Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 38

«Yanıma gəlin, mən sizə təravət verəcəyəm»

«Yanıma gəlin, mən sizə təravət verəcəyəm»

«Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm» (MƏT. 11:28).

NƏĞMƏ 17 «İstəyirəm»

İCMAL *

1. Mətta 11:28—30 ayələrinə əsasən, İsa Məsih hansı vədi vermişdi?

İSA MƏSİH onu dinləyən izdihama möhtəşəm bir vəd vermişdi: «Yanıma gəlin, mən sizə təravət verəcəyəm». (Mətta 11:28—30 ayələrini oxuyun.) Bu, boş vəd deyildi. Məsələn, gəlin görək İsa Məsih dözülməz xəstəlikdən əziyyət çəkən bir qadın üçün nə etmişdi.

2. İsa Məsih xəstə qadın üçün nə edir?

2 Qadının köməyə son dərəcə ehtiyacı var idi. O, sağalmaq ümidi ilə çox həkimlərin yanında olmuşdu. Qadın 12 il idi ki, bu xəstəlikdən əziyyət çəkirdi və hələ də sağalmamışdı. Qanuna əsasən, o, murdar sayılırdı (Lav. 15:25). Bir gün bu qadın İsa Məsihin xəstələrə şəfa verdiyini eşidir və onu axtarmağa başlayır. İsanı tapanda onun paltarının saçağına toxunur və dərhal sağalır. Lakin Məsih onu sadəcə sağaltmır, həm də öz münasibəti ilə qadının ləyaqət hissini bərpa edir. Məsələn, İsa mülayim, eyni zamanda hörmətcil şəkildə ona «bacım» deyə müraciət edir. Sözsüz ki, qadın bundan çox ruhlanır və möhkəmlənir (Luka 8:43—48).

3. Hansı sualları araşdıracağıq?

3 Diqqət yetirin ki, qadın özü İsa Məsihin yanına gedir. O, özü təşəbbüs göstərir. Bu gün biz də İsa Məsihin yanına gəlmək üçün təşəbbüs göstərməliyik. Düzdür, hal-hazırda Məsih yanına gələnlərin xəstəliklərini möcüzəvi şəkildə sağaltmır. Lakin o, dəvətini bizə də ünvanlayıb: «Yanıma gəlin, mən sizə təravət verəcəyəm». Bu məqalədə beş sualı araşdıracağıq: «İsa Məsihin yanına necə gələ bilərik? İsa «boyunduruğumu üzərinizə götürün» deyəndə nəyi nəzərdə tuturdu? Məsihdən nə öyrənə bilərik? Nə üçün onun həvalə etdiyi iş bizə təravət gətirir? Və Məsihin boyunduruğu altında daima təravət tapmaq üçün nə edə bilərik?»

«YANIMA GƏLİN»

4, 5. İsa Məsihin yanına gəlməyin bəzi üsulları hansılardır?

4 İsa Məsihin yanına gəlməyin bir yolu onun etdikləri və dedikləri haqda bacardığımız qədər çox şey öyrənməkdir (Luka 1:1—4). Bunu bizim əvəzimizə heç kəs etməyəcək. Müqəddəs Kitabdan İsa Məsih haqda yazılanları araşdırmaq hər birimizin öz məsuliyyətidir. İsa Məsihin yanına gəlməyin digər bir yolu vəftiz olunmaq qərarını vermək və onun şagirdi olmaqdır.

5 Daha bir üsul, köməyə ehtiyac duyduğumuz zaman ağsaqqallara yaxınlaşmaqdır. Məsih quzularının qeydinə qalmağı «insan timsalında hədiyyələr» olan ağsaqqallara həvalə edib (Efes. 4:7, 8, 11; Yəh. 21:16; 1 But. 5:1—3). Onlardan kömək istəmək üçün özümüz təşəbbüs göstərməliyik. Düşünməməliyik ki, ağsaqqallar ürəyimizdəkiləri oxuyur və nəyə ehtiyac duyduğumuzu bilir. Julyan adlı bir qardaş deyir: «Səhhətimdəki problemlərə görə Beyteldəki təyinatımı dayandırmalı oldum. Dostlarımdan biri məsləhət gördü ki, ağsaqqallardan mənə ruhlandırıcı ziyarət etmələrini xahiş edim. Əvvəl-əvvəl düşünürdüm ki, buna ehtiyacım yoxdur. Lakin sonra kömək istədim. Ağsaqqalların ziyarəti indiyə kimi aldığım ən gözəl hədiyyələrdən biri oldu». Julyanı ziyarət edən iki ağsaqqal kimi, bütün sədaqətli ağsaqqallar bizə «Məsihin düşüncəsinə» sahib olmağa, yəni onun düşüncə tərzini dərk etməyə və təqlid etməyə kömək edə bilər (1 Kor. 2:16; 1 But. 2:21). Bu, həqiqətən də, onların bizə verə biləcəyi ən gözəl hədiyyələrdən biridir.

«BOYUNDURUĞUMU ÜZƏRİNİZƏ GÖTÜRÜN»

6. İsa Məsih «boyunduruğumu üzərinizə götürün» sözləri ilə nəyi nəzərdə tuturdu?

6 İsa Məsih «boyunduruğumu üzərinizə götürün» sözləri ilə, ola bilsin, «səlahiyyətimi qəbul edin» demək istəyirdi. Ya da ola bilsin, o demək istəyirdi ki, «mənimlə eyni boyunduruğun altına girin, bir yerdə Yehovaya xidmət edək». İstənilən halda, boyunduruğu götürmək Ağamız üçün iş görməli olduğumuzu bildirir.

7. Mətta 28:18—20 ayələrinə əsasən, bizə hansı iş həvalə olunub və biz nəyə əmin ola bilərik?

7 Həyatımızı Yehovaya həsr edib vəftiz olunanda İsa Məsihin dəvətini qəbul etmiş oluruq. Bu dəvəti hər kəs qəbul edə bilər; İsa Məsih Yehovaya səmimi-qəlbdən xidmət etmək istəyən heç kəsi rədd etməyəcək (Yəh. 6:37, 38). Yehovanın İsa Məsihə tapşırdığı işdə iştirak etmək şərəfi onun bütün davamçılarına nəsib olub. Əmin ola bilərik ki, Məsih daima yanımızda olub bu işi görməkdə bizə kömək edəcək. (Mətta 28:18—20 ayələrini oxuyun.)

«MƏNDƏN ÖYRƏNİN»

İsa Məsih kimi başqalarını təravətləndirin (8—11 abzaslara baxın) *

8, 9. Nəyə görə təvazökar insanlar İsanın yanına gəlirdi və hansı sualların üzərində düşünməliyik?

8 İsanın yanına təvazökar insanlar gəlirdi (Mət. 19:13, 14; Luka 7:37, 38). Nə üçün? İsa Məsihlə fərisilər arasında fərqə nəzər salaq. Bu din xadimləri məhəbbətdən uzaq və təkəbbürlü idilər (Mət. 12:9—14). Lakin İsa Məsih məhəbbətli və təvazökar idi. Fərisilər şan-şöhrətə meyilli idilər və cəmiyyətdəki yüksək mövqeləri ilə öyünürdülər. İsa Məsih isə şöhrətpərəstliyə qarşı idi, şagirdlərinə özləri haqda yüksək fikirdə olmamağı və başqalarına qulluq etməli olduqlarını söyləyirdi (Mət. 23:2, 6—11). Fərisilər qorxu və hədə ilə başqalarının üzərində ağalıq edirdi (Yəh. 9:13, 22). Lakin İsa Məsih xeyirxah əməlləri və xoş sözləri ilə insanları ruhlandırırdı.

9 Bəs siz Məsihin öyrətdiklərinə əməl edirsiniz? Özünüzdən soruşun: «Başqaları məni həlim və təvazökar insan kimi tanıyır? İnsanlara xidmət etmək üçün aşağı səviyyəli hesab olunan işləri görürəm? Mehriban insanam?»

10. İsa Məsih şagirdləri üçün necə mühit yaratmışdı?

10 İsa Məsih əməkdaşları üçün mehriban, xoş ab-hava yaradırdı və onları həvəslə öyrədirdi (Luka 10:1, 19—21). Bu münasibət sayəsində şagirdləri İsaya suallar verməyə çəkinmirdilər. İsa həmçinin onların fikirlərini eşitmək istəyirdi (Mət. 16:13—16). Əlverişli mühitdə çiçəklənən güllər kimi, İsanın şagirdləri də onun yaratdığı mühitdə çiçək açırdı. Onlar İsanın öyrətdiklərini mənimsəyir və yaxşı işləri ilə bəhrə gətirirdilər.

Əlçatan və dostyana olun

Fəal və çalışqan olun

Təvazökar və zəhmətkeş olun *

11. Özümüzə hansı sualları verməliyik?

11 Siz kiminsə üzərində səlahiyyətə sahibsiniz? Elədirsə, düşünün: «İşdə, yaxud evdə necə mühit yaradıram? Sülhpərvər insanam? Başqaları məndən söz soruşmağa çəkinmir? Onların fikirlərini dinləməyi bacarıram?» Heç birimiz fərisilər kimi olmaq istəməzdik. Fərisilərə əlavə suallar verəndə onlar qəzəblənirdilər, eləcə də, onlardan fərqli düşünənlərə qarşı çox amansız davranırdılar (Mark 3:1—6; Yəh. 9:29—34).

«SİZƏ TƏRAVƏT VERƏCƏYƏM»

12—14. Nəyə görə İsa Məsihin həvalə etdiyi iş bizə təravət gətirir?

12 Nə üçün İsa Məsihin həvalə etdiyi iş bizə təravət gətirir? Bunun bir çox səbəbi var, lakin gəlin bəzilərinə nəzər salaq.

13 Biz ən yaxşı nəzarətçilərə sahibik. Yehova ən Ali Nəzarətçidir; O, qədirbilməz, sərt rəhbərlər kimi deyil. Yehova gördüyümüz işləri dəyərləndirir (İbr. 6:10). Həmçinin, məsuliyyət yükümüzü daşıya bilək deyə, ehtiyac duyduğumuz gücü verir (2 Kor. 4:7; Qal. 6:5). Üstəlik, Padşahımız İsa Məsih başqaları ilə münasibətə dair bizə gözəl örnəkdir (Yəh. 13:15). Bizə rəhbərlik edən ağsaqqallar da «böyük çobanı» — İsa Məsihi təqlid etməyə çalışır (İbr. 13:20; 1 But. 5:2). Onlar əllərindən gələni edirlər ki, bizə təlim verəndə, bizi qoruyanda mülayim, cəsarətli olsunlar, bizi ruhlandırsınlar.

14 Biz ən yaxşı əməkdaşlara sahibik. Heç kimin bizimki qədər mehriban dostları və gözəl işi ola bilməz. Bir düşünün: biz ən yüksək əxlaq dəyərlərinə sahib olan, lakin özü ilə qürrələnməyən insanlarla işləmək şərəfinə sahibik. Onlar bacarıqlı, eyni zamanda sadədirlər. Üstəlik, başqalarını özlərindən üstün hesab edirlər. Onlar bizi yalnız əməkdaş yox, həm də dost hesab edirlər. Aramızda elə güclü məhəbbət var ki, onlar bizdən ötrü canlarını belə verməyə hazırdılar!

15. Gördüyümüz işə münasibətimiz necə olmalıdır?

15 Biz ən yaxşı işi görürük. Biz insanlara Yehova Allah haqqında həqiqətləri öyrədirik və İblisin yalanlarını ifşa edirik (Yəh. 8:44). İblis insanların çiyninə daşıya bilməyəcəkləri yük qoyub. Məsələn, bizi inandırmağa çalışır ki, Yehova günahlarımızı bağışlamayacaq və biz sevgiyə layiq deyilik. Necə də dəhşətli yalan və ağır yükdür! Həqiqət isə ondan ibarətdir ki, İsa Məsihin yanına gələndə günahlarımız bağışlanır. Əslində, Yehova bizi çox sevir (Rom. 8:32, 38, 39). İnsanlara Yehovaya güvənməyi öyrətmək və bununla həyatlarının yaxşılığa doğru dəyişdiyini görmək necə də xoşdur!

MƏSİHİN BOYUNDURUĞU ALTINDA DAİMA TƏRAVƏT ALIN

16. İsa Məsihin üzərimizə qoyduğu yük digər yüklərdən nə ilə fərqlənir?

16 İsa Məsihin üzərimizə qoyduğu yük daşımalı olduğumuz digər yüklərdən fərqlənir. Məsələn, iş gününün sonunda çoxları nəinki yorğun olur, üstəlik, heç bir məmnunluq duymur. Bunun əksinə olaraq, Yehovaya və İsa Məsihə xidmət etmək üçün ayırdığımız vaxt bizə böyük xoşbəxtlik bəxş edir. Bəzən iş günün sonunda yorğun oluruq və həmin axşam ibadət görüşünə getmək üçün özümüzü məcbur edirik. Lakin yığıncaqdan qayıdanda adətən özümüzü gümrah və enerjili hiss edirik. Eyni şeyi təbliğ xidmətində iştirak və Müqəddəs Kitabın fərdi mütaliəsi barədə demək olar. Aldığımız mükafat sərf etdiyimiz gücdən qat-qat artıq olur!

17. Nə üçün realist və ehtiyatlı olmalıyıq?

17 Realist olmalıyıq. Hər birimizin gücü müəyyən səviyyədədir. Odur ki, üzərimizə götürdüyümüz işləri seçərkən ehtiyatlı olmalıyıq. Məsələn, maddiyyat toplamağa çalışaraq gücümüzü tükədə bilərik. Gəlin görək İsa Məsih «Əbədi həyatı almaq üçün mən nə etməliyəm?» sualını verən varlı oğlana nə demişdi. Bu oğlan artıq Qanuna itaət edirdi. Görünür, o, yaxşı insan idi, çünki Markın Müjdəsində oğlanın İsa Məsihin ürəyinə yatdığı xüsusilə vurğulanır. Məsih ona belə bir təklif edir: «Get, nəyin varsa, sat... Sonra mənim ardımca gəl». Oğlan İsanın dəvətini qəbul etməyi arzulasa da, var-dövlətini itirmək istəmirdi (Mark 10:17—22). Nəticədə, o, İsanın təklif etdiyi yükdən imtina edib «var-dövlətin» qulu olmağa davam edir (Mət. 6:24). Bəs siz hansı seçimi edərdiniz?

18. Vaxtaşırı nəyi yoxlamalıyıq və nə üçün?

18 Yaxşı olardı ki, vaxtaşırı həyatda nəyə üstünlük verdiyimizə nəzər salaq. Nə üçün? Bunun sayəsində gücümüzdən ağılla istifadə edib-etmədiyimizi yoxlaya bilərik. Mark adlı cavan bir qardaş deyir: «Uzun illər sadə həyat sürdüyümü düşünürdüm. Düzdür, öncül idim, amma fikrim həmişə pul qazanmaqda, rahat həyat sürməkdə idi. Həyatımdan nə üçün əsl məmnunluq duymadığımı başa düşə bilmirdim. Sonra gördüm ki, öz maraqlarımı birinci yerə qoyuram, Yehovaya isə geri qalan vaxt və gücümü ayırıram». Mark qardaş Yehovaya daha çox xidmət edə bilmək üçün düşüncə və həyat tərzində dəyişiklik elədi. O deyir: «Hərdən pulla bağlı narahatlıqlarım olur, amma Yehovanın köməyi və İsanın dəstəyi sayəsində çətinliklərimin öhdəsindən gələ bilirəm».

19. Nə üçün düzgün düşüncə tərzini qorumaq vacibdir?

19 İsa Məsihin boyunduruğu altında daima təravət tapmaq üçün biz üç şeyi etməliyik. Birincisi, düzgün düşüncə tərzini qorumalıyıq. Biz Yehovanın işini görürük, deməli, bu işi Onun istədiyi kimi görməliyik. Yehova bizim Ağamız, biz isə Onun işçiləriyik (Luka 17:10). Onun tapşırdığı işi öz bildiyimiz kimi etməyə çalışsaq, boyunduruğumuzu daha da ağırlaşdıracağıq. Boyunduruq altında olan heyvan nə qədər güclü olsa da, cütçünün göstərdiyi istiqamətə getməyib öz istədiyi səmtə getsə, özünü yaralayar və tez yorular. Məsihin boyunduruğu altında olan bizlər Yehovanın göstərdiyi yolla getsək, hətta gücümüzün çatmayacağını düşündüyümüz işləri görə və istənilən maneəni aşa bilərik. Unutmayın ki, heç kəs Allaha iradəsini yerinə yetirməyə mane ola bilməz! (Rom. 8:31; 1 Yəh. 4:4).

20. İsanın boyunduruğunu hansı niyyətlə daşımalıyıq?

20 İkincisi, niyyətimiz düzgün olmalıdır. Məqsədimiz məhəbbətli Atamız Yehovanı ucaltmaqdır. Birinci əsrdə Məsihə tamahkarlıqdan və xudbinlikdən irəli gələrək yaxınlaşanlar tezliklə məyusluğa qapıldılar və onun boyunduruğundan çıxdılar (Yəh. 6:25—27, 51, 60, 66; Filip. 3:18, 19). Lakin Allaha və insanlara təmənnasız məhəbbət bəsləyənlər Məsihlə göydə xidmət etmək ümidilə, həyatları boyunca onun boyunduruğunu sevinclə daşıdılar. Onlar kimi, biz də Məsihin boyunduruğunu düzgün niyyətlə daşısaq, xoşbəxtliyimizi qoruyub-saxlaya biləcəyik.

21. Mətta 6:31—33 ayələrinə əsasən, Yehovanın nələri edəcəyinə ümid edə bilərik?

21 Üçüncüsü, Yehovanın dəstəyinə ümidimizi itirməməliyik. Biz fədakarlıq və zəhmət tələb edən bir həyatı seçmişik. İsa təqiblərə məruz qalacağımızı qabaqcadan demişdi. Bununla belə, istənilən çətinlikdə Yehovanın bizə dözməyə güc verəcəyinə ümid edə bilərik. Nə qədər çox dözsək, imanımız bir o qədər güclü olacaq (Yaq. 1:2—4). Həmçinin Yehovanın bizi ehtiyac duyduğumuz şeylərlə təmin edəcəyinə, İsanın qayğımıza qalacağına və bacı-qardaşlarımızdan dəstək alacağımıza ümid edə bilərik (Mətta 6:31—33 ayələrini oxuyun; Yəh. 10:14; 1 Salon. 5:11). Bundan artıq bizə nə lazımdır?!

22. Nəyə görə sevinəcəyik?

22 İsanın sağaltdığı qadın elə həmin gün təravət tapdı. Lakin əbədiyyən təravət alması üçün o, Məsihin sadiq şagirdi olmalı idi. Sizcə, o, nə etdi? Əgər İsa Məsihin boyunduruğu altına girmək qərarına gəlmişdisə, görün o, necə də dəyərli mükafat — Məsihlə birgə göydə xidmət etmək mükafatını alıb! Alacağı nemət Məsihin ardınca getmək üçün verdiyi istənilən qurbana dəyərdi. Biz də göydə, yaxud yerdə əbədi yaşamaq ümidinə sahib olmağımızdan asılı olmayaraq, Məsihin «yanıma gəlin» dəvətini qəbul etdiyimizə görə çox sevinəcəyik.

NƏĞMƏ 13 Məsih bizə örnəkdir

^ abz. 5 İsa Məsih bizi öz yanına dəvət edir. Onun dəvətini qəbul etmək üçün nə etməliyik? Məqalədə bu sualın cavabını və Məsihin əməkdaşları olmağın bizə necə təravət verdiyini araşdıracağıq.

^ abz. 60 ŞƏKLİN İZAHI. İsa Məsih bir çox yollarla insanlara təravət bəxş edirdi.

^ abz. 66 ŞƏKİLLƏRİN İZAHI. Eynilə, bir qardaş da, müxtəlif yollarla başqalarını təravətləndirir.