Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 37

Yehovaya könül xoşluğu ilə itaət edin!

Yehovaya könül xoşluğu ilə itaət edin!

«Məgər ruhani həyatımızın Atasına daha böyük həvəslə itaət edib yaşamamalıyıq?» (İBR. 12:9).

NƏĞMƏ 9 Yehova Padşahımızdır!

İCMAL *

1. Nə üçün Yehova Allaha itaət etməliyik?

YEHOVA ALLAH bizim Yaradanımız olduğu üçün Ona itaət etməliyik *. Onun Öz yaratdıqları üçün qanunlar qoymağa haqqı çatır (Vəhy 4:11). Lakin Yehovaya itaət etmək üçün başqa bir tutarlı səbəbimiz də var — Onun rəhbərliyi ən mükəmməldir. Tarix boyu insan hakimiyyətləri başqaları üzərində müəyyən səlahiyyət və gücə sahib olub. Onların idarəçiliyinə nəzər salanda görürük ki, Yehova ən hikmətli, ən məhəbbətli, ən rəhmli və ən mərhəmətli Hakimdir (Çıx. 34:6; Rom. 16:27; 1 Yəh. 4:8).

2. İbranilərə 12:9—11 ayələrinə əsasən, Yehovaya ibadət etmək üçün hansı səbəblərimiz var?

2 Yehova istəmir ki, Ona tabe olmağımızın başlıca səbəbi qorxu olsun. Əksinə, istəyir ki, biz Onu sevdiyimiz, qayğıkeş Atamız hesab etdiyimiz üçün itaət edək. İbranilərə yazdığı məktubda həvari Bulus izah edir ki, biz «ruhani həyatımızın Atasına daha böyük həvəslə itaət edib» yaşamalıyıq, çünki O, «bizim xeyrimiz üçün» bizə tərbiyə verir. (İbranilərə 12:9—11 ayələrini oxuyun.)

3. a) Yehovaya itaət etdiyimizi necə göstəririk? b) Hansı sualları araşdıracağıq?

3 Yehovaya itaət etdiyimizi necə göstəririk? Əlimizdən gəlini edib hər sahədə Ona tabe olmaqla və öz ağlımıza güvənmək meyli ilə mübarizə aparmaqla (Məs. 3:5). Yehovanın gözəl keyfiyyətlərini öyrəndikcə Ona itaət etmək bizə daha asan olur. Çünki Onun bu xüsusiyyətləri gördüyü bütün işlərdə əks olunur (Zəb. 145:9). Yehova haqda nə qədər çox öyrənsək, Ona olan məhəbbətimiz bir o qədər artacaq. Yehovanı sevəndə artıq uzun-uzadı olar-olmazlar siyahısına ehtiyacımız olmur. Biz düşüncə və hisslərimizi Allahın bəyəndiyi kimi formalaşdırır, Onun bəyənmədiyi şeylərdən uzaq dururuq (Zəb. 97:10). Lakin bəzən Yehovaya itaət etmək asan olmur. Buna səbəb nə ola bilər? Ağsaqqallar, atalar və analar vali Nəhəmyadan, Davud padşahdan və İsanın anası Məryəmdən nə öyrənə bilər? Məqalədə bu sualların cavabını tapacağıq.

NƏ ÜÇÜN YEHOVAYA İTAƏT ETMƏK BİZƏ ÇƏTİN GƏLƏ BİLƏR?

4, 5. Romalılara 7:21—23 ayələrinə əsasən, nəyə görə Yehovaya itaət etmək çətin gələ bilər?

4 Yehovaya itaət etməyimizi çətinləşdirən səbəblərdən biri miras aldığımız günah və qeyri-kamilliyimizdir. Üsyankarlıq qanımızdadır. Adəmlə Həvva Allaha qarşı üsyan edib, qadağan olunmuş meyvədən yeyəndən sonra öz qanunlarını qoydular (Yar. 3:22). Bu gün də insanların əksəriyyəti Allaha əhəmiyyət vermir; nəyin yaxşı, nəyin pis olduğuna özləri qərar vermək istəyir.

5 Hətta Yehova Allahı tanıyan və sevən kəslər də Ona tam itaət göstərməyə çətinlik çəkə bilər. Həvari Bulus da belə bir çətinliklə üzləşmişdi. (Romalılara 7:21—23 ayələrini oxuyun.) Eynilə biz də Yehovanın bəyəndiyi kimi davranmaq istəyirik. Amma daima yanlış şeylər etmək meylimizə qarşı mübarizə aparmalıyıq.

6, 7. Yehovaya itaət etməyimizi çətinləşdirən ikinci səbəb hansıdır? Nümunə çəkin.

6 Yehovaya itaət etməyimizi çətinləşdirən digər bir səbəb böyüdüyümüz mədəniyyətin təsiridir. Bir çox insanın düşüncəsi Yehovanın iradəsi ilə təzad təşkil edir. Odur ki cəmiyyətdə geniş yayılmış düşüncə tərzindən azad olmaq üçün daim mübarizə aparmalıyıq. Gəlin bir nümunəyə nəzər salaq.

7 Bəzi ərazilərdə daha çox pul qazanmaları üçün gənclərə təzyiq göstərilməsi adi haldır. Meri * adlı bir bacı bu cür çətinliklə üzləşmişdi. Yehova Allah haqda öyrənməzdən öncə o, yaşadığı ölkədəki ən prestijli universitetlərdən birində təhsil alırdı. Ailəsi ona təzyiq göstərirdi ki, yüksək maaşlı, yaxşı bir vəzifədə işləsin. Meri özü də bunu istəyirdi. Lakin Yehova haqda öyrəndikcə, Ona məhəbbəti artdıqca, Meri məqsədlərini dəyişdi. Lakin bu onun üçün o qədər də asan deyildi. Belə ki, Meri deyir: «Bəzən çoxlu pul qazana biləcəyim iş imkanlarım olur. Amma bilirəm ki, bu mənim Yehovaya indiki kimi xidmət etməyimə mane olacaq. Aldığım tərbiyəyə görə “yox” demək mənə hələ də çətindir. Həmin vaxt Yehovaya yalvarıram ki, xidmətimə mane olacaq iş təklifindən imtina etməyimə kömək etsin» (Mət. 6:24).

8. İndi nəyi araşdıracağıq?

8 Yehovaya itaət etmək bizim öz xeyrimizədir. Lakin müəyyən səlahiyyəti olanlar — ağsaqqallar, atalar və analar daha bir səbəbə görə Yehovaya itaət etməlidir: onların başqalarına kömək etmək imkanı var. İndi Müqəddəs Kitabdakı bəzi nümunələr əsasında səlahiyyətdən Yehovanı razı salan tərzdə istifadə etməyin yollarını araşdıracağıq.

AĞSAQQALLAR NƏHƏMYADAN NƏ ÖYRƏNƏ BİLƏR?

Yerusəlimin divarlarının təmirində şəxsən iştirak edən Nəhəmya kimi, ağsaqqallar ibadət evinin təmir işlərində iştirak edir (9—11 abzaslara baxın) *

9. Nəhəmya hansı çətinliklərlə üzləşmişdi?

9 Yehova ağsaqqallara Öz quzularına çobanlıq etmək kimi vacib bir səlahiyyət verib (1 But. 5:2). Ağsaqqallar Nəhəmyanın Yehovanın xalqı ilə rəftarından çox şey öyrənə bilər. Nəhəmya Yəhudanın valisi olaraq yüksək səlahiyyətə malik idi (Nəh. 1:11; 2:7, 8; 5:14). Onun üzləşdiyi bəzi çətinlikləri təsəvvür edək. Nəhəmya xəbər tutmuşdu ki, məbəddən nalayiq tərzdə istifadə olunur və israillilər Qanunun tələbini heçə sayaraq lavililərə maddi dəstək olmur. Yəhudilər Şənbəyə dair qanunu pozurdu və bəzi kişilər yadelli qadınlarla evlənmişdi. Vali Nəhəmya bu çətin vəziyyətin öhdəsindən gəlməli idi (Nəh. 13:4—30).

10. Nəhəmya üzləşdiyi çətinliklər qarşısında necə davrandı?

10 Nəhəmya səlahiyyətindən istifadə edərək xalqı öz qoyduğu qanunlara əməl etməyə məcbur etmədi. Əksinə, Yehovaya ürəkdən dua edərək ona yol göstərməsini dilədi və xalqa Yehovanın qanunlarını xatırlatdı (Nəh. 1:4—10; 13:1—3). Nəhəmya həmçinin təvazökarcasına xalqla çiyin-çiyinə işlədi, hətta onlara Yerusəlimin divarlarını bərpa etməkdə kömək etdi (Nəh. 4:15).

11. 1 Salonikililərə 2:7, 8 ayələrinə əsasən, ağsaqqallar yığıncaqla necə rəftar etməlidir?

11 Ağsaqqallar Nəhəmyanın üzləşdiyi çətinliklərlə üzləşməsələr belə, ondan bir neçə sahədə örnək ala bilərlər. Məsələn, onlar bacı-qardaşlarının rifahı üçün əllərindən gələni edirlər və səlahiyyətlərinə görə özlərini başqalarından üstün saymırlar. Əksinə, yığıncaqdakı hər bir bacı-qardaşla nəvazişlə davranırlar. (1 Salonikililərə 2:7, 8 ayələrini oxuyun.) Onların dərin məhəbbəti və təvazökar davranışı başqaları ilə necə danışmalarında əks olunur. Endryu adlı təcrübəli bir ağsaqqal deyir: «Fikir vermişəm ki, ağsaqqalların mehriban və dostyana münasibəti bacı-qardaşlara müsbət təsir edir. Bu xüsusiyyətlər yığıncağı ağsaqqallarla əməkdaşlıq etməyə təşviq edir». Uzun illərdir ağsaqqal kimi xidmət edən Toni qardaş qeyd edir: «Filippililərə 2:3 ayəsindəki məsləhəti tətbiq etməyə və həmişə başqalarını özümdən üstün tutmağa çalışıram. Bu mənə özümü diktator kimi aparmamağa kömək edir».

12. Nə üçün ağsaqqalların təvazökar olması vacibdir?

12 Ağsaqqallar Yehova kimi təvazökar olmalıdır. Yehova Kainatda ən Ali Hakim olmasına rəğmən, əyilib «məzlumu toz-torpaqdan qaldırır» (Zəb. 18:35; 113:6, 7). Müqəddəs Kitabda deyilir ki, Yehova təkəbbürlü, qürurlu insanlardan ikrah edir (Məs. 16:5).

13. Nə üçün ağsaqqallar dilini cilovlamağı bacarmalıdır?

13 Yehovaya itaət edən ağsaqqal dilini cilovlamağı bacarmalıdır. Əks halda, kimsə ona hörmətsizlik edərsə, o da kobud cavab verə bilər (Yaq. 1:26; Qal. 5:14, 15). Yuxarıda adını çəkdiyimiz Endryu adlı qardaş deyir: «Hərdən mənə ağsaqqal kimi hörmət etmədiyini düşündüyüm bacı və ya qardaşa kobud cavab vermək istəyirdim. Lakin Müqəddəs Kitabdakı imanlı kişilərin nümunəsini araşdırıb, dərindən düşünmək mənə təvazökar və həlim olmağın vacibliyini anlamaqda kömək etdi». Ağsaqqallar yığıncaqdakı bacı-qardaşlarla, eləcə də digər ağsaqqallarla məhəbbətlə davranaraq və onlarla mehriban danışaraq Yehovaya itaət etdiklərini göstərir (Kol. 4:6).

ATALAR DAVUD PADŞAHDAN NƏ ÖYRƏNƏ BİLƏR?

14. Yehova atalara hansı səlahiyyəti verib və onlardan nə gözləyir?

14 Yehova ataları ailənin başı olaraq təyin edib və onlardan uşaqlarına təlim-tərbiyə verməyi gözləyir (1 Kor. 11:3; Efes. 6:4). Amma ataların ailədə səlahiyyəti nisbidir, onlar ailənin banisi Yehovanın qarşısında məsuliyyət daşıyır (Efes. 3:14, 15). Atalar öz səlahiyyətlərindən Allahı razı salan tərzdə istifadə etməklə Yehovaya itaət etdiklərini göstərirlər. Onlar Davud padşahın həyatı haqda oxumaqla ondan çox şey öyrənə bilərlər.

Məsihi atanın etdiyi dualar onun təvazökarlığını aydın əks etdirməlidir (15 və 16-cı abzaslara baxın) *

15. Davud padşah hansı mənada atalar üçün gözəl örnəkdir?

15 Yehova Davudu təkcə ailəsi üzərində yox, bütün İsrail xalqı üzərində başçı qoymuşdu. Padşah kimi Davud böyük səlahiyyət sahibi idi. Hərdən o, bu səlahiyyətindən düzgün istifadə etmir və ciddi günahlara yol verirdi (2 İşm. 11:14, 15). Bununla belə, Davud tərbiyəni qəbul etməklə Yehovaya itaətini göstərmişdi. O, Yehovaya duada ürəyini boşaldırdı. Və var gücü ilə çalışırdı ki, Yehovanın məsləhətinə əməl etsin (Zəb. 51:1—4). Üstəlik, Davud təkcə kişilərin yox, hətta qadınların da məsləhətinə qulaq asacaq qədər təvazökar idi (1 İşm. 19:11, 12; 25:32, 33). O, səhvlərindən dərs götürmüş və Yehovaya xidməti həyatında birinci yerə qoymuşdu.

16. Atalar Davud padşahdan hansı vacib dərsləri öyrənə bilər?

16 Gəlin görək atalar Davud padşahdan hansı vacib dərsləri öyrənə bilər: Yehovanın sizə həvalə etdiyi səlahiyyətdən sui-istifadə etməyin. Səhvlərinizi boynunuza alın və Müqəddəs Kitab əsasında verilmiş məsləhəti qəbul edin. Beləcə, ailə üzvləriniz təvazökarlığınıza görə sizə hörmət edəcək. Ailənizlə birgə dua edəndə ürəyinizi Yehovaya boşaldın. Qoy ailə üzvləriniz Yehovaya nə dərəcədə möhtac olduğunuzu görsün. Hər şeydən ziyadə, Yehovaya xidməti həyatınızın amalı edin (Qan. 6:6—9). Sizin yaxşı nümunəniz ailənizə verə biləcəyiniz ən dəyərli hədiyyədir.

ANALAR MƏRYƏMDƏN NƏ ÖYRƏNƏ BİLƏR?

17. Yehova analara hansı məsuliyyəti verib?

17 Yehova analara ailədə şərəfli bir məsuliyyət tapşırıb və onlara uşaqlarının üstündə müəyyən səlahiyyət verib (Məs. 6:20). Ananın sözləri və davranışı övladının həyatında dərin və silinməz iz qoya bilər (Məs. 22:6). Gəlin görək analar İsanın anası Məryəmdən nə öyrənə bilər.

18, 19. Analar Məryəmdən nə öyrənə bilər?

18 Məryəm Müqəddəs Yazıları yaxşı bilirdi. O, Yehovaya dərin hörmət bəsləyirdi və Onunla möhkəm dostluq münasibətləri qurmuşdu. Məryəm Yehovadan gələn rəhbərliyə, hətta onun bütün həyatını dəyişəcək göstərişə belə, könül xoşluğu ilə itaət edirdi (Luka 1:35—38, 46—55).

Ana yorğun olduğu və səbri tükəndiyi zaman ailəsinə məhəbbətini göstərmək üçün əlindən gələni etməlidir (19-cu abzasa baxın) *

19 Əziz analar, siz Məryəmdən bir çox sahədə nümunə götürə bilərsiniz. Necə? İlk növbədə, Müqəddəs Kitabın şəxsi mütaliəsi və müntəzəm şəxsi dualar vasitəsilə Yehova ilə dostluğunuzu qorumaqla. İkincisi, Yehovanı razı salmaq üçün həyatınızda dəyişikliklər etməyə hazır olmaqla. Məsələn, ola bilsin, valideynləriniz tez özündən çıxan və sərt danışan olub. Elədirsə, yəqin siz də uşaqlarla bu cür davranmağın normal olduğunu düşünürsünüz. Hətta Yehovanın qanunlarını öyrənəndən sonra belə, uşaqlarınıza qarşı mülayim və səbirli davranmaq sizə çətin gələ bilər, ələlxüsus yorğun vaxtınızda onlar sizin sözünüzə baxmayanda (Efes. 4:31). Bu kimi vəziyyətlərdə dua edərək Yehovadan kömək istəmək xüsusilə vacibdir. Lidya adlı bir bacı deyir: «Bəzən oğlum sözümə baxmayanda, onunla hirsli danışmamaq üçün durmadan dua etməli oluram. Hətta sözümü yarımçıq qoyub sakitcə Yehovaya dua edirəm. Dua məni sakitləşdirir» (Zəb. 37:5).

20. Bəzi analar hansı çətinliklə üzləşir və bunun öhdəsindən necə gəlmək olar?

20 Bəzi anaların belə bir çətinliyi var — onlar övladlarına sevgilərini ifadə edə bilmirlər (Tit. 2:3, 4). Səbəblərdən biri odur ki, onlar valideynlərlə uşaqların arasında isti, səmimi münasibətlərin olmadığı ailələrdə böyüyüb. Əgər siz də belə ailədə böyümüsünüzsə, valideynlərinizin səhvini təkrarlamayın. Yehovanın iradəsinə itaət edən ana uşaqlarını sevdiyini göstərməyi öyrənməlidir. Düşüncə tərzini, hisslərini və davranışını dəyişmək ona çətin gələ bilər. Lakin bu mümkündür və bu, həm ananın özünə, həm də ailəsinə daha çox xoşbəxtlik bəxş edəcək.

YEHOVAYA İTAƏT ETMƏYƏ DAVAM EDİN

21, 22. Əşiya 65:13, 14 ayələrinə əsasən, Yehovaya itaət etmək bizə hansı nemətlər bəxş edir?

21 Davud padşah Yehovaya itaət etməyin gətirdiyi nemətlərdən agah idi. O yazmışdı: «Yehovanın buyruqları doğrudur, ürəyi sevindirir, Yehovanın əmri safdır, gözlərə nur verir... Onlar quluna nəsihət verir, onlara əməl edənin böyük mükafatı var» (Zəb. 19:8, 11). Bu gün biz Yehovaya itaət edənlərlə Onun məsləhətini rədd edənlər arasındakı fərqi görürük. Yehovaya itaət edənlər «ürək coşqunluğundan» hayqırır. (Əşiya 65:13, 14 ayələrini oxuyun.)

22 Ağsaqqallar, atalar və analar canla-başla Yehovaya itaət edəndə həyatları daha yaxşı, ailələri daha xoşbəxt olur və bütün yığıncaqda birlik hökm sürür. Ən önəmlisi isə, onlar Yehova Allahın qəlbini sevindirirlər (Məs. 27:11). Bizim üçün bundan böyük sevinc ola bilər?!

NƏĞMƏ 123 Allahın qoyduğu nizama tabe olaq

^ abz. 5 Bu məqalədə Yehovaya nə üçün itaət etməli olduğumuzu araşdıracağıq. Həmçinin müəyyən səlahiyyət daşıyan kəslərin — ağsaqqalların, ataların və anaların Yehovanın verdiyi səlahiyyəti necə istifadə etməli olduğunu müzakirə edəcəyik. Onlar vali Nəhəmyadan, padşah Davuddan və İsanın anası Məryəmdən çox şey öyrənə bilər.

^ abz. 1 BƏZİ İFADƏLƏRİN İZAHI. İtaət etmək itaətkarlıq sözləri başqalarına tabe olmağa məcbur olan insanlarda mənfi hisslər yaradır. Lakin Allahın xalqı Ona itaət etməyi özü seçib. Buna görə də itaət etmək ifadəsi onlarda pis təəssürat oyatmır.

^ abz. 7 Bu məqalədə bəzi adlar şərtidir.

^ abz. 62 ŞƏKİLLƏRİN İZAHI. Yerusəlimin divarlarının bərpasında şəxsən iştirak edən Nəhəmya kimi, ağsaqqal da oğlu ilə birgə ibadət evinin təmirində iştirak edir.

^ abz. 64 ŞƏKLİN İZAHI. Ata ailənin adından Yehovaya səmimi dua edir.

^ abz. 66 ŞƏKLİN İZAHI. Balaca oğlan saatlarla video oyun oynadığı üçün ev tapşırıqlarını bitirməyib. İşdən yorğun gələn ana təmkinini pozmadan və uşağı acılamadan tərbiyə verir.