Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 38

Əmin-amanlıq dövründə ağılla davranın

Əmin-amanlıq dövründə ağılla davranın

«O illərdə ölkədə əmin-amanlıq idi. Yehova ona dinclik verdiyi üçün heç kim onunla müharibə etmirdi» (2 SALN. 14:6).

NƏĞMƏ 60 Həyatları xilas edən müjdə

İCMAL *

1. Yehovaya xidmət etmək nə vaxt çətin ola bilər?

SİZCƏ, Yehovaya xidmət etmək nə vaxt daha çətindir, problemlərimiz olanda, yoxsa həyatımızda hər şey nisbətən yaxşı gedəndə? Adətən dara düşəndə dərhal Yehovaya üz tuturuq. Bəs həyatımızda hər şey öz qaydasında olanda necə? Ola bilərmi ki, diqqətimiz Yehovaya xidmətdən yayınsın? Yehova israilliləri bu haqda xəbərdar etmişdi (Qan. 6:10—12).

Asa padşah yalan ibadətə qarşı qəti addımlar atdı (2-ci abzasa baxın) *

2. Asa padşah hansı nümunəni qoyub?

2 Yəhuda padşahı Asa tamamilə Yehovaya bel bağlayırdı. Onun bu ağıllı davranışı bizim üçün gözəl örnəkdir. O, Yehovaya təkcə çətin dövrdə yox, həmçinin əmin-amanlıq dövründə də xidmət edirdi. Ta başlanğıcdan «Asanın ürəyi... bütünlüklə Yehovaya bağlı» idi (1 Pad. 15:14). Məsələn, o bunu Yəhudadan yalan ibadəti təmizləməklə göstərmişdi. Müqəddəs Kitabda deyilir ki, «o, yad allahların qurbangahlarını, səcdəgahları ölkədən yox etdi, dik daşları parça-parça etdi, Aşera bütlərini kəsdi» (2 Saln. 14:3, 5). Hətta nənəsi Məkahı da məlikəlikdən məhrum etdi. Çünki nənəsi bütə ibadəti yayırdı (1 Pad. 15:11—13).

3. Bu məqalədə nəyi araşdıracağıq?

3 Asa ölkəni yalan ibadətdən təmizləməklə yanaşı, pak ibadəti də dirçəltdi, Yəhuda xalqına Yehovaya geri dönməyə kömək etdi. Yehova Asanı və israilliləri mükafatsız qoymadı. Onun hakimiyyəti dövründə on il «ölkədə əmin-amanlıq» * oldu (2 Saln. 14:1, 4, 6). Bu məqalədə araşdıracağıq ki, Asa padşah bu dövrdən necə yararlandı. Sonra birinci əsrdə yaşayan məsihilərin nümunəsinə baxacağıq. Onlar da, Asa padşah kimi, əmin-amanlıq dövründə fürsəti əldən vermədilər. Sonda isə növbəti sualın cavabını tapacağıq: «Yaşadığınız ölkədə azad şəkildə ibadət edə bilirsinizsə, bu imkandan necə yararlana bilərsiniz?»

ASA ƏMİN-AMANLIQ DÖVRÜNDƏ NECƏ DAVRANDI?

4. 2 Salnamələr 14:2, 6, 7 ayələrinə əsasən, Asa əmin-amanlıq dövründə necə davranmışdı?

4 2 Salnamələr 14:2, 6, 7 ayələrini oxuyun. Asa padşah xalqa demişdi ki, onlara «hər tərəfdən... dinclik» verən məhz Yehova Allahdır. O düşünmürdü ki, bu dövrdə ancaq istirahət etmək lazımdır. Əksinə, şəhərləri inşa etməyə, ətrafına divar çəkməyə, bürclər tikməyə, darvazalar qoymağa başladı. Asa padşah Yəhuda xalqına dedi: «Hazırda ölkə bizimdir». O nəyi nəzərdə tuturdu? Bu o demək idi ki, xalq Allahın verdiyi torpaqda sərbəst dolaşa bilərdi və düşməndən qorxmadan inşaat işlərini apara bilərdi. Padşah xalqı bu fürsətdən istifadə etməyə təşviq edirdi.

5. Nəyə görə Asa padşah ordusunu gücləndirdi?

5 Həmin dövrdə Asa padşah həmçinin ordunu gücləndirdi (2 Saln. 14:8). Bu onun Allaha güvənmədiyini göstərirdi? Xeyr. Sadəcə Asa bir padşah kimi üzərinə düşən vəzifəni başa düşürdü: o, xalqı gələcəkdə üzləşə biləcəyi bəlalara hazırlamalı idi. Asa anlayırdı ki, Yəhudada bu sülh dövrü əbədiyyən davam etməyəcək və belə də oldu.

BİRİNCİ ƏSRDƏKİ MƏSİHİLƏR ƏMİN-AMANLIQ DÖVRÜNDƏ NECƏ DAVRANDI?

6. Birinci əsrdə yaşayan məsihilər əmin-amanlıq dövründə necə davranırdı?

6 Birinci əsrdə yaşayan məsihilər çox vaxt təqiblərə məruz qalsalar da, bəzən əmin-amanlıq dövrü də olurdu. Onlar bu fürsətlərdən necə istifadə edirdi? Bu sədaqətli məsihilər durmadan təbliğ edirdi. «Həvarilərin işləri» kitabında deyilir ki, onlar «Yehova Allahın qorxusu» ilə yaşayırdı və xoş xəbəri təbliğ etməyə davam edirdi. Nəticədə, yığıncaq böyüyürdü. Göründüyü kimi, Yehova onların əmin-amanlıq dövründə etdikləri təbliğ işini avand edirdi (Həv. 9:26—31).

7, 8. Həvari Bulus və digər məsihilər yaranan imkandan necə istifadə etdi? İzah edin.

7 Birinci əsrdəki məsihilər xoş xəbəri təbliğ etmək üçün hər fürsətdən istifadə edirdi. Misal üçün, həvari Bulus görəndə ki, Efesdə xidmət etməsi üçün geniş qapı açılıb, fürsətdən istifadə edib orada təbliğ etdi (1 Kor. 16:8, 9).

8 Eramızın 49-cu ilində sünnət məsələsinin həll olunması ilə həvari Bulusun və digər məsihilərin təbliğ etmək imkanı yarandı (Həv. 15:23—29). Onlar sünnətlə bağlı qərarı yığıncaqlara çatdıranda məsihilər «Yehovanın sözü haqqındakı müjdəni» daha da şövqlə bəyan etdilər (Həv. 15:30—35). Bu hansı bəhrələr gətirdi? Müqəddəs Kitabda yazılıb ki, «yığıncaqlar imanda möhkəmlənir və günü-gündən böyüyürdü» (Həv. 16:4, 5).

ƏMİN-AMANLIQ DÖVRÜNDƏ BİZ DƏ HİKMƏTLƏ DAVRANAQ

9. Bu gün dünyanın bir çox ölkəsində vəziyyət necədir və özümüzdən nə soruşmalıyıq?

9 Bu gün dünyanın bir çox ölkəsində maneəsiz şəkildə təbliğ etmək imkanımız var. Bəs siz yaşadığınız ölkədə azad şəkildə ibadət edə bilirsiniz? Edə bilirsinizsə, özünüzdən soruşun: «Bu azadlıqdan necə istifadə edirəm?» Yaşadığımız axırzaman Yehovanın xalqı üçün möhtəşəm dövrdür, çünki biz bu vaxta qədər dünyada görülməmiş miqyasda təbliğ və təlim işini həyata keçiririk (Mark 13:10). Yehovanın xalqının qarşısında çoxlu imkanlar açılıb.

Dindaşlarımız başqa ölkədə xidmət etməyin və ya başqa dildə danışan insanlara şahidlik verməyin sayəsində bol nemətlər alıb (10—12 abzaslara baxın) *

10. 2 Timutiyə 4:2 ayəsi bizi nəyə təşviq edir?

10 Əmin-amanlıq dövründən necə yararlana bilərik? (2 Timutiyə 4:2 ayəsini oxuyun.) Məsələn, ya siz, ya ailənizdən kimsə təbliğdə daha çox iştirak etmək, hətta öncül kimi xidmət etmək üçün hansı dəyişikliyi edə bilər? İndi varlanmaq, mal-mülk yığmaq vaxtı deyil, onları özümüzlə böyük müsibətdən keçirməyəcəyik (Məs. 11:4; Mət. 6:31—33; 1 Yəh. 2:15—17).

11. Bəzi təbliğçilər çoxlu insana xoş xəbəri çatdırmaq üçün nə edib?

11 Çoxlu dindaşımız təbliğ və təlim işi üçün yeni dil öyrənib. Təşkilatımız Müqəddəs Kitaba əsaslanan nəşrləri daha çox dildə dərc edərək bu işdə onlara kömək edir. Misal üçün, 2010-cu ildə nəşrlərimiz təxminən 500 dildə idisə, bu gün bu say 1000-dən çoxdur!

12. Padşahlıq haqda xəbəri öz ana dilində eşitmək insanlarda hansı hissləri doğurur? Nümunə çəkin.

12 Müqəddəs Kitabdakı həqiqətləri öz ana dilində eşitmək insanlarda hansı hissləri doğurur? Bir nümunəyə baxaq. Memfisdə (ABŞ, Tennessi ştatı) kinyaruanda dilində regional toplantı keçirilmişdi. Bu dil Ruanda, Konqo (Kinşasa) və Uqandada əsas danışıq dilidir. Toplantıdan sonra kinyaruanda dilində danışan bacı hisslərini bölüşmüşdü: «17 ildir Birləşmiş Ştatlarda yaşayıram. O vaxtdan bəri ilk dəfədir ki, toplantı proqramını tam başa düşdüm». Gördüyümüz kimi, proqramı ana dilində eşitmək bacıya dərin təsir bağışlamışdı. İmkanınız yol verirsə, ərazinizdə başqa dildə danışan insanlara kömək etmək üçün onların dilini öyrənə bilərsiniz? Onlara ana dillərində təbliğ etsəniz, bəlkə, sizə daha həvəslə qulaq asacaqlar? Alacağınız mükafat çəkdiyiniz zəhmətə dəyər.

13. Rusiyadakı bacı-qardaşlar əmin-amanlıq dövründə necə davranmışdı?

13 Heç də bütün bacı-qardaşların azad şəkildə təbliğ etmək imkanı yoxdur. Bəzən dövlətin qoyduğu məhdudiyyətlər dindaşlarımıza azad şəkildə təbliğ etməyə ciddi əngəl törədir. Götürək Rusiyadakı dindaşlarımızı. Uzun illər ərzində onlar təqiblərə məruz qalmışdılar, amma 1991-ci ilin mart ayında dövlət tərəfindən rəsmi olaraq tanındılar. Həmin vaxt Rusiyada təxminən 16 000 təbliğçi var idi. İyirmi il sonra isə onların sayı 160 000-i keçmişdi! Göründüyü kimi, bacı-qardaşlar sərbəst təbliğ etmək fürsəti yarananda ağılla davranmışdılar. Əmin-amanlıq dövrü uzun çəkmədi. Amma hətta vəziyyət dəyişəndən sonra da bacı-qardaşlarımızın xidmətdə şövqü azalmadı. Onlar Yehovanın yolunda əllərindən gələni etməyə davam edirlər.

ƏMİN-AMANLIQ DÖVRÜ UZUN SÜRMƏYƏCƏK

Asa padşah ürəkdən dua edəndən sonra Yehova Yəhudaya böyük bir ordu üzərində qələbə bəxş etdi (14 və 15-ci abzaslara baxın)

14, 15. Yehova Öz qüdrəti ilə Asa padşahın dadına necə çatdı?

14 Asa padşahın vaxtında əmin-amanlıq dövrü əvvəl-axır sona çatdı. Həbəşdən bir milyonluq ordu onların üstünə yürüş etdi. Ordu başçısı Zarah əmin idi ki, Yəhudanı məğlub edəcək. Amma Asa padşah ordunun sayına yox, Allahı Yehovaya güvənirdi. O belə dua etmişdi: «Yetiş dadımıza, ey Allahımız Yehova! Biz Sənə arxalanırıq, bu izdihamın qabağına Sənin adınla çıxmışıq» (2 Saln. 14:11).

15 Həbəş ordusunda əsgərlərin sayı təxminən iki qat çox olsa da, Asa bilirdi ki, Yehova qüdrətlidir və xalqı naminə hərəkətə keçməyə qadirdir. Yehova onu naümid qoymadı, Həbəş ordusu rüsvayçılıq içində məğlub oldu (2 Saln. 14:8—13).

16. Haradan bilirik ki, əmin-amanlıq dövrü uzun sürməyəcək?

16 Heç birimiz gələcəkdə başımıza nə gələcəyini təfərrüatı ilə bilmirik, amma bir şeyi bilirik ki, Yehovanın xalqının yaşadığı istənilən əmin-amanlıq dövrü müvəqqətidir. İsa Məsih peyğəmbərlik etmişdi ki, axırzamanda bütün xalqlar onun davamçılarına nifrət edəcək (Mət. 24:9). Həvari Bulus da demişdi ki, «Məsih İsanın şagirdi kimi mömin həyat sürmək istəyənlərin hamısı təqib olunacaq» (2 Tim. 3:12). Şeytan «böyük qəzəblə» bizə qarşı vuruşur və onun qəzəbinə tuş gəlməyəcəyimizi düşünsək, özümüzü aldatmış olarıq (Vəhy 12:12).

17. İmanımız necə sınana bilər?

17 Bir azdan hər birimizin imanı sınanacaq. Çox tezliklə dünyada «elə böyük müsibət olacaq ki, beləsi dünya yaranandan bəri olmamışdır» (Mət. 24:21). Həmin vaxt, ola bilsin, ailə üzvlərimiz bizə qarşı çıxsın və təbliğ fəaliyyətimizə qadağa qoyulsun (Mət. 10:35, 36). Asa padşah kimi, şəxsən siz Yehovanın köməyinə və müdafiəsinə etibar edəcəksiniz?

18. İbranilərə 10:38, 39 ayələrinə əsasən, əmin-amanlıq dövrünün sonuna necə hazır ola bilərik?

18 Yehova indi bizi qarşıdakı hadisələrə hazırlayır. O, ibadətimizi əzmlə davam etdirməyimiz üçün «sadiq və ağıllı nökər» vasitəsilə «vaxtlı-vaxtında» ruhani qida verir (Mət. 24:45). Gərək biz də öhdəmizə düşəni edib, Yehovaya sarsılmaz iman yetişdirək. (İbranilərə 10:38, 39 ayələrini oxuyun.)

19, 20. 1 Salnamələr 28:9 ayəsinə əsasən, hansı sualların üzərində düşünməliyik və nəyə görə?

19 Asa padşah kimi, biz də Yehovaya ibadət etməliyik (2 Saln. 14:4; 15:1, 2). Biz buna Yehova haqda öyrənəndə və vəftiz olunanda başlamışıq. Bundan sonra da hər fürsətdən istifadə edib Yehovaya məhəbbətimizi gücləndirməliyik. Məhəbbətimizin nə dərəcədə güclü olduğunu yoxlamaq üçün özümüzdən soruşa bilərik: «İbadət görüşlərində müntəzəm iştirak edirəm?» Bu görüşlər bizə Yehovaya xidmət etmək üçün güc verir və dindaşlarımızla ünsiyyətdən ruhlanırıq (Mət. 11:28). Həmçinin bu sualın üzərində düşünmək yaxşı olar: «Müqəddəs Kitabı müntəzəm mütaliə etməyi vərdiş etmişəm?» Əgər ailənizlə yaşayırsınızsa, hər həftə ailəvi ibadət keçirirsiniz? Tək yaşayırsınızsa, ailələr kimi, siz də ibadət üçün vaxt ayırırsınız? Həmçinin təbliğ və şagird hazırlamaq işində tam şəkildə iştirak edirsiniz?

20 Nəyə görə bu sualların üzərində düşünməliyik? Müqəddəs Kitabda yazılıb ki, Yehova ürəkləri, fikirləri araşdırır. Ona görə biz də ürəyimizi, fikirlərimizi araşdırmalıyıq. (1 Salnamələr 28:9 ayəsini oxuyun.) Əgər görsək ki, məqsədlərimizdə, düşüncəmizdə müəyyən dəyişiklik etmək lazımdır, bu sahədə Yehovadan kömək istəməliyik. İndi qarşıdakı sınaqlara özümüzü hazırlamaq vaxtıdır. Qoymayın ki, bu əmin-amanlıq dövründə ağılla davranmağınıza nəsə mane olsun!

NƏĞMƏ 62 Yeni nəğmə

^ abz. 5 Yaşadığınız ölkədə Yehovaya azad şəkildə ibadət edə bilirsiniz? Elədirsə, bu imkandan necə yararlanırsınız? Yəhuda padşahı Asa və birinci əsrdə yaşayan məsihilər əmin-amanlıq dövründə ağılla davranmışdı. Bu məqalədə onların nümunəsindən danışacağıq.

^ abz. 3 BƏZİ İFADƏLƏRİN İZAHI. Əmin-amanlıq, yaxud sülh ifadəsi sadəcə müharibənin olmamasını bildirmir. Bu ibrani sözü həmçinin sağlamlıq, təhlükəsizlik, rifah mənasını daşıyır.

^ abz. 57 ŞƏKLİN İZAHI: Asa padşahın nənəsi yalan ibadəti yaydığı üçün padşah onu məlikəlikdən məhrum etdi. Padşahın sədaqətli təbəələri onun qoyduğu nümunəni izləyib, bütləri məhv etdilər.

^ abz. 59 ŞƏKLİN İZAHI: Xidmətə can yandıran ər-arvad təbliğçilərə tələbat olan ərazidə xidmət etmək üçün həyatlarını sadələşdirir.