. Bu və bu kimi digər təzyiqlərlə üzləşən bacı-qardaşlar həm fiziki, həm də mənəvi cəhətdən bitib-tükənirlər. Bəs onlara kim dayaq ola bilər?

QOY YEHOVANIN MƏHƏBBƏTİ SİZİ MÖHKƏMLƏNDİRSİN

6. Yehova Allahın məhəbbəti xidmətçilərini necə möhkəmləndirir?

6 Yehova Allah xidmətçilərini tükənməz məhəbbətinə əmin edərək ruhən möhkəmləndirir. O, israillilərə demişdi: «Mənə əziz oldun, səni şərəfləndirdim, səni sevdim... Qorxma, Mən səninləyəm» (Əşy. 43:4, 5). Təsəvvür etmək olar bu sözlər xalqı necə ruhlandırmışdı. Yehovanın bir xidmətçisi kimi siz də əmin ola bilərsiniz ki, Ona çox əzizsiniz *. Allahın Kəlamında Yehovanın sədaqətli bəndələrinə növbəti vəd verilir: «O, Qadir Allahdır, sənə nicat verəcək. Sənə görə şadlanacaq, sevinci yerə-göyə sığmayacaq» (Səf. 3:16, 17).

7. Hansı mənada Yehova Allahın məhəbbəti ananın övladına bəslədiyi məhəbbətə bənzəyir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

7 Yehova Allah üzləşdiyimiz istənilən sınaq zamanı bizə dayaq olacağına və təsəlli verəcəyinə söz verir. «Siz bəslənəcəksiniz, kürəkdə gəzdiriləcək, diz üstdə oynadılacaqsınız. Ana oğlunu ovundurduğu kimi, Mən də sizi ovunduracağam» (Əşy. 66:12, 13). Qayğıkeş ananın balasını kürəyində gəzdirdiyini, diz üstdə oynatdığını təsəvvürünüzdə canlandırın! Yehova bununla mömin bəndələrini nə qədər nəvazişlə sevdiyini, onlara bəslədiyi məhəbbətin nə qədər böyük olduğunu göstərir. Siz Yehova üçün çox dəyərli və əzizsiniz. Buna zərrə qədər də şübhə etməyin (Ərm. 31:3).

8, 9. İsa Məsihin məhəbbəti bizi necə möhkəmləndirir?

8 Yehovanın bizi sevdiyinə şübhə etməməyimizin digər səbəbi də var: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəh. 3:16). İsa Məsih də öz həyatını bizim uğrumuzda qurban verməklə məhəbbətinin böyüklüyünü göstərdi. Həqiqətən də, belə bir məhəbbəti duymaq insana qol-qanad verir! Allahın Kəlamında yazılıb ki, heç bir dərd-bəla, ağrı-acı bizi Məsihin məhəbbətindən ayıra bilməz (Rom. 8:35, 38, 39).

9 Bəzən üzləşdiyimiz problemlər bizi fiziki, emosional cəhətdən zəiflədir, yaxud Yehovaya xidmətdə sevincimizi alır. Lakin Məsihin məhəbbəti haqda düşünmək bizə dözmək üçün güc verə bilər. (2 Korinflilərə 5:14, 15 ayələrini oxuyun.) Bu məhəbbət bizə hətta fəlakət, təqib, şəxsi problemlər və narahatlıqlar zamanı belə, təslim olmamağa, yaşamaq eşqimizi qoruyub Yehovaya xidməti davam etdirməyə təkan verir.

DİNDAŞLARIMIZIN MƏHƏBBƏTİMİZƏ EHTİYACI VAR

İsa Məsihin qoyduğu nümunəni araşdırmaq sizi ruhlandıracaq (10 və 11-ci abzaslara baxın)

10, 11. Ruhdan düşmüş dindaşımızı möhkəmləndirmək kimin məsuliyyətidir? İzah edin.

10 Yehova Allah bizə həmçinin yığıncaq vasitəsilə məhəbbətini göstərir. Bacı-qardaşlarımıza məhəbbət bəsləməklə Yehovanın məhəbbətinə qarşılıq vermiş oluruq. Biz əlimizdən gələni edib onlara dəyərli olduqlarına, Yehovanın onları sevdiyinə əmin etməliyik (1 Yəh. 4:19—21). Həvari Bulus yazmışdı: «İndi olduğu kimi, bundan sonra da bir-birinizə təsəlli verin və bir-birinizi möhkəmləndirin» (1 Salon. 5:11). Bu, yalnız ağsaqqalların məsuliyyəti deyil. Yığıncağın hər bir üzvü Yehova Allahdan və İsa Məsihdən örnək alaraq bacı-qardaşlara təsəlli verib ruhlandıra bilər. (Romalılara 15:1, 2 ayələrini oxuyun.)

11 Yığıncaqda emosional pozuntuları olan bəzi bacı-qardaşların mütəxəssis köməyinə və tibbi müalicəyə ehtiyacı ola bilər (Luka 5:31). Ağsaqqallar və yığıncağın digər üzvləri əqli sağlamlıq üzrə mütəxəssis olmadıqlarını başa düşürlər. Lakin yığıncağın hər bir üzvü «qəmginlərə təskinlik verin, zəiflərə dayaq olun və hamıya qarşı səbir göstərin» məsləhətinə əməl etməklə dindaşlarına əvəzsiz kömək edə bilər (1 Salon. 5:14). Belə bacı-qardaşların dərdinə şərik olmaq, onlara səbirlə yanaşmaq, ruhlandırmaq hər bir məsihinin borcudur. Bəs siz bacı-qardaşlara dayaq olur, onları ruhlandırırsınız? Bunu necə etməyi bilsəniz, daha çox fayda vermiş olarsınız.

12. Yığıncağın göstərdiyi məhəbbət bir bacını necə dirçəltdi?

12 Məhəbbətimiz mənəvi iztirab çəkənləri necə dirçəldə bilər? Avropada yaşayan bir bacı bölüşür: «Hərdən özümü öldürmək istəyirəm. Lakin mənim möhkəm dəstək komandam var. Getdiyim yığıncaq həyatımı xilas edib. Bacı-qardaşlar həmişə məni ruhlandırır, məhəbbət göstərirlər. Depressiyadan əziyyət çəkdiyimi cəmi bir neçə nəfər bilsə də, bütün yığıncaq həmişə mənə dayaq olur. Bir ər-arvad elə bil doğma ata-anamdır. Onlar mənim qayğıma qalırlar, demək olar günün 24 saatı yanımdadırlar». Düzdür, hamının bu cür kömək etmək imkanı olmur, amma hər birimiz mənəvi iztirab çəkən dindaşlarımıza dayaq olmaq üçün nəsə edə bilərik *.

MƏHƏBBƏTİMİZLƏ MÖHKƏMLƏNDİRƏK

13. Başqalarını ruhlandırmaq üçün nə edə bilərik?

13 Yaxşı dinləyici olun (Yaq. 1:19). Qarşı tərəfi canıyananlıqla dinləmək məhəbbətin təcəssümüdür. İnsanın keçirdiyi hissləri başa düşmək üçün nəzakətlə suallar vermək olar. Onda dindaşınız onun dərdinə şərik olduğunuzu görəcək. Qoy bu həmçinin sizin simanızdan görünsün. Ola bilsin, kimsə danışarkən ən xırda detallarına qədər izah edir. Bu zaman səbirli olun və insanın sözünü kəsməməyə çalışın. Diqqətlə qulaq asaraq onun hansı hissləri keçirdiyini daha yaxşı anlaya biləcəksiniz. Onda dindaşınızın etibarını qazanacaqsınız və çox güman ki, o, dediklərinizə qulaq asacaq. Hisslərinə biganə olmadığınızı görmək ona sözün əsl mənasında təsəlli verə bilər.

14. Nə üçün insanlara tənqidi münasibət bəsləməməliyik?

14 Tənqidi yanaşmayın. Depressiyadan əziyyət çəkən insana tənqidi münasibət onun özünü daha pis hiss etməsinə gətirib çıxara bilər. Bu zaman kömək etmək üçün göstərdiyiniz cəhdlər boşa çıxacaq. «Düşünmədən deyilən söz qılınc zərbəsinə bənzər, hikmətli insanın dili isə məlhəmdir» (Məs. 12:18). Əlbəttə ki, biz bilərəkdən depressiyada olan insana yaralayıcı sözlərimizlə «zərbə» endirmərik. Lakin bir şey var ki, bilmədən vurduğumuz zərbə də insanı dərindən yaralayır. İman bacı-qardaşlarımızı məhəbbətlə möhkəmləndirmək istəyiriksə, özümüzü onun yerinə qoyaraq vəziyyətini anlamağa çalışmalıyıq (Mət. 7:12).

15. Hansı alətin köməyi ilə başqalarını məhəbbətlə möhkəmləndirə bilərik?

15 Allahın Kəlamı ilə təsəlli edin. (Romalılara 15:4, 5 ayələrini oxuyun.) Müqəddəs Kitab təsəlliverici fikirlərlə dolu olan böyük xəzinədir. Çünki o, bizə «dözüm və təsəlli verən» Allahın sözüdür. Bizə qəlb rahatlığı bəxş edən ayələrlə yanaşı, Müqəddəs Kitaba əsaslanan bolluca vəsaitlərə sahibik. Məsələn, «Gözətçi Qülləsi nəşrlərinin indeksi» və «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitlərindən yararlana bilərik. Bu vəsaitlər müxtəlif çətinliklərlə mübarizə aparmaq üçün Müqəddəs Kitaba əsaslanan ruhlandırıcı fikirlər tapmağımıza kömək edir. Tapdığımız fikirlər sayəsində dindaşımızı ruhlandırmaq və təsəlli vermək cəhdlərimiz daha effektiv olacaq.

16. Depressiyada olan dindaşımıza kömək etmək üçün hansı xüsusiyyətləri təzahür etdirməliyik?

16 Mülayim və nəvazişli olun. Bu xüsusiyyətlər başqalarını ruhlandırarkən göstərdiyimiz məhəbbət xüsusiyyətinin vacib yönüdür. Yehova «mərhəmətli Ata və hər cür təsəlli» Allahıdır, O, xidmətçilərinə qarşı rəhmlidir. (2 Korinflilərə 1:3—6 ayələrini oxuyun; Luka 1:78; Rom. 15:13.) Yehovanın bu xüsusiyyətlərini təzahür etdirən həvari Bulus bizim üçün gözəl örnəkdir. O demişdi: «Biz sizinlə körpələrini əmizdirib əzizləyən ana kimi nəvazişlə davranmışıq. Sizi sevdiyimiz üçün sizə nəinki Allahın müjdəsini çatdırmağa, hətta öz canımızı da verməyə hazır olmuşuq, axı siz bizə çox əziz idiniz» (1 Salon. 2:7, 8). Biz də bu cür ilahi xüsusiyyətləri təzahür etdirməklə ruhdan düşən bacı-qardaşlarımızın dualarına cavab ola bilərik.

17. Bacı-qardaşlarımızı ruhlandırmaq üçün onlara necə münasibət bəsləməliyik?

17 Dindaşlarınızdan mükəmməllik gözləməyin. Realist olun. Onlardan qüsursuzluq gözləməyiniz məyusluqla nəticələnər (Vaiz 7:21, 22). Unutmayın ki, Yehova Allah da bizdən mükəmməllik yox, real şeylər gözləyir. Allahımızdan örnək alaraq biz də bir-birimizin qeyri-kamilliyinə səbirlə yanaşmalıyıq (Efes. 4:2, 32). Dindaşlarımızın Yehovaya xidmətdə əllərindən gələni etmədiklərinə eyham vurmaqdansa, onları etdikləri şeylərə görə tərifləmək daha düzgün olar. Beləcə, onları ruhlandıracağıq. Səmimi tərif sözlərimiz onları möhkəmləndirəcək və onlar Yehovaya xidmətdə etdiklərindən sevinc duyacaqlar. Razılaşarsınız ki, bu, dindaşlarımızı başqaları ilə müqayisə edərək onların qəlbini yaralamaqdan qat-qat yaxşıdır (Qal. 6:4).

18. Başqalarını məhəbbətlə möhkəmləndirməyə bizi nə təşviq edir?

18 Yehovanın hər bir xidmətçisi Ona və həyatını fidyə olaraq qurban verən Məsihə çox əzizdir (Qal. 2:20). Biz dindaşlarımızı çox sevirik və istəyirik ki, onlara səmimi qayğı göstərək. Təravət mənbəyi olmaq üçün «gəlin sülhə aparan və bir-birimizi ruhlandıran şeylərə can ataq» (Rom. 14:19). Yer üzünün Cənnət olacağı günü səbirsizliklə gözləyirik, bax onda ruhdan düşməyə heç bir səbəb qalmayacaq! O zaman nə xəstəlik, nə müharibə, nə ölüm, nə təqib, nə məişət problemləri, nə də qəm-kədər olmayacaq. Minilliyin sonunda bəşəriyyət kamilliyə yetişəcək. Yehova sonuncu sınaqdan keçənləri övladlığa götürəcək və onlar «Allahın övladlarının şanlı azadlığına» qovuşacaqlar (Rom. 8:21). Gəlin bundan sonra da bir-birimizi məhəbbətlə möhkəmləndirək və bu möhtəşəm mükafatı almaq üçün bir-birimizə dayaq olaq!

^ abz. 6 «Yehovaya yaxınlaş» kitabının 24-cü fəslinə (rus.) baxa bilərsiniz.

^ abz. 12 İntihar fikirləri ilə mübarizə aparmaq üçün «Oyanın!» jurnalının növbəti məqalələrindən praktiki məsləhətlər tapa bilərsiniz: «Yaşamağa dəyərmi? Həyata bağlayan üç səbəb» (aprel 2014); «Daha yaşamaq istəmirsinizsə...» (yanvar 2012) (rus.); «Yaşamağa dəyər!» (22 oktyabr 2001) (rus.).