Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 36

Armageddon, möhtəşəm gün!

Armageddon, möhtəşəm gün!

«Onlar padşahları... Armageddon adlanan yerə topladılar» (VƏHY 16:16).

NƏĞMƏ 150 Xilas üçün Yehovaya sığın

İCMAL *

1, 2. a) Nə üçün Armageddonun olacağı haqda xəbər bəşəriyyət üçün xoş xəbərdir? b) Bu məqalədə hansı sualları araşdıracağıq?

«ARMAGEDDON» sözünü eşidəndə çoxlarının ağlına nüvə müharibəsi və ya təbii fəlakətlər gəlir. Lakin Müqəddəs Kitabda Armageddonla bağlı xoş şeylər yazılıb. Bu müharibənin bizə xoşbəxtlik bəxş edəcəyi deyilir (Vəhy 1:3). Armageddon müharibəsində bəşəriyyət məhv olmayacaq, əksinə qurtuluşa yetişəcək! Necə?

2 Müqəddəs Kitab Armageddon müharibəsinin bəşəriyyətə necə qurtuluş gətirəcəyinə aydınlıq verir. Orada Armageddon müharibəsinin insan hakimiyyətinə son qoymaqla, pisləri məhv edib, salehləri sağ saxlamaqla və yer kürəsini tələf edənləri tələf etməklə bəşəriyyətə qurtuluş gətirəcəyi deyilir (Vəhy 11:18). Bunu daha aydın başa düşmək üçün gəlin dörd suala nəzər salaq: «Armageddon nədir? Hansı hadisələr Armageddona aparıb çıxaracaq? Bu müharibədə xilas olanların arasında olmaq üçün nə edə bilərik? Dünyanın sonu yaxınlaşdıqca sədaqətimizi necə qoruya bilərik?»

ARMAGEDDON NƏDİR?

3. a) «Armageddon» nə deməkdir? b) Vəhy 16:14, 16 ayələrinə əsasən, nəyə görə deyə bilərik ki, Armageddon hərfi yer deyil?

3 Vəhy 16:14, 16 ayələrini oxuyun. «Armageddon» sözünə Müqəddəs Kitabda yalnız bir dəfə rast gəlinir. Bu söz «Megiddo dağı» mənasını verən ibrani ifadəsindən yaranıb (Vəhy 16:16, haş.). Megiddo qədim İsraildə şəhər idi (Yuş. 17:11). Lakin «Armageddon» deyiləndə yer üzündə mövcud olan hər hansı hərfi yer nəzərdə tutulmur. Bu söz «yer üzünün padşahlarının» Yehovaya qarşı birləşdiyi vəziyyəti bildirir (Vəhy 16:14). Bununla belə, geniş mənada «Armageddon» sözü həm də yer üzünün padşahlarının toplanmasından dərhal sonra baş verəcək müharibəyə aiddir. «Armageddon» deyiləndə məcazi yerin nəzərdə tutulduğunu haradan bilirik? Birincisi, Megiddo adlı bir dağ yoxdur. İkincisi, Megiddo ətrafı ərazi «yer üzünün padşahlarının», onların ordularının və silah-sursatının yerləşəcəyi qədər böyük deyil. Üçüncüsü, məqalədən görəcəyimiz kimi, Armageddon müharibəsi «yer üzünün padşahlarının» dünyanın dörd bir tərəfində yaşayan Allahın xalqına hücumu ilə başlayacaq.

4. Nəyə görə Yehova yekun müharibəsini Megiddo ilə əlaqələndirir?

4 Nəyə görə Yehova yekun müharibəsini Megiddo ilə əlaqələndirir? Müqəddəs Kitabın yazıldığı dövrdə Megiddo və Yizrail dərəsi yaxınlığında çoxlu döyüşlər baş verirdi. Bəzən Yehova bu döyüşləri Özü aparırdı. Məsələn, «Megiddo suları yanında» Allah israilli hakim Bərəqə Sisarın başçılığı altında olan Kənan ordusunu məğlub etməyə kömək etmişdi. Bərəq və peyğəmbər Dəburə bu möcüzəvi qələbələrinə görə Yehovaya həmd etmişdilər. Onlar nəğmə qoşub oxuyurdular: «Ulduzlar asimandan döyüşdü,.. Sisara qarşı vuruşdu. Qişon çayı düşmənləri yuyub apardı» (Hak. 5:19—21).

5. Armageddon müharibəsi Bərəqin döyüşündən nə ilə fərqlənəcək?

5 Bərəq və Dəburə öz nəğmələrini bu sözlərlə yekunlaşdırır: «Ey Yehova, qoy bütün düşmənlərin məhv olsun, Səni sevənlər isə əzəmətlə doğan günəş kimi parlasın!» (Hak. 5:31). Armageddonda da Yehovanın düşmənləri məhv ediləcək, Onu sevənlər isə xilas olacaq. Lakin bu iki müharibə arasında bir mühüm fərq var. Armageddonda Allahın xalqı döyüşməyəcək, hətta silahlanmayacaq. Onların gücü daxili sakitlik, Yehovaya və Onun səmavi ordusuna bəslədikləri etibar olacaq (Əşy. 30:15; Vəhy 19:11—15).

6. Yehova Armageddonda düşmənlərini necə məhv edəcək?

6 Yehova Armageddonda düşmənlərini necə məhv edəcək? O, müxtəlif üsullardan istifadə edə bilər. Məsələn, ola bilsin, Yehova zəlzələ, dolu və ildırımdan istifadə eləsin (Əyy. 38:22, 23; Hizq. 38:19—22). Yaxud düşmənlərini bir-birinə qarşı qaldırsın (2 Saln. 20:17, 22, 23). Yaxud ola bilsin, pisləri mələkləri vasitəsilə məhv etsin (Əşy. 37:36). Hansı üsuldan istifadə etməsindən asılı olmayaraq, Yehova qələbə çalacaq. Onun bütün düşmənləri məhv olacaq, bütün saleh bəndələri isə qurtulacaq (Məs. 3:25, 26).

ARMAGEDDONA APARIB ÇIXARACAQ HADİSƏLƏR

7, 8. a) 1 Salonikililərə 5:1—6 ayələrinə əsasən, dünya liderləri hansı qeyri-adi bəyanatı edəcək? b) Nə üçün bu bəyanat təhlükəli yalan olacaq?

7 «Yehovanın günü» başlamazdan öncə «sülh və təhlükəsizlik» bəyanatı olacaq. (1 Salonikililərə 5:1—6 ayələrini oxuyun.) 1 Salonikililərə 5:2 ayəsində istifadə olunan «Yehovanın günü» ifadəsi böyük müsibətə aiddir (Vəhy 7:14). Bəs böyük müsibətin başlamaq üzrə olduğunu necə biləcəyik? Müqəddəs Kitabda deyilir ki, olduqca qeyri-adi bir bəyanat olacaq. Bu bəyanat böyük müsibətin başlayacağına işarə olacaq.

8 Peyğəmbərlik edildiyi kimi, bu, «sülh və təhlükəsizlik» bəyanatı olacaq. Nəyə görə dünya liderləri bu bəyanatı edəcəklər? Səbəbini dəqiq bilmirik. Bu işdə din xadimlərinin də əli olacaq? Yəqin ki. Hər bir halda, bu, cinlərdən qaynaqlanan növbəti yalan olacaq. Bu yalan lap təhlükəli yalan olacaq. Çünki bəşər tarixində ən böyük müsibətin başlamasına az qalmış insanlar aldanaraq özlərini təhlükəsizlikdə hiss edəcəklər. Bəli, «hamilə qadını qəfildən doğum sancıları tutduğu kimi, onlar da qəfil məhvə uğrayacaqlar». Bəs Yehovanın sadiq bəndələri ilə nə baş verəcək? Yehovanın gününün belə qəfil başlaması onları məəttəl qoyacaq, amma onlar hazırlıqsız olmayacaqlar.

9. Yehova Şeytan dünyasını hansı ardıcıllıqla məhv edəcək?

9 Yehova, Nuhun günlərindən fərqli olaraq, Şeytan dünyasını bir dəfəyə məhv etməyəcək. O, bunu iki mərhələdə edəcək. Birinci mərhələdə Yehova yalan dinlər imperiyası olan Böyük Babili məhv edəcək. İkinci mərhələdə, Armageddonda isə, Şeytan dünyasının siyasi, hərbi və kommersiya sistemi də daxil olmaqla, qalan hissəsini darmadağın edəcək. Gəlin baş verəcək bu iki mühüm mərhələni bir-bir araşdıraq.

10. Vəhy 17:1, 6 və 18:24 ayələrinə əsasən, nəyə görə Yehova Böyük Babili məhv edəcək?

10 «Böyük fahişəyə çıxarılacaq hökm». (Vəhy 17:1, 6; 18:24 ayələrini oxuyun.) Böyük Babil Allahın adına çoxlu qara yaxıb. O, Allah haqda yalan təlimlər yayıb. İnsan hakimiyyətləri ilə ittifaqa girərək, əxlaqsız qadın kimi, onlarla zina edib. Nüfuzundan, səlahiyyətindən istifadə edərək üzvlərini çapıb talayıb. Üstəlik, o, çoxlu qanlar töküb, hətta Allahın sadiq bəndələrinin də qanına bais olub (Vəhy 19:2). Bəs Yehova Böyük Babili necə məhv edəcək?

11. «Al-qırmızı rəngli» vəhşi heyvan kimdir və Yehova onu Böyük Babilə qarşı necə istifadə edəcək?

11 Yehova böyük fahişəni al-qırmızı rəngli vəhşi heyvanın və on buynuzun vasitəsilə məhv edəcək. Vəhşi heyvan Birləşmiş Millətlər Təşkilatını, on buynuz isə bu təşkilatı dəstəkləyən siyasi qüvvələri təmsil edir. Yehovanın təyin etdiyi vaxt bu siyasi qüvvələr Böyük Babilə hücum edəcək. Onun var-dövlətini əlindən alaraq və şər əməllərini ifşa edərək «tar-mar edib çılpaq qoyacaq» (Vəhy 17:3, 16). Onun məhvi qəfil, sanki bir günün içində baş verəcək. Belə qəfil məhvə uğraması tərəfdarlarını dəhşətə salacaq. Axı böyük fahişə özündən razı şəkildə: «Mən taxtda oturmuş bir məlikəyəm, dul qalmamışam, heç vaxt da dərd bilməyəcəyəm», — deyirdi (Vəhy 18:7, 8).

12. Yehova xalqların nə etməsinə yol verməyəcək və nəyə görə?

12 Yehova qoymayacaq ki, xalqlar Onun bəndələrini məhv etsin. Çünki Allahın xalqı Böyük Babildən çıxmaq əmrinə tabe olub və fəxrlə Onun adını daşıyır (Həv. 15:16, 17; Vəhy 18:4). Onlar başqalarının da saxta dindən çıxması üçün əllərindən gələn köməyi əsirgəmirlər. Beləliklə, Böyük Babilin «başına gələcək bəlalar» Yehovanın xidmətçilərinin başına gəlməyəcək. Bununla belə, növbəti hadisələr onların imanını sınayacaq.

Allahın xalqına hücum olunan zaman onlar dünyanın harasında olurlarsa olsunlar, Yehovaya bel bağlayacaqlar (13-cü abzasa baxın) *

13. a) Yəcuc kimdir? b) Hizqiyal 38:2, 8, 9 ayələrinə əsasən, Yəcucun Armageddon adlanan məcazi yerə gəlməsi nə vaxt olacaq?

13 Yəcucun hücumu. (Hizqiyal 38:2, 3, 8, 9 ayələrini oxuyun.) Bütün yalan dinlər məhv olacaq, Allahın xalqı isə dəhşətli qasırğadan salamat çıxan ağac kimi möhkəm duracaq. Sözsüz ki, bu, Şeytanı qəzəbləndirəcək. O, qəzəbini necə tökəcək? Şeytan «murdar vəhy»lər — cinlərdən qaynaqlanan yalan məlumatlar vasitəsilə millətlər birliyini Yehovanın xidmətçilərinə qarşı qaldıracaq (Vəhy 16:13, 14). Bu millətlər birliyi «Məcuc ölkəsindən olan Yəcuc» adlanır. Millətlər birliyi Allahın xalqına hücum edən zaman Armageddon adlanan məcazi yerə toplaşacaq (Vəhy 16:16).

14. Yəcuc nəyi anlayacaq?

14 Yəcuc «insan gücünə» — öz hərbi qüvvəsinə arxalanacaq (2 Saln. 32:8). Biz isə Allahımız Yehovaya bel bağlayacağıq. Hərçənd bu, millətlərə axmaqlıq kimi görünəcək. Axı Böyük Babil olduqca qüdrətli olsa belə, allahları onu vəhşi heyvanın və on buynuzun əlindən qurtara bilmədi! (Vəhy 17:16). Odur ki, Yəcuc bizi asanlıqla məhv edəcəyini düşünəcək. O, «ölkəni bürüyən buludlar kimi», Yehovanın xalqına hücum çəkəcək (Hizq. 38:16). Amma tezliklə çıxılmaz bir tələyə düşdüyünü anlayacaq. Qırmızı dənizdəki firon kimi, Yəcuc da başa düşəcək ki, Yehovaya qarşı döyüşürmüş (Çıx. 14:1—4; Hizq. 38:3, 4, 18, 21—23).

15. Məsih yekun qələbəsini necə çalacaq?

15 Məsih və onun səmavi ordusu Allahın xalqının müdafiəsinə qalxacaq və Yəcucla ordusunu məhv edəcək (Vəhy 19:11, 14, 15). Bəs Allahın baş düşməninin, millətləri yalan təbliğatla Armageddona yığmış Şeytanın aqibəti necə olacaq? İsa onu və cinlərini min illiyə buxovlayıb, dibsiz quyuya atacaq (Vəhy 20:1—3).

ARMAGEDDONDAN NECƏ XİLAS OLA BİLƏRSİNİZ?

16. a) Allahı tanıdığımız nədən görünür? b) Armageddonda Allahı tanıyan insanlarla nə baş verəcək?

16 Həqiqətdə çoxdan olub-olmamağımızdan asılı olmayaraq, Armageddondan xilas olmaq üçün Allahı tanımalı və «Ağamız İsa haqqındakı müjdəyə itaət» etməliyik (2 Salon. 1:7—9). Allahı tanımaq nəyin Ona məqbul olub-olmadığını bilmək, qanunlarına bələd olmaq deməkdir. Allahı tanıdığımız həmçinin Ona məhəbbət, itaət və tam sədaqət göstərməyimizdən görünür (1 Yəh. 2:3—5; 5:3). Bütün bunları ediriksə, Allah da bizi tanıyacaq, yəni Onun rəğbətini qazanacağıq (1 Kor. 8:3). Armageddondan xilasımız da elə bundan asılıdır.

17. «Ağamız İsa haqqındakı müjdəyə» itaət etməyə nə daxildir?

17 «Ağamız İsa haqqındakı müjdəyə» onun öyrətdiyi bütün həqiqətlər daxildir. Bu həqiqətlər Allahın Kəlamında yazılıb. İsa haqqındakı müjdəyə itaət etmək onun öyrətdiyi həqiqətləri tətbiq etmək deməkdir. Bura Yehovaya xidməti həyatımızda birinci yerə qoymaq, Onun saleh qanunlarına uyğun yaşamaq və Padşahlığını bəyan etmək daxildir (Mət. 6:33; 24:14). Həmçinin üzərlərində böyük məsuliyyətlər olan Məsihin məsh olunmuş qardaşlarına dəstək olmaqla da müjdəyə itaət etdiyimizi göstəririk (Mət. 25:31—40).

18. Məsh olunmuş məsihilər onlara göstərilən xeyirxahlığın əvəzində nə edəcəklər?

18 Tezliklə Allahın məsh olunmuş xidmətçiləri onlara xeyirxahlıq göstərən başqa qoyunlara mükafat verə biləcəklər (Yəh. 10:16). Necə? Armageddon müharibəsi başlamazdan öncə yer üzündə yaşayan məsh olunmuşlar ölməz ruhani varlıqlar qismində göyə aparılacaq. Beləcə, 144 000 məsh olunmuşun hamısı səmavi ordunun bir hissəsi olaraq, Yəcucun məhvində və Allahın xidmətçilərindən ibarət böyük izdihamın xilasında iştirak edəcəklər (Vəhy 2:26, 27; 7:9, 10). Bax onda, böyük izdiham məsh olunmuş məsihilərə vaxtilə dayaq olduğu üçün əsl fərəh hissi duyacaq!

SƏDAQƏTİMİZİ NECƏ QORUYA BİLƏRİK?

19, 20. Armageddonun yaxınlaşdığı bir vaxtda çətinliklərimizə baxmayaraq, sədaqətimizi necə qoruya bilərik?

19 Son dərəcə ağır bir dövrdə, axırzamanda yaşayan Yehovanın xidmətçiləri müxtəlif sınaqlarla üzləşir. Amma bu sınaqlara sevinclə tab gətirə bilərik (Yaq. 1:2—4). Bunun başlıca yolu daima səmimi-qəlbdən dua etməkdir (Luka 21:36). Dua ilə yanaşı, Allahın Kəlamını hər gün mütaliə edib üzərində dərin düşünməliyik, məsələn, tezliklə baş verəcək hadisələri araşdıra bilərik (Zəb. 77:12). Bunları etsək, həmçinin xidmətdə fəal olsaq, imanımızı möhkəm, ümidimizi canlı saxlayacağıq.

20 Bir düşünün, Böyük Babil məhv olanda və Armageddon bitəndə necə xoşbəxt olacaqsınız! Ən əsası isə, Allahın adı və hakimiyyəti bəraət qazananda sevinciniz yerə-göyə sığmayacaq! (Hizq. 38:23). Bəli, Armageddon Allahı tanıyan, Onun Oğluna hörmət edən və axıra kimi dözən kəslər üçün xoş xəbərdir! (Mət. 24:13).

NƏĞMƏ 143 İş başında ol, oyaq qal, gözlə

^ abz. 5 Yehovanın xalqı Armageddonu uzun müddətdir gözləyir. Bu məqalədə Armageddonun nə demək olduğunu, ona aparıb çıxaracaq hadisələri və sonun yaxınlaşdığı bir vaxtda sədaqətimizi qorumağın yollarını araşdıracağıq.

^ abz. 71 ŞƏKİLLƏRİN İZAHI. Ətrafımızda tarixi hadisələr baş verir. Biz 1) nə qədər ki mümkündür, xidmətdə iştirak edəcəyik, 2) təlim proqramına bağlı qalacağıq və 3) Allahın bizi hifz edəcəyinə etibar edəcəyik.

^ abz. 85 ŞƏKLİN İZAHI. Polis işçiləri bir məsihi ailənin evinə basqın etməyə hazırlaşır. Bu ailə arxayındır ki, İsa Məsih və onun mələkləri baş verənlərdən agahdır.