Kontentə keç

Mündəricatı göstər

Qocaman ağsaqqallar, sədaqətiniz Yehova üçün çox dəyərlidir

Qocaman ağsaqqallar, sədaqətiniz Yehova üçün çox dəyərlidir

DÜNYANIN hər bir yerində məsihi ağsaqqallar onlara həvalə olunan işi çox qiymətləndirirlər. Onlar bizim üçün əsl hədiyyədir! Bu yaxınlarda təşkilatda belə bir dəyişiklik baş verdi: yaşlı məsihi ağsaqqallara öhdələrində olan bəzi böyük məsuliyyətləri cavan ağsaqqallara ötürmək buyruldu.

Bu dəyişiklik ondan ibarətdir ki, rayon nəzarətçiləri və teokratik məktəblərdə təlim verən qardaşlar 70 yaşına çatanda təyinatlarından azad olunacaqlar. Eynilə, filial komitəsinin və ya yığıncağın ağsaqqallar şurasının koordinatoru kimi xidmət edən qardaşlar 80 yaşına çatanda bu və bu kimi digər təyinatlarını cavan ağsaqqallara təhvil verəcəklər. Bəs qocaman ağsaqqallarımız bu dəyişikliyə necə hay verdilər? Onlar Yehovaya və Onun təşkilatına etibar etdiklərini göstərdilər.

Təxminən 49 il filial komitəsinin koordinatoru kimi xidmət etmiş Ken qardaş deyir: «Mən bu qərarla tam razı idim. Bunu bilən gün Yehovaya dua edib koordinator kimi xidmət etməyə yararlı cavan bir qardaşa ehtiyacımızın olduğunu bildirdim». Bütün dünyadakı yaşlı ağsaqqallar bu yeniliyə belə əhval-ruhiyyə ilə yanaşdılar. Sözsüz ki, onlar bacı-qardaşlara xidmət etməyi sevdikləri üçün əvvəl-əvvəl müəyyən məyusluq keçirmişdilər.

Ağsaqqallar şurasının koordinatoru kimi xidmət etmiş Esperandiyo adlı bir ağsaqqal deyir: «Açığı, buna görə bir az pis olmuşdum». Lakin o əlavə edir: «Əslində, getdikcə pisləşən səhhətimin qayğısına qalmaq üçün mənə daha çox vaxt lazım idi». Yığıncaq üçün əsil hədiyyə olan Esperandiyo qardaş bu gün də Yehovaya xidmətini sədaqətlə davam etdirir.

Bəs uzun müddət səyyar nəzarətçi kimi xidmət etdikdən sonra digər xidmət növlərinə təyin olunan qardaşlar barədə nə demək olar? 38 il səyyar nəzarətçi kimi xidmət etmiş Alan adlı qardaş deyir: «Bunu öyrənəndə yerimdəcə donub qaldım». Bununla belə, gənc qardaşlara təlim verməyin nə qədər fayda gətirdiyini anlayan bu qardaş Yehovaya xidmətini sədaqətlə davam etdirir.

Ümumilikdə 40 ilə yaxın səyyar nəzarətçi və təlimatçı kimi xidmət etmiş Rassel adlı qardaş özünün və həyat yoldaşının əvvəl-əvvəl keçirdiyi narahatlıq barədə deyir: «Biz təyinatımızı çox sevirdik və xidmətimizi davam etməyə gücümüzün çatdığını hiss edirdik». Rassel qardaş və həyat yoldaşı hal-hazırda xidmət etdikləri yığıncaqla öz təcrübə və bacarıqlarını bölüşür. Onlarla əməkdaşlıq edən təbliğçilər bundan böyük sevinc əldə edir.

Ola bilsin, siz yuxarıda adı çəkilən qardaşların keçirdiyi hissləri keçirməmisiniz. Onda 2-ci İşmuil kitabında yazılmış bir hadisə sizə bu hissləri anlamağa kömək edər.

TƏVAZÖKAR VƏ REALİST İNSAN

Gəlin Absalamın atası Davuda qarşı çıxdığı hadisəni yadımıza salaq. Davud padşah Yerusəlimdən İordan çayının şərq sahilinə, Mahanayimə qaçır. Padşahın və yanındakı insanların burada qalmaq üçün müəyyən şeylərə ehtiyacı var idi. Həmin vaxt baş verənləri xatırlayırsınız?

Bu ərazidə yaşayan üç kişi yorğan-döşək, müxtəlif ərzaqlar və lazımi qab-qacaq gətirir. Onlardan biri Bərzillay idi (2 İşm. 17:27—29). Bir müddətdən sonra Absalamın üsyanı yatırılır və Davud padşah Yerusəlimə geri qayıdır. Bərzillay onu İordan çayına qədər ötürür. Bərzillayın etdiklərinin qarşılığında padşah onu Yerusəlimdə yaşamağa dəvət edir və onu azuqə ilə təmin edəcəyini deyir. Əslində, Bərzillay «varlı-hallı adam idi» və onun bu azuqəyə ehtiyacı da yox idi (2 İşm. 19:31—33). Çox yəqin ki, Davud padşah onda olan keyfiyyətləri bəyəndiyi üçün onun məsləhətlərindən, təcrübəsindən faydalanmaq istəyirdi. Sözsüz ki, Bərzillay üçün padşah sarayında yaşamaq və işləmək böyük şərəf olardı.

Realist və təvazökar insan olan Bərzillay padşaha deyir: «Səksən yaşım var, yaxşını pisdən ayırd edə bilmirəm». O, bununla nə demək istəyirdi? Sözsüz ki, Bərzillay bu yaşına qədər hikmət qazanmışdı. Bir müddət sonra Rəhabam padşaha yaxşı məsləhət verən ağsaqqallar kimi, o da yaxşı məsləhətlər verə bilirdi (1 Pad. 12:6, 7; Zəb. 92:12—14; Məs. 16:31). Deməli, Bərzillay «yaxşını pisdən ayırd edə bilmirəm» deyəndə qocalığın özü ilə gətirdiyi fiziki məhdudiyyətləri nəzərdə tuturdu. O vurğulamışdı ki, yaşının çox olması onun dad bilmə və eşitmə qabiliyyətinə təsir edib (Vaiz 12:4, 5). Beləcə, Bərzillay Davud padşaha çox yəqin ki, öz oğlu olan Kimhamı Yerusəlimə aparmağı təklif edir (2 İşm. 19:35—40).

GƏLƏCƏYİ DÜŞÜNƏRƏK

Vəziyyətə real baxan Bərzillay yaşını nəzərə alaraq bu məsuliyyətdən imtina etmişdir. Yuxarıda bəhs etdiyimiz dəyişikliyin əsasında eyni səbəb durur. Aydındır ki, bu dəyişiklik olunarkən Bərzillayın hadisəsində olduğu kimi təkcə bir nəfərin vəziyyəti və bacarığı yox, bütün dünyadakı məsihi ağsaqqallar üçün nəyin daha yaxşı olduğu nəzərə alınmışdır.

İxtiyar yaşına çatmış bu təvazökar qardaşlar dərhal anladılar ki, onların uzun illərdir yerinə yetirdikləri məsuliyyətləri cavan qardaşlar görməyi bacarsalar, Yehovanın təşkilatı gələcək inkişaf üçün möhkəmlənəcək. Bərzillay öz oğlunu, həvari Bulus Timutini yetişdirdiyi kimi, bu gün də cavan qardaşların yetişməsində çox vaxt elə yaşlı qardaşların əməyi keçir (1 Kor. 4:17; Filip. 2:20—22). Bu cavan qardaşlar isə öz növbəsində «Məsihin bədənini» inşa etməyə yararlı olan «insan timsalında hədiyyələr» olduqlarını doğruldurlar (Efes. 4:8—12; Say. 11:16, 17, 29 ayələri ilə əlaqələndirin).

BÖLÜŞMƏK ÜÇÜN ÇOXLU İMKAN

Müəyyən məsuliyyətlərini cavanlara təhvil vermiş bir çox yaşlı ağsaqqalların qarşısında yeni və daha geniş imkanlar açılıb.

19 il səyyar nəzarətçi kimi xidmət etmiş Marko qardaş deyir: «İndi şəraitim yığıncağımızdakı bacıların məsihi olmayan ərləri ilə maraqlanmağa daha çox əl verir».

28 il səyyar nəzarətçi kimi xidmət etmiş Geraldo qardaş deyir: «Yeni məqsədlərimizdən biri qeyri-fəallara kömək etmək və daha çox insanla Müqəddəs Kitab dərsi keçməkdir». Qardaş bildirir ki, hal-hazırda həyat yoldaşı ilə birgə 15 nəfərə Müqəddəs Kitab dərsi keçir və qeyri-fəal olan bir çoxları artıq yığıncaqlara gəlməyə başlayıb.

Yuxarıda adı çəkilən Alan qardaş deyir: «İndi xidmətin bütün növlərində iştirak etmək imkanımız daha çoxdur. Biz ictimai şahidlik edir, işgüzar ərazilərdə və qonşuluqda təbliğ edirik. İki qonşumuz ibadət evimizi ziyarət edib».

Yığıncaqda yeni təyinat almış bacarıqlı və sədaqətli qocaman qardaşlar, sizin töhfə verə biləcəyiniz başqa bir sahə də var. Siz qazandığınız dəyərli təcrübəni yığıncağınızdakı cavan qardaşlarla bölüşməklə Yehovanın təşkilatını dəstəkləyə bilərsiniz. Yuxarıda adı çəkilən Rassel qardaş deyir: «Yehova bacarıqlı, gözəl gənclər yetişdirir və onlara şərəfli işlər həvalə edir. Nəticədə, bütün dindaşlarımız enerji dolu bu qardaşların təlim və rəhbərliyindən faydalanır!» (« Gənc qardaşların potensialını üzə çıxarın» adlı çərçivəyə baxın.)

YEHOVA SİZİN SƏDAQƏTİNİZİ YÜKSƏK QİYMƏTLƏNDİRİR

Bu yaxınlarda fərqli bir xidmət növünə başlamısınızsa, nikbinliyinizi qoruyun. Siz çəkdiyiniz zəhmət sayəsində artıq çox sayda insanın həyatına rəng qatmısınız. Bu günə qədər sevilmisiniz və bundan sonra da seviləcəksiniz.

Ən önəmlisi isə, siz Yehovanın ürəyində silinməz xoş xatirələr qoymusunuz. O, heç vaxt «keçmişdə və indi müqəddəslərə xidmət edərək Onun adına göstərdiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti» unutmaz (İbr. 6:10). Yehovanın bu vədi təkcə keçmişdə gördüyünüz işlərlə bağlı deyil. Biz Allah üçün o qədər dəyərliyik ki, O nə keçmişdə, nə də indi Onun uğrunda etdiklərimizi unutmaz!

Ola bilsin, bu yeni dəyişikliyin sizə aidiyyəti yoxdur. Bununla belə, bu məsələnin bir ucu sizə də toxunur. Gəlin baxaq necə.

Əgər sizin ərazinizdə təyinatı dəyişmiş yaşlı qardaşlar varsa, onların yetkinliyindən və illərlə qazandıqları təcrübədən faydalana bilərsiniz. Onlardan məsləhət alın, fikirlərini soruşun. Görün indiki təyinatlarında təcrübələrindən necə istifadə edirlər.

Həm yeni üsulla xidmət edən yaşlı məsihilər, həm də yaşlıların təcrübəsindən yararlanan bacı-qardaşlar bir şeyə əmin ola bilərlər ki, Yehova Ona uzun illər xidmət etmiş və hal-hazırda da xidmətinə davam edən hər bir kəsin sədaqətini yüksək qiymətləndirir.