Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 36

Müjdəçi olmağa hazırsınız?

Müjdəçi olmağa hazırsınız?

«Qorxma! İndən belə adam ovlayacaqsan» (LUKA 5:10).

NƏĞMƏ 73 Bizə cəsarət ver

İCMAL *

1. İsa dörd balıqçını nəyə dəvət etmişdi və onlar necə hay verdilər?

İSA MƏSİHİN şagirdləri olan Butrus, Andreas, Yaqub və Yəhya balıqçılıqla məşğul idi. Təsəvvür edirsiniz, İsa onlara: «Ardımca gəlin. Bundan sonra balıq yox, insan tutacaqsınız *», deyəndə onlar necə məəttəl qalmışdılar? Bəs bu balıqçılar dəvəti qəbul etdilər? Müqəddəs Kitabda yazılıb: «Onlar dərhal torlarını atıb onun ardınca getdilər» (Mət. 4:18—22). Bu qərarları onların həyatını əbədilik dəyişdi. Şagirdlər bundan sonra balıq yox, «adam ovladılar» (Luka 5:10). Bu gün də İsa Məsih həqiqəti sevən səmimi-qəlbli insanları eyni işi görməyə dəvət edir (Mət. 28:19, 20). Bəs siz İsanın dəvətini qəbul etmisiniz?

2. Nəyə görə təbliğçi olmaq qərarına ciddi yanaşmalısınız və bu addımı atmağa sizə nə kömək edə bilər?

2 Bəlkə də, siz Müqəddəs Kitabı müəyyən vaxtdır öyrənirsiniz. Artıq xoş xəbərin təbliğçisi olmaq qərarını vermək vaxtıdır. Əgər İsanın bu dəvətini qəbul etməyə tərəddüd edirsinizsə, ruhdan düşməyin. Bir tərəfdən, tərəddüdünüz bu qərarın vacibliyini dərk etdiyinizi göstərir. Düzdür, Müqəddəs Kitabda deyilir ki, Butrus və əməkdaşları «dərhal» torlarını atıb getdilər. Amma onlar bu qərarı düşünmədən verməmişdi. Onlar altı aydan çox idi ki, İsanın Məsih olduğunu öyrənmiş və buna iman gətirmişdilər (Yəh. 1:35—42). Yəqin siz də Yehova və İsa Məsih haqda bu vaxta qədər xeyli bilik almısınız və ruhani cəhətdən inkişaf etmək niyyətindəsiniz. Amma təbliğçi olmaq qərarını yaxşıca ölçüb-biçmək gərəkdir. Görəsən, Butrusa, Andreasa və digərlərinə qərar verməyə nə kömək etmişdi?

3. Hansı xüsusiyyətlər yaxşı müjdəçi olmağınıza kömək edə bilər?

3 İsanın ilk şagirdlərində şövq, bilik, cəsarət və nizam-intizam var idi. Şübhə yoxdur ki, bu xüsusiyyətlər onlara yaxşı müjdəçi olmağa da kömək etmişdi. Bu məqalədə araşdıracağıq ki, yaxşı təbliğçi olmaq üçün bu xüsusiyyətlərə necə yiyələnmək olar.

TƏBLİĞ ETMƏK İSTƏYİNİZİ GÜCLƏNDİRİN

Butrusla əməkdaşları balıqçılıqla yox, təbliğ işi ilə məşğul olmağa başladı. Bu mühüm iş bizim dövrümüzdə də davam edir (4 və 5-ci abzaslara baxın)

4. Butrus balıqçılıq işi ilə nə üçün məşğul olurdu?

4 Butrus balıqçılıqla ailəsini dolandırmaq üçün məşğul olurdu. Amma görünür, o həm də bu peşəni sevirdi (Yəh. 21:3, 9—15). O, müjdəçilik işini də sevdi. Yehovanın köməyilə, Butrus bu işin də peşəkarı oldu (Həv. 2:14, 41).

5. Luka 5:8—11 ayələrinə əsasən, Butrusu qorxudan nə idi, bəs siz bu cür hisslərə necə üstün gələ bilərsiniz?

5 Bizi təbliğ etməyə ilk növbədə Yehovaya məhəbbət təşviq edir. Özümüzü təbliğ etməyə yararsız hiss etsək də, məhəbbətin sayəsində, bu hissə qalib gələ bilərik. İsa Məsih Butrusu müjdəçi olmağa dəvət edəndə demişdi: «Qorxma!» (Luka 5:8—11 ayələrini oxuyun.) Butrusu qorxudan İsanın şagirdi olmağın özü ilə gətirəcəyi çətinliklər deyildi. O, İsanın möcüzəsi sayəsində nə qədər çox balıq tutduqlarını görüb heyrətlənmişdi və özünü onunla əməkdaşlıq etməyə layiq bilməmişdi. Yaxud, ola bilər ki, siz İsanın şagirdi olmağa nələrin daxil olduğu haqda düşünəndə həyəcan keçirirsiniz. Onda Yehovaya, İsa Məsihə və insanlara məhəbbətinizi artırın, beləcə, İsanın dəvətini qəbul etmək istəyəcəksiniz (Mət. 22:37, 39; Yəh. 14:15).

6. Bizi təbliğ etməyə hansı amillər təşviq edir?

6 Bizi təbliğ etməyə təşviq edən başqa amillər də var. Biz İsa Məsihin «gedin və... şagird hazırlayın» əmrini yerinə yetirmək istəyirik (Mət. 28:19, 20). Həmçinin görürük ki, insanlar «yazıq və dağınıq» haldadır, Allahın Padşahlığı haqqında həqiqəti öyrənməyə möhtacdır (Mət. 9:36). Yehova istəyir ki, hər cür insan həqiqət barəsində dəqiq biliyə yiyələnsin və xilas olsun (1 Tim. 2:4).

7. Romalılara 10:13—15 ayələri təbliğ işimizin vacibliyini necə göstərir?

7 Təbliğ işinin həyativacib olduğunu düşünmək də bu işdə iştirak etmək istəyimizi alovlandıra bilər. Adətən balıqçılar balığı ya yemək, ya da satmaq üçün tutur, biz isə insanları onların həyatını xilas etmək üçün «tuturuq». (Romalılara 10:13—15 ayələrini oxuyun; 1 Tim. 4:16.)

BİLİYİNİZİ ARTIRIN

8, 9. Balıqçı nəyi bilməlidir və nəyə görə?

8 İsrailli balıqçı bilməli idi ki, hansı balığı tutmaq olar (Lav. 11:9—12). Həmçinin onları harada tuta biləcəyini də bilməli idi. Balıqlar adətən əlverişli su şəraitinin və bol qidanın olduğu yerlərdə yaşayır. Bəs balığı hansı vaxtda tutmağın əhəmiyyəti var? Bəli. Görün Sakit okean adalarında yaşayan bir qardaş balıq tutmağın vaxtı haqda nə deyir. O, xüsusi təyinatlı müjdəçini balıq tutmağa dəvət edəndə həmin müjdəçi ona demişdi: «Sabah səhər doqquzda görüşərik». Amma qardaş belə cavab vermişdi: «Bilirsən, bu iş necədir? Biz özümüzə rahat olan vaxtda yox, balıq tutmaq üçün əlverişli olan vaxtda getməliyik».

9 Eynilə, birinci əsrdəki şagirdlər bilirdilər ki, insanları harada və nə vaxt tapmaq olar. Misal üçün, onlar məbəddə, sinaqoqda, bazar meydanında və ev-ev təbliğ edirdilər (Həv. 5:42; 17:17; 18:4). Biz də təbliğ etdiyimiz ərazidəki insanları nə vaxt və harada tapa biləcəyimizi bilməliyik və cədvəlimizi buna uyğun qurmalıyıq (1 Kor. 9:19—23).

YAXŞI BALIQÇI... 1) balığın çox olduğu yerdə və vaxtda balıq tutur (8 və 9-cu abzaslara baxın)

10. Yehovanın təşkilatı bizi hansı vəsaitlərlə təmin edir?

10 Balıqçının lazımi ləvazimatları olmalı və onlardan istifadə etməyi bacarmalıdır. Eyni şey biz müjdəçilərə də aiddir. İsa Məsih şagirdlərinə xoş xəbərin təbliği ilə bağlı aydın göstərişlər vermişdi. Özləri ilə nə götürüb-götürməsinlər, hara getsinlər, nə desinlər — hər şeyi onlara başa salmışdı (Mət. 10:5—7; Luka 10:1—11). Bu gün də Yehovanın təşkilatı bizə xidmət üçün çox effektiv təlim vəsaitləri verir *. Həmçinin onlardan istifadə etməyin yolunu da öyrədib. Bu təlim sayəsində daha əminliklə və məharətlə təbliğ etməyi öyrənirik (2 Tim. 2:15).

YAXŞI BALIQÇI... 2) lazımi ləvazimatlardan istifadə etməyi bacarır (10-cu abzasa baxın)

CƏSARƏTLİ OLUN

11. Nəyə görə balıqçı kimi, müjdəçilərə də cəsarət lazımdır?

11 Balıqçılar cəsarətli olmalıdır. Adətən onlar gecə vaxtı balıq tuturlar, üstəlik, hava şəraiti də qəfildən dəyişə bilər, dənizdə fırtına qopa bilər. Eynilə, «insan tutan» biz müjdəçilərə də cəsarətli olmaq gərəkdir. Biz təbliğ etməyə başlayanda və Yehovanın Şahidi olduğumuzu deyəndə bəzən «fırtına» ilə üzləşirik: ailə üzvlərimiz bizə qarşı çıxır, dost-tanışımız rişxənd edir, insanlar təbliğ etdiyimiz xəbəri rədd edir. Amma bütün bunlar bizi təəccübləndirmir. Çünki İsa Məsih demişdi ki, şagirdlərini əleyhdarları arasında təbliğ etməyə göndərir (Mət. 10:16).

12. Yuşə 1:7—9 ayələrinə əsasən, cəsarətinizi artırmağa nə kömək edə bilər?

12 Cəsarətə necə yiyələnə bilərsiniz? İlk növbədə, əmin olun ki, İsa Məsih bu gün göydən təbliğ işinə rəhbərlik edir (Yəh. 16:33; Vəhy 14:14—16). Həmçinin Yehovanın sizin qayğınıza qalacağına imanınızı gücləndirin (Mət. 6:32—34). İmanınız nə qədər güclü olsa, bir o qədər cəsarətli olacaqsınız. Butrus və əməkdaşları İsanın ardınca getmək üçün dolanışıq mənbəyini atmaqla böyük iman nümayiş etdirmişdilər. Siz də dost-tanışınıza və ailə üzvlərinizə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə və ibadət görüşlərində iştirak etməyə başladığınızı deməklə böyük iman göstərmisiniz! Şübhəsiz, Yehovanın saleh normalarına uyğun yaşamaq üçün həyat tərzinizdə, davranışınızda köklü dəyişikliklər etmisiniz. Bunun üçün də iman və cəsarət gərək olub. Cəsarətiniz artdıqca əmin olacaqsınız ki, Allahınız Yehova hər yerdə sizinlədir. (Yuşə 1:7—9 ayələrini oxuyun.)

YAXŞI BALIQÇI... 3) qəfil dəyişən şəraitlər qarşısında cəsarətlidir (11 və 12-ci abzaslara baxın)

13. Dua və Yehovanın göstərdiyi kömək haqda düşünmək cəsarətinizi necə artıra bilər?

13 Sizə cəsarətinizi artırmağa daha nə kömək edə bilər? Yehovaya bu haqda dua edin (Həv. 4:29, 31). Yehova duanıza cavab verəcək və sizi heç vaxt tərk etməyəcək. O, yanınızda olub, həmişə sizə dayaq olacaq! Həmçinin Yehovanın keçmişdə Öz xidmətçilərinə necə dayaq olduğu haqda düşünün. Yaxud elə sizin özünüzə çətinliklərin öhdəsindən gəlməyə, həyatınızda dəyişikliklər etməyə necə kömək etdiyini yadınıza salın. Əmin olun ki, xalqını Qırmızı dənizdən keçirən Yehova sizə Məsihin şagirdi olmağa kömək edə bilər (Çıx. 14:13). «Yehova mənim tərəfimdədir, qorxmaram, insan mənə nə edə bilər?» — sözlərini deyən məzmurçu kimi, siz də Yehovaya bel bağlayın (Zəb. 118:6).

14. Masayi və Tomoyo adlı bacıların hadisəsindən nə öyrənmək olar?

14 Həmçinin Yehovanın təbiətcə utancaq insanlara necə cəsarət verdiyi haqda düşünün. Masayi adlı bacının nümunəsinə nəzər salaq. O, utancaq idi və düşünürdü ki, insanlara etiqadı haqda heç vaxt danışa bilməz. Tanımadığı insanla danışmaq onun üçün aşılmaz divar kimi idi. Buna görə Masayi Allaha və insanlara məhəbbətini artırmaq üçün əlindən gələni etməyə başladı. O, təbliğ işinin hal-hazırda nə qədər təcili olduğu haqda düşündü və Yehovaya dua etdi ki, ürəyində təbliğ etmək istəyini alovlandırsın. Masayi qorxularını aşdı və hətta öncül kimi xidmət etdi. Yehova yeni təbliğçilərə də cəsur olmağa kömək etməyə hazırdı. Tomoyo adlı bacının nümunəsinə nəzər salaq. Bacı ev-ev təbliğ etməyə başlayanda qarşılaşdığı ilk ev sakini onun üstünə qışqıraraq «Yehovanın Şahidləri ilə danışmaq istəmirəm» deyib, qapını çırpmışdı. Bu, Tomoyonu qorxutmadı. Görün o, təbliğ əməkdaşına nə dedi: «Eşitdin, onun dediyini? Heç ağzımı açmamış bildi ki, Yehovanın Şahidiyəm. Çox sevinirəm!» Tomoyo hal-hazırda öncül kimi xidmət edir.

NİZAM-İNTİZAMLI OLUN

15. Nizam-intizam nədir və nəyə görə bu, məsihi üçün zəruri xüsusiyyətdir?

15 Yaxşı balıqçı nizam-intizamlı olur. Nizam-intizamlı olmaq «insanın özünü görüləsi işi görməyə məcbur etmək bacarığıdır». Balıqçı səhər tezdən durmaq, pis hava şəraitinə baxmayaraq, balıq tutmağı yarıda qoymamaq üçün nizam-intizamlı olmalıdır. Bizə də bu xüsusiyyət lazımdır ki, dözüm göstərib işimizi başa çatdıraq (Mət. 10:22).

16. Nizam-intizamlı olmağı necə öyrənə bilərik?

16 Nizam-intizam bacarığı insana irsən keçmir. Üstəlik, xislətimiz asana qaçmağa meyillidir. İntizamlı olmaq üçün özümüzə hakim olmağı öyrənməliyik. Odur ki, bizə çətin gələn işi görməyə özümüzü öyrəşdirmək üçün köməyə ehtiyacımız var. Yehova müqəddəs ruhu vasitəsilə bizə bu sahədə kömək edir (Qal. 5:22, 23).

17. 1 Korinflilərə 9:25—27 ayələrində vurğulandığı kimi, həvari Bulus nizam-intizamlı olmaq üçün nə etmişdi?

17 Həvari Bulus nizam-intizamlı insan idi. O demişdi ki, Allahın istədiyi kimi davranmaq üçün bədəninə «cəfa verib». (1 Korinflilərə 9:25—27 ayələrini oxuyun.) Bulus başqalarını da təşviq edirdi ki, hər şeyi «ədəb-ərkanla və nizamla» etsinlər (1 Kor. 14:40). Biz də Yehovaya ibadətdən qalmamaq, o cümlədən müjdəçilik işində müntəzəm iştirak etmək üçün nizam-intizamlı olmalıyıq (Həv. 2:46).

YUBATMAYIN

18. Yehovanın gözündə bizi uğurlu edən nədir?

18 Balıqçının uğuru tutduğu balığın miqdarına əsasən müəyyən edilir. Amma bizim uğurumuz Allahın təşkilatına gətirdiyimiz insanların sayı ilə ölçülmür (Luka 8:11—15). Nə qədər ki xoş xəbərin təbliğində və şagird hazırlamaq işində iştirak edirik, biz Yehovanın gözündə uğurluyuq. Çünki biz Onun və İsanın əmrinə itaət edirik (Mark 13:10; Həv. 5:28, 29).

19, 20. Bu gün təbliğ etmək üçün hansı güclü səbəbimiz var?

19 Bəzi ölkələrdə yalnız müəyyən aylarda balıq tutmağa icazə var. Bu cür ölkələrdə balıqçılar başa düşür ki, balıqçılıq mövsümü sona çata-çatda bu işi görmək daha təcilidir. Bizi də təbliğ etməyə təşviq edən güclü səbəb var: bu dünyanın sonu sürətlə yaxınlaşır! Həyatları xilas edən təbliğ işində iştirak etmək üçün lap az vaxtımız qalıb. Odur ki, bu mühüm işdə iştirak etməyi yubatmayın və ya ideal vəziyyətin yaranmasını gözləməyin (Vaiz 11:4).

20 İndi təbliğ etmək istəyinizi gücləndirməyin, Müqəddəs Kitab biliyinizi artırmağın, cəsarətli və nizam-intizamlı olmağın vaxtıdır! Bütün dünyada təbliğdə iştirak edən səkkiz milyondan çox müjdəçiyə qoşularaq Yehovanın bəxş etdiyi sevinci dadın (Nəh. 8:10). Bu işdə tam şəkildə iştirak edin və iş bitənə qədər dayanmamağa qəti qərarlı olun. Növbəti məqalədə Padşahlıq haqda xoş xəbəri təbliğ etmək əzmimizi qorumağın üç yolu araşdırılır.

NƏĞMƏ 66 Müjdə verin

^ abz. 5 İsa Məsih təvazökar, zəhmətkeş balıqçıları onun şagirdi olmağa dəvət etmişdi. O, bu gün də belə keyfiyyətləri olan insanları şagirdi olmağa, xoş xəbəri təbliğ etməyə dəvət edir. Bu məqalədə araşdıracağıq ki, İsanın bu dəvətini qəbul etməyə tərəddüd edənlər nə etməlidir.

^ abz. 1 BƏZİ İFADƏLƏRİN İZAHI. İsa Məsih «insan tutacaqsınız» deyərkən davamçılarının xoş xəbəri təbliğ edəcəyini və insanlara Məsihin şagirdi olmaq üçün təlim verəcəyini nəzərdə tuturdu.

^ abz. 10 «Gözətçi qülləsi»nin 2018-ci il oktyabr sayının 11—16 səhifələrində yerləşən «Həqiqəti öyrədək» adlı məqaləyə baxın.