Kontentə keç

Mündəricatı göstər

Qüdrətli, eyni zamanda anlayışlı Allah

Qüdrətli, eyni zamanda anlayışlı Allah

«[Yehova] necə yarandığımızı yaxşı bilir, torpaq olduğumuzu unutmur» (ZƏB. 103:14).

NƏĞMƏ: 30, 10

1, 2. a) Qüdrət Sahibinin insanlarla rəftarı ilə səlahiyyət sahiblərinin rəftarı arasında hansı fərq var? b) Bu məqalədə nə araşdırılacaq?

SƏLAHİYYƏT, ixtiyar sahibi olan şəxslər adətən başqaları üzərində ağalıq edir, hətta onlara zülm verir (Mət. 20:25; Vaiz 8:9). Yehova isə, Qüdrət Sahibi olduğu halda, biz insanlara iltifat göstərir. O, mərhəmətli və qayğıkeşdir. Külli-İxtiyar Yehova qeyri-kamil insanların keçirdiyi hisslərə, ehtiyaclarına qarşı biganə deyil. O, heç vaxt gücümüzdən artığını tələb etmir, çünki «torpaq olduğumuzu unutmur» (Zəb. 103:13, 14).

2 Müqəddəs Kitabda Yehovanın Öz bəndələrinin hisslərini nəzərə aldığına dair çoxlu nümunələr var. Gəlin bu nümunələrdən üçünə nəzər salaq: birincisi, öyrənəcəyik ki, Yehova baş kahinə hökm xəbərini çatdırmalı olan balaca İşmuilə necə kömək etmişdi; ikincisi, İsrail xalqına başçılıq etməyə etiraz edən Musa peyğəmbərlə necə səbirlə davranmışdı; üçüncüsü, İsrail xalqını Misirdən çıxararkən onlara necə qayğı göstərmişdi.

BALACA OĞULA ATA QAYĞISI

3. Balaca İşmuil hansı qeyri-adi hadisənin şahidi olur və bununla bağlı hansı sual yarana bilər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

3 İşmuil körpəlikdən Yehovaya məbəddə qulluq edirdi (1 İşm. 3:1). Bir gecə o, yerində uzanmışdı, birdən qeyri-adi şey baş verir *. (1 İşmuil 3:2—10 ayələrini oxuyun.) İşmuil kiminsə onu çağırdığını eşidir. Elə bilir ki, bu, ixtiyar yaşında olan baş kahin Əlinin səsidir. İşmuil dərhal onun yanına qaçıb deyir: «Bəli, ağam. Məni çağırdın?» Əli isə: «Yox, çağırmamışam», — deyə cavab verir. Bu hadisə iki dəfə yenə təkrarlanır, onda Əli başa düşür ki, uşağı çağıran Allahdır. O, İşmuilə növbəti dəfə səs onu çağıranda necə cavab verməli olduğunu öyrədir. İşmuil də hər şeyi Əlinin dediyi kimi edir. Görəsən, nəyə görə Yehova mələyi vasitəsilə İşmuili çağıranda elə ilk dəfədən Özünü əyan etmədi? Müqəddəs Kitabda bunun səbəbi açıqlanmasa da, hadisələrin gedişatından aydın görmək olar ki, Yehova İşmuilin hisslərini nəzərə almışdı. Gəlin görək necə.

4, 5. a) İşmuil Yehovanın buyruğuna necə yanaşır və səhərisi gün hadisələr necə cərəyan edir? b) Bu hadisədən Yehova haqda nə öyrənirik?

4 1 İşmuil 3:11—18 ayələrini oxuyun. Yehovanın verdiyi qanunda buyrulurdu ki, uşaqlar böyüklərə, ələlxüsus da, xalqın arasında başçılıq edənlərə hörmət qoymalıdır (Çıx. 22:28; Lav. 19:32). Buna görə də çətin ki, İşmuil səhərisi gün Əliyə yaxınlaşıb cəsarətlə hökm xəbərini çatdırardı. Müqəddəs Kitabdan oxuyuruq ki, «o, aldığı vəhyi Əliyə danışmağa qorxurdu». Lakin Yehova İşmuili çağırdığını Əliyə əyan edir. Beləcə, Əlinin özü İşmuildən «bircə kəlmə belə» gizlətmədən hər şeyi danışmasını istəyir. İşmuil itaətkarlıq edib «hər şeyi olduğu kimi» danışır.

5 Əli İşmuilin dediklərini eşidəndə təəccüblənmir, çünki bir müddət əvvəl «Allah adamı Əlinin yanına gəlib» ona eyni şeyləri söyləmişdi (1 İşm. 2:27—36). Əli və İşmuillə bağlı bu hadisə Yehovanın nə qədər anlayışlı, hikmətli Allah olduğunu göstərir.

6. Allahın İşmuilə kömək etmək tərzindən nə öyrənirik?

6 Əziz gənclər, İşmuilin bu hadisəsindən görmək olar ki, Yehova sizin də keçirdiyiniz hissləri və üzləşdiyiniz çətinlikləri çox yaxşı başa düşür. Ola bilsin, özünüzdən böyüklərə təbliğ etmək və ya həmyaşıdlarınızdan fərqlənmək sizin üçün çətindir, bəlkə də utanırsınız. Əmin olun ki, Yehova sizə kömək etmək istəyir. Dua edərək keçirdiyiniz hissləri Yehova ilə bölüşün (Zəb. 62:8). Müqəddəs Kitabdan İşmuil kimi gənclərin nümunələrini oxuyub üzərində düşünün. Artıq bu kimi problemlərin öhdəsindən gəlmiş gənclərlə, yaxud sizdən yaşca böyük bacı-qardaşlarla söhbət edin. Onlar sizə çətin məqamlarda, bəzən də heç gözləmədikləri yolla Yehovanın onlara necə dayaq olduğu barədə çoxlu hadisələr danışa bilərlər.

MUSA PEYĞƏMBƏRƏ İLTİFAT

7, 8. Yehova Musa peyğəmbərə necə iltifat göstərmişdi?

7 Musa peyğəmbər 80 yaşında Yehovadan çətin bir tapşırıq alır. Ona İsrail xalqını Misir köləliyindən azad etmək buyrulur (Çıx. 3:10). Mədyən torpağında 40 il çobanlıq etmiş Musa təbii ki, belə bir tapşırıq aldığına görə çox heyrətlənir. O, Yehovaya deyir: «Mən kiməm ki, fironun yanına gedim, israilliləri Misirdən çıxarım?» Yehova cavabında «Mən səninlə olacağam» deyərək ona ürək-dirək verir (Çıx. 3:11, 12). Həmçinin vəd edir ki, İsrail ağsaqqalları onun «sözünə qulaq asacaq». Amma bütün bunlara baxmayaraq, peyğəmbər «birdən,.. sözümə qulaq asmadılar?» deyə soruşur (Çıx. 3:18; 4:1). O, bununla bir növ Allahın dediyinə şəkk gətirir. Amma Yehova səbirlə davranır, hətta Musa peyğəmbərə möcüzə göstərmək qabiliyyəti verir. Beləcə, onun adı Müqəddəs Kitabda ilk möcüzə göstərən insan kimi qələmə alınır (Çıx. 4:2—9, 21).

8 Hətta bütün bunlardan sonra da, peyğəmbər başqa bir səbəb gətirir. O, yaxşı danışa bilmədiyini söyləyir. Yehova ona deyir: «Danışanda Mən səninlə olacağam, nə demək lazımdırsa, sənə öyrədəcəyəm». Bəs peyğəmbər bu sözlərdən sonra razı qalır? Görünür yox, çünki o, Allahdan xahiş edir ki, onun yerinə başqa birini göndərsin. Bu zaman haqlı olaraq Yehovanın acığı tutur. Amma Yehova bu dəfə də onun hisslərini nəzərə alaraq qardaşı Harunu onunla göndərəcəyini və Musanın yerinə onun danışacağını deyir (Çıx. 4:10—16).

9. Yehovanın səbir və iltifatı Musa peyğəmbərə yaxşı rəhbər olmaqda necə kömək etdi?

9 Bu hadisədən Yehova haqda nə öyrənirik? Qüdrətli Allah Öz gücündən istifadə edərək Musa peyğəmbəri itaət etməyə məcbur edə bilərdi. Lakin Yehova bu həlim, təvazökar xidmətçisi ilə səbir və nəzakətlə davrandı, ona dayaq olacağına əmin etdi. Bəs bu üsul işə yaradı? Əlbəttə ki! Musa peyğəmbər çox gözəl başçı oldu. Yehovanın onunla rəftarından örnək alaraq, o da çalışırdı ki, insanlarla nəzakətlə və anlayışla davransın (Say. 12:3).

Başqaları ilə münasibətdə Yehovadan örnək alırsınız? (10-cu abzasa baxın)

10. Yehovadan örnək alaraq başqalarına anlayış göstərəndə hansı faydanı əldə edirik?

10 Məsihilər bu sahədə Yehovaya necə bənzəyə bilər? Ailə başçısı, valideyn və ya ağsaqqalların başqaları üzərində müəyyən səlahiyyəti var. Buna görə də onların Yehovadan örnək alaraq ailə üzvü və ya dindaşlarına anlayış və səbir göstərməsi, onların hisslərini nəzərə alması olduqca vacibdir (Kol. 3:19—21; 1 But. 5:1—3). Əgər siz Yehova Allahdan, həmçinin Musadan da böyük İsadan örnək alsanız, insanlara sizə yaxınlaşıb ürəyini boşaltmaq asan olacaq və sizinlə ünsiyyət onlara təravət gətirəcək (Mət. 11:28, 29). Bununla siz başqalarına gözəl nümunə qoyacaqsınız (İbr. 13:7).

QÜDRƏTLİ, EYNİ ZAMANDA QAYĞIKEŞ XİLASKAR

11, 12. Yehova israilliləri Misirdən çıxaran zaman camaatın özünü təhlükəsizlikdə və rahat hiss etməsi üçün nə etdi?

11 Eramızdan əvvəl 1513-cü ildə israillilər Misirdən çıxanda sayları üç milyondan çox idi. Onların arasında uşaqlar və yaşlılar, həmçinin xəstələr və şikəstlər var idi. Təbii ki, belə böyük izdiham qayğıkeş və məhəbbətli Rəhbərə ehtiyac duyurdu. Musa peyğəmbər vasitəsilə xalqı Misirdən çıxaran Yehova məhz belə rəhbər idi. Buna görə də israillilər onlara doğma olan yurdlarını tərk edəndə özlərini asayişdə hiss edirdilər (Zəb. 78:52, 53).

12 Bəs xalqının özünü təhlükəsizlikdə və rahat hiss etməsi üçün Yehova hansı tədbirləri gördü? Əvvəla, onları Misirdən «nizamlı bir qoşun kimi» çıxartdı (Çıx. 13:18). Bu cür nizam-intizam israillilərə əminlik verirdi ki, hər şey Yehovanın nəzarəti altındadır. Bundan əlavə, Yehova gündüz «buludla», gecə isə «şəfəq saçan alovla» yol göstərərək yanlarında olduğunu əyan edirdi (Zəb. 78:14). O, sanki deyirdi: «Qorxmayın! Mən sizinləyəm. Sizə yol göstərəcəyəm, sizi qoruyacağam». Bu əminlik tezliklə baş verəcək hadisələr zamanı onların dadına çatacaqdı.

Yehova Qırmızı dənizdən keçən israillilərə necə qayğı göstərdi? (13-cü abzasa baxın)

13, 14. a) Yehova Qırmızı dənizdən keçən israillilərə necə qayğı göstərdi? b) Yehova Allah misirlilərə gücünü necə göstərdi?

13 Çıxış 14:19—22 ayələrini oxuyun. Təsəvvür edin ki, Misirdən çıxan israillilərin arasındasınız. Fironun ordusu arxanızca düşüb, qarşınızda isə Qırmızı dənizdir. Qaçmağa yer yoxdur, sanki tələyə düşmüsünüz. Həmin an Yehova vəziyyətə müdaxilə edir. Önünüzdə gedən bulud sütunu arxanıza keçərək misirlilərin qarşısını kəsir. Onların tərəfi zil qaranlığa qərq olur, sizin tərəf isə möcüzəvi şəkildə işıqlanır. Sonra görürsünüz ki, Musa peyğəmbər əlini dənizin üzərinə uzadır. Bu zaman güclü şərq küləyi əsib dənizin suyunu qovur. Dənizin dibində o bir taya geniş bir yol açılır. Hamı kimi siz də ailəniz və mal-qaranızla birgə nizamlı şəkildə dənizin dibi ilə irəliləyirsiniz. Birdən maraqlı bir şey diqqətinizi çəkir. Görürsünüz ki, dənizin dibi palçıq deyil, heç buz da bağlamayıb. Torpaq elə quru və möhkəmdir ki, rahat yeriyə bilirsiniz. Hətta astagəl insanlar belə, dənizin o biri tayına sağ-salamat keçə bilir.

14 Çıxış 14:23, 26—30 ayələrini oxuyun. Bu zaman məğrur və axmaq firon sizin dalınızca düşür. Musa peyğəmbər yenə əlini dənizin üzərinə uzadır. Divar kimi duran sular sunami dalğası kimi bir-birinə toqquşaraq fironu və ordusunu suya qərq edir. Bir nəfər də sağ çıxmır! (Çıx. 15:8—10).

15. Bu hadisədən Yehova haqda nə öyrənirik?

15 Bu hadisədən görürük ki, Yehova nizam-intizam Allahıdır. Onun bu xüsusiyyəti bizə arxayınlıq və təhlükəsizlik hissi bəxş edir (1 Kor. 14:33). Çoban sürüsünün qayğısına qaldığı kimi, Yehova da xalqının keşiyini çəkir, onları düşmənlərdən qoruyur. Bunu bilmək sonuna doğru yaxınlaşan bu dünyada bizlərə əsl qəlb rahatlığı və əminlik bəxş edir (Məs. 1:33).

16. Yehova Allahın İsrail xalqını hansı yolla xilas etdiyini araşdırmağın bizə hansı faydası var?

16 Bu gün də Yehova Allah Öz xidmətçilərinə bir xalq kimi qayğı göstərir, Onunla yaxşı münasibətlər qurmağa kömək edir və düşmənlərdən hifz edir. Yehova sürətlə yaxınlaşan böyük müsibət zamanı da belə davranacaq (Vəhy 7:9, 10). Odur ki, cavan, yaşlı, sağlam, yaxud xəstə olmasından asılı olmayaraq Allahın xalqının heç bir üzvü böyük müsibət zamanı təlaşa düşməyəcək *. Əksinə, onların ağlında İsa Məsihin dediyi sözlər olacaq: «Qamətinizi düzəldib başınızı dikəldin, çünki qurtuluşunuz yaxındır» (Luka 21:28). Yehovanın xalqı hətta Yəcucun — qədim firondan daha qüdrətli olan xalqlar birliyinin hücumu zamanı da bu arxayınlığını itirməyəcək (Hizq. 38:2, 14—16). Onların bu arxayınlıqlarını qorumalarına səbəb Yehovanın heç vaxt dəyişməyən Allah olduğunu bilmələri olacaq. Keçmişdə olduğu kimi, qayğıkeş Xilaskarımız bu dəfə də xalqını hifz edəcək (Əşy. 26:3, 20).

17. a) Yehovanın xalqına göstərdiyi qayğı haqda oxuduqlarımız bizə necə kömək edə bilər? b) Növbəti məqalə hansı mövzuya həsr olunub?

17 Yehovanın Öz xalqının qeydinə qalarkən, onlara yol göstərərkən və qurtuluş verərkən necə anlayışla və nəvazişlə davranması barədə danışdıq. Müqəddəs Kitabdan bu kimi hadisələr haqda oxuyarkən çalışın xırda detallara fikir verəsiniz, onda Yehovanın əvvəllər diqqət yetirmədiyiniz xüsusiyyətlərini aşkar edəcəksiniz. Öyrəndikləriniz ürəyinizə və zehninizə təsir edərək Ona olan məhəbbətinizi və imanınızı möhkəmləndirəcək. Növbəti məqalədə ailə üzvlərimizə, dindaşlarımıza və təbliğ etdiyimiz insanlara anlayış və qayğı göstərərkən Yehovadan necə örnək ala biləcəyimizi araşdıracağıq.

^ abz. 3 Yəhudi tarixçisi İosif qeyd edir ki, İşmuil həmin vaxt 12 yaşında idi.

^ abz. 16 Belə qənaətə gəlmək olar ki, Armageddondan xilas olanların arasında şikəstlər də olacaq. İsa Məsih yer üzündə yaşayarkən «hər cür xəstəliyi və naxoşluğu sağaldırdı». Bu, dirilənləri yox, Armageddondan sağ çıxanları sağaldacağına işarə idi (Mət. 9:35). Çünki dirilənlərin sağlam bədəndə olacaqlarına heç bir şübhə yoxdur.