Kontentə keç

Mündəricatı göstər

Xoşbəxt Allaha ibadət edənlər bəxtiyardır

Xoşbəxt Allaha ibadət edənlər bəxtiyardır

«Allahı Yehova olan xalq nə bəxtiyardır!» (ZƏB. 144:15).

NƏĞMƏ: 44, 125

1. Yehovanın Şahidlərini xoşbəxt edən nədir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

YEHOVANIN ŞAHİDLƏRİ çox xoşbəxtdirlər. Onların ibadət görüşləri, toplantıları, birgə keçirdikləri tədbirlər xoş ab-havada və gülüş sədaları altında keçir. Onları xoşbəxt edən nədir? Əsas səbəb odur ki, onlar Yehovanı, xoşbəxt Allahı tanıyır, Ona ibadət edir və Ona bənzəməyə çalışırlar (1 Tim. 1:11; Zəb. 16:11). Xoşbəxtlik mənbəyi olan Allah bizim də bəxtiyar olmağımızı istəyir. O, sevinməyimiz üçün çoxlu səbəblər verib (Qan. 12:7; Vaiz 3:12, 13).

2, 3. a) Xoşbəxtlik nədir? b) Nə üçün xoşbəxt olmaq çətindir?

2 Bəs şəxsən siz xoşbəxtsiniz? Daha çox xoşbəxtlik duymaq mümkündür? Bir izahata əsasən, xoşbəxtlik uzun sürən məmnunluq hissidir. O, adi məmnunluqdan tutmuş güclü sevinc hissinə kimi müxtəlif duyğularla səciyyələnir və təbii olaraq, insan onun bitməsini istəmir. Müqəddəs Kitaba əsasən, yalnız Yehova Allahla yaxşı münasibətləri olan şəxslər həqiqətən xoşbəxt ola bilər. Lakin yaşadığımız dünyada xoşbəxt olmaq asan deyil. Səbəb nədir?

3 Əziz insanın ölümü, yaxınımızın yığıncaqdan kənar olunması, ailəmizin dağılması, işimizi itirmək və bu kimi sarsıdıcı vəziyyətlər xoşbəxtliyimizə kölgə sala bilər. Ailədaxili münaqişələr, münasibətlərin gərginləşməsi, məktəb və ya iş yoldaşlarımızın tənələri, etiqadımıza görə üzləşdiyimiz təqiblər, həbs, səhhətimizin pisləşməsi, xroniki xəstəlik, depressiya və sairə sevincimizi qorumağa mane olur. Lakin gəlin unutmayaq ki, bizim İsa Məsih kimi hakimimiz var. «Xoşbəxt və yeganə hakimiyyət sahibi» olan Məsih insanlara təsəlli verməkdən və xoşbəxtlik bəxş etməkdən həmişə zövq duyub (1 Tim. 6:15; Mət. 11:28—30). Onun Dağüstü vəzində vurğuladığı xüsusiyyətlər Şeytan dünyasında üzləşdiyimiz çətinliklərə baxmayaraq, xoşbəxt olmağımıza kömək edəcək.

YEHOVA İLƏ SIX MÜNASİBƏTLƏR XOŞBƏXTLİYİN TƏMƏLİDİR

4, 5. Xoşbəxtliyə nail olmaq və bu hissi qorumaq üçün nə etməliyik?

4 İsa Məsihin vurğuladığı ilk məqam xoşbəxtliyimiz üçün çox vacibdir. O demişdi: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir, çünki səmavi Padşahlıq onlarındır» (Mət. 5:3). Allaha ehtiyac duyduğumuz nədən görünür? Bu, bizim Allahın Kəlamını mütaliə etməyimizdən, Onun buyruqlarına tabe olmağımızdan və ibadəti hər şeydən üstün tutmağımızdan bəlli olur. Əgər bütün bunları etsək, xoşbəxtliyimiz getdikcə artacaq. Allahın vədlərinin tezliklə gerçəkləşəcəyinə imanımız daha da möhkəm olacaq. Həmçinin Müqəddəs Kitabda saleh bəndələr üçün vəd olunmuş «gözəl ümid» bizə problemlərə dözməyə güc verəcək (Tit. 2:13).

5 Xoşbəxtliyimizin davamlı olmasını istəyiriksə, Yehova ilə münasibətlərimizi möhkəmləndirməyə davam etməliyik. Həvari Bulus Allahdan ilham alaraq yazmışdı: «[Yehovaya] xidmətdə həmişə sevinin. Bir də deyirəm, sevinin!» (Filip. 4:4). Yehova ilə gözəl münasibətlərimizin olması üçün ilahi hikmətə yiyələnməliyik. Onun Kəlamında yazılıb: «Xoşbəxt o kəsdir ki, hikmət tapıb, o kəsdir ki, bəsirətə nail olub... Hikmət ona bağlananlar üçün həyat ağacıdır, ondan yapışanlar bəxtəvər adlanar» (Məs. 3:13, 18).

6. Xoşbəxtliyimizin uzun sürməsi nədən asılıdır?

6 Lakin xoşbəxtliyi qoruyub saxlamaq üçün Müqəddəs Kitabı sadəcə oxumaq kifayət deyil, biz orada yazılanlara əməl etməliyik. İsa Məsih növbəti sözləri ilə bunun vacibliyini vurğulamışdı: «Madam ki bunları bilirsiniz, əməl edin, onda xoşbəxt olacaqsınız» (Yəh. 13:17; Yaqub 1:25 ayəsini oxuyun). Bu, ruhani ehtiyacımızı təmin etməyin və davamlı xoşbəxtliyə nail olmağın açarıdır. Bəs bu qədər problemin içində necə xoşbəxt olmaq olar? Gəlin görək İsa Məsih Dağüstü vəzində daha hansı məsləhətləri vermişdi.

XOŞBƏXTLİK BƏXŞ EDƏN XÜSUSİYYƏTLƏR

7. Dərd çəkənlər necə xoşbəxt ola bilər?

7 «Dərd çəkənlər xoşbəxtdir, çünki onlar təsəlli tapacaqlar» (Mət. 5:4). Bizdə sual yarana bilər: «Dərd çəkən insan necə xoşbəxt ola bilər?» İsa Məsih bu sözləri deyərkən bütün dərd çəkənləri nəzərdə tutmurdu. «Son dərəcə çətin» olan bu axırzamanda hətta pis insanlar da müxtəlif problemlər ucbatından dərd çəkir (2 Tim. 3:1). Lakin bu insanların fikri-zikri öz problemlərində olduğundan Allaha yaxınlaşmaq barədə düşünmürlər, buna görə də onlar xoşbəxtlik tapa bilməzlər. Odur ki, İsa Məsih bu sözləri deyərkən Allaha ehtiyacı olduğunu dərk edən insanları nəzərdə tuturdu. Onları kədərləndirən dünyadakı insanların Allahdan çox uzaq olmasıdır. Həmçinin onlar günahlı olduqlarının fərqindədirlər və günahın nəticəsində bəşəriyyətin düşdüyü acınacaqlı vəziyyəti görürlər. Yehovanın nəzəri dərd çəkən bu səmimi insanların üstündədir; O, onlara Kəlamı vasitəsilə təsəlli, xoşbəxtlik və əbədi yaşamaq ümidi bəxş edir. (Hizqiyal 5:11; 9:4 ayələrini oxuyun.)

8. Həlim olmaq insanın xoşbəxtliyində hansı rolu oynayır?

8 «Həlimlər xoşbəxtdir, çünki Yer onların olacaq» (Mət. 5:5). Həlim olmaq insanı necə xoşbəxt edir? Həqiqəti dərk edən insan get-gedə dəyişir. Bir zamanlar kobud, davakar, aqressiv olan kəslər «yeni şəxsiyyəti» geyinərək şəfqət, xeyirxahlıq, təvazökarlıq, mülayimlik, səbir kimi xüsusiyyətləri təzahür etdirir (Kol. 3:9—12). İndi onlar dinc, xoşbəxt ömür sürürlər və başqaları ilə yaxşı münasibətləri var. Üstəlik, Müqəddəs Kitabda vəd olunur ki, «Yer onların olacaq» (Zəb. 37:8—10, 29).

9. a) Hansı mənada Yer həlimlərin olacaq? b) «Salehlik üçün susayıb ona can atanlar» nə üçün xoşbəxtdirlər?

9 Hansı mənada Yer həlimlərin olacaq? Məsh olunmuşlar yer üzünü kahin və padşah qismində idarə edəndə «Yer onların olacaq» (Vəhy 20:6). Bu vəd göydə yaşamaq ümidinə sahib olmayan milyonlarla digər insana da aiddir. Onlar yer üzündə əbədi yaşamaq imkanı əldə edəndə Yerə sahib olacaqlar. Həmin vaxt onlar kamil olacaq və xoşbəxt ömür sürəcəklər. «Salehlik üçün susayıb ona can atanlar xoşbəxtdir» sözləri də həlimlər barəsində deyilib (Mət. 5:6). Allah bütün pislikləri bir dəfəlik məhv edəndə salehlik üçün susayanların arzusu yerinə yetəcək (2 But. 3:13). O zaman salehlər xoşbəxt olacaq, onları məyus edən qanunsuzluq və haqsızlıq kimi problemlər daha olmayacaq (Zəb. 37:17).

10. Rəhmdilli olmaq nə deməkdir?

10 «Rəhmdillilər xoşbəxtdir, çünki onlara mərhəmət göstəriləcək» (Mət. 5:7). Rəhmdilli insan ürəyiyumşaq, başqasının halına acıyan, şəfqətli insandır. Lakin rəhmdilli olmaq yalnız şəfqət duymaq deyil. Müqəddəs Kitabda istifadə olunan bu söz şəfqəti fəal şəkildə təzahür etdirmək, belə ki, xeyirxah əməllər göstərmək mənasını verir.

11. Xeyirxah səməriyyəli haqda məsəldən rəhmdilli olmaqla bağlı nə öyrənirik?

11 Luka 10:30—37 ayələrini oxuyun. İsa Məsihin xeyirxah səməriyyəli haqda çəkdiyi məsəl rəhm göstərməyin nə demək olduğunu çox gözəl şəkildə izah edir. Səməriyyəli ölümcül vəziyyətdə olan insanın halına yandığı üçün ona kömək əli uzatmışdı. Məsəli danışdıqdan sonra İsa demişdi: «Get, sən də belə elə». Özümüzdən soruşa bilərik: «Bəs mən səməriyyəli kimi davranıram? Çətinliyi olanlara şəfqət göstərirəm? Belə insanlara kömək etmək üçün daha nələr edə bilərəm? Məsələn, yığıncaqdakı yaşlı məsihilərə, dullara, valideynləri həqiqətdə olmayan uşaqlara yardım əlimi uzada bilərəm? “Qəmginlərə təskinlik” vermək üçün təşəbbüs göstərə bilərəm?» (1 Salon. 5:14; Yaq. 1:27).

İnsanlara yardım əli uzadın və bunun nə qədər xoşbəxtlik bəxş etdiyinə şahid olun (12-ci abzasa baxın)

12. Rəhmdilli olmaq necə xoşbəxtlik gətirir?

12 Bəs rəhmdilli olmaq insana necə xoşbəxtlik gətirir? İsa Məsih demişdi ki, vermək xoşbəxtlik gətirir. Odur ki, başqalarına mərhəmət göstərəndə onlar üçün nəsə etdiyimizə görə xoşbəxtlik duyuruq. Həmçinin bilirik ki, bununla Yehovanı razı salırıq (Həv. 20:35; İbranilərə 13:16 ayəsini oxuyun). Davud peyğəmbər başqalarına diqqət göstərənlər barədə yazmışdı: «Yehova onu hifz edər, həyatını qoruyar, bəxtəvər deyərlər cahanda ona!» (Zəb. 41:1, 2). Rəhmdilli olmaqla biz Yehovanın mərhəmətini qazanacaq və nəticədə əbədiyyən xoşbəxtlik duyacağıq (Yaq. 2:13).

ÜRƏYİTƏMİZLƏR XOŞBƏXTDİR

13, 14. Ürəyitəmiz olmağımız xoşbəxtliyimizə necə vəsilə olur?

13 «Ürəyitəmizlər xoşbəxtdir, çünki onlar Allahı görəcəklər» (Mət. 5:8). Ürəyimizin təmiz olması üçün düşüncə və niyyətlərimiz pak olmalıdır. Yalnız bu halda Allah ibadətimizi qəbul edəcək. (2 Korinflilərə 4:2 ayəsini oxuyun; 1 Tim. 1:5.)

14 Ürəyitəmizlərin Yehova ilə gözəl münasibətlərə sahib olmaq imkanı var. Yehova onlar barədə deyir: «Libaslarını yuyanlar nə bəxtiyardır!» (Vəhy 22:14). Bu, nə məna kəsb edir? Məsh olunmuşların libaslarını yuması o deməkdir ki, onlar Yehovanın gözündə təmizdirlər; Yehova onlara ölməzlik bəxş edəcək və onlar göydəki mövqelərində sonsuzadək xoşbəxt olacaqlar. Yer üzündə yaşamaq ümidi olan böyük izdiham üçün də bu, Yehovanın dostu olaraq Onun gözündə saleh sayılmaq deməkdir. Belə ki, bu insanlar artıq indidən «libaslarını Quzunun qanında yuyub ağardıblar» (Vəhy 7:9, 13, 14).

15, 16. Ürəyitəmizlər hansı mənada Allahı görəcəklər?

15 Müqəddəs Kitabda yazılıb ki, Allahın üzünü «görən kəs sağ qala bilməz» (Çıx. 33:20). Bəs necə ola bilər ki, ürəyitəmizlər Allahı görsün? «Görmək» kimi tərcümə olunan yunan sözü təsəvvür etmək, dərk etmək, bilmək mənasını verir. Buna görə də Allahı həqiqətən tanıyan və onun xüsusiyyətlərinə bələd olan şəxslər qəlbinin gözü ilə Allahı görür (Efes. 1:18). İsa Məsih də Yehovanın xüsusiyyətlərini mükəmməl şəkildə təzahür etdirdiyi üçün demişdi: «Məni görən Atanı da görüb» (Yəh. 14:7—9).

16 Allahın xüsusiyyətlərinə bələd olmaqla yanaşı, həyatımızda Onun əlini hiss etməklə də Onu görmüş oluruq (Əyy. 42:5). Həmçinin biz qəlbimizin gözünü Yehovanın vədlərinə cəmləyirik. O, paklığını qoruyan və Ona sadiq qalan kəslərə möhtəşəm nemətlər vəd edib. Məsh olunmuş məsihilər isə dirilib səmavi mükafatlarını alandan sonra Yehovanı hərfi mənada görəcəklər (1 Yəh. 3:2).

ÇƏTİNLİKLƏRİMİZ OLSA DA, XOŞBƏXTİK

17. Sülhün xoşbəxt olmağımızda hansı rolu var?

17 «Sülhpərvərlər xoşbəxtdir» (Mət. 5:9). Sülh yaradan şəxslərin xoşbəxt olmaq üçün əsaslı səbəbi var. Şagird Yaqub yazmışdı: «Salehlik bəhrəsinin toxumu isə sülhpərvərlər üçün əmin-amanlıq şəraitində əkilir» (Yaq. 3:18). Dindaşımız və ya ailə üzvümüzlə münasibətlərimiz gərgindirsə, Yehovadan bizə sülhpərvər olmağa kömək etməsini diləyə bilərik. Onda Allahın ruhu sayəsində məsihi keyfiyyətləri təzahür etdirə və daha xoşbəxt ola biləcəyik. İsa Məsih sülh yaratmaq üçün təşəbbüs göstərməyin vacibliyini vurğulayaraq demişdi: «Əgər bəxşişini qurbangaha gətirəndə yadına düşsə ki, kimsə səndən inciyib, bəxşişi orada, qurbangahın qarşısında qoy. Əvvəlcə get onunla barış, sonra gəl bəxşişini təqdim et» (Mət. 5:23, 24).

18, 19. Nə üçün məsihilər təqiblərlə üzləşsələr belə, sevinclərini itirmirlər?

18 «Mənə görə insanlar sizi təhqir və təqib edəndə, sizin haqqınızda hər cür yalan və pis söz danışanda siz necə də xoşbəxtsiniz!» İsa Məsihin bu sözləri hansı məna kəsb edir? O deyir: «Sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir, axı sizdən əvvəl peyğəmbərləri də belə təqib etmişlər» (Mət. 5:11, 12). Həvariləri döyəndən sonra bir də təbliğ etməməyi tapşırıb buraxanda onlar «Sinedriondan sevinə-sevinə» çıxmışdılar. Əlbəttə, onlar döyüldüklərinə görə yox, İsanın adı naminə təhqir olunduqlarına görə sevinirdilər (Həv. 5:41).

19 Bu gün də Yehovanın xalqı İsanın adına görə üzləşdiyi təhqirləri və digər sınaqları sevinclə qarşılayır. (Yaqub 1:2—4 ayələrini oxuyun.) Həvarilər kimi, bizim də əzab çəkməkdən xoşumuz gəlmir. Lakin sınaqlar zamanı Yehovaya sadiq qalsaq, onların öhdəsindən gəlməyə kömək edəcək. Məsələn, diktatorluq dövründə yaşayan Henrik Dornik və qardaşı ilə baş verən hadisəyə nəzər salaq. 1944-cü ilin avqust ayında hökumət onları həbs düşərgəsinə göndərməyə qərar verir. Görün əleyhdarlar onlar haqda nə demişdilər: «Onları fikirlərindən daşındırmaq qeyri-mümkündür. İmanları uğrunda ölmək onlara sevinc gətirir». Henrik qardaş deyir: «Düzdür, mən ölmək istəmirdim. Amma Yehovaya sadiq qaldığım üçün çəkdiyim əzablara cəsarətlə və ləyaqətlə tab gətirmək mənə sevinc verirdi... Hərarətlə etdiyim dualar məni Yehovaya daha da yaxınlaşdırdı və O, mənə əsl dayaq oldu».

20. Xoşbəxt Allaha ibadət etmək nə üçün bizə sevinc bəxş edir?

20 Xoşbəxt Allahımızın bizdən razı qaldığını bilmək etiqadımıza görə üzləşdiyimiz təqiblərə, ailə üzvlərimizin göstərdiyi maneələrə, xəstəliyin və qocalığın gətirdiyi çətinliklərə rəğmən sevincimizi qorumağa kömək edəcək (1 Tim. 1:11). Həmçinin «heç vaxt yalan danışmayan Allahın» verdiyi gözəl vədlər də bizə xoşbəxtlik bəxş edir (Tit. 1:2). Yehovanın vədlərinin gerçəkləşməsi o qədər möhtəşəm olacaq ki, bu gün üzləşdiyimiz sınaqlar və çətinliklər yadımıza da düşməyəcək. Yerüzü Cənnət olan zaman Yehova bizə ağlımıza belə gətirmədiyimiz nemətlər bəxş edəcək. Sözsüz ki, o zaman sevincimiz aşıb-daşacaq, xoşbəxtliyimiz yerə-göyə sığmayacaq. O vaxt Yehovanın bütün xidmətçiləri «əmin-amanlığın bolluğundan həzz alacaq» (Zəb. 37:11).